Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İmran Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədr müavini seçilib

2026-cı il yanvarın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbədənkənar plenumu keçirilib. 

Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov plenumun gündəliyini elan edib və səsə qoyub, gündəlik yekdilliklə qəbul olunub.

Plenum mövcud Rəyasət Heyətinin buraxılması və yeni tərkibinin formalaşdırılması barədə qərar qəbul edib. Yeni tərkibə sədr Əfqanıstan, I Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı polkovnik Cəlil Xəlilov, sədr müavini Əfqanıstan, Silahlı Qüvvələr və əmək veteranı ədliyyə polkovniki İmran Əhmədov, üzvlər qismində istefada olan general-mayor Vladimir Timoşenko,  əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, professor, AMEA Veteran Təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov seçiliblər.

Plenum yeni tərkib Rəyasət Heyətinə təşkilatın strateji planının hazırlanmasını, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, Rəyasət Heyətinin sayı və tərkibi barədə növbəti plenuma qədər təkliflərini verməyi tapşırıb.

Rəyasət Heyətində ilk dəfə təmsil olunan sədr müavini İmran Əhmədov göstərilən etimada görə plenum üzvlərinə təşəkkür edib, qarşıda duran vəzifə və öhdəliklərin icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Plenum işini başa vurub.

 

2026-01-30 12:36:00
2519 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə müraciət edib

Hamısını oxu
"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir"

"Xankəndidə Azərbaycan bayrağının ucaldılması “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük töhfədir".  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt həm də Azərbaycan xalqının, onun liderinin iradəsinin yenilməz olduğunu bir daha bütün dünyaya göstərdi: “Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması bütün türk dünyasında qürur və sevinc doğuran tarixi hadisədir. Bu, 44 günlük Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadətdir. Mən buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə təşəkkür edir, ona sonsuz minnətdarlığımızı bildiririk”. Onun sözlərinə görə, Azərbaycan bayrağının Xankəndi və digər yaşayış məntəqələrində qaldırılması uzun illər erməni işğalı altında qalan torpaqlarımız üzərində dövlətimizin nəzarətinin tam şəkildə, de-fakto təmin edilməsi deməkdir. Hətta Vətən müharibəsindən sonra bəzi qüvvələr Xankəndi, Xocalı, Ağdərə və sair ərazilərimizin aqibəti ilə bağlı pessimist fikirlər səsləndirir, 44 günlük Vətən müharibəsinin nəticələrinə kölgə salmağa çalışırdı. Lakin oktyabrın 15-də Prezidentimizin bu torpaqlara səfəri, üçrəngli bayrağımızı tarixi torpaqlarımızda yüksəltməsi bir daha göstərdi ki, Azərbaycanın, onun Müzəffər Ali Baş Komandanının zəfəri tam və mübahisəsizdir. Baş verənlər bir daha sübut etdi ki, Prezident İlham Əliyev həqiqətən də nəyi, nə zaman etmək lazım gəldiyini yaxşı bilir və xalqın iradəsini çox böyük əzmlə, qətiyyətlə həyata keçirir. “Dövlətimizin başçısının gördüyü işlər göstərir ki, İlham Əliyev Azərbaycanın milli dövlətçilik tarixində müstəsna yerə və rola malik əvəzsiz liderdir. Veteranlarımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı yeni-yeni zəfərlərə imza atacaq, öz arzu və xəyallarını inamla gerçəkləşdirəcək”, - deyə təşkilatın sədr müavini fikrini yekunlaşdırıb.  

Hamısını oxu
Ombudsman dövlət sərhədində aparılan monitorinqin nəticələrini beynəlxalq təşkilatlara göndərib

“Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində hərbi təxribat törətməsi, eyni zamanda, xarici ölkələrdə yaşayan dinc azərbaycanlı aksiyaçılara qarşı hücumlar təşkil edilməsi ermənilərin milli zəmində aqressiyası və radikalizminin daha bir bariz nümunəsidir”.Bu fikiri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az.a açıqlamasında söyləyib.Ombudsman bildirib ki, Ermənistanın təxribat törətdiyi dövlət sərhədində apardıqları monitorinqlərin nəticələri ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib:"Hesabatda BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməyən, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməsi faktlar əsasında diqqətə çatdırılıb.Təcavüzkar ölkənin fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha təhlükəli vəziyyət yaratmasının beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməsinin, Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsinin zəruriliyi qətiyyətlə vurğulanıb.Bununla yanaşı, ABŞ, Belçika, Fransa, Böyük Britaniya, İsveç, Polşa, Niderland və Avstraliyada yaşayan azərbaycanlı dinc aksiyaçılara qarşı erməni təxribatçıları tərəfindən psixoloji və fiziki zorakılığın tətbiq olunması ilə əlaqədar müvafiq beynəlxalq təşkilatlara¸ müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlamışıq.Bəyanatlarda Milli İnsan Hüquqları institutlarını və insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatları dinc aksiyaçılara qarşı törədilmiş erməni hücumlarını qınamağa, bu cür etnik zəmində nifrəti təbliğ edən təxribatların qarşısını almağa, bir daha baş verməməsi üçün sərt tədbirlər görməyə, ən əsası, hüquq pozuntusuna yol vermiş şəxslərin müvafiq qaydada məsuliyyətə cəlb olunmalarına qətiyyətlə çağırmışıq”.“Tərəfimizdən 12-24 iyul tarixlərində həm dövlət sərhədinin Tovuz rayonu istiqamətində, həm də xarici ölkələrdə yaşanmış təxribatlarla bağlı ikinci aralıq hesabat hazırlanıb və beynəlxalq təşkilatlara göndərilib”,-deyən Ombudsmanın sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına edilmiş hücumlar, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar çox ciddi qanun pozuntularını, milli zəmində nifrət və hücum aktlarını özündə ehtiva edir.“Ona görə də beynəlxalq ictimaiyyət bu məsələyə ciddi reaksiya verməli, bu halların qarşısı alınmalıdır”.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illiyi ilə bağlı tədbir keçirilib

Mayın 24-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının sabiq komandanı, general-mayor Abbasəli Novruzovun anadan olmasının 85-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə veteranlar, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak edib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov açıb, vətən uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxış edərək  yubiley münasibəti ilə general Abbasəli Novruzovu təbrik edib. Daha sonra söz Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaniyə verilib. Abbasəli Novruzovu 85 illik yubiley münasibəti ilə təbrik edən Abdulla Qurbani, yubileyara Müdafiə Nazirliyinin medalını tədim edib, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu oxuyub. Tədbir əsnasında Abbasəli Novruzova zəng edən müdafiə naziri Zakir Həsənov onu təbrik edib, xoş sözlərini çatdırıb. Daha sonra Abdulla Qurbaninin araşdırmaları əsasında Abbasəli Novruzov haqqında hazırlanan videomaterial təqdim edilib. Abbasəli Novruzovun müstəqilliyimizin ilk illərində sərhədlərimizin möhkəmlənməsi, yeni kadrların hazırlanmasında böyük əmək srəf etdiyinə diqqət çəkən Abdulla Qurbani, onun bu gün də gənc sərhədçilər üçün əsl məktəb olduğunu vurğulayıb. Vaxti ilə qələmə aldığı “Sərhəd mənim taleyimdir” adlı kitabını Abbasəli Novruzova həsr etdiyini xatırladan Abdulla Qurbani, 85 yaşlı yubileyar haqqında bundan sonra da hələ çox yazılacağını qeyd edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil XəlilovAbbasəli Novruzovun ömür yoluna nəzər salıb, onunla bağlı xatirələrini dilə gətirib: “Hörmətli qonaqlar, bu gün biz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sərhəd Qoşunlarının formalaşmasında, dövlət sərhədlərimizin möhkəmlənməsində xüsusi xidmətləri olmuş general-mayor Abbasəli Novruzovun anadan olmasının 85 illik yubileyinə toplaşmışıq.   General-mayor Abbasəli Novruzov sözün əsl mənasında şərəfli bir ömür yaşamışdır. Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına xidmətə çağırılıb və taleyini əbədi olaraq sərhəddə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultmuşdur. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışmışdır. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür. Abbasəli Novruzov iki dəfə sərhədçi həyatı yaşayıb desək, yanılmarıq. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışmışdı. 1993-cü ildə sabiq prezident Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanıldı. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu   Sərhəd Qoşunlarının Komandanı vəzifəsinə təyin etmişdi. O illərdə sərhəddə vəziyyət gərgin idi. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıtmışdılar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəlmişdilər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşmışdı ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozurdular, sərvətlərimiz aramsız olaraq xaricə daşınırdı. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq idi. Az sonra A.Novruzov general-mayor hərbi rütbəsinə layiq görüldü, "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu. Qısa müddət ərzində   İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürüldü. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradıldı. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırıldı. Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirildi. Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verildi, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalandı. Bütün bunlar dövlət sərhədlərimizin möhkləmlənməsində mühüm rol oynadı”. Çıxışının sonunda polkovnik Cəlil Xəlilov Abbasəli Novruzova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Fəxri Fərman və “General Əliağa Şıxlınski” medalını təqdim edib. Daha sonra vaxtı ilə Abbasəli Novruzovla çiyin-çiyinə çalışan hərbçilər çıxış edib, onunla bağlı xatirələrini danışıblar. Sonda söz general-mayor Abbasəli Novruzova verilib. O, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib, gənc sərhədçilərə xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu