Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General Əli Nağıyevdən tarixi xatırlatma və yaxın keçmişimizə qısa baxış...

Heydər Əliyev xüsusi xidmət orqanlarımızı milliləşdirməklə ölkəmizi hansı bəlalardan hifz edib?

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və bu orqanların yaradılmasının 107-ci ildönümü qeyd olunub.

Tədbirdə çıxış edən DTX rəisi general-polkovnik Əli Nağıyev xüsusi xidmət orqanlarımızın mövcud durumu ilə yanaşı, tarixi keçmişinə də nəzər salıb. Çıxışında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın inkişafı ilə bağlı gördüyü işlərə toxunan Xidmət rəisi, Ulu Öndərin həm də bu qurumun milliləşdirilməsi istiqamətində  mühüm addımlar atdığını vurğulayıb.

Əli Nağıyevin xatırlatdığı bu məqam Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən biridir və məhz bu addım ölkəmizi bir çox bəlalardan xilas edib.

Azərbaycanın təhlükəsizik orqanlarında milli kadrların yüksəlişinə qoyulan “sirli maneə”

Heydər Əliyev tərəfindən xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi xalqımızın gələcək inkişafı və təhlükəsizliyinə bilavasitə təsir göstərən mühüm hadisələrdən biridir.

Ulu Öndər Azərbaycanın xüsusi xidmət orqanlarının rəhbərliyində təmsil olunduğu günə qədər, bu güc orqanında müxtəlif millətlərin nümayəndələri çalışır və adətən rəhbər vəzifələrə məhz onların təyinatı gerçəkləşirdi. Sovet rejiminin başında dayanan bəzi şəxslər, xüsusilə də Kremldəki erməni və ermənipərəst qüvvələr  azərbaycanlıların bu qurumda yüksək vəzifə tutmasına imkan vermirdi. Nəticədə, azərbaycanlı kadrlar mühüm vəzifələrdən kənarda qalır, onların bəzisi bu ədalətsizliyə etiraz əlaməti olaraq xüsusi xidmət orqanlarını tərk edirdi. Nəticədə, vəziyyət milli kadrların sayı və onların proseslərə təsiri baxımından daha da ağırlaşırdı.

1967-ci il: Böyük dəyişikliklərin başlanğıcı və tarixi ədalətsizliyin sonu!

Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni bir dönəm başlandı. Sovet sisteminin azərbaycanlı milli kadrlara qarşı qərəzli və ədalətsiz münasibətinə son qoyan Heydər Əliyev, həm mərkəzi aparatda, həm də yerlərdə mühüm vəzifələrə azərbaycanlıların təyinatını həyata keçirməyə başladı. O, şəxsi nüfuzundan və siyasi əlaqələrindən istifadə edərək sovet rəhbərliyini həyata keçirdiyi yeniliklərin zəruriliyinə inandırır, bunun daha məntiqli və ədalətli olduğunu diqqətə çatdırırdı.

Heydər Əliyevin Dövlət Təhlükəszlik Komitəsində həyata keçirdiyi islahatlar qısa müddət sonra öz müsbət nəticəsini verməyə başladı. Azərbaycanlı gənclər arasında xüsusi xidmət orqanlarında çalışmağa maraq artdı. Bu qurum gənclərimizin çekist kimi yetişməsində, öz peşəkarlıqlarını yüksəltməsində mühüm rol oynadı.

Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar edən Lider!

Ümummilli lider Dövlət Təhlükəsizlik Komitəsində azərbaycanlı kadrların kariyera pilləsində sürətlə irəliləməsinə yardım etməklə, ölkəmizin müqəddəratı baxımından mühüm rol oynadı. O, Azərbaycanın taleyini azərbaycanlı kadrlara etibar etməklə vətənə olan sədaqət və sevgisini bir kəs daha sübut etdi.

Heydər Əliyevin dəstəyi ilə müxtəlif vəzifələrə təyinat alan milli kadrlar xalqımızın və dövlətimizin təhlükəsizliyi ilə bağlı məsələlərə daha həssas və qayğıkeş münasibəti ilə diqqət çəkir, Ulu Öndərin etimadını layiqincə doğruldurdu. Bu isə Heydər Əliyevdə iftixar hissi yaradır, onu qürurlandırırdı.

Heydər Əliyev xüsusi xidmət orqanlarını milliləşdirməklə milli taleyimizi yad insanların vicdan və mərhəmət asılılığından xilas etdi.

