Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı...

Həyatda elə insanlar var ki, onlar öz şəxsiyyətləri, xarakterləri, hədsiz peşəkarlıqları, sonsuz vətən sevgiləri ilə sadəcə sağlıqlarında xalqın, cəmiyyətin sevimlisinə çevrilmirlər. Onlar əbədiyyətə qovuşandan sonra da qoyub getdikləri zəngin irs, böyük məktəb, işıqlı xatirələrlə insanlar tərəfindən sevgi və ehtiram hissi ilə xatırlanır, daim böyük nəhayətsiz məhəbbətlə yad edilirlər. Azərbaycan xalqının belə nəhəng şəxsiyyətlərindən biri də peşəkar kəşfiyyatçı, təcrübəli çekist, Ulu öndər Heydər Əliyevin silahdaşı Rzaqulu Hüseyn oğlu Quliyevdir. 

Erməni soyqırımının qurbanları...

Rzaqulu Quliyev 1915-ci ilin sentyabr ayında  Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olmuşdur. Lakin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı başlatdığı irimiqyaslı soyqırım siyasəti Qərbi Azərbaycandakı əksər azərbaycanlılar kimi Rzaqulu Quliyev da ailəsini doğma yurd yerini tərk etmək məcburiyyəti qarşısında qoyur. Rzaqulu Quliyevin atası, eləcə də digər yaxın qohumları azyaşlı uşaqların həyatını xials etmək üçün doğma dədə-baba torpaqlarını tərk etsələr də, onlar erməni faşizminin vəhşilikləri ilə barışmır, bu tarixi ədalətsizliyə silahlı şəkildə müqavimət göstərirdilər. Məhz bu döyüşlərdə Rzaqulu Quliyevin atası Hüseyn bəy, eləcə də əmisi 23 yaşlı Heydər düşmənə ağır zərbələr endirmiş, qeyri-bərabər mübarizədə qəhrəmanlıqla şəhid olmuşdular.

Ermənilər tərəfindən gerçəkləşən  soyqırımı zamanı Rzaqulu Quliyevin anası Zərif xanım da haqqın rəhmətinə qovuşmuş, uşaqlar valideyn himayəsindən məhrum olmuşdular. Məhz belə bir ağır zamanda Quliyevlər ailəsinin qohumları Əlirza Əliyev və İzzət xanım Rzaqulu Quliyev və onun bacılarını taparaq öz himayələrinə götürürlər. Bu, faktiki olaraq uşaqların gələcəyini xilas edir, onlar üçün yeni perspektivlər açır.

Gənc qəhrəman İkinci Dünya müharibəsi illərində...

Orta məktəbi bitirdikdən sonra 1929-cu ildə əmək fəaliyyətinə başlayan Rzaqulu Quliyev, eyni zamanda öz təhsilini də uğurla davam etdirir, ən məşhur ali məktəblərdə təhsil alır. 1940-cı ilə qədər müxtəlif sahələrdə çalışan və bütün bu vəzifələrdə özünü təsdiq edən Rzaqulu Quliyev, İkinci Dünya müharibəsinin SSRİ-yə sıçraması ilə hərbi komissarlıq sistemində fəaliyyətə başlayır. 1940-1944-cü illərdə həm hərbi komissarlıq, həm də prokurorluq orqanlarında çalışan gənc vətənpərvər, 1944-cü ildə dövlət təhlükəsizlik orqanında fəaliyyətə başlayır. Rzaqulu Quliyev ömrünün sonuna qədər bu qurumda çalışır və Azərbaycan dövlətinin təhlükəsizliyinə böyük töhfələr verir.

Rzaqulu Quliyev dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən sadəcə paytaxtda deyil, bölgələrdə də ciddi iş aparır. Şərur, Ordubad və Naxçıvanda peşəkar çekist kimi effektiv fəaliyyət göstərən Rzaqulu Quliyev daha sonra Bakıda – mərkəzi idarədə mühüm tapşırıqlar həyata keçiri, ciddi postlarda təmsil olunur. Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanındakı 35 illik fəaliyyəti dönəmində dəfələrlə yüksək orden və medallarla təltif olunmaqla yanaşı, həm də polkovnik rütbəsinə layiq görülür.

