Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi”

Azərbaycan xalqı bu günlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd edir. Bu günlər xalqımız üçün sadəcə qələbəni xatırlamaq deyil, həm də milli varlığımızı, hər bir azərbaycanlının ürəyində yaşayan torpaq sevgisini, bütövlük arzusunu yenidən dərk etmək deməkdir. 2020-ci ilin həmin möhtəşəm payız günləri tariximizin ən şərəfli və ən yadda qalan səhifələrindən birinə çevrildi. 44 gün ərzində xalqın iradəsi, dövlətin gücü və ordunun əzmi bir amal ətrafında birləşərək “Dəmir yumruq” kimi sıxıldı və illərlə davam edən işğala son qoydu. Məhz buna görə də həmin günlərin hər dəqiqəsi, hər anı hər bir azərbaycanlının yaddaşında həkk olunmuş müqəddəs xatirədir. Bu xatirə həm də torpağımızın azadlığı uğrunda canından keçən, adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin and yerinə çevrilmişdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” əsəri məhz bu tarixi mərhələnin mahiyyətini, dövlət başçısının müstəsna liderliyini və ordumuzun misilsiz qəhrəmanlığını elmi-publisistik şəkildə təhlil edən qiymətli mənbədir. Müəllif faktlara əsaslanaraq göstərir ki, Azərbaycan Ordusunun əldə etdiyi bu möhtəşəm qələbə uzun illər ərzində formalaşan milli iradənin, siyasi məqsədyönlülüyün və ölkənin hərbi-siyasi strategiyasının məntiqi nəticəsi idi.

Müharibənin arxasında dayanan əsas güc xalq–dövlət birliyi, məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və ordumuzun yenilməz ruhu olmuşdur. 30 il boyunca gözlənilən ədalətin bərpası bu birliyin sayəsində mümkün oldu və Azərbaycan XXI əsrin hərb tarixində iz qoyan qələbə qazandı.

Kitabda müəllif 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı separatçı hərəkatın tarixi köklərini geniş şəkildə araşdırır. Qarabağ münaqişəsi sadəcə iki xalq arasında yaranmış lokal problem deyildi. Bu, Sovet İttifaqının son illərində geosiyasi maraqlarla manipulyasiya edilən, beynəlxalq güclərin müdaxiləsi ilə dərinləşən və Azərbaycan xalqına böyük faciələr yaşadan bir proses idi. Ermənistanın ideoloji əsaslara söykənən işğalçılıq siyasəti nəticəsində yüzlərlə yaşayış məntəqəsi viran edilmiş, bir milyonadək soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Bakı Xocalının amansız qətliamını, Şuşanın itirilməsini, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın və Qubadlının işğala məruz qalmasını heç vaxt unutmadı. Bu yaralar xalqın yaddaşında silinməz iz buraxmışdı və azadlıq gününü gözləyən hər bir azərbaycanlı həmin tarixi ədalətin bərpasına inanırdı.

Müəllif haqlı olaraq 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi kimi qiymətləndirir. O dövrdə ölkədə hökm sürən xaos, ordunun zəifliyi, siyasi parçalanmalar və xarici müdaxilələr gənc dövlətin varlığını təhlükəyə atmışdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndirildi, müasir ordu quruculuğunun təməli qoyuldu və Azərbaycanın milli təhlükəsizlik konsepsiyası formalaşdı. Sonrakı illərdə İlham Əliyevin bu siyasəti yeni mərhələyə yüksəldərək modern ordunun, güclü iqtisadiyyatın və beynəlxalq nüfuzun bünövrəsini yaratdı. Cəlil Xəlilovun vurğuladığı kimi, məhz bu sistemli iş 2020-ci ildə qələbənin əsasını təşkil edirdi.

İkinci Qarabağ müharibəsinin başlanması Ermənistanın ardıcıl təxribatlarının nəticəsi idi. Tovuz hadisələri, sərhəd boyunca gərginlik və Azərbaycanın mülki əhalisinə qarşı atəşlərin açılması artıq işğalçı dövlətin məqsədini açıq göstərirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hücumu Azərbaycanın səbr kasasını daşırdı və ordumuz haqq müharibəsinə başladı. Cəmisi bir neçə gün ərzində Azərbaycanın müxtəlif istiqamətlərdə qazandığı uğurlar təkcə hərbi üstünlüyümüzün deyil, həm də ordunun ruh yüksəkliyinin və qələbə amalının parlaq göstəricisi idi. Hər qarış torpağın, hər kənd və qəsəbənin azad edilməsi xalqda möhtəşəm birlik hissi yaratdı və “Dəmir yumruq” Azərbaycan xalqının həmrəyliyinin rəmzinə çevrildi.

Kitabda Azərbaycan Ordusunun fəaliyyəti yüksək elmi təhlillə təqdim edilir. Ordumuzun döyüş qabiliyyəti, müasir silah sistemlərindən effektiv istifadə etmə bacarığı, əməliyyatların dəqiqliklə planlaşdırılması və hərbi qulluqçularımızın fədakarlığı dövlətimizin gücünü bir daha nümayiş etdirdi. Bu müharibə yalnız pilotsuz uçuş aparatlarının üstünlüyü ilə deyil, həm də quru qoşunlarının, xüsusi təyinatlıların, artilleriya və tank birləşmələrinin sinxron fəaliyyəti ilə dünyaya nümunə oldu. Azərbaycan əsgəri qarşısında ən çətin relyefi belə aşaraq irəlilədi və qəhrəmanlığı ilə hərb tarixinə düşdü. Şuşanın qayalıqlarından qalxan döyüşçülərimiz yüngül silahlarla, bəzən əlbəyaxa mübarizə ilə şəhəri düşməndən təmizləyərək qəhrəmanlıq salnaməsi yazdılar. Bu əməliyyatın uğuru dünya ekspertləri tərəfindən “XXI əsrin hərb möcüzəsi” kimi qiymətləndirildi.

Bu qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı dayanır. Şəhidlərimizin hər biri Azərbaycanın bütövlüyü uğrunda canını fəda etdi və bu torpaqlara əbədiyyət möhürü vurdu. Qazilərimiz isə həyatlarını riskə ataraq döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdilər. Onların bəziləri ayaqlarını, qollarını, bəziləri gözlərini itirsə də, heç biri qələbə amalından dönmədi. Qazilərimizin hər biri bu xalqın canlı qəhrəmanlarıdır və dövlət tərəfindən onlara göstərilən qayğı əsərdə geniş şəkildə qeyd olunur. Müəllif vurğulayır ki, Azərbaycanın igid oğullarının fədakarlığı milli yaddaşımızın ən parlaq səhifələrini təşkil edir və gələcək nəsillər üçün örnəkdir.

Müharibənin gedişində təhlükəsizlik orqanlarının fəaliyyəti də kitabda əhatəli şəkildə araşdırılır. Dövlət Təhlükəsizliyi Xidmətinin düşmənin daxili diversiya planlarının qarşısını alması, ölkədə sabitliyi təmin etməsi, əməliyyat məlumatlarının ordunun istifadəsinə çatdırılması qələbənin əldə edilməsində mühüm rol oynadı. 44 gün ərzində bircə dəfə belə daxili sabitliyin pozulmaması, terror aktlarının baş verməməsi Azərbaycanın güclü təhlükəsizlik sisteminə malik olduğunu sübut etdi.

Zəfərdən sonra Qarabağda həyata keçirilən quruculuq işləri də əsərin mühüm istiqamətlərindəndir. Müəllif geniş şəkildə göstərir ki, müharibədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı işlərə start verildi. Füzuli, Zəngilan və Laçında hava limanlarının tikilməsi, yolların çəkilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin icrası, məktəblərin, xəstəxanaların, yaşayış məhəllələrinin inşası Azərbaycanın bu torpaqlara həyat qaytarmaq əzmini nümayiş etdirir. Artıq yüzlərlə ailənin doğma yurdlarına qayıtması Zəfərin real nəticəyə çevrildiyini sübut edir.

Müəllif sülh prosesini də geniş təhlil edərək qeyd edir ki, İlham Əliyev müharibənin qalibi olmaqla yanaşı, həm də sülhün müəllifidir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq, Ermənistanla aparılan danışıqlarda tutduğu prinsipial mövqe, region ölkələri ilə əməkdaşlıq təşəbbüsləri ölkəmizin Cənubi Qafqazda aparıcı gücə çevrildiyini göstərir. Bu gün Azərbaycan diktə edən, şərtləri müəyyənləşdirən tərəfdir və bu reallıq sülhün uzunmüddətli olmasını şərtləndirir.

Nəticə etibarilə, Cəlil Xəlilovun “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabı müasir Azərbaycan tarixinin ən həlledici mərhələlərini dərindən təhlil edən, ordumuzun şücaətini, şəhid və qazilərimizin qəhrəmanlığını, Prezident İlham Əliyevin liderlik fenomenini əhatəli şəkildə təqdim edən sanballı bir tədqiqat əsəridir. Bu kitab bir daha sübut edir ki, 44 günlük Vətən müharibəsi milli birliyin, dövlətin qüdrətinin və xalqın əzminin təntənəsi idi. Bu Zəfər həm bu günümüzün qürur mənbəyidir, həm də gələcək nəsillərin milli kimliyini formalaşdıran əbədi ideoloji dayaqlardan biri olacaq.

 s.e.f.d., dos. Murtəza Həsənoğlu,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,

Siyasi İdarəetmə fakültəsinin dekanı

 

2025-12-02 12:58:00
2541 baxış

Digər xəbərlər

CƏLİL XƏLİLOV: “Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”

“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:   “Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.   Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.   Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:   “Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz. Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.  

