Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“O, həm elm xadimi, həm siyasətçi, həm də millət vəkili kimi böyük uğurlara imza atıb”

Bu gün Azərbaycan xalqının böyük oğlu, filologiya elmləri foktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor Həsən Mirzəyevin vəfatının növbəti ildönümüdür. 

Bu münasibətlə Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Həsən Mirzəyevin Azərbaycan elmindəki tarixi roluna, şəxsiyyət kimi böyüklüyünə diqqət çəkib:

“Mən Həsən müəllimi Azərbaycan dilində “fel” monoqrafiyası üzərində işlədiyi dönəmlərdə tanıdım. O zaman Bakı Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasına gəlirdi. O vaxt həmin kafedranın müdiri böyük alimimiz rəhmətlik Əlövsət Abdullayev idi. Mən həmin vaxt  aspirant idim və Həsən müəllimlə də həmin dönəmdə tanış oldum.

Həsən müəllim çox çevik, milli, təəssübkeş insan idi. O zaman deyirdilər ki, Həsən müəllim feldən yazır, özü də fel kimidir. Yəni çox hərəkətli və çevikdir.

Biz sonra Həsən müəllimlə dost olduq, yoldaşlıq, əməkdaşlıq elədik. Həmişə gördüm ki, Həsən müəllim elə hey harasa qaçır, harasa tələsir.

Hərəkətlilik onun həyat tərzi, düşüncə tərzi idi.

Sonrakı dönəmdə Həsən müəllimin 10 cildlik əsərləri çap edildi”.

“O, həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı”

Nizami Cəfərov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi də böyük əməllərə imza atdığını bildirib:

“Həsən müəllim ictimai-siyasi işlərdə də çox fəal idi. O, bütün qəlbi ilə Heydər Əliyevi sevir, onun ideyalarını təbliğ edirdi.

Həsən müəllim bir alim kimi Azərbaycanın müstəqilliyin keşiyində əzmlə dayanırdı.

Onun siyasətçi və millət vəkili kimi də böyük xidmətləri olub.

Həsən müəllim həm elmdə, həm də siyasətdə yaxşı ad qoydu, gözəl ənənələr yaratdı. Yadımdadır ki, o zaman Pedaqoji Universitetin bəzi dilçiləri özlərini Həsən müəllimin məktəbinin nümayəndələri hesab edirdilər. Həsən müəllim onlara çox qayğı göstərirdi”.

“Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi”

Görkəmli akademik Həsən Mirzəyevin tükənməz enerji və yaradıcılıq eşqinə malik olduğunu vurğulayıb: 

“Həsən müəllim çoxlu əsərlər yazdı. O, şeir də yazırdı. Onun istedadının miqyası böyük, enerjisi tükənməz idi. O, gözəl insan idi, insanlar arasında xoş, yaxşı münasibətlər yaratmağın tərəfdarı idi. O, həm dilçiliyimizin, həm ədəbiyyatımızın, həm ictimai-siyasi fikrimizin, həm də ziyalılığımız tarixində əsl təəssübkeş kimi qalan böyük şəxsiyyətdir”.

“Professor Mahirə Hüseynova Həsən müəllimin yolunu uğurla davam etdirir”

Nizami Cəfərov professor Mahirə Hüseynovanın elmi fəaliyyətini də yüksək qiymətləndirib:

“Həsən müəllimin yolunu həm dilçi, həm də ictimai-siyasi xadim kimi bacısı qızı Mahirə Hüseynova yüksək səviyyədə davam etdirir. Mahirə xanım Həsən müəlllimin irsini qoruyan, yaşadan, təhlil edən bir ziyalıdır. O, Həsən müəllimin yaratdığı dəyərləri yüksək tutan hörmətli elm xadimidir.

Mən Həsən müəllimə rəhmət diləyir, Mahirə xanıma uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

2026-02-25 18:35:00
1957 baxış

Digər xəbərlər

“Şəhidlərimiz canları və qanları bahasına xalqımızın yenilməz olduğunu sübut etdi”

Talıb Əliyev: “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür” “27 sentyabr Azərbaycan xalqının özünütəsdiq günüdür”. Bunu Moderator.az-a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Talıb Əliyev bildirib. Talıb Əliyev qeyd edib, məhz 27 sentyabr tarixində ayağa qalxan Azərbaycan xalqı qəhrəman ordusunun və Ali Baş Komandanının fədakarlığı sayəsində tarixi zəfərə imza atdı, dünya hərb tarixində yeni bir səhifə açdı: “27 sentyabr sadəcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi baxımından son dərəcə əlamətdar gündür. Çünki məhz bu tarixi gündə Azərbaycan xalqı 30 illik erməni işğalına son qoymaq üçün qəti şəkildə ayağa qalxdı, qanlı hərb meydanında öz haqqının axtarışına çıxdı. Azərbaycan xalqı öz qəhrəman ordusu və yenilməz Ali Baş Komandanı sayəsində düşmənə, onun havadarlarına, eləcə də bütün dünyaya sübut etdi ki, onu yenmək, onun haqqını qəsb etmək, torpağını əsarətdə saxlamaq mümkün deyil. Azərbaycan xalqı həm də onu sübut etdi ki, o, zəngin mənəvi dəyərlər malikdir və bu cür dəyərlər malik xalqa zor gücünə nəyisə diktə etmək imkansızdır. Bu baxımdan əminliklə demək olar ki,  27 sentyabr Azərbaycanm xalqının özünütəsdiq günüdür. Azərbaycan xalqı 30 ildən sonra öz haqqı ilə yanaşı, həm də qürurunu, vüqarını bərpa etdi, mənəvi baxımdan yeni bir zənginliyə qovuşdu”. Talıb Əliyev bildirib ki, əldə edilən bu tarixi zəfərə görə ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq: “Təbii ki, müharibə həm də şəhid, göz yaşı, itki deməkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı üç minə nəfərə qədər şəhid verdi, minlərlə qazimiz sağlamlığını itirdi. Mülki vətəndaşlarımız arasında da şəhidlər oldu. Lakin bütün bu itkilər Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Əksinə, Ordumuz şəhdilərimizin qısasını döyüş meydanında aldı. Qəhrəman şəhidlərimiz, qazilərimiz həyatları, canları və qanları bahasına mənfur düşməni tarixi torpaqlarımızdan qovmaqla yenidən o torpaqlara azadlıq bəxş etdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş yenidənqurma işləri həyata keçirilməkdədir. Artıq Zəngilan rayonunun Ağalı kəndinə ilk sakinlərin qayıdışı təmin olunub. Gələn il biz Qarabağa yön alan daha böyük köçlərə şahidlik edəcəyik. Və heç vaxt unutmayacağıq ki, bütün bunlara görə müqəddəs şəhidlərimizə, onların qəhrəmanlığına borcluyuq. Şəhidlərimizə rəhmət diləyir, vətənimizə əbədi sülh və firavanlıq arzulayıram!” Seymur ƏLİYEV    

