Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü.

Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər.

Zəfər muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin dekabrında “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında” Sərəncamından irəli gələrək Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb.

Muzeyin ekspozisiyası beynəlxalq təcrübə və dünyada mövcud muzey konsepsiyaları əsas götürülməklə, həmçinin ən son texnologiyalar tətbiq edilməklə işlənilib. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”.

Təqdim olunan faktlar, foto və videomateriallar, interaktiv nümayişlər və xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar, maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişi, şanlı Zəfər nəticəsində dövlət suverenliyinin bərpa olunması barədə məlumatları ziyarətçiyə dolğun çatdırmaqla yanaşı, həm də bu hadisələri hər bir kəsə yenidən yaşadır.

Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Divarboyu axan su daimi həyat mənbəyi kimi şəhidlərimizin qəhrəmanlıqları ilə ölümsüzlüyə qovuşduqlarını, hər zaman qəlbimizdə yaşadıqlarını simvolizə edir. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var.

Muzeyin “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi” adlı birinci zalında Azərbaycanın mədəniyyət beşiyi olan Qarabağın təbii gözəlliyi, tarixi memarlıq baxımından zənginliyi təqdim edilir. Zalın divarındakı kitab instalyasiyalarında Ümummilli Lider Heydər Əliyevin bölgənin sosial-iqtisadi inkişafına verdiyi töhfələrə dair geniş məlumatlar var.

Zalın mərkəzində yerləşən interaktiv kitablar isə Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənəti ilə yaxından tanış olmağa imkan yaradır. Eyni zamanda, ziyarətçilərə Qarabağın dövlətçilik, hərb, ədəbiyyat və incəsənət sahələrində iz qoymuş görkəmli şəxsiyyətlərinə dair məlumatlar çatdırılır.

Zəfər muzeyinin “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış” zalı Qarabağ münaqişəsinin ağrılı və unudulmaz səhifələrini əks etdirir. Burada münaqişənin xronologiyası, Ulu Öndərin və dövlətimizin başçısının apardıqları ardıcıl siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması, sülh prosesi barədə məlumatlar yer alıb. Zalda qaçqınlar və məcburi köçkünlər, münaqişə qurbanları, eləcə də işğal dövründə ermənilər tərəfindən dağıdılmış abidələr, məscidlər və milli irsə vurulan ziyan haqqında geniş məlumat təqdim olunur.

Qarabağda işğal dövründə dağıdılmış binaların, yerlə-yeksan edilmiş yaşayış yerlərinin taleyinə həsr olunan instalyasiya – viran qalmış ev və bu evin qalıqları altından baş qaldıran ağac isə həyatın yenidən dirçəlişinin rəmzidir.

“44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı” adlı üçüncü zal Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan qəhrəmanlıq mübarizəsini əks etdirir. Zalın mərkəzindəki LED monitorlar süni intellektlə hazırlanmış videomateriallarla ziyarətçini 44 günlük döyüşlərin mərkəzinə aparır. Monitorlarda döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı hərbi hücumları ilə bağlı materiallar təqdim olunur. Holoqrafik ekranlar isə müasir hərbi texnikanı 3D formatda nümayiş etdirir. İnteraktiv xəritələr işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən hərbi əməliyyatların mərhələlərini ardıcıllıqla göstərir. Bu zalda tarixi Qələbənin qazanılmasında müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növlərinin bayraqları, eyni zamanda, Silahlı Qüvvələrin xüsusi təyinatlılarının maketləri var. Həmçinin burada Azərbaycan Prezidentinin Vətən müharibəsi və Zəfərlə bağlı bir sıra fərman və sərəncamları nümayiş olunur.

“Şanlı Zəfər. Şuşanın azad olunması” adlı dördüncü zalda Azərbaycanın hərb tarixində xüsusi yer tutan, misilsiz taktiki bacarıqla həyata keçirilmiş əməliyyatı təqdim olunur. Vətən müharibəsi zamanı xüsusi təyinatlı döyüşçülər ağır artilleriyasız Şuşanı azad edərək böyük qəhrəmanlıq göstəriblər. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir, interaktiv monitorlar isə əməliyyatın gedişini və əsas taktiki məqamları ardıcıl izləməyə imkan yaradır. Digər monitorda şəhərin müharibə dövründə dağıdılmış abidələri təqdim edilir. Ekranda şanlı Zəfər yolunun emosional gedişi nümayiş olunur. Bu zal Şuşanın azadlığını, Azərbaycan əsgərlərinin rəşadətini və qəhrəmanlığını əks etdirir.

Azərbaycan əsgər və zabitlərinin igidliyinə, fədakarlığına və yenilməz iradəsinə həsr olunan “Qəhrəmanlar yolu” zalı isə ziyarətçilərə torpaqların azadlığı uğrunda aparılan mübarizənin ruhunu hiss etdirir. Burada Vətən müharibəsində iştirak etmiş qəhrəmanlara təqdim olunan orden və medalların nümunələri sərgilənir. Dəhlizi xatırladan “Qəhrəmanlar yolu” ziyarətçiləri xalqın birliyi və qələbə sevincini simvolizə edən növbəti zala aparır.

Növbəti zal isə “Qarabağ Azərbaycandır!” adlanır və xalqımız üçün milli bayrama çevrilən Zəfər Gününü, ümumxalq sevincini əks etdirir. Zalın mərkəzində Vətən müharibəsində şanlı Zəfərin və Qarabağın dirçəlişinin rəmzinə çevrilmiş Xarıbülbülün Murano şüşəsindən hazırlanmış instalyasiyası yerləşir. Parlaq işıqlar və rənglər zala bayram ab-havası bəxş edir, vizual effektlər sevinc və qürur hissini gücləndirir. Böyük ekranlarda 30 illik həsrətə son qoyan Zəfərin yaşatdığı qürurverici və sevinc dolu anlar nümayiş olunur.

“Dövlət suverenliyinin bərpası. 20.09.2023” adlı yeddinci zal Azərbaycanın suverenliyinin bərpasına həsr olunub. Xəritə instalyasiyasında Qarabağın və Şərqi Zəngəzurun tam azad edildiyi, Azərbaycan tarixində yeni bir dövrün başlandığı nümayiş olunur.

Muzeyin sonuncu “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş” adlı zalı isə Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub. Zalın mərkəzindəki instalyasiyada qəhrəman şəhidlərimizin övladlarının səsi ilə Qarabağın parlaq gələcəyinə dair mesajlar verilir. İşıqlı üç keçid - bərpa, ekoturizm və inkişaf mövzularını əks etdirərək bölgənin yenidən qurulmasına yönəlmiş fəaliyyəti göstərir. Hər keçiddə mədəniyyət, təhsil və infrastruktur layihələrinin maketləri təqdim olunur. İnteraktiv ekranlar Qarabağın təbii gözəlliyini və davam edən bərpa prosesini canlandırır. Bu məkan Qarabağın dirçəlişini, dayanıqlı inkişafını və gələcəyinə olan inamı ifadə edir.

Ekspozisiya zalının çıxışındakı “Danışan fotolar” adlı bölmədə isə Zəfərin hekayəsini və ruhunu əks etdirən fotolar yer alıb. Burada qonaqlar üçün xatirə kitabı da yerləşdirilib.

Muzeydə, eyni zamanda, Auditorium zalı, kitabxana və kafe yaradılıb. Auditorium zalında seminar və konfransların, müxtəlif ictimai tədbirlərin təşkili nəzərdə tutulur. Muzeyin kitabxanasında Azərbaycan tarixinə, mədəni irsinə, artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də Qarabağın bərpasına və inkişafına dair kitablar, araşdırma materialları təqdim olunur. Gələcəkdə hər bir şəhidimiz barədə toplanmış materialların, eləcə də Vətən müharibəsi qəhrəmanları haqqında sənədli filmlərin muzeyin bazasına yerləşdirilməsi nəzərdə tutulur.

Zəfər muzeyi, muzeyi əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici bu tarix yenidən canlanır.

Zəfər muzeyi noyabrın 9-dan ziyarətçilər üçün açıq olacaq.

2025-11-08 19:39:39
8388 baxış

Digər xəbərlər

"Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, “Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İşğaldan azad olunmuş Ağdamda "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib.   Ağdama səfər çərçivəsində tədbir iştirakçıları Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, işğal dövründə erməni vandalizminə məruz qalan Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə yaxından tanış olublar. Ziyarətlərin ardından tədbir iştirakçıları Ağdam Cümə məscidində camaat namazı qılıb, Allaha şükranlıq duaları ediblər.   Ağdam Dövlət Dram Teatrının qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.   Daha sonra səfər çərçivəsində Ağdamın simvollarında hesab edilən Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Rəsmi çıxışların ardından sonra Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavini Qalib Əliyev, "Böyük Qaydış" Gənclər təşkilatının icraçı direktoru Nail Şükürovun iştirakıyla təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.   Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata birgə açıqlama veriblər. Açıqlamada qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam erməni qəsbkarları tərəfindən 30 ilə yaxın bir müddət ərzində istilaya məruz qalmış, dini ibadət yeri olan məscidlərimiz dağıdılmış, təhqir edilmiş, mədəniyyət ocaqları vandalizmə məruz qalmış, rayonun mərkəzi, kəndlər yerlə-yeksan olunmuş, infrastruktur məhv edilmişdir. Bu gün hər birimiz qürurla deyə bilərik ki, Qarabağın cənnət guşəsi Ağdam şəhəri Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Rəşadətli Azərbacan Ordusun qəhrəmanlığı və şücaəti sayəsində erməni vandallarından azad edilərək əldə olunan tarixi Zəfərlə yenidən öz əsl sahibinə qaytarılmışdır. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir.   Həmçinin açıqlamada xüsusi olaraq vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər əzimdə birgə tədbir və səfərləri etməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin daha güclü Azərbaycan naminə yorulmadan irəliyə doğru apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir.   Bundan sonra da Vətən Müahribəsi Əlillərinə Kömək İctimai Birliyi və "Böyük Qaydış" Gənclər Təşkilatı bu kimi milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.  

Hamısını oxu
“Vətən müharibəsi ordumuzun qəhrəmanlığı ilə yanaşı, həm də humanizmini nümayiş etdirdi”

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvəllərinin yalnız qəhrəmanlığını deyil, həm də humanizmini nümayiş etdirdi”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı Azərbaycan Ordusu öz qəhrəmanlığı ilə yanaşı, həm də humanizmi, yüksək hərbi mədəniyyəti ilə bütün dünyanı heyrətdə qoydu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində dünyanın ən güclü ordularında belə heyrət doğuran misilsiz qəhrəmanlıqlara, bənzərsiz igidliklərə imza atdı. Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edilməsi, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının ildırım sürəti ilə yarılması və s. Azərbaycan əsgərinin qarşısıalınmaz olduğunu göstərdi. Bununla yanaşı, müharibə sübut etdi ki, Azərbaycan Ordusu qəhrəman olduğu qədər də humanistdir. O, lüzumsuz zorakılığa, gərəksiz şiddətə yol vermir. Qəhrəmanlıqla yanaşı, mərhəmət göstərməyi, rəhm etməyi də bacarır. Məhz buna görə də Ordumuz müharibə dönəmində bir nəfər də olsun mülki ermənini hədəf almadı. Xatırladım ki, 5 yanvar 2026-cı il tarixində dövlət başçısı yerli telekanallara müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki humanizminə diqqət çəkdi. Müzəffər Ali Baş Komandan bildirdi ki, istər 2020-ci, istərsə də 2023-cü ildə Azərbaycan Ermənistan şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdi. Lakin dövlət başçısı qeyd etdi ki, Azərbaycan bunu nahaq iş hesab etdiyi, habelə, sülh istədiyi, müharibəni dayandırmaq niyyətində olduğu üçün bunu etmədi. Bu fakt bir daha Azərbaycan Ordusunun, onun Müzəffər Ali Baş Komandanının nə qədər humanist olduğunu, müharibə zamanı belə sülhə xidmət etdiyini göstərir. Və bu fakt onu deməyə əsas verir ki, dünya Azərbaycan Ordusunun müharibə təcrübəsi ilə yanaşı, həm də humanizmini öyrənməli, bundan özü üçün lazımi nəticələr çıxarmalıdır”.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Mikayıl Qulubəyov – Alim, Mübariz, Qəhrəman

İkinci Dünya Müharibəsi dünya tarixinin ən qanlı və amansız müharibələrindən biri olmaqla yanaşı, keçmiş SSRİ xalqlarının, o cümlədən Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə çevrilmişdir. Bu müharibə Azərbaycan üçün yalnız cəbhə döyüşləri deyil, həm də mənəvi sınaqları ilə yadda qaldı. Minlərlə azərbaycanlı döyüşlərdə iştirak etmiş, arxa cəbhədə isə xalq bütün resurslarını və gücünü səfərbər edərək qələbəyə töhfə vermişdir. Azərbaycan SSR müharibə dövründə SSRİ-nin əsas neft bazası kimi çıxış etmiş və qələbənin təmin olunmasında mühüm rol oynamışdır. Cəbhələrdə döyüşən azərbaycanlılar sırasında təhsilli, ziyalı kadrlar da xüsusi seçilirdi. Onlar yalnız döyüşçü deyil, həm də təşkilatçı, təbliğatçı, həkim, mühəndis, partizan kimi də fəaliyyət göstərirdilər. Bu qəhrəmanlardan biri də kimya elmləri doktoru, professor, partizan hərəkatının fəal üzvü Mikayıl Rəhim bəy oğlu Qulubəyov olmuşdur. Ailədən gələn maarifçilik və vətənpərvərlik ruhu Mikayıl Qulubəyovun bütün həyat və fəaliyyətinə təsir etmişdir. Mikayıl Qulubəyov 30 mart 1915-ci ildə Yelizavetpol qəzasının Mollavələdli kəndində (indiki Goranboy rayonunun Şəfəq kəndi) dünyaya göz açmışdır. Onun atası Rəhim bəy Qulubəyov dövrünün tanınmış maarifçisi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş fədakar pedaqoq olmuşdur. Rəhim bəy ömrünü kənd yerlərində savadsızlığın aradan qaldırılmasına, təhsilin yayılmasına həsr etmişdi. Onun təşəbbüsü ilə qızlar məktəbə cəlb olunmuş, məktəblərdə axşam kursları təşkil edilmişdi. Belə bir ziyalı ailəsində böyüyən Mikayıl Qulubəyov ilk təhsilini atasından almış, 1933-cü ildə Quba Kənd Təsərrüfatı Texnikumunda, ardınca isə 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində (indiki BDU) təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi fəaliyyətə 1940-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki ADAU) başlamış və üzvi kimya kafedrasında assistent vəzifəsində çalışmışdır. 1942-ci ilin martında ordu sıralarına çağırılan Mikayıl Qulubəyov qısa müddətdə hərbi hazırlıq keçərək Stalinqrad döyüşlərində iştirak etmişdir. 1942-ci ilin sonunda Şərq cəbhəsində gedən döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş və ardıcıl olaraq Almaniya, İtaliya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur. Lakin o, burada da təslim olmamış, 1943-cü ilin əvvəlində əsirlikdən qaçaraq Yuqoslaviya partizan hərəkatına qoşulmuşdur. Yerli partizanlar arasında "Doktor Mişa" ləqəbi ilə tanınan Mikayıl Qulubəyov həm döyüşçü, həm də təcrübəli kimyaçı və yaralılara yardım edən tibb işçisi kimi fəaliyyət göstərmişdir. O, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylo) ən yaxın silahdaşlarından biri olmuşdur. Mehdi ağır yaralandığı zaman onu son nəfəsinə qədər qoruyan, qucağında can verən və gecənin qaranlığında üzü qibləyə məzar qazıb dəfn edən şəxs məhz Mikayıl Qulubəyov olmuşdur. Yuqoslaviya hökuməti onun xidmətlərini yüksək qiymətləndirərək Mikayıl Qulubəyovu "Qəhrəmanlıq ordeni" və "Qəhrəmanlıq medalı" ilə təltif etmişdir. Bu fakt Mikayıl Qulubəyovun beynəlxalq miqyasda tanınmış bir döyüşçü və insanlıq fədaisi olduğunu göstərir. Müharibədən qayıtdıqdan sonra Mikayıl Qulubəyov elmi fəaliyyətini davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsində işləmişdir. Kimya elmləri namizədi, daha sonra doktorluq dissertasiyası müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür. Alim kimi Azərbaycanda üzvi kimyanın inkişafında mühüm rol oynamış, yüzlərlə tələbəyə dərs demiş, bir çox gənc kimyaçının elmi rəhbəri olmuşdur. Onun elmi əsərləri həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmışdır. Mikayıl Qulubəyovun həyatı bir Azərbaycan ziyalısının bütöv obrazını təqdim edir: ailədən qaynaqlanan maarifçilik, müharibədə göstərilən vətənpərvərlik və müharibədən sonrakı elmi fəaliyyət onun şəxsiyyətində vəhdət təşkil edir. O, öz dövrünün fədakar ziyalısı olmaqla yanaşı, həm də Azərbaycan xalqının Böyük Vətən Müharibəsində verdiyi əvəzsiz töhfənin canlı simvoludur. Azərbaycan xalqı bu gün də Mikayıl Qulubəyov kimi ziyalılarını, alimlərini, döyüşçülərini hörmətlə xatırlayır. Onun həyat yolu yalnız tarixi bir fakt deyil, həm də gənc nəsillər üçün vətənə, elmə və insanlığa xidmət nümunəsidir. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
“Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin miqyasına görə dünyanın qabaqcıl dövlətlərindəndir”