Hamısını oxu
“Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

Cəlil Xəlilov: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik” “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik” Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq. -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq? - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında düzgün struktur və kadr siyasəti dayanır. Bundan başqa, Təşkilatımızın rayon şöbələrinin aktivliyinin artırılması, onların fəaliyyətinin stimullaşdırılması da qarşıda duran əsas vəzifələrdəndir. Məlumat üçün qeyd edim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar yerlərdə gənclər, veteranlar arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün onların maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, qarşıdakı fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da dərinləşdirilməsi, Təşkilatın fəaliyyətinin bölgələrdə gücləndirilməsi əsas fəaliyət istiqmaətlərimizdən biri olacaq. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğindəki xüsusi roluna görə diqqət çəkib. Yəqin ki, bundan sonra da bu istiqamət Təşkilatın əsas fəaliyyət prioritetlərindən biri olaraq qalacaq? -Şübhəsiz! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğini gücləndirmək, onların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsini təmin etməkdir. Hansı ki, indiki həssas dönəmdə bu, ikiqat əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, məhz gənclərin vətənpərvərlik eşqi, vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün də gənclərimiz arasında vətənpərvərlik ideologiyasının güclənməsinə xüsusi diqqət yetirməli, bu istiqamətdə əməli addımlar atmalıyıq. Odur ki, əsas məqsədlərimizdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Səfərbərvərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməkdir. Qeyd edim ki, Təşkilatımız bundan öncə də bu istiqamətdə çoxsaylı görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirmək, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin  etmək niyyətindəyik. İnanıram ki, biz bu işin öhdəsindən gələ biləcəyik. Müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətləri Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi diqqət mərkəzimizdə olacaq. -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hansı addımlar atmağı planlaşdırır? -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq. Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, çoxdan qəbul edilən bu qanunda zəruri dəyişikliklər edilməli, mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı orqanların diqqətinə çatdırmışıq. - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq daha hansı yeniliklərə imza atmağı düşünürsünüz? -Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi üçün tədbirlərin görülməsi, o cümlədən zəruri xarici səfərlər üçün maliyyə imkanlarının yaradılması da əsas məqsədlərimizdən biridir. Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir. Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq. Seymur ƏLİYEV

Hamısını oxu
“Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”

Nurəddin Mehdixanlı: “Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstəriblər” “Sərhədçilərimizin Vətən müharibəsindəki qəhrəmanlığı ilə bağlı filmlər çəkilməli, əsərlər yazılmalıdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, 44 günlük Vətən müharibəsində Dövlət Sərhəd Xidməti (DSX) əsl fədakarlıq sərgiləyib, düşmənə qarşı mübarizədə çoxsaylı qəhrəmanlıqlar göstərib: “2020-ci ilin 44 günlük Vətən müharibəsi milli tariximizin, hərb tariximizin ən şanlı səhifəsi, qəhrəmanlıq salnaməsidir. Bu müharibədə Azərbaycan xalqı öz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək düşmənə sarsıdıcı zərbə endirdi, uzun müddətdir ki, işğal altıdna qalan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya əsl peşəkarlıq və qəhrəmanlıq nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində sərhədçilərimiz də əzmlə döyüşərək Vətən torpağının erməni faşizmindən azad edilməsinə böyük töhfələr verdi. Sərhədçilərimiz bu müharibədə müasir hərbi texnilogiyanın ən son yeniliklərini uğurla tətbiq etdi. Dronlarla düşmənin  hərbi tenxikasına, hava hücumundan müdafiə sistemlərinə, eyni zamanda canlı qüvvəsinə dağıdıcı zərbələr endirildi. Sərhədçilərimiz Arazboyu ərazilərimizdə sürətli hücum əməliyyatları həyata keçirməklə düşməni çaş-baş qoydu və erməni faşizmini özünə gəlməyə imkan vermədən darmadağın etdi. Sərhədçilərimiz Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsinə də böyük töhfələr verdi. Onlar bütün dünyada heyrətlə qarşılanan böyük qəhrəmanlıq nümunələri göstərdilər. Bu baxımdan, hesab edirəm ki, sərhədçilərimizin qəhrəmanlığı təbliğ edilməli, gələcək nəsillərin bu barədə dolğun şəkildə məlumatlanması, öz tarixinə, milli-mənəvi dəyərlər sisteminə bağlı şəkildə yetişməsi təmin edilməlidir. Bunun üçün isə bütün təbliğati vasitələrdən, o cümlədən, mədəniyyət və incəsənətin imkanlarından istifadə edilməlidir”. Seymur ƏLİYEV      

Hamısını oxu
Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr - Anım Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Bakıda Zəfər parkını ziyarət ediblər. Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Hamısını oxu