Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”.

 Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub:

 “Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi. Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur.

 Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.

 Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:

 “Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi.

 Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz əksini tapıb.

 Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.

 Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib:

 “Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb.

Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”.

Seymur ƏLİYEV

 

2025-08-28 11:58:08
2749 baxış

Digər xəbərlər

“Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi vətəndaşlara psixoloji yardım göstərməkdə davam edir

Veteran.gov.az xəbər verir ki, “Beynəlxalq Əlillər Cəmiyyəti" İB  (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Bu vaxta qədər ehtiyacı olan onlarla vətəndaşa köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, həmin problemlərin müsbət həlli istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji seanslar keçirilib. İbrahim Əsədli  bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləyib. Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə çalışır ki, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub.  Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində əsəb və yuxusuzluqdan əziyyət çəkən vətəndaş Mənsur İbrahimovun vəziyyəti  xeyli yaxşılaşıb, gərginliyi aradan qalxıb. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin edib. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib 6 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sovet İttifaqı Qəhrəmanlarının ailə üzvləri və müharibə veteranları ilə görüş keçirilib. Görüşdə İkincü Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq İdarəsinin şöbə rəisi polkovnik Asəf Əhmədov, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva, müharibə veteranlarının ailə üzvləri, ölkə ziyalıları və s. iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir “Qələbəyə gedən yollar” adlı hərbi-vətənpərvərlik mahnısının səsləndirilməsi ilə açılıb. Tədbiri giriş nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını, faşizm üzərindəki qələbəyə tarixi töhfə verdiyini bildirib: “Bu əlamətdar gün, bəşəriyyəti faşizm təhlükəsindən xilas edən qəhrəmanların xatirəsini anmaq və sülhün dəyərini xatırlatmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsində faşizmə qarşı 700 minə yaxın azərbaycanlı döyüşüb, onlardan yarıdan çoxu qələbə uğrunda canından keçib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Səlahəddin Kazımov, Müseyib Allahverdiyev, Bahəddin Mirzəyev, Xəlil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, Məmiş Abdullayev, Səməd Abdullayev, Cəmil Əhmədov, Ağaşirin Cəfərov, Məmməd Məhərrəmov, Əmi Məmmədov, Məmməd Məmmədov, Yusif Sadıqov, İdris Süleymanov, Şirin Şükürov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Müseyib Bağırov və başqaları İkinci Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar. Arxa cəbhədəki həyat isə başqa bir qəhrəmanlıq səhifəsi idi.  Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibə  illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Zaman keçir, illər bir-birini əvəz edir, lakin qəhrəmanlıqlar unudulmur. Çünki o, xalqın ruhunda yaşayır. Bu ruh 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı, xalqımızın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə əslində, keçmişlə bu günün vəhdəti, nəsillər arasında mənəvi körpünün təntənəsidir”. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə İkinci Dünya müharibəsində Azərbaycan xalqının misilsiz qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu nümunə göstərən Ziyad Səmədzadə, onun Azərbaycan xalqının milli iftixar mənbəyi olduğunu vurğulayıb. Millət vəkili həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin müharibə qəhrəmanlarına, onların ailə üzvlərinə böyük diqqət və ehtiram göstərdiyini vurğulayıb, bu yanaşmanın hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib. Keçirilən tədbirin önəminə toxunan Ziyad Səmədzadə buna görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, bu qurumun dövlətimizin tarixini yaşadan təşkilatlardan biri olduğunu söyləyib.   Çıxışının sonunda Ziyad Səmədzadə yeni nəşr olunan kitablarını Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına hədiyyə edib. Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani həm İkinci Dünya müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının böyük qəhrəmnanlıqlar göstərdiyini bildirib. General Həzi Aslanovun göstərdiyi qəhrəmanlıqların bu gün də bütün dünyada heyrətlə xatırlandığını bildirən Abdulla Qurbani, bu cür önəmli tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, müəllifi olduğu kitabları Təşkilata hədiyyə edib. Tədbirdə çıxış edən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovniki Emin Aslanov da tədbirə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova təşəkkür edib, İkinci Dünya müharibəsi qəhrəmanları və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Tədbir “Gəl odla oynama” mahnısının ifası ilə başa çatıb. Seymur ƏLİYEV

Hamısını oxu
Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin veteranları ilə görüşdülər, onları Böyük Qələbə münasibətilə təbrik etdilər. Müharibə veteranları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qələbə Günü münasibətilə təbrik etdilər, onlara göstərdikləri yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Vurğuladılar ki, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və onun paytaxtı Bakı şəhəri gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır. Xanım Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması münasibətilə təbrik edən Böyük Vətən müharibəsi veteranları bildirdilər ki, dövlətimiz onlara yüksək qayğı göstərir. Onlar bu qayğıya cavab olaraq gənclərimizin vətənpərvərlik ruhunda böyümələri, Vətəninə və xalqına layiqli övlad kimi yetişmələri üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini dedilər. Dövlətimizin başçısı və birinci xanım müharibə veteranlarını bir daha təbrik etdilər, onlara uzun ömür və möhkəm cansağlığı arzuladılar. Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferepolun, Odessanın, Polşanın, Çexoslovakiyanın və Yuqoslaviyanın azadlığı uğrunda döyüşlərdə fəal iştirak ediblər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Ümummilli Lider onları “Xalqımızın qızıl fondu” adlandırırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir. Böyük Vətən müharibəsi veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 72 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşdülər, Qələbə Günü münasibətilə onları təbrik etdilər, xatirə şəkli çəkdirdilər. Dövlətimizin başçısı və birinci xanım iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi önünə əklil qoydular, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin qarşısından keçdi. Mərasimdə Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Hamısını oxu
Bu gün şəhid çavuş Ülvi Alışovun doğum günüdür

Veteran.gov.az xəbər verir ki, bu gün şəhid  Ülvi Alışovun doğum günüdür.   Ülvi   Alışov 2000-ci il yanvarın 11-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olub.   Azərbaycan Ordusunun çavuşu olan Ülvi Alışov 2020 ci il sentyabrın 27 –də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın  işğalı altında olan ərazilərin azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Alışov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Alışov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.  

Hamısını oxu