Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. AZƏRTAC xəbər verir ki, xalqa müraciətində bu xoş xəbəri çatdıran dövlətimizin başçısı deyib: “Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. Kəlbəcərin, eləcə də hər bir rayonun işğalını böyük faciə adlandıran Prezident qeyd edib ki, 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. “Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

2020-11-25 00:00:00
3528 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbət edib. Prezident İlham Əliyev: Tuğ kəndinə xoş gəlmisiniz. Sakinlər: Çox sağ olun. Prezident İlham Əliyev: Görün, nə günə salıblar. Sakin: Bəli, bu bina 1961-ci ildə tikilib. Prezident İlham Əliyev: Bu, mədəniyyət evi olub? Sakin: Bəli, burada Ağa bəy Məlikaslanovun mülkü olub. Digər sakin: Çox gözəl asfalt yol da çəkilib, məəttəl qalası işdir, qısa müddətdə elə bil ki, biz başqa bir kəndə gəlmişik. Prezident İlham Əliyev: Yox, hələ bu, müvəqqətidir. Əsaslı işlər bundan sonra görüləcək. Amma evləri görürsünüz, bütün evlər yarıdağılmış vəziyyətdədir. Sakin: Bizim evi yandırıblar, o tərəfdədir. Azərbaycanlıların evlərini yandırıblar. Prezident İlham Əliyev: Bu, məktəb olub? Sakin: Bəli, məktəb, yanında da bağça. Digər sakin: Cənab Prezident, mən bu məktəbdə oxumuşam. Bura da mənim babamın evidir. Baxın, bu həyət mənim babamındır. Buradan buraya məktəbə gəlmişəm. O da Sadıq bəyin evidir. Bu, Mahmud bəy Məlikaslanovun evidir. Prezident İlham Əliyev: Hansı? Bu? Sakin: Bəli, bu ev. Ermənilər onu sökməyiblər, yaşayırdılar. Digər sakin: Cənab Prezident, burada məktəb 1885-ci ildə olub. Prezident İlham Əliyev: Bilirəm, bu, qədim məktəbdir. Sakin: Sizin Sərəncamınızla 2010-cu ildə məktəbin 125 illiyini qeyd etmişik. Məktəb işğal dövründə ermənilər tərəfindən dağılıb. Bayaq bir söz dediniz, burada bulaqlar da quruyub. Bax, bu bulaq quruyub. Prezident İlham Əliyev: Hamısı quruyub. Sakinlər: Bəli, bulaq var idi quruyub. Prezident İlham Əliyev: Burada da bulaq var idi? Sakinlər: Yuxarıdakı bulaq quruyub. Bunlar nə gündə yaşayıblar. İndi buna baxsınlar, təkcə ermənilər deyil, onları müdafiə edənlər də utansınlar. Prezident İlham Əliyev: Elə mən də onu deyirəm. Buranın xüsusi bir iqlimi var. Buraya gəlirsiniz, heç bir səs də yoxdur. Mən birinci dəfə gələndə baxırdıq, tamaşa edirdik, quşlar oxuyur, güllər, sakitlik. Elə bil ki, cənnət bir yerdir. Sakin: Cənab Prezident, Siz abidələrə xüsusi diqqət yetirirsiniz. Xocavəndin bir hissəsində “Dədə Qorqud” dastanında adı çəkilən Qaraca Çobanın qəbri var. Qaraçuğ dağı var. Dastanda Salur Qazandan danışılanda “Qaraçuğun aslanı” adı keçir. Onun qəbri bu ərazidədir, Nərgiztəpədə. Onu qoruyub saxlamışdıq. O vaxt onları vermədik. Prezident İlham Əliyev: O bizdədir. Sakin: Ulu Öndər saxladı, 1994-cü ildə aprel ayının 10-da. Çox müqəddəs gün idi. Prezident İlham Əliyev: Bilirəm, gəlmişik. Qadın sakin: Cənab Prezident, buranı qədim irs kimi qorumaq lazımdır. Prezident İlham Əliyev: Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq. Bütün bunları da dağıdıblar. Yəqin bunlar azərbaycanlıların evləri olub. Sakinlər: Azərbaycanlıların evləri idi. Dağılan evlərin hamısı azərbaycanlılarındır. Cənab Prezident, bu aşağıdakı ev mənim müəllimimin evi idi. Həmin müəllim sovet-alman müharibəsində döyüşmüş, partizanlara qoşulmuş, haqqında hətta Fransa Prezidentinin məktubu, təşəkkürnaməsi olan bir müəllim idi. Prezident İlham Əliyev: Məktəb aşağıdakıdır? Sonra tikilmişdi. Sakin: Ulu Öndər 1969-cu ildə gələndən sonra keçmiş Dağlıq Qarabağın bütün Azərbaycan yaşayış məntəqələrində ən müasir tipli məktəblər, mədəniyyət evləri tikilib. Ona qədər məktəblər çox bərbad vəziyyətdə idi. Digər sakin: Üzr istəyirəm, cənab Prezident. Mən şairəm və Siz mənə “Azərbaycanın Əməkdar jurnalisti” adını vermisiniz. Mənim bu günlərdə yazdığım şeirin son bəndi belədir: Xoşbəxtliklə dolub indi baxışlar, Zəfər yaşadır bu anları. Bizim dilimizdən qopan alqışlar, Sizə duaçıdır azərbaycanlılar. Prezident İlham Əliyev: Çox sağ olun. Gəlin şəkil çəkdirək. Sakin: Möhtərəm Prezident, fikir verirsiniz, bax, o üstdəki ev təzə tikilib. Prezident İlham Əliyev: Bəli. Sakin: Qıraqdakıların hamısını xaçlarla dəyişdiriblər. O köhnə daşlarla uyğun gəlmir. Fikir verirsiniz? Prezident İlham Əliyev: Hünərli kəndindəki, keçmiş Çakuri kəndindəki kilsəni, həmçinin. Onlar onun giriş hissəsini yeni daşlarla “bəzəyiblər”, hamısı da saxta. Sakinlər: Tarixboyu elə ediblər. Ancaq bunu sübut etmək çox da çətin deyil, şəkillər var. Prezident İlham Əliyev: Alimləri, beynəlxalq ekspertləri gətirəcəyik. Sakin: Təşəkkür edirik. Lahıc çox gözəl bərpa olunub, bir muzey kimi bərpa olunub. Prezident İlham Əliyev: Basqal kəndi də qədim kənddir. Mən göstəriş vermişəm, xüsusi Sərəncam da imzalandı. Ora da belə tarixi-mədəni abidə kimi qorunacaq. Tuğ da o səviyyəli, yəni, tarix baxımından çox qədim və önəmli bir yerdir. Sakinlər: Çox sağ olun, cənab Prezident. Sakin: Baxın, buradan bizim o məzarlıqda ağac görünür, o ağacın altında “Qarabağnamə”nin ilk müəlliflərindən biri Mirmehdi Xəzani dəfn olunub. Prezident İlham Əliyev: Ora qəbiristanlıqdır? Sakin: Bəli. Azərbaycanlıların qəbiristanlığıdır. Cənab Prezident, biz təxminən iki ay əvvəl orada olduq. Bizim dədə-baba qəbirlərimizdən heç nə qalmayıb. Daşların hamısını götürüb aparıblar, çətin tapırdıq. Şükür Allaha ki, Mirmehdi Xəzaninin məzarı hələ qalıb. Digər sakin: Cənab Prezident, bu bölgələrdə Qafqazın qiymətli suya malik bulaqları var. Prezident İlham Əliyev: Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var. Sakin: Gözəl yollar çəkilir. Prezident İlham Əliyev: Burada turizm yerləri, sanatoriyalar yaradılacaq. Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür. Sakin: Buraya çoxlu insanlar gələcək. Bu, elə-belə kənd deyil. Buradan çıxan adamlar çoxdur. İşğala qədər Tuğun əhalisi 4800 nəfər olub. Sizə deyim ki, bəlkə də bir üç o qədər də buradan xaricə gedib. Özü də buranın camaatı da çox savadlı olub. Prezident İlham Əliyev: Savadlı insanlar olublar. Mədəni mərkəz olub. Adi kənd deyil, tarixini bilirəm. Sakin: Buranın tutu Şax tut adlanır. Bu tutun çox nadir, müalicəvi təsiri var. Prezident İlham Əliyev: Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır. Sakin: Fəxr edirdik ki, bizim Prezidentimiz ensiklopedik məlumata malikdir. Biz fəxr edirik ki, xarici jurnalistlərlə onların öz dilində onlardan da yaxşı danışırsınız. Rəhmətlik Heydər Əliyev çıxış edirdi, - Allah ona qəni-qəni rəhmət eləsin, - mənim anam bütün günü ona baxırdı. Deyirdi ki, çox savadlı, həm də yaraşıqlıdır. İndi Sizin o çıxışlarınız, duruşunuz, qəhrəman cüssəniz millətə ümid verir, onu yaşadır. Prezident İlham Əliyev: Sağ olun, salamat qalın, tez-tez görüşəcəyik burada. Tədbirlər çox olacaq, açılışlar çox olacaq, görüşəcəyik sizinlə. Sakinlər: İnşallah, sağ olun, var olun. Allah Sizə cansağlığı versin. Çox sağ olun.

Hamısını oxu
AZMİU-da yaddaqalan TƏDBİR: Poladlaşan Azərbaycan qadınlarına “8 Mart” təbriki...

Dünən – 4 mart 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində 8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə olduqca maraqlı tədbir keçirilib.    Tədbir Universitetin Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın təşəbbüsü və Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə xanım Məmmədovanın nəcib dəstəyi ilə təşkil olunub. Görüşdə professor, müəllim heyəti və tələbələr işirak ediblər. Tədbiri yaddaqalan, eləcə də əyləncəli və rəngarəng edən çoxsaylı komponentlər olub.    Görüş öncəsi zalın qarşısındakı dəhlizdə tələbələrin hazırladıqları gözoxşayan rəsm əsərləri nümayiş olunub.    Sərgiyə qatılanlar əsərlərlə yaxından tanış olublar. Əlbəttə, görüşdən öncə belə bir sərginin reallaşması sözün yaxşı mənasında bütün iştirakçıların ürəyini riqqətə gətirdi. Kimi əsərlərlə xatirə fotosu çəkdirir, kimi onları hazırlayan tələblərlə söhbətlər, müzakirələr aparır, kimi də əsərlərin fəlsəfəsini çözməyə çalışırdı.    Bir sözlə, həmin an hər kəsin çöhrəsinə xəfif və həlim təbəssüm qonmuşdu. Xoş ovqat, pozitiv aura yaranmışdı.    Biz də işimiz gərəyi əsərləri kameramızın yaddaşına köçürüb tarixiləşdirdik. Kənardan müşahidələrimizi davam etdirirdik ki, elə bu məqamda professor Gülçöhrə xanım Məmmədova fotosərgiyə təşrif  buyurdu və əsərlərə baxış keçirdi. Hər biri ilə ayrı-ayrılıqda maraqlandı, görülən işləri, tələbələrin bu bacarıqlarını yüksək qiymətləndirdi. Ardınca hər kəs zala daxil oldu və tədbir başladı...   Öncə aparıcılar hər kəsi salamlayıb xoş əyləncə arzuladılar.    Tədbir universitetin tələbəsi Səbuhinin ifası ilə start götürdü. İfa qonaqların ruhunu oxşadı və iştirakçılar tələbəni alqışlarla yola saldılar.    Bundan sonra digər tələbəmiz Mina milli rəqsimiz olan “Tərəkəmə” rəqsini ifa etdi ki, bu da öz növbəsində qonaqları tarixi və mədəni keçmişimizə apararaq onlara nostalji duyğu aşıladı.    Ardınca Azərbaycan xanımlarının ölkə tarixində tutduğu yer və oynadığı rolu əks etdirmək üçün tələbələr: İlkarə, Əli, Ayna, Həsənəli, Rəhim, Nihad və Şövqünün hazırladığı “Tomris xatun” səhnələşdirildi. Böyük zəhmət və yüksək peşəkarlıqla hazırlanmış tamaşa qonaqları yaxşı mənada mütəssir etdi. “Tomris xatun”da Azərbaycan qadının həqiqət və cəsarət üzərində köklənmiş dəyanəti qonaqlara nümayiş olundu.    