Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Beynəlxalq təşkilatlar, qlobal güclər erməni təxribatlarına soy qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir”

Cəlil Xəlilov: “Bu təxribatlar regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir”

 

“Beynəlxalq təşkilatlar və qlobal güclər  erməni təxribatlarına soy qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir”

 

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, erməni təxribatları ümumilikdə bütün regionda sülh və təhlükəsizliyi təhdid edir:

 

“Son vaxtlar Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində həyata keçirməyə çalışdığı çoxsaylı təxribatlar, Azərbaycan ordusunun mövqelərini intensiv surətdə atəşə tutması, müəyyən əraziləri ələ keçirmək məqsədi ilə hücum əməliyyatlarının təşkilinə səy göstərməsi müşahidə edilir. Hansı ki, erməni terrorçularının bu kimi addımları bütün regionda sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. Çünki bu kimi addımlar bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edir ki, bu da regiondakı bütün dövlətlərin maraq və mənafeyinə ziddir. Bu baxımdan həm region dövlətləri, həm qlobal güclər, həm də beynəlxalq təşkilatlar erməni təxribatlarına qəti etirazını bidirməli, bu təxribatlara son qoymaq üçün rəsmi İrəvana təzyiq göstərməlidir.

 

Bu məsələdə Rusiya sülhməramlılarından da gözləntimiz böyükdür. Çünki bölgədə sülhün, sabitliyin təmininə nəzarət 2020-ci ilin 10 noyabr bəyanatına əsasən məhz bu qüvvələrə həvalə edilib. Lakin təəssüflər olsun ki, son vaxtlar erməni terrorçuları Azərbaycan mövqelərini bir çox hallarda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən atəşə tuturlar. Ümid edirik ki, Rusiya tərəfi bu məsələdə üzərinə düşən məsuliyyəti dərk edərək, o cümlədən 10 noyabr bəyanatının müəlliflərindən biri olan prezidentlərinin imzasına hörmət əlaməti olaraq  erməni təxribatlarına qarşı mübarizədə aktivlik sərgiləyəcək.

 

Heç kim unutmasın ki, Azərbaycan Ordusu istənilən təhdid və təxribatın qarşısını almağa qadirdir və istər Vətən Müharibəsi, istərsə də post-müharibə dönəmində baş verən olaylar bu gerçəyi bir daha sübut edir. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da ordumuz tərəfindən qətiyyətlə alınacaq, bu təxribatı həyata keçirənlər ciddi şəkildə cəzalandırılacaqlar.

 

Sonda 16 noyabr tarixində erməni təxribatının qarşısının alınması zamanı həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaralı hərbçilərimizə şəfa diləyirəm”.

 

 

2021-11-17 15:01:00
1080 baxış

Digər xəbərlər

Erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman HƏRBİ EKSPERT AÇIQLADI

"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır". Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var". Arzu Elsevərqızı

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Afət Abbasova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, 7 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Afət Abbasova ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub, gənclər və yeniyetmələr arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Görüş zamanı polkovnik Cəlil Xəlilov müəllifi olduğu bir neçə kitabı Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına hədiyyə edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Ali Baş Komandan!   Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda veteranlara hərtərəfli qayğı və diqqət siyasəti bu gün Sizin tərəfinizdən uğurla və inamla davam etdirilir. Göstərilən yüksək münasibət Vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hazırda gənc nəslin vətənpərvərlik tərbiyəsində bilik və bacarığını əsirgəməyən, yaşının ahıllıq çağına çatmış biz veteranları qəlbən sevindirir, həyat eşqimizi daha da artırır. Sizin bu günlərdə imzaladığınız sərəncam veteranlara qayğının növbəti təsdiqi oldu. Həmin sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövürdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi faşizm üzərində qələbənin 73-cü ildönümü ərəfəsində veteranlarda əsl bayram ovqatı yaratmışdır. Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə  yeni uğurlar  arzulayırıq. Veteranlar  həmişə Sizinlədir.   Dərin  hörmətlə, Respublika  Veteranlar  Təşkilatı   Rəyasət  Heyəti  adından   Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik                                                          Tofiq Ağahüseynov

Hamısını oxu
Kazan kitabxanalarına Azərbaycanla bağlı kitab təqdim edilib

Rusiya Federasiyası üzrə Azərbaycan diasporunun nəşr etdirdiyi Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunmuş “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı kitabın Tatarıstanda təbliğat və tanıtımı davam edir. Belə ki, Tatarıstanın Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədovun təşkilatçılığı ilə “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı Kazan kitabxanalarına təqdim edilib. Xatırladaq ki, “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabı ötən il Kursk şəhərində çapdan çıxıb. Kitabın nəşrində məqsəd Rusiyada diaspor sahəsində çalışan soydaşlarımız üçün mühüm vəsait hazırlamaqdır. Nəşrdə Azərbaycan milli diviziyasınin ön və arxa cəbhədəki qəhrəmanlıqlarından və müharibəyə vermiş olduğu əvəzsiz töhfəsindən bəhs edilir. Kitabın təşəbbüskarı və müəlliflərindən biri də Rusiyanın Kursk şəhərində yerləşən Cənub-Qərb Universitetinin dosenti, ictimai xadim Qasım Kərimovdur. Digər müəllif isə Azərbaycan tarixçisi, tarix elmləri doktoru Vəfa Quliyevadır. Kitabda, həmçinin Azərbaycanda müharibə veteranlarına göstərilən diqqət barədə ətraflı məlumat verilir. Qeyd edək ki, kitabda Ramiz Məmmədovun atası, Böyük Vətən müharibəsi iştirakçısı Mustafa Yusif oğlu Məmmədov haqqında da məlumat yer alıb. Rusiyada yaşayan bir çox soydaşlarımız, o cümlədən Lenonoqarskda “Birlik” Azərbaycan diasporunun rəhbəri Ramiz Məmmədov kitabın nəşrinə təşkilati və maddi yardım göstərib. Həmçinin, Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədri Bəhram Mustafayev Kazanda kitabın təqdimatının xərclərini öz üzərinə götürüb. Tatarıstan Respublikasının Milli Kitabxanasında kitabın təqdimatı olub. Milli Kitabxananın direktor müavini Liliya Zalyalova kitabxana fonduna kitabı qəbul edib. Liliya Zalyalova bu kitaba görə Azərbaycan diasporuna öz təşəkkürünü bildirib: “Artıq hər hansı bir Tatarıstan sakini və ya qonaq kitabla tanış ola bilər”, deyə o əlavə edib. Kitabın ideya müəllifi Qasım Kərimov təqdimata gələ bilməsə də, telefon bağlantısı ilə öz sevincini bölüşüb: “Nəşrdə bir sıra mühüm və mötəbər mənbələrdən istifadə olunub. Burada həm Sovet İttifaqının qəhrəmanları, bu müharibənin iştirakçıları haqqında, həm də arxa cəbhədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat verilir. Qələbənin təmin edilməsində mühüm rol oynamış neftçilərimiz, alimlərimiz, kənd təsərrüfatı işçiləri, tibb işçiləri və s haqqında qeyd olunub. “Cəbhə üçün hər şey, qələbə üçün hər şey” prinsipi ilə gecə-gündüz işləyənlərin intensiv fəallığı, nailiyyətləri barədə ətraflı məlumat var, konkret misallarla oxuculara çatdırılır. Bundan başqa, kitabda bəzi ölkələrdə tarixi saxtalaşdıraraq faşizmi təbliğ edən, bunun qəbuledilməz olduğunu iddia edən mənfur insanlardan bəhs edilir”. Həmçinin, kitabla Tatarıstan Respublikasının Mərkəzi Kitabxanasında da tanış olmaq mümkündür. Orada da təqdimat və kitab təqdim olundu. Azərbaycan diasporunun nümayəndələri kitabxanalara Leninoqorskda keçirmək istədikləri “Dostluq körpüsü” aksiyasında iştirak etməyi təklif ediblər. Kitabın təqdimatı və təqdim edilməsi Tatarıstanda Azərbaycan diasporunun birgə layihələrinin və aksiyalarının başlanğıcıdır. Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” aksiyasının həyata keçirilməsi planlaşdırılır.

Hamısını oxu