Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib

Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib.

Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib.

Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib.

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.

 

Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb.

Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib.

Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

2022-04-11 10:18:00
1328 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib. Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakı şəhərinin Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) Geoloji-kəşfiyyat fakültəsini Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə bitirərək “dağ mühəndisi-geoloq” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il təyinatla SSRİ Neft Sənayesi Nazirliyinin Layihə İnstitutunun Bakı filialında başlayıb, lakin az sonra o vaxt təzə təşkil olunmuş “Dənizneft” Birliyində işə qəbul edilib, burada Geoloji şöbənin rəis müavini, sonra isə “Azneft” Birliyində böyük geoloq vəzifələrində çalışıb. 1954-cü ildə “Gürganneft” Trestinin (indiki Neft Daşları NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilib və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin ömürlük iştirakçısına və rəhbərinə çevrilib. X.Yusifzadə 1958-1959-cu illərdə “Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləyib. 1960-cı ildə, o, Sovet İttifaqi Kommunist Partiyasının XXII qurultayı adına neft mədənləri İdarəsi (keçmiş “Gürganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunub və bu vəzifədə 1963-cü ilədək çalışıb. 1963-cü ildən 1970-ci ilədək “Başdənizneft” İdarəsində Baş geoloqun müavini, şöbə rəisi, “Dənizneft” İB-nin Geoloji-kəşfiyyat şöbəsinin rəisi-baş geoloqun müavini olub. 1970-1992-ci illərdə “Xəzərdənizneft” İB-nin (müxtəlif illərdə strukturun adı fərqli olub) Baş direktorunun müavini-baş geoloq vəzifələrində işləyib. 1992-1994-cü illərdə “Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışıb. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə SOCAR-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. 1960-cı ildə “Neft quyularının və laylarının tədqiq edilməsi və “Neft Daşları” yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, geologiya-minerologiya elmləri namizədi, 1987-ci ildə isə Moskvada SSRİ Elmlər Akademiyasının və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 2005-ci ildə ona “Professor” elmi adı verilib. X.Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, ADNSU-nun professorudur. Akademik 200-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiyanın, 8 ixtiranın müəllifidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Azərbaycanda 20-dən artıq neft və qaz-kondensat yatağı, o cümlədən “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz”, “Kəpəz”, “Bahar”, “Ümid”, “Abşeron” kimi məşhur yataqlar kəşf edilib. Neft və qaz sənayesinin inkişafında, xüsusilə dəniz neft və qaz-kondensat yataqlarının axtarışı, kəşfi və işlənməsində əvəzsiz xidmətlərinə görə akademik X.Yusifzadə bir çox orden və medallarla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına səbr diləyir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
7-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri uğurla başa çatıb

Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub Veteran.gov.az xəbər verir ki, Şanlı tariximiz olan 20 Yanvar faciəsinə həsr olunan, ölkəmizdə vətənpərvərliyin təbliğində və karate idman növünün inkişafında əhəmiyyətli rol oynayan 7-ci “ARPACHAY OPEN-2023” beynəlxalq turniri 20-22 yanvar 2023-ci il tarixlərində Bakı İdman Sarayında baş tutub. Gənclər və İdman Nazirliyinin dəstəyi, Arpaçay Karate Klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə ənənəvi “ARPACHAY OPEN-2023”  beynəlxalq karate turnirinin təntənəli açılış mərasimi 21 yanvar 2023-cü il tarixində Bakı İdman Sarayında keçirilib. Açılış mərasimində Gənclər və İdman Nazirliyinin Bakı Gənclər və İdman İdarəsinin rəisi Rafiq Abbasov, Milli Məclisin üzvləri Vüqar İskəndərov və Sadiq Qurbanov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov 20 Yanvar faciəsindən, 44 günlük Vətən müharibəsindən və dövlətimizin idmana göstərdiyi qayğıdan bəhs ediblər. Tədbirdə çıxış edən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov tədbir iştirakçılarına minnətdarlığını çatdırıb və Arpaçay İdman Birliyi tərəfindən bundan da möhtəşəm idman yarışlarının keçiriləcəyinə söz verib. Sonda qonaqlara fəxri diplomların təqdim olunması mərasimi keçirilib. Yarışla bağlı məlumat verən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov deyib ki, 3 gün davam edən “ARPACHAY OPEN”  turnirində xarici ölkələrdən, o cümlədən Çexiya, Gürcüstan, Küveyt, Özbəkistan, Rusiya və Ukraynadan, habelə Azərbaycanın paytaxtı Bakıdan və regionlardan 700-dən çox idmançı, o cümlədən 6-7, 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15, 16-17 yaşlı yeniyetmələr, 18 yaşdan yuxarı gənclər və veteran idmançılar kata, kumite və komanda-kumite yarışlarında mübarizə aparıblar. 40-dan çox federasiya və idman klubu turnirdə içtirak edib. Ümumi nəticələrə görə, Arpaçay Karate Klubu birinci, “Qara qaplan” klubu ikinci, “Yaguar” idman klubu isə üçüncü olub”. Seymur ƏLİYEV

Hamısını oxu
“Qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır”

Əflatun Amaşov: “Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır” “Mediadan, jurnalist adından sui-istifadə halları ötən illərdə olduğu kimi, yenə də aktuallığını saxlamaqdadır. Azərbaycan Mətbuat Şurası fəaliyyətə başlayandan bu sayaq təmayüllərə qarşı mübarizə aparmaqdadır”. Veteran.gov.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Əflatun Amaşov jurnalist adından sui-istifadə hallarına qarşı mübarizədə görülən və görülməsi gərəkən işlərə də diqqət çəkib: “Qurum məsələyə cəmiyyətin diqqətini çəkmək üçün "reket jurnalistika" anlayışından istifadə edib. Təbii ki, anlayışa izah da verilib. Bu barədə geniş danışmaq istəməzdim. Çünki həm mübarizəmiz, həm onun nəticələri, həm də açıq deyim, müəyyən mənada gözlədiyimiz effekti verməməsi media cameəsindəki hər kəsə məlumdur. Yeri gəlmişkən, illər ərzində mübarizənin lazımi qədər effekt verməməsinin səbəblərindən geniş danışmışıq. Səbəblər əsasən obyektiv səciyyə daşıyıb. Yəni böyük ölçüdəki obyektivlikdən danışıram. Nəyə görə belə deyirəm? Çünki MŞ problemlərin hamısını diqqətdə saxlayıb, onların ictimai müzakirəsi aparıb. Hətta qanunvericilik baxımından vacib məqamları açıqlayıb, vəziyyətdən çıxış yollarını vurğulayıb. Şura onu da bildirib ki, media adından sui-istifadələrin qarşısının alınmasında hüquqi prosedura ehtiyac duyulmaqdadır. Paradoksal durum yaranır. Diqqət etmişəm ki, bir çox həmkarımız jurnalistikadan sui-istifadələrə qarşı mübarizənin vabliyini diqqətə çatdırsa da, sonralar həmin həmkarlarımızı mübarizəmizə qarşı çıxanların səngərində görrmüşük. Deyərdim ki, bəzən belələrinə qarşı mübarizənin söz və ifadə azadlığı kontekstində dəyərləndirilməsinə, müxtəlif siyasi spekulyasiyalara baş vurulduğuna da şahidliyimiz var. Hər bir halda məsələyə prinsipial yanaşılmasını, daha böyük həqiqətlərin üstün tutulmasını heç kəs inkar etməyib. Prinsipial yanaşma və daha böyük yanaşma isə budur. Birincisi, jurnalistika onun missiyasına yad təmayüllərdən qurtulmalıdır. İkincisi, jurnalistika informasiya işidir və bu iş həm də ölkənin təhlükəsizliyi ilə bağlıdır. Hər iki nəticə bir-birilə üzvü şəkildə bağlıdır. Birinci hala lazımi qiymət verilməməsi peşənin nüfuzunu zədələyir, ikinci məqama diqqət yetirilməməsi ölkənin təhlükəsizliyini təhdid edir. Bütün bunları nəzərə alaraq bildirməliyəm ki, qarşımızda dayanan vəzifə media adından sui-istifadələrə qarşı geniş cəbhə açmaqdır. Bu cəbhə təsadüf simaları sıradan çıxaracaqdır. Bir növ, ələnmə baş verəcəkdir. Obrazlı desəm, ələyin gözündən yaxşılar düşəcəkdir. Ən əsas məsələ o ələyi hərəkətə gətirməkdir. Bunun üçün isə qanuni mexanizmlər var. O qanuni mexanizmlər ki, mövcud sahəyə toplanmış müxtəlif təsadüfi şəxsləri sıradan çıxarsın. Yenə də deyim, indiki məqamda məsələ başlıca olaraq həm də ölkənin informasiya təhlükəsizliyi ilə bağlıdır. Biz jurnalist adından sui-istifadə edənlərin spekulyativ davranışlarının təmənna mahiyyətini bilirik və heç kəs təminat verə bilməz ki, bu mahiyyət nə zamansa ölkə miqyaslı məsələlərdə cəmiyyəti yanlış yönləndirmə kimi neqativ təmayüllərin də girovuna çevrilməyəcək. Odur ki, peşəyə sədaqət elə Vətənə sədaqətdir. Prinsipial yanaşma peşəyə sədaqətsizliyin eyni zamanda Vətənə sədaqətsizlik kimi qiymətləndirilməsi üçün şübhələr aktuallaşdırır. Bu yanaşmanı bizdən zaman tələb edir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında “Qələbə”saytının müzakirəsi keçirilmişdir

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, Rəyasət heyətinin üzvləri, ziyalılar, veteranlar “Qələbə”saytının təqdimat mərasimində iştirak etmişdir. Müzakirə mövzusu olan “Qələbə” saytı Azərbaycanda Böyük Vətən Müharibəsində itkin düşmüş və həlak olmuş şəxslərin axtarışı məqsədilə yaxın günlərdə istifadəyə veriləcəkdir. Qeyd edək ki, saytın baş redaktoru və təsisçisi Azərbaycan kinorejissoru, ssenari müəllifi, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun mudiri Cəmil Quliyevdir.          Təqdimat mərasimində Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmiş, ölkəmiz üçün yeni olan bu layihənin perspektivlərindən danışmışlar. Böyük Vətən Müharibəsinin azərbaycanlı iştirakçılarının axtarılması, onların adlarının əbədiləşdirilməsi Azərbaycan xalqının öz tarixinə və hər bir vətəndaşına sahib çıxmasının əyani sübütu olduğunu söyləmişlər.          Çıxış edən Cəmil Quliyev tariximizin böyük bir qismini özündə əks etdirəcək saytın tərtibatında orada yer alacaq bölmələr haqqında məlumat vermişdir. Eyni zamanda veteran və ziyalıların təklifləri  dinlənilmişdir.          Qeyd edək ki, ictimaiyyətin ixtiyarına veriləcək sayt gələcəkdə azərbaycanlıların iştirak etdiyi II Dünya müharibəsindən başqa digər müharibələrdə də itkin düşmüş və həlak olmuş şəxslər haqqında məlumatlar zənginləşdiriləcəkdir.          Sonda saytın tərtibatı və informasiya bazasının qurulması haqqında yekun fikrə gəlinmiş, saytın yaxın günlərdə istifadəyə verilməsi üçün Respublika Veteranlar Təşkilatının bu layihəyə yaxından köməklik göstərəcəyi və əməkdaşlıq edəcəyi bildirilmişdir.

Hamısını oxu