Daha sonra tələbənin ifasında sazda “Qarabağ şikəstəsi” ifa olundu ki, bu da iştirakçılarda sentimental hisslər yaratdı, bəzi məqamlarda onları kövrək notlara köklədi.    30 illik Qarabağ həsrətini və bu nisgilə, Qarabağsızlığa son qoyan 44 Günlük Vətən Savaşını, bu müharibədə döyüşən qəhrəman bacı və qardaşlarımızı, Poladlaşan analarımızı, gəlinsiz qalan evləri, övladının şəhid xəbərini eşidincə bir gecədə saçları dümağ olan analarımızı yada saldı.  Əslində  8 Martla bağlı gerçəkləşən bu tədbir həm də qəhrəman Şəhid analarımıza bir ərmağan idi. Tədbir sanki riyazi və ya  məntiqi ardıcıllıqla davam edirdi.    Saz ifasından dərhal sonra böyük və dahi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan “İsgəndərnamə” poemasından İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi səhnəsi canlandırıldı.    Tələbələr Əli, Nailə, Nihad, Şövqü, Elturan, Zümrüd və Ayna bu səhnənin də öhdəsindən layiqincə gəldilər.    Heç kimə sirr deyil ki, bu səhnədə də Azərbaycan qadının şücayəti, daim haqq və həqiqət uğrunda mübarizəsi, bioloji olaraq zərif olan xanımların mənəvi və mərdlik cəhətdən heç də zəif olmamasını ortaya qoyur. Tamaşanın sonunda tələbələr gurultulu alqışlarla uğurlandılar.    Bundan əlavə, görkəmli drammaturq Cəfər Cabbarlının “Sevil” pyesi səhnələşdirildi.   Tələbələr: Fərəməz, Gülnar, Nigar və Rəbiyyə öz rollarını mükəmməl şəkildə oynadılar.    “Sevil” tamaşasında Azərbaycan qadınının saf və pak iç dünyası, əyilməz qaməti, hadisələr önündə dik duruşu, çətinliklərə sinə gərməsi inikas olundu.    “Tulla çadranı” şeiri səsləndirildi.    Daha sonra Elturan, Nigar və Nəcəfin ifasında “Sarı Gəlin” mahnısı təqdim olundu. Həm müsiqi, həm ifa qonaqların könül və zövqünü oxşadı.    Ardınca rus ədəbiyyatından estetik klassik misra və görüntülər nümayiş olundu.  Bundan başqa, aparıcılar 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkəmizdə qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində görülən işlərdən söz açdılar.    Ardınca isə rus, alman, ingilis, italyan və yapon dillərində “8 Mart”la bağlı şeirlər səsləndirildi.    Sonra Elturan, Hüseyn və Turalın ifasında “Bayatılar”ı dinlədik.    Azərbaycan ədəbiyyatının incilərindən olan Nəbi Xəzrinin yaradıcılığına müraciət edildi və şairin “Dəniz, göy, məhəbbət” şeiri tələbələrin ifasında səsləndirildi.    Mina və Vüqarın “Vals” rəqsi təqdim olundu ki, bu da qonaqlarda yüksək əhval-ruhiyyə yaratdı.   Səbinə xanımın ifasında “Ana” şeiri təqdim olundu. Əlbəttə, bu şeir qonaqlarımızı təsirləndirməyə  bilməzdi. Şeirdəki  Yükün ağırını seçir analar, Torpağın qoynuna köçür analar  kimi misralar insanın ürəyinə sanki çalın-çarpaz dağ çəkirdi. Eyni zamanda Azərbaycan qadınının öz övladı və ailəsi üçün nə qədər cəfakeş, təəssübkeş olduğunu aydın təzahür etdirir.    Şeirlərin  davamı olaraq Abbasın ifasında “Əziz anam” mahnısı ifa olunur.    Bunun ardınca isə ta qədimdən günümüzə qədər ölkəmizin ictimai, siyasi, tarixi, mədəni, sosial və iqtisadi həyatında mühüm izlər buraxan Azərbaycan qadınları barədə məlumat verildi.  