Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“2025-ci il Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşilatı üçün uğurlu olub”

Cəlil Xəlilov: “Qarşıdakı ildə daha böyük hədəflərə nail olmaq əzmindəyik”

 2025-ci il başa çatmaq üzrədir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovla söhbətimizdə cari ildə görülən işlərə qısa da olsa nəzər salmağa çalışdıq:

-Сəlil müəllim, 2025-ci il başa çatır. Başa çatmaqda olan bu il hansı hadisələrlə əlamədar oldu?

-Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr  2024-cü il tarixli sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu il, 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi Zəfərin 5-ci, dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyinin tam bərpa edilməsinin 2-ci ildönümü təntənəli qeyd olundu.

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ-ın iştirakı ilə Azərbaycanla Ermənistan arasıdna sülh müqaviləsimətninin paraflanması da bu ilin ən mühüm hadisələrindən biri oldu.

İşğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işləri bu il də tam vüsətlə davam etdirildi, onlarla müəssisəsnin, yaşayış binasının, yol və körpünün açılışı reallaşdı.

Amnistiya aktı ilə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunan veteranlar istisna olmaqla, Vətən müharibəsində və antiterror əməliyyatında iştirak etmiş şəxslər və onların yaxın qohumları, İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər cəzalarından tam azad edildilər. Elan edilmiş bu amnistiya tərəfimizdən Prezident İlham Əliyevin bütün vətəndaşlara, eləcə də qazilərə olan humanist münasibəti, onlara verdiyi yüksək dəyər kimi xarakterizə edilir və bu hər şeydən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanizminin göstəricisidir. Bu amnistiya bir daha sübut etdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına qarşı son dərəcədə humanistdir və onların rahatlığı, sevinc və xoşbəxtliyi üçün hər bir imkandan istifadə edir.

Bir sözlə, 2025-ci ildə dövlətimizin və xalqımızın maraqları baxımından kifayət qədər uğurlu oldu.

-2025-ci il rəhbəri olduğunuz Təşkilatın fəaliyyəti baxımından nə dərəcədə uğurlu oldu?

-2025-ci il Təşkilatımız üçün də uğurlu il olmuşdur. Hesabat ilində Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikası Konstitusiyasını,  beynəlxalq aktları, “Veteranlar haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunlarını, qüvvədə olan digər normativ hüquqi aktları və Təşkilatın Nizamnaməsini rəhbər tutaraq müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlarla birgə veteran hərəkatının genişlənməsində, şəhid ailələrinin, Təşkilatımızda təmsil olunan veteranların həyat və məişəti üçün lazımi şəraitin yaradılmasında və onların ölkənin ictimai həyatında fəallığının artırılması istiqamətində işlərini uğurla davam etdirmişdir.

Hesabat ilində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar vaxtilə sovet dövründə və müstəqilliyin bərpasından sonra onunla birgə, bilavasitə rəhbərliyi altında işləmiş rəhbər işçilərin, Birliyin əməkdaşlarının, şəhər (rayon) veteranlar təşkilatı sədrlərinin və müxtəlif kateqoriyadan olan üzvlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, Fəxri Xiyaban ziyarət edilərək Ulu öndərin xatirəsi ehtiramla yad edilmişdir.

Hər il olduğu kimi cari ilin ötən dövrü ərzində də Təşkilatın inzibati binasında veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  20 Yanvar - Ümumxalq Hüzn günü, Xocalı soyqırımının ildönümü, 31 Mart - Azərbaycanlıların soyqırımı günü, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü, 27 sentyabr Anım Günü, 8 Noyabr - Azərbaycan Respublikasında Zəfər Günü və digər dövlət bayramlarına həsr olunmuş tədbirlər keçirilmiş, həmçinin dövlət səviyyəsində keçirilən tədbirlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri fəal iştirak etmişlər.