Bu gün general Əli Nağıyevin rəhbəri olduğu Azərbaycan DTX-sı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz yüksəlişinin zirvəsində qərar tutub. Və tarix sübut edir ki, bu yüksəlişə gedən yol məhz Heydər Əliyevən, onun xüsusi xidmət orqanlarımızda həyata keçirdiyi islahatlarla başlayıb.

Seymur ƏLİYEV

 

2026-04-05 18:35:00
1681 baxış

Digər xəbərlər

“Azərbaycan Bayrağı” ordenli veteran Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, 2 sentyabr 2026-cı il tarixində “Azərbaycan Bayrağı” ordenli veteran, ehtiyatda olan polkovnik-leytenanat Maarif Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı Maarif Əhmədova Təşkilatın gələcək fəaliyyəti haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, ona Təşkilatın üzvlük vəsiqəsini təqdim edib. Səmimi qəbula görə polkovnik Cəlil Xəlilova təşəkkürünü bildirən Maarif Əhmədov, hər zaman olduğu kimi bundan sonra da Təşkilatın keçirdiyi tədbirlərdə aktiv iştirak edəcəyini, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda tərbiyəsində əlindən gələni əsirgəməyəcəyini bildirib. Görüşün sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Manifest” adlı sərgi açılıb

Mayın 6-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində 9 May - Qələbə Günü münasibətilə Arzu Mürvətovanın “Manifest” adlı fərdi sərgisi açılıb. AZƏRTAC xəbər verir ki, sərgidə rəssam-fotoqrafın Böyük Vətən müharibəsi veteranlarının fotolarından ibarət 40- dan çox əsəri nümayiş olunur. Mayın 10-dək muzey-sərgi kompleksində, sonra isə Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir. Çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yerinə dair fotoekspozisiya yaratmağı özünə borc bilən gənc fotoqrafın məqsədi XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaqdır. Həmçinin məqsəd müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir. Sərginin təşkilinə “Bakı Metropoliteni” QSC, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, ADRA, Azərbaycan Rəssamlar İttifaqı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, “SUN Graphics” reklam və dizayn qrupu dəstək verir. Sərgi “Bakı Metropoliteni” ilə birgə layihə çərçivəsində reallaşıb. Qeyd edək ki, Arzu Mürvətova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və ADRA-nın məzunudur. Hazırda ADRA-da doktorantura pilləsində təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar kimi məşğul olur, bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, təşkilat komitəsinin qəbul üzrə koordinatorudur.

Hamısını oxu
“Təlimlər bölgədə sülhün və təhlükəsizliyin təmininə yönəlib”

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təlimləri Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir". Bu sözləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.     Polkovnik qeyd edib ki, məhz Azərbaycanla Türkiyənin birgə səyləri bu gün regionda dayanıqlı sülh və sabitliyin əsas qarantı rolunda çıxış edir: “Bildiyiniz kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni işğalçılarını məğlub etməklə bütövlükdə erməni faşizminə böyük zərbə vurdu, onun bölgədə möhkəmlənmək, özünə yeni dayaqlar tapmaq cəhdlərini darmadağın etdi. Bu, dövlətimizin, Ali Baş Komandanımızın bütövlükdə region və dünya qarşısındakı mühüm xidmətlərindən biridir. Məhz Azərbaycanın Vətən müharibəsindəki qalibiyyətindən sonra bölgədə sabitlik bərpa olundu. Erməni vandalizminin, davamlı terror cəhdlərinin qarşısı alındı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.   Qardaş Türkiyə Respublikası Vətən müharibəsi gedişində də öz mövqeyini açıq şəkildə ortaya qoydu və Azərbaycanı həm mənəvi, həm də diplomatik platformada qəti şəkildə dəstəklədi. Bu gün də Azərbaycan və Türkiyənin birgə səyləri regionda sabitliyin, stabilliyin, inkişafın qarantı, bazisi rolunda çıxış edir. Bunu bütün region dövlətləri, qlobal güclər və beynəlxalq təşkilatlar da anlamalı, Azərbaycan və Trükiyənin sülhpərvər siyasətini dəstəkləməlidirlər”.   Sədr müavini bu təlimlərin ordularımızın yüksək döyüş hazırlığının qorunub saxlanılması baxımından önəminə də diqqət çəkdi: “Şübhəsiz, bu cür təlimlər həm Azərbaycan, həm də Türkiyə ordusunun döyüş hazırlığının qorunub saxlanılması, onun peşəkarlığının daha da artırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu təlimlər hər iki ordunun yüksək döyüş hazırlığına malik olduğunu göstərir. Naxçıvandakı hərbi təlimlər sübut edir ki, Azərbaycan ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda və uğurla inkişaf etdirməkdədir.   Onu da qeyd edim ki, hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Türkiyə brigə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib və heç kim üçün təhdid təşkil etmir. Ancaq buna baxmayaraq, Azərbaycan və Türkiyəyə düşmən olan məkrili qüvvələr bu təlimlərdən nəticə çıxarmalı və anlamalıdırlar ki, həm Azərbaycan, həm də Türkiyə onlara yönəlik istənilən təhlükəni neytrallaşdırmağa qadirdir və şanlı Vətən müharibəsi bu gerçəyin ən böyük isbatıdır”.   Ayşən Vəli  