Səmyar Abdullayev: “Biz buna görə Prezident İlham Əliyevə, Heydər Əliyev siyasi kursuna borcluyuq” Artıq uzun illərdir ki, Azərbaycan dünya arenasında sosial dövlət kimi tanınmaqda, bu sahədə ciddi uğurları ilə diqqət çəkməkdədir. Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə, digər kateqoriyadan olan əlillərə göstərilən dövlət qayğısı öz miqyasına, davamlılığına və dinamik inkişafına görə digər ölkələrdən fərqlənir. Bu baxımdan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə Azərbaycanda həssas kateqoriyadan olan vətəndaşlara göstərilən dövlət qayğı ilə bağlı bəzi məqamları şərh etməyə çalışdıq. -Səmyar bəy, bu gün Azərbaycan bütün dünyada sosial dövlət kimi tanınmaqdadır. Bilmək istərdik ki, sosial dövlət siyasətinin Azərbaycan modelini necə xarakterizə edərdiniz? -Azərbaycanın beynəlxalq aləmdə sosial dövlət kimi tanınmasının bəlli səbəbləri var və heç şübhəsiz ki, ölkəmizin bu cür tanınması əsassız deyil. Hər şeydən öncə qeyd etmək istərdim ki, Azərbaycan həssas kateqoriyadan olan vətəndaşlara göstərilən xidmətlərin miqyasına, növ və çeşidinə görə bütün dünyada liderdi. Bu gün dünyada elə bir dövlət yoxdur ki, şəhid ailələrinə, əlillərə bunca davamlı və əhatəli xidmət göstərsin, onların rifahı, təminatı ilə bağlı ən xırda detalları belə nəzərə alsın. Bu yanaşma yalnız və yalnız Azərbaycandadır və bu baxımdan hesab edirəm ki, ölkəmizin bu məsələdə dünya lideri kimi tanınması tamamilə ədalətlidir. -Ölkəmizdə həssas kateqoriyadan olan vətəndaşların rifah və rahatlığının ən xırda incəliklərinə kimi nəzərə alındığını qeyd etdiniz. İstərdik ki, bu nüansı bir qədər ətraflı izah edəsiniz. -Fikrimi izah etmək üçün konkret nümunələr gətirmək istəyirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ildən etibarən yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxsləri yaşadıqları ünvanlarda da (səyyar) reabilitasiya xidmətləri ilə təmin edir. 2022-ci ildən 2024-cü ilin əvvəlinə kimi əlilliyi olan 1700-ə yaxın şəxsə yaşadıqları ünvanlarda reabilitasiya xidmətləri göstərilib. Yəni bu şəxslər öz yaşayış yerini tərk etmədən dövlətin onlar üçün müəyyən etdiyi xidmətlərdən rahatlıqla yararlanıblar. Yəni öz vətəndaşının rahatlığını düşünən Azərbaycan əlil vətəndaşların işini asanlaşdırmaq üçün onlara səyyar xidmətlər təklif edir. Bu xidmətlərdən yararlanmaq üçün vətəndaşın sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə, yaxud da Dost Mərkəzlərinə müraciət etməsi yetərlidir. Onlar həmçinin Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməklə də bu imkandan yarralana bilərlər. Yəni vətəndaşın rahatlığı üçün dövlət onu hansısa inzibati binaya dəvət etmir, əksinə, özü onun evinə gedir, ona yerindəcə lazımi xidmətləri göstərir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan sosial dövlət kimi həqiqətən də unikal ölkədir və dünyanın bu məsələdə bizdən öyrənməli olduğu çox şeylər var. -Səmyar bəy, şəhid ailələrinə olan dövlət qayğısı ilə bağlı hansı məqamları vurğulamağı daha vacib hesab edirsiniz? -Əslində şəhid ailələri ilə bağlı hər bir məqam, onlarla bağlı həyata keçirilən hər bir proqram olduqca vacibdir və qürurvericidir ki, dövlətimiz bu istiqamətdə böyük uğurlara imza atıb.  Nümunə üçün qeyd edim ki, təkcə 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 17,4 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb. Hansı ki, həmin şəxslərdən 339 nəfəri şəhid ailələrinin üzvləri, 1695 nəfəri müharibə iştirakçıları, 1408 nəfəri əlilliyi olan, o cümlədən 320 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan  şəxslər, 1246 nəfəri keçmiş məcburi köçkünlər, 2973 nəfəri gənclər olub. Bugünə qədər isə bütövlükdə 78,7 min nəfər özünüməşğulluq proqramına cəlb olunub ki, onların arasında şəhid ailələri və həssas kateqoriyadan olan digər şəxslər mühüm yer tutub. Şəhid ailələrinin, əlilliyi olan şəxslərin mənzillə təminatı ilə bağlı da mühüm işlər görülüb. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib. 2023-cü ildə 150, ümumilikdə isə 7600-dəna rtıq avtomobil müharibə əlillərinə verilib. 2023-cü ildə şəhid ailələrinin üzvləri və digər imtiyazlı şəxslərdən ibarət 2510 nəfər yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 126 min şəxsə 326 min xidmət göstərilib ki, bu da kifayət qədər ciddi rəqəmdir. -Şəhid ailələrinə, eləcə də həssas kateqoriyadan olan şəxslərə edilən sosial ödəmələrlə bağlı vəziyyəti necə qiymətləndirirsiniz? -Dövlətimizin bu istiqamətdə atdığı addımlar da digər istiqamətdə gördüyü işlərə adekvatdır. Şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min aylıq sosial ödəniş, 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 2007-ci ilin 1 yanvar tarixindən etibarən ölkəmizdə şəhdi ailələrinə ayda 600 manat məbləğində Prezident təqaüdü verilir. Son 20 ildə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Bütün bunlar Azərbaycanın sosial dövlət kimi öz yolunda inamla irəlilədiyini, hər bir vətəndaşına sahib çıxdığını, hər bir insanın rifahını düşündüyünü göstərir. -Sizcə dövlətimizin yürütdüyü sosial siyasətin qorunub saxlanılması, daha da genişlənməsi hansı amillərdən asılıdır? -Hesab edirəm ki, bu, ilk növbədə cari ilin 7 fevral tarixində keçiriləcək prezident seçkilərindən, bu seçkilərin bilavasitə nəticəsindən asılıdır. Bu baxımdan mən bütün vətəndaşlarımızı seçki prosesində aktiv olmağa, bu seçkilərdə fəallıq göstərməyə səsləyirəm. Biz seçkilərdə fəal iştirak etməklə bütün dünyaya göstərməliyik ki, öz dövlətimizin sabahına, onun gələcəyinə biganə deyilik və bu gələcəyin formalaşmasında bilavasitə iştirak edirik. Mən əminəm ki, xalqımız bu seçkilərdə bir daha öz prezidentinə sadiqlik sərgiləyəcək, Müzəffər Ali Baş Komandanı dəstəkləməklə gələcək inkişafını təmin edəcək. Çünki bu gün hər kəs aydın dərk edir ki, Azərbaycanın inkişafı, onun gələcək uğurları bilavasitə İlham Əliyev faktorundan asılıdır. 30 illik erməni işğalına son qoyan, Azərbaycanı sadəcə Ermənistanla deyil, bütün ermənipərəst dünya ilə müharibədən qalib çıxaran Müzəffər Ali Baş Komandanın bundan sonra da xalqımızı inamla yeni zəfərlərə aparacağı şübhəsizdir. Sosial ədalətin davamını istəyiriksə, o zaman Ilham Əliyevin namizədliyi dəstəkləməliyik. İnanıram ki, bütün vətəndaşlarımız kimi həssas kateqoriyadan olan insanlarımız da seçkilərdə fəal iştirak edəcək, öz seçimləri ilə Azərbaycanın gələcək inkişafına öz töhfələrini verəcəklər. -Səmyar bəy, seçkilərdə gözdən əlil vətəndaşların aktivliyi ilə bağlı gözləntiniz nədən ibarətdir? - Bu gün ölkəmizdə 50 minə yaxın gözdən əlil mövcuddur. Onların 7 fevral seçkilərində iştirakı üçün Brayl əlifbalı trafaretlər artıq Cəmiyyət tərəfindən çap edilərk MSK-ya verilib və məntəqələrə paylanılacaq. Ölkəmizdə gözdən əlillərin gizlin səsvermə hüququ təmin olunub. Onlar heç kimin köməyi olmadan seçkilərə qatılaraq istədikləri namizədə səs verirlər. Azərbaycan dünyada gözdən əlil vətəndaşların seçki hüququnu tanıyan öncül ölkələrdən biridir. Qarşıdakı prezident seçilərində digər vətəndaşlarımız kimi gözdən əlil vətəndaşlarımız da aktiv iştirak edəcək və Ilham Əliyevin namizədlərini dəstəkləyəcəklər. Seymur ƏLİYEV

Hamısını oxu