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Təşkilatımız tərəfindən xüsusi Tədbirlər Planı hazırlanmış, İctimai Birliyin Rəyasət Heyətinin 2025-ci il 11 mart tarixli iclasında təsdiq edilmişdir. Həmin plan üzrə respublikanın şəhər və rayonlarında Təşkilatımız tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində  bir sıra tədbirlər təşkil edilmişdir. Belə ki, mart ayının 18-də Təşkilatın inzibati binasında “Konstitusiyamız və Suverenliyimiz – dövlətimizin təhlükəsizliyinin qarantıdır” mövzusunda, aprel ayının 23-də Şəki şəhərində Təşkilatımızın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərdən zəfərə gedən yol”, aprel ayının 24-də Gəncə şəhəri Heydər Əliyev Mərkəzində Təşkilatımızın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Zəfərdən zəfərə gedən yol”, may ayının 19-da Naxçıvan şəhərində Təşkilatımızın və Naxçıvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, iyun ayının 19-da isə Laçın rayonunda Təşkilatımızın və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzularında konfranslar keçirilmişdir. Naxçıvan səfəri zamanı Muxtar Respublikanın rəhbərliyi ilə görüş keçirilmiş, konfransın mövzusunun mahiyyəti və əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır.

-Təşkilatınıza yeni üzvlərin qəbulu ilə bağlı vəziyyət necədir?

-Cari ilin ötən dövründə Təşkilata müraciət etmiş 76 nəfər - Qarabağ müharibəsi veteranı,  40 nəfər - Əmək veteranı, 26 nəfər - 44 günlük Vətən müharibəsi iştirakçısı, 131 nəfər - veteran hərəkatının fəal üzvü, 5 nəfər - Əfqanıstan müharibəsi veteranı, 2 nəfər - şəhid ailəsi üzvü,  6 nəfər - Silahlı Qüvvələr veteranı, 1 nəfər - Çernobl əlili, 1 nəfər – hərbi xidmət əlili olmaqla ümümilikdə 286 nəfər müxtəlif kateqoriyadan olan veteranların sənədləri öyrənildikdən sonra Təşkilatımıza üzvlüyə qəbul edilmiş, məlumat bazasına yerləşdirilmişdir.

Ad günləri və yubileylərlə əlaqədar Təşkilatın sədri adından veteranlara təbrik məktubları, Fəxri Fərmanlar hazırlanmış və ünvanlara göndərilmişdir.

-2025-ci ildə gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində hansı addımlar atıldı?

-Hesabat ilində gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı istiqaməti üzrə işlər davam etdirilmişdir. Belə ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda hazırlanmaları məqsədi ilə keçirilən tədbirlər ölkənin bütün rayon və şəhərlərini əhatə etmişdir. Bu tədbirlərdə Təşkilatın rəhbərliyi və əməkdaşları, rayon veteranlar təşkilatının sədrləri, tədbirin təşkil oluduğu ərazidə yaşayan fəal veteranlar, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Ümumiyyətlə, tədbirlərimiz mövzu və auditoriya baxımından kifayət qədər zəngin olmuşdur. Bakı şəhəri üzrə  Nərimanov, Nəsimi, Yasamal, Nizami, Suraxanı, Səbaıl, Xəzər, Xətai, Binəqədi, Sabunçu və Pirallahı rayonlarında yerləşən orta məktəb, gimnaziya və liseylərdə, Azərbaycan Dillər və Slavyan universitetlərində, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində İkinci Dünya müharibəsində 416, 402, 77, 396, 223-cü  Azərbaycan Diviziyalarının keçdikləri döyüş yolları   haqqında, ordu quruculuğuna və 2016-cı ilin aprel döyüşlərinə aid mövzularda, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “8 noyabr - Zəfər Günü” və s. mövzulara həsr edilmiş tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə başlıca diqqət gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmaları ilə yanaşı, yeniyetmə və gənclərin hərbi xidmətə, vətəni qorumağa daim hazır olmalarına yönəldilmişdir.

