Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Türkdilli məktəblərin ödənişli əsaslarla fəaliyyəti fonunda rusdilli məktəblərin büdcədən maliyyələşməsi absurddur”

Məşhur Məmmədov: “Rus dilində fəaliyyət göstərən təhsil müəssiələrinin hamısı ödənişli əsaslarla fəaliyyət göstərməlidir”

“Bu, həm məntiqi, həm də qanuni baxımından daha doğru olar”

Son vaxtlar Azərbaycanda rus dilində fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsinin dayandırılması və həmin müəssisələrin ödənişli şəkildə fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aktuallaşıb.

Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu məsələni ətraflı şəkildə şərh etməyə çalışdıq:

-Məşhur müəllim, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri ölkəmizdə fəaliyyət göstərən rusdilli təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması və onların ödənişli əsaslarla fəaliyyətinin təşkili ilə bağlıdır. Sizcə belə bir yeniliyə ehtiyac var?

-Əslində, bu, çoxdan olması gərəkən və uzun müddətdir ki, gecikən bir məsələdir.

Hər şeydən öncə qeyd edək ki, Azərbaycanda rusdilli təhsil müəssisələrinin fəaliyyəti sovet dönəmi ilə bağlıdır. Məhz sovet dönəmində Kremlin ruslaşdırma siyasəti sadəcə ölkəmizdə deyil, SSRİ-yə daxil olan digər respublikalarda da rusdilli məktəblərin meydana çıxmasına səbəb oldu.  Lakin SSRİ-nin dağılması ilə keçmiş sovet respublikalarıdnakı bu məktəblərin bir qismi ləğv edildi, digər qismi isə ödənişli əsaslarla fəaliyyət göstərməyə başladı. Fəqət Azərbaycan həmin məktəbləri müstəqillik dönəmində də dövlət büdcəsi hesabına maliyyələşdirməkdə davam etdi. Ancaq müstəqillikdən bugünə qədərki dönəmin təhlili bir daha onu deməyə əsas verir ki, rus dilində fəaliyyət göstərən bu məktəblərin ödənişli əsaslarla fəaliyyətinə ehtiyac var. Bunu zəruri edən bir sıra səbəblər mövcuddur ki, biz bu səbəbləri görməzdən gələ bilmərik.

-Həmin səbəblər hansılardır?

-Həmin səbəblərdən ən başlıcası bu müəssisələrin dövlət büdcəsi hesabına fəaliyyətinin məntiqi baxımdan düzgün olmaması, eləcə də qanunvericilik baxımından sual doğurmasıdır.

Respublikamızda dövlət dili Azərbaycan dilidir və dövlətimiz ana dilimizdə fəaliyyət göstərən bütün orta məktəblərin dövlət büdcəsi hesabına maliyyələşməsini təmin edir. Azərbaycan dili respublikamızda yeganə rəsmi dil olduğu üçün dövlətimizin məsələyə bu cür münasibəti həm qanuni, həm də mənəvi baxımdan tam doğru və məntiqlidir. Lakin rus dili Azərbaycanda qeyri-dövlət dili olduğu üçün bu dildə fəaliyyət göstərən təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi absurddur.

Biz 1991-ci ildən etibarən müstəqil dövlətik və sovet dönəmində yaşamırıq. Bizim Azərbaycan dilindən başqa hər hansı bir dildə fəaliyyət göstərən təhsil müəssiəsini dövlət büdcəsi hesabına maliyyələşdirmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Belə olan halda rusdilli məktəblərin büdcə hesabına maliyyələşdirilməsinin davam etdirilməsi doğru sayıla bilməz.

Onu da unutmaq olmaz ki, bu cür məktəblərin sayı kifayət qədər çoxdur. Bu isə o deməkdir ki, həmin məktəblərin saxlanılmasına dövlət büdcəsindən hər il xeyli vəsait sərf edilir. Biz həmin məktəblərin ödənişli fəaliyyətinə start verməklə, büdcə vəsaitinə də qənaət etmiş olarıq.

-Məşhrur müəllim, ölkəmizdəki rusdilli təhsil müəssisələrin dövlət büdcəsindən maliyyələşdirilməsinə son qoyulmasını zəruri edən daha hansı amillər mövcuddur?

-Bunu zəruri edən digər bir amil ölkəmizdə fəaliyyət göstərən bütün qeyri-Azərbaycandilli məktəblərin hamısının ödənişli əsaslarla fəaliyyət göstərməsidir.

Bu gün ölkəmizdə ingilis, alman və s. dillərdə fəaliyyət göstərən təhsil müəssisələri var. Hansı ki, həmin müəssisərləin hamısı ödənişli əsaslarla fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən türkdilli məktəblərin də fəaliyyəti ödənişli əsaslarladır və onlar büdcədən maliyyələşmir.

Təsəvvür edin,  Türkiyə Azərbaycana qardaş ölkədir və ölkəmizdə fəaliyyət göstərən türkdilli məktəblərin heç biri dövlət büdcəsindən maliyyələşmir. Lakin rusdilli məktəblər kütləvi şəkildə dövlət büdcəsindən maliyyələşir. Halbuki, Rusiyda bir dənə də olsun Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisəsi yoxdur. Belə olan halda rusdili məktəblərin büdcədən maliyyələşdirilməsinin davam etdirlməsi yolverilməzdir.

Hesab edirəm ki, biz həm milli maraqlarımızı, həm də büdcə maraqlarımızı əsas götürərək rusdilli məktəblərin ödənişli əsaslarla fəaliyyətini təmin etməli, onların büdcədən maliyyələşməsinə son qoymalıyıq.

Seymur ƏLİYEV

 

2025-08-07 15:13:27
2670 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Şəmkir rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , rayon Veteranlar Təşkilatının sədri Qafar Vəliyev Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Həsrətimizin ümid qapısı – Ağdam

Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarına ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfərləri davam edir. Erməni vandallarının törətdikləri əməllərin ölkə ictimaiyyətinə, eləcə də dünyaya bəyan edilməsi baxımından bu səfərlər mühüm əhəmiyyət daşıyır. Dünya həqiqətləri görməli, işğalçını tanımalı və ona öz layiq olduğu qiyməti verməlidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 16 avqust 2021-ci il tarixində Ağdama 70-dən artıq QHT nümayəndəsinin səfəri də bu məqsədə xidmət edirdi. Respublika Təhsil Şurasını sədr Samir Mehdizadə və təşkilatın katibi olaraq mən təmsil edirdim. Səfərdə iştirak etməyim işğalçıların əməllərini əyani şəkildə görməyimə və bu yazını qələmə almağıma rəvac verdi. Elə bilirəm ki, bu yazı ilə Ağdamın mövcud durumu haqqında oxucularımda məlumatların genişlənməsinə öz töhfəmi bəxş edə biləcəyəm. Həyatımın ən gözəl səfəri kimi xatirəmə yazılan bu səfərdə iştirakıma şərait yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm.    Bu torpaqların hər qarışı bizim var-dövlətimizdirBərdədən Ağdama yol alırıq. Şəhərin mərkəzindən keçərkən 44 günlük Vətən müharibəsi zamanı ermənilərin raket zərbəsi ilə atəşə tutması nəticəsində şəhid olmuş dinc sakinlərin ruhunu dərin hüznlə yad edirik, onlara Allahdan rəhmət diləyirik. Bərdə 44 günlük Vətən müharibəsinin ağrı-acılarını ruhunda, cismində hiss etmiş, yaşamış qəhrəman şəhərlərimizdən biridir. Bu şəhər istər Birinci Qarabağ Müharibəsində, istərsə də, 44 günlük Vətən Müharibəsində sinəsini düşmənə sipər edib, qaçqın, köçkün bacı-qardaşlarımıza böyük mərhəmət hissi ilə qucaq açıb. Artıq keçmişdə qalan “təmas xəttini” keçib Ağdam ərazisinə daxil oluruq. Yol boyu hər addımda rastlaşdığımız texnikaları, toz-torpağa, dözülməz istiyə baxmayaraq həvəslə çalışan yolçəkənləri gördükcə, Azərbaycan hökumətinin tezliklə Qarabağda abadlıq işlərini başa çatdıracağına, burada firavan həyatın bərqərar olacağına inam yaranır. Bura əsl tikinti meydanıdır. Biz öz evimizi yenidən tikirik və ona qovuşacağmız günü səbirsizlikə gözləyirik. Fəhlələr üzlərində təbəssüm sürətlə ötüb keçən avtobusun sərnişinlərinə əl edirlər. Onların simasında həm də öz işlərindən dərin məmnunluq hissi duyulur. Yol boyu şəhid məzarları diqqətimi cəlb edir. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Bu torpaqda addım atmaqdan belə çəkinir insan. Düşünürsən ki, bəlkə bir şəhid məzarını tapdalayarsan, bir şəhid ruhunu narahat edərsən.  Ağdamın düzən tərəfindəyik.   Göz işlədikcə boş torpaq sahələri uzanıb gedir.Saralmış otlar, toz-torpaq, meyvə ağacları - bunlar bizim var-dövlətimizdir. Bu sahələrdə nə qədər kənd təsərrüfatı məhsulları əkib-becərmək olar. Boz görünən bu torpaqlar taxıldır, çörəkdir, kartofdur, soğandır, bir sözlə bol bərəkətdir, yüzlərlə iş yeridir, insanların çörək ağacıdır, onların nəfəsidir, insanları həyata bağlayan tellərdir. Ermənilər də bu torpaqlarda taxıl əkiblərmiş. Ölkələrinin taxıla olan ehtiyacının bir qismini məhz Azərbaycanın münbit torpaqları hesabına ödəyiblər.  Amma hələlik bu torpaqlar ölüm saçır. Erməni vandalları bu torpaqlarda 100 minə yaxın mina basdırıb. Azərbaycan hökuməti basdırılmış minaların xəritəsini əldə edib, amma bəllidir ki, torpaqların gizli ölümdən təmizlənməsi hələ çox zaman alacaq. Qarabağ universiteti də Ağdamda, bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq.Tarixinin bütün dövrlərində Ağdamda təhsiln, mədəniyyətin, incəsənətin inkişafı diqqət mərkəzində saxlanılıb. Ecazkar Ağdam torpağı Azərbaycan və dünya mədəniyyətinə, elminə görkəmli şəxsiyyətlər, tarixi simalar bəxş edib.  