Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib

Modern İnkişaf və Ailə İctimai Birliyi tərəfindən 4 noyabr 2025-ci il tarixində  erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümü münasibətilə “Güclü lider, güclü dövlət” adlı tədbir keçirilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdən öncə Azərbaycan Respbublikasının Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva 8 Noyabr zəfərinin önəmindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə sərgilədiyi fədakarlığa diqqət çəkib:

“8 Noyabr Azərbaycanın hərb tarixində ən böyük uğur, ən parlaq qələbədir. Düz 5 il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni faşizmi üzərində qəti qələbə qazanaraq işğaldakı torpaqları düşməndən azad etdi.

Bizi zəfərə qovuşduran cənab Prezidentimiz olsa da, bu siyasətin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu heç kimə sirr deyil. Ümummilli ldier vaxtiylə deyirdi ki, biz hökmən Füzuliyə də, Laçına da, Kəlbəcərə də qayıdacağıq. Heydər Əliyevin bütün müsahibə və açıqlamalarında Azərbaycanın tarixi zəfərinə olan dərin inam ifadə olunurdu. 2020-ci ilin 8 noyabr tarixində xalqımızın əldə etdiyi tarixi zəfər sübut etdi ki, Ulu öndər inamında haqlı imiş. Azərbaycan xalqı öz böyük sərkərdəsi, cəsur Prezidenti, şəhid və qazilərinin qəhrəmanlığı sayəsində tarixdə misli-bərabəri olmayan zəfərə imza atdı.

Bu böyük sevinci bizə yaşatdığı üçün şəhidlərimizin, qazilərimizin qarşısında baş əyir, Müzəffər Ali Baş Komandanımıza sonsuz sevgi və minnətdarlığımızı bildiririk”.

Tədbirdə çıxış edən millət vəkili Vüqar İsgəndərov 8 Noyabr zəfərinin sadəcə Azərbaycan deyil, türk-islam dünyası baxımından böyük qələbə olduğunu bildirib.

Müharibə zamanı bütün xalqın Prezident İlham Əliyevin ətrafında sıx biləşdiyini vurğulayan millət vəkili, xalqımızı və dövlətimizi gələcək bəlalardan qorumaq, uğur və qələbələrimizi davam etdirmək üçün Vətən müharibəsi dönəmindəki birlik və bərabərliyi qoruyub saxlamağın vacibliyinə toxunub.

Şəhid anası Mehriban Abdurrəhmanova çıxışında Ordumuzun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlğından danışıb:

“Ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdı. Hərbçilərimiz  şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldı. Bir nəfər də olsun mülki erməniyə xətər yetirmədi. Bu müharibə bir daha sübut etdi ki, xalqımız qəhrəman olduğu qədər də mərhəmətlidir”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov da çıxışında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində tarixi rəşadət göstərdiyini söyləyib:

“44 günlük Vətən müharibəsi xalqımızın bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcəyini sübut etdi. Azərbaycan xalqı sübut etdi ki, o, özünü, öz torpağını qorumağa qadirdir və bundan sonra da  Prezidentinin ətrafında sıx birləşməkdə davam edəcək”.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abbasova, Qarabağ əlili Hüseyn Tahiroğlu da Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın Vətən müharibəsində göstərdiyi fədakarlğın bütün dünyanı heyrətə saldığını qeyd edib.

Tədbirdə çıxış edən vəkil Şəfiqə Nağıyeva Prezident İlham Əliyevin hər bir azərbaycanlının arzusunu reallığa çevirdiyini bildirib. O, qeyd edib ki, “Qarabağ Azərbaycandır” ifadəsi hər zaman səslənsə də, bu ifadə praktikada öz yerini məhz 2020-ci ilin 8 Noyabr zəfərindən sonra tutub.

Şəhid anası Lətifə Novruzova, Vətən müharibəsi qazisi Elçin Əhmədov, vəkil Lətifə Əliyeva, şəhid anası Alimə Cəfərova da çıxışlarında 8 Noyabr zəfərinin önəminə toxunub, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqları yüksək qiymətləndiriblər.

Daha sonra Modern İnkişaf və Ailə İctimai Birliyinə yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda tanınmış müğənnilərin ifasında vətənpərvərlik mahnıları səsləndirilib, xatirə şəkli çəkilib və 100-dən çox şəhid ailə üzvünə, qazilərə ziyafət verilib.

2025-11-04 18:13:27
2935 baxış

Digər xəbərlər

Rəsmi İrəvan erməni xalqını yeni problemlərlə üz-üzə qoymaqdan çəkinməlidir

Ermənistanın təxribat cəhdləri onun özünün fəlakəti ilə nəticələnə bilər. Ermənistanın sərhədin müxtəlif istiqamətlərində zaman-zaman təxribatlara cəhd etməsi, ordumuzun mövqelərini atəşə tutması terrorçu dövlətin özü üçün böyük fəlakət və ağır itkilərə yol aça bilər. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert polkovnik Cəlil Xəlilov deyib. C.Xəlilov bildirib ki, Azərbaycan 2020-ci il 10 noyabr Bəyanatının icrasına sadiqlik nümayiş etdirir və bu Bəyanatın bütün şərtlərinin icrası istiqamətində ardıcıl addımlar atır. Təəssüf ki, Azərbaycandan fərqli olaraq, Ermənistan 44 günlük müharibədə darmadağın olmasına baxmayaraq, hələ də təxribatlardan əl çəkmir, müxtəlif yollarla öz məkrli niyyətlərini həyata keçirməyə çalışır. Halbuki hər kəsə məlumdur ki, məğlub Ermənistanın qalib Azərbaycan qarşısında hansısa uğura nail olması mümkün deyil. Ermənistan bunun üçün gərəkli olan hər cür perspektivdən uzaqdır. Polkovnik qeyd edib ki, Ermənistan da bu həqiqəti anlamalı, belə təxribatlarla xalqını yeni problem və itkilərlə üz-üzə qoymaqdan çəkinməlidir. Rəsmi İrəvan dərk etməlidir ki, əgər bu təxribatlar davam edərsə, o zaman “Dəmir yumruq” yenidən hərəkətə gələ bilər. Bu da Ermənistan üçün son deməkdir. Çünki Azərbaycan bu günədək belə təxribatlar qarşısında kifayət qədər səbir və təmkin nümayiş etdirib. Bundan sonra Ermənistanın atdığı hər təxribatçı addım Azərbaycan tərəfindən daha sərt cavab tədbirinə səbəb ola bilər ki, bu da Ermənistanın, sadəcə, bu gününü deyil, sabahını da sual altında qoyacaq.