-Veteranların müalicəsi və istirahətinin təmini istiqamətində necə hansısa addımlar atıldımı?

-Şübhəsiz.

İl ərzində Mərdəkan Veteranlar Xəstəxanasında müxtəlif kateqoriyalardan olan 1520  nəfər veteran və təqaüdçü müalicə kursu keçmişdir. Onlardan 9 nəfərinə Respublika Veteranlar Təşkilatı tərəfindən göndəriş verilmiş, 2 nəfər veteranın sanatoriya-kurort vərəqələri ilə təmin edilməsinə köməklik göstərilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Herontoloji mərkəzi RVT-nin yaşlı veteranlarını təmənnasız tibbi müayinə və müalicə olunmalarını öz himayələrinə götürərək 5 illik müqavilə bağlanmış, il ərzində mərkəzin həkimlər briqadası tərəfindən 62 nəfər veteran tibbi müayinədən keçirilmişdir. Bundan əlavə Bakı səhəri Herontoloji Mərkəzi RVT ilə birgə 50 nəfərdən artıq veteranlarla  “Veteranların Tibbi maarifləndirilməsi” mövzusunda tədbir keçirmişdir. Müalicəyə ehtiyacı olan bir çox veteranla bağlı isə əlaqədar tibbi müəssisələrinə müraciətlər edilmiş, onların müalicəsi istiqamətində konkret addımlar atılmışdır.

Hesabat ili ərzində Təşkilata daxil olmuş müxtəlif məzmunlu 267 sənəd, 158 ərizə, elektron poçt vasitəsi ilə daxil olmuş 276 müraciət müvafiq qaydada cavablandırılmış, digər təşkilatlara 234 sənəd göndərilmişdir.    

-Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının beynəlxalq müstəvidə də aktiv fəaliyyət göstərdiyi məlumdur. Maraqlıdır, Təşkilatınız  beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı bu il hansı yeniliklərə imza atıb?

-2025-ci ildə İctimai Birliyin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Respublika Veteranlar Təşkilatının Türk Dövlətləri Təşkilatı, MDB və Avropa ölkələrinin müvafiq veteranlar təşkilatları ilə ikitərəfli, beynəlxalq veteranlar təşkilatları ilə çoxtərəfli əlaqələrin gücləndirilməsi, onların qabaqcıl təcrübələrinin öyrənilməsi, eyni zamanda II Dünya Müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etmiş 416-cı, 402-ci, 77-ci, 396-cı və 223-cü Azərbaycan diviziyalarının döyüş yolu haqqında əlavə məlumatların əldə edilməsi, həmçinin, Türkiyənın, Qazaxıstanın, Özbəkistanın, Qırğızstanın, Rusiyanın, Belarusun, Gürcüstanın, Tacikistanın, Moldovanın, Almaniyanın, Avstriyanın, Macarıstanın, Serbiyanın, Sloveniyanın, Polşanın, Cexiyanın, Slovakiyanın, İtaliyanın veteranlar təşkilatları haqqında məlumatların toplanması məqsədilə və qarşılıqlı səfərlərin təşkili ilə əlaqədar Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə müvafiq müraciətlər göndərilmişdir.  

II Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixlərində Moskva şəhərində keçirilən növbəti plenumunda və “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda keçirilən beynəlxalq konfransda, Moskva şəhərində "Müstəqil Dövlətlərin veteranlarının (pensiyaçıların) İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının Rəyasət Heyətinin “Müstəqil dövlətlərin Beynəlxalq Veteranlar Birliyinin növbəti IX qurultayına hazırlığının son mərhəsində Birliyin (MDB) veteranlar təşkilatlarının fəaliyyətinin aktivləşdirilməsi üzrə vəzifələri” və “Koordinasiya Şurasının Rəyasət Heyətinin növbəti Plenumu haqqında” iclaslarında Təşkilatımızın iştirakı təmin edilmiş, müzakirələr zamanı aidiyyəti üzrə tərəfimizdən konkret təkliflər irəli sürülmüşdür..

Hesabat ilində  Belarus Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Pineviç Dmitriy Leonidoviçlə Təşkilatımızda görüş keçirilmişdir.  Görüş zamanı ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə edilmişdir. Bundan əlavə cari ilin mart ayında Rusiya Federasiyası Dağıstan Respublikasının Bakı şəhərindəki Nümayəndəsi Abdullayev Əliyar Tanrıverdi oğlunun xahişi ilə Təşkilatımızda görüş təşkil edilmişdir. Görüşdə Ümumrusiya veteranlar ictimai təşkilatlarının Dağıstan regional bölməsi tərəfindən cari ilin 17 aprel tarixində keçiriləcək II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş Dağıstan və Azərbaycan Respublikalarının veteranlarının birgə forumunda iştirakı ilə əlaqədar dəvətnamə təqdim olunmuş və nümayəndə heyətimizin həmin forumda iştirakı təmin edilmişdir.

Ötən dövr ərzində Respublikanın Mərkəzi Arxivindən II Dünya Müharibəsində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Azərbaycanlılar haqqında əlavə məlumatlar toplanaraq Təşkilatın məlumat bazasına daxil edilmişdir. MDB dövlətləri və Avropa ölkələri ərazisində qardaşlıq və hərbi məzarlıqlarda dəfn olunmuş həmvətənlərimizin məzarlarının aşkarlanması və qo­runub saxlanılması istiqamətində işlər həmin şəhərlərdə fəaliyyət göstərən səfirlik və diaspor təşkilatları ilə birgə davam etdirilmişdir. Yeni il ərəfəsində müvafiq səfirliklərə, MDB Veteranlar Şurasına və Dünya Veteranlar Federasiyasına təbrik məktubları göndərilmişdir.

 -Cəlil müəllim, mümkünsə bir qədər də Təşkilatın media ilə əməkdaşlığı, informasiya təminatındakı fəaliyyəti haqqında məlumat verərdiniz.

 -2025-ci ildə İctimai Birliyin “veteran.gov.az” saytının texniki və təhlükəsizlik baxımından funksionallığı təmin edilib, saytın təkmilləşdirilməsi üzrə işlər davam etdirilib. Təşkilatın İnformasiya Təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq dövlət orqanları ilə (Xüsusi Dövlət Mühafizə Xidməti) əlaqələr yaradılmış, sistem və tətbiqi proqram təminatları, texniki avadanlıqların və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olması təmin edilmişdir. Təbliğati işin qurulmasında Təşkilatın “veteran.gov.az” saytının mühüm yeri var. İl ərzində Təşkilatın keçirdiyi tədbirlər barədə internet saytına ümumilikdə 480-dən artıq məlumat və məqalənin,   foto-video qalereya bölməsinə 1549 fotonun, 46 video materialın, facebook və twitter sosial şəbəkələrdəki səhifələrin hər birində 58 məlumatın hazırlanaraq yerləşdirilməsi təmin edilmişdir.

Eləcə də ötən müddət ərzində əməkdaşlarımızın  “ Az TV ”,  “ Real TV ”-də,  “ Yeni TV” youtube kanalında, “ AzərTac ”, “ Moderator.az”,  “ AzadMedia.az ”,  “ İki sahil ”,  “ Trend ”,  “Redaktor.az ” , “ 24 informedia.az ”saytlarında, həmçinin “Xalq qəzeti”, “525-ci qəzet” və s. qəzetlərdə məqalələrinin, müsahibələrinin dərci təmin edilmişdir.

Qarşıdakı ildə bütün digər müstəvilərdə olduğu kimi, informasiya sahəsində də fəaliyyətinizimi genişləndirməyi hədəfləyirik.