Ulu öndər Heydər Əliyevin sevimlisi...

Rzaqulu Quliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti Ulu öndər Heydər Əliyev tərəfindən də diqqətlə izlənilir, təqdirlə qarşılanırdı. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarında işləyən şəxslərdə əsasən iki mühüm keyfiyyətin olmasını vacib hesab edirdi. Bunlardan biri həqiqi peşəkarlıq, digəri isə əsl vətənprəvərlik idi. Ümummilli lider hesab edirdi ki, bu iki amil dövlət təhlükəsizliyi orqanlarında çalışanlarda vəhdət təşkil etməlidir. Çünki yalnız bu halda uğru və müvəffəqiyyəti təmin etmək,dövlətin və xalqın təhlükəsizliyini sözün həqiqi mənasında təmin etmək mümkündür. Rzaqulu Quliyev da məhz bu xüsusiyyətləri – peşəkarlığı və vətənpərvərliyi ilə diqqət çəkir, bununla ətrafdakı digər insanların da rəğbətini qazanırdı.

Rzaqulu Quliyevin çalışqanlığı, çətin və mürəkkəb situasiyalarda məntiqli qərarlar qəbul etməsi, öz təmkinini heç vaxt itirməməsi Ulu öndər Heydər Əliyevin yüksək qiymətləndirdiyi keyfiyyətlər idi. Buna görə də Heydər Əliyev Rzaqulu Quliyevə xüsusi ehtiramla yanaşır, onun fəaliyyətini, dövlət qarşısndakı xidmətlərini yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, Rzaqulu Quliyev 1982-ci ildə vəfat edən zaman Heydər Əliyevin təşəbbüsü ilə II Fəxri Xiyabanda dəf edilmiş, onunla bağlı rəsmi nekoloq yayımlanmışdır. Həmin nekroloqda deyilirdi:

“Kəşfiyyat orqanlarında məsul vəzifələrdə Rzaqulu Quliyev operativ işi düzgün təşkil etmək və şəxsi heyətlərin səylərini başlıca vəzifələrin yerinə yetirilməsinə səfərbər etmək bacarığı ilə fərqlənmişdir. Dövlət təhlükəsizliyi orqanlarında işlədiyi uzun illər ərzində o, yüksəkixtisaslı kəşfiyyatçı, bacarıqlı təşkilatçı kimi yetişmiş, zəngin təcrübə toplamış, təcrübəsini cavan əməkdaşlara səxavətlə öyrətmişdir”.

Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarında xidmət edərkən gənc kadrlara bu peşənin sirlərini həvəslə öyrədir, öz təcrübəsini onlarla sevə-sevə bölüşürdü. O, çox yaxşı bilirdi ki, dövlətin gələcək təhlükəsizliyi məhz gənclərdən, onların bilik və bacarığından, peşəkarlığından asılıdır. Buna görə də Rzaqulu Quliyev gənclərə xüsusi həssaslıqla yanaşır, onlar üçün sözün həqiqi mənasında ilham mənbəyi rolunu oynayırdı.

Xidmətdən sonra da xalqa xidmətini davam etdirən vətənpərvər

Rzaqulu Quliyev dövlət təhlükəsizliyi orqanlarından təqaüdə çıxandan sonra da xalqa xidmət etməkdə davam etmiş, ictimai-siyasi müstəvidə ciddi aktivlik sərgiləmişdir. Xalq arasında yüksək nüfuza və hörmətə malik olan Rzaqulu Quliyev şəhər və rayon Xalq Deputatları sovetlərinin deputatı seçilmiş, bu vəzifədə də xalqa ləyaqət və vicdanla xidmət etmişdir. O, “İnturist" Ümumittifaq Səhmdarlar Cəmiyyətinin Bakı Şöbəsinin rəhbəri, habelə, Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini vəzifələrində də fəaliyyət göstərmişdir.

 Rzaqulu Quliyev ictimai-siyasi fəaliyyətinə görə də çoxsaylı təltiflər almış,

"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenlərinə,  SSRİ-nin “Fəxri çekist”i adına  layiq görülmüş, Azərbaycan Respublikasının Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.

Peşəkar kəşfiyyatçı təqaüdə çıxdıqdan sonra da gənclərlə aktiv şəkildə işləməkdə davam etmiş, onları yüksək təhsil almağa, dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməyə, özlərini inkişaf etdirməyə həvəsləndirmişdir. Yüzlərlə gənc məhz Rzaqulu Quliyevin məsləhət və tövsiyəsi ilə ali məktəblərdə təhsil almış, müxtəlif dövlət qurumlarında faəliyyətə başlamışdır. Hansı ki, Rzaqulu Quliyevin işıqlı xatirəsi bu gün də onlar tərəfindən ehtiramla xatırlanmaqdadır.

 ...Qarşıdan mərhum çekistin anadan olmasının 110 illiyi gəlir. İnanıram ki, Rzaqulu Quliyevin 110 illik yubileyi əlaqədar dövlət qurumları tərəfindən yüksək səviyyədə qeyd ediləcək, onun xatirəsi bir kəs daha təntənəli şəkildə yada salınacaq.

 Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq biz də bütün ömrünü Azərbaycan dövlətinin və xalqının inkişafına, təhlükəsizliyinə həsr edən Rzaqulu Quliyevlə bağlı tədbirlər keçirəcək, gəncləri məhz bu cür şəxsiyyətlərdən öyrənməyə səsləyəcəyik. Gənclərimiz dünənlərinə görə kimlərə minnətdar olduqlarını bilməli və sabahın təhlükəsizliyini keçmişin təməlləri üzərində inşa etməyi bacarmalıdırlar. Çünki bu, keçmişə sahib çıxmaq mədəniyyəti və dərrakəsi ilə yanaşı, həm də inkişaf və təhlükəsizliyin ən etibarlı, ən optimal yoludur!

 Polkovnik Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

 

2025-08-27 11:39:33
4195 baxış

Digər xəbərlər

“Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

Cəlil Xəlilov: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik” “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik” Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq. -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq? - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında düzgün struktur və kadr siyasəti dayanır. Bundan başqa, Təşkilatımızın rayon şöbələrinin aktivliyinin artırılması, onların fəaliyyətinin stimullaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar yerlərdə gənclər, veteranlar arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün onların maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, qarşıdakı fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da dərinləşdirilməsi, Təşkilatın fəaliyyətinin bölgələrdə gücləndirilməsi əsas fəaliyət istiqmaətlərimizdən biri olacaq. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğindəki xüsusi roluna görə diqqət çəkib. Yəqin ki, bundan sonra da bu istiqamət Təşkilatın əsas fəaliyyət prioritetlərindən biri olaraq qalacaq? -Şübhəsiz! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğini gücləndirmək, onların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsini təmin etməkdir. Hansı ki, indiki həssas dönəmdə bu, ikiqat əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, məhz gənclərin vətənpərvərlik eşqi, vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün də gənclərimiz arasında vətənpərvərlik ideologiyasının güclənməsinə xüsusi diqqət yetirməli, bu istiqamətdə əməli addımlar atmalıyıq. Odur ki, əsas məqsədlərimizdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməkdir. Qeyd edim ki, Təşkilatımız bundan öncə də bu istiqamətdə çoxsaylı görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirmək, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin  etmək niyyətindəyik. İnanıram ki, biz bu işin öhdəsindən gələ biləcəyik. Müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətləri Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi diqqət mərkəzimizdə olacaq. -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hansı addımlar atmağı planlaşdırır? -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq. Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, çoxdan qəbul edilən bu qanunda zəruri dəyişikliklər edilməli, mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı orqanların diqqətinə çatdırmışıq. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq daha hansı yeniliklərə imza atmağı düşünürsünüz? -Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi üçün tədbirlərin görülməsi, o cümlədən zəruri xarici səfərlər üçün maliyyə imkanlarının yaradılması da əsas məqsədlərimizdən biridir. Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir. Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq. Seymur ƏLİYEV

