Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik: Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir

Bakı, 29 yanvar, AZƏRTAC

“Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir”.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı əsl mənzərəni üzə çıxardı: “2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, müasir Azərbaycan gəncləri öz vətənlərinə, bayraqlarına, milli-mənəvi dəyərlərinə dərin sevgi və bağlılıq hiss edir, dövlətimizin inkişafında yaxından iştirak edirlər. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramları, məqsədyönlü siyasət gənclərimizi dövlətimizin inkişafının avanqard qüvvəsinə çevirib.

Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr, onlara göstərdiyi qayğı da sevindiricidir və təqdir edilməlidir.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin gücünü, Vətən sevgisini, cəsarət və mübarizə ruhunu dünyaya göstərdi. Müharibə sübut etdi ki, gənclərimiz dövlətimiz, xalqımız üçün təhdid təşkil edən istənilən təhlükəni aradan qaldırmağa, öz qətiyyətləri, rəşadətləri, cəsarətləri ilə Vətənimizin düşmənlərini darmadağın etməyə, öz adlarını tarixə qızıl hərflərlə yazmağa qadirdir”.

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının gənclərlə sıx əməkdaşlıq etdiyini, öz sıralarını gənc veteranlar hesabına sürətlə genişləndirdiyini vurğulayıb: “Təşkilatımız ilk gündən gənclərlə əməkdaşlığa mühüm önəm verib, onlarla mütəmadi şəkildə görüşlər keçirib. Bu baxımdan “Nəsillərin görüşü” silsiləsindən hər il çoxlu sayda görüş təşkil olunur ki, bu görüşlərdə gənclər və veteranlar bir yerə toplanır, qarşılıqlı fikir mübadiləsi aparırlar. Belə görüşlər gənclərimizin veteranlarımızın həyat və mübarizə yolunu daha yaxından öyrənməyə, öz dünyagörüşlərini zənginləşdirməyə kömək edir.

Respublika Veteranları Təşkilatı öz sıralarını həm də gənc veteranlar hesabına sürətlə genişləndirməkdədir.

Bu gün Silahlı Qüvvələrimizin tərkibində on minlərlə gənc yer alır. Onlar sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmaqda, Vətənə sədaqətlə xidmət etməkdədirlər.

İnanıram ki, gənclərimiz bundan sonra da xalqımızın və dövlətimizin etimadını layiqincə doğruladacaq, bilik və bacarıqları, cəsarət və qəhrəmanlıqları ilə yeni tarix yazacaqlar”.

2024-01-29 15:16:09
3878 baxış

Digər xəbərlər

Qarabağda 23 saatlıq əməliyyatın hərbi sirri - CƏLİL XƏLİLOV

19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın hərbi tarixində mühüm əməliyyatlardan biri kimi yadda qalıb. Qısa müddət ərzində həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusunun müxtəlif qoşun növləri arasında koordinasiya, müasir döyüş vasitələrindən istifadə və dəqiq hədəflərə yönəlmiş zərbələr xüsusi diqqət çəkib. Əməliyyatın gedişi eyni zamanda 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun döyüş təcrübəsinin hansı istiqamətlərdə inkişaf etdiyini də nümayiş etdirib. Mövzu ilə bağlı Hafta.az-ın suallarını hərbi ekspert Cəlil Xəlilov cavablandırıb. – Cəlil müəllim, Azərbaycan Ordusunun son illərdə əldə etdiyi uğurların əsasını hansı amillər təşkil edib? – 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələndi. Azərbaycan Ordusunun peşəkarlığı, müasir texnologiyalardan istifadə imkanları və illər ərzində qazandığı döyüş təcrübəsi əməliyyatların uğurla başa çatmasında həlledici rol oynadı. Qeyd etməliyik ki, Azərbaycan Ordusunun bugünkü gücü uzun illər ərzində aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bunun ilk ciddi nümunələrindən biri 2 aprel 2016-cı ildə başlayan döyüşlər zamanı Lələtəpə yüksəkliyini işğaldan azad edilməsi idi. Bu yüksəklik strateji əhəmiyyət daşıyırdı və onun nəzarətə götürülməsi Aprel döyüşlərinin əsas hərbi nəticələrindən biri hesab olunur. Həmin vaxt Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlıq nümayiş etdirdi və işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Azərbaycan uzun müddət gözlədi ki, Ermənistan beynəlxalq hüququn tələblərini qəbul etsin, işğal olunmuş ərazilərdən çıxsın və bölgədə sülhə şərait yaransın. Lakin qarşı tərəf bu çağırışlardan nəticə çıxarmadı. Əksinə, təxribatlar davam etdirildi, yaşayış məntəqələri və mülki obyektlər atəşə tutuldu, dinc insanlar həlak oldu. Bu müddətdə Azərbaycan Ordusu müasir silah və texnikalarla təchiz edildi. Dünyanın qabaqcıl ölkələrinin istehsalı olan hərbi vasitələr alındı, NATO ölkələri ilə, xüsusilə qardaş Türkiyə ilə birgə təlimlər keçirildi. Xəzəryanı regionda və digər beynəlxalq təlimlərdə iştirak edən hərbçilərimiz həm peşəkarlıq, həm də döyüş hazırlığı baxımından ciddi təcrübə qazandılar. Nəticədə Ordumuz həm fiziki, həm mənəvi, həm də texniki hazırlıq baxımından yüksək səviyyəyə çatdı və qarşıya qoyulan vəzifələri yerinə yetirməyə tam hazır vəziyyətə gəldi. – Müasir döyüş konsepsiyası baxımından 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlar hansı yenilikləri ortaya qoydu? – Müasir müharibələrdə əsas amillərdən biri dəqiq və operativ kəşfiyyat məlumatlarıdır. Əməliyyatlardan əvvəl düşmənin dislokasiya məntəqələri, hərbi bazaları, silah-sursat anbarları, texnikaları və hərəkət marşrutları barədə ətraflı məlumatlar əldə olunur. Bundan sonra hansı istiqamətlərdə hərəkət ediləcəyi və hansı texniki vasitələrdən istifadə olunacağı müəyyənləşdirilir. Azərbaycan Ordusu bu sahədə böyük üstünlüyə malik idi. Düşmənin yerləşdiyi mövqelər, istifadə etdiyi texnika və müdafiə imkanları əvvəlcədən məlum idi. Buna uyğun olaraq ən effektiv vasitələrdən istifadə edildi və qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi. 44 günlük Vətən müharibəsi göstərdi ki, müasir texnologiyalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və kəşfiyyat məlumatlarının düzgün əlaqələndirilməsi döyüş meydanında üstünlük yaradır. Sonrakı dövrdə bu təcrübə daha da təkmilləşdirildi. – 