Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”

“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri beynəlxalq ictimaiyyətin Zəngəzur dəhlizi ilə ilk canlı təmasıdır”.

Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, səfər sayəsində xarici diplomatlar işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə bağlı ətraflı məlumat əldə edib, inqilabi yenilikləri öz gözləri ilə müşahidə ediblər:

“2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin  Cəbrayıl və Zəngilan rayonlarına səfəri beynəlxalq birlik nümayəndələrinin  işğaldan azad edilən ərazilərə sayca 20-ci səfərdir və bu səfər hər mənada çox böyük əhəmiyyətə malikdir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib ki, bu da Zəngəzur dəhlizinə olan marağın böyüklüyünə dəlalət edir.

Səfər zamanı diplomatlar Zəngəzur dəhlizi boyu görülən işlərlə, işğaldan azad edilən ərazilərdə dövlətimizin qısa zaman ərzində həyata keçirdiyi bir-birindən əzəmətli layihələrə tanış olublar. Səfər əsnasında əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, sözügedən dəhlizin istifadəsinin regional iqtisadi inkişafa verəcəyi töhfəyə yönəlib.

Bundan öncəki səfərlər kimi bu səfər də dövlətimizin işğaldan azad edilən ərazilərdə gördüyü böyük işləri, xalqımızın quruculuq əzmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm önəm kəsb edirdi. Səfərdə iştirak edən diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Zəngəzur dəhlizinin açılışı üçün Azərbaycanın gördüyü irimiqyaslı işlərlə tanış oldular, həyata keçirilən layihələrin miqyasından heyrətlərini ifadə etdilər. Bu səfər bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sülh ölkəsi, Azərbaycan xalqı isə yaradıcı xalqdır və onun inkişaf strategiyası bütün regionun maraqlarına cavab verir.

Artıq bütün dünya əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəmir iradəsi, sonsuz qətiyyəti və ardıcıl səyləri nəticəsində Zəngəzur dəhlizi ən qısa zamanda fəaliyyətə başlayacaq, bu fəaliyyət onlarla ölkənin sosial-iqtisadi rifahının yaxşılaşmasına mühüm töhfə verəcək”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2025-11-03 11:35:52
2523 baxış

Digər xəbərlər

Mehdi Hüseynzadə hər birimizə nümunə olmalıdır

Bakı şəhəri Binəqədi rayonun 276 saylı tam orta məktəbdə Azərbaycanın görkəmli oğlu İkinci Dünya müharibəsində Yuqoslaviya müqavimət hərəkatının üzvü, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubiley tədbiri keçirilmişdir. Tədbir başlanmazdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səslənmiş, İkinci dünya müharibəsində həlak olmuş azərbaycanlıların, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev açmışdır: “Bu günki tədbirimiz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr edilmişdir. Bilirsiniz ki, bu yubileyin dövlət səviyyəsində geniş qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəybərliyi tərəfindən Mehdi Hüseynzadənin, ümumən İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların fəaliyyətinə necə yüksək dəyər verilməsinin növbəti sübutudur.”. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov demişdir: “Bu günkü tədbirimiz Sovet İttifaqı Qəhrəmanı, Mixaylo ləqəbi ilə dünyada tanınan Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi çərçivəsində keçirilir. Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdurr. O, nəinki ölkəmizdə Avropada, mən deyərdim bütün dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə yüz il əvvəl dekabr ayının 22-də Bakının Novxanıkəndində anadan olmuşdur. Qəhrəman Azərbaycan oğlu döyüş zamanı əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulmuşdur. Mehdi Hüseynzadə Yuqoslaviya, Triest, İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparmış, kəşfiyyat-təxribat qrupun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir və onun adının əbədiləşdirilməsi üçün ölkə miqyasında görülmüş və gələcəkdə də görüləcək işlər bu minnətdarlığın nəticələridir. Bu gün Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğulllara daha böyük ehtiyacı var. Çünki, Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan Respublikasının hərbi birləşmələrinin işğalı altındadır. Ölkənin yeniyetməsindən, gəncindən tutmuş ahıl yaşlı insanlarına qədər hər birimiz Vətənin bütövlüyü, ərazilərimizin işğaldan qurtarması üçün hər an hazır olmalıyıq. Doğrudur, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bu gün düşmənin istənilən təxribatının qarşısını vaxtında almağa, torpaqlarımız erməni işğalından qurtarmağa tam qadirdir. 2016-cı il aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Ancaq Azərbaycan bu münaqişəni sülh yolu ilə, qan tökülmədən həll etmək istəyir. Bunun mümkün olmayacağı halda, möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında güclü və müasir Azərbaycan ordusunun düşmənə öz yerini göstərəcəyinə əminik. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə digər çıxış edənlər Binəqədi rayon Veteranlar Təşkilatının sədri  Telman Hətəmov, jurnalist Ruqiyə Əliyeva və başqaları çıxış edərək Mehdi Hüseynzadənin və İkinci dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücayətindən danışmış, Azərbaycan zabit və əsgərlərinin bu gün öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman oğul və qızlarımızın üçrəngli bayrağımızı işğal altındakı ərazilərimizdə dalğalandıracaqlarına inandıqlarını bildirmişlər.

