Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Elmə, tələbəyə, torpağa və ailəyə sədaqətlə həsr olunmuş ömür

(Akademik İbrahim Cəfərovun yubileyinə həsr olunur)

Böyük ömürlər olur – yaşanır və bitir. Bir də elə ömürlər var ki, yaşandıqca böyüyür, dərinləşir, insanların yaddaşında, taleyində iz qoyur. Akademik İbrahim Cəfərovun ömrü məhz bu qəbildəndir. Bu, təkcə təqvimdə artan illərin yox, mənaya çevrilən zamanın hekayəsidir.
İnsan var ki, elmi seçir. İnsan var ki, vəzifəni. İnsan da var ki, insanı seçir.

 İbrahim müəllim bütün pillələrdə — alim olanda da, rektor olanda da, institut direktoru olanda da — məhz İNSANI əsas götürdü. Elə buna görə də onun adı təkcə rəsmi sənədlərdə yox, minlərlə tələbənin, həmkarın, dostun qəlbində yaşayır, harda olmasından, harda işləməsindən asılı olmayaraq məhəbbətlə, ehtiramla, minnətdarlıqla xatırlanır.

REKTORLUQ – VƏZİFƏ DEYİL, MƏSULİYYƏT İDİ

Rektor olmaq çoxlarının gözündə kreslo, səlahiyyət, imza deməkdir. İbrahim Cəfərov üçün isə rektorluq tələbənin taleyinə cavabdehlik idi.
Uzun illər Azərbaycan Dövlət Aqrar Universitetində çalışdığı dövr isə İbrahim Cəfərovun fəaliyyətinin ayrıca bir mərhələsidir. Xüsusilə rektor olduğu illər universitet tarixində inkişaf və yenilənmə dövrü kimi xatırlanır. Bu illərdə ADAU-da müasir tədris infrastrukturu formalaşdı, yeni laboratoriyalar yaradıldı, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritetə çevrildi. İbrahim müəllim üçün tələbə sadəcə təhsil alan şəxs deyil, gələcəyin aqronomu, alimi, mütəxəssisi idi.

İbrahim Cəfərov rektor olduğu illərdə universiteti sadəcə təhsil müəssisəsi kimi yox, gənclərin həyat məktəbi kimi görürdü. Onun üçün tələbə yalnız imtahan verən şəxs deyildi — qayğısı olan, ehtiyacı olan, bəzən çətinlik içində oxuyan bir insan idi.
O, auditoriyaya girəndə yalnız dərs saatını yox, o auditoriyada oturan gəncin gələcəyini görürdü.
Bu baxışdan doğdu müasir tələbə yataqxanaları…
Betondan tikilən binalar deyildi onlar. Hər mərtəbəsində valideyn nigarançılığına cavab, hər otağında ümid vardı. Müxtəlif rayonlardan gələn, kirayə dərdi çəkən, çətinliklə oxuyan gənclər üçün bu yataqxanalar təhsil yolunun sığınacağına çevrildi. İbrahim müəllim bilirdi ki, rahat yerdə yatan tələbə daha rahat düşünür, daha cəsarətlə xəyallar qurur. Bu yataqxanalar rahatlıqdan çox təhlükəsizlik hissi verdi tələbələrinə: “Burada tək deyilsən”.

PANDEMİYA SINAĞINDA İNSANLIQ DƏRSi

Zaman elə məqamlar yaradır ki, insanın kim olduğu kağızla yox, əməli ilə ölçülür. Pandemiya illəri də belə bir imtahan idi.
Pandemiya çox şeyi üzə çıxardı. Kiminsə vəzifəsi böyüdü, kiminsə insanlığı… İbrahim Cəfərov üçün isə seçim çoxdan edilmişdi...
Distant dərslər başlayanda hamı “platforma”, “sistem”, “təlimat”dan danışırdı. Rektor İbrahim Cəfərov isə başqa sual verdi:
“Kompüteri olmayan tələbə dərsə necə qoşulacaq?”
Cavab kağız üzərində qalmadı. O, şəxsi vəsaitindən aztəminatlı ailələrin övladlarına planşetlər aldı, payladı. Səssiz, reklamsız, təmtəraqsız… Çünki onun üçün bu, xeyriyyəçilik yox, vicdan borcu idi.

O günlərdə bir çox gənc üçün İbrahim müəllim rektor yox, arxasında dayanan dayaq oldu.
Qısa desək, pandemiya dövründə onun insanpərvərliyi və məsuliyyəti xüsusilə aydın göründü. Bu addımlar tələbələrin yaddaşında rektorun deyil, müəllimin və insanın davranışı kimi qaldı.

ELM ADAMI

Hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edən İbrahim Cəfərov burada da eyni prinsiplərlə çalışır: elm – istehsalat – təhsil vəhdəti. İnstitutda gənc alimlərin hazırlanması, doktorantura və magistratura səviyyəsində kadr potensialının gücləndirilməsi, elmi nəticələrin istehsalata tətbiqi onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Gənclərə açıq qapı, elmi müzakirələrə şəxsən qatılmaq, sahə tədqiqatlarında birbaşa iştirak etmək onun dəyişməz idarəçilik üslubudur.

İbrahim Cəfərovun elmi fəaliyyəti rəqəmlərlə də möhtəşəmdir: yüzlərlə məqalə, onlarla kitab, patentlər, yetişən alimlər… Amma onu fərqləndirən əsas cəhət elmi insandan ayırmamasıdır.
O, bilir ki, elm torpağa toxunmayanda quruyur. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar da, rəhbərlik etdiyi institut da bir məqsədə xidmət edir: Azərbaycan torpağının bərəkətinə, kəndlinin ruzisinə, ölkənin ərzaq təhlükəsizliyinə.
Onun elmi kabinetlərdə qapanıb qalmayıb. Bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar Azərbaycanın aqrar inkişafı üçündür. Təsadüfi deyil ki, onun rəhbərliyi altında hazırlanan elmi işlər praktik əhəmiyyətinə görə seçilir.
Akademik yaxşı bilir ki, elm torpağa xidmət etmirsə, mənasını itirir.

DÖVLƏTÇİLİYƏ SƏDAQƏT, İNSANA HÖRMƏT

Akademik İbrahim Cəfərov hər zaman Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq olub. Dövlətçiliyi sözlə yox, fəaliyyəti ilə müdafiə edib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlara inamla yanaşıb, bu inamı ətrafındakılara da ötürüb.
Amma onu böyük edən yalnız siyasi mövqeyi deyil. Onu böyük edən sadəliyi, insanlara insani münasibəti, qapısını döyən heç kəsi boş qaytarmamasıdır.

SEVGİ İLƏ YAŞANAN ÖMÜR

İbrahim müəllimi tanıyanlar yaxşı bilir: o, zarafatı yerində olan, sözü şirin, ünsiyyəti rahat insandır. Onunla söhbət edəndə rəsmi məsafə yox olur, insan özünü dəyərli hiss edir. Bəlkə də buna görə işlədiyi bütün kollektivlərdə hörmət qazandı, özü də qorxu ilə yox, sevgi ilə.

Ailəsinə bağlılığı, dostluğa sədaqəti, kəndinə, torpağına olan məhəbbəti onun şəxsiyyətinin ayrılmaz hissəsidir. Dörd övlad, on iki nəvə — bu da bir alimin ən böyük elmi nəticələrindən biridir.

YOL DAVAM EDİR

Bu gün akademik İbrahim Cəfərov 70 illik ömrün zirvəsində dayanıb geriyə baxanda, arxasında boş illər yox, iz qoyan addımlar görür.
70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru İbrahim Cəfərov yarım əsrdən artıqdır ki, elmi biliyini, pedaqoji təcrübəsini və təşkilatçılıq bacarığını xalqına, torpağına, aqrar sahənin inkişafına həsr edir.
Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində zəhmətkeş kəndli ailəsində dünyaya göz açan İbrahim Cəfərov üçün torpaq anlayışı sadəcə peşə seçimi deyil, həyat fəlsəfəsi olub. Bu bağlılıq onu Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna gətirib və sonradan bütün elmi-pedaqoji taleyini məhz aqrar elmə bağlayıb. Bitki mühafizəsi sahəsində seçdiyi yol onu Moskvanın nüfuzlu Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasına, daha sonra isə böyük elmi nəticələrə aparıb.