Hamısını oxu
Pirallahı rayonunda “Gənclər bizim gələcəyimizdir “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri,şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 19 aprel 2022-ci il tarixində Bakı şəhəri Pirallahı rayonunda tədbirdə iştirak etmişlər.”Gənclər bizim gələcəyimizdir” adlı tədbir Pirallahı rayonunda yerləşən  168 saylı tam orta məktəbdə keçirilmişdir. Baş tutan tədbirdə  Pirallahı rayon İcra Hakimiyyətinin İctimai əlaqələr və Hümanitar şöbə müdiri Abdullayev Azər, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Məmmədov Süphay, rayon VT-nın sədri Şirinov Xəqani, məktəbin direktoru Mansırova Mehparə, 44 günlük Vətən müharibəsi iştirakçıları, şagird və müəllim kollektivi iştirak etmişdilər. Tədbiri Azər Abdullayev açdı. İlk öncə Azərbaycan Respublikasının dövlət  himni səsləndi, daha sonra torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldı. İlk önncə çıxış üçün söz e/o polkovnik Adil Haqverdiyevə veridi. O, Təşkilatın sədri Fatma Xanım Səttarovanın və sədrin  müavini, e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Haqvürdiyev keçdiyi döyüş yolundan, həyat gənc nəslə danışdı. O, bildirdi ki, vətənini, torpağını, xalqını sevmək dildə yox, hər kəsin əməlində olmalıdı: “Bu gün sizlərin  qarşısında bir məqsəd olmalıdir -  müəllimlərin verdikləri tapşırıqları yerinə yetirib,  əla oxumaq.Məktəb sizin gələcəyinizin təməlidir. Təməl nə qədər möhkəm olsa, gələcəyiniz daha parlaq olacaq. Mən çıxışımın sonunda xalqımızı Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşməyə dəvət edirəm. Bütün şəhidlərimizə Allahdan  rəhmət, qazilərimizə,veteranlarımıza cansağlığ diləyirəm. Daha sonra  44 günlük Vətən müharibəsi iştirakçısı Məmmədov Süphay    çıxış etdi. Tədbirin sonunda xatirə şəkli şəkildi.  

Hamısını oxu
“1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin yaradıcı heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin yaradıcı heyəti Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını ziyarət edib, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüşdə “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsinin rəhbəri Harun Yıldırım, şair-yazıçı Banu Sancak, AZTV-nin senarist-rejissoru Gülüstan Əkbər, “Balans Media”nın icraçı direktoru Esmira Məmmədova  iştirak edib. Görüşdə qonaqlara Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, veteranların Prezident İlham Əliyevin çağırışlarını hər zaman dəstəklədiyni, Müzəffər Ali Baş Komandanın tövsiyyələrini öz fəaliyyətlərində rəhbər tutduqlarını, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirdiklərini bildirib. Qəbula görə Təşkilat rəhbərinə təşəkkür edən Harun Yıldırım “1 şəhid, 1 hekayə, 1 şeir” layihəsi haqqında məlumat verib, layihədə həm Azərbaycan, həm də Türkiyədən olan yazarların aktiv iştirak etdiyini bildirib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan qürur hissi ilə bəhs olunub, 8 Noyabr zəfərinin hərbi önəmi ilə yanaşı, tarixi-siyasi, mənəvi-psixoloji əhəmiyyəti vurğulanıb. Görüşdə həmçinin Azərbaycan-Türkiyə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacbliyi ilə bağlı fikir mübadiləsi aparılıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezidentin köməkçisi KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci  ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu  

Hamısını oxu