Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qəhrəmanlar unudulmur!

Milli Qəhrəman Şükür Həmidov – Vətənə həsr olunmuş bir ömür

 

Tarix boyu Azərbaycan torpağı qəhrəmanlar yetişdirib. Bu qəhrəmanların adı dastanlara çevrilib, nəsildən-nəslə ötürülüb, Vətən sevgisinin, qeyrətin və ləyaqətin rəmzi olub. “Torpaq uğrunda ölən varsa, Vətəndir” deyən igidlərin yolu heç vaxt yarımçıq qalmayıb. Bu yol şəhidlik zirvəsinə aparan, şərəfli və müqəddəs bir yoldur. Azərbaycan xalqı bu zirvəyə ucalan oğullarını heç vaxt unutmayıb və unutmayacaq.

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi yad etmək, onların döyüş yolunu gənc nəsillərə örnək göstərmək hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada şəhid məzarı olmasın. Hər məzar bir qəhrəmanlıq dastanı, hər ad bir tarixdir. O adlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Nəriman oğlu Həmidovdur.

Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində, müəllim ailəsində dünyaya göz açıb. Ailədə on uşaqdan biri olan Şükür hələ uşaqlıq illərindən mərdliyi, cəsarəti və iradəsi ilə seçilirdi. Doğma torpağına, Vətəninə bağlılıq onun xarakterinin əsas cizgilərindən idi. O, orta təhsilini Qubadlı rayonunun Başarat kənd orta məktəbində alıb, 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Burada formalaşan hərbi düşüncə, nizam-intizam və vətənpərvərlik ruhu onun gələcək taleyini müəyyənləşdirdi.

Sonradan Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alan Şükür Həmidov hərbi xidmətə leytenant rütbəsi ilə başlayıb. Naxçıvanda xidmət etdiyi ilk gündən etibarən o, tabeçiliyində olan şəxsi heyət üçün əsl komandir, örnək zabit olub. Şükür Həmidov yalnız əmr verən deyil, döyüşün önündə gedən, əsgərləri ilə bir cərgədə dayanan komandir idi. O, xidmət etdiyi illər ərzində tağım komandiri, bölük komandiri, tabor komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi müxtəlif məsul vəzifələrdə çalışıb.

2016-cı ilin Aprel döyüşləri Şükür Həmidovun qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz şücaət onun adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Məhz bu döyüşlərdə nümayiş etdirdiyi rəşadətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü və vaxtından əvvəl polkovnik hərbi rütbəsi aldı.

2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, milli ruhunun təntənəsi oldu. “Öldü var, döndü yoxdur” şüarı ilə döyüşə atılan igidlərimiz torpaqlarımızı işğaldan azad etdilər. Bu müqəddəs savaşda polkovnik Şükür Həmidov da ön cəbhədə idi. O, Cənub istiqamətində  Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərin idarə olunmasında fəal iştirak etdi, düşmənin darmadağın edilməsində mühüm rol oynadı.

 22 oktyabr 2020-ci ildə Qubadlı rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı polkovnik Şükür Həmidov Vətən qarşısında ən ali vəzifəsini yerinə yetirərək şəhidlik zirvəsinə ucaldı. O, bir zabit kimi deyil, bir Vətən oğlu kimi tarixə düşdü. Qəhrəman Milli Qəhrəman 23 oktyabrda II Fəxri Xiyabanda böyük ehtiram və dərin hörmətlə torpağa tapşırıldı.

Polkovnik Şükür Həmidovun qəhrəmanlığı ölümündən sonra da dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, Azərbaycanın hərb tarixində şərəf və rəşadət rəmzi olan “Zəfər” ordeni, “Vətən uğrunda” medalı, eləcə də “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edildi. Bu təltiflər təkcə mükafat deyil, bir ömrün Vətənə sədaqətinin rəsmi təsdiqidir.

Şəhid polkovnik ailəli idi. Onun övladları Əzizə və Nurlan bu gün atasının adını qürurla daşıyır, onun qoyub getdiyi mənəvi irsi yaşadırlar. Onlar üçün Şükür Həmidov yalnız Azərbaycanın Milli Qəhrəmanı deyil, həm də Vətən uğrunda canından keçməyi bacaran, mərdlik məktəbi yaradan bir atadır.

Bu gün Qubadlı azaddır. Azərbaycanın müqəddəs üçrəngli bayrağı Şükür Həmidovun doğulduğu və uğrunda şəhid olduğu torpaqlarda əzəmətlə dalğalanır. Hər dalğalanan bayraq onun və onun kimi minlərlə şəhidimizin qanı, canı və iradəsi bahasına yüksəlmiş Zəfərin nişanəsidir.

