Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qara Qızılın İşığında – Akif Əmənovun Şərəfli Həyat Yolu

Azərbaycanın neft tarixində neçə-neçə adlar var ki, onların alın təri, zəhməti, cəsarəti bu torpağın dərinliklərindən gələn qara qızılı xalqın rifahına çevirib. Bu adlar sırasında bir neftçinin ömrü zəhmətin mənəvi ucalığını özündə cəmləyib. Həmin ad Akif Əmənov adıdır. O, həyatını neftə, əməyə, xalqa və Vətənə həsr etmiş nəsil təmsilçilərindəndir.

12 aprel 1942-ci ildə Cəlilabad torpağında dünyaya göz açan Akif Əmənovun uşaqlıq illəri müharibə dövrünün çətinlikləri ilə yoğrulmuşdu. Amma o illərin çətinliyi onun ruhunu sındırmamış, əksinə möhkəmləndirmişdi. Əməksevərlik, sədaqət, təmkin - bu keyfiyyətlər onda hələ o illərdə formalaşmağa başlamışdı. Gənc Akif təhsilini başa vurduqdan sonra taleyini neftlə bağladı. Bu sahə o dövrdə həm ölkənin, həm də xalqın taleyini müəyyənləşdirən mühüm sahələrdən biri idi.

1962-ci ildən etibarən “Şirvanburneft” Trestinin 3 saylı Qazma İdarəsində usta köməkçisi kimi fəaliyyətə başlayan gənc neftçi qısa zamanda özünü peşəkar kimi təsdiqlədi. Neft quyularının dərinliklərində, isti səhralarda, küləkli düzənliklərdə qazma aparmaq təkcə texniki bilik deyil, həm də iradə, məsuliyyət, fiziki güc və mənəvi dözüm tələb edirdi. Akif Əmənov isə bütün bunlara malik idi.

Onun rəhbərlik etdiyi komsomol-gənclər komandası 1966-cı ildə neftçilərin ümumittifaq yarışında illik planı cəmi yeddi ayda yerinə yetirərək ikinci yerə layiq görüldü. Bu, o dövrdə həm texniki, həm də mənəvi baxımdan böyük nailiyyət idi. Gənc ustanın uğurları artıq təkcə bölgə səviyyəsində deyil, ümumittifaq miqyasında tanınmağa başlamışdı.

Əmənovun qazma işlərində tətbiq etdiyi yeniliklər də diqqətəlayiq idi. Onun rəhbərlik etdiyi briqada qazmada üç qanadlı, üç pilləli LIR qazma bitini ilk sınaqdan keçirənlərdən oldu. Bu, o dövr üçün texniki irəliləyiş idi ki, bununla da həm məhsuldarlıq artmış, həm də iş təhlükəsizliyi təmin edilmişdi. Onun rəhbərliyi altında 1962–1972-ci illərdə 60 kilometrdən artıq qazma işləri aparıldı, 16 neft quyusu uğurla qazıldı. Bu zəhmətin, yeniliyə meylin, əməyə hörmətin nəticəsi idi. Akif Əmənov zəhmətinin qarşılığı olaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu ad o dövrün ən yüksək fəxri adı idi və yalnız xalqın etimadını, dövlətin dərin təşəkkürünü qazanmış insanlara verilirdi.

Neft buruqlarından yüksələn bu zəhmət adamı tədricən ölkənin ictimai-siyasi həyatında da fəal rol almağa başladı. O, 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. Azərbaycan KP Əli Bayramlı Şəhər Komitəsinin büro üzvü seçilməsi, partiya qurultaylarında nümayəndə kimi iştirakı onun ictimai etimad qazandığının göstəricisi idi. Akif Əmənov təkcə partiya və dövlət tədbirlərində iştirak etmirdi, həm də sadə neftçilərin hüquqlarını, mənafelərini müdafiə edən səs idi. O, 8, 9, 10 və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, daha sonra isə SSRİ xalq deputatı seçildi. 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü kimi ölkənin siyasi və sosial həyatında fəal iştirak etdi.

Akif Əmənovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı ordeni, eləcə də Ümumittifaq Lenin komsomolu mükafatı ilə təltif olundu. Hətta onun əməyinə beynəlxalq səviyyədə də dəyər verildi – Hindistanın fəxri vətəndaşı adına layiq görüldü. Bu fakt bir daha sübut edirdi ki, zəhmətin dəyəri millət və sərhəd tanımır.

1993–1996-cı illərdə Akif Əmənov “Azneft” İstehsalat Birliyinin Abşeron Qazma İdarəsinə rəhbərlik etdi. Onun təcrübəsi, idarəçilik bacarığı, işə yanaşması yeni nəslin yetişməsinə, qazma mədəniyyətinin təkmilləşməsinə böyük təsir göstərdi. 2002-ci ildən etibarən prezident təqaüdçüsü kimi ölkə rəhbərliyi tərəfindən diqqət və hörmətlə yad edildi. 25 iyun 2021-ci ildə Şirvan şəhərində dünyasını dəyişən Akif Əmənovun ömrü təkcə neftin qoxusu və alovun istisi ilə deyil, həm də zəhmətin, fədakarlığın və vətənə sonsuz məhəbbətin işığı ilə yoğrulmuş bir salnamə idi. O, ömrünün hər səhifəsini əməyin şərəfinə, insanın mənəvi ucalığına həsr etmişdi. Akif Əmənovun həyat yolu Azərbaycan neft sənayesinin ağır və şərəfli illərində parlayan bir işıq kimi həm dövrünün insanlarına, həm də gələcək nəsillərə örnək oldu. O, sadəcə bir neftçi deyildi, o, həm də əməyin qəhrəmanı, xalqın etimadını qazanmış böyük şəxsiyyət, əsl vətəndaş idi. Onun adını yüksəklərə daşıyan təkcə qazdığı quyular, əldə etdiyi göstəricilər deyil, həm də insanlara olan münasibəti, işə olan məsuliyyəti, doğma Vətənə olan sədaqəti idi. O, öz peşəsində səmimiyyətin və fədakarlığın simvoluna çevrildi, çünki Akif Əmənov üçün neft təkcə sərvət deyil, həm də xalqın gücünün, birliyinin və əməyinin təntənəsi idi. Bu gün onun haqqında danışarkən bir insanın ucalığını xatırlayırıq. Akif Əmənovun ömrü zəhmətin ucalığa, əməyin əbədiyyətə çevrildiyi bir ömür idi. O, Azərbaycan neftinin qürur simalarından biri, zəhmət və sədaqət rəmzi kimi yaddaşlarda əbədi qalacaqdır. Bu gün Azərbaycanın neftçiləri, qazma ustaları, gənc mühəndisləri onun kimi insanları xatırlayır və örnək götürürlər. Çünki Akif Əmənovun həyatı bir həqiqəti sübut etdi: əməyə sədaqət, xalqa xidmət və dürüstlük insanı unudulmaz edir. Akif Əmənovun adı Azərbaycan neft tarixində, xalqın yaddaşında və əməyin salnaməsində qızıl hərflərlə yazılıb.

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-10-14 11:20:29
5753 baxış

Digər xəbərlər

Cəsur Vətən oğlu, Böyük Vətən Müharibəsi iştirakçısı Şamil Həsənovun döyüş yolu gənclərimizə örnəkdir.

Böyük Vətən müharibəsinin iştirakçısı kapitan Həsənov Şamil Məmməd oğlu 77 alayın tərkibində Şimali Qafqazdan Berlinə kimi döyüş yolu keçmişdir. Müharibənin ilk günlərindən cəbhəyə gedən Şamil Həsənov Krasnodarın, Odessanın, Xarkovun, Minskinin, Kiyevin, Vilnusun, Kalininqradın, Klaypedanın, Qamburqun, Berlinin alman faşistlərindən azad olunmasında özünü, çətin anlarda düzgün qərar qəbul edən cəsur və qorxmaz komandir kimi göstərmişdir. Şamil Həsənovun cəbhədə göstərdiyi döyüş xidmətləti komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Cəsur zabit “Qızıl Ulduz” ordeni, “1 dərəcəli Vətən müharibəsi orden”, “Döyüş xidmətlərinə görə”,  “1941-1945-ci illərdə Almaniya üzərində Qələbə” medalları ilə təltif olunmuşdur. Müharibədən sonra quruculuq işlərində fəal iştirak etmişdir. 1972-ci ildə dünyasını dəyişmişdir.

Hamısını oxu
İstənilən təxribat cavabsız qalmayacaq

Ermənistanın növbəti genişmiqyaslı təxribatı üçtərəfli Bəyanatın tələblərinə, bu ölkənin siyasi-hüquqi öhdəliklərinə, sülh prosesinə və beynəlxalq hüquq normalarına tamamilə ziddir. İşğalçı və məğlub ölkə bir daha dünya ictimaiyyətinin gözü qarşısında hərbi avantüra nümayiş etdirir və revanşist cəhdlərə əl atır. Məqsəd sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaqdır. Amma İrəvan məqsədinə nail ola bilməyəcək. Çünki Azərbaycan Ordusu təxribatların qarışısını alaraq və layiqincə cavab verərək bir daha sübuta yetirdi ki, “dəmir yumruq” yerindədir. Digər tərəfdən, Ermənistan yeni reallıqlara təsir etmək imkanında, sülh prosesini pozmaq iqtidarında deyil. Azərbaycanın gücü, nüfuzu və mövqeyi həlledicidir və ölkəmiz bütün hədəflərinə nail olacaq! Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri    

Hamısını oxu
“Beynəlxalq təşkilatlar, qlobal güclər erməni təxribatlarına soy qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir”

Cəlil Xəlilov: “Bu təxribatlar regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir”   “Beynəlxalq təşkilatlar və qlobal güclər  erməni təxribatlarına soy qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir”   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, erməni təxribatları ümumilikdə bütün regionda sülh və təhlükəsizliyi təhdid edir:   “Son vaxtlar Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində həyata keçirməyə çalışdığı çoxsaylı təxribatlar, Azərbaycan ordusunun mövqelərini intensiv surətdə atəşə tutması, müəyyən əraziləri ələ keçirmək məqsədi ilə hücum əməliyyatlarının təşkilinə səy göstərməsi müşahidə edilir. Hansı ki, erməni terrorçularının bu kimi addımları bütün regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. Çünki bu kimi addımlar bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir ki, bu da regiondakı bütün dövlətlərin maraq və mənafeyinə ziddir. Bu baxımdan həm region dövlətləri, həm qlobal güclər, həm də beynəlxalq təşkilatlar erməni təxribatlarına qəti etirazını bidirməli, bu təxribatlara son qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir.   Bu məsələdə Rusiya sülhməramlılarından da gözləntimiz böyükdür. Çünki bölgədə sülhün, sabitliyin təmininə nəzarət 2020-ci ilin 10 noyabr bəyanatına əsasən məhz bu qüvvələrə həvalə edilib. Lakin təəssüflər olsun ki, son vaxtlar erməni terrorçuları Azərbaycan mövqelərini bir çox hallarda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən atəşə tuturlar. Ümid edirik ki, Rusiya tərəfi bu məsələdə üzərinə düşən məsuliyyəti dərk edərək, o cümlədən 10 noyabr bəyanatının müəlliflərindən biri olan prezidentlərinin imzasına hörmət əlaməti olaraq  erməni təxribatlarına qarşı mübarizədə aktivlik sərgiləyəcək.   Heç kim unutmasın ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir və istər Vətən Müharibəsi, istərsə də post-müharibə dönəmində baş verən olaylar bu gerçəyi bir daha sübut edir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da ordumuz tərəfindən qətiyyətlə alınacaq, bu təxribatı həyata keçirənlər ciddi şəkildə cəzalandırılacaqlar.   Sonda 16 noyabr tarixində erməni təxribatının qarşısının alınması zamanı həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm”.    

Hamısını oxu
“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”

“Prezident İlham Əliyevin Şuşadan verdiyi bəyanatlar xalqa, vətənə, milli dəyərlərə sevgi nümunəsidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət basşçısının Heydər Əliyevin 100 illiyi ilə bağlı tarixi bəyanatlarını Şuşadan səsləndirməsinin böyük mənəvi əhəmiyyəti mövcuddur: “Bildiyiniz kimi, dövlət başçısı Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı bəyanatlarını Şuşadan – Azərbaycanın mədəniyyət paytaxtından verdi. Ulu öndərin 100 illiyi ilə bağlı bu möhtəşəm çıxışın Şuşadan edilməsi hər şeydən öncə Heydər Əliyevin ruhuna, onun böyüklüyünə, şəxsiyyətinə olan sonsuz hörmət və ehtiramın nümunəsi idi. Çünki Ulu öndərin ən böyük arzusu bütün torpaqlarımızın, eyni zamanda Qarabağın tacı sayılan Şuşanın işğaldan azad edilməsi idi. Təsadüfi deyil ki, dövlət başçısı çıxışında bildirdi ki, məhz Şuşanın azad olunması ilə Heydər Əliyevin əsas arzusu yerinə yetirildi. Prezident çıxışında bu fakta diqqət çəkərək demişdir: “...Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”. Bu sözlər Prezident İlham Əliyevin Azərbaycan xalqının, onun əbədi lideri Heydər Əliyevin arzusuna, vətənin sərhədlərini, ərazi bütövlüyünü təmin etmək zərurətinə necə böyük önəm verdiyini göstərir. Polkovnik bildirib ki, dövlət başçısının Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər də qürurvericidir: “Dövlət başçısı Şuşadakı tarixi çıxışında Azərbaycan gəncliyinə, onun qəhrəmanlığına da xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlıdır. Ölkə başçısı gənclərimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan iftixarla bəhs etdi. Gənclərin yüksək mənəvi-fiziki göstəricilərə malik olması, Şuşa kimi alınmaz qalanın yüngül atıcı silahlarla alınması gerçəyi də dövlət başçımızın çıxışında yer tutan mühüm məqamlardan idi. Prezident Ulu öndərin ordu quruculuğu sahəsində gördüyü mühüm işlərə də diqqət çəkdi. Vurğuladı ki, Azərbaycanda nizami ordunun yaranması məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin ağır iqtisadi-maliyyə şəraitində belə ordu quruculuğu istiqamətində mühüm addımlar atması, ordunun hərbi kadrlarla, gərəkli maddi-texniki baza ilə təmin etməsi yaxın keçmişimizin məlum həqiqətlərindəndir. Bizim üçün sevindiricidir ki, vaxtiylə Heydər Əliyevin yaratdığı nizami ordu bu gün nəinki regionun ən güclü ordusudur, həm də dünyanın ən qüdrətli ordularından biridir. Ikinci Qarabağ müharibəsində ordumuzun düşmən üzərində əldə etdiyi tarixi zəfər bu həqiqəti bir daha sübut etdi. Bu zəfər həm də onu göstərdi ki, heç kim Azərbaycan xalqının, onun Prezidentinin, qüdrətli ordumuzun iradəsi qarşısında davam gətirə bilmədi və bundan sonra da davam gətirə bilməyəcək”.  

Hamısını oxu