Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, təqaüddə olan general-mayor Rasim Əliyev vəfat edib.

Xatırladaq ki, Rasim Əliyev Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini olub. İkinci Qarabağ Müharibəsindən sonra yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Rasim Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 

2025-10-11 15:59:26
6064 baxış

Digər xəbərlər

Faşizm üzərində qələbədə Azərbaycan xalqı müstəsna rol oynayıb

İyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumundan 79 il ötür. Yetmiş doqquz il bundan əvvəl qəfildən SSRİ-yə hücum edən faşistlər Şərqdə beş il davam edəcək müharibənin əsasını qoyub ki, bu müharibə faşist Almaniyasının özünün məğlubiyyəti ilə nəticələnib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbədə Azərbaycanın və xalqımızın rolundan danışarkən deyib. Polkovnik Cəlil Xəlilov bildirib ki, 1941-ci il iyunun 22-də faşistlərin Pribaltikaya hücumu ilə SSRİ İkinci Dünya müharibəsinə cəlb olunub. SSRİ belə bir hücuma hazırlıqsız olduğu üçün müharibənin ilk illəri onun üçün xüsusilə ağır keçib. 1941-1942-ci illərdə faşist ordularının hücumları ilə geri çəkilməyə məcbur olan SSRİ həm insan, həm də ərazi baxımından böyük itkilər verib. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin əvvəllərində Sovet ordusu müharibənin taleyində dönüş yarada, faşist hücumlarını dəf edərək uğurlu əks-həmlələr təşkil etməyə başlayıb. Nəticədə müharibə 1945-ci il mayın 9-da faşistlərin tam məğlubiyyəti ilə nəticələnib. Cəlil Xəlilov deyib ki, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılardan ibarət beş milli diviziya təşkil olunub ki, bu diviziyalar ağır və şərəfli döyüş yolu keçib, onların bəzisi Berlinədək gəlib çıxdı. 700 minədək azərbaycanlı əldə silah cəbhələrdə faşizmə qarşı böyük əzmkarlıqla mübarizə aparıb, 123 soydaşımız göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. “Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlara imza atıb. Bakı nefti sovet hərb maşınının hərəkətini təmin edib. Tankların, təyyarələrin, digər artilleriya növlərinin yanacağa olan tələbatını yüksək keyfiyyətlə ödəyib. İnsanlarımız faşizmə qarşı mübarizəyə dəstək məqsədi ilə zinət əşyalarını belə orduya yardım fondlarına bağışlayıb. Nəticədə mütərəqqi bəşəriyyətin birgə səyləri nəticəsində faşizm məğlub olub. Əminəm ki, hazırda erməni faşizminin işğal siyasəti ilə üzləşən xalqımız bu problemin də öhdəsindən layiqincə gələcək, düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Tarixi keçmişimiz, milli maraqlarımız, beynəlxalq hüquq və ədalət bizdən məhz bunu tələb edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
“Aprel döyüşləri düşmənə tarixi gözdağı, əbədi ibrət dərsidir”

Cəlil Xəlilov: “Əgər Ermənistan bu döyüşlərdən lazımi nəticə çıxartsaydı, indiki acınacaqlı duruma düşməzdi”   2016-cı ilin aprel döyüşlərinin beşinci ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov aprel döyüşlərinin mühüm tarixi və hərbi əhəmiyyətə malik olduğunu qeyd edib:   “2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir.  Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı, Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun aprel döyüşləri zamanı ordaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.   Bu baxımdan aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə, Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən Müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi.   Artıq aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə  bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.   Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuz qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”.   Seymur ƏLİYEV  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Mehdiyev Mehdi Səməd oğlu vəfat edib. Mehdi Mehdiyev İkinci Dünya müharibəsinin ilk illərindən faşizmə qarşı mübarizədə aktiv iştirak etmiş, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Mehdi Mehdiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Lavrovun Qarabağ açıqlaması Azərbaycanın diplomatik uğurudur

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı maraqlı açıqlama ilə çıxış edib. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.   Moderator.az-a açıqlamasında Lavrovun məlum bəyanatına münasibət bildirən Respublkia Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Qarabağ probleminin mərhələli şəkildə, ərazi bütövlüyümüz çərçivəsində həlli planının Azərbaycanın da maraqlaırna cavab verdiyini söylədi:   “Rusiyanın xarici işlər nazirinin Qarabağ probleminin mərhələli şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən həlli ilə bağlı verdiyi açıqlama ölkəmizin maraqlarına cavab verir və bizim üçün məqbuldur. Lavrov çıxışında problemin həllinin birinci mərhələsi kimi Qarabağ ətrafındakı rayonların qaytarılması məsələsini ortaya qoyur ki, bu özü də problemin həlli istiqamətində atılan önəmli bir addımdır. İkinci mərhələdə isə Qarabağın özünün işğaldan azad edilməsi, Azərbyacanın nəzarətinə qaytarılması təmin olunur ki, bu da BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində öz əksini tapıb. Əslində Lavrovun bu açıqlaması çoxdan qəbul edilsə də, bu günə qədər də icra edilməyən BMT-nin məlum qətnamələrinə diqqətin yönəldilməsi, problemin məhz bu qətnamələrin tələbləri çərçivəsində həlli məsələsinin gündəmə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.   Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Azərbaycan ictimaiyyətinin Qarabağ problemini məhz bu şəkildə - BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həlli ilə bağlı ciddi gözləntilərə malik olduğunu bildirib. Yəni həm Lavrov, həm də cənab Məmmədyarov Qarabağ probleminin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında icrasını zəruri hesab edib, bu məsələdə eyni mövqe sərgiləyiblər. Rusiyanın Qarabağ probleminin həllində böyük imkanlara malik olduğunu nəzərə alsaq, Moskva ilə Bakının mövqeyinin üst-üstə düşməsi Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, rəsmi Bakının apardığı siyasətin nəticəsidir ki, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları, iri dövlətləri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli zərurətini qəbul edir, ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin iştirak etdiyi Münhen debatı da ölkəmizin diplomatik müstəvidə Ermənistan üzərində böyük uğurlar əldə etdiyini bir kəs daha nümayiş etdirdi.   Bu gün koronavirusa qarşı öz imkanları hesabına mübarizə apara bilməyən, bu məsələdə digər dövlətlərin köməyinə ümid bəsləyən, iqtsiadi-sosial böhrandan əziyyət çəkən, regional layihələrdən kənarda qalan, dövlət kimi məhvə məhkum olan Ermənistan anlamalıdır ki, onun yeganə xilas yolu işğal etdiyi torpaqları azad etmək, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməkdir. Rəsmi İrəvan bunu da anlamalıdır ki, Azərbaycan heç vaxt heç bir şəkildə öz torpaqlarının bir qarışını belə kimsəyə güzəştə getməyəcək, öz tarixi, əzəli torpaqları üzərində faktiki nəzarəti bərpa etmək, ərazi bütövlüyünü təmin etmək üçün atılması gərəkən hər bir addımı atacaqdır.   Hesab edirəm ki, indiki məqamda Qarabağ probleminin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həlli üçün digər böyük dövlətlər, xüsusilə də Minsk qrupunun həmsədri olan ABŞ və Fransa, eləcə də başda BMT olmaqla, digər beynəlxalq təşkilatlar aktivlik sərgiləməli, bu yöndə əməli addımlar atmalıdır. Yalnız belə olarsa, Qarabağ probleminin həlli istiqmaətində uğura nail olmaq olar”.   Seymur ƏLİYEV

Hamısını oxu