Akademik İbrahim Cəfərovun ən böyük nailiyyəti insanların etimadını və sevgisini qazanmasıdır.
Akademik İbrahim Cəfərov bu gün də elmin içindədir, gənclərin yanındadır, torpağın taleyini düşünür. Bu ömür göstərir ki, elmə sədaqət, Vətənə xidmət və insana diqqət bir yerdə olanda, zaman da həmin ömrə hörmət edir.
Qarşıda isə hələ deyilməmiş sözlər, görüləcək işlər, yetişəcək gənclər var.
Böyük insanlar həyatın mənasını özlərində tapırlar.
İbrahim Cəfərov da tapdı.
Tapdı və başqalarına da göstərdi.
Bu ömür — elmə, Vətənə və insana həsr olunmuş əsl ziyalı ömrüdür.
Dəyərli alimi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Xəlil Xəlilov

2026-01-16 23:15:00
2203 baxış

Digər xəbərlər

Ermənilərin cinayətkar əməlləri daim yaddaşlarda qalacaq

Bu günlərdə Gəncə şəhərindəki “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Veteranlar Təşkilatının və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq əsgər və zabitlərin vətənpərvərlik tərbiyəsinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir. 400 nəfərədək hərbi qulluqçunun və Gəncə Qarnizonu Hərbi Prokurorunun müavini Ceyhun Cəfərovun iştirak etdiyi bu tədbirdə Respublika Vetreranlar Təşkilatının Beynəlxalq Əlaqələr və Xalqlar Arasında Dostluq daimi komissiyasının sədri Zahiddin Abbasov “ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar bu günkü nəslin və gələcək nəsillərin yaddaşında əbədi həkk olunmalıdır” mövzusunda və Respublika Veteranlar Təşkilatının şöbə müdiri Telman Babayev “Münhen Təhlükəsizlik Konfransı: Respublika Prezidenti İlham Əliyevin erməni işğalçılarına və ermənipərəst qüvvələrə ünvanladığı mesajlar”  mövzusunda məruzələrlə çıxış etdilər. Zahiddin Abbasov öz məruzəsində ermənilərin 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdikləri soyqırımlardan, xalqımızın başına açdıqları müsibətlərdən ətraflı söhbət açdı. O, daha sonra ordumuzun regionda ən güclü ordulardan birinə çevrildiyini və işğal altında olan torpaqlarımızı hərbi yolla bir neçə günə azad etməyə qadir olduğunu qeyd edərək bildirdi ki, əgər sülh yolu ilə ərazi bütövlüyümüz bərpa edilməsə, yaxın gələcəkdə erməni faşistləri mütləq öz layiqli cavablarını alacaqlar. Telman Babayev isə öz məruzəsində diqqəti Respublika Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən dəyirmi masadakı çıxışına və panel-müzakirədə ona ünvanlanmış sualları cavablandırmasına, eləcədə onun Əlcəzirə Televiziyasına verdiyi müsahibəyə yönəltdi. T.Babayev xüsusilə, Əlcəzirə Televiziyasına Prezidentin BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icra edilməsinin regionda sülhün, əminəmanlığın bərqərar olunmasının vacibliyindən danışdığını qeyd etdi. Daha sonra məruzəçi dedi ki, Respublika Prezidenti BMT T.Ş.-nın 3 üzvü olan Minsk qrupunun həmsədrlərinin, özlərinin iştirakı ilə qəbul olunmuş qətnamələrin icra edilməsi üçün Ermənistana kifayət qədər təzyiq göstərmədiklərini vurğulamış, münaqişənin qətnamələr əsasında həll edilməsinin yeganə yol olduğunu, heç kimin təcavüzə bəraət qazandıra bilməyəcəyini göstərmişdir. Konfransda məruzələr əsasında Gəncə şəhər Veteranlar Təşkilatının sədri, ehtiyyatda olan polkovnik Yusif Məmmədov, Gəncə şəhəri Nizami rayon Veteranlar Təşkilatının sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Tofiq Hüseynov, Gəncə hərbi prokurorunun köməkçisi Elçin Məmmədov “N” saylı hərbi hissənin bölük komandiri polkovnik-leytenant Vüqar Həsənov, Qarabağ Müharibəsi veteranı Ramiz Əliyev və başqaları çıxış edərək öz ürək sözlərini dedilər və erməni işğalçılarından torpaqlarımızın azad edilməsi ilə bağlı tövsiyələrini verdilər. Tədbirin sonunda 95 yaşı yenicə tamam olmuş Gəncənin Nizami rayon Veteranlar Təşkilatının sədri, Böyük Vətən Müharibəsi iştirakçısı Tofiq Hüseynova təntənəli surətdə Respublika Veteranlar Təşkilatının “Veteran Həmrəyliyi” medalı təqdim edildi. Eyni zamanda nümunəvi hərbi xidmətə görə Respublika Veteranlar Təşkilatının fəxri fərmanları ilə “N” saylı hərbi hissənin leytenantı Tamerlan Mustafayev, sıravi əsgərlər Etibar Cabbarov və Mehdi Şahbazov da təltif olundular. 