Hamısını oxu
“Xalqımız ordumuzun yanındadır və erməni təxribatını lənətləyir”

Cəlil Xəlilov: “Dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”   Xəbər verdiyimiz kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısını almaq üçün  zəruri cavab tədbirləri həyata keçirib.   Veteran.gov.az-a açıqlamasında Azərbaycan-Ermənistan sərhəddindəki qarşıdurmaya münasibət bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov, Azərbaycan xalqının ordusunun yanında olduğunu bildirib, onu qətiyyətlə dəstəklədiyini bilidirb:   “Ermənistan post-müharibə dönəmində Azərbaycana qarşı çoxsaylı təxribatlar törədib ki, sentyabrın 12-dəki irimiqyaslı təxribat bu təxribatların məntiqi davamıdır. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, onlar bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Əksinə, belə təxribatlar Ermənistanın özü üçün acı nəticələrə səbəb olacaq. Artıq rəsmi məlumatlardan da göründüyü kimi, Azərbaycan ordusu düşmən təxribatına elə ilk dəqiqələrdən layiqli cavab verib, bu təxribatların qarşısının alınması üçün qətiyyətli addımlar atıb.   Azərbaycan xalqı erməni təxribatını lənətləyir və bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusunun atdığı cavab addımlarını dəstəkləyir. 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan xalqı bu gün də öz şanlı ordusunun, onun Müzəffər Ali Baş Komandanının yanındadır. Heç bir təhdid, heç bir təxribat 44 günlük Vətən müharibəsinin gətirdiyi status-kvonu dəyişə, Azərbaycanı geri çəkilməyə, güzəştə getməyə vadar edə bilməz. Ordumuz  tərəfindən dövlətimiz və xalqımız üçün təhdid yaradan hər bir halın qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır. Yaşasın Azərbaycan Ordusu!”.   Seymur ƏLİYEV

Hamısını oxu
Vətənpərvərlik hər bir gəncin ürəyində.

23 oktyabr 2018-ci il tahrixdə Bakı şəhəri, Binəqədi rayonu 83 nömrəli məktəb Liseydə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə və Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan  Respublikası Müharibə, Əmək  ve Silahlı Qüvvələr Veteranları Təşkilatın  gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyevin və həmin şöbənin mütəxəssisləri İsmayıl İsmayılov, Nəbi Hacıyevin iştirakı və liseyin pedaqoji, şagird kollektivi ilə görüş keçirilmişdir. Görüşdə məktəbin direktoru, riyaziyyat elmləri namizədi Nəbi Mahmudov müntəzəm olaraq liseyin pedaqoji və şagird kollektivinin Respublika Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə Təşkilatın 30 illik yubiley medalı ilə təltif olunmuşdur. Eyni zamnada vətənpərvərlik işində fəal iştiraklarına görə liseyin bir qrup müəllim və şagirdləri Fəxri Fərmanla təltif olunmuşdur.

Hamısını oxu
TƏBİB və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında memorandum imzalandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov və Komitə sədrinin müavini Fuad Hüseynov imzalayıblar. Memorandum tərəflər arasında işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini, koordinasiya prosedurlarını müəyyən edir. TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ata-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarının böyük tarixi hadisə olduğunu bildirib. V.Qurbanov tərəflər arasında görüşlər, məsləhətləşmələr və danışıqlar prosesində məcburi köçkünlərlə iş sahəsində qarşılıqlı əməkdaşlığın digər formalarına da baxıla biləcəyini deyib. O, öz yurdlarına qayıdan vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi istiqamətində bundan sonra da qarşılıqlı əməkdaşlıq ediləcəyini qeyd edib. Köçürülən şəxslərin könüllülük prinsipi əsasında ümumi müayinə və yoxlanışlarının, habelə laborator, instrumental və digər tibbi müayinələrinin aparıldığını vurğulayıb: “Zəngilan rayonun Ağalı kəndində müasir standartlara cavab verən ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) istifadəyə hazır vəziyyətdədir. Ailə sağlamlıq mərkəzinin tibbi personalı 26 iyul tarixindən etibarən Ağalıya köçürüləcək. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım briqadası sakinlərə xidmət göstərir”. Çıxış edən Komitə sədrinin müavini Fuad Hüseynov bildirib ki, məcburi köçkünlər hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə sakinlərin dayanıqlı məskunlaşması üçün əlverişli yaşayış mühiti yaradılıb. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində işlər həyata keçirilir. Dövlət Komitəsi tərəfindən Zəngilan rayonunun Ağalı kənd sakinlərinin yeni yaşayış sahələrinə köçürülməsinin birinci mərhələsinə artıq yekun vurulub. 41 ailə - 201 nəfər Ağalı sakini doğma yurduna köçürülüb. İşğal altında saxlanılan ərazilərin bərpası və yenidənqurulması, bu yerlərin ən abad guşələrə çevrilməsi, eyni zamanda geri qayıdan məcburi köçkünlərin rahat, təhlükəsiz yaşayışının təmin edilməsi dövlətin prioritetlərindəndir və onlara dəstək tədbirləri davam edəcək. Belə ki, mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirləri onların əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən, müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması baş tutacaq. Memorandumun müddəti imzalandığı tarixdən üç il ardıcıl davam edəcək.  

Hamısını oxu