Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin harmoniya təşkil etdiyi şəhər – Ordubad!

Dünyada elə şəhərlər var ki, onlar öz ruhu, təbiəti, tarixi, mədəniyyəti, sakinləri ilə klassik şəhər anlayışına sığmır, bu anlayışın fövqündə, əlahiddə bir ucalıqda qərar tutur. Bu cür şəhərlərlə elə ilk tanışlıq onu həmin adama doğmalaşdırır, insanda bu şəhər haqqında saf, gözəl, sevgi dolu duyğular oyadır.

Öz ecazkarlığı, əsrarəngizliyi ilə insanı ovsunlayan, onun qəlbində özünə əbədi yer edən belə şəhərlərdən biri də  Ordubaddır. Ulu öndər Heydər Əliyevin vurğun olduğu, tarix və təbiətin bir-birini tamamladığı, harmoniya təşkil etdiyi qədim Ordubad!

May günəşinin qızıl şəfəqləri altında tarixi şəhərlə görüş...

19 may 2025-ci ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvanda  “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda keçirilən konfransından sonra bir neçə saatlıq zaman fasiləsindən istifadə edərək Ordubada səfər etməyə qərar verdik.

Maşınımız Naxçıvandan Ordubada gedən yolla yüksəkliyə doğru qanadlandıqca dəyişən təbiət mənzərələrini heyranlıqla seyr edir, heç bir epizodu nəzərdən qaçırmamağa çalışırdıq. Şəhərə doğru yaxınlaşdıqca yaşıllıqların sayı sürətlə artır, pak, təmiz hava  insanın ciyərləri ilə yanaşı, ruhuna da süzülürdü.

Dağların qoynunda yerləşən və üzü ucsuz-bucaqsız düzənliklərə açılan şəhər bizi uzaqdan xüsusi bir doğmalıqla salamlayır, öz müdrik görünüşü ilə sanki hər şeyi gördüyünü, hər bir qonağın gəlişindən və niyyətindən xəbərdar olduğunu diqqətə çatdırırdı.

Ordubad Şəhidlər Xiyabanından müstəqillik tariximizə baxış

Ordubadda ziyarət etdiyimiz ilk məkan Şəhidlər Xiyabanı oldu. Şəhidlər Xiyabanınındakı təmizlik və yaşıllıq Ordubad sakinlərinin, eləcə də şəhər rəhbərliyinin qəhrəmanların uyuduğu bu məkana olan ehtiramından, sevgi və həssaslığından xəbər verirdi.

Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində, aprel döyüşlərində, Vətən müharibəsində və anti-terror əməliyyatında həlak olan şəhidlərin məzarı yer almışdı ki, bu da cəsur Ordubadın doğma Azərbaycanın müdafiəsi naminə göstərdiyi fədakarlıqdan, verdiyi böyük qurbanlardan xəbər verirdi.

Soyuq mərmərdən insanın qəlbinə nüfuz edən isti baxışlar adamı istər-istəməz xalqımızın mütəqillik dövrünə nəzər salmağa, müharibə və mübarizələrlə zəngin yaxın tariximizə boylanmağa vadar edir. Müstəqilliyimizin ilk illərindən etibarən blokada şəraitində erməni faşizminə qarşı mübarizə aparan, sadəcə hərbi deyil, iqtisadi baxımdan da böyük çətinlikləri dəf etməyə məcbur qalan fədakar ordubadlıların qəhrəmanlığı insanda qeyri-iradə rəğbət hissi oyadır.

Bu mənada Şəhidlər Xiyabanı açıq səma altında tarix muzeyi təsiri bağışlayır, vətənin azadlığı və müstəqilliyi uğrunda aparılan amansız mübarizələri, ölüm-dirim savaşlarını yada salır.

Çinarlar və qızılgüllər şəhəri...

Ordubadda diqqəti cəlb edən əsas məqamlardan biri də küçə və parklarda çinar və qızılgüllərin hədsiz çoxluğudur. Bu mənada Ordubadı çinarlar və qızılgüllər şəhəri də adlandırmaq olar. Ordubad tarixən meyvə ağacları ilə məşhur olsa da, buradakı çinarların əzəməti, qızılgüllərin rəngarəngliyi və ətri bu qədim şəhərə qeyri-adi gözəllik bəxş edir.

Şəhərdəki yaşıllıq sakinlərin təbiətə olan münasibətindən, sevgi və qayğısından xəbər verir. Dünyamızda ekoloji problemlərin kəskinləşdiyi, yaşıllıqların önəminin artdığı bir zamanda Ordubad ekoloji baxımdan təmiz “yaşıl ada”nı xatırladır. Burada hər şey təbiətin ilkinliyindən, saflığından, insan-təbiət arasındakı münasibətlərin duyarlılığından xəbər verir.

Şəhər və onun ətrafındakı bəzi çinarlar ilə sadəcə öz görünüşü ilə deyil, həm də yaşı ilə insanda maraq oyadır.

Yerli sakinlərlə söhbət zamanı məlum oldu ki, şəhər və onun ətrafında yaşı 500 və daha çox olan qədim çinarlar mövcuddur ki, onların hər biri uzaq tarixin canlı yadigarı sayıla bilər.

Onu da qeyd edək ki, bu qədim çinarların bəzisinin gövdəsi içərisinə bir neçə nəfəri sığdıra biləcək qədər böyükdür. Hansı ki, belə çinarların gövdəsində keçirdiyi bir neçə saniyəlik zaman belə insana ən böyük, ən qədim, ən etibarlı evinin məhz təbiət olduğu gerçəyini yada salır. İnsan bu cür çinarların kölgəsi və sərinliyi altında təbiəti qorumağın nə qədər vacib və əhəmiyyətli olduğunu bütün ruhu ilə hiss edir.

“Dünyanın borclu olduğu adam”la görüş...

Ordubada səfər çərçivəsində ziyarət etdiyimiz məkanlardan biri böyük alim Yusif Məmmədəliyevin ev muzeyi oldu.  

İkimərtəbəli muzeyin ikinci mərtəbəsində ekspozisiya zalı yerləşir ki, burada minlərlə eksponat qorunub saxlanılır. Bu eksponatlar sayəsində sadəcə Yusif Məmmədəliyevin həyat və fəaliyyət yolunu deyil, İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının faşizmə qarşı mübarizə tarixini izləmək, eləcə də o dövrdəki elmi-mədəni mühiti öyrənmək mümkündür.

Ev muzeyinin direktoru  Elvira İbrahimovanın sözlərindən məlum olur ki, 1975-ci ildən fəaliyyət göstərən və 2005-ci ildə restavrasiya olunan ev muzeyinə maraq kifayət qədər böyükdür. Bunu ev muzeyini ziyarət edən qonaqların sayı da sübut edir.

Yusif Məmmədəliyevin ev muzeyini ziyarət edənlər araında xeyli sayda əcnəbiyə də rast gəlmək mümkündür ki, bu da böyük alimin dünya miqyasındakı şöhrətindən, beynəlxalq aləmdə ona olan maraqdan xəbər verir.

Heç şübhəsiz, Yusif Məmmədəliyevin bəşəriyyət qarşısındakı ən böyük xidməti onun İkinci Dünya müharibəsi zamanı yüksək oktanlı aviasiya benzinini kəşf etməsidir. Məhz bu icadı ilə Yusif Məmmədəliyev SSRİ-yə faşist ordusu qarşısında ciddi texniki üstünlük qazandırmış, qələbəyə böyük töhfə vermişdir. Müharibə zamanı Yusif Məmmədəliyev “Molotov kokteyli” digər partlayıcıların yeni tərkibdə işlənib hazırlanmasını da təmin etmiş, onun elmi kəşfləri bu sahədə əsl inqilab yaratmışdır.

Yusif Məmmədəliyevin ev muzeyi ilə tanışlıq əsnasında bunu da öyrəndik ki, böyük alimin kəşfləri insanların sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişafına da ciddi təkan verib. Belə ki, görkəmli alim süni kauçukun yeni alınma üsulunu işləyib hazırlamış və onun hazırladığı bu üsul Fransa və digər dövlətlərdə hazırlanan süni kauçukdan daha ucuz və daha keyfiyyətli məhsul əldə etməyə imkan vermişdir. Etil spirti, süni liflər və digər məhsulların da yenidən və effektiv şəkildə işlənməsi Yusif Məmmədəliyevin adı ilə bağlıdır.

Azərbaycanın ilk kimyaçı akademiki olan Yusif Məmmədəliyevin ev muzeyinin həyətindəki “qızılgül dənizi” də füsunkar gözəlliyi ilə diqqət çəkir, insanı real dünyadan xəyallar aləminə aparır.

Ziyarət əsnasında məşhur alimin ev muzeyinin yaxınlığındakı əzəmətli büstünə də baş çəkməyi özümüzə borc bilir, onun böyüklüyü önündə baş əyirik...

Ordubad Tarix Diyarşünaslıq Muzeyində tarixə yolçuluq...

Ordubada səfər zamanı üz tutduğumuz məkanlardan biri də Tarix Diyarşünaslıq Muzeyi oldu.

Muzeydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən guşə fəaliyyət göstərir. Hansı ki, həmin guşənin yanında Ulu öndərin Ordubadla bağlı səsləndirdiyi tarixi sözlər yer alır: “Ordubad Azərbaycanın incisidir”.

Muzeyin içərilərinə doğru addımladıqca Azərbaycan xalqının zəngin tarixi və mədəniyyətindən xəbər verən çoxsaylı eksponatlar, maddi-mdəniyyət nümunələri sürətlə bir-birini əvəz edir. Burada antik toxuculuq alətlərindən tutmuş çini qablara, müxtəlif sənətkarlıq məhsullarına, eləcə də xalçaçılıq nümunələrinə rast gəlmək mümkündür. Üzərində qədim yazılar olan daş kitabələr də Ordubad Tarix Diyarşünaslıq Muzeyinin zəngin eksponatları sırasına daxildir.

Muzeydə Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərlə bağlı da ayrıca guşə fəaliyət göstərir ki, burada şəhidlərin şəkli və onlar haqqında məlumatla tanış olmaq mümkündür. Muzey daxilində şəhidlərimizlə bağlı guşənin yaradılması sadəcə Tarix Diyarşünaslıq Muzeyinin deyil, bütövlükdə Ordubad insanının, həmçinin, rayon rəhbərliyinin öz şəhidinə olan sevgi və ehtiram dolu münasibətindən xəbər verir.

Dırnıs – “Ordubadın İsveçrəsi” 

Ordubad rayonunun özü kimi onun kəndləri də həm qeyri-adi təbiət mənzərələri, həm də burada yaradılan müasir istirahət mərkəzləri ilə diqqət çəkir. Öz tarixi-mədəni keçmişi ilə yanaşı, həm də zəngin təbiəti ilə diqqət çəkən belə kəndlərdən biri də Dırnısdır.

Dırnısda təbiət gözəllikləri ilə insan əməyi tam bir vəhdət təşkil edir ki, bu da həmin kəndi bura qonaq gələn hər kəs üçün vazkeçilməz edir. “Səmanın qoynundakı yaşıl cənnət” təəssüratı yaradan Dırnısda bəzən cəmi bir neçə saat içində təbiətin bütün rəngarəngliyini yaşamaq mümkündür. Parlaq günəş şüalarının qısa zamanda qara buludlar və gur yağışla əvəzlənməsi, bahar təravətli dəqiqələrin anidən payıza məxsus tutqun və nisgilli hava ilə əvəzlənməsi Dırnısa xas özünəməxsus xüsusiyyətlərdən biridir.

Burada müasir tələblərə cavab verən ictimai iaşə müəssisələri, istirahər mərkəzləri və s. var ki, bu da Dırnısa turist axınını stimullaşdıran əsas amillərdən biridir. Təsadüfi deyil ki, bu kənd sadəcə Ordubadın deyil, bütün Naxçıvan diyarının İsveçrəsi hesab edilir ki, bu da ilk növbədə onun misilsiz təbiəti ilə bağlıdır.

