Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında faşizm üzərində qələbənin 81-ci ildönümü ilə bağlı tədbir keçirilib

6 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü ilə əlaqədar Sovet İttifaqı Qəhrəmanlarının ailə üzvləri və müharibə veteranları ilə görüş keçirilib.

Görüşdə İkincü Dünya müharibəsi veteranı Ağabala İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq İdarəsinin şöbə rəisi polkovnik Asəf Əhmədov, Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva, müharibə veteranlarının ailə üzvləri, ölkə ziyalıları və s. iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, İkinci Dünya müharibəsində və respublikamızın ərazi bütövlüyü uğrundakı döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir “Qələbəyə gedən yollar” adlı hərbi-vətənpərvərlik mahnısının səsləndirilməsi ilə açılıb.

Tədbiri giriş nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlara imza atdığını, faşizm üzərindəki qələbəyə tarixi töhfə verdiyini bildirib:

“Bu əlamətdar gün, bəşəriyyəti faşizm təhlükəsindən xilas edən qəhrəmanların xatirəsini anmaq və sülhün dəyərini xatırlatmaq baxımından müstəsna əhəmiyyət kəsb edir.

İkinci Dünya müharibəsində faşizmə qarşı 700 minə yaxın azərbaycanlı döyüşüb, onlardan yarıdan çoxu qələbə uğrunda canından keçib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları Səlahəddin Kazımov, Müseyib Allahverdiyev, Bahəddin Mirzəyev, Xəlil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Qəzənfər Əkbərov, Abbas Quliyev, Nəcəfqulu Rəfiyev, Məmiş Abdullayev, Səməd Abdullayev, Cəmil Əhmədov, Ağaşirin Cəfərov, Məmməd Məhərrəmov, Əmi Məmmədov, Məmməd Məmmədov, Yusif Sadıqov, İdris Süleymanov, Şirin Şükürov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Müseyib Bağırov və başqaları İkinci Dünya müharibəsi illərində unudulmaz qəhrəmanlıqlar göstərmişlər. Onlar Moskva və Stalinqrad, Krım və Qafqaz, Kiyev və Smolensk ətrafında gedən döyüşlərdə vuruşaraq respublikamızın şərəfini qorumuşlar.

Arxa cəbhədəki həyat isə başqa bir qəhrəmanlıq səhifəsi idi.  Böyük qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibə  illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib, 1941-ci ildə 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə yeddi tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib.

İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

Zaman keçir, illər bir-birini əvəz edir, lakin qəhrəmanlıqlar unudulmur. Çünki o, xalqın ruhunda yaşayır. Bu ruh 2020-ci ilin 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazdı, xalqımızın ərazi bütövlüyü bərpa olundu. Bu qələbə əslində, keçmişlə bu günün vəhdəti, nəsillər arasında mənəvi körpünün təntənəsidir”.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə İkinci Dünya müharibəsində Azərbaycan xalqının misilsiz qəhrəmanlıqlar göstərdiyini vurğulayıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovu nümunə göstərən Ziyad Səmədzadə, onun Azərbaycan xalqının milli iftixar mənbəyi olduğunu vurğulayıb.

Millət vəkili həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin müharibə qəhrəmanlarına, onların ailə üzvlərinə böyük diqqət və ehtiram göstərdiyini vurğulayıb, bu yanaşmanın hər bir azərbaycanlı üçün örnək olduğunu bildirib.

Keçirilən tədbirin önəminə toxunan Ziyad Səmədzadə buna görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, bu qurumun dövlətimizin tarixini yaşadan təşkilatlardan biri olduğunu söyləyib.  

Çıxışının sonunda Ziyad Səmədzadə yeni nəşr olunan kitablarını Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına hədiyyə edib.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani həm İkinci Dünya müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının böyük qəhrəmnanlıqlar göstərdiyini bildirib. General Həzi Aslanovun göstərdiyi qəhrəmanlıqların bu gün də bütün dünyada heyrətlə xatırlandığını bildirən Abdulla Qurbani, bu cür önəmli tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, müəllifi olduğu kitabları Təşkilata hədiyyə edib.

Tədbirdə çıxış edən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi polis polkovniki Emin Aslanov da tədbirə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova təşəkkür edib, İkinci Dünya müharibəsi qəhrəmanları və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Tədbir “Gəl odla oynama” mahnısının ifası ilə başa çatıb.

Seymur ƏLİYEV

2026-05-06 15:58:00
1557 baxış

Digər xəbərlər

Mehriban Əliyeva Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100 illiyi münasibətilə təbrik edib.   Təbrikdə deyilir:   “Əziz Fatma xanım! Sizi 100 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə ən xoş arzularımı çatdırıram! Sizin parlaq şəxsiyyətiniz və həyat yolunuz heyranlıq doğurur! Biz Sizi çox sevirik, Sizinlə fəxr edirik! Uca Tanrı Sizə bundan sonra da tükənməz enerji, gümrahlıq və nikbinlik dolu neçə-neçə illər bəxş etsin. Bu əlamətdar gündə Sizə və doğmalarınıza möhkəm cansağlığı, nurlu, xoş günlər və səadət arzulayıram! Dərin hörmətlə,Mehriban”

Hamısını oxu
Hərb yönümlü QHT-lərin birgə bəyanatı

Ölkəmizdə fəaliyyət göstərən hərb yönümlü QHT - ları - Respublika Veteranlar Təşkilatı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyi,  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi,  Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Ehtiyatda Olan Zabitlər Konfederasiyası  bir yerdə, birgə fəaliyyət göstərirlər.       Hərbi yönümlü QHT-ı öz fəaliyətlərini Ulu öndər Heydər Əliyevin  müstəqil Azərbaycan üçün müəyyənləşdirdiyi strategiya üzərinə qururlar. Ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini Respublikamızda fəaliyyət göstərən veteranlar və onların ətrafında birləşdikləri hərb yönümlü təşkilatlar dəstəkləyir və  dəstəkləyəcəkdirlər.       Bu danılmaz faktdır ki, ölkəmizdə veteran siyasəti veteranlara göstərilən diqqət və qayğı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır və  bu gündə o siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şəhid ailələri, veteranlar daim diqqət mərkəzində saxlanılır. Vətən uğrunda canından sağlamlığından keçmiş şəxslərin və onların yaxınlarının sosial-məişət şəraiti günü-gündən daha da yaxşılaşdırılır. Respublikamızda fəaliyyət göstərən hərbi yönümlü QHT-də  bu qayğını və diqqəti hər an hiss edir, öz fəaliyyətlərini  təkmilləşdirirlər.     Hərb yönümlü QHT-ı üzərlərinə düşən tapşırıqların, xüsusən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işə məsuliyyətlə yanaşır və öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir amala - gənc nəslin vətənpərvərlik ruhda tərbiyyəsinə, torpaqlarımızın azadlığına, qəhrəmanlarımızın tanıdılmasına xidmət edən fəaliyyətimiz hər zaman uğurla davam edəcək.      Lakin təəssüflər olsun ki, ölkənin bəzi KİV-də hərb yönümlü QHT-a, xüsusəndə, Respupublika Veteranlar Təşkilatına və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə qarşı böhtan, qarayxma  kompaniyası aparılır. Respublika Veteranlar Təşkilatının fəaliyyətini və nüfuzunu gözügötürməyən, daim öz şəxsi mənafelərini güdən “şəxslər” bu böhtanların arxasında dayanaraq “nəyəsə”  nail olmağa çalışırlar. Həqiqətlə heç cür uzlaşmayan, yalan bəyanatlar verərək nifaq yaratmağa çalışırlar.      Biz hərb yönümlü QHT-ı bütün bu cür lüzümsuz, böhtan xarakterli, yalan “yazılara” kəskin etiraz edir və bunların arxasında dayanan şəxslərin layiqli cəzalalandırılmasını tələb edirik. Bir daha qeyd edirik ki, hərb yönümlü QHT-ı olaraq birgə fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət edirik.       Bu cür yalan yazılar yazan şəxsləri həqiqətə çağırır, vətənin keşiyində dayanmış və bu gündə dayanan şəxslərin qarasınca danışmaqdan, onlara böhtan, iftira xarakterli danışıqlardan çəkinməyə səsləyirik.   Respublika Veterannar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnnik                         Cəlil Xəlilov Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general – mayor                 Məhəmmədhüseyn Sarıyev Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri            Emin Həsənli “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri             Mehdi Mehdiyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri            Məhəmməd Vəliyev Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri             Fizuli Rzaquliyev  

Hamısını oxu
Fatma Səttarova bir qrup veteranı ad günü münasibəti ilə təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlarını Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Təşkilatın aşağıdakı üzvlərini ad günü münasibəti ilə təbrik edib:   İsgəndərov Hüseyn Həsən oğlu, 15.03.26, BMV, Sumqayıt ş; Qasımov Abdulla Həsən oğlu, 03.03.1926, BVM, Astara r-nu, Pensər kəndi; Nehmətov Cəbrayıl Nəsrulla oğlu, 04.03.1923, BVM, Astara r-nu, Şiyəkəran kəndi; Nuriyev Nəbi  Balı oğlu, 12.03.1922, BVM, İmişli r-nu, Qaralar kəndi.   SƏDR:Fatma Səttarova 28 fevral 2022-ci il  

Hamısını oxu
Şəhidlərimizin SAYI AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Ordusunun verdiyi şəhidlər barədə məlumat yayıb. Publika.az-a daxil olan məlumata görə, Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirmiş, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın etmiş, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad etmişdir. Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olmuşdur. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir. 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti və digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaltmışdır. Amma müharibə itkisiz olmur. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Hamısını oxu