Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan ziyalıları UNESCO-nun Baş direktoruna müraciət edib

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib. APA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Baş direktor, Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik. Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib. İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.    Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır. On illərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur. Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.  Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.  Hörmətli Baş direktor, Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.  UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik. İmza edənlər:                                                                                  

  1. Kamal Abdulla - Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik,
  2. Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru
  3. Elbay Qasımzadə - Azərbaycan Memarlar İttifaqının sədri
  4. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı
  5. Hikmət Məmmədov - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
  6. Aqil Abbas - “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
  7. Mənsum İbrahimov - Xalq artisti, professor
  8. Fatma Səttarova - Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı
  9. Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun rəhbəri
  10. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru
  11. Nurəddin Mehdiyev - "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
  12. Aybəniz İsmayılova - “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
  13. Rauf Zeyni - Milli QHT Forumunun prezidenti
  14. Anastasiya Lavrina - “Azərbaycanın Rus İcması"nın sədr müavini
  15. Faiq İsmayılov - “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri
  16. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
  17. Davud Rəhimli - Əlil Təşkilatları İttifaqının sədri
  18. Günel Səfərova - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
  19. Əvəz Həsənov - "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri
  20. İlqar Orucov - "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri
  21. Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri
  22. Nüşabə Məmmədova - Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri”.
 

2021-03-25 00:00:00
3538 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin yeni komando hərbi hissələrinə Döyüş bayraqları təqdim etməsi qürurvericidir”

Cəlil Xəlilov: “Bu, həm də Müzəffər Ali Baş Komandanın müdafiə və təhlükəsizliyimizə verdiyi önəmi göstərir” Məlum olduğu kimi, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılmasını yüksək qiymətləndirib, bunun ölkəmizin təhlükəsizliyinə böyük töhfə verdiyini vurğulayıb: “Qətiyyətlə demək olar ki, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizin müdafiə və təhlkəsizliyinə verdiyi böyük önəmin, bu faktora münasibətdə sərgilədiyi yüksək həssasiyyətin  göstəricisidir. Qeyd edək ki, Prezident İlham Əliyev öz çıxışlarında müdafiə və təhlükəsizlik məsələsini bir nömrəli prioritet kimi dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, 44 günlük Vətən mharibəsindəki şanlı qalibiyyətə baxmayaraq, bundan sonra da Silahlı Qvvələrimizin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq, bu istiqamətdə bütün gərəkli addımlar atılacaq. Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması dövlətimizin bu yöndə ciddi addımlar atamqda davam etdiyini göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan öz müdafiə və təhlkəsizliyini gücləndirməkdə davam edir və bu istiqamətdə ciddi, prinsipial addımlar atır. Prezident İlham Əliyev Naxçıvanda yeni yaradılan hərbi hissələrə Döyüş bayraqlarını şəxsən təqdim etdi ki, bu da dövlət başçımızın Silahlı Qvvələrimizə verdiyi önəmin, onlara göstərdiyi ehtiramı əks etdirir. Biz veteranlar əminik ki, yeni yaradılan hərbi hissələr öz sələflərinin qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ərazi bütövlüyümüzü qətiyyətlə qoruyaraq sülh və təhlkəsizliyimizə böyük töhfələr verəcəklər”. Seymur ƏLİYEV  

Hamısını oxu
Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunur.

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Gəncə və  Şirvan şəhər, Hacıqabul rayon Veteranlar Təşkilatı sədrlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. General-polkovnik bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil. "1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Rayon Veteranlar Təşkilatı sədrləri "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüklərinə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlıqlarını bildiriblər. Səmimi keçən görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
Qərbi Azərbaycanın igid oğlu: Nəbi Nuriyev Balı oğlu

Elə anlar var ki, insanı sınağa çəkir, elə anlar da var ki, insan özü tarixə çevrilir. Nəbi Nuriyev Balı oğlu da elə bu tarixə çevrilən ömürlərdən biri idi. O, təkcə əsgər kimi yox, müəllim kimi, vətəndaş kimi, yurd həsrəti ilə yoğrulmuş bir xalqın siması kimi yaddaşlara həkk olunan bir şəxsiyyətdir. 1922-ci ildə Qərbi Azərbaycanın qədim, xatirələrlə dolu Örs kəndində dünyaya göz açmışdı. O kənd ki, onun hər daşında bir tarix, hər səsində bir nəğmə yaşayır. O torpaqlar təkcə bir coğrafi məkana deyil, minilliklərin daşıdığı türk ruhuna, Azərbaycan mədəniyyətinə şahidlik edən müqəddəs yurda çevrilmişdi. Ancaq bu torpaqlar eyni zamanda göz yaşı, sürgün, yurd nisgili ilə də yoğrulmuşdur. Nəbi müəllimin ömrü həmin ağrıların aynası idi. O, doğulduğu yurdun daşına, torpağına, havasına könül vermişdi. Amma tarix zalım olanda yurd da yarım qalır, yuxular da. O da minlərlə həmsoydaşı kimi köçkünlüyün acısını yaşadı. Doğma Örs kəndinə qayıtmaq ümidi ilə yaşasa da, bu arzu elə onunla birgə əbədiyyətə qarışdı. Amma Nəbi Nuriyev təkcə bir yurd həsrətlisi deyildi, o, həm də qəhrəman idi. 1940-cı ildə hərbi xidmətə çağrıldı. Böyük Vətən Müharibəsi başlayanda Vətənin səsinə ilk hay verənlərdən oldu. Səngərlərdə, cəbhə xəttində, qanın, barıtın, odun içində mərdliklə döyüşdü. 130-cu atıcı alayın tərkibində döyüşlərə qatıldı, bölmə komandiri rütbəsinə qədər yüksəldi. Təkcə Avropanın qanlı səhnələrində yox, uzaq Yaponiyada Vadlin şəhərinədək uzanan döyüş yolunda da qəhrəmanlıqlar göstərdi. Kvantun ordusunun təslim olmasında iştirak etdi.  Bu, bir ömrün yazdığı fəxarət səhifələrindən idi. Göstərdiyi igidliyə görə Nəbi müəllim bir çox orden və medallarla təltif olundu: II dərəcəli "Vətən Müharibəsi" ordeni, Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları, SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeni və ən nəhayət, Heydər Əliyevin sərəncamı ilə təqdim edilən “1941–1945-ci illər müharibəsi veteranı” nişanı. Bütün bu təltiflər onu yalnız əsgər kimi yox, həm də milli yaddaşda yaşayan bir obraz kimi yerini təsdiqlədi. Müharibə bitdi, mədəni mübarizə isə davam edirdi. Nəbi müəllim 1993-cü ilə qədər Azərbaycan ordusunda çalışdı. Bu illərdə o, yalnız silahla yox, ağlı, biliklə, təcrübə ilə, vətən sevgisi ilə mübarizə apardı. Müəllim oldu, tərbiyəçi oldu, yol göstərən oldu. Çünki o bilirdi: əsl qələbə yalnız cəbhədə deyil, həm də ruhda, şüurda, gənc nəsildə qazanılır. O, heç vaxt boyun əymədi. Nə sürgünə, nə ağrıya, nə zamanın sərt üzünə. Daxilində daşıdığı yurd həsrətini susaraq deyil, yaşayaraq göstərdi. Nəbi Nuriyev həyatı bir xalqın dərdini, ləyaqətini, inadını və dirənişini daşıyan ömür idi. Bu gün onu yalnız bir müharibə iştirakçısı kimi deyil, həm də bir yurdun, bir millətin vicdanı kimi xatırlayırıq . Qərbi Azərbaycanın yetirdiyi minlərlə igiddən biri olaraq Nəbi müəllim bizə göstərdi ki, yurd itə bilər, amma yurd sevgisi ölməz. Çünki o sevgi bir ömür boyu içimizdə yaşayan məşəldir. Və bu məşəli bizə Nəbi Nuriyev kimi igidlər verib.

Hamısını oxu
Azərbaycan bayrağını 5 müxtəlif idman növündə zirvədə dalğalandıran əfsanə yeniyetmə...

Emili Rzayeva dəstək bayrağımızın bundan sonra da bir çox mötəbər yarışda ucalmasını təmin edə bilər Bugünlərdə DİN-in İdman Cəmiyyətinin yetirməsi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, uşusanda üzrə dünya kubokunun qalibi, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, Azərbaycan Respublikasının idman ustası Emili Rzayeva, atası Emil Rzayevlə birlikdə “CBC TV Azerbaijan” kanalının qonağı olublar. Veriliş çərçivəsində Rzayevlər ailəsi ilə 2022-ci ildə keçiriləcək  beynəlxalq idman arenalarında yarışlar, məşqlər və sair mövzuda geniş fikir mübadiləsi aparılıb. Cari ilin fevralında İstanbulda muay-tay üzrə Avropa çempionatı, apreldə Ukyanada kikboks K-1 versiyası üzrə beynəlxalq turnir, may ayında Moskvada uşusanda üzrə dünya çempionatı və İslam oyunları, iyunda Serbiyada boks üzrə Avropa çempionatı, noyabrda İstanbulda kikboks K-1 üzrə dünya çümpionatı keçiriləcək. Qeyd edək ki, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayev idmançımızın atasıdır və baş məşqçisidir. Onlar daha da əzmlə və səylə məşq edirlər ki, DİN-in yetirməsi Emili Rzayeva beynəlxalq turnirlərdə himnimizi səslədirsin və bayrağımızı dalğalandırsın. Xatırladaq ki, Emili Rzayeva bir çox mötəbər turnirlərin qalibidir və beş idman növü üzrə yarışlara qatılır. Məlumat üçün qeyd edək ki, Emili Rzayeva 23 avqust 2006-cı ildə Bakı  şəhərində anadan olub. Yasamal rayon 158 nömrəli orta məktəbin 10-cu sinifin şagirdidir. 11 yaşından cüdo idman növü ilə məşqul olmağa başlayıb. Cüdo üzrə 2 dəfə şəhər, 1 dəfə ölkə çempionu olub. Türkiyədə keçirilən  Tokat böyük beynəlxalq turnirin 60 kq qızıl mükafatcısı, 09.12.2017-ci ildə Bakı Dünya kuboku Budo  uşusanda 60 kq. üzrə I yerin sahibi, 05.10.2019-cu ildə 63 kq-da yenidən qalib olmaqla ikiqat çempionluq tituluna yüksəlib. Emili Rzayeva 02.04. 2017-ci ildə kunqfusanda respublika cempionu, 2018-də Kempo döyüşü üzrə 63 kq-da Kempo kəmərinin qalibi olub. 2019 kikboks üzrə 63 kq-da ölkə cempionu, 2017, 2018, 2019-cu illərdə uşusanda üzrə 63 kq-da Bakı və  Respublika cempionluğunu qazanıb. 07.06.2021-ci il tarixində Minsk şəhərində boks üzrə 63 kq-da Beynəlxalq turnirin qızıl mükafatçısı olan Emili Rzayeva 05.09.2021-ci ildə Kazan şəhərində boks üzrə 63 kq-da MDB ölkələrarası festivalın beynəlxalq turnirin III olub. 05.11.2021-ci ildə Monteneqro Budva şəhərində kiqboks K-1 versiyası üzrə Avropa cempionatın II kimi mühüm uğura imza atıb. Emili Rzayeva 2021 ildə 15 yaşında idman ustası adına,  2019-cu ildə isə Azərbaycan Respublikasında ilin ən güclü idmançısı adına layiq görülüb. 2022-ci ildə Emili Rzayevanın bir çox beynəlxalq yarışda iştirakı planlaşdırılır. Lakin yeniyetmə idmançımızın bu yarışlarda iştirakının təmin olunması üçün ona müvafiq dəstəyin göstərilməsi zəruridir. Əgər belə bir dəstək olarsa, o zaman əfsanə yeniyetməmiz Azərbaycan bayrağını bundan sonra da bir çox mötəbər turnirdə zirvədə dalğalandıra bilər ki, bu da hər birimizin, ilk növbədə, dövlətimizin uğuru deməkdir. İnanırıq ki, əlaqədar qurumlar, o cümlədən xeyirxah iş adamları Emili Rzayevanın bu turnirlərdə iştirakını təmin edəcək və biz yaxın gələcəkdə idmançımızın yeni-yeni uğurlarına şahid olacağıq. Qeyd edək ki, yeniyetmə idmançımıza dəstək olmaq istəyən hər kəs bu telefon nömrəsi ilə əlaqə saxlaya bilər:  055 213 78 98  

Hamısını oxu