Bu görkəmli şəxsiyyətlər Azərbaycanı dünyada ləyaqətlə təmsil edib və bu gün də etməkdədirlər. Ağdamın təhsil mühitindən pərvazlanaraq elmdə söz sahibinə çevrilən alimlər, Ağdamın mədəniyyət, incəsənət mühitindən su içib dünyada Azərbaycanın şaqraq səsi kimi eşidilən sənətkarlar bu şəhərin elm, sənət mühitinin zənginliyindən soraq verir. Fikrimcə, Qarabağ universiteti də Ağdamda bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq. Doğulacaq ki, zəngin ənənələr, möhkəm təməllər üzərində yeni dövrün elm məbədgahı yaratsın... Ağdamın xarabalıqları da gözəldir.Ağdamın ruhu onun tarixində, mədəniyyətində, tarixə bəxş etdiyi görkəmli simaların əməllərində yaşayır. Bu ruhu öldürmək, onu tarixin toz-torpağı altında dəfn etmək mümkün deyil. Ağdamı gəzdikcə buna bir daha əmin olurdum. Erməni vandalları tərəfindən dağıdılmış binaların, məzarların arasından keçərkən, Azərbaycanfilm kinostudiyasının istehsalı olan “Nəsimi” filmindən bir kadr yadıma düşür. Dövlət bəyin kəsilmiş başı onun heyranı olan Şəmsin qarşısına atılır. Şəms Dövlət bəyin kəsilmiş başını görüb deyir: - Dövlət bəyin ölüsü də gözəldir. Dövlət bəy fiziki cəhətdən öldürülsə də, o, onu sevənlər üçün əbədiyaşarlıq zirvəsinə ucalmışdı. Ağdam da mənim nəzərlərimdə, xarabalıqları da gözəl olan, fiziki cəhətdən dağıdılsa da, ruhu ilə əbədiyaşarlıq qazanan bir şəhər kimi canlanırdı. Bəli, məhz canlanırdı. Uçulub dağılmış imarətlər, saraylar, türbələr, məscidlər sanki bir anın içində əvvəlki görkəmini alır, qapılarını ona bağlı olan insanların – ağdamlıların üzünə açır. Yenə köhnə günlər geri qayıdır: uzaqdan muğam səsi eşidilir, atların kişnərtisi, qığılcım saçan nal nəsləri qulaqlarımda cingildəyir. Ağdamlılar öz evlərinə qayıdırlar. Və mən xəyaldan ayılıram. Hiss etdiklərimin xəyal deyil, həqiqət olduğunu görürəm. Bu günləri bizə nəsib edənlərə içim bir minnətdarlıq duyğusu ilə dolur.   Məzarları dağıtmaq hansı millətin “mədəniyyətində” var?Ağdamda hər yeri dağıdıblar. Məsçidə, məktəbə, mədəniyyət evinə, uşaq bağçasına, dram teatrına belə güzəşt edilməyib. Bunu gözləmək də mümkün deyil. Mədəniyyətə, tarixə ehtiram etmək üçün gərək özünün də mədəniyyətin ola. Bunu erməni vandallarından gözləməkmi olar? Bu toplum öz övladına mədəni dəyərlər deyil, vandalizm aşılayır. Başqa millətlərin mənəvi dəyərlərinə ehtiram onların leksikonunda və tərbiyə konsepsiyasında yoxdur. Xocalıdan, Ağdabandan, Başlıbeldən və s.dən danışmadan Ağdamda gördüklərimizdən elə bu qənaətə gəlmək mümkündür. Görəsən işğal etdikləri ərazilərdə məzarları qazıb sümükləri oğurlamaq, təhqir etmək dünyada başqa hansı millətin “mədəniyyətində” var?  İmarətin simasından kədər oxumamaq mümkün deyil...Ağdamda ilk ziyarət etdiyimiz məkan Qarabağ xanı Pənahəli xanın imarəti oldu. Pənahəli xan bu imarətdən yay sarayı kimi iştifadə edərmiş. XVIII əsrə aid olan bu tarixi-memarlıq abidəsi xan nəslinin birinci mülklərindən hesab olunur. Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə ehtiva edən saray kompleksinin inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə təsadüf edir. Zaman keçdikcə, Ağdamda bir-birindən yaraşıqlı, müxtəlif memarlıq üslublarında binalar inşa edilsə də, Pənahəli xanın sarayı öz gözəlliyini, fərqliliyini, ilkinliyini qoruyub saxlayıb. Sarayın gələcək nəsillərə ən mühüm ərməğanı isə, onun Azərbaycan xalqına, onun tarixi, milli, mənəvi dəyərlərinə bağlılığı olub. Saray milli ruhla yaradılıb. Xan sarayının hər qarışında bu ruhu duymaq, ona toxunmaq mümkündür. Erməni vandalları Ağdamı işğal altında saxladıqları 27 il ərzində xan sarayının ruhunu məhv edə bilməyiblər. 