Hamısını oxu
Heydər Əliyevdə ilahi bir güc vardı – dayısı qızından diqqətçəkən açıqlamalar

Bu gün Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Məhz bu səbəbdən Heydər Əliyevin dayısı qızı, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri, Respublika YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyevanı redaksiyamıza qonaq edib, həmsöhbət olduq. Zərifə xanımla müsahibəni təqdim edirik: — Zərifə xanım, əvvəlcə sizi daha yaxından tanıyaq. Koreya Şərq Təbabəti Klinikasında çalışırdınız. Hazırda da həkim kimi çalışırsınız? — 12 il Koreya Şərq Təbabəti Klinikasında baş həkim olmuşam. Mən hazırda yazıçı-publisist kimi fəaliyyət göstərirəm. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Uzun illərdir kitablar yazıram. İndiyə qədər səkkiz bədii kitabım çap olunub. 44 günlük Vətən müharibəsindən sonra düşündüm ki, bu tarixi hadisələri gələcək nəsillərə çatdırmaq lazımdır. Buna görə də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab yazdım. Kitab həm Azərbaycanda, həm də xaricdə böyük maraqla qarşılandı. Daha sonra Vətən müharibəsi və şəhidlərimiz haqqında kitablar yazdım. Şəhid ailələri və qazilərlə daim görüşür, onların yanında olmağa çalışıram. Şəhid ailələrini Şuşaya, Ağdama və Xankəndiyə aparmışıq. Onlar övladlarının uğrunda can verdiyi torpaqları görəndə həm kövrəlirdilər, həm də qürur hissi keçirirdilər. — Heydər Əliyevi yaxından tanıyan bir qohumu - dayısı qızı kimi necə xarakterizə edərdiniz? — Heydər Əliyev Azərbaycanın qurucusu, memarı və xalqın qoruyucusudur. Belə bir dahi şəxsiyyəti Ulu Tanrı Azərbaycanın gələcəyi üçün yaratmışdı. Heydər Əliyev haqqında danışmaq hər bir insan üçün böyük şərəfdir. Çünki o, Azərbaycana sabitlik, inkişaf və gözəllik gətirib. Xalqımıza nəfəs, əmin-amanlıq və sakitlik bəxş edib. Bu gün biz qürurla deyirik ki, suveren və müstəqil Azərbaycanda yaşayırıq. Amma bir zamanlar Azərbaycan çox ağır günlər yaşayırdı. Qardaş qırğını, faciələr və qarışıqlıq hökm sürürdü. 20 Yanvar faciəsi və Xocalı faciəsi xalqımızın başına mənfur qüvvələr tərəfindən gətirilmiş ağır müsibətlər idi. Biz həmin dövrlərin canlı şahidiyik, baş verənləri öz gözlərimizlə görmüşük. 20 Yanvar faciəsi zamanı xalq özünü dayaqsız və gücsüz hiss edirdi. Azərbaycan xalqı sanki atasız-anasız uşaq kimi idi. Məhz həmin vaxt Heydər Əliyevin çıxışı xalq üçün ümidə çevrildi. Məncə, bu sadəcə müsahibə deyildi, bir bəyanat idi. O, bütün dünyaya bəyan etdi ki, xalqının üstünə silahla gəliblər, torpaqlarımız işğal olunub, amma Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. O dövrdə ordumuz zəif idi, ölkədə ciddi idarəetmə böhranı yaşanırdı. