Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları General-leytenant Şahin İsgəndər oğlu Məmmədovun Şərəfli Xidməti

8 Noyabr  - Zəfər Günü Azərbaycan xalqının tarixində əzəmətli qürur və şərəf səhifəsidir. Bu gün biz azadlığımız və suverenliyimiz uğrunda canını, qüvvəsini, biliyini Vətən yoluna sərf etmiş qəhrəman oğullarımızı ehtiramla yad edirik. Zəfərimizin təməlində belə igidlər, vətənpərvər, mərd, dövlətə sədaqətli komandirlər dayanır. Onların sırasında Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin İsgəndər oğlu Məmmədov xüsusi yer tutur. Onun həyat yolu Azərbaycan əsgərinin, zabitinin, sərkərdəsinin necə olmalı olduğunu göstərən parlaq bir nümunədir.

Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur. 1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov Ali Hərbi Komandanlıq Məktəbini, 1999-cu ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirmişdir.1979–1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1982–1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almış, 1986–1992-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, qərargah rəisi vəzifələrində xidmət etmişdir. 1992-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycana dönərək xidmətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində davam etdirmişdir. 1992–1997-ci illərdə əlahiddə tabor komandiri, qərargah rəisi, alay komandiri vəzifələrində, 1998-ci ildən etibarən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi, Daxili Qoşunların Qərargah rəisinin birinci müavini kimi yüksək vəzifələrdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə ona general-mayor, 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə isə Daxili Qoşunların komandanı vəzifəsi verilmişdir. 11 mart 2015-ci il tarixli Sərəncamla isə general-leytenant hərbi rütbəsinə layiq görülmüşdür. Xidməti fəaliyyətində yüksək peşəkarlıq və vətənə sədaqəti ilə seçilən general Şahin Məmmədov “Azərbaycan Bayrağı” ordeni, “Qarabağ” ordeni, “Hərbi xidmətlərə görə” medalı və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında da fəal iştirak etmiş, 1992-ci ildə Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi ilə yüksəklik düşməndən azad edilmiş, özü isə yaralanmışdır.

Bu gün Zəfər Günündə biz bir daha anlayırıq ki, Azərbaycanın qalib ordusu belə sərkərdələrin qətiyyəti, belə zabitlərin fədakarlığı sayəsində formalaşıb. General-leytenant Şahin Məmmədov kimi komandirlər öz həyatlarını dövlətin təhlükəsizliyinə, xalqın rifahına və torpaqlarımızın müdafiəsinə həsr ediblər. Onların xidmət yolu gənclərimiz üçün örnək, vətənə sədaqət məktəbidir. Bu gün Azərbaycan gəncləri bu qəhrəmanlardan ilham alır, onlardan öyrənir. Azərbaycan Veteranlar Təşkilatı adından general-leytenant Şahin İsgəndər oğlu Məmmədovu və onun timsalında bütün vətənpərvər zabit və əsgərlərimizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Sizlərin şərəfli xidmətiniz, fədakarlığınız və dövlətə sədaqətiniz xalqımız üçün qürur mənbəyidir. Qoy Zəfər ruhu daim yaşasın, Vətənimizin səsi hər zaman qalib səslə ucalısın! Yaşasın Azərbaycan əsgəri! Yaşasın qalib Ordumuz! Zəfər Gününüz mübarək!

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

2025-10-15 15:17:04
5677 baxış

Digər xəbərlər

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Manifest” adlı sərgi açılıb

Mayın 6-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində 9 May - Qələbə Günü münasibətilə Arzu Mürvətovanın “Manifest” adlı fərdi sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə rəssam-fotoqrafın Böyük Vətən müharibəsi veteranlarının fotolarından ibarət 40- dan çox əsəri nümayiş olunur. Mayın 10-dək muzey-sərgi kompleksində, sonra isə Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir. Çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yerinə dair fotoekspozisiya yaratmağı özünə borc bilən gənc fotoqrafın məqsədi XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaqdır. Həmçinin məqsəd müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir. Sərginin təşkilinə “Bakı Metropoliteni” QSC, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, ADRA, Azərbaycan Rəssamlar İttifaqı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “SUN Graphics” reklam və dizayn qrupu dəstək verir. Sərgi “Bakı Metropoliteni” ilə birgə layihə çərçivəsində reallaşıb. Qeyd edək ki, Arzu Mürvətova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və ADRA-nın məzunudur. Hazırda ADRA-da doktorantura pilləsində təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar kimi məşğul olur, bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, təşkilat komitəsinin qəbul üzrə koordinatorudur.

Hamısını oxu
Milli Mətbuatın 142 illiyi ərəfəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatında Milli Mətbuatın 142 illiyi ərəfəsində - Milli Mətbuat və Jurnalistika Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan sədr müavini, e.o polkovnik Cəlil Xəlilov ölkəmizin jurnalist ictimaiyyətini, Təşkilatın əməkdaşlıq etdiyi media qrumlarının nümayəndələrini və Respublika Veteranlar Təşkilatının mətbu orqanı olan “Azərbaycan Veteranı” qəzetinin əməkdaşlarını Milli Mətbuat və Jurnalistika Günü münasibətilə təbrik edib, onlara cansağlığı, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayıb. Natiq bu günün önəmindən danışaraq vurğulayib ki: “Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı "Əkinçi" qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Azərbaycanda mətbuat siyasəti "Azad söz azad cəmiyyətin təməl daşıdır" prinsipi əsas meyar kimi götürülməklə müəyyənləşmişdir. Bu gün ölkə rəhbərliyi jurnalistləri xüsusi qayğı ilə əhatə edir. Dövlət başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həlli istiqamətində mütəmadi olaraq sərəncamlar verir, tapşırıq və göstərişlərini çatdırır. Bu il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 255 mənzilli binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bu gün təməli qoyulan növbəti bina isə, yaxın illərdə jurnalistlərin ixtiyarına veriləcəkdir. Tədbirin sonunda Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr və analitik informasiya bölməsinin rəhbəri və “Azərbaycan Veteranı” qəzetinin kollektivi Mətbuat Günü münasibətilə mükafatlandırılmışdır.

Hamısını oxu
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imzalayıblar. İmzalanma mərasimindən sonra AzTU-nun rektoru Vilayət Vəliyev və BTU-nun prezidenti Gezine Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər. Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub. Qeyd edək ki, nümayəndə heyətində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev də iştirak edib. Yaqub Piriyev Almaniyanın mühəndis təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu müqavilə Almaniya universitetləri ilə imzalanan ilk ikili diplom müqaviləsidir. O da qeyd olunub ki, Təhsil Nazirliyi Almaniya universitetləri ilə ikili diplom proqramlarına böyük əhəmiyyət verir. Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb. Nümayəndə heyətinin səfəri davam edir.  

Hamısını oxu
Şəhid Azad Bəkirlinin xatirəsinə həsr edilən şahmat turniri keçiriləcək

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə sentyabrın 27-də 45 saylı tam orta məktəbin həyətində, açıq səma altında Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Azad Bəkirlinin xatirəsinə həsr olunan şahmat turniri keçiriləcək.   Azad Bəkirlinin 27 sentyabr doğum günüdür. Yaşasaydı 29 yaşı tamam olacaqdı.   O, Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılaraq, qalib ordumuzun sıralarına qoşulmuş, Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışdır.   Allah rəhmət eləsin!  

Hamısını oxu