Sonda qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Prezidentimizi, Birinci vitse-prezidentimizi, xalqımızı, Silahlı Qüvvələrimizi bütün veteranlar adından təbrik edir, 2026-cı ildə dövlətimizə yeni uğurlar arzulayıram. Əminliklə bildirirəm ki, veteranlarımız 2026-cı ildə də dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməkdə davam edəcək, dövlətimizin inkişafını dəstəkləmək üçün əlindən gələni əsirgəməyəcək.

Seymur ƏLİYEV

2025-12-29 10:30:00
2613 baxış

Digər xəbərlər

Daşlar danışmır, tarix danışır...

Şuşanın qayaları abidədir, dəftərçə deyil... “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin bu sözləri təkcə bir şəhərə ünvanlanmış müraciət deyildi, bütöv bir xalqın otuz illik həsrətinin, minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin ifadəsi idi. Şuşa təkcə gözəl mənzərələri, dağ havası və qədim memarlığı ilə deyil, hər daşında, hər qayasında yaşanmış tarixin izləri ilə əzizdir. O qayalar sadəcə təbiət abidəsi deyil - Vətən müharibəsinin, otuz ilə yaxın işğal dövründə çəkilən həsrətin və nəhayət, azadlığın rəmzidir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edildiyi gün Prezident İlham Əliyevin dediyi "Şuşa, sən azadsan!" sözləri hər bir azərbaycanlının yaddaşına həkk olunub. Şuşanın hər qayası, hər daşı bizim üçün müqəddəsdir - onlar sadəcə coğrafi məkan deyil, Zəfərin canlı şahidləridir. Təəssüf ki, son vaxtlar Şuşaya gələn bəzi ziyarətçilər bu tarixi məkanlara hörmətsizlik nümayiş etdirirlər, Cıdır düzü kimi tarixi əhəmiyyət daşıyan məkanda qayaların üzərinə öz adlarını, tarixləri, mənasız yazıları həkk edirlər. Bu, zahirən "xatirə qoymaq" kimi görünsə də, əslində tarixi abidəyə vurulan fiziki zərərdir, o yerdə canından keçmiş şəhidlərimizin və qan tökmüş qazilərimizin xatirəsinə qarşı mənəvi hörmətsizlikdir. Bu hörmətsizliyin kökündə çox vaxt gənc nəslin tarixi hadisələrə soyuq münasibəti durur. Vətənpərvərlik yalnız bayram günlərində deyilən şüarlarla deyil, gündəlik tərbiyə prosesində formalaşır. Məktəblərdə Vətən müharibəsi tarixinin, şəhidlərimizin həyat hekayələrinin daha dərindən tədris olunması, gənclərin azad edilmiş torpaqlara, Zəfər yerlərinə mütəşəkkil səfərlərlə aparılması, onlara bu torpağın, bu abidələrin nə qədər ağır bədəllə qorunub saxlanıldığını izah etmək - bunlar formal tədbir deyil, milli kimliyin qorunması üçün zəruri addımlardır. Bu problemi yalnız Şuşa qayaları ilə ifadə etmək düzgün olmazdı. Bütövlükdə azad edilmiş torpaqlarımızdakı tarixi abidələr, qədim məscidlər, ziyarətgahlar, eləcə də əcdadlarımızın uyuduğu məzarlıqlar eyni hörmətsizlik təhlükəsi ilə üz-üzədir. Bu yerlərin hər biri xalqımızın kimliyinin, dini və mədəni köklərinin daşıyıcısıdır. Bir qəbir daşının, bir məscidin divarının korlanması yalnız fiziki zərər deyil - nəsillər arasındakı yaddaş körpüsünün dağıdılmasıdır. Ona görə də qorunma məsələsinə təkcə "Şuşa qayaları" kontekstində deyil, bütövlükdə tarixi-mədəni irsimizə, müqəddəs ziyarətgahlarımıza və əcdad qəbirlərinə hörmət məsələsi kimi yanaşılmalıdır. Bütün tarixi abidələrimizi, ziyarətgahlarımızı və əcdad məzarlarımızı gələcək nəsillərə saf, toxunulmamış şəkildə çatdırmaq hər birimizin milli borcudur. Təklif edərdim ki, - Şuşa və digər bölgələrə gələn ziyarətçilər üçün tarixi abidələrin, ziyarətgahların və məzarlıqların qorunması ilə bağlı maarifləndirici tədbirlər keçirilsin; - bu yerlərdə xəbərdarlıq lövhələri qoyulsun, zəruri hallarda nəzarət gücləndirilsin; - zərər vuranlar üçün qanunda nəzərdə tutulmuş məsuliyyət mexanizmi işə salınsın; - məktəb və universitetlərdə Zəfər tarixinin tədrisi gücləndirilsin, gənclər üçün mütəşəkkil səfərlər artırılsın. Şuşa bizim üçün sadəcə bir şəhər deyil - o, "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa biz səni dirçəldəcəyik!” sözləri ilə bütün millətin ürəyinə həkk olunan Zəfərin rəmzidir. Bu gün Şuşa sadəcə azad deyil, o, həm də bizim üçün əbədi əzizdir, doğmadır. Ehtiyatda olan polkovnik Eldəniz Hüseynov