Hamısını oxu
Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Azərbaycanın sosial dövlət və vətəndaşa xidmət nümunəsi

COVİD-19 pandemiyasının dünyaya gətirdiyi xəstəlik və sosial-iqtisadi çətinliklər hər bir ölkə üçün sınaq mərhələsi oldu. Bu sınaq həm də böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin həm vətəndaşına münasibətini, həm də təbii fəlakətlər qarşısında xalqını necə qoruduğunun nümayişi idi. İstər inkişaf etmiş Qərb dövlətləri, istər Asiyanın böyük ölkələri bu sınaqdan çıxa bildilərmi? Sualın cavabı müəmmalı olaraq qalır, xüsusilə milyonlarla insanın işsiz qalması, aclıq və yoxsulluğun pandemiya dövründə sürətlə artması faktları fonunda...Azərbaycan çox az ölkələrdən biridir ki, bu sınaqdan üzüağ çıxdı və sosial dövlət, vətəndaşa xidmət nümunəsini sərgilədi. Əksər ölkə vətəndaşının sosial təminatının taleyini düşünmədən, “Evdə qal” addımları atarkən, bəzən daha da sərt tədbirləri həyata keçirərkən, Azərbaycan dövləti vətəndaşın sağlamlığını qorumaqla yanaşı, onun sosial təminatını da unutmadı. Və “Evdə qal” deməklə qalmadı, həm də dövlət dəstəyi vətəndaşın evinə qədər aparıldı.Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər, atılan addımlar faktlarda öz əksini tapır.Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Bu, dünya səviyyəsində pandemiya ilə mübarizə çərçivəsində ən yüksək sosial dəstək paketlərindən biridir.Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir:- Dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorundu;- Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilir;- Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb;- 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi;- Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi;- Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub;- Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə (50 min ailə üzvü) kiçik təsərrüfatların qurulması işləri aparılır;- 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur;- 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edildi;- 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılır.İş yerlərinin və əməkhaqlarının qorunmasıDövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.Əhalinin məşğulluq imkanlarının artırılmasıDövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.Birdəfəlik ödəmə proqramıİşsizlər və xüsusi karantin rejiminə görə işini itirən, qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsiİşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir. Hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsiİşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin NK-nın qərarı ilə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsiDövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcək. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni Qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Bu da özünüməşğulluq proqramının icrasının yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır. Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.Proqramın genişləndirilməsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir. Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur. BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Layihə çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan şəxslərə aktivlərin verilməsi prosesinə başlanıb və davam edir.Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsiDövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığı təmin etməyə yönəldildi. Bu ödənişləri (pensiya, müavinət təqaüd, kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır.Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsiXüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın müddəti uzadılıb. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək.2020-ci ilin 6 ayı dövründə dövlətin vətəndaşlara sosial dəstəyi rəqəmlərlə:- 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox);- 743 min nəfərə sosial müavinət və təqaüd üçün - 475 milyon manat xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox);- 85 minə yaxın ailənin 350 mindən çox üzvünə ünvanlı dövlət sosial yardımın verilməsi məqsədilə 105 milyon manat xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 40,4 milyon manat və ya 62 faiz çox);- Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə üçün 229 milyon manat vəsait xərclənib;Ümumilikdə bu tədbirlər 3 milyon vətəndaşı əhatə edib və 3 milyard 59 milyon manat vəsait ödənilib. Bu, 2019-cu ilin müvafiq dövrünə nisbətən 860 milyon manat və ya 40 faiz çoxdur.Bununla yanaşı, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılıb. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olunub. Həmçinin, sosial tərəfdaşlar vasitəsilə artıq 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib.Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.Bütün bunlar Azərbaycanın sosial dövlət nümunəsidir və həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürüdür.Asif

Hamısını oxu
Şəhid Şamxal Abbasovun doğum günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Şamxal Xasay oğlu Abbasovun doğum günüdür. O, 1995-ci ildə Beyləqan rayonunun   Kəbirli  kəndində anadan olub.  Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE kimi xidmət edib. Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.   Allah rəhmət eləsin!

Hamısını oxu