Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir”

“21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu qlobal informasiya təhlükəsizliyinin təmini istiqamətində atılan tarixi addımdır”.

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Forum iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanladığı müraciət, bu müraciətdə yer alan çağırışlar Forumun əhəmiyyətini göstərir:

“Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çox insanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirin qlobal miqyasını əks etdirir. Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbər verirdi.

Qlobal informasiya təhlükəsizliyinin təmininə, “media çirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar, eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi. D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobal təhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinə mühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsini son dərəcə vacib hesab edir”.

Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forum işirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmli çağırışlarla zəngin olduğunu bildirib:

“Prezident İlham Əliyev Forum iştirakçılarına ünvanlanan müraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsi üçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biri D-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi, həmçinin, ortaq media platformasının yaradılması oldu.

Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırış informasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya və saxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüm əhəmiyyətə malikdir. Forum dövlətlərinin media qurumları arasında əməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimi üçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçün gərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq media platformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərin etibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımından oldquca önəmlidir.

Hesab edirəm ki, Forum iştirakçıları Prezident İlham Əliyev tərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətində lazımi addımlar atacaq və bununla qlobal informasiya təhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”.

Seymur ƏLİYEV

2025-11-22 21:05:00
2634 baxış

Digər xəbərlər

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub:  “Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi. Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur.  Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.  Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:  “Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi.  Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz əksini tapıb.  Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.  Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib:  “Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb. Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Ağstafa rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Ağstafa rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Ərzaq məhsullarından ibarət sovqatlar Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Kosmetoloqdan xəbərdarlıq: “Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır”

Keyfiyyətsiz kosmetoloji vasitələrin insan sağlamlığına təsiri son dövrlərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bu barədə daha ətraflı məlumat almaq üçün Moderator.az olaraq kosmetoloq Günel Novruzi ilə həmsöhbət olduq. – Günel xanım, keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə nə başa düşülür? – Keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə tərkibi standartlara uyğun olmayan, sertifikasiyadan keçməyən və ya mənşəyi məlum olmayan məhsullar nəzərdə tutulur. Bu cür vasitələr həm də saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış ola bilər ki, bu da onların təhlükəliliyini daha da artırır. – Bu məhsulların istifadəsi dəridə hansı ilkin fəsadlara səbəb olur? – Ən çox rast gəlinən hallar allergik reaksiyalar və dəri qıcıqlanmalarıdır. İstifadəçilərdə qızartı, qaşınma, səpkilər, quruluq və bəzən də kimyəvi yanıqlar müşahidə olunur. Xüsusilə həssas dəriyə malik insanlarda bu təsirlər daha ağır keçir. – Bəs bu təsirlər yalnız dəridə qalır, yoxsa daha ciddi nəticələr də mümkündür? – Təəssüf ki, təsirlər bununla məhdudlaşmır. Bəzi keyfiyyətsiz məhsulların tərkibində ağır metallar  məsələn, civə və ya qurğuşun olur. Bu maddələr zamanla dəri vasitəsilə orqanizmə daxil olaraq daxili orqanlara təsir göstərə bilər. Bu isə sinir sistemi problemləri, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər. – Kosmetoloji prosedurlarda istifadə olunan keyfiyyətsiz vasitələr nə kimi risklər yaradır? – Bu, daha təhlükəli sahədir. Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır, toxumaların zədələnməsinə, şişkinliklərə və hətta qalıcı deformasiya hallarına səbəb ola bilər. – Bu məhsullar hormonal balansı da poza bilərmi? – Bəli, bəzi kosmetik vasitələrin tərkibində endokrin sistemə təsir edən maddələr olur. Bu maddələr hormonal balansı poza bilər və nəticədə sızanaqların artması, saç tökülməsi və digər problemlər yarana bilər. – Uzunmüddətli istifadə zamanı daha ciddi xəstəlik riski varmı? – Əlbəttə. Tərkibində kanserogen maddələr olan kosmetik vasitələrin uzun müddət istifadəsi hüceyrə dəyişikliklərinə səbəb ola bilər və bu da xərçəng riskini artırır. – Qarşıdan yay mövsümü gəlir, bu dövrdə xüsusilə nələrə diqqət edilməlidir? – Yay aylarında dəri daha həssas olur və günəş şüalarına birbaşa məruz qalır. Bu səbəbdən keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi daha ağır nəticələr verə bilər. İlk növbədə günəşdən qoruyucu (SPF) məhsulların keyfiyyətli və sertifikatlı olmasına diqqət yetirilməlidir. Ucuz və tərkibi bilinməyən SPF vasitələri dərini qorumaq əvəzinə zərər verə bilər. Eyni zamanda yayda məsamələr daha tez tıxandığı üçün ağır, yağlı və keyfiyyətsiz makiyaj vasitələrindən uzaq durmaq lazımdır. Dərinin nəfəs almasına imkan verən, yüngül və dermatoloji cəhətdən yoxlanılmış məhsullara üstünlük verilməlidir. Həmçinin, açıq havada edilən kosmetoloji prosedurlar və ya steril olmayan şəraitdə aparılan müdaxilələr infeksiya riskini artırdığı üçün bu məsələdə daha diqqətli olmaq vacibdir. Su ilə təmasın artdığı yay mövsümündə (hovuz, dəniz) istifadə olunan kosmetik vasitələrin dəriyə uyğunluğu və keyfiyyəti xüsusilə önəmlidir. Keyfiyyətsiz məhsullar günəş və su ilə birlikdə dəridə ləkələrin yaranmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər. – İstifadəçilərə ümumi olaraq nə tövsiyə edərdiniz? – İnsanlar kosmetik vasitələri alarkən onların sertifikatına, tərkibinə və istehsalçı brendinə diqqət yetirməlidirlər. Çox ucuz və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda kosmetoloji prosedurlar yalnız peşəkar və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. – Sonda bu mövzu ilə bağlı nəyi vurğulamaq istərdiniz? – Gözəllik naminə sağlamlığı riskə atmaq düzgün deyil. Keyfiyyətsiz kosmetoloji vasitələr qısa müddətli effekt versə də, uzunmüddətli ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yay mövsümündə dəriyə qulluq daha diqqətlə aparılmalı və yalnız etibarlı məhsullardan istifadə edilməlidir. Seymur ƏLİYEV

Hamısını oxu
Veteranlar Təşkilatı iddialara cavab verdi: Deyilənlər cəfəngiyyatdır

25 noyabr tarixində bəzi xəbər saytlarında Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit Elçin Axundzadənin verdiyi açıqlama Respublika Veteranlar Təşkilatının nüfuzuna mənfi təsir edərək, eyni zamanda Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun şərəf və ləyaqətinə xələl gətirməkdən başqa bir şey deyil. Qeyd olunanlar cəfəngiyyatdır. General-polkovnik Tofiq Ağahüseynovun Respublika Veteranlar Təşkilatın sədri olduğu gündən təşkilatda canlanma baş verib. General-polkovnik Tofiq Ağahüseynov Pandemiya dövründə öz şəxsi təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardım paketləri göndərərək onlara çətin bir dönəmdə dəstəyini əsirgəməyib. Ağdaş rayonunda yaşayan illərdi yataq xəstəsi olan-gözündən və ayaqlarından məhrum olan II Dünya müharibəsi veteranına əlil arabası göndərib. Daha sonra Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçin əlillər üçün nəzərdə tutulmuş şişmə vannaya ehtiyacı olduğuna dair müraciət məktubuna dərhal reaksiya verərək problemin müsbət həlli istiqamətində verdiyi göstərişə əsasən Suraxanı rayon sakini Böyük Vətən Müharibəsi iştirakçısı 2-ci qrup müharibə əlili Belikov Aleksandr Vasilyeviçə əlillər üçün nəzərdə tutulmuş şişmə vanna alınaraq verilib. Azərbaycan Respublikasında hərbi vəziyyətin və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq orduya dəstək olmaq məqsədilə hazırda cəbhədə gedən hərbi əməliyyatlar bitənə qədər 2020-ci ilin oktyabr ayından etibarən hər ay üçün nəzərdə tutulmuş əmək haqqını Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülməsinə dair göstəriş verib. General-polkovnik Tofiq Ağahüseynovun Təşkilatın sədri olaraq fəaliyyətində müsbət istiqamətdə görülmüş işlərin sayı hesabı yoxdur. Son zamanlar Təşkilata qarşı qarayaxma kampaniyası gedir. Verilən informasiyaları  hər iki tərəfi dinlədikdən sonra yerləşdirməsi  xəbər saytlarının borcudur. Qeyd etmək istərdik ki, Elçin Axundzadənin general-polkovnik Tofiq Ağahüseynov haqqında verdiyi qarayaxma kampaniyasının əsasını təşkil edən bu cür xəbərlər  birbaşa dövlətə və dövlətçiliyə qarşı hörmətsizlikdir. Elçin Axundzadə yəqin bilmir ki, general-polkovnik Tofiq Ağahüseynov uzun illər Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi, 6 ildən artıq bir müddətdə isə Ulu Öndər Heydər Əliyevin hərbi müşaviri işləmişdir. Bu günku gün Heydər Əliyev məktəbini keçmiş belə bir şəxsiyyət haqqında Elçin Axundzadənin söylədikləri birbaşa şərəf və ləyaqətə, işgüzar nüfuza xələl gətirməkdir. Bu cür yazılara görə müəllif qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bir nüansı da qeyd edək ki, Silahlı Qüvvələr veteranları kimi general-polkovnik Səfər Əbiyev, general-mayor Məmməd Beydullayevin Təşkilata əlbəttə ki, gələ bilərlər. Təşkilatımızın qapısı hər bir veteranımız üçün açıqdır. Lakin general-polkovnik Səfər Əbiyev və  general-mayor Məmməd Beydullayevin təşkilata gəlişinə hər hansı bir məna verərək qalmaqal yaratmaq bəzi qüvvələrin qarayaxma kampaniyası çərçivəsində görülən işlərdən biridir. Belə əsası olmayan informasiyalara inanmaq lazım deyil. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Mətbuat Xidməti

Hamısını oxu