Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qusar rayonunda “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib

3 sentyabr 2025-ci il tarixində Qusar rayonunda “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib. Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda ilk öncə Ümummilli Lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi şanlı zəfərə diqqət çəkib, habelə, post-müharibə dönəmində sülhün əldə edilməsi üçün atılan addımların önəmini vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın erməni faşizminə qarşı mübarizədə əldə etdiyi tarixi zəfər bütün regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan bu tarixi zəfərlə işğal faktorunu aradan qaldırdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq təmin etdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti regional sülh üçün ciddi addımlar atmaqdadır. Cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Prezidentimizin tarixi uğuru, tarixi nailiyyətidir. Bu uğur bütün regiona imkan verir ki, gələcək rifahını sülh və təhlükəsizlik şəraitində təmin etsin.

Mən bütün veteranları, bütün gəncləri bundan sonra da dövlətimizin, onun Prezidentinin ətrafında sıx birləşməyə səsləyirəm. Böyük sevinc və məmnunluq hissi ilə qeyd edirəm ki, Qusar Rayon İcra Hakimiyyəti gənclərimiz arasında dövlətçilik təfəkkürünün güclənməsi, veteranların, ağsaqqalların, ziyalıların ictimai-siyasi proseslərdə, mənəvi-ideoloji işlərdə daha yaxından iştirakını dəstəkləyir, onlara böyük diqqət və qayğı ilə yanaşır. Bütün bu faktlar bizə imkan verir ki, dövlətimizin, xalqımızın gələcəyi üçün daha böyük səylə çalışaq, dövlətimizin siyasətinə töhfə verək”.

Konfransda çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov da Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə diqqət çəkib:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər təkcə dövlətimizin deyil, bütün regionun həyatında yeni bir dönəmin başlanğıcını qoydu. Azərbaycan xalqı bu tarixi qələbə ilə özünü  tarix və dünya qarşısında bir daha təsdiq etdi.

Bu gün bizim qarşımızda bir sıra məsələlər durur ki, bunlardan  da biri dövlət başçımızın qeyd etdiyi kimi, mənəvi dəyərləri qoruyub saxlamaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirmək, onların tariximizə, soykökümüzə bağlılığını gücləndirməkdir. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gənclərimizin dövlətimizin, Prezidentimiz ətrafında sıx birləşməsi, mənəvi dəyərlərimizin qorunması, bu dəyərlərin təbliği və inkişafı üçün veteranlarımız, ağsaqqallarımız cəmiyyətimizdə daha aktiv rol oynamalı, ictimai proseslərdə daha yaxındna iştirak etməlidirlər.

Ulu Öndər Heydər Əliyev veteranları xalqımızın qızıl fondu adlandırmışdı. Onun veteranlarla bağlı işlətdiyi bu ifadə veteranlarımıza verilən ən yüksək qiymətdir və bu qiymət bu gün də öz aktullığını, önəmini qoruyub saxlayır”.

İcra başçısı son bir ildə rayonda görülən mühüm quruculuq, təmir-bərpa işləri ilə bağlı da konfrans iştirakçılarına ətraflı məlumat verib, habelə, həyata keçiriləcək layihələrdən danışıb.

Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir Nurməmmədov Təşkilat və eləcə də Qusar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib və öz istəyi ilə sədr vəzifəsindən azad edilib. Qusar Rayon Ləzgi Dram teatrının direktoru Faiq Qardaşov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatına sədr seçilib.

Polkovnik Cəlil Xəlilov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyiblər.  

