Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentimizin 8 Avqust zəfəri Ordumuzun 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur!”

“Bu gün Vaşinqtonda Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiyamızın əldə etdiyi  8 Avqust zəfəri, Ordumuzun 2020-ci ildə qazandığı 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi hərbi qələbəni cari ilin 8 avqust tarixindəki siyasi zəfərlə uğurla başa çatdırması qürurvericidir:

“2020-ci ildə başlayan və elə həmin ildə də başa çatan 44 günlük Vətən müharibəsi erməni faşizminin hərbi müstəvidəki varlığına ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızın qısa zamanda azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi zəfər Cənubi Qafqazda yeni status-kvonun formalaşmasına, Azərbaycanın regional hərbi liderliyinin möhkəmlənməsinə səbəb oldu.

Bu gün Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə 8 Noyabr zəfərinin siyasi müstəvidə davamı və yekunu oldu. Azərbaycan 8 Avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi poensialı da olduqca böyükdür və rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır.

Bu qələbə həm də Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi.

8 Avqust razılaşması Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühm əhəmiyyətə malikdir. Bu razılaşma bölgədə yeni gərginlik ehtimalını ortadan qaldırmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bu gərginlik fonunda öz məkirli məqsədlərini həyata keçirməyə çalışan bütün qlobal güclər üçün də sarsıdıcı zərbə oldu.

Mən bütün veteranlar adından xalqımızı bu tarixi zəfərə görə təbrik edir, hər bir azərbaycanlını bundan sonra da dövlətimizin, Prezidentimizin ətrafında sxı birləşməyə çağırıram. İnanıram ki, 8 Avqust zəfəri bütün Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafına təkan verəcək, region xalqlarına əmin-amanlıq və səadət bəxş edəcək”.

Seymur ƏLİYEV

2025-08-09 06:06:10
2822 baxış

Digər xəbərlər

Beynəlxalq konfransın iştirakçıları ilə Milli Məclisdə və Müdafiə Nazirliyində görüş keçirilmişdir

13 oktyabr 2017-ci ildə Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Respublikası Milli Məclisində və Müdafiə Nazirliyində görüş keçirilmişdir. Hər iki görüşdə Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsinin heç də təsadüfi olmadığından, onun müasir dövrdə mühüm əhəmiyyət kəsb etməsindən danışılmış, faşizm üzərində İkinci dünya müharibəsində qələbədə mühüm amillərdən biri olmuş xalqların birliyinin bu gün də eyni təmayüllərin, neofaşizmin, separatçılığın, terrorçuluğun, milli, dini zəmində təzahür edən ekstremizmin qarşısının alınmasında əvəzsiz rolundan bəhs edilmişdir. Milli Məclisdə Beynəlxalq konfransın iştirakçılarını salamlayan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycanın İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsindən, qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyinin, Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etmiş, Azərbaycan xalqının və dövlətinin nəinki regionda, bütün dünyada sülhün qorunmasına bu gün də öz töhfəsini verdiyini vurğulamışdır. Beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılmasının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Bakıda keçirilən tədbirin bu baxımdan diqqətəlayiq olduğunu vurğulamışdır. Hər iki görüşdə həmçinin, Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olması barədə qonaqlara məlumat verilmiş, Azərbaycan və onun problemlərinin həlli ilə bağlı təəssüf ki, həmişə ikili standartların tətbiq edildiyi bildirilmişdir. Dövlət rəsmiləri  ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan əsgərinin öz doğma torpaqlarını silah gücünə azad etməyə qadir olduğunu qeyd etmişlər. Bu görüşlərdə eləcə də Respublika Veteranlar Təşkilatının fəaliyyəti, veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə danışilaraq, Azərbaycan Respublikasında bütün zümrədən olan veteranlara münasibətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyi qeyd edilmişdir. Onlar hər il 9 may ərəfəsində İkinci dünya müharibəsi veteranlarının ölkə rəhbərliyi tərəfindən qəbul olunmaları, onların hər birinə 1000 manat, həlak olmuş döyüşçülərin dul qadınları və arxa cəbhə iştirakçılarına 500 manat birdəgəlik pul müavinəti verilməsini, bu insanların cəmiyyətdə ən hörmətli, nüfuzlu insanlar kimi qəbul edilməsini diqqətə çatdırmışlar. Beynəlxalq konfransın iştirakçıları adından İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən həmin müharibədə qələbədə xalqıların birliyinin müstəsna əhəmiyyətini bir daha vurğulamış, belə tədbirlərin və görüşlərin qələbə irsinin yaşadılmasındakı rolundanb bəhs danımışlar. Çıxış edənlər həmçinin, İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin saxtalaşdırılması cəhdlərindən danışmış, bunun yolverilməz olduğunu qeyd etmişlər. Azərbaycan nümayəndələri ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının daim öz qəti etirazlarını bildirmələrini xüsusi diqqətə çatdırmış, bütün veteranları bu mövqeni müdafiə etməyə səsləmişlər. Beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçıları konfransın işinin yüksək səviyyədə təşkilinə, hər iki qəbula, həmçinin Azərbaycanda gördükləri qonaqpərvərliyə görə, Azərbaycan dövlət və hökumət nümayəndələrinə, Respublika Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldıqlarını qeyd etmişlər.   Görüşün sonunda Beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ziyafət verilmişdir.  