Azərbaycan xalqı öz şəhidlərini daim uca tutur, onların xatirəsini qəlbində, yaddaşında və tarixində yaşadır. Şükür Həmidov kimi qəhrəmanlar olduqca bu Vətən sarsılmazdır, bu torpaq əbədidir. Çünki qəhrəmanların yazdığı tarix zamanın fövqündə dayanır və heç vaxt unudulmur.

 

Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

 

 

 

 

 

 

 

2026-01-07 08:02:00
3094 baxış

Digər xəbərlər

“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı keçirilib

Son 4  ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında  keçirilən təqdimat mərasini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki,  kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir.      Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən  məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”.  Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü  Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı.  Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın  Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov  və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər. Qeyd edək ki,  tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.    

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Xocalı soyqrımının 27-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər həyata keçirir

22 fevral  2019-cu il tarixdə    Respublika Veteranlar Təşkilatı Bakı şəhəri Nizami rayonunda yerləşən 4 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir həyata keçirib. Tədbirdə Təşkilatın  Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik  Adil Haqverdiyev,  aparıcı  mütəxəssis  Nəbi Hacıyev , mütəxəssis İsmayıl  İsmayılov, ”Azərbaycan Veteranı” qəzetinin əməkdaşı Şəhla Qarayeva, Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi İsa Hüseynov, Nizami rayon VT-nın sədri Yəhya Ağayev, liseyin direktor əvəzi Samir Abdullayev, metodik işlər üzrə direktor müavini Aytac Rzayeva, şagirdlər və müəllim kollektivi  iştirak edib. Tədbiri liseyin metodik işlər üzrə direktor müavini Aytac Rzayeva açaraq qonaqları salamlayıb, Xocalı soyqrımı haqqında məlumat verib, daha sonra sözü Respublika Veteranlar Təşkilatının Gənclərin hərbi vətənpərvərlik şöbəsinin müdiri e/o polkovnik  Adil Haqverdiyevə verib. E/o polkovnik  Adil Haqverdiyev ilk növbədə RVT-nın sədri general-polkovnik Tofiq Ağahüseynov və onun müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı. Daha sonra polkovnik Haqverdiyev erməni millətçilərinin Azərbaycan torpaqlarına olan ərazi iddialarından, xəyanətlərindən danışıb və tarixi xronolji hadisələr barəsində məlumat verərərək 1992-ci il fevralın 25-dən 26-na keçən Xocalıda dinc sakinlərə qarşı törədilmiş qətliyamın dünya miqyasında bəşəriyyətə qarşı cinayət kimi tanıdılmasının əhəmiyyətini vurğulayıb və bu işdə gənc nəslin fəal iştirak etməli olduğunu bildirib. Şagirdlərin vətənpərvər ruhda yetişməsində göstərdikləri xidmətə görə bir neçə müəllim Respublika Veteranlar Təşkilatının fəxri fərmanı ilə təltif olundular. Tədbirin sonunda  xatirə şəkilləri çəkildi.    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib. 

Hamısını oxu
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü münasibətilə növbədənkənar iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Zəfər Günü və Vətən müharibəsinin qalibiyyətlə başa çatmasının ildönümü münasibətilə növbədənkənar iclası keçirilib.   AƏRTAC xəbər verir ki, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak ediblər.   İclası giriş sözü ilə açan Vüsal Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sıx birliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə olunan qələbənin xalqımıza mənəvi üstünlük gətirdiyi, tarixi inkişafımızda və yüksəlişimizdə yeni mərhələnin uğurlu başlanğıcının əsasını qoyduğunu bildirib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın diplomatik cəbhədə və informasiya müharibəsində əzmkar fəaliyyəti, müdrik və uzaqgörən dövlət xadiminin qətiyyətinin təcəssümü xüsusi qeyd edilib. Müşahidə Şurası üzvləri və QHT təmsilçiləri çıxış edərək işğaldan azad olunan torpaqlarımıza Böyük Qayıdışa, həmin ərazilərdə həyata keçiriləcək dirçəliş fəaliyyətlərinə tam dəstək olduqlarını, beynəlxalq tribunalarda ölkəmizin haqq işinin müdafiəsi və təbliği istiqamətində əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Sonda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri və QHT təmsilçiləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanıb.  

Hamısını oxu