2025-09-04 00:26:22
2891 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov millət vəkili Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov millət vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevi “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Təbrikdə deyilir:: “Hörmətli Ülvi müəllim! Sizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Heç şübhə yoxdur ki, bu təltif sizin dövlətimizin ictimai-siyasi həyatında aktiv fəaliyyətinizə verilən yüksək qiymət, böyük dəyərdir. Əminik ki, bundan sonra da ölkəmizin ictimai-siyasi fəaliyyətində yaxından iştirak edəcək, milli maraq və mənafeylərimizin müdafiəsinə töhfə verməkdə davam edəcəksiniz. Qürur hissi ilə xatırladıram ki, siz Azərbaycan Karate Federasiyasının prezidenti kimi də ölkəmizdə idmanın inkişafına böyük fayda vermiş, Prezident İlham Əliyevin diqqət və qayğısı altında respublikamızın idman ölkəsi kimi tanınmasında mühüm rol oynamısınız və bu şərəfli missiyanız günümüzdə də davam edir. İnanırıq ki, yaxın gələcəkdə idman sahəsindəki yeni uğurlarınızla da bizləri sevindirəcək, xalqımızı qürurlandıracaqsınız. Bir daha sizi təbrik edir, çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
“Bu çörəyi mənə Heydər Əliyev verib, halal çörəkdir!”

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”                                                                                                                          HEYDƏR ƏLİYEV  Azərbaycan xalqının yarım əsrlik tarixinə baxdıqda müdrikliyi, xeyirxahlığı,xalqının keçmişinə, çağdaş və gələcəyinə dərin sevgi, sayğı və inamla yaşamış Ulu öndər Heydər Əliyev dühasının Azərbaycan dövlətçiliyinin gələcəyini parlaq günəş tək işıqlandırdığının şahidi oluruq. Müstəqil Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin varlığı öncə onu yetişdirən xalqın xoşbəxtliyi və xalqa əta edilən ilahi bəxşişdir. Təkcə Azərbaycan xalqının deyil, geniş coğrafi məkanda minilliklər boyu məskunlaşmış böyük türk dünyasının fəxri və qürur yeri olan bu böyük insanın həyat fəaliyyəti, müdrik fikirləri barədə hələ yazılacaq çox əsərlər, deyiləcək çox sözlər var. Hər bir Azərbaycan sevdalısının qəlbində Heydər Əliyevin özünəməxsus yeri, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun şəxsiyyəti bizim üçün əbədi olaraq mükəmməl örnəkdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz ölkədə baş verən bütün proseslərdə gənclərin roluna xüsusi diqqət yetirirdi. O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”– deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunun danılmaz hesab edirdi. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, gənclərin sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş və.savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.  Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada (Peterburqa) oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Sovet dövründə gələcəyə uzaqgörənliklə baxan Ulu öndər milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək məqsədilə respublikadan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bu şovinist siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər. SSRİ-nin Ali Hərbi Məktəblərindən birində təhsil alıb Azərbaycan Ordusunda zabit olaraq xidmət etmiş atam Ulu öndərin bu sahədə uzaqgörən siyasətindən bəhrələnən ilk qaranquşlardan idi. O, uzun illər orduda göstərdiyi qüsursuz xidmətinə görə orden və medallarla təltif olundu. Ulu öndərin məhz uzaqgörən siyasəti nəticəsində müxtəlif beynəlxalq qurumlarda Azərbaycan Silahlı Qüvvələrini uzun illər şərəflə təmsil etdi.Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan zabit kimi aldığı təqaüdü ailəsinə gətirdikdə fəxr hissilə: “Bu çörəyi mənə Heydər Əliyev verib. Halal çörəkdir!” – deyir. Mən də Ulu öndərin ailəmizə verdiyi çörəyi xüsusi qürur hissilə yeyir və azərbaycanlı olduğum üçün fəxr edirəm. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.Əminliklə demək olar ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyi nəticəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq. Biz gənclər də öz növbəsində, müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamla və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın əbədi ucalığı naminə yorulmadan çalışacağıq. Qərbi-Kaspi Universitetinin tələbəsi, Nigar Musazadə Sherg.az

Hamısını oxu
Başsağlığı

Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova   Hörmətli Vilayət müəllim!   Əziziniz Çingiz müəllimin vaxtsız vəfatı münasibəti ilə ürəkdən kədərlənir, mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir və Allahdan rəhmət diləyirik.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvləri Cəlil Xəlilov, Bəhram Zahidov  

Hamısını oxu
“DTX-nın sayıqlığı nəticəsində ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu”

 Nəsib Məhəməliyev: “Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir” “Ramiz Mehdiyev Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət edib” Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir neçə saat bundan öncə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun xəyanəti, habelə, qanunsuz vəsaitləri leqallaşdırması ilə bağlı çoxsaylı faktlar – foto-video görüntülər, səs yazıları yayımlayıb. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev Ramiz Mehdiyev və onun anti-Azərbaycan fəaliyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib, DTX-nın təqdim etdiyi faktlara münasibət bildirib: “DTX-nın yayımladığı, Ramiz Mehdiyevə məxsus səs yazısı, Azərbaycan ictimaiyyətində, o cümlədən məndə, sözün əsil mənasında şok effekti yaratdı. Səbail rayon məhkəməsi tərəfindən, Ramiz Mehdiyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərkən, “Azərbaycanda Dövlət idarəetmə sisteminin dəyişdirilməsi” ilə bağlı yazı dərc olunmuşdu. Həmin yazıda, dövlətimizin müstəqilliyinin məhdudlaşdırılması, konstitusion quruluşunun tamamilə dəyişdirilməsi, seçkili orqanlara təyinatların, yeni yaradılacaq ,,dövlət şurası,, tərəfindən həyata keçiriləcəyi ilə bağlı cəfəng məlumatlar əksini tapmışdı. Ən dəhşətlisi isə, proseslərin xarici xüsusi xidmət orqanlarının rəhbərliyi ilə həyata keçirilməsi göstərilirdi.         İndicə yayımlanan səs yazısında da, Ramiz Mehdiyevin xüsusi xidmət orqanının başçısının katibəsi və yaxud köməkçiləri vasitəsilə əlaqə yaratmağa çalışır. Konkret sənədin adını çəkməklə, məxsusi olaraq qeyd edir ki, təqdim edəcəyim sənəd, onun, (yəni həmin rəhbərin) maraq dairəsindədir. Bunun yalnız bir adı var. Vətənə xəyanət. Ümumiyyətlə, müstəqillik tariximizdə baş verən ictimai-siyasi prosesləri təhlil etdikdə, siyasətlə məşğul olan hər kəsə bəllidir ki, Ramiz Mehdiyev, Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət etmişdir. Faktlar da bir daha sübut edir ki, o ömrünün ahıl çağında da, nicatı bu ölkədə axtarır. Belə bir deyim var; “Allah, pis insanların ağlını əlindən alır”. Uzun illər ərzində hakimiyyətin üst qatında yer vermiş, bütün mümkün imtiyazları bəxş etmiş şəxsiyyətə, torpaqları işğaldan azad etməklə, 200 illik erməni separatçılığına birdəfəlik son qoyan, dünya erməniliyinə, onların lobbiçilərinə qalib gələn Prezident İlham Əliyevə qarşı xəyanət etmək, ən ağır cinayətdir. Psixologiyada belə bir şey var:”Normal insan təşəkkür etməyi bacarmalıdır”. Ramiz Mehdiyev öz xislətini göstərdi. Yaxşı ki, peşəkar, dövlətin və millətin keşiyində duran xüsusi xidmət orqanlarımız, preventiv tədbirlərlə, Ramiz Mehdiyev kimilərinin iç üzünü açır. DTX-nın təqdim etdiyi faktlar, bir daha göstərdi ki, xüsusi xidmət orqanlarımızın ayıq-sayıqlığı nəticəsində, ölkəmiz növbəti dəfə böyük təhlükələrdən, faciələrdən xilas oldu. Bu, əməliyyatlar, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir”. Seymur ƏLİYEV

Hamısını oxu