Hamısını oxu
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.  AZƏRTAC-ın dərc etdiyi təbrik mətnində deyilir: “Hörmətli Mehriban Arif qızı,   Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”

Hamısını oxu
“Bu orden Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında xalqımızın humanizminə verilən qiymətdir”

Məlum olduğu kimi, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib. Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb. Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, bunu Birinci vitse-prezidentin planetimizin ən müxtəlif bölgələrində, eləcə də Rusiyada mədəni-humanitar sahədə həyata keçridiyi uğurlu fəaliyyətlə əalqələndirib:  “Heç kimə sirr deyil ki, hörmətli Mehriban xanım yalnız Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da mədəni-humanitar baxımından geniş fəaliyyət ortaya qoyur, bəşəri dəyərləri rəhbər tutaraq mühüm layihələrin həyata keçirilməsinə dəstək verir. Bu baxımdan Birinci vitse-prezidentimizin, həmçinin onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyada humanitar xarakterli mühüm işlər gördüyü, böyük yeniliklərə imza atdığı məlumdur. Məlumat üçün qeyd edim ki, Heydər Əliyev Fondu Rusiyanın paytaxtı Moskva şəhərində, eləcə də bu ölkənin 10-dan çox regionunda uşaq evlərinin, məktəblərin təmirindən tutmuş, tarixi-mədəni və dini abidələrin bərpasına qədər bir çox sahədə uğurlu layihələr həyata keçirib, xalqlararası mədniyyət və dostluğa böyük töhflər verib. Bu baxımdan Mehriban xanımın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsi təqdirəlayiqdir və hər birimizdə qürur hissi doğurur”. Polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın “Müqəddəs Knyaginya Olqa” ordeni ilə təltif edilməsini bütövlükdə Azərbaycan xalqının humanizminə, xeyirxahlığına verilən qiymət kimi xarakterizə edib: “Azərbaycan dövləti hər zaman öz milli maraqları ilə yanaşı, həm də ümumbəşəri maraqları, bütün insanlığın və planetin maraqlarını əsas götürüb, atdığı hər bir addımda məhz bu prinsipə istinad edib. Prezidentimizin pandemiya dönəmində Afrika və Asiya ölkələrinə verdiyi dəstək bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da, onun rəhbərlik etdiyi Fond da məhz ümumbəşəri dəyərlər və maraqlar aspektində böyük nailiyyətlərə imza atıb. Mehriban xanım özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan xalqının ən ali keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirib. Bu mənada hörmətli Mehriban xanıma verilən bu təltifi bütövlükdə Azərbaycan xalqına, xalqımızın sonsuz humanizmi və xeyirxahlığına verilən qiymət hesab edir, bu münasibətlə Birinci vitse-prezidentimizin timsalında, həm də Azərbayacn xalqını təbrik edirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz  atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.   Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Hamısını oxu