27 il ərzində öz həqiqi sahiblərindən ayrı düşən imarətin simasından kədər oxumamaq mümkün deyil... Bu kədər sarayın həyətində Xan qızı Xurşudbanu Natavanın erməni vandalları tərəfindən dağıdılmış məzarı ilə də müşayiət olunur. Məzar açılıb, mərhumun sümükləri çıxarılaraq oğurlanıb. Xan sarayının həyətindəki vandalizm dünyanın, insan tərəfindən törədilmiş ən faciəvi tablosunu xatırladır. Dağıdılmış məzar, qurumuş ağaclar, susuz, sahibsiz ağlayan torpaq, raket zərbəsindən uçulmuş hasar, deşilmiş gümbəz... və bütün bunları törədən insan mənəviyyatsızlığı bu tablonun qarışıq rəngləri fonunda insanın insana qarşı nifrətinin zirvəsini göstərir. Bu tabloda erməni mənəviyyatsızlığının iç üzü bir daha açılır.      Ağdam Cümə məscidindəCümə məscidindəyik. Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilən, Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə birləşdirən tarixi Cümə məscidində. Biz bu məscidi televiziya ekranlarından çox görmüşük. 1992-ci ilin 26 fevralında Xocalıda erməni vəhşiliyindən salamat qurtaranların ilk sığınacaq yeri, şəhid olanların isə son mənzilə yola salınma məkanı idi Cümə məscidi. O zamanın tutqun videolentləri Cümə məscidini ağlayan ibadətgah kimi yaddaşıma köçürüb. Burada sanki göz yaşları 27 ildir ki, donub, səslər, nəfəslər dayanıb. Yol yoldaşlarımız məsciddə namaz qılırlar. Bu, onların çoxdankı arzuları imiş. Arzusuna qovuşanları görəndə çox sevinirəm. Məscid öz həqiqi sahiblərinin nəfəsi ilə yavaş-yavaş isinməkdədir.   Erməni vandalları bu tarixi abidəni uçurmayıblar. Ona görə yox ki, bizim dini-mənəvi dəyərlərimizə hörmət edirlər. Yox. Qarabağda uçulub dağıdılmış məscidlərin sayı o qədərdir ki... Cümə məscidi ona görə dağıdılmayıb ki, işğalçı hərbçilər ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Buna görə də məscidin yalnız divarları salamat saxlanıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavan bir neçə yerdən, hücrə və yardımçı otaqlar tamamən uçurdulub. Məscidin daxili tərtibatı tamamilə məhv edilib, divarlara məscid inşa edilən zaman həkk edilmiş yazılar pozulub. Bu yazılar işğalçıların gözünə ox kimi sancılırmış. Əvəzində məscidin xarici və daxili divarlarına erməni və rus dillərində Azərbaycan xalqına qarşı alçaldıcı, təhqiredici ifadələr yazıblar. Bu ifadələrlə əslində öz simasızlıqlarını daşa, divara həkk ediblər. Ermənilər məsciddən uzun illər tövlə kimi yararlanıblar. Onlar tarixi abidələrin qorunması haqqında bütün qayda-qanunları, dəyərləri ayaqlar altına atıb tapdalayıblar. Bu, insanın daxilindən daşlara püskürən nifrətinin ifadəsidir. Bu, təhsilsizliyin, tərbiyəsizliyin, mənəvi aşınmanın təzahürüdür.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra bu şəhərə səfəri zamanı Ağdam Cümə məscidini ziyarət edib. Möhtərəm Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam Cümə Məscidinə bağışlayıb. Bu gün bu müqəddəs kitab bu məscidin ən qiymətli varidatıdır. Məscidin tarixi simasını bərpa edəcəyi, insanlara azan səsi bəxş edəcəyi gün uzaqda deyil.  Ağdam Dövlət Dram Teatrının “sevinc göz yaşları”Ağdamın bütün binaları kimi, Dövlət Dram Teatrı da 27 ildir kədərli sükut içindədir. Bir zamanlar bölgənin mədəni həyatına rəng qatan Dram Teatrı fəaliyyəti dövrünün ən ağır günlərini yaşayıb. Erməni vandalları Ağdamı işğal etdikdən sonra bu mədəniyyət məbədini yerlə yeksan ediblər. Bina dağıdılsa da, onun qarşı hissəsindəki sütunlar salamat qalıb. Bu sütunlara yaxınlaşıb, onlara toxunuram. Mənə elə gəlir ki, sütunlar əsirlikdən azad olduqları üçün “sevinc göz yaşları” axıdırlar.   Teatr 1902-ci ildə görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməkliyi ilə yaradılıb. Elə ona görə də bu gün onun adını daşıyır. O teatrın fəaliyyətə başlaması üçün gərgin iş aparılıb. Nəhayət, 1904-cü ildə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri ilə qapılarını teatrsevərlərin üzünə açıb. Ağdam Dram Teatrının binası füsunkar görkəmi ilə görənləri heyran edib. Bu teatrda neçə-neçə aktyor nəsli formalaşıb. Teatrın repertuarı Azərbaycan və dünya klassiklərinin əsərləri ilə hər zaman zəngin olub. Ağdam Dövlət Dram Teatrı Ağdamın işğalından sonra qaçqın həyatı yaşayıb. Nə qədər çətin olsa da, fəaliyyətini davam etdirib. Bu gün ağdamlılar bu mədəniyyət məbədgahının da bərpa olunacağını, Ağdamın teatrlı günlərini səbirsizliklə gözləyirlər. Tarixin daha bir əmanətiQiyaslı kəndinə doğru gedirik. Burada XVIII əsr abidəsi olan Qiyaslı məscidini ziyarət edəcək,  erməni vandaliziminin daha bir üzü ilə tanış olacağıq. Uzaqdan Qiyaslı məscidinin xarabalıqları görünür. Yaxınlaşdıqca məhv edilmiş bir tarixi abidənin qalıqları üzərinə “həkk olunmuş” erməni cinayətinin izləri aydınca görünür. Elə cinayətlər var ki, onları ancaq ermənilər törədə bilərlər. Qiyaslı məscidində də erməni vandalları öz cinayətkarlıqlarının yeni bir izini açıblar. Bu cinayətin xüsusiyyətləri odur ki, onlar dağıtmaqla kifayətlənmirlər, təhqir edirlər, alçaldırlar. Damarlarında daşıdıqları qan onları bu cinayətləri törətməyə sövq edir. Ermənilər Qiyaslı məscidindən uzun illər tövlə kimi istifadə ediblər. Bu əməllər bəşəriyyət üçün utancvericidir. İnsanlıq adına ləkədir.  Sahbulağın Şah qalasıQiyaslı kəndindən çıxıb Ağdamın ruhu yaşayan daha bir tarixi məkana - Şahbulaq qalasına doğru yol gedirik. Şahbulaq qalası Ağdam şəhərinin 5-6 kilometrliyində yerləşir. Qala uzaqdan diqqəti cəlb edir. O, dünyanın müxtəlif ölkələrində gördüyüm ən möhtəşəm qalalara bənzəyir. Günəş rəngindədir, onun kimi işıq saçır. Onu seyr etmək, ona toxunmaq dünyanın ən qiymətli əşyasına toxunmaq hissi yaradır. Qalanın yanında yaşıllıqların arasından sırhaşırla axan Şahbulaq çayının adından götürülüb qalanın adı. Qala ilə çayın vəhdətində yaranan füsunkar gözəllik ağdamlıların və bura gələn qonaqların hər zaman zövqünü oxşayıb. Bu qala öz görkəmi və əhəmiyyəti etibarilə Ağdamın simvollarından birinə çevrilib. Tarixi mənbələrdə yazılır ki, Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında əhəngdən və dağ daşlarından istifadə olunaraq inşa edilib.  Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Şahbulaq qalasında mənfur düşmən  öz ənənəvi saxtalaşdırma işlərinə başlayıb. Qalanın daxilindəki məscid (Şahbulaq məscidi), hamam və bulaq dağıdılıb. Saxtakarlıqlarını torpağın altında axtaran ermənilərin Şahbulaqla bağlı niyyətləri elə əzəli Azərbaycan torpaqlarında da əbədi dəfn olunub.    Ocağımız sönməyəcək... Ağdama səfərimiz nikbin notlarla tamamlandı. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Ağdama təyin olunmuş xüsusi nümayəndə Emin Hüseynov şəhərin baş planını təqdim edərkən, düşünürdüm ki, 100 min əhali üçün nəzərdə tutulmuş gələcək Ağdam şəhəri inkişaf etməkdə olan ölkəmizin tərəqqisini şərtləndirən modelə çevriləcək. Ağdam, eləcə də, Qarabağda həyata keçiriləcək quruculuq işləri Azərbaycanın mədəni və iqtisadi qüdrətinin göstəricisi olacaq. Ağdamın baş planı ilə tanışlıq, bu plana uyğun olaraq işlərin sürətlə həyata keçirilməsi Ağdamın biz düşündüyümüzdən daha erkən dirçələcəyinə inam yaradır.  Ağdamdan ayrılırıq. Avtobusun pəncərəsindən şəhər 1 nömrəli tam orta məktəbin dağılmış binası görünür. Hələlik bu bina bizə ancaq xarabalığı xatırladır. Amma tezliklə burada yaraşıqlı məktəb binası ucalacaq. Məktəb öz əvvəlki şöhrətinə qayıdacaq. Yaradıcı, qurucu Azərbaycan xalqı Ağdamda elə bir məşəl alovlandıracaq ki, işığı bütün aləmə yayılacaq. Dostların gözünə nur bəxş edəcək, düşmənlərin gözünə köz kimi toxunacaq...Böyükağa MİKAYILLI,Respublika Təhsil Şurasının katibi.Bakı – Ağdam - Bakı  

Hamısını oxu
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirilib

Bu gün Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən qurumun Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov açıb. Onun təklifi ilə dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Çıxışında dövlətimizin qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə olan diqqətindən bəhs edən Sovet Şükürov, bütün bunların cəmiyyətdə də böyük məmnunluq doğurduğunu qeyd edib. Sumqayıt Şəhər Təşkilatının sədri qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial rifahının daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızın hər yerində olduğu kimi, Sumqayıtda da bu istiqamətdə mühüm addımların atıldığını bildirən Sovet Şükürov, veteran və qazilərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xidmətlərinə diqqət çəkib.   Bununla yanaşı, son vaxtlar bəzi şəxslərin qazi adından sui-istifadə etdiyini vurğulayan Sovet Şükürov, bu cür halların arzuedilməz olduğunu qeyd edib. Təşkilat sədri qeyd edib ki, öz hüquqlarının təminində hansısa problemlə üzləşən hər bri qazi bununla bağlı əlaqədar dövlət orqanlarına müraciət etməli, onu narahat edən məsələnin qanuni müstəvidə araşdırılmasına nail olmalıdır. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman qazilərə dəstək verməyə hazır olduğunu bildirən Sovet Şükürov, şəhid və qazilərin millətin baş tacı olduğunu bildirib.   Daha sonra geniş məruzə ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərə, o cümlədən şəhid ailələri və müharibə əlillərinə göstərilən dövlət qayğısına diqqət çəkib:   “Ölkəmizdə qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstərildiyi hamıya məlumdur. Əminliklə söyləmək olar ki, Azərbaycan bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqətə görə dünyanın ən qabaqcıl dövlətidir. Şəhid ailələri və qazilərə olan bu qayğı “Azərbaycan modeli” kimi bir çox dövlətlər tərəfindən öyrənilməkdədir. Lakin qazilərə, şəhid alələrinə qayğı göstərmək sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur və sevindiricidir ki, Azərbaycan cəmiyyəti bu baxımdan üzərinə düşən məsuliyyəti lazımınca dərk edir”.   Polkovnik qeyd edib ki, bütün müsbət tendensiyalara rəğmən, bəzən mənfi təzahürlərə də rast gəlinir ki, bunlardan da biri bəzi şəxslərin özünü heç bir əsas olmadan qazi kimi təqdim etməsi ilə bağlıdır:   “Təəssüflər olsun ki, bəzən heç bir əsas olmadan özünü qazi kimi təqdim edən, müxtəlif dövlət qurumlarına qarşı qanunsuz tələblərlə çıxış edən insanlara da rast gəlinir. Cəmiyyəti aldadan, eyni zamanda dövlətin bu istiqamətdə gördüyü işlərə kölgə salan bu şəxslər belə bir təsəvvür yaratmaq istəyirlər ki, guya onlar qazi olsa da, dövlət diqqətindən kənarda qalıblar. Son vaxtlar qazi adından sui-istifadə edən bir neçə bu cür şəxsin ifşa edilməsi söylədiklərimizə nümunədir.   Bu gün cəmiyətdə qaziləri öz ətrafında cəmləmək, onların adından, nüfuzundan şəxsi ambisiyalarını, çirkin məqsədlərini həyata keçirmək üçün istifadə etməyə çalışan qüvvələr mövcuddur. Qazilərimiz bu məsələdə diqqətli olmalı, belə qüvvələrdən uzaqda durmalı, kimlərinsə onlardan istifadə etməsinə imkan verməməlidir. Əgər onlar hansısa problemlə üzləşiblərsə, bunun həlli üçün əlaqədar dövlət qurumlarına müraciət etməli, problemin qanuni şəkildə həlli üçün hüquqi imkanlardan istifadə etməlidir. Bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı qazilərimizə hər cür dəstək göstərməyə hazırdır. Əgər hər hansı bir qazi hansısa problemini həll etməkdə çətinliklə üzləşirsə, hansısa məmur tərəfindən süründürməçiliyə məruz qalırsa, o zaman təşkilatımıza müraciət edə bilər.Unutmamamlıyıq ki, irəli sürdüyümüz hər bir tələb, hər bir istək qanuna istinad etməli, qanuni olmalıdır. Bu, həmin tələbin reallaşması üçün ən başlıca amildir.   Mən bütün qaziləri, veteranları 44 günlük Vətən müharibəsində olduğu kimi bu gün də Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Unutmayaq ki, uğura gedən yolumuz birliyimizdən, həmrəyliyimizdən keçir və bu birliyi qorumaq bizim üçün hər şeydən vacibdir”.   Tədbirdə çıxış edən Qarabağ Əlillər Cəmiyyətinin sədr müavini Nəzakət İsmayılova da dövlətin qazi və şəhid ailələrinə diqqətini qeyd etməklə yanaşı, bəzi qazilərin müxtəlif əsassız iddia və tələblərlə çıxış etdiyini bildirib. Nəzakət İsmayılova qeyd edib ki, əsl qazilər və şəhidlər vətəni heç bir təmənna ummadan, heç bir təmənna gözləmədən müdafiə ediblər və bununla da əsl vətən sevgisini nümayiş etdiriblər. Hansısa qanunsuz təklif və təmənna ilə çıxış etməyin qazi adına, qazi statusuna yaraşmadığını bildirən Nəzakət İsmayılova, bu məsələyə hər kəsin həssas və duyarlı yanaşmasının vacibliyini vurğulayıb.   Çıxışında şəhidləri dərin ehtiram hissi ilə yad edən Nəzakət İsmayılova qeyd edib ki, xalqın şəhidlərə olan borcu, şəhidlərə olan sevgisi əbədidir və bu sevgi əsrlər sonra da öz paklığını, ülviliyini qoruyub saxlayacaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlar minnətdarlıq hissi ilə xatırlanacaqdır.   Tədbirdə çıxış edən əmək veteranları və qazilər də dövlətin onlara olan qayğısını qeyd etməklə yanaşı, qazi adından sui-istifadənin yolverilməz olduğunu bildirib, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini vurğulayıblar.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti        

Hamısını oxu
Masallı rayon ictimaiyyətinə ağır itki üz verib - Millət vəkilindən başsağlığı

Masallı rayon ictimaiyyətinə ağır itki üz verib.Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri, polkovnik-leytenant, dəyərli ziyalı Məmmədağa Məmmədəli oğlu Şiriyev vəfat edib. Azadmedia.az xəbər verir ki, bu sözləri 74 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov sosial media hesabında yazıb.Millət vəkili qeyd edib ki, Məmmədağa müəllim ömrünü vətənə, xalqa və dövlətçiliyə xidmətə həsr etmiş, hüquq-mühafizə orqanlarında və ictimai fəaliyyətində yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirmişdir: "Mərhumun Masallının ictimai-siyasi həyatındakı rolu, veteranların hüquqlarının müdafiəsi və tariximizin yaşadılması istiqamətində gördüyü işlər daim hörmət və ehtiramla yad ediləcək.Məmmədağa Şiriyevin vəfatı ailəsi, yaxınları və onu tanıyan hər kəs üçün böyük itkidir. Onun əziz, işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.Allah rəhmət eləsin!"Xatırladaq ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon təşkilatının sədri Məmmədağa Şiriyev uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.Məmmədağa Şiriyev rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Bu fəaliyyətinə görə Masallı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmış, YAP rayon Təşkilatının Fəxri Fərmanına layiq görülmüşdür.O, xalqımızın İkinci Dünya müharibəsi - 1941-1945-ci illər Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səlnaməsi, həmçinin Birinci Qarabağ müharibəsinə həsr olunmuş “Masallıdan Qələbəyədək” adlı 2 cildlik kitabın müəllifidir.

Hamısını oxu