Massaget hökmdarı Tomris Xatun, İlk məşhur şairə, şahmatçı qadın Məshəti Gəncəvi, Şərqdə ilk qadın diplomat Sara Xatun, şairə, xeyriyyəçi Xurşidbanu Natəvan,  ilk şəfqət bacısı, Nigar Şıxlinskaya, Şərqdə ilk azərbaycanlı heykəltaraş qadın Zivər Məmmədova, ilk professional qadın müğənni, Şövkət Ələkbərova, ilk qadın kinorejissor, ssenarist Qəmər Salamzadə, ilk balet rəqqası Qəmər Almaszadə, ilk qadın təyyarəçi Züleyxa Seyidməmmədova, ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova, ilk peşəkar qadın rəssam Vacihə Səmədova, Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova və  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  Birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətlərinə güzgü tutuldu, olduqca səhih məlumatlar verildi.    Nəcəf və Elturanın ifasında “Bir könül sındırmışm” ifa olundu.  İfadan sonra Fərəməz Stalin repressiyasının qurbanı olmuş, dissident şair Mikayıl Müşfiqin qadınlara həsr etdiyi “Rəssam sevgilimin rəsmini çək” şeirini səsləndirdi.    Şeirdən dərhal sonra isə Elturan, Tural və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseyn Vəliyev “Sən Müşfiqin yanında qal” mahnısı ifa etdilər və zal bu ifanı, bu şeiri ayaqda, anşlaqla alqışladı. Sözsüz ki, ifa da gözəl idi, şeir də.  Amma müşahidələrimdən gəldiyim qənaətə görə bu həm də Mikayıl Müşfiqin nakam həyatına, kəm-kəsir ömrünə bir sayğı duruşu idi. Onun “Oxu tar, səni kim unudar” misraları ilə apardığı haqq savaşına, Vətən eşqinə bir VƏFA BORCU idi.    Ardınca aparıcılar bu tədbirin düzənlənməsində əməyi olan müəllim və tələbələri səhnəyə dəvət etdilər.  Görüşün təşəbbüskarı Aygün xanım Məmmədova dəvəti qəbul etdikləri üçün bütün qonaqlara təşəkkürlərini izhar etdi:   “Professor və müəllim heyətinə kafedramız adından ürəkdən minnətdarlığımızı bildiririk. Bu tədbirin ərsəyə gəlməsində hörmətli professor Gülçöhrə xanımın çox böyük dəstəyi olub. Gülçöhrə xanıma ayrıca tətəşəkkür edirəm. Hər zaman onun dəstək, diqqət və qayğısını hiss etmişik, edirik. Bu mənada düşünürəm ki, universitetimizin professor və müəllim heyəti, eləcə də  tələbələrimiz  çox şanslıdırlar.    Daha sonra söz tədbirin təşkilati işlərində aktiv fəaliyyət göstərən müəllimlərə söz verildi: “Mən də Aygün xanımın fikirlərinə qoşuluram. Bayramınızı təbik edirəm. Düşünürəm ki, tədbirimizi bəyəndiniz. Kollektivin adından tələbələrimizin valideynlərinə təşəkkür edirəm ki,  belə savadlı, ağıllı, intellektual övladlar böyüdüblər. Bir daha bayramınız mübarək!”.  Aygün xanım Məmmədova onu da əlavə edib ki, tədbirdə çıxış edən tələbələr üçün sertifikatlar hazırlanıb:   “Onlar universitetimizin elm və ictimai həyatında fəal iştiraklarına görə təltif olunacaqlar. Bu sertifikatların təqdimatına da ayrıca görüş hazırlanb ki, o da martın 9-da baş tutacaq. Hər bir tələbəyə həmin sertifikat təqdim olunacaq.    Aygün xanım Məmmədova diqqətə çatdırıb ki, tədbirdə universitetin bütün fakültələri üzrə tələbələr çıxış ediblər:   “Tələbələrimizə təşəkkür edirik. Bütün tədbir iştirakçılarına, eyni zamanda xalqımıza sağlam həyat, xoş, firavan günlər, dünyamıza isə sülh və əmin-amanlıq arzu edirəm”.     Sonda professor Gülçöhrə xanım Məmmədova ilə birgə xatirə fotosu çəkildi. Bu bayram tədbirini və görülən işləri yüksək qiymətləndirən xanım rektor razılığını ifadə etdi.   Sherg.az  

