Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı: “7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral tarixli prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Bu barədə saytımıza Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov məlumat verib. Bəyanatda deyilir:

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yüzlərlə nümayəndəsi respublika ərazisində seçki müşahidəçiliyi aparıb, seçki prosesini yaxından izləyib. Bütün məntəqələrdə nümayəndələrimizə seçki müşahidəçiliyi üçün tam şərait yaradılıb. Seçkilər azad, ədalətli və şəffaf keçib. Xırda texniki qüsurlar istisna olmaqla, seçkinin ümumi nəticəsinə təsir göstərə biləcək heç bir pozuntu halı qeydə alınmayıb. Seçki seçicilərin yüksək fəallığı şəraitində keçib. Seçicilər heç bir kənar təsir və müdaxilə olmadan istədikləri namizədə səs verib, seçki hüquqlarından sərbəst istifadə ediblər. Bütün bunlar onu deməyə əsas verir ki, 7 fevral Prezident seçkiləri MSK tərəfindən yüksək səviyyədə təşkil edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq seçkilərin nəticəsinin xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olmasını diləyirik”.

2024-02-07 20:01:37
3280 baxış

Digər xəbərlər

“Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır”

Cəlil Xəlilov: “Bu qətnamə Fransanın ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir” “Senatın Azərbaycanla bağlı qətnaməsi Fransa adına tarixi rüsvayçılıqdır və onun ədalət anlayışından nə qədər uzaq olduğunu göstərir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilkatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir: “30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın, birdən-birə Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Bu yanaşmanın özü Fransanın ədalət anlayışının nə qədər qüsurlu və təhlükəli olduğunu göstərir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ökəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir. Senatın qətnaməsi ilə bağlı ən gülünc müddəalardan biri ondan ibarətdir ki, qətnamədən Azərbaycandan “Ermənistan əraizisi”ndən geri çəkilmək və 2020-ci ilin 10 noyabr Bəyanatının şərtlərinə əməl etmək tələb olunur. Halbuki, Azərbaycanın 44 günlük Vətən müharibəsini yalnız öz qanuni dövlət sərhədləri çərçivəsində həyata keçirdiyi, bu müharibədə Ermənistan ərazisinə hər hansı şəkildə müdaxilə edilmədiyi bütün dünyaya məlumdur. Belə olan halda Azərbaycanı “Ermənistan ərazisi”ndən geri çəkilməyə səsləyən Fransa Senatı, bununla dövlətimizi öz tarixi-hüquqi torpaqlardından imtina etməyə səsləyir ki, bu da elementar məntiqdən uzaqdır. Fransa Senatının məlum qətnaməsi Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyillərini gücləndirəcəkdir. Fransa Senatı unutmamalıdır ki, İkinci Dünya müharibəsi zamanı yüzlərlə azərbaycanlı Fransanın faşistlərdən azad edilməsində yaxından iştirak etmiş, onların bir çoxu öz həyatını qurban vermişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun Fransanın azad edilməsində göstərdiyi qəhrəmanlıqlar buna ən parlaq nümunədir. Bu baxımdan Fransa Senatının Azərbaycanla bağlı məlum qətnaməsi Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlıların xatirəsinə hörmətsizlik və tarixi nankorluqdur. Biz veteranlar olaraq Fransa Senatının Azərbaycanla bağlı qətnaməsini lənətləyir, bunu sülh və təhlükəsizlik, eləcə də hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edirik. Hesab edirik ki, Fransa Senatı onun adına rüsvayçılıq olan bu qətnamədən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsini tətikləməməlidir. Hüququn da, ədalətin də tələbi hamı üçün aydındır və Fransa da hər kəs kimi bu tələbə hörmətlə yanaşmalıdır”. Seymur ƏLİYEV  

Hamısını oxu
Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin harmoniya təşkil etdiyi şəhər – Ordubad!

Dünyada elə şəhərlər var ki, onlar öz ruhu, təbiəti, tarixi, mədəniyyəti, sakinləri ilə klassik şəhər anlayışına sığmır, bu anlayışın fövqündə, əlahiddə bir ucalıqda qərar tutur. Bu cür şəhərlərlə elə ilk tanışlıq onu həmin adama doğmalaşdırır, insanda bu şəhər haqqında saf, gözəl, sevgi dolu duyğular oyadır. Öz ecazkarlığı, əsrarəngizliyi ilə insanı ovsunlayan, onun qəlbində özünə əbədi yer edən belə şəhərlərdən biri də  Ordubaddır. Ulu öndər Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin bir-birini tamamladığı, harmoniya təşkil etdiyi qədim Ordubad! May günəşinin qızıl şəfəqləri altında tarixi şəhərlə görüş... 19 may 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvanda  “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda keçirilən konfransından sonra bir neçə saatlıq zaman fasiləsindən istifadə edərək Ordubada səfər etməyə qərar verdik. Maşınımız Naxçıvandan Ordubada gedən yolla yüksəkliyə doğru qanadlandıqca dəyişən təbiət mənzərələrini heyranlıqla seyr edir, heç bir epizodu nəzərdən qaçırmamağa çalışırdıq. Şəhərə doğru yaxınlaşdıqca yaşıllıqların sayı sürətlə artır, pak, təmiz hava  insanın ciyərləri ilə yanaşı, ruhuna da süzülürdü. Dağların qoynunda yerləşən və üzü ucsuz-bucaqsız düzənliklərə açılan şəhər bizi uzaqdan xüsusi bir doğmalıqla salamlayır, öz müdrik görünüşü ilə sanki hər şeyi gördüyünü, hər bir qonağın gəlişindən və niyyətindən xəbərdar olduğunu diqqətə çatdırırdı. Ordubad Şəhidlər Xiyabanından müstəqillik tariximizə baxış Ordubadda ziyarət etdiyimiz ilk məkan Şəhidlər Xiyabanı oldu. Şəhidlər Xiyabanınındakı təmizlik və yaşıllıq Ordubad sakinlərinin, eləcə də şəhər rəhbərliyinin qəhrəmanların uyuduğu bu məkana olan ehtiramından, sevgi və həssaslığından xəbər verirdi. Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, Vətən müharibəsində və anti-terror əməliyyatında həlak olan şəhidlərin məzarı yer almışdı ki, bu da cəsur Ordubadın doğma Azərbaycanın müdafiəsi naminə göstərdiyi fədakarlıqdan, verdiyi böyük qurbanlardan xəbər verirdi. Soyuq mərmərdən insanın qəlbinə nüfuz edən isti baxışlar adamı istər-istəməz xalqımızın mütəqillik dövrünə nəzər salmağa, müharibə və mübarizələrlə zəngin yaxın tariximizə boylanmağa vadar edir. Müstəqilliyimizin ilk illərindən etibarən blokada şəraitində erməni faşizminə qarşı mübarizə aparan, sadəcə hərbi deyil, iqtisadi baxımdan da böyük çətinlikləri dəf etməyə məcbur qalan fədakar ordubadlıların qəhrəmanlığı insanda qeyri-iradə rəğbət hissi oyadır. Bu mənada Şəhidlər Xiyabanı açıq səma altında tarix muzeyi təsiri bağışlayır, vətənin azadlığı və müstəqilliyi uğrunda aparılan amansız mübarizələri, ölüm-dirim savaşlarını yada salır. Çinarlar və qızılgüllər şəhəri... Ordubadda diqqəti cəlb edən əsas məqamlardan biri də küçə və parklarda çinar və qızılgüllərin hədsiz çoxluğudur. Bu mənada Ordubadı çinarlar və qızılgüllər şəhəri də adlandırmaq olar. Ordubad tarixən meyvə ağacları ilə məşhur olsa da, buradakı çinarların əzəməti, qızılgüllərin rəngarəngliyi və ətri bu qədim şəhərə qeyri-adi gözəllik bəxş edir. Şəhərdəki yaşıllıq sakinlərin təbiətə olan münasibətindən, sevgi və qayğısından xəbər verir. Dünyamızda ekoloji problemlərin kəskinləşdiyi, yaşıllıqların önəminin artdığı bir zamanda Ordubad ekoloji baxımdan təmiz “yaşıl ada”nı xatırladır. Burada hər şey təbiətin ilkinliyindən, saflığından, insan-təbiət arasındakı münasibətlərin duyarlılığından xəbər verir. Şəhər və onun ətrafındakı bəzi çinarlar ilə sadəcə öz görünüşü ilə deyil, həm də yaşı ilə insanda maraq oyadır. Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, şəhər və onun ətrafında yaşı 500 və daha çox olan qədim çinarlar mövcuddur ki, onların hər biri uzaq tarixin canlı yadigarı sayıla bilər. Onu da qeyd edək ki, bu qədim çinarların bəzisinin gövdəsi içərisinə bir neçə nəfəri sığdıra biləcək qədər böyükdür. Hansı ki, belə çinarların gövdəsində keçirdiyi bir neçə saniyəlik zaman belə insana ən böyük, ən qədim, ən etibarlı evinin məhz təbiət olduğu gerçəyini yada salır. İnsan bu cür çinarların kölgəsi və sərinliyi altında təbiəti qorumağın nə qədər vacib və əhəmiyyətli olduğunu bütün ruhu ilə hiss edir. “Dünyanın borclu olduğu adam”la görüş... Ordubada səfər çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri böyük alim Yusif Məmmədəliyevin ev muzeyi oldu.   İkimərtəbəli muzeyin ikinci mərtəbəsində ekspozisiya zalı yerləşir ki, burada minlərlə eksponat qorunub saxlanılır. Bu eksponatlar sayəsində sadəcə Yusif Məmmədəliyevin həyat və fəaliyyət yolunu deyil, İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının faşizmə qarşı mübarizə tarixini izləmək, eləcə də o dövrdəki elmi-mədəni mühiti öyrənmək mümkündür. Ev muzeyinin direktoru  Elvira İbrahimovanın sözlərindən məlum olur ki, 1975-ci ildən fəaliyyət göstərən və 2005-ci ildə restavrasiya olunan ev muzeyinə maraq kifayət qədər böyükdür. Bunu ev muzeyini ziyarət edən qonaqların sayı da sübut edir. Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edənlər araında xeyli sayda əcnəbiyə də rast gəlmək mümkündür ki, bu da böyük alimin dünya miqyasındakı şöhrətindən, beynəlxalq aləmdə ona olan maraqdan xəbər verir. Heç şübhəsiz, Yusif Məmmədəliyevin bəşəriyyət qarşısındakı ən böyük xidməti onun İkinci Dünya müharibəsi zamanı yüksək oktanlı aviasiya benzinini kəşf etməsidir. Məhz bu icadı ilə Yusif Məmmədəliyev SSRİ-yə faşist ordusu qarşısında ciddi texniki üstünlük qazandırmış, qələbəyə böyük töhfə vermişdir. Müharibə zamanı Yusif Məmmədəliyev “Molotov kokteyli” digər partlayıcıların yeni tərkibdə işlənib hazırlanmasını da təmin etmiş, onun elmi kəşfləri bu sahədə əsl inqilab yaratmışdır. Yusif Məmmədəliyevin ev muzeyi ilə tanışlıq əsnasında bunu da öyrəndik ki, böyük alimin kəşfləri insanların sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına da ciddi təkan verib. Belə ki, görkəmli alim süni kauçukun yeni alınma üsulunu işləyib hazırlamış və onun hazırladığı bu üsul Fransa və digər dövlətlərdə hazırlanan süni kauçukdan daha ucuz və daha keyfiyyətli məhsul əldə etməyə imkan vermişdir. Etil spirti, süni liflər və digər məhsulların da yenidən və effektiv şəkildə işlənməsi Yusif Məmmədəliyevin adı ilə bağlıdır. Azərbaycanın ilk kimyaçı akademiki olan Yusif Məmmədəliyevin ev muzeyinin həyətindəki “qızılgül dənizi” də füsunkar gözəlliyi ilə diqqət çəkir, insanı real dünyadan xəyallar aləminə aparır. Ziyarət əsnasında məşhur alimin ev muzeyinin yaxınlığındakı əzəmətli büstünə də baş çəkməyi özümüzə borc bilir, onun böyüklüyü önündə baş əyirik... Ordubad Tarix Diyarşünaslıq Muzeyində tarixə yolçuluq... Ordubada səfər zamanı üz tutduğumuz məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyi oldu. Muzeydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə fəaliyyət göstərir. Hansı ki, həmin guşənin yanında Ulu öndərin Ordubadla bağlı səsləndirdiyi tarixi sözlər yer alır: “Ordubad Azərbaycanın incisidir”. Muzeyin içərilərinə doğru addımladıqca Azərbaycan xalqının zəngin tarixi və mədəniyyətindən xəbər verən çoxsaylı eksponatlar, maddi-mdəniyyət nümunələri sürətlə bir-birini əvəz edir. Burada antik toxuculuq alətlərindən tutmuş çini qablara, müxtəlif sənətkarlıq məhsullarına, eləcə də xalçaçılıq nümunələrinə rast gəlmək mümkündür. Üzərində qədim yazılar olan daş kitabələr də Ordubad Tarix Diyarşünaslıq Muzeyinin zəngin eksponatları sırasına daxildir. Muzeydə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərlə bağlı da ayrıca guşə fəaliyət göstərir ki, burada şəhidlərin şəkli və onlar haqqında məlumatla tanış olmaq mümkündür. Muzey daxilində şəhidlərimizlə bağlı guşənin yaradılması sadəcə Tarix Diyarşünaslıq Muzeyinin deyil, bütövlükdə Ordubad insanının, həmçinin, rayon rəhbərliyinin öz şəhidinə olan sevgi və ehtiram dolu münasibətindən xəbər verir. Dırnıs – “Ordubadın İsveçrəsi”  Ordubad rayonunun özü kimi onun kəndləri də həm qeyri-adi təbiət mənzərələri, həm də burada yaradılan müasir istirahət mərkəzləri ilə diqqət çəkir. Öz tarixi-mədəni keçmişi ilə yanaşı, həm də zəngin təbiəti ilə diqqət çəkən belə kəndlərdən biri də Dırnısdır. Dırnısda təbiət gözəllikləri ilə insan əməyi tam bir vəhdət təşkil edir ki, bu da həmin kəndi bura qonaq gələn hər kəs üçün vazkeçilməz edir. “Səmanın qoynundakı yaşıl cənnət” təəssüratı yaradan Dırnısda bəzən cəmi bir neçə saat içində təbiətin bütün rəngarəngliyini yaşamaq mümkündür. Parlaq günəş şüalarının qısa zamanda qara buludlar və gur yağışla əvəzlənməsi, bahar təravətli dəqiqələrin anidən payıza məxsus tutqun və nisgilli hava ilə əvəzlənməsi Dırnısa xas özünəməxsus xüsusiyyətlərdən biridir. Burada müasir tələblərə cavab verən ictimai iaşə müəssisələri, istirahər mərkəzləri və s. var ki, bu da Dırnısa turist axınını stimullaşdıran əsas amillərdən biridir. Təsadüfi deyil ki, bu kənd sadəcə Ordubadın deyil, bütün Naxçıvan diyarının İsveçrəsi hesab edilir ki, bu da ilk növbədə onun misilsiz təbiəti ilə bağlıdır. Dırnısda inşa edilən süni göl və digər su hövzələrində farel balıqlarına, eləcə də təbiətin digər nadir nümunələrinə rast gəlmək, onları yaxından izləmək mümkündür. “Cənnətdən bir parça torpaq” təsiri bağışlayan bu kənddə qonaq olmaq nə qədər xoşdursa, ondan ayrılmaq bir o qədər çətindir. Və biz də beləcə - Dırnısı görməyin sevinci və ondan ayrılmağın əzabı içərisində vətənimizin bu gözəl guşəsi ilə çətinliklə vidalaşırır və deyirik: “Yenidən görüşənə qədər!” Seymur ƏLİYEV  

Hamısını oxu
Millət vəkili bayram öncəsi şəhid ailəsini ziyarət etdi

Veteran.gov.az xəbər verir ki, millət vəkili Pərvin Kərimzadə bayram öncəsi şəhid Hikmət Həsənovun ailəsini ziyarət edib. Millət vəkili bu barədə özünün sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:  “Nur üzlü Şəhidimiz Hikmət Həsənovun bizlərə əmanət olan yadıgarları, gül balalar Ruqəyya və Ruzini ziyarət etdik. ALLAH Şəhidimizə rəhmət eləsin ALLAH körpə balaları qorusun!” Seymur ƏLİYEV    

Hamısını oxu
Bu gün Respublika Veteranlar Təşkilatının yaranmasından 32 il ötür.

Respublika Veteranlar Təşkilatı öz sıralarında bütün təbəqələrdən olan insanları birləşdirir. Tarixən veteran hərəkatlarının yaranması müharibələrlə bağlı olmuşdur. Keçmiş sovetlər birliyinin tərkibində olan Azərbaycanda da bu hərakat eyni zəmində formalaşmışdır. İkinci Dünya Müharibəsinin faşizmi üzərində qələbə ilə başa çatmasına böyük töhfələr vermiş Azərbaycanda digər müttəfiq respublikalarda olduğu kimi, ötən əsrin 50-ci illərində veteran hərəkatının genişlənməsi 1960-cı ildə Bakı şəhərində ilk veteran təşkilatının yaradılması ilə nəticələnmişdir. Bu təşkilatın ilk sədri Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov olmuşdur. Ancaq həmin təşkilatın fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmışdır. Dövlət səviyyəsində müvafiq dəstək olmadığından hərakatın respublikanı tam əhatə etməsi mümkün olmamışdır. Bu məqsədə yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə nail olunmuşdur. Həmin vaxt, xüsusilə 1970-80-ci illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, veteran təşkilatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Ulu Öndərin Vətən, xalq qarşısında xidmətləri olan insanlara qayğıkeş münasibəti, ölkənin bütün rayon və şəhərlərində veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərakatın yüksəlişində başlıca rol oynamışdır. Nəticədə 1987-ci il mart ayının 21-də Azərbaycanda Respublika Veteranlar Təşkilatı yaradılmış və onun ilk sədri general-mayor Mustafa Nəsirov olmuşdur. Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlaması ilə həm də neçə illik ağır müharibə yolu keçən, psixoloji durumu, yaşam tərzi dəyişən, mülki həyatdan müəyyən mənada uzaq düşmüş insanların cəmiyyətə inteqrasiyasındakı mövcud problemlərin həllində daha işlək mexanizmlər yaradılmışdır. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə Günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. qərarlarla təşkilata ciddi zərbə vurulmuş, veteranlar diqqət və qayğıdan kənarda qalmışlar. Ümummilli lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə Veteranlar Təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Təsadüfi deyil ki, Ulu Öndərin sosial islahatlar sahəsində 1994-cü il iyun ayının 28-də imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu olmuşdur. Bunula da veteranlara dövlət qayğısının tam bərpası üçün hüquqi əsaslar formalaşdırılmış, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. İnamla demək olar ki, 1994-cü ilin 28 iyunundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Möhtərəm Prezidentin birbaşa veteranlarla bağlı imzaladığı qərar və sərancamlarla ölkədə bütün qruplardan olan veteranların maddi-rifah halı ildən-ilə yüksəlir, onların problemləri həll olunur. Sıralarında 1 milyondan artıq veteranı birləşdirən Respublika Veteranlar Təşkilatının fəaliyyəti Ulu öndər Heydər Əliyev prinsiplərinə əsaslanır. Hazırda Təşkilat gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərir, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlər görülür, xarici ölkələrin veteran təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirir. Təşkilatın fəaliyyəti azərbaycançılığı, onun əsas istiqaməti olan vətənpərvərlik tərbiyəsinin gənc nəsildə təbliğ edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verməkdən ibarətdir. Ömrünü xalq, Vətən yolunda xidmətdə keçirmiş, İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrində qəhrəmanlıq, mərdlik nümayiş etdirmiş, canı, qanı bahasına, dünyanı alman faşizmindən xilas etmiş, arxa cəbhədə müxtəlif sahələrdə fədakarlıqla çalışmış, bu gün də sıralarımızda olan insanları təbrik edirik.   

Hamısını oxu