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Əməkdar jurnalist Ağahüseyn Hüseynovu 85 illik yubileyi münasibətilə təbrik edib

İyulun 7-də Prezident Kitabxanasında Əməkdar jurnalist Ağahüseyn Hüseynovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Veteran.gov.az Azertac-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Azərbaycan milli mətbuatının inkişaf tarixində özünəməxsus yeri olan Ağahüseyn Hüseynovun peşəkar jurnalist, bacarıqlı redaktor və media təşkilatçısı kimi uzun illər səmərəli fəaliyyəti ilə seçildiyini bildirib. O qeyd edib ki, yaradıcılıq yoluna görkəmli alim-jurnalist Nəsir İmanquliyevin yaratdığı məşhur "Bakı" və "Baku" qəzetlərində başlayan Ağahüseyn Hüseynov həmin nüfuzlu jurnalistika məktəbinin layiqli yetirmələrindən biri kimi formalaşıb. Sonralar bu qəzetlərə rəhbərlik edərək yüksək redaktorluq mədəniyyəti, peşə etikasına sadiqliyi və prinsipial mövqeyi ilə milli mətbuatın inkişafına mühüm töhfələr verib. Professor Afət Abbasova vurğulayıb ki, Ağahüseyn Hüseynovun çoxillik fəaliyyəti Azərbaycan jurnalistikasında peşəkarlıq, məsuliyyət və vətəndaş mövqeyinin vəhdətini özündə ehtiva edən örnəklərdən biridir. Daha sonra Ağahüseyn Hüseynovun ömür yolunu, jurnalistika sahəsində keçdiyi peşəkar inkişaf mərhələlərini və Azərbaycan mətbuatına verdiyi dəyərli töhfələri əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Azertac-ın İdarə Heyəti sədrinin müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, yazıçı-publisist, baki-baku.az saytının baş redaktoru Şərəf Cəlilli, Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin baş məsləhətçisi, baki-baku.az saytının layihə rəhbəri Dəniz Məmmədli, Əməkdar jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli, veteran jurnalist Ənvər Məşədiyev, polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin baş müşaviri Pərvanə İsmayılova, jurnalist, tədqiqatçı, kulturoloq-yaponşünas Əbülfəz Babazadə, Ağahüseyn Hüseynovun qızı, pedaqoq Nurlanə Quliyeva və yazıçı-tərcüməçi, baki-baku.az saytının redaktoru Xanım Aydın Ağahüseyn Hüseynovun milli mətbuatın inkişafındakı rolundan danışıblar. Natiqlər onun uzun illər "Bakı" və "Baku" qəzetlərinin baş redaktoru kimi peşəkar jurnalistika prinsiplərinin qorunmasına, redaktorluq məktəbinin inkişafına və gənc jurnalistlərin formalaşmasına mühüm töhfələr verdiyini bildiriblər. Qeyd olunub ki, yüksək peşəkarlığı, obyektivliyi, prinsipiallığı, tələbkarlığı və təşkilatçılıq bacarığı ilə seçilən Ağahüseyn Hüseynov redaktor kimi sözün məsuliyyətini daim diqqət mərəzində saxlayıb. Onun rəhbərliyi ilə hazırlanan nəşrlər mövzuların dolğun təqdimatı, faktlara dəqiq yanaşma, aydın üslub və peşəkar redaktə mədəniyyəti ilə geniş oxucu auditoriyasının rəğbətini qazanaraq Azərbaycan mətbuatında özünəməxsus yer tutub. Əməkdar jurnalist, "Bakı" və "Baku" qəzetlərinin sabiq baş redaktoru Ağahüseyn Hüseynov yubileyinin Prezident Kitabxanasında keçirilməsini həyat və yaradıcılığına verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirib, göstərilən diqqət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib. Tədbirə yekun vuran Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Ağahüseyn Hüseynovun zəngin ömür yolu və çoxillik redaktor təcrübəsi Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsini dolğun şəkildə əks etdirir. O bildirib ki, sözə məsuliyyətlə yanaşmaq, obyektiv mövqe və milli mətbuat ənənələrinə bağlılıq Ağahüseyn Hüseynovun fəaliyyətini səciyyələndirən əsas keyfiyyətlərdəndir. Professor Afət Abbasova vurğulayıb ki, belə görkəmli ziyalıların irsinin öyrənilməsi və təbliği yalnız mətbuatın deyil, bütövlükdə ölkənin ictimai fikir tarixinin araşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Afət Abbasova əlavə edib ki, Prezident Kitabxanası Azərbaycan dövlətçiliyinə, elmə, mədəniyyətə və milli mətbuata dəyərli xidmətlər göstərmiş görkəmli ziyalıların zəngin irsinin toplanılması, mühafizəsi, tədqiqi və geniş oxucu auditoriyasına çatdırılması istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl surətdə davam etdirəcək.

Hamısını oxu
Сəlilabadda qələbənin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı alman faşizmi üzərində qələbənin 79- cu ildönümü ilə əlaqədar  tədbir  keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdən öncə ikinci Dünya Müharibəsində və ölkəmizin ərazi bütövlüyü uğrunda  şəhid olan  həmvətənlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman çıxış edərək qeyd edib ki, İkinci Dünya Müharibəsində SSRİ-nin qazandığı qələbədə Azərbaycanın da böyük payı var. 600 mindən çox azərbaycanlı cəbhələrdə döyüşüb, Kiyev, Leninqrad, Stalinqrad  və Moskvanın müdafiəsində igidlik göstəriblər. O, müharibə illərində  qəhrəmanlıq nümayiş etdirmiş həmyerlilərimizin 130-dan çoxunun Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 200 minə yaxının isə orden və medallarla təltif olunduğunu xüsusi vurğulayıb. Tədbirdə çıxış edən Göytəpə şəhər 1 saylı məktəbin tarix müəllimi Fürudin Zeynalov, şəhid atası Nazim Paşayev, Ağsaqqallar şurası rayon şöbəsinin sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri İman Abdulla, Mikayıl İnçəçaylı, Sakit İsayev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad nümayəndəsi Cavidan Rəşidov, veteran müəllimlər İsmayıl Məmmədov, Əsəd Əliyev, Muxtar Ağayev, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Maşalla Əliyev və başqaları bildiriblər ki, 1941-45-ci illərdə cəbhə üçün zəruri olan yanacağın 70-80 faizini Azərbaycan təmin etməsəydi sovet ordusu düşmənə qalib gələ bilməzdi. Şətəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi qəhrəmanlığı bu gün də yaddaşlarda yaşayır.

Hamısını oxu
Fudokançılarımız Avropa çempionatında daha iki medal qazanıblar

Polşanın Katovis şəhərində fudokan döyüş növü üzrə 25-ci Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər.   Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, bu gün 18-21-yaşlı fudokançılarımızdan Əsəd İmanov gümüş, Nicat Əsədov bürünc medal qazanıblar.   Azərbaycan komandası bu nəticə ilə şəxsi kumite yarışlarında (18-21 yaşlılar) üçüncü pillədə qərarlaşıb.   Bundan əvvəl idmançımız Elməddin Səlimli uşaqlar arasında Avropa çempionatının qalibi olub. Qeyd edək ki, turnirdə ölkəmizi Dünya Fudokan Federasiyasının Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadənin rəhbərliyi altında 4 idmançı təmsil edir.   Otuzdan çox ölkədən idmançıların iştirak etdiyi qitə çempionatı oktyabrın 6-dək davam edəcək.  

Hamısını oxu