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Hamısını oxu
“Milli birliyimizi qorumalı, dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam etməliyik”

“Vahid geyim forması ilə bağlı etirazların zorakı formada əksi yolverilməzdir” Səmyar Abdullayev: “Heç bir təxribat Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirə bilməz” Məlum olduğu kimi, “Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarlarının icrası Türkiyənin sosial media platformalarında bir qrup şəxs tərəfindən sərt tənqid olunmaqdadır. Azərbaycan Respublikasının daxili işi olan bu addıma anti-islami don geyindirməyə çalışan bu şəxslər ölkəmizi sionist siyasətinin təbliğatçısı kimi təqdim etməkdə, dövlətimiz haqqında ağlasığmaz yalanlar səsləndirməkdədir. Moderator.az olaraq “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə baş verənləri şərh etməyə çalışdıq: -Səmyar bəy, Azərbaycanın təhsil müəssisələrində vahid geyim formasının tətbiqi ilə bağlı qərarların icrası qardaş Türkiyədə bir qrup şəxs tərəfindən etirazla qarşılanıb. Sosial media platformalarında ölkəmizə qarşı təhqirlər yağdıran sözügedən şəxslərin absurd ittihamları Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirə bilərmi? -Hər şeydən öncə qeyd edim ki, Türkiyənin sosial media platformalarında anti-Azərbaycan kampaniyasının aparılması təəssüf doğuran bir haldır və bu hal haqlı olaraq hər bir azərbaycanlını məyus edir. Təbii ki, həmin kampaniya çərçivəsində dövlətimizlə bağlı səslənən fikirlər, irəli sürülən ittihamlar absurddur və həqiqəti əks etdirmir. Azərbaycan öz milli-mənəvi dəyələrinə sahib çıxan dünyəvi bir dövlətdir və təhsil müəssisələrində vahid geyim formasının tətbiqi qərarı dövlətimizin daxili işidir. Azərbaycan heç vaxt hər hansı bir dövlətin daxili işinə müdaxiəl etməyib və bundan sonra da belə bir niyyəti yoxdur. Türkiyənin sosial media platformalarında ölkəmizlə bağlı məsələlərin təhqir və dezinformasiya fonunda müzakirəsi Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu da həm beynəlxalq qanunlar, həm də əxlaq və mənəviyyatla təzad təşkil edir. Azərbaycanla Türkiyə arasındakı münasibətlərə gəlincə, bu münasibətlər sağlam, dərin və səmimidir. Hesab edirəm ki, heç bir təxribat, heç bir təbliğat bu müasibətlərə xələl gətirə bilməz. Lakin bununla belə Türkiyə tərəfinin anti-Azərbaycan kampaniyasına “dur” deməsi vacibdir. Çünki bu kampaniya Azərbaycanı maraq və mənafeyi ilə yanaşı, həm də Türkiyənin özünün maraq və mənafeyinə ziddir. -Səmyar bəy, nə qədər arzuedilməz olsa da Türkiyə hakimiyyətində, parlamentində də Azərbayca əleyhinə bu kampaniyada iştirak edən şəxslərə rast gəlinir. Həmin şəxslər barəsində nə demək istərdiniz? -Təəssüf hissi ilə etiraf etməliyik ki, həqiqətən də qeyd etdiyiniz hallara ara-sıra da olsa rast gəlmək mümkündür. Buna nümunə olaraq Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından olan bəzi millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikriləri nümunə gətirmək olar. Aydındır ki, Türkiyənin sosial media platformalarında aparılan anti-Azərbaycan kampaniyasına qardaş Türkiyənin az sayda da olsa rəsmi şəxslərinin qoşulması bizi məyus edir. Bu, xalqımızın məlum tendensiya ilə bağlı narahatlığını da artırır. Hesab edirəm ki, Türkiyə hökuməti bu cür halların qarşısını almaq üçün ciddi addımlar atmalı, ən azından bu kampaniyada rəsmi şəxslərin iştirakına sədd çəkməlidir. Çünki baş verənlər mahiyyət etibarı ilə Azərbaycan və Türkiyənin timsalında iki qardaş arasında nifaq salmaq, türk dünyasının birlik və həmrəyliyini pozmağa hesablanıb. Odur ki, bu cür hallara qarşı bütün türk dünyasının həssaslıqla yanaşması, ümüumtürk maraqlarından çıxş etməsi vacibdir. -Vahid geyim formasının tətbiqi məsələsinə Azərbaycanda da fərqli aspektdən yanaşanlar, hətta məktəblərə hücum edənlər, zorakılıq sərgiləyənlər oldu... -Haqlısınız. Nə qədər arzuedilməz olsa da, biz ötən gün ərzində bu cür hallara şahid olduq. Bu məsələ ilə bağlı öncə onu qeyd edək ki, məktəb hamımız üçün müqəddəs bir məkandır. Hər birimiz elmə, biliyə məhz məktəb vasitəsilə nail olmuşuq. Bu məktəbləri inşa edən, bizə həmin məktəblər vasitəsilə  təhsil verən isə dövlətimiz olub. Bu baxımdan məktəbə hücum etmək, onu yandırmağa, dağıtmağa cəhd etmək hər şeydən öncə nankorluqdur. Bu, eyni zamanda zorakılıq kampaniyasında iştirak edən şəxslərin nə qədər dar, məhdud düşüncəyə malik olduğundan xəbər verir. Ümumiyyətlə, hər bir vətəndaş anlamalıdır ki, istənilən bir məsələ ilə bağlı mövqeyini mədəni, sivil qaydada, qanunun müəyyən etdiyi üsul və vasitələrlə ortaya qoymalıdır. Məktəbə hücum etmək, onun qapısını, pəncərəsini qırmaq çıxış yolu deyil və bu ancaq həmin şəxslər üçün məsuliyyət yaradır. -Səmyar bəy, bəzi millət vəkilləri, politoloqlar iddia edir ki, ölkəmizdə vahid geyim formasının tətbiqi ilə bağlı etirazları koordinasiya edən, prosesləri qızışdırmağa çalışan kənar güclər mövcuddur. Bu ehtimalı nə dərəcədə real hesab edirsiniz? -Hələlik əlimizdə bununla bağlı konkret bir sübut olmasa da, belə bir ehtimalın reallıq əmsalı böyükdür. Bu gün Azərbaycanın ətrafında, eləcə də regionda və dünyada gedən proseslərə baxsanız görərsiniz ki, bütün dünya müharibə və münaqişələrdəm, terror və qarşıdurmalardan əziyyət çəkir. Azərbaycan isə Prezident İlham Əliyevin uzaqgörən siaysəti nəticəsində bütün bu konfiliktlərdən kənardadır. Azərbaycanda dinclik, sabitlik, əmin-amanlıq mövcuddur. Təbii ki, Azərbaycandakı bu sabitlk, inkişaf və tərəqqi anti-Azərbaycan qüvvələrini qıcıqlandırır. Buna görə də onlar Azərbaycanda daxili gərdinlik və qarşıdurma yaratmağa çalışırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı sayıq olmalı, təxribat və zorakılığa yol verməməlidir.  Azərbaycan qanun və konstitusiya ilə idarə olunan müasir, sivil, dünyəvi bir dövlətdir və öz dövlətçilik modelini bundan sonra da eyni əzmdə qorumaqda qərarlıdır. -Necə hesab edirsiniz, sizcə indiki gərgin zamanda ziyalıların, QHT təmsilçilərinin, tanınmışların üzərinə hansı missiya düşür? Mövcud gərginliyi azaltmaq, yeni qarşıdurmaları qarşısını almaq üçün hansı addımlar atılmalıdır? -Düşünürəm ki, bu gün hər bir ziyalı, elm və mədəniyyət xadimi, QHT təmsilçisi, cəmiyətdə az-çox nüfuz sahibi olan hər kəs məktəblərdə, təhsil müəssisələrində şagird və valideynlərl aktiv iş aparmalı, görüşlər keçirməli, vahid geyim formasının tətbiqinin vacibliyini onlara başa salmalıdır. Vətəndaşlar anlamalıdırlar ki, məlum yenilikdə məqsəd kiminsə dini inancına qəsd etmək, kiminsə hüququnu məhdulaşdırmaq deyil. Məqsəd tədris mühitini yaxşılaşdırmaq, şagirdlərin məsuliyətini artırmaq, nizam-intizamı gücləndirməkdir. Hansı ki, dünyanın bütün qabaqcıl, sivil ölkələrində vahid geyim forması mövcuddur və Azərbaycanda istisna təşkil etmir.   Azərbaycanda inanclı kəsimin təhsil hüququnun məhdudlaşdırılması ilə bağlı ortaya atılan fikirlərin heç bir əsası yoxdur. Əksinə, dövlətimiz inanclı kəsimin təhsili üçün hər cür şərait yaradıb ki, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İlahiyyat Kollecinin və bu qəbildən olan digər təhsil müəssisələrinin fəaliyyəti buna nümunədir. Heç kim unutmamalıdır ki, bu gün bizim qarşımızda  dayanan olduqca vacib, həyati məsələlər mövcuddur. Bunlardan ən vacibi təhlükəsizlyimizi gücləndirmək, milli həmrəyliyimizi qoruyub saxlamaqdır. Bu, bizi hər cür təhdid və təhlükədən hifz edə biləcək yeganə vasitədir. Buna görə də hər bir azərbaycanlı dövlətinin, Prezidentinin ətrafında sıx birləşməkdə davam etməli, bütün qanunazidd əməllərə “yox” deməlidir. Bundan başqa, biz xalq olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz tarixi zəfərin nəticələrindən irəli gələn missiyanı əzmlə davam etdirməli, işğaldan azad edilən ərazilərimizin dirçəldilməsi, “Böyük qayıdış”ın uğurla başa çatdırılması üçün dövlətimizə dəstək verməliyik. Vicdanımızın, dövlətimiz qarşısındakı vətəndaşlıq borcumuzun bizdən tələb etdiyi məhz budur!. Seymur ƏLİYEV  

Hamısını oxu
Dəyərli tədqiqatçı, fədakar vətəndaş

Hacı NƏRİMANOĞLU Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Şüküroğlu (Babayev) adı, imzası Qarabağ müharibəsinin ön cəbhəsində savaşmış döyüşçülərə, zabit-komandir heyətinə, hərbi jurnalistlərə, ordu, sərhəd, polis, təhlükəsizlik strukturlarında çalışanlara yaxşı tanışdır.   Hərbi jurnalistikamızın tanınmış imzalarından olaraq, onun cəbhə, döyüş bölgələrində yaşayıb çalışarkən gördükləri, qazandığı praktiki biliklərin, peşəkar bacarıqların, təcrübi fəaliyyətlərin nəticəsi idi ki, Lətif sonradan tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu, sərhəd mühafizəsi məsələlərinin ən nüfuzlu tədqiqatçılarından biri, tanınmış tarixçi alim oldu - “niyətin hara, mənzilin ora”. Lətiflə bağlı xatirələr məni 30 ilin o üzünə apardı; Zəngilanlı Lətif Şüküroğlu “Vətən səsi” qəzetinin, mən AzərTAc-ın müxbiri idik,  görüşürdük, xəbərləşirdik, sevindirici, uğurlu hərbi əməliyyatlarla bir-birimizi məlumatlandırırdıq. Güclü, qürurlu, enerjili gənclər idik, ayağımız dünyaya göz açdığımız, göz açıb ilk gördüyümüz, könül verib ilk sevdiyimiz doğma torpağımızın üstündə idi, dimdik gəzirdik. Ermənistan və Dağlıq Qarabağla 180 kilometrə qədər bitişik sərhəddi olan Qubadlı, Zəngilan və digər sərhədyanı bölgə torpaqlarının müdafiəsi 1988-91-ci illərdə əsas yerli əhalinin, özünümüdafiə dəstələrinin və polisin üzərinə  düşürdü, hər kəs ilk növbədə ailəsini, ev-eşiyini, doğmalarını düşünürdü, yurd-yuvasında yaşamaq, el-obanı qorumaq üçün yaşayırdı. Cavanlar dünənə qədər elə Qafan, Gorus, Qacaranda qarşımızda quyruq bulayan, indisə canımıza, torpağımıza qənim kəsilib qan-qan deyən erməni silahlılarına (saqqallılarına) qarşı  döyüşmək, öldürülən hər kəsin intiqamını artıqlaması ilə almaq arzusu ilə alışıb yanırdı. Hər kəndin öz müdafiə dəstəsi var idi, aşağı kəndlər hansı gün ön mövqelərdəki hansı postu, olan-qalan ov tüfəngləri ilə birlikdə kimdən, nə vaxt təhvil alacağını bilirdi, ölmək var idi, geri çəkilmək yox. Ölürdük, öldürürdük. Kimin həddi nəydi kəndindən çıxmağı, evindən nə isə daşıyıb çıxarmağı düşünəydi, el qınağı, töhməti nəslinə ləkə olardı. Ermənistanın ən böyük 2-3-cü şəhərlərini birləşdirən Qafan-Gorus abad avtomobil yolu ilə erməni tərəfinin quşu da qorxusundan uça bilmirdi, o ki ola maşını, texnikası. Gecələr bu şəhərlər qorxudan işıqlarını da yandıra bilmirdi. 1993-ün avqust, oktyabrına hələ 4-5 il var idi. Bu yerlərin xəyanətlə, məkrli planlarla murdar qonşularımıza təslim ediləcəyi,  Qarabağ, ətraf rayonarla bağlı işğal planlarının belə asanlıqla gerçəkləşəcəyi heç xəyalımıza da gəlməzdi, yuxumuza da girməzdi. ... Üç yazar - Nəsiman Yaqublu, Lətif Şüküroğlu əlində də həmişəki fotoaparatı raykomun ayırdığı UAZ-da ön mövqelərdə ayıq-sayıq keşik çəkən döyüşçülərlə, sərhəd kəndlərinin sakinləri ilə görüşdük. Bizim son postu da keçib, bütün təkidlərə baxmayaraq, ermənilərin də qarşı təpələrdən əl içi kimi gördükləri güllə məsafəsi dərənin dibinə enib Turşsu bulağından su içmək həvəsimizin qarşısını ala bilmədi. Bura Zəngilan, Qubadlı, Qafanın - aşağı Zəngəzurun qovuşduğu məkan, Üçənis erməni kəndi ilə bizim Fərcanın arasında unikal mənzərə idi. Sonra bizim kəndin orda postda duran cavanları deyirdi ki, o bulağa sonuncu enən siz oldunuz, bir neçə gün sonra İrəvandan gələn saqqallılar həmin yerdən Çərəli İrzəvanı girov aparmışdılar, təbii ki, yenə bizim qorxubilməz “Qaranquş” partizan, kəşfiyyat dəstəsinin uşaqları polislərimizlə birlikdə diri erməni tutub aldəyiş eləmişdilər. Belə şeylər bu sərhəd bölgəsində adi hala çevrilmişdi. Sonra Xocalıdan nə qədər əsiri azad eləmişdi bizim uşaqlar. Şuşanın işğal günlərində Şuşaya bitişik Turşsudan Söhbət Səfərli və Nəsiman Yaqubla birlikdə Lətifin AzTV ilə yayılan canlı məlumatları, həyəcan dolu səsi bu gün də yaddaşımdadır, Şuşa, Laçının işğalı ilə bağlı Lətif Şüküroğlu və Söhbət Səfərlinin "Xalq Ordusu"nda çıxan silsilə yazıları o günlərin acı həqiqətlərini anlamaq baxımından bu gün  daha çox lazımdır. Onu da deyim ki, həmin yazıların üçü də  Şuşa-Laçının işğalı ilə bağlı məhkəmə işinin  istintaq materiallarında istifadə edilib. Heç nə unudulmamalı, heç kim yaddan çıxmamalıdır, Qarabağda ürəyinin, vicdanının səsi ilə ölümlə üzbəüz qalıb qələmlə savaş aparanlar, savaş tarixini yaddaşa yazanlar da. Və sonra olanlar oldu... 1990-cı ilin 20 yanvarında Bakıda günahsız insanları qətlə yetirən rus ordusunun tanklı, vertolyotlu, pulemyotlu hərbi hissələri – çağırılmamış qonaqları əllərində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qərarla Zəngilana, Qubadlıya daxil oldu. Müsibətlər ondan sonra başladı; özünümüdafiə dəstələrində, kəndlərdə, kimin əlində, evində qeydiyyatlı-qeydiyyatsız nə silah-sursat, ov, quş tüfəngi, məktəblərdəki tir tüfəngləri, idman tapançalarına, aşağı rayonlardan alıb gətirib RTS-in sexlərində “peredelka” elədiyimiz doludağıdan toplara kimi guppultusu, tappıltısı gələn hər şey yığıldı, polis şöbəsindəki, hərbi komissarlıqdakı bir neçə avtomat silahla birlikdə rus hərbçilərinin əli ilə sərhəddin o tərəfinə ötürüldü, rus ordusunun bu gəlişi o yerlərin ermənilərə verilməsinə hazırlıq idi. Və sonra Milli Ordumuz gəldi, 1993-cü ilin avqustun son günləri yuxarıdan verilən əmrlə Qubadlıda yerləşən 6 batalyonun hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonu tərk etdi, əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu elin qanına susayan erməni ordusu ilə üz-üzə qaldı. Yaddaşsızlara xatırlatmağı borc bilirəm; 1988-ci il noyabrın 24-də Qubadlıdan 13 km aralı daşnak yuvası Gorusun 3 km-liyində yerləşən Eyvazlı kəndimiz gecə hücumu ilə yağmalanıb yandırılmışdı, 1993-cü il avqustun 31-dək qalan 93 kəndimizin hamısı əlimizdə idi, əhalisi də içində  yaşayırdı, dediyim o əvvəlcədən planlaşdırılmış əmrin “mütəşəkkil” icrasının nəticəsi idi ki, Qubadlıda təkcə işğalın son iki günündə, yəni 30-31 avqustda qətlə yetirilmiş mülki şəxslərin sayı 183 nəfər, işğal zamanı güllə yarası və ya digər səbəbdən əlil olanların sayı 238 nəfər, işğal zamanı aldığı zərbədən sonralar vəfat etmiş şəxslərin sayı 9 nəfər, ermənilər tərəfindən girov götürülmüş və işgəncələrə məruz qalmış şəxslərin sayı 49 nəfər olmuşdu (http://www.qubadli-ih.gov.az/page/42.html.) Bəllidir ki, 802 min kv.km ərazisi olan rayon, şəhər, kənd, qəsəbə uğrunda savaşda ilk növbədə və ən çox döyüşçü, əsgər savaşıb həlak olmalıydı. Milli Ordu, Daxili İşlər Nazirliyinin şəxsi heyətindən işğalın o son günlərində cəmi 5 nəfər şəhid, 3-4 nəfər də yaralı olmuşdu. Bunlar da ərazini döyüşsüz tərk etmək haqqında verilmiş əmrə tabe olmayıb doğma yurdunu, el-obasını, darda qalmış ailələrini, həmvətənlərini labüd ölümün murdar əllərindən xilas etmək üçün ordudan yayınanlar idi. Bu müharibəyə başlamadan əvvəl ermənilər 1918-ci ilin təcrübəsini yaxşı öyrənmişdi,  Zabux dərəsində Xosrov bəy, Sultan bəy Sultanovların verdiyi dərsdən nəticə çıxarmışdı, Ermənistanla dövlət sərhəddindən hücum edib Qarabağa koridor açmağın həm də Kəlbəcərin işğalına dair BMT-nin dişsiz kağız üzərində olsa da, qərarın da nəzərə alıb bu dəfə  Azərbaycanın içində Dağlıq Qarabağı, Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayılı alıb Ermənistanla birləşmişdilər, bu savaşı Dağlıq  Qarabağ ermənilərinin azadlıq hərəkatı kimi göstərə bilmiş, sonra da hərbi uğurlarını siyasi-diplomatik üstünlüklə də möhkəmləndirib “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi  təqdim etməyi bacarmışdılar. Zəngilanı Azərbaycanla birləşdirən Horadiz avtomobil və dəmiryolunun tutulmasından sonra da mühasirədə yalqız qalan Zəngilan daha 60 gün təkbaşına davam gətirdi – 1993-cü ilin 29 oktyabrına qədər,  köməyə, imdada çağıran səsə, o cümlədən bu sətirlərin müəllifinin Dövlət İnformasiya Agentliyi - AzərTAc-a ötürdüyü, yaydığı, Lətif Şüküroğlunun “Sərhəd” və başqa qəzetlərdə dərc etdirdiyi real mənzərəni əks etdirən həyəcanlı çağırışlara səs verən olmadı, Bakıda ayrı oyunlar gedirdi. Araz çayı Zəngilanlıların yeganə xilas yolu oldu. ... Lətifin facebook səhifəsində fotosunu paylaşdığı “Əliyar Əliyevlə beş görüş” adlı bir səhifəlik məqaləsi əməkdaşlıq etdiyi «Azərbaycan ordusu» qəzetinin 1993-cü il 24 aprel nömrəsində dərc olunub. Və bu məqalədə həm Lətifin, həm də jurnalist dostları Bədirxan Əhmədli, Söhbət Səfərli, Nəsiman Yaqublu ilə Qubadlının sərhəd kəndlərində Şəhid batalyon komandiri ilə, döyüşçülərlə görüşlərinə, uğurlu hərbi əməliyyatlara dair detallar da əks olunub. Bu yazını oxuyub bir daha təsirləndim, anladım ki, məni Lətifə bağlayan tellər həm də ümumi dərdin daşıyıcıları olmağımızdır, hər ikimizin yurd-yuva itkisidir. Lətif qoyub gəlmək məcburiyyətində qaldığımız o dağların, o ellərin aşiqidir. senet.az saytında onun avtobioqrafik xarakter daşıyan, uşaqlıq və gənclik xatirələri əsasında yazdığı “Taleyin izləri” kitabı hissə-hissə verilmişdi. Yaşasın internet! Xüsusilə bu koronaviruslu günlərimizdə bir daha İKT çıxaranın atasına rəhmət oxuyub o yazıları bir də ləzzətlə oxudum: “Yurd yeri”,“Atamın hekayəti”, “Mən necə şair olmadım?”. Xatirələr bu dəfə də məni hafizəmdə silinməz izləri qalan Zəngilan, Qubadlı, Qafan, Qacaranın dağ, dərə, meşələrində gəzdirdi, qaysaq bağlamayan yaramı yenidən göynətdi. Qoyub gəldiyimiz yurd yerlərimizi unutmaq qara torpağın qoynuna qovuşanadək mümkünsüzdür. Ən böyük qorxu, vahimə isə o torpaqlara dönmədən, o torpaqlardan uzaqda bu fani dünyadan köçməkdir. Düşündükcə ürəyim əsir, acizliyimiz də dərdin bir böyüyü. Və bu dərdi hər kəslə bölüşmək də olmur. Bar-bərəkətli əkin sahələrinin boynuna dolana-dolana qoşa hörük kimi uzanıb Araza qovuşan Həkəri, Bərguşad, Oxçu çaylarının, sıra dağların, igidlər kimi boy-boya dayanan sıldrım qayaların, təmiz havası insanı yerdən alan o ellərin gözəlliyinin qədrini ayrılandan sonra dərk etmişik. Tikili, qurulu, içi təpili ev-eşik, bağça-bağ, əzizlərinin qəbrin qoyub gələnlər bilər ancaq qaçqınlıq, didərginlik nədir. Səni satana lənət, səni alana lənət, Vətən!!! Bir az qəmli, mövzudan kənar oldu, amma bu anda düşündüklərim, içimdən gələn bunlar oldu... Lətif yazır: “Torpağı vətənləşdirən, onu insana doğmadan-doğma edən həm də bu xatirələr, illərin yaddaşı, saldığı izlərdir. Atamın surəti də mənim yaddaşımda elə bu dağlarla bağlı qalıb... O dağlarla bağlı çoxlarımızın yaddaşına əbədi yazılmış xatirələr var. Bu xatirələr yaşadığımız itkilərdən sonra bizə daha doğma, daha əzizdir.” Hələ 90-cı ilə qədər Qubadlı, Zəngilanın çox sakini işsizlikdən, ailəsini dolandırmaq üçün erməni şəhərləri Qafan, Qacarana üz tuturdu. Lətifin mərhum sürücü atasının başına gətirilənlər sıradan tək hadisə deyildi, nə qədər özünə hörmət edən, qürurunu saxlayan azərbaycanlı-türk erməni hiyləsinin, terrorunun qurbanı olmuşdu Hayastanla Azərbaycanın qardaş olduğu, SSRİ-nin damı altında birgə yaşadığı illərdə. Qafan şəhər komsomol komitəsində işləyən tanışım məni xəbərdar etmişdi; çalışın 24 aprel qabağı buralarda görünməyin, işləyən qohumlarınız da varsa, deyin gəlməsinlər, daşnaklar həmin günlərdə türk qanı axıtmağı özlərinə borc, şərəf bilir, hər cür amansız işlərə əl atırdılar... Lətif yazır: “Dili yaxşı bildiyindən və təşkilatçılıq qabiliyyətinə görə Qacaranda atamı sürücülərin briqadiri qoyubmuşlar. Ancaq bir türkün gəlib burada onlara briqadirlik etməsinə dözməyən ermənilər bir müddət sonra onu zəhərləmişdilər. Yeməyinə qatılmış bu zəhərin təsirindən atam düz altı ay xəstəxanaları gəzmiş, yatağa düşmüşdü. Onun qulaqlarından və gözündən sarı su gəlirmiş. Uzun müddət müalicə almışdı. Bir həkim hətta «belə sağlam bədənin, polad kimi ürəyin olmasaydı, sən çoxdan ölmüşdün» demişdi. O hadisənin atamın sağlamlığına vurduğu agır zərbənin izləri özünü illər sonra da göstərdi. Bu hadisəyə qədər də erməni sürücülər bir neçə dəfə atama xətər yetirməyə çalışmışdılar. Hətta bir dəfə onun sürdüyü yüklə dolu iritonnajlı maşının arxa təkərlərindən birinin qaykalarından 4-nü boşaldıblarmış ki, yolda qəzaya uğrasın. Ancaq təcrübəli sürücü olan atam maşını hərəkətə gətirdikdən bir qədər sonra nəsə dəyişiklik hiss edib onu saxlamış, sonuncu qaykanın da az qala açılıb düşməkdə olduğunu görmüşdü. Çox keçməmiş ona qarşı növbəti təxribata əl atılmışdı. Bu dəfə qarajda saxlanılan maşınının mühərrikini sıradan çıxarmaq üçün yağını boşaldıblarmış. Maşını işə salan kimi onun səsindən şübhələnən atam dərhal mühərriki söndürüb, yağını  yoxlamış və ermənilərin ona qarşı bu planını da puça çıxarmışdı. Ancaq təəssüf ki, ermənilərin sonuncu hiyləsindən qurtula bilməmiş, onların qara niyyyətindən duyuq düşməmişdi.” Peşəkar jurnalist olan Lətif publisistikada da güclüdür. Ən başlıcası təbii, səmimidir, həqiqətləri, görüb yaşadıqlarını yerli-yataqlı, detallı yazır, yazdıqları oxuyanı duyğulandırır, ardınca aparır, gəzdirir, göstərir, sevdirir, bəzən də yandırıb yaxır, üstü qaysaq bağlamış  yaraların qartmağın qoparır. “Atam az qala hər qarışına bələd olduğu həmin dağları bizə də sevdirmişdi. Hər il məktəb bağlananda biz o dağlara, daha doğrusu, yaylaqlara qalxardıq. Ətəyində təkəm-seyrək ağaclar bitən o dağların otu-pencəri, gül-çiçəyi qurşağa çıxırdı. Min cür ətrin bir-birinə qarışdığı, bal arılarının, novbənöv böcəklərin, alabəzək kəpənəklərin çiçəkdən-çiçəyə qonduğu o yerləri ömür boyu unutmadı. Bizim də qanımıza yurd sevgisini o hopdurdu. Qayasında qartalları qıy vuran, dağ keçiləri dolaşan, daşlarında kəklikləri ötən, başından qarı, sinəsindən dumanı-çəni əksik olmayan o dağlar onun ata-anası, dədə-babasıydı desəm, daha doğru olar. Ürəyi onlarla döyünür, köksü o yerlərdə qabarırdı. Dədə-babamız bu yerlərin sahibi olub. Qoruq yalı, Mal gədiyi, Yağlıdərə, Müşülan düzü, Daş başı, Qanlı yurd, Aşağı məhlə yurdu, Erkək qoyun yatağı, Qaraçı yurdu, Daşkəsən, daha nə bilim nə qədər yurd yerlərinin adını indi də xatırlayıram.” Torpaq onun üstündə yeriyən, yaşayan, əkib becərən, öləndə o torpağın altında dəfn olunanındır. Bir zamanlar bizim olan o yerlər indi erməninindir. Bu gedişlə o yerlərə qayıdacağımıza inam, ümid ilbəil itir, azalır, Qarabağsız, Zəngəzursuz ötən hər il bizi o torpaqlardan daha da uzaqlaşdırır, soyudur, o yerlərdən gələn, ora qayıdıb ölmək arzusu ilə yaşayanların sayı kimi. Ermənilər də, bu oyunu quranlar, işğal planlarını hazırlayıb reallaşdıran, danışıqlar adı altında 28 ildir bu işi uzadanlar da bu həqiqəti çox gözəl anlayırlar, nə etdiklərini yaxşı bilirlər. Yalnız biz özümüzü aldatmaqdayıq... İnsan təkcə ata-anasının deyil, həm də doğulduğu təbiətin övladıdır.  Mənəvi saflıq insanın udduğu təmiz hava, yeyib böyüdüyü qida, gözün açıb gördüyü uca dağ, göz oxşayan yamyaşıl sıx meşə, gur şəlalə, dumduru bulaqların suyu ilə böyüyənlərin qanına, canına da hopur. Lətifin kitabında bu mənzərələr o qədər canlı verilib ki, bir daha itirdiklərimizin, əlimizdən alınan, əlimizdən verdiklərimizin qədir-qiymətini bilmədiyimizin, gərəyincə dəyərləndirmədiyimizin  fərqinə vardıqca içimiz göynəyir, qəlbimiz sızlayır. Hansı təbii-təbiət və mənəvi ucalıqdan endiyimizi düşünüb göz önünə gətirmək faciədir. Görünür bu dərdə dözməyi də o təbiət bizə həm də cəza olaraq verib. Dəfələrlə addım-addım gəzdiyim Zəngilandakı Bəsitçay Dövlət Təbiət Qoruğunun, Avropada yeganə Çinar meşəsinin, Şərfan, Məmmədbəyli, Babaylıdakı orta əsr kümbəzlərinin, nadir təbii sərvətləri qoynunda saxlayan o torpağın, Qafqazın nadir təbiət möcüzəsi olan Xusdub dağının 27 ildən bəri yağı əsarətində qalmasını düşünmək dəhşətdir. 90-cı illərdə ölkəmizdə yeni ab-hava, azadlıq, müstəqillik uğrunda hərəkətlənmə başlananda doğma Zəngilanda xətir-hörmətli jurnalist, söz, qələm sahibi kimi tanınan Lətif rayonda bu işlərin önündə gedənlərdən, hərəkata ziyalılıq, aydınlıq qatanlardan, nüfuz, hörmət gətirənlərdən biri olub. Mənim tanıdığım Lətif harda yaşayıb işləməsindən asılı olmayaraq, həmişə mənəvi saflığını, qürurunu, mənliyini qoruyub saxlayıb, boğazdan yuxarı tərifdən uzaq olub, sözünün, özünün qədir-qiymətini bilib. Və təbii, özünə öz xarakterinə uyğun dostlar, oxucular toplayıb. Bu, ailədən, yurddan gələn tərbiyədir. Sözügedən avtobioqrafik əsərindəki Atanın - 6 övladını, ailəsini zəhməti ilə saxlayan Şükür kişinin obrazı möhtəşəmdir. Lətifin kitabının “Mən necə şair olmadım?”  hissəsindəki saf, təmiz duygular, ilk sevgi ünvanlı ilk şeirlər, uçaqlığın dadı, ləzzəti, şirini, acısı ilə bir ömür uzunu  yol yoldaşı olan o mərhəm duyğuları təbiiliklə, səmimiyyətlə, həssaslıqla qələmə alınıb. “Taleyin izləri” kitabı ədəbiyyatımızda avtobioqrafik janrda yazılmış mükəmməl, ən gözəl əsərlərdən biridir. Mən bu kitabı oxuyandan sonra bu janrın nə qədər əxlaqi-mənəvi, estetik zövq, təsir mənbəyi olduğuna əmin oldum. Bədii mətn avtobioqrafik janrın deyib anlatdıqlarını verə bilmir.  Cümhuriyyətimizin sevdalısı, fədakar tədqiqatçısı Lətif Şüküroğlu, heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün, Cümhuriyyət tariximizin,  Cümhuriyyəti quran şəxslərin irsinin ən məhsuldar, fədakar tədqiqatçılardan biridir. 1997-99-cu illərdə Cümhuriyyət qurucularından, nazir, nazir müavinlərindən 23-nün axiv-istintaq işini araşdıraraq, 2000-ci ildə 2 cildlik “Cümhuriyyət hökuməti repressiya məngənəsində” adlı kitabın nəşri təkcə tarixşünaslığımızda deyil, bütünlükdə ictimai-siyasi fikir tariximizdə böyük hadisəyə çevrildi. Hələ arxivlərə hər kəsin buraxılmadığı, giriş-çıxışın kütləvi hal almadığı illərdə onun çoxsaylı arxiv materiallarını arayıb, axtarıb tapıb bir yerə cəmləyib ortaya qoyduğu sanballı nəşrlər sonrakı tədqiqatlar üçün də çoxlu ideyalar, stimullar verdi. Lətif cani-könüldən sevərək, canınayananlıqla, milli təəssübkeşlik, mənəvi əzabla gördüyü bu işlərin bir böyük dəyəri də tarixi həqiqətlər işığında Azərbaycan ictimaiyyətində Cümhuriyyət qurucularına sevgi aşılaması oldu. Müəllif yazır: “Onların əksəriyyəti barəsində həbsdən sonra tərtib edilmiş sənədlərdə, əsasən müsadirə aktında “Əmlakı” ifadəsinin qarşısında yazılırdı: “Əmlakı yoxdur”. Onların əmlakı olmadı, ancaq onlar bizə Azərbaycan adlı bir məmləkəti, 114 min kvadrat kilometrlik bir ərazini, zərrəsinə də göz dikmədikləri tükənməz sərvətləri əmlak qoyub getdilər. Əksəriyyətinin məzarı da Vətəndən kənarda, Azərbaycan uğrunda son nəfəslərinə qədər mübarizə apardıqları Türkiyədə və başqa torpaqlarda qaldı. Biz bu əmlaka sahib çıxa bilməsək, onların ruhu qarşısında öz mənəvi borcumuzu yerinə yetirməmiş qalacağıq. Tanrı bizi bu sınaqdan alnı açıq, üzüağ çıxarsın.” Bu təsirli cümlələrə başqa nə artırmaq olar? Heç nə. Millət, xalq, dövlət olaraq bizim 1-ci vəzifəmiz, borcumuz buna nail olmaqdır. Gecikmişik, gecirik, ancaq boynumuzun borcudur, əks halda Cümhuriyyətimizin o şərəfli qurucularının, bu yolda şəhid gedən insanların ruhu da bizi bağışlamayacaq, başıaşağı, gözükölgəli, üzüqara köçəcəyik bu dünyadan. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu” kitabı, tarix üzrə fəlsəfə doktoru aldığı “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhəd mühafizəsinin təşkili" mövzusunda dissertasiya işi, eyni adda kitabı, bu istiqamətdə apardığı ardıcıl araşdırmalar, böyük bir hissəsini ilk dəfə tapıb üzə çıxardığı arxiv sənədləri tarixşünaslığımıza,  Cümhuriyyət tariximizə  mühüm töhfədir, vətən, xalq, naminə dəyərli xidmətlərdir. Professor Bədirxan Əhmədlinin qənaəti ilə razılaşmamaq mümkünsüzdür: “L.Şüküroğlunun kitabı faktların zənginliyi, mənbələrin dəqiqliyi, təhlillərin dərinliyi və obyektivliyi, hadisələri düzgün dəyərləndirilməsi, obyektiv qənaətlər çıxarılması baxımından indiyədək ordu quruculuğuna həsr olunmuş tədqiqatlar arasında layiqli yer tutur. Görünür, buna görə də tədqiqatını «Azərbaycan fədaisi olmuş böyük şəxsiyyətlərimiz qarşısında sonsuz minnətdarlıq borcu» ilə onlara həsr etmişdir. Cümhuriyyətə və onun qurucularına olan bu sevgi onu arxivlərə aparmış, səbrlə, təmkinlə faktları toplamış, ortaya yeni və sanballı bir tədqiqat əsəri çıxarmışdır. L.Şüküroğlunun bu araşdırması indiyədək ordu quruculuğuna həsr olunmuş bütün tədqiqatlardan fərqlənir.” Lətifin Cümhuriyyət tariximizə möhkəm bağlılığının təzahürü olaraq, təkcə “525-ci qəzet”də  son bir ildə dərc olunan, yəni axtarışda üzə çıxan məqalələrinin başlıqlarına baxmaq kifayətdir: “Cümhuriyyət fədaisi: görkəmli hərb xadimi Həbib bəy Səlimov”, “Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov”, “Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli”, “Azərbaycanın ilk Ordu generalı: Səməd bəy Mehmandarov”, “İstiqlal və cümhuriyyətçilik ideyalarına Əhməd Cəfəroğlu baxışı”,  “Bir daha “Türkçülüyün üçlü formulu" haqqında” və sair. Bu məqalələrin hər birində tarixçi alim üçün də, sıradan oxucu üçün də yeni, maraqlı, ibrətamiz məqamlar var. Mən çox sevinirəm ki, tarix üzrə fəlsəfə doktoru, ehtiyatda olan polkovnik Lətif Babayevin 24 il təhlükəsizlik orqanlarında dəyərli xidmətləri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Hərbi xidmətlərə görə” medalıilə təltif olunub,  "Qüsursuz xidmətlərə görə" medalının hər üç dərəcəsini alıb. Lətif təhlükəsizlik orqanlarından təqaüdə çıxdıqdan sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri kimi, cəmiyyətimizin bu ən hörmətli insanlarının qayğı və problemlərinin həlli, dövlət siyasətinin icrasında bu kateqoriyadan olan insanların fəal iştiraka cəlb olunması, xarici ölkələrdə keçirilən mötəbər tədbirlərdə Azərbaycan həqiqətlərinin təbliği, xüsusilə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm təşkilatçılıq, ideya-siyasi tərbiyə işi aparıb. Maarifçilik - ziyalı missiyasıdır və Lətifin həyatının ayrılmaz hissəsidir. Bilik Fondunda çalışdığım illərdə dəfələrlə şahidi olmuşam ki, Lətif hansı məktəbə, əmək kollektivinə mühazirə deməyə gedirdisə, ardınca razılıq, təşəkkür sorağı gəlirdi, təkrar görüşməyi xahiş edirdilər. Onun facebook səhifəsindəki rəngarəng mövzularda lakonik, sadə, rəvan yazıları həm informasiya, maarifləndirmə mənbəyidir, həm də lakonik, yığcam üslubu ilə könül oxşayır. Bunlar facebook səhifəsində yazdıqlarından nümunələrdir. R.Rövşənin doğum gününə 4 adlıq cümlə - cəmi 20 söz yazıb: “Yaşayan klassik. Tanrının Azərbaycan sevgisinin dövrümüzə töhfəsi. Bu gün yaşadığımız dövrün əbədiyaşar adlarından biri - Ramiz Rövşən. "Təpədən dırnağa" nur içində olması arzusu ilə.” Yeni ilə də elə o qədər: “İsmayıl bəy Qaspıralı: ""Dildə, fikirdə, əməldə birlik". Yeni iliniz mübarək, əziz həmvətənlər! Hər biriniz və xalqımız üçün uğurlu olsun!”  Yaxud: “Biz hələ də sadəlövhcəsinə başımıza gətirilən bəlalarda hansısa təsadüf axtarırıq.” “Millət vəkili olmaq çox böyük məsuliyyətdir...Deputatlıq statusu səlahiyyətdən əvvəl məsuliyyətdir, özü də yalnız onu seçmiş dairənin seçiciləri qarşısında deyil, bütün xalq qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyəti anlayaraq yola çıxanlara uğur olsun!” “Qasım Süleymaninin öldürülməsi ətrafında baş verənlər cəmiyyətdə hansı təhlükəli meyllərin olduğunu üzə çıxardı. Bunu bilməkdə fayda var. Xüsusi araşdırmalar aparmağa, sorğular keçirməyə ehtiyac qalmadı. Şübhə etmirəm ki, mümkün təhdidlərin qarşısının alınması üçün tədbirlər görüləcək.” “Bu da, əlbəttə, keçəcək. Bədbinliyə qapılmayaq. Virus haqqında düşünməkdənsə, nə iləsə məşğul olun, maraqlı kitab oxuyun, özünüzə faydalı bir məşğuliyyət tapın.” Lətif belə qısa, ancaq mənalı, tutumlu, təfərrüatsız, düşündürücü mülahizə, lakonik qeydləri ilə özünün vətəndaş mövqeyini ifadə edir. Bu həm də onun daxili azadlığından, müstəqilliyindən irəli gəlir, vəzifə, rütbə, görəv missiyasından qabaqda dayanır. Sakitcə, hay-küy salmadan mövqeyini ortaya qoyur, bu mövqe onun həyatında, nəşr olunmuş kitablarında, məqalələrində də aydın görünür, yəni özü özünü göstərmir, sadəcə, oxuyan bunları yazanın Vətəndaş olduğunu görüb anlayır. Lətifin facebook səhifəsi ürəkaçıqlığının, səxavətinin də güzgüsüdür; yaxşı nə görürsə, yayır, təbliğ edir, rəy bildirir, insanları maarifləndirməyə, savadlandırmağa çalışır – dünən də, bu gün də xalqımıza ən gərəkli xidmət elə budur. İşıqlı insanlar belə olur - xeyirxah, xoş məramlı. Lətifin üz cizgiləri, mehriban səsi, xoş çöhrəsindən əskik olmayan təbəssümü, özünü formada saxlaması, bunlardan da qabaq sağlam, enerjili çalışmaları, ailə xoşbəxtliyi məni sevindirir.  Mənalı ömür yaşamış əziz dost, istəkli Lətif Şüküroğlu, 60 yaşın mübarək! Ulu Yaradan səni ən böyük arzuna - Zəngilan, Şuşa... həsrətinə qovuşdursun, sonrası asandır. Təbrik edirəm!  

Hamısını oxu