Hamısını oxu
Faiq İsrafil oğlu Hüseynovla bağlı Sabirabad rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib

Birinci Vətən Müharibəsi Qazisi, Sabirabad rayon Veteranlar Təşkilatının sədri, Faiq İsrafil oğlu Hüseynovun anadan olmasının 50, ictimai fəaliyyətinin 25 illinin tamam olması münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilmişdir. Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq Faiq müəllimi təbrik etmiş və ona rayon gənclər və idaman idarəsinin Fəxri Fərmanını təqdim etmişdir. Sabirabad rayon Mərkəzi Xəstəxansının Direktoru Ənvər Lümanov, Qafqaz Ruhaniləri İdarəsinin Sabirabad nümayəndəsi Ağakərim Sadıqov, YAP Sabirabad rayon Təşkilatının aparat rəhbəri Ağadadaş Həsənov, M.Müşviq adına 4 saylı şəhər orta məktəbinin direktoru Mahir Zahidov və başqaları çıxış edərək yubiliyarı təbrik ediblər. Sonda Faiq Hüseynov çıxış edərək öz minnətdarlığın bildirib.   yaztv.az  

Hamısını oxu
Bir döyüşdə düşmənin 4 tankını məhv edən Sovet İttifaqı Qəhrəmanı: Qəzənfər Əkbərov!

Sovet İttifaqı Qəhrəmanı  Əkbərov Qəzənfər Qulam oğlu 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.   1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.   Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.                                    

Hamısını oxu
“Bahadur Hüseynov veteranların dostu, gənclərin idealı, əsl xeyirxah idi”

Cəlil Xəlilov: “Onun xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq”   Sabah 15 dekabr – Azərbaycan xalqının böyük oğlu, mərhum general Bahadur Hüseynovun anadan olmasının 100-cü ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama varən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bahadur Hüseynovun sadəcə çekist kimi peşəkarlığı ilə deyil, həm də öz xeyixahlığı, sadəliyi, səmimiyyəti ilə böyük hörmət və ehtiram qazandığını vurğulayıb:   “Bahadur Hüseynov hər şeydən öncə peşəkar hərbçi, təcrübəli hüquqşünas, əla çekist idi. Onun həyat və fəaliyətinə nəzər salsaq görərik ki, o, harada işləməsindən asılı olmayaraq, hər zaman öz işinə böyük məsuliyyət və vicdanla yanaşmış, ona həvalə edilən hər bir işi maksimum səviyyədə yerinə yetirməyə çalışmışdır. Məhz çalışqanlığı, yorulmazlığı, işə məsuliyətli münasibəti onun xidmət pillələrində sürətli yüksəlişinə yol açmış, Bahadur Hüseynov adını hər yerdə məşhurlaşdırmışdı.   Ancaq Bahadur Hüseynovu insanlara sevdirən onun sadəcə peşəkar mütəxəssis kimi fəaliyyəti deyildi. Bahadur Hüseynov həm də hərbçilərin, veteranların yaxın dostu, əsl xeyirxah idi. O, tabeçiliyində çalışan hər bir şəxsin sosial durumu, ailə vəziyyəti ilə yaxından maraqlanır, onların hər bir probleminin həllinə səy göstərirdi. Onlarla hərbçinin mənzil probleminin həlli, ailə qurması, sosial rifahını yaxşılaşdırması Bahadur Hüseynovun adı ilə bağlıdır.   Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının sədri olduğu dönəmdə də veteranların sosial təminatının güclənməsi üçün əlindən gələni əsirgəməmiş, bütün imkanlardan istfadə edərək veteranların həyat səviyyəsini yüksəltməyə çalışmışdır. O, öz sadəliyi, səmimiliyi, insanlara doğma, qayğıkeş  münasibəti il hər kəsin sevimlisinə çevrilmişdi. Məhz bütün bu xüsusiyyətlərin cəmi Bahadur Hüseynovu gənclərin idealına çevirmişdi. Hansı ki, bu gün də Bahadur Hüseynovu öz idealı hesab edən kifayət qədər gənc mövcuddur. Bu baxımdan Bahadur Hüseynovu gənclərin əbədi idealı adlandırmaq olar.   Bu gün Bahadur Hüseynov fiziki baxımdan aramızda deyil. Amma onun qoyub getdiyi məktəb, hazırladığı kadrlar, dövlətimiz, xalqımız üçün gördüyü işlər göz önündədir.   Bahadur Hüseynov ömrünü vətəninə, millətinə həsr edən böyük azərbaycanlı olub və nə qədər ki, Azərbaycan xalqı var, o da bu xalqın digər böyük övladları kimi xalqın yaddaşında əbədi yaşayacaqdır”.  

Hamısını oxu