Hamısını oxu
Prezident TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Hörmətli forum iştirakçıları! Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunda ürəkdən salamlayıram. Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. İlk dəfə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu bu istiqamətdə atılmış mühüm addımdır. Regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, tərəqqi ideyalarına sadiq olan dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir. Azərbaycan Türk Dövlətləri Təşkilatına hazırda sədrlik edən ölkə kimi üzv ölkələrin vətəndaş cəmiyyəti təsisatları arasında da ictimai kommunikasiyanın gücləndirilməsinə çalışır. Bu günlərdə Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Qızıl Aypara Cəmiyyətləri Prezidentlər Şurasının iclasının keçirilməsi, QHT-lərin indiki həmrəylik forumu və ardınca TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin növbəti toplantısı bu sahədə aparılan işlərin miqyasını və çoxşaxəli xarakterini nümayiş etdirir. Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır. Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır. 2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər. Əminəm ki, forum zamanı quracağınız əməkdaşlıq əlaqələri Türk dünyasında həmrəyliyin, birliyin və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Sizi bir daha Azərbaycanda salamlayır, forumun işinə uğurlar arzulayıram".  

Hamısını oxu
Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür

28 May - Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür. Ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May Azərbaycan xalqının tarixi uğurudur. Bu tarixi nailiyyətin qorunmasında, yaşadılmasında və daha da möhkəmlənməsində ən mühüm rolu isə Azərbaycan Ordusu oynayır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu əlamətdar günlə bağlı respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun rolundan danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Cümhuriyyət dövründə əsası Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən qoyulan Azərbaycan Ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılıb, güclü, nizami orduya çevrilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, bütün dünyanın ən güclü orduları sırasındadır. Bu isə cümhuriyyət dövrünün generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların istəklərinin gerçəkliyə çevrilməsi deməkdir. Təşkilatın sədr müavini bildirib ki, ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təxribatların qarşısını almaq mümkün olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz daim möhkəmlənməkdə, döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təxribata layiqli cavab verməyə qadirdir. “Əminəm ki, Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı ərazilərimizi azad edəcək, bununla da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcək. Bir daha xalqımızı Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə uğurlar arzulayıram”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu