Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik İlqar Quliyev vəfat edib

Azərbaycanın hüquq-mühafizə orqanının ehtiyatda olan polkovniki, yazıçı, hərbi jurnalist İlqar Quliyev vəfat edib.

69 yaşında Bakıda infarktdan dünyasını dəyişən polkovnik Göyçayda dəfn olunub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə polkovnik İlqar Quliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Polkovnik qeyd edib ki, İlqar Quliyev hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edib, hansı qurumda çalışmasından asılı olmayaraq,  öz vəzifə borcunu layiqincə yerinə yetirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, İlqar Quliyevin işıqlı xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, onun zəngin irsi gənc nəsil üçün ilham mənbəyi olacaq.

Məlumat üçün qeyd edək ki, polkovnik İlqar Quliyev bir çox məqalə və kitabların müəllifidir.

 

 

2025-12-02 15:45:00
3015 baxış

Digər xəbərlər

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.

Hamısını oxu
Veteranlara sosial müdafiəsi daha da gücləndiriləcəkdir

  Azərbaycanda  bütün qəbildən olan veteranlar, xüsusilə müharibə əlilləri və veteranları yüksək dövlət qayğısı ilə əhatə edilmişlər. Ümummilli lider Heydər Əliyevin əsasını qoydulğu bu siyasət hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin həyata keçirilməsində bütün dövlət orqanları və ictimai təşkilatlar əlaqəli şəkildə fəaliyyət göstərməklə, üzərlərinə düşən çox mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Qeyd olunan istiqamətdə Respublika Veteranlar Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə qarşılıqlı fəaliyyəti xüsusi qeyd edilə bilər. Belə ki, son illər bu təşkilatlar arasındakı əməkdaşlıq əlaqələri daha da genişlənmiş, uğurlar xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, veteranların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranmış, onların sağlamlığının bərpası üçün sanatoriya və istirahət evlərinə verilən güzəştli putyovkaların sayı artmışdır. Dünən Respublika Veteranlar Təşkilatının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinin ilə birgə görüşündə veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi, xüsusi ilə 1941-1945-ci ilər Böyük Vətən Müharibəsi iştirakçılarının və kimsəsiz veteranların sosial problemlərinin operativ həlli məsələləri müzakirə olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili S.Mehbalıyev və Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik C.Xəlilov veteranların dövlət qayğısı ilə əhatə edilmələrini, onların ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduqlarını bir daha vurğulamışlar. Görüşün sonunda Həmkarlar İttifaqı fəallarına Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteranların Qayğıkeşi” diplomu, “Veteran Həmrəyliyi” və “General Səməd bəy Mehmandarov” yubiley medalları təqdim olunmuşdur.

Hamısını oxu
Space kanalı "Səhər" verilişi

Hamısını oxu
Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illik yubileyi Respublika Veteranlar Təşkilatında qeyd edilib

Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsinin 100 illik yubileyinin yaxın günlərdə dövlət səviyyəsində qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarmızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakı şəhərinin düşməndən azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi. Bildirilib ki, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib və Göyçaya yaxınlaşıblar. Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam edib. Müqavimətə baxmayaraq, Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri düşməni məğlub edib. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişib, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaradıb. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi olub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkilib. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edib. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsi üçün ardıcıl iş aparıblar. Peşəkar Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən çox əsgər və zabiti şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad edib. Bu tarixi günü qeyd etdiyimiz bir vaxtda hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir. Biz inanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan Ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və döyüş əzmini bir daha aydın göstərdi, işğalçıya Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirildi. Biz veteranlar erməni işğalı altındakı Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Prezident yanında Bilik Fondunun sektor müdiri Haci Nərimanoğlu və başqaları çıxış edərək Bakının düşmənlərdən azad olunması ilə bağlı 1918-ci ilin aprel-sentyabr aylarında Cümhuriyyət xadimlərinin fəaliyyətindən, Qafqaz İslam Ordusunun şücaətindən danışıblar. Qeyd ediblər ki, bu tarix Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və birliyin nümunəsidir. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının tariximizin geniş auditoriyaya, xüsusilə də gənclərə aydın çatdırılması və cəmiyyətdə təbliğ olunması baxımından əhəmiyyətindən söz açılıb. Çıxış edənlər Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildiriblər.

Hamısını oxu