Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları”

Zəfərin səsi bu torpağın hər daşından, hər nəfəsindən ucalır bu gün... 8 Noyabr - Azərbaycan xalqının qürur, şərafət və birlik günüdür. Bu gün yalnız bir bayram deyil, bu gün həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də general-mayor ömrünü Vətənə həsr etmiş bir əsgər, bir sərkərdə, bir qəhrəman nümunəsi olan Hikmət Hüseynovdur!

Füzulinin Pirəhmədli kəndində doğulan bu Vətən oğlu, cəbhənin ən qaynar nöqtələrində, taleyin sınaq yerlərində Vətən bayrağını ucaldanlardan oldu. Uşaqlıqdan torpağın hər qarışını sevə-sevə böyüyən Hikmət Hüseynov gənclik illərini hərbi forma ilə bəzədi, mərdliyin, intizamın və vətənpərvərliyin simasına çevrildi.

Aprel döyüşlərində “Ohanyan səddi” deyilən o səddi cəmi 40 dəqiqəyə darmadağın edən, Suqovuşan əməliyyatına qəhrəmanlıqla rəhbərlik edən bu sərkərdə Qarabağ zəfərinin memarlarından biri kimi tarixə düşdü. Onun adı bu gün gənclərə igidliyin, vətənpərvərliyin və qətiyyətin nümunəsi kimi təqdim olunur.

Ali Baş Komandanın “Dəmir Yumruq” iradəsi, ordumuzun birliyi və xalqımızın duaları bu qələbəni yaratdı. Bu zəfərin səsi bu gün hər evdə, hər ürəkdə eşidilir, çünki bu səs Vətənə sədaqətin, millətə sevginin səsidir. Hikmət Hüseynov kimi qəhrəmanların göstərdiyi rəşadət bu gün və gələcək nəsillər üçün örnəkdir.

Bu gün biz 8 Noyabr – Zəfər Gününü qeyd edərkən Hikmət Hüseynov kimi igidlərin xidmətini, fədakarlığını və Vətənə sonsuz bağlılığını minnətdarlıqla yad edirik.

Onlar döyüş meydanında tarix yazdılar, biz isə onların adını qürurla söyləyirik və deyirik: Azərbaycan xalqı öz qəhrəmanının adını tarixə qızıl hərflərlə yazır, yaddaşına möhürləyir və heç zaman unutmur. Dövlət isə qəhrəmanına qürurla sahib çıxır! Necə ki, General-mayor Hikmət Hüseyn oğlu Həsənov göstərdiyi igidliyə və yüksək komandanlıq bacarığına görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülmüş, həmçinin “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Bu gün Hikmət Həsənovun keçdiyi şərəfli hərbi yol – Vətənə sədaqətin, peşəkarlığın və əsl əsgər rəşadətinin parlaq nümunəsidir. Onun adı Azərbaycan Ordusunun Qələbə salnaməsində şərəf və qürur mənbəyi olaraq əbədi yaşayacaq.

Respublika Veteranlar Təşkilatı olaraq, torpaqlarımızın azadlığı uğrunda canını, sağlamlığını və illərini Vətənə həsr etmiş bütün igid qəhrəmanlarımızla fəxr edirik.

8 Noyabr – Zəfər Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik! Eşq olsun Azərbaycan Ordusuna!

 

Cəlil Xəlilov

Azərbaycan Respublikası Müharibə, Əmək və   Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

2025-10-15 15:15:04
5534 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının rəhbərliyi şəhid Hüseyn Novruzzadənin yas mərasimində iştirak edib

Sentyabrın 28-də Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının rəhbərliyi şəhid Novruzzadə Hüseyn Faiq oğlunun yas mərasimində iştirak edib.  Mərasimdə çıxış edən Təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov Hüseyn Novruzzadənin 19 sentyabr lokal antiterror tədbirlərində iştirak etdiyini, separatçılara qarşı mübarizədə böyük igidliklər göstərdiyi və bu mübarizədə qəhrəmancasına şəhid olduğunu bildirib. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün məhz şəhidlərin, veteranların qanı və canı bahasına təmin edildiyini bildirən Cəlil Xəlilov, dövlətimizin və xalqımızın öz şəhidlərini heç vaxt unutmayacağını, onları hər zaman minnətdarlıq hissi ilə yad edəcəyini bildirib. Polkovnik qeyd edib ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bütün şəhidlər kimi Hüseyn Novruzzadənin göstərdiyi igidliklərin də gənclər arasında təbliğini diqqətdə saxlayacaq, şəhidlərimizdən miras qalan qəhrəmanlıq irsinin davam etdirilməsi, onların adının əbədiləşdirilməsi üçün bütün imkanlardan istifadə edəcək. Allah rəhmət eləsin! Seymur ƏLİYEV  

Hamısını oxu
Cəlil Xəlilov: “Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik”  “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”  “Azərbaycanın haqlı mövqeyinin xaricdə çoxsaylı tərəfdarlar qazanması başlıca hədəflərimizdən olacaq” Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq. -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq? - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır. Bununla yanaşı, Təşkilatımızın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Məlumat üçün bildirim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar öz fəaliyyətlərini Təşkilatın illik tədbirlər planlarına uyğun qurmaqla, yerlərdə veteranlar, gənclər arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün mövcud maddi-texniki bazanın gücləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, Təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqmaətlərimizdən biri olacaq.  - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə, gənclərin öz xalqına, Vətəninə, dövlətinə sədaqət ruhunda yetişməsinə xüsusi diqqət göstərib. Təşkilatın əsas fəaliyyət prioritetlərindən olan bu istiqamətdə işin daha səmərəli qurulması üçün nələri planlaşdırırsınız? -          Şübhəsiz, bu məsələ Təşkilatımızın əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzimizdədir. Gənclərin vətənpərvər, öz xalqını, dövlətini, Vətənini sevən və ona layiqincə xidmət etməyə daim hazır olan şəxslər kimi yetişdirilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi indiki həssas dönəmdə ikiqat əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Bildiyiniz kimi, bu ilin sentyabr ayının 14-də VII çağrış Milli Məclisin açılışındakı nitqində dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yetirərək demişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Dövlət başçısının vurğuladığı kimi, məhz gənclərin vətənpərvərlik eşqi, Vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsinə xüsusi diqqət yetirməli, onların yad ideologiyalardan qorunması üçün lazımi iş aparmalı, bütün bu istiqamətdə əməli addımlar atmalıyıq. Bu məqsədlərin uğurla reallaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməyə çalışacağıq. Şübhə etmirəm ki, birgə, əlaqələndirilmiş fəliyyət öz nəticələrini verəckdir. Qeyd edim ki, Təşkilatımız bu məqsədlə ötən illərdə də bu istiqamətdə bir sıra görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirməklə, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etməklə bərabər, fəaliyyətimizin konkretliyini, səmərəliliyini yüksəlməli, hədəfyönlü olmalıyıq. İnanıram ki, biz səylərimizi artırmaqla, peşəkar kadrları cəlb etməklə bu işin də öhdəsindən gələ biləcəyik. Həmişə olduğu kimi, müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətlərinin Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi də diqqət mərkəzimizdə olacaq.  -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Təşkilatınız daha hansı addımların atılmasını məqsədəuyğun hesab edir? -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq. Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik.  - Ölkədə öz üzvlərinin sayına və digər parametrlərinə görə əsas veteran təşkilatı olaraq beynəlxalq əlaqələrinizin genişləndirilməsi və xarici veteran təşkilatları ilə münasibətlərin yeni keyfiyyət mərəhələsinə yüksəldilməsi üçün hansı planlarınız var? -          Bu istiqamətdə fəaliyyətimizi əsaslı şəkildə canlandırmağı düşünürük. Çünki bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı, Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq. Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi ilə Azərbaycanın haqlı mövqeyinin daha dolğun çatdırılması və yeni çoxsaylı tərəfdarlar qazanması üçün bu imkanlardan maksimum yararlanmağı düşünürük. Çünki dünyanın əksər ölkələrində veteran sözü getdikcə daha ucadan eşidilməkdə və dövlətlərin mövqeyinə təsir imkanlarını artırmaqdadır. Əlbəttə, bunun üçün zəruri xarici səfərlərin təşkili məqsədi ilə Təşkilatımıza maliyyə imkanlarının yaradılması lazımdır və biz bu məslənin öz həllini tapacağına inanırıq. - Təbliğat və təşviqat sahəsində hansı yeniliklər gözlənilir? Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir.  Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq. -          - Uğur olsun! -     -   Çox sağ olun. Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb.

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir.   Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid  ailələrinə diqqətini yüksək qiymətləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Xalqın etimad və rəğbətini qazanan dünya miqyaslı siyasi Lider, xarizmatik Şəxsiyyət

Yüksək beynəlxalq imic, regionun lideri, beynəlxalq miqyasda söz sahibi və dayanıqlı inkişaf kimi nailiyyətlərin müəllifi ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevdir.   Azərtac xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Pərvin Kərimzadə bildirib.   O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Müasir müstəqil Azərbaycan dövlətini xarakterizə edən bu nailiyyətlər, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi uğurlar, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizin qəlbini fəxarət hissi ilə dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.   Ötən ilin Vətən müharibəsində Azərbaycanın titulların sırasına “qalib dövlət” titulu əlavə olundu. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi əzəmətli bir qəhrəmanlıq dastanı kimi yaddaşlara yazıldı. Eyni zamanda, dünya ictimaiyyəti Azərbaycanın böyük zəfəri ilə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, tarixi uğurların müəllifi dövlətimizin başçısının mahir sərkərdəlik, liderlik bacarığını aydın gördü. “Qarabağ Azərbaycandır və nida” ifadəsi “Dəmir yumruq” əməliyyatında böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycan dövləti uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail oldu, 44 gün ərzində əks-hücum əməliyyatları ilə Ermənistanı diz çökdürdü, təcavüzkar ölkə tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi.   Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi, dövlətimizin başçısının qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizəsi məğrur xalqın qalib ruhunun güzgüsünə çevrildi.   Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı xalqı dəmir yumruq kimi birləşməyə, vətəndaşları milli birliyə dəvət etdi. 2003-cü ildə dövlətimizin başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrildi. Yola saldığımız hər bir ilin yekunları təsdiq edir ki, Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. “Bu gün Azərbaycan dünyanı bir daha heyrətləndirir. Bu dəfə işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa, yenidənqurma və quruculuq işləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş rayonlarımıza ardıcıl səfərləri Qarabağın dirçəlişini daha da sürətləndirib. Düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir, tarixinə, mədəni irsinə, ənənələrinə, dini mirasına qovuşur.   Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib.   Bu gün Prezident İlham Əliyev dünyanın ən təcrübəli dövlət başçılarındandır, xalqın sevimli rəhbəridir, Qarabağı işğaldan azad etmiş sərkərdədir, 30 illik münaqişəyə son qoymuş sülhpərvər siyasətçi və diplomatdır. Onun haqqında ən obyektiv proqnoz ulu öndər Heydər Əliyevə məxsusdur: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.   Özünü xalqın alternativsiz lideri, qüdrətli dövlət rəhbəri kimi təsdiq edən Prezident İlham Əliyev Azərbaycanı regionun lideri səviyyəsinə yüksəltməyi bacardı”, - deyən deputat fikirlərini yekunlaşdırıb.  

Hamısını oxu