Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları

Bu gün Zəfərin səsi yenidən səmalarda əks-səda verir... Bu səs torpağın dərinliklərindən, şəhidlərimizin uyuduğu məzarlardan qalxır, Vətənin hər daşında, hər nəfəsində duyulur. 8 Noyabr – Qələbə Günü, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yazılmış ən şanlı səhifədir.

Bu gün 44 günlük Vətən müharibəsində bizə Zəfər sevincini bəxş edən qəhrəman oğullarımızdan beşinin doğum günüdür. Onlar canlarını torpaq, bayraq və azadlıq naminə fəda etdilər, adlarını əbədi olaraq xalqımızın yaddaşına yazdılar.

Veteranlar təşkilatının hər bir üzvü bu igidlərin xatirəsini qürurla, minnətlə və dərin ehtiramla anır. Çünki onların qanı ilə yazılan Qələbə dastanı bu gün də Azərbaycan əsgərinin ruhuna güc, xalqımıza isə sonsuz qürur verir.

 

Leytenant Həməşəyev Qismət Oruc oğlu 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. 

 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qismət Həməşəyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

Əsgər Kərimov İsmayıl Abbas oğlu 3 noyabr 1990-cı ildə Qəbələ rayon Tüntül kəndində anadan olub. 1996-cı ildə Nohurqışlaq kənd 1 saylı tam orta məktəbində ibtidai təhsil almağa başlayıb.


2007-ci ildə orta təhsilini başa vuran İ.Kərimov, 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Murovdağ yüksəkliyində yerləşən N saylı hərbi hissədə keçib. 2010-cu ildə hərbi xidmətini başa vurub. 

İsmayıl Vətən müharibəsinə könüllü olaraq yazılıb. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasında iştirak edib. 5 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Tərtər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 6 oktyabr 2020-ci il tarixində Qəbələ rayon Tüntül kənd qəbiristanlığında dəfn edilib. Şəhidimizin Vətənə əmanət iki oğlan övladı yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsmayıl Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 

 

MAHHXHQ, əsgər Sadıqov Elvin Namiq oğlu 1998-ci ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı kəşfiyyatçı-pulemyotçu kimi xidmət edən Elvin Sadıqov, noyabr ayının 3-də Şuşanın azad olunması uğrunda gedən qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

 

Doğum günündə şəhidlik zirvəsinə ucalan E.Sadıqov doğulduğu Goranboy rayonunda torpağa tapşırılıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

MAHHXHQ, baş əsgər Şirəliyev İntiqam Bəxtiyar oğlu 1997-ci il noyabrın 3-də Göyçay rayonunun Potu kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 

İntiqam Şirəliyev sentyabrın 28-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub.


Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İntiqam Şirəliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

Gizir Xəlilov Nadir Ağadadaş oğlu 3 noyabr 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. Orta təhsilini Artuna kənd tam orta məktəbində alıb.

 


 

 2002-ci ildə N saylı hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətə başlayan Nadir Xəlilov, 2005-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində (TTM) hərbi təhsil alıb. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib. 

Nadir Xəlilov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. O, sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 

Ömrünün 18 ilini hərbiyə həsr edən tank komandiri, şəhidimizin Vətənə əmanət iki oğlu yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nadir Xəlilov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

2025-11-03 13:19:35
3818 baxış

Digər xəbərlər

Təhlükəsizlik, rifah və davamlı inkişaf

Ötən həftə Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni strateji mərhələyə qədəm qoydu. Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa üçün əhəmiyyəti durmadan artır. Eyni zamanda Avropa İttifaqı da Azərbaycanın iqtisadi inkişafı, texnoloji modernləşməsi və beynəlxalq inteqrasiyası baxımından mühüm tərəfdaş olaraq qalır. Qarşılıqlı etimada əsaslanan bu əməkdaşlıq yalnız iki tərəfin deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və davamlı inkişafı üçün yeni imkanlar yaradır.Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə 1 iyul 2026-cı il tarixində Bakıda keçirdiyi görüşdən sonra verdiyi bəyanat təkcə iki tərəf arasında diplomatik münasibətlərin növbəti mərhələsini deyil, həm də Azərbaycanın regional və qlobal geosiyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilməlidir. Bəyanatda səslənən fikirlər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq ənənəvi enerji əməkdaşlığı çərçivəsini xeyli aşaraq iqtisadiyyat, logistika, yaşıl enerji, təhlükəsizlik, regional sabitlik və geosiyasi tərəfdaşlıq istiqamətlərində çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə daxil olub.Son aylarda Antonio Koşta, daha sonra Kaja Kallas və nəhayət Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfərləri təsadüfi diplomatik aktivlik deyil. Bu ardıcıllıq Avropa İttifaqının Cənubi Qafqaz siyasətində Azərbaycanın mərkəzi aktor kimi qəbul edilməsinin göstəricisidir. Faktiki olaraq Brüssel region siyasətini Bakı ilə daha sıx dialoq üzərində qurmağa başlayır. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin nəticəsidir.Prezident İlham Əliyevin "münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur" ifadəsi mövcud reallığı tam əks etdirir. Son illər Azərbaycan Avropa üçün yalnız enerji ixrac edən ölkə deyil, etibarlı siyasi tərəfdaş, regional sabitlik yaradan dövlət və Avrasiyanın mühüm nəqliyyat qovşağı statusunu möhkəmləndirib. Məhz buna görə də Avropa İttifaqı ilə münasibətlərdə əvvəlki illərlə müqayisədə keyfiyyətcə yeni mərhələ yaranıb.Bəyanatın mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkənin xarici iqtisadi strategiyasının uğurunu nümayiş etdirir. Xarici ticarətin 40 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsi Azərbaycanın Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu göstərir. Digər tərəfdən, Cənubi Qafqaz üzrə Avropa İttifaqının ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşməsi ölkəmizin region iqtisadiyyatında aparıcı mövqeyini təsdiqləyir. Bu göstəricilər Azərbaycanın iqtisadi çəkisinin təkcə regional deyil, Avropa miqyasında da artdığını nümayiş etdirir.Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutur. Müasir geosiyasi şəraitdə enerji artıq iqtisadi resurs olmaqdan daha çox milli təhlükəsizlik faktoruna çevrilib. Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər Avropanı enerji mənbələrinin şaxələndirilməsinə sövq edib. Bu kontekstdə Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirib.2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun nəticələri artıq konkret rəqəmlərlə özünü göstərir. Azərbaycanın Avropa İttifaqına qaz ixracının təxminən 65 faiz artması, qaz ixracının yarısının Avropa bazarına yönəlməsi və artıq 10 Avropa İttifaqı üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını təsdiqləyir. Bu əməkdaşlığın yaxın illərdə daha da genişlənməsi üçün kifayət qədər potensial mövcuddur.Ölkə rəhbəri vurğuladığı kimi, bu nəticələr təsadüfi deyil. Azərbaycan onilliklər ərzində siyasi iradə nümayiş etdirərək milyardlarla dollar həcmində investisiya yatırıb, mürəkkəb diplomatik danışıqlar aparıb və nəticədə dünyanın ən iri enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizini reallaşdırıb. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Avropa ilə Xəzər regionunu birləşdirən strateji enerji arteriyasıdır. Bu layihə Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri olduğunu sübut edir.Bəyanatın digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Dünyada formalaşan yeni geosiyasi reallıqlar fonunda beynəlxalq yükdaşımaların marşrutları dəyişir və alternativ dəhlizlərin əhəmiyyəti artır. Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əsas tranzit ölkə kimi çıxış edir. Son illərdə həyata keçirilən infrastruktur layihələri – müasir dəniz limanları, dəmir yolları, avtomobil magistralları və logistika mərkəzləri Azərbaycanın Avrasiyanın əsas nəqliyyat platformalarından birinə çevrilməsinə imkan yaradıb.Yükdaşımaların bütün istiqamətlər üzrə artması mövcud infrastrukturun daha da genişləndirilməsini zəruri edir. Bu isə Azərbaycanın uzunmüddətli iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəqliyyat və logistika sahəsində əldə olunan üstünlüklər ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının yeni istiqaməti bərpaolunan enerji sahəsidir. Artıq imzalanmış müqavilələr növbəti beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsalına imkan verəcək. Bu göstərici Azərbaycanın enerji tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Ölkə tədricən yalnız neft və qaz ixracatçısından yaşıl enerji ixracatçısına çevrilmək istiqamətində irəliləyir.Bu transformasiya Avropanın yaşıl keçid strategiyası ilə tam uzlaşır. Azərbaycanın zəngin Günəş və külək potensialı, Xəzər dənizinin külək ehtiyatları və yaradılan yeni enerji infrastrukturu ölkəmizi gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaşlardan birinə çevirə bilər. Bu istiqamətdə həyata keçiriləcək layihələr həm enerji təhlükəsizliyini gücləndirəcək, həm də Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verəcək.Prezident İlham Əliyevin bəyanatında xüsusi diqqət çəkən istiqamətlərdən biri regional təhlükəsizlik və sülh prosesidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin uğurla davam etməsi Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdırır. Azərbaycanın uzun illər davam edən münaqişədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, regional kommunikasiyaların açılmasına dəstək verməsi və qarşılıqlı iqtisadi əməkdaşlıq üçün şərait yaratması regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir.Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması, enerji məhsullarının ixracına başlaması və digər humanitar addımlar atması göstərir ki, Bakı sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq modeli kimi görür. Bu yanaşma regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyin təmin edilməsinə xidmət edir.Avropa Komissiyasının bu prosesə dəstək vermək niyyətini ifadə etməsi də xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının siyasi və iqtisadi imkanları regional əməkdaşlığın dərinləşməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə və Cənubi Qafqazın sabit inkişaf məkanına çevrilməsinə əlavə stimul verə bilər.Ümumilikdə, Prezident İlham Əliyevin 1 iyul 2026-cı il tarixli bəyanatı Azərbaycanın xarici siyasət strategiyasının əsas istiqamətlərini bir daha nümayiş etdirdi. Bəyanat göstərdi ki, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və milli maraqların qorunmasına əsaslanan münasibətlər modeli qurub. Bu model enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-logistika, ticarət, investisiya, regional təhlükəsizlik və sülh gündəliyini özündə birləşdirən geniş strateji platformaya çevrilməkdədir.Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan artıq regional proseslərin iştirakçısı deyil, onların əsas təşəbbüskarı və istiqamətverici aktorlarından biridir. Bu isə ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi gücünün artması və müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsinin ən mühüm göstəricilərindən biridir. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Azərbaycan pandemiya ilə mübarizədə nümunəvi ölkədir

Dövlət başçısının apardığı islahatlar və tədbirlər, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaqdır. Pandemiya dövründə bu addımlar öz önəmini göstərdi. Həmçinin ölkədə heç bir sosial layihə təxirə salınmadan icra edildi. Yaradılan müəssisələr, yenilənən yol infrastrukturu, açılan yeni obyektlər və reallaşan sosial layihələr bunu bir daha təsdiqləyir. Koronavirusa qarşı aparılan mübarizədə əldə edilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir. Bu isə hər ölkənin bacara biləcəyi məsələ deyil. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirən Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada fəal rol oynayır. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün görülən tədbirlər bir daha Azərbaycanın nə qədər qüdrətli ölkə olduğunu bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən də irəli gedərək, bu amansız pandemiyaya qarşı ciddi mübarizə apardı. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir,  yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Qabaqlayıcı tədbirlərin görülməsi, həkimlərimizin əməyi, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı digər ölkələrlə müqayisədə çox aşağı səviyyədədir. Hal hazırda 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.  Xəstələrin sayı artdıqca  yeni xəstəxanalara da ehtiyacımız yaranırdı. Ölkə başçısının tapşırığı ilə ölkəmizin müxtəlif şəhər və rayonlarında  modul tipli xəstəxanaların tikintisi təşkil edildi,  modul tipli 9 xəstəxana istismara verildi. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana da istifadəyə verildi, 1300 çarpayılıq xəstəxananın  isə bu ayın sonuna qədər istifadəyə veriləcəyi gözlənilir. Son aylar 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Bu ölkələrlə müqayisədə Azərbaycanda  vəziyyət daha yaxşıdır.  Sahibkarlara dəstək şəffaf və mütəşəkkil qaydada göstərilir.  Vergilərin 75 faizi özəl sektorda formalaşır. Aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığılıb.  Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı demişdir: “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”. Bu il rekord sayda, 7 mindən çox məcburi köçkün ailəsinin evlərlə, mənzillərlə təmin olunacağı gözlənilir.  400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250 mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək.  İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib. Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Sərəncamı  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb. Şəhid ailələrinin  aylıq təqaüdü 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ötən dövrdə bu təqaüdün məbləği  3 dəfə artırıldı. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda)  aylıq sosial müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) proqramı artıq 100 faizə yaxın icra olunub. 12281 şəhid hərbi qulluqçunun və şəhid polisin 18 mindən çox  vərəsəsi ödəmə ilə təmin edilib. Sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayonda  avqust ayındada  190 manat ödəmə təmin ediləcək, 278 min nəfəri əhatə edəcək və bunun üçün 53 milyon manat ödəniləcək. Ünvanlı dövlət sosial yardımı, Sosial xidmətlər ərzaq payları, Məşğulluq və sosial rifaha dəstək , İşsizlər və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə əlaqəli görülən tədbirlər bir daha göstərdi ki, ölkə başçısı hər bir vətəndaşına xüsusi diqqət və qayğıyla yanaşır. Möhtərəm  Prezident cənab  İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır.   Naftalan sakini Kəmalə Hüseynova  

Hamısını oxu
“Beynəlxalq təşkilatlar Qarabağdakı qondarma

Xəbər verdiyimiz kimi, erməni separatçıları işğal edilmiş Azərbaycan torpaqlarında qondarma “seçki” keçirib.   Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov beynəlxalq təşkilatların baş verənlərə münasibət bildirməsinin vacib olduğunu vurğulayıb:   “Aydındır ki, Azərbaycanın işğal edilmiş torpaqlarında keçirilən bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və bu “seçkilər” erməni separatizminin əsl mahiyyətini, onun beynəlxalq hüquqa olan münasibətini bir kəs daha ortaya qoyur. Artıq Azərbaycan tərəfi baş verənlərlə bağlı öz mövqeyini ortaya qoyub, bu “seçkilərin” etibarsız olduğunu, heç bir hüquqi əsasa malik olmadığını vurğulayıb. Azərbaycan XİN-nin məlum bəyantında da qeyd olundu ki, bu “seçki” həm Azərbaycan konstitusiyasına, həm də BMT Nizamnaməsinə, ATƏM-in Helsinki aktına ziddir və hüquqi əhəmiyyət kəsb etmir. Ancaq təəssüflər olsun ki, hələ də Qarabağdakı bu “seçkilərlə” bağlı beynəlxalq təşkilatlar hər hansı mövqe sərgiləməyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı ard-arda bəyanatlar verən, açıqlamalar yayan beynəlxalq təşkilatların Qarabağdakı “seçkilərlə” bağlı indiki susqunluğu anlaşılan deyil.   Hesab edirəm ki, həm beynəlxalq təşkilatlar, həm də dünyanın aparıcı ölkələri Qarabağdakı qondarma “seçkilərlə” bağlı mövqe ortaya qoymalı, işğalçının bu addımını qınamalıdır. Çünki bu “seçkilər” yalnız Azərbaycan konstitusiyasına qarşı deyil, həm də ümumilikdə beynəlxalq hüquqa, BMT nizamnaməsinə ziddir. Baş verənlər beynəlxalq hüququn kobud şəkildə pozulması və təhqiri deməkdir. ”   Düşmən isə anlamalıdır ki, bu kimi addımlarla nəyəsə nail ola, Qarabağdakı mövcudluğuna hüquqi don geyindirə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az

Hamısını oxu