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərini 2020-ci il Vətən müharibəsi ilə müqayisə etdikdə hansı fərqləri görürsünüz? – Ən vacib fərq qazanılmış döyüş təcrübəsi idi. Azərbaycan əsgəri artıq mürəkkəb dağlıq ərazilərdə döyüş aparmağın bütün çətinliklərini yaşamışdı. Şuşanın azad olunması bunun ən parlaq nümunəsidir. Şuşaya doğru hərəkət etmək, sıldırım qayaları aşmaq, silah-sursatla dağlıq ərazilərdə irəliləmək yalnız yüksək fiziki və mənəvi hazırlığa malik əsgərlərin bacaracağı vəzifə idi. Bu təcrübə sonrakı mərhələdə Ordumuzun daha da peşəkarlaşmasına səbəb oldu. Antiterror tədbirləri zamanı həm kəşfiyyat məlumatlarından, həm də əvvəlki illərdə əldə edilən strateji üstünlüklərdən istifadə edildi. Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarət etdiyindən ərazini müşahidə etmək, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək imkanına malik idi. Düşmənin hərəkət yolları, təchizat imkanları və mövqeləri tam şəkildə öyrənilmişdi. Nəticədə onlar elə vəziyyətə salındılar ki, müqavimət göstərmək imkanları minimuma endi və qısa müddət ərzində Azərbaycan tərəfinin tələblərini qəbul etməyə məcbur oldular. – 2023-cü ilin sentyabr hadisələrinin Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini necə qiymətləndirirsiniz? – Bu hadisələri çox yüksək qiymətləndirirəm. Azərbaycan 1918-ci ildə müstəqilliyini elan etsə də, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. Həmin dövrdə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri erməni-daşnak qüvvələrindən azad etməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm rol oynadı. Sonradan isə bolşevik işğalı nəticəsində müstəqilliyimiz əlimizdən alındı. Bu gün isə Azərbaycan tam müstəqil dövlətdir. 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Bu, müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biridir. Təbii ki, bu yolda şəhidlərimiz oldu, qazilərimiz oldu. Biz onların hamısını ehtiramla yad edirik. Azərbaycan xalqı heç vaxt onların qəhrəmanlığını unutmayacaq. Bu gün ölkəmiz iqtisadi, siyasi və hərbi baxımdan daha da güclənir, beynəlxalq əlaqələrini genişləndirir və müstəqil siyasət həyata keçirir. Bununla belə, bölgədə hələ də revanşist düşüncədən əl çəkməyən qüvvələr mövcuddur. Ermənistanda keçmiş hakimiyyətlə bağlı bəzi siyasi dairələr, o cümlədən Robert Köçəryan və Serj Sarkisyan komandasında təmsil olunan şəxslər zaman-zaman qarşıdurma ritorikasını gündəmə gətirməyə çalışırlar. Onlar yenidən gərginlik yaratmaq istəyirlər. Lakin reallıq tamam başqadır. Bu gün Ermənistan cəmiyyətində də başa düşürlər ki, yeni müharibənin heç bir perspektivi yoxdur. Hesab edirəm ki, Ermənistanın hazırkı rəhbərliyi də regionda yaranmış yeni reallıqları anlayır. Onlar görürlər ki, hər hansı yeni qarşıdurma Ermənistan üçün əlavə problemlər yaradacaq və ölkəni daha ağır vəziyyətə sala bilər. Bu baxımdan sülh gündəliyi xüsusi əhəmiyyət daşıyır. Vaşinqtonda paraflanmış sülh sənədi də göstərir ki, tərəflər münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atırlar. Regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və təhlükəsizlik mühitinin formalaşdırılmasındadır. Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dövlətimiz bölgədə davamlı sülhün və sabitliyin tərəfdarıdır. Ancaq eyni zamanda hər kəs anlamalıdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər güclü orduya malikdir. Bu gün xalqımız öz Ordusu ilə fəxr edir və həmin uğurların müəllifi olan şəhidlərimizin, qazilərimizin və hərbçilərimizin xidmətlərini daim yüksək qiymətləndirir. Hafta.az

Hamısını oxu
Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri İkinci Dünya Müharibəsi iştirakçısı ilə görüş keçiriblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri Astanlı kənd ərazi nümayəndəsi, kənd bələdiyyəsi və kənd tam orta məktəbinin pedaqoji işçilərinin iştirakı ilə İkinci Dünya Müharibəsi veteranı Zamanov Əbiş İbiş oğlunu Novruz bayramı münasibəti ilə evində ziyarət ediblər. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 100 yaşlı müharibə iştirakçısını milli bayramımız olan Novruzun gəlişi ilə əlqədar rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun, Respublika Veteranlar Təşkilatının sədri Fatma xanım Səttarovanın, sədr müavini polkovnik Cəlil Xəlilovun adından təbrik edib, ona bayram sovqatı təqdim olunub. Müharibə iştirakçısı Əbiş Zamanov şəhid ailələrinə və veteranlara göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimiz İlham Əliyevə, rayon icra hakimiyyətinin və Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlığını bildirib. Qeyd edək ki, Əbiş Zamanov  Cəlilabad rayonu üzrə sağ qalan yeganə İkinci Dünya Müharibəsi iştirakçısıdır.  

Hamısını oxu
İctimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin inkişafına töhfə verəcək

Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin keçirilməsi təqdirəlayiqdir. 2019-cu ilin sonlarında idarəetmə sistemində aparılan uğurlu islahatlar çərçivəsində ictimai–siyasi sektora dövlətin yeni baxışı formalaşdı. Əvvəllər bəzi məmurların intriqa və şəxsi mənafeləri ucbatında ictimai–siyasi sektorda formalaşan qeyri sağlam münasibətlər sistemi Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandığı dövrdən tədricən aradan qalxdı. Həmin şöbə tərəfindən siyasi mövqeyi və partiya mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün sağlam qüvvələri üçün müzakirə platformaların yaradılmasına başlanıldı. Hesab edirəm ki, Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai müzakirənin geniş formatda keçirilməsi bir neçə il ərzində formalaşan siyasi partiyalarla uğurlu iş mexanizminin nəticəsidir. Veteran.gov.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, Cəsarət Hüseynzadə söyləyib. O bildirib ki, qanunun müzakirəsinə siyasi partiyaların, QHT-lərin, ekspertlərin cəlb edilməsi prosesin şəffaflığına, demokratik dəyərin əsas götürülməsinə dəlalət edir. Bu müzakirələr, eyni zamanda, siyasi iradənin mühüm göstəricidir. Hesab edirəm ki, bu iradənin ən vacib nümunəsi 2020-ci il martın 10-da Prezident İlham Əliyev tərəfindən Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında göstərildi. Prezident siyasi partiyaların rolunun artırılması məqsədi ilə partiya nümayəndələrinin Milli Məclisin Komitələrində rəhbərliyə gətirilməsi ideyasını irəli sürmüşdü. “Geniş ictimaiyyətin öz təklif və təşəbbüslərini irəli sürməsi üçün münbit şərait yaradılması müsbət haldır. Yeni qanunla bağlı müzakirələr açıqdır və Milli Məclisdə baş tutmuş ilk müzakirədə xeyli sayda alternativ fikirlər səsləndirildi. Qanunun bəzi maddələri ilə bağlı hakim Yeni Azərbaycan Partiyası də fikirlər irəli sürür. Bu müzakirə platforması qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasına imkan yaradır. Prezident Ilham Əliyevin 27 fevral 2020-ci il Sərəncami ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” 5.5-ci maddəsində də Dövlət orqanlarında kollegial qərarların qəbulu prosedurlarında, dövlət komissiyaları və işçi qruplarda vətəndaş cəmiyyəti institutlarının iştirakının və təmsilçiliyinin genişləndirilməsi qeyd edilib. Bu maddənin icrası, eyni zamanda, Milli Məclisə də tövsiyə edilib. Proses, eyni zamanda, qərarların qəbulunda ictimai iştirakçılığın təmin olunmasın əhatə edir və bu çox vacib amildir”, - deyə Cəsarət Hüseynzadə qeyd edib. Onun sözlərinə görə, iclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olması, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşməsi da müzakirə mühitinin inkişafı və müxtəlif siyasi qüvvələr üçün bərabər imkanlar yaradılması baxımdan mühüm addım sayılmalıdır.  Onu da xüsusi qeyd etmək lazımdır ki, qanun layihəsi digər formatlarda da ictimai müzakirələr üçün açıqdır. Bu məqsədlə cari ilin sentyabrın 7-dən qanun layihəsi Milli Məclisin saytında yerləşdirilib. Milli Məclisin saytının internet istifadəçilərinə verdiyi imkan nəticəsində hər bir vətəndaş qanun layihəsinin müzakirəsində onlayn iştirak edərək, rəy və təkliflərini təqdim edə bilər. Qanunun tam və açıq mənbədə ictimaiyyətə təqdim edilməsi, eyni zamanda, media, sosial şəbəkələrdə və digər platformalarda qanun layihəsinin müzakirəsi üçün geniş imkanlar yaradıb. Siyasi partiya nümayəndələri, ekspertlər və sadə insanlar həmin alətlərdən istifadə etməklə öz fikirlərini və mövqelərini açıqlaya bilirlər. Ötən müddətdə davamlı olaraq media subyektlərində geniş ictimai müzakirələr açılmış və müxtəlif siyasi partiyaların nümayəndələri və ekspertlər tərəfindən qanunun müxtəlif maddələri ilə bağlı rəy və təkliflər səsləndirilib. Azərbaycan cəmiyyətinin, siyasi partiyaların və milli maraqlarının əks olunduğu və ictimai müzakirələr nəticəsində inkişaf etdirilmiş qanunvericilik bazası ölkəmizin yeni inkişaf mərhələsinə də öz töhfəsini verəcəkdir.  

Hamısını oxu
İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib. Prezidentin sözlərinə görə, Dağlıq Qarabağda indi səfalət hökm sürür:   “Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə budur: azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerləbir etmək və elan etmək ki, bu qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvələrində köçürülüb”. Prezident bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı onların düşməni deyil: “Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar. Bu, ədalətli deyil. Buna biz heç vaxt razı ola bilmərik. Hər bir müharibə sülhlə nəticələnir. Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa, beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərlərsə, buna nail olmaq mümkün olacaq”. İlhamə Əbülfət

Hamısını oxu