Dırnısda inşa edilən süni göl və digər su hövzələrində farel balıqlarına, eləcə də təbiətin digər nadir nümunələrinə rast gəlmək, onları yaxından izləmək mümkündür.

“Cənnətdən bir parça torpaq” təsiri bağışlayan bu kənddə qonaq olmaq nə qədər xoşdursa, ondan ayrılmaq bir o qədər çətindir. Və biz də beləcə - Dırnısı görməyin sevinci və ondan ayrılmağın əzabı içərisində vətənimizin bu gözəl guşəsi ilə çətinliklə vidalaşırır və deyirik: “Yenidən görüşənə qədər!”

Seymur ƏLİYEV

 

2025-07-04 12:06:15
2894 baxış

Digər xəbərlər

28 May – Müstəqillik Günü: Tarixi Yaddaş, Millətin Dirçəlişi

Tarixdə elə günlər var ki, bəzən bütöv bir millətin taleyini dəyişir. O günlər millətin ruhuna hopur, yaddaşına köçür və hər nəsildə yeni nəfəs kimi doğulur. 28 May məhz belə bir gündür. 28 may Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə yazılmış müqəddəs bir tarix, bir millətin öz taleyini öz əllərinə almaq iradəsidir. Bu gün, Azərbaycanın azad nəfəs aldığı, müstəqilliyini dünyaya bəyan etdiyi gündür. Bu gün, əsrlər boyu istiqlal həsrəti ilə yanan ürəklərin dualarının cavabı, yurd uğrunda şəhid olanların xatirəsinə yazılmış bir qələbə nəğməsidir. 1918-ci il İstiqlal günəşi doğurdu. 1917-ci ilin çalxantılı Rusiyasında çar taxtdan salındı, imperiyanın divarları çat verdi. Bu çatlar arasında əsrlərlə sıxılmış xalqlar öz yolunu seçmək üçün fürsət qazandı. Azərbaycan xalqı da bu tarixə öz möhürünü vurdu. 1918-ci ilin 28 mayında Tiflisdə bir qrup maarifçi, mütəfəkkir və mübariz şəxs Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu, təkcə bir dövlətin deyil, bir ümidin, bir qürurun, bir arzunun doğulması idi. "Bir kərə yüksələn bayraq, bir daha enməz!" deyən Məhəmməd Əmin Rəsulzadənin səsi təkcə dövrünün deyil, gələcək nəsillərin də azadlıq çağırışı oldu. Demokratiyanın Şərqdəki qapısı Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk parlamentli respublikasına çevrildi. Bu dövlət cəmi 23 ay yaşadı, lakin bu zaman ərzində bir əsrə bərabər izlər buraxdı. Avropanın əksər ölkələrindən əvvəl qadınlara seçki hüququ verildi, Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayraq qəbul olundu, milli ordu, milli bank və pul vahidi yaradıldı, 1918-ci il 4 iyunda Osmanlı dövləti tərəfindən tanındı, Bakı azad edilərək milli hökumət şəhərə köçürüldü. Bu dövlətin ruhunda bərabərlik, ədalət və millətinə sədaqət vardı. Hətta "millət, məzhəb, sinif, cins fərqi qoymadan hər kəsin hüququ qorunacaqdır" deyə yazılmışdı İstiqlal Bəyannaməsində. Bu bəyannamə bir millətin azadlıq manifesti idi. 1920-ci ilin aprelində bolşeviklər Xalq Cümhuriyyətinin ömrünü yarımçıq qoydular. Müstəqillik nəğmələri sükutla əvəz olundu. Amma bu sükut içində istiqlal ruhu heç vaxt sönmədi. O, hər evdə, hər ürəkdə, hər duada yaşadı. 70 illik sovet əsarətindən sonra, 1991-ci ildə Azərbaycan yenidən dirçəldi, SSRİ dağıldı və xalq bir daha azad nəfəs aldı. Bu dəfə 28 Mayın ruhu daha güclü idi, çünki artıq bu torpaqda müstəqillik uğrunda şəhidlər və illərin mübarizəsi vardı. Tarix böyük liderləri nadir hallarda yetirir. Ancaq bəzi liderlər vardır ki, onların adı yalnız bir dövrü deyil, bütöv bir xalqın taleyini dəyişdirir. Ümummilli Lider Heydər Əliyev belə şəxsiyyətlərdən idi. Azərbaycan xalqının milli iradəsini, dövlətçilik ənənələrini və istiqlalını qoruyan, gələcəyə daşıyan dahi lider Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə ilk gəlişi 1969-cu ilə təsadüf edir. Sovet İttifaqı daxilində milli maraqları qorumağın, Azərbaycanı inkişaf yoluna çıxarmağın nə qədər çətin olduğunu tarix şahiddir. Amma o dövrdə ölkənin müxtəlif sahələrində böyük irəliləyişlərə nail olundu. Elm, təhsil və mədəniyyət, sənaye sahələrində əsaslı islahatlar aparıldı. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Azərbaycanın elmi və mədəni elitası formalaşdı. Bu illər ərzində Heydər Əliyev Azərbaycanın iqtisadi-sosial göstəricilərini SSRİ-nin qabaqcıl respublikaları səviyyəsinə çatdırdı. O, eyni zamanda milli kimliyin və şüurun qorunmasında böyük rol oynadı. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır bir dönəmdən keçirdi. Yeni müstəqilliyini qazanmış dövlət xaosun, daxili qarşıdurmaların, Ermənistanın təcavüzünün və iqtisadi çöküşün girdabında idi. Belə bir məqamda xalqın təkidli çağırışı ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı. Bu qayıdış sadəcə bir liderin yenidən vəzifəyə gəlməsi deyildi. Bu həm də Azərbaycan dövlətçiliyinin dirçəlişi idi. Dövlət qurumları möhkəmləndirildi, idarəetmədə sabitlik təmin olundu, Milli Ordu yenidən formalaşdırıldı və dövlətin təhlükəsizliyi təmin olundu. 1994-cü ildə atəşkəs elan edildi və müharibənin genişlənməsinin qarşısı alındı. “Əsrin müqaviləsi” imzalandı və bu neft strategiyası Azərbaycanı beynəlxalq enerji bazarına çıxardı və ölkəyə milyardlarla dollar sərmayə cəlb olundu. Konstitusiya qəbul olunaraq hüquqi dövlətin əsasları qoyuldu. Milli ideologiya formalaşdırıldı ki, bu yolda da “Azərbaycançılıq” məfkurəsi dövlətin təməl dəyərinə çevrildi. Azərbaycanın müstəqil dövlət kimi tanınması və beynəlxalq arenaya inteqrasiyası sahəsində də mühüm addımlar atdı. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əlaqələr genişləndi. Ulu Öndər Azərbaycanın regionda və dünyada strateji tərəfdaş kimi tanınmasına nail olundu. Türkiyə, ABŞ, Avropa ölkələri ilə möhkəm siyasi və iqtisadi əlaqələr quruldu. Onun rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil və etibarlı tərəfdaş obrazı qazandı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin ən mühüm təzahürlərindən biri də Azərbaycanın gələcəyini sağlam əllərə əmanət etməsi idi. O, öz siyasi kursunu davam etdirəcək ölkəni inkişaf etdirməyə qadir olan lider olaraq İlham Əliyevi irəli sürdü. Bugünkü müstəqil, güclü və qalib Azərbaycan bu etimadın nə qədər düzgün olduğunu sübut etdi. 2003-cü ildə xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev atasının siyasi irsini yalnız qoruyub saxlamaqla kifayətlənmədi, onu dövrünün yeni çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, qeyri-neft sektoru genişləndi, yoxsulluq və işsizlik azaldı, sosial rifah layihələri həyata keçirildi, dövlət idarəçiliyində modernləşmə, rəqəmsallaşma, şəffaflıq prinsipləri önə çəkildi, gənclərin təhsili, elm və texnologiyalara yönəlməsi üçün geniş imkanlar yaradıldı. Prezident İlham Əliyev modern Azərbaycanın siyasi, iqtisadi və hərbi əsaslarını yenidən formalaşdırdı, xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və beynəlxalq səviyyədə prinsipial mövqeyini nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirdi. Enerji diplomatiyası vasitəsilə ölkəmizi Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçuya çevirdi. Onun uğurlu diplomatik addımları nəticəsində Azərbaycan beynəlxalq müstəvidə öz sözünü deyən, prinsipial, etibarlı və müstəqil siyasət yürüdən dövlət kimi tanındı. İlham Əliyevin adını Azərbaycan tarixinə əbədi həkk edən ən böyük nailiyyət Qarabağın azad olunması oldu. 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən Müharibəsində onun Ali Baş Komandan kimi liderliyi sayəsində 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. Şuşa kimi strateji və mədəni şəhərimiz geri qaytarıldı. Ermənistan kapitulyasiya sənədinə imza atmağa məcbur edildi. İlham Əliyevin soyuqqanlılığı, qətiyyəti və xalqla birliyi sayəsində bu müharibə milli ruhun, ədalətin və suverenliyin qələbəsinə çevrildi. Onun "Qarabağ Azərbaycandır!" ifadəsi təkcə siyasi bəyanat deyil, xalqın iradəsinin, beynəlxalq hüququn və tarixi ədalətin bəyanı oldu. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına başlanıldı. Bölgədə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar tikildi. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə insan öz yurduna qayıtdı. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri ilə müasir texnologiyaya əsaslanan yaşayış məntəqələri yaradıldı. Mədəniyyət abidələri, dini məkanlar bərpa olundu. Prezident İlham Əliyev hər zaman xalqla təmasda olan, onun dərdini, sevincini paylaşan bir lider olmuşdur. Onun fəaliyyəti sübut etdi ki, müstəqil siyasət mümkündür, yalnız milli maraqlara söykənən qərarlar uğur gətirir. Səbir və strateji baxış qalibiyyətin əsas şərtidir. 17 il ərzində Qarabağın azadlığı uğrunda görülən hazırlıqlar Böyük Zəfərlə nəticələndi. Xalqın dəstəyini alan lider məğlubedilməzdir. İlham Əliyev Azərbaycanın müstəqillik yolunda ən etibarlı davamçısı, xalqının güvənc yeri, tarix yazan lideridir. Onun adı artıq təkcə Prezident kimi deyil, Qarabağın fatehi, Azərbaycanın güclənməsinin rəmzi, zəfərlə yazılmış gələcəyin memarı kimi tarixdə əbədi yaşayacaq. Bu gün qeyd etdiyimiz 28 May – Respublika Günü, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin şanlı irsini təcəssüm etdirir. Məhz cümhuriyyət qurucuları xalqımızın azadlıq və müstəqillik idealını gerçəkləşdirdilər. Onların qoyduğu əsaslar sonrakı dövrlərdə ölkəmizin milli oyanışının, dövlət müstəqilliyinin təməlini təşkil etdi. Bu müstəqillik ideallarını XX əsrin sonlarında böyük uzaqgörənlik, qətiyyət və müdrikliklə ümummilli lider Heydər Əliyev bərpa etdi, möhkəmləndirdi və müasir Azərbaycanın inkişafının əsasını qoydu. Onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev isə bu gün Azərbaycanı güclü, qalib və nüfuzlu bir dövlətə çevirmişdir. 28 May – Respublika Günü tariximizə qızıl hərflərlə yazılmış şanlı gündür. Bu gün həm keçmişə ehtiram, həm də gələcəyə inamın rəmzidir. Ulu öndərlərimizin yolu ilə irəliləyən müstəqil Azərbaycan daim yüksələcək! Respublika Gününüz mübarək!   Cəlil Xəlilov  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı: İsrafil Məmmədov

1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində dünyaya göz açmışdır. Hazırda Şəmkir Rayonu Qapanlı Kəndində Büstü ucaldılmışdır. Qapanlı Kənd tam orta məktəbi də hazırda İsrafil Məmmədovun adını daşıyır. Gəncə şəhərində adına ev müzeyi və abidə və küçə vardır.   1941-ci ilin dekabr ayında döyüşən ordudan Azərbaycana xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun Gəncə ş üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardan və minaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.   - Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.   Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi də məhv edildi. Radiostansiya isə salamat qaldı.   Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş və yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Məlumat üçün qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlıdır.   ...Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:   - Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.   General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.   Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları Qalina və Svetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və ailəsi həmin vaxt Gəncədə yaşadığı üçün Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.   Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.                                          

Hamısını oxu
Bergen-Belzen hərbi əsir düşərgəsində həlak olmuş azərbaycanlı əsirlərin xatirəsi əbədiləşdirilib

İkinci Dünya müharibəsi zamanı Almaniyanın hərbi əsir düşərgəsində həlak olan azərbaycanlı əsirlərin xatirə lövhəsinin açılışı olub. Azertac xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Azərbaycan və alman dillərində hazırlanmış xatirə lövhəsinin açılışı münasibətilə Bergen-Belzen memorial kompleksinin hərbi əsirlər məzarlığında mərasim keçirilib. Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Aşağı Saksoniya federal əyalət parlamentinin (Landtaq) sədri Hanna Naber, Aşağı Saksoniya federal əyalətinin təhsil naziri Yulia Villi Hamburq, Aşağı Saksoniya Memoriallar Fondunun icraçı direktoru və Bergen-Belzen Memorialının rəhbəri Elke Qriqlevski, Azərbaycan diasporunun nümayəndələri, eləcə də müxtəlif alman təşkilatlarının və qurumlarının nümayəndələri iştirak ediblər. Bergen-Belzen Memorial Kompleksinin tədqiqat və sənədləşmə departamentinin rəhbəri Akim Yah və Memorialın Beynəlxalq Məşvərət Şurasının üzvü Rolf Keller xatirə lövhəsinin açılışının bu əsir düşərgəsində əzab çəkmiş və həlak olmuş azərbaycanlı hərbçilərin xatirəsinə ehtiramın ifadəsi olduğunu vurğulayıblar. Səfir Nəsimi Ağayev çıxışında iki il əvvəl səfirlik tərəfindən Daxau, ötən il isə Zaksenhauzen əsir düşərgələrindən sonra Bergen-Belzen əsir düşərgəsində soydaşlarımızın xatirəsinə həsr olunmuş lövhənin açılışını mənəvi borcun yerinə yetirilməsi və tarixi hadisə kimi qiymətləndirib. Diplomat bu təşəbbüsün həlak olmuş əsirlərin xatirəsinin yad edilməsi ilə yanaşı, uzun müddət tarixin kölgəsində qalmış insanların, o cümlədən azərbaycanlı hərbi əsirlərin unudulmamasına, onların xatirəsinin əbədiləşdirilməsinə xidmət etdiyini vurğulayıb. “Bu gün biz buraya zorla gətirilmiş azərbaycanlı hərbi əsirlərin xatirəsini xüsusi ehtiramla yad edirik. Onlar vətənlərindən uzaqda məzarsız, adsız və yaxınları ilə vidalaşmadan dünyasını dəyişib. Bugünkü hadisə onların Avropanın kollektiv yaddaşında öz layiqli yerlərini tutmaları baxımından yüksək önəm daşıyır”, - deyə N.Ağayev qeyd edib. Səfir Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində nasizm üzərində qələbəyə mühüm töhfələrindən söz açaraq bildirib ki, müharibə dövründə 700 minə yaxın azərbaycanlı cəbhəyə yollanıb, onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Azərbaycanlı döyüşçülərin Stalinqrad, Kursk, Kiyev, Budapeşt və Berlin kimi əsas cəbhələrdə qəhrəmanlıqla vuruşduqlarını qeyd edən diplomat 10 minə yaxın azərbaycanlının Avropa müqavimət hərəkatında fəal iştirakını xalqımızın faşizmə qarşı qlobal mübarizədəki sarsılmaz mövqeyinin sübutu olduğunu bildirib. Bundan başqa, Azərbaycan neft sənayesinin müharibənin taleyində həlledici rol oynadığı vurğulanıb. Qeyd olunub ki, sovet ordusunun yanacağının böyük hissəsi, o cümlədən benzinin 80 faizi, sürtkü materiallarının isə 90 faizdən çoxu Azərbaycanda istehsal edilib. Çıxışlardan sonra xatirə lövhəsinin üzərindəki örtük götürülüb, əklillər qoyulub və həlak olmuş əsirlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qeyd edək ki, Almaniyanın Aşağı Saksoniya federal torpağında yerləşən Bergen-Belzen hərbi əsir düşərgəsində Avropanın müxtəlif ölkələrindən olan 120 min əsir saxlanılıb. Onlardan 52 mindən çoxu nasistlər tərəfindən öldürülüb. Bergen-Belzen hərbi əsirlər məzarlığında isə azərbaycanlı əsirlər də daxil olmaqla 19 min 580 sovet hərbi əsiri dəfn olunub. Nasizm üzərində qələbədən sonra bu məzarlıqda abadlıq işləri görülüb, burada xatirə abidəsi ucaldılıb. Əsir düşərgəsinin azad edilməsinin ildönümləri ilə əlaqədar hər ilin aprel ayında burada silsilə anım tədbirləri təşkil olunur.  Elvin Mövsüm Azərtac-ın xüsusi müxbiri Berlin  

Hamısını oxu
Polad Həşimovla Şuşada görüş, evimizi nişan verən polis zabiti, paralel dünyaya keçid...

I hissə burada: http://veteran.gov.az/news/1521-%C5%9Eu%C5%9Fa-Seymur%20%C6%8Fliyev    ...Çox keçmir ki, 10 maşından ibarət avtomobil karvanı təbiətin şah əsərlərindən biri olan Cıdır düzündə  cəmləşir. Mən daxili həyəcanımı zahiri soyuqqanlığımın arxasında gizlətməyə çalışaraq Cıdır düzünə - onun sehirli torpağına qədəm qoyuram. Və bu ilk addım uzaq uşaqlıq xatirələrimin dərinliyində gizlənən səhifələri möcüzəvi şəkildə yenidən işıqlandırır.  Cıdır düzü ilə görüşdə yadıma ilk düşən atam və ilk müəllimim Tərlan müəllimə - onlarla bu məkana etdiyim səfərlər olur.   Kəklikotu qoxulu torpaq, 30 il “yol gələn” doğma səs, qəlbimin üfüqlərində qərarlaşan işıqlı təbəssüm...   Cıdır düzü yaddaşımda hər zaman kəklikotu qoxulu torpaq kimi qalmışdı. Uşaq vaxtı atam və bacılarımla birlikdə Cıdır düzünə tez-tez gələr, buradan Topxana meşəsinə, Daşaltı çayına maraqla baxar, qayaların əzəmətini, ətrafımızdakı yaşıllığın nəhayətsizliyini heyrətlə seyr edərdik. Tez-tez gəlməyimimizə baxmayaraq, hər növbəti səfər bizdə eyni həyəcan və sevinci oyadır, bizi eyni dərəcədə məmnun edirdi. Atam uçurumun kənarına həddindən artıq yaxınlaşdığımız zaman bizə səslənər, yıxıla biləcəyimizdən ehtiyat edərək geri çəkilməyimizi istərdi.  Cıdır düzünə orta məktəbdən də də tez-tez səfər edərdik. Oxuduğum 1 nömrəli internat məktəbinin ibtidai sinif müəlliməsi-bütün uşaqların sevimlisi Tərlan müəllimənin rəhbərliyi altında bəzi əlamətdar günlərdə Cıdır düzünə gələr, burada süfrə açaraq evdən gətirdiyimiz yeməkləri bir-birimizlə paylaşar, onları dünyanən ən ləziz yeməkləri kimi iştahla yeyərdik. Açıq təbiət qoynuna kollektiv şəkildə edilən bu səfərlər bizi hədsiz sevindirər, belə günlərin yolunu həsrətlə gözləyərdik. Uşaqlar arasında bu günlər üçün özünəməxsus ad da fikirləşmiş, belə günləri “yeyib-içmək günləri” adlandırmışdıq. Bir-birimizə etiraf etməsək də,  hamımız qəlbimizin dərinliyində bilirdik ki, “yeyib-içmək günləri” ilə bağlı bizi sevindirən sadəcə təbiətə edilən birgə səfər, onun özü ilə birgə gətirdiyi sevinc deyildi. Bu sevincin içində həm də başqa bir sevinc - həmin günün dərs yükündən azad olmağın məmnunluğu, rahatlığı da gizlənirdi. Odur ki, Tərlan müəllimə sabah Cıdır düzünə gedəcəyimizi elan edəndə ikimizdə “ikiqat sevinc” baş qaldırır, bu barədə həmin gün dərsə gəlməyən yoldaşlarımıza telefonla böyük müjdə xəbər verirmiş kimi həyəcanla xəbər verərdik. Biz Cıdır düzündə süfrə salaraq evdən gətirdiyiiz yeməkləri yediyimiz zaman Tərlan müəllimə bizi ana nəvazişinin əks olunduğu işıqlı təbəssümlə seyr edir, nadinclik etməyək, xəsarət almayaq deyə bir an belə olsun bizi nəzarətsiz qoymurdu.  Ona görə də Cıdır düzünə ayaq basanda yadıma düşən ilk şey 30 il içimdə yol gələn atamın doğma səsi və Tərlan müəllmənin işıqlı təbəssümü oldu. Heç zaman ölməyən, hər zaman içimdə öz saflığını və cazibəsini qoruyub saxlayan ata səsi və müəllim təbəssümü...   Cadar-cadar olmuş torpaq, küskün qayalar, bağışlanmaq arzusu...   Cıdır düzünün müqəddəs torpağında dolaşarkən diqqətimi ilk cəlb edən şey ayağım altındakı torpağın cadar-cadar olması oldu. Hər zaman yamyaşıl ot örtüyünə bürünən, qayaları belə canlı təsir bağışlayan Cıdır düzünün bu görünüşü içimdə qəribə, anlaşılmaz hislər doğurdu. Bu torpağın susuzluqdan əziyət çəkən insan dodaqları kimi param-parça olmasına nə səbəb olmuşdu? Olmaya bu çatlar Şuşaya atılan “İsgəndər-M” raketlərinin, bir-birindən qorxunc mərmilərin topağın bağrında yaratdığı çat idi? Yoxsa bu çat doğma Şuşa insanının yolunu illərlə gözləməkdən, onların həsrətini çəkməkdən yaranmışdı? Bilmirəm. Amma həmin gün Cıdır düzünün sadəcə torpağı deyil, məğrurluğundan heç nə itirməyən qayaları da sanki küskün kimi görünmüşdü mənə. Dar məqamda umduğu yerdən kömək görməyən insan kimi incik idilər sanki...  ...Və bu yerdə içimdən günahkarlara məxsus bağışlanmaq arzusu baş qaldırdı. Cıdır düzünün hər qarış torpağı, daşı, qayası, otu, gülü, çiçəyi qarşısında diz çökmək, bu torpağın üzərində ilan kimi sürünmək, 28 il gecikdiyimizə, 28 il onu düşmənlər içində tək qoyduğumuza görə üzr istəmək arzusu keçdi içimdən...  Cıdır düzü, onun daşı-torpağı bu arzumu hiss etdimi? Deyə bilmirəm. Amma inanıram ki, bu gün olmasa da, bir gün Cıdır düzü də bizi anlayacaq, gecikdiyimizə görə bağışlayacaq bizi... Bəlkə o zaman Cıdır düzünün cadar-cadar olmuş torpağı da bütövləşəcək, qayaları da bizə sevgi və məhəbbətlə boylanacaq...   Yolunu unutduğum evimizin axtarışında...   Cıdır düzündən sonra avtomobil karvanı bizi Molla Pənah Vaqifin məqbərəsinə gətirir. Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir edilən məqbərə öz füsunkar görünüşü ilə göz oxşayır. Məqbərənin səmanın köksünə sancılan hündür divarları sanki böyük şairin söz səltənətinin ucalığından, nəhayətsizliindən xəbər verir. Molla Pənah Vaqifin məqbərəsinin yüzlərlər qızılgüllərlə bəzədilən həyəti də qızıl çəmənliyə bənzəyir. İnsan burada sadəcə qızılgüllərin deyil, həm də böyük Vaqifin ölümsüz şeirlərinin ətrini, rayihəsini hiss edir.  Daha sonra biz Şuşa şəhərinin mərkəzi meydanına yol düşürük. Burada bizi Yuxarı Gövhər ağa məscidi ilə görüş gözləyir. Lakin mən daha çox tapmalı olduğum ata evimiz haqqında düşünürəm. Evimizin Yuxarı Gövhər ağa məscidinə yaxın olduğunu bilsəm də, doğma evimizə aparan yol uşaq yaddaşımdan silindiyi üçün onu qısa vaxtda tapa bilib-bilməyəcəyim haqqından həyəcan və narahatlıqla düşünürəm. Odur ki, Yuxarı Gövhər ağa məscidi ilə ilk görüşdən dərhal sonra bizi gətirən avtobus sürücüsünə yaxınlaşıb burada nə qədər ləngiyəcəyimizi soruşuram. Sürücü bütün avtomobillərin yanacaq dolduracağını və bu səbəbdən də yalnız yarım saatdan sonra hərəkətə başlayacağımızı bildirir. Bu, o demək idi ki, evimizi tapmaq, onunla görüşmək üçün cəmi yarım saat vaxtım var və hər biri qızıldan qiymətli olan bu dəqiqələri maksimum şəkildə səmərəli qiymətləndirməliyəm. Bu səbəbdən də dərhal yolun o tayında dayanan polis zabitinə yaxınlaşıram. Inanmım böyük olmasa da, düşünürəm ki, bəlkə də məhəlləmizdəki insanları nişan verməklə evimizin yerini öyrənə, bununla bağlı bir ipucu əldə edə bilərəm. Əminəm ki, məhəlləmizə aparan yola düşsəm, o zaman nəinki küçəmizi, evimizin də yerini dəqiq müəyyən edə bilərəm. Məhz bu ümid məni polis zabitinə yaxınlaşdırır və mən elə ilk cümlədən sözün həqiqi mənasında şok oluram.   Sizi də, evinizi də, qonşularınızı da tanıyıram: Dəqiq koordinat və qəti xəbərdarlıq!   Polis zabiti ilə söhbətdən məlum olur ki, o, nəinki bizim evimizin yerləşdiyi məkanı, həm də mərhum atamı, qonşularımızı, onların hər birinin evini tanıyır, onların adını əzbər bilir. Bu xoş və demək olar ki, möcüzəvi tanışlıq məni hədsiz sevindirir və həyəcanlandırır. Polis zabiti Yuxarı Gövhər ağa məscidindən təxminən 200 metr qabaqdakı binanı nişan verərək deyir:  “O binanın tinindən sağa dön, orta yolu tutub irəlilə. Bu yol düz sizin küçəyə, sizin evə aparır. Amma bilmədiyin, tanımadığın heç bir əşyaya əl vurma”.  Zabitə köməyinə görə təşəkkür edib yola düzəlirəm. Hər ehtimala qarşı əlaqə nömrəsini də  telefonumda qeyd edir, çətinə düşəcəyim təqdirdə narahat edəcəyimi bildirirəm. Zabit köməyə hazır olduğunu bildirərək məni təbəssümlə yol salır.  Cəmi bir neçə dəqiqədən sonra mənə nişan verilən binanı keçib sağa dönürəm. Qarşıma üç yol ayrıcı çıxır. Orta yolu tutub eniş boyu irəliləyirəm. Dizə qədər ot-ələf basmış torpaq yolla irəlilədikcə zamanın uşaqlıq xatirələrimin üzərinə çökdürdüyü qaranlıq yenidən aydınlaşmağa başlayır. Sanki hansısa gizli keçid vasitəsi ilə paralel dünyaya – 28 il əvvələ, öz uşaqlıq dünyama keçid edirəm. Yadıma məhəlləmizdəki uşaqlarla bu yolla aşağı-yuxarı qaçdığımız, müxtəlif oyunlar oynadığımız vaxtlar düşür. Sanki həmin uşaqların şən sədalarını, qayğısız gülüşlərini, ayaq səslərini eşidirəm.  ...Yaddaşım dar yolun bir neçə dəqiqədən sonra məni küçəmizin yerləşdiyi genişliyə çıxaracağını söyləyir. Və nəhayət mən həmin genişliyə çıxıram. Amma... Gözlərimə inana bilmirəm. Qarşımda heç bir ev yoxdur. Vaxtiylə bir-birinə bitişik iki-üç mərtəbəli mülklərin yerləşdiyi küçə başdan-başa yabanı bitki və ağaclarla örtülüb. Yalnız ayrı-ayrı yerlərdə ağac və kolların arasında qaralan bəzi divarlar nə vaxtsa burada evlərin olduğundan, qaynar həyatın varlığından xəbər verir.  Evimizin yerini müəyən etmək üçün öncə küçəmizdəki məscidi tapmağa çalışıram. Evimiz həmin məscidlə üzbəüz yerləşdiyi üçün düşünürəm ki, məscidi tapmaq evimizin dəqiq yerini müəyyən etməkdə mənə kömək edə bilər. Tezliklə həsrət dolu baxışlarım sağ tərəfdəki məscidin erməni vəhşiliyindən nəsibini alan, yalnız quru divarları qalan xarabalığına dikilir. Mənə elə gəlir ki, erməni faşistlərinin qapı-pəncərəsindən tutmuş damına, döşəməsinə qədər söküb taladığı, viran qoyduğu məscid yaşadığı dəhşətləri, gördüyü vəhşilikləri quru divarları qalmış ürəkdağlayan görünüşü ilə car çəkməyə, bütün insanlığın diqqətinə çatdırmağa çalışır. Sanki quru divarları qalmış məscidin hər bir daşı hayrıraraq insan cildli iblislərin hücumuna məruz qaldığını, onların nifrət və kininə hədəf olduğunu  söyləyir, öz yaralı, param-parça vücudundan geridə qalan hissələri ilə hələ də sağ qaldığını, təslim olmadığını anlatmağa cəhd edir. Və eynən əzaları qoparılan insan kimi başsız- ayaqsız, qolsuz-qanaqdsız buraxılan, şeytani bir şəkildə təhqir edilən məsciddə baxdıqca anlayırsan ki, erməni xisləti ilə insan anlayışı arasında qismən də olsa ümumi nə isə tapmaq mümkün deyil. Eyni zamanda, əmin olursan ki, ermənilərlə müqayisədə antik dövrün insanları – mağara adamları belə kifayət qədər mədəni və humanist olublar. Ən azından ermənilərdən fərqli olaraq, onlar üçün müqəddəs, toxunulmaz nələrsə olub və onlar bu “nələrsə”yə ehtiram göstərməklə yeni dəyərlər, anlayışlar əldə ediblər.   ...Bir neçə dəqiqədən sonra məscidə dikilən ağrılı nəzərlərimi evimizi tapmaq ümidi ilə əks tərəfə yönəldirəm. Qarşımda yenə də sıx ağaclıq və kolluqlardan ibarət “yaşıl səhra” dayanır.  Mən nə qədər çalışsam da məhəlləmizin artıq mövcud olmadığı fikri ilə razılaşa bilmirəm və birdən mənə elə gəlir ki, bura bizim küçə deyil. Evimizlə, uşaqlı xatirələrimlə görüşmək istəyi mənə yolu davam etdirərək eniş boyu irəliləməyə səsləyir və mən bu səsin çağırışını qəbul edirəm...    Polad Həşimovla qəfil qarşılaşma, yaxud ölümsüz sevgi!    Aşağıya doğru uzanan yolu tutub irəliləyirəm. Bir qədər gedəndən sonra ensiz yol məni əvvəlkindən daha böyük genişliyə çıxarır. Bu kəs sağ tərəfimdə viran edilən uçulub-dağılmış məscid, sol tərəfimdən isə erməni faşisminin kor qoyduğu bulaq var. Lakin əvvəlki küçədən fərqli olaraq, burada işğaldan sonra Azərbaycan dövlətinin apardığı ilkin abadlıq işləri daha çox diqqəti cəlb edir. Yol kənarında bir neçə iri zibil qutusu qoyulub ki, bu da səsiszliyə qərq olan küçədə həyatın mövcudluğundan xəbər verir. Divar və səkilərdə Şuşanı azad edən qəhrəman döyüşçülərimizin qələbə əhval-ruhiyəli söz və cümlələri, sevinc nidaları, mesaj və çağırışları yer alır. Və birdən gözlərim yol kənarında ucaldılan lövhəyə - bu lövhə üzərində yazılan yazıya dikilir. Əllə yazılan, sadəcə bir və ya bir neçə döyüşçünün deyil, ümumilikdə xalqın arzusunu ifadə edən sözlər dünyanın ən sehirli kəlməsi kimi məni ovsunlayır: “Bu küçəyə Polad Həşimovun adı verilsin!”  Bu sözlərlə elə anda, elə psixoloji vəziyyətdə qarşılaşıram ki, özümü sanki Polad Həşimovla üzləşmişəm kimi çaşqın və qürurlu hiss edirəm. 2020-ci ilin 14 iyul tarixində Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Polad Həşimovun – onun ölümsüz xatirəsinin, ona olan sevgi və ehtiramın bir il sonra Şuşada anidən qarşıma çıxması qəlbimi sözün həqiqi mənasında təlatümə gətirir. Polad Həşimovla bağlı bir cümləlik istək mənə 44 günlük Vətən müharibəsində ordumuzun psixoloji əhval—ruhiyyəsi, mübarizə ruhu, döyüş əzmi haqqında cild-cild kitablardan daha çox söz deyir. Bu fakt sübut edir ki, 2020-ci ilin soyuq noyabr günlərində  Şuşa uğrunda ölüm-dirim savaşına qalxan hərbçilərimiz, həm də bütün şəhidlərimiz kimi Polad Həşimovun intiqamını almaq üçün mübarizə aparıb, ürəklərində Polad Həşimova sonsuz sevgi və ehtiram daşıyıblar. Şuşa erməni işğalından azad ediləndən dərhal sonra yol kənarındakı lövhəyə Polad Həşimovla bağlı məlum xahiş-müraciətin həkk edilməsi də, xalqın öz qəhrəmanına, şəhid generalına olan sonsuz məhəbbətindən, onu Şuşada, Şuşa ucalığında görmək arzusundan xəbər verir.  Mən çiynimdəki fotoaparatı işə salıb bu lövhədəki sözləri kameranın yaddaşına həkk edirəm. Düşünürəm ki, Bakıya qaydandan dərhal sonra döyüşçülərin bu arzusunu ictimaiyyiləşdirərək əlaqədar qurumların diqqətinə çatdıracam, Polad Həşimovun isminin Şuşada- Azərbaycanıln mədəniyyət paytaxtında da əbədiləşdirilməsinə səy göstərəcəm.  Şuşada Polad Həşimovla bu qəfil qarşılaşma bir həqiqəti də yadıma salır: Xalq sevgisi ölümsüzdür. Bu sevgi onu qazanan şəxsi hər yerdə izləyir, ona əsl ölümsüzlük və əbədiyyət qazandırır. Xalqın sevgisini, millətin məhəbbətini qazanan şəxs bu sevginin qanadları altında bütün zirvələri, yüksəklikləri fəth edir, öz adını tarixin yaddaşına qızıl hərflərlə həkk etdirir. Polad Həşimov nümunəsi buna ən böyük nümunədir.  Vaxtın azlığını nəzərə alıb Polad Həşimovla – onun isminin həkk edidiyi lövhə ilə vidalaşıb axtarışıma davam edirəm. Və inanmaq istəyirəm ki, bu gün mən son 28 ildə doğma evimiz, uşaqlıq xatirələrim, şüurumun yada salıb işığına yetişə bilmədiyi keçmişimlə bağlı narahat edən bütün suallara cavab tapa biləcəyəm...   Ardı var.  Seymur ƏLİYEV  P.S.Səfərdə iştirakıma şərait yaratdığı üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və şəxsən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə dərin təşəkkürümü bildirirəm.        

Hamısını oxu