Digər xəbərlər
Cəlil Xəlilov: "Azərbaycanda hərbi kadrların hazırlanmasında türk zabitlərinin əməyi böyükdür" Azərbaycan Ordusunun daha da güclənməsi və modernləşməsi istiqamətində ciddi tədbirlər görülür. Türkiyə ordu modelinin Azərbaycan Silahlı Qüvvələri üçün nümunə götürüləcəyi bəllidir. Ordu quruculuğunda böyük təcrübəyə malik qardaş Türkiyənin hərbi-texniki sahədə uğurlarından geniş istifadə olunacaq. Türkiyə ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Xatırladaq ki, Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə təmas edib və açıq şəkildə vurğulayıb ki, “Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”. Dövlət başçısı bəyan edib ki, Türk ordusunun müasir modeli Azərbaycan üçün ən məqbul modeldir. Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da parlamentdə çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə böyük dəstək verdiyini açıqlayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ordusu çağdaş dünyanın ən müasir ordularından biridir və NATO hərbi-siyasi alyansında xüsusi çəkiyə malikdir. Polkovnik vurğulayıb ki, Türkiyə ordusu istər fiziki hazırlıq səviyyəsinə, istərsə də müasir hərbi texnikaları real hərbi əməliyyatlar zamanı uğurla tətbiq etməsinə görə dünyanın ən güclü orduları sırasında yer alır: “Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər böyükdür. Qardaş ölkənin hərbçiləri uzun illərdir terrorizmə qarşı ciddi mübarizə aparır. Bu mübarizənin coğrafiyası İraq, Suriya kimi dövlətləri də əhatə edir. Əminliklə demək olar ki, bu gün dünyada terrorizmə qarşı ən ciddi və ən səmərəli mübarizə aparan qardaş Türkiyədir. Türkiyə bununla sadəcə özünün və regionun deyil, bütün bəşəriyyətin təhlükəsizliyini təmin etməyə çalışır, ümumilikdə insanlığa böyük fayda verir. Bu baxımdan Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması təbii ki, son dərəcə faydalı olar”. C.Xəlilov əlavə edib ki, Azərbaycanda hərbi kadrların hazırlanmasında, onların müasir hərbi texnikanın sirlərinə yiyələnməsində türk zabitlərinin əməyi böyükdür: “Yadınızdadırsa, Müdafiə naziri Zakir Həsənov bir neçə ay bundan öncə televiziyaya müsahibəsində Türkiyənin 8 Noyabr zəfərinə verdiyi töhfəni özünəməxsus şəkildə izah etdi. Bildirdi ki, “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün imtahan idi və bu imtahanı Azərbaycan Ordusu verdi. Lakin Azərbaycan Ordusunu bu imtahana Türkiyə hazırlamışdı”. Bu ifadə Türkiyənin Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının yüksəlməsində nə dərəcədə mühüm rol oynadığını göstərir. Vətən müharibəsi də Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu. Azərbaycan bu müharibədə həm Türkiyə, həm də İsrail istehsalı olan dronlardan kütləvi istifadə etdi. Türkiyə də Suriyadakı hərbi əməliyyatlarda dronlardan kütləvi istifadə etmiş və terrorçuların hədəflərini yüksək dəqiqliklə məhv etmişdi. Türkiyənin dronlarla bağlı təcrübəsini öyrənən və bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən Azərbaycan da erməni faşizminə ağır zərbə vurdu, işğalçını darmadağın etdi. Azərbaycan Ordusunun türk hərb modelinə uyğunlaşdırılması gücünün daha da artması, peşəkarlığının yüksəlməsi, döyüş bacarığının bir qədər də təkmilləşməsinə səbəb olacaq. Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur”. Sherg.az
Hamısını oxu
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub. “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.
Hamısını oxu
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq". Milli.Az
Hamısını oxu
Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olub. Sahil Cəlilov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahli Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak edib. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşmuşdur. Sahil Cəlilov 21 oktyabr 2020-ci il ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “ Vətən uğrunda ” medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra” Şuşanın azad olunmasına görə ” medalı ilə təltif olunub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “ Hərbi xidmətlərə görə” medalı ilə” ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “Füzulinin azad olunmasına görə “ medalı ilə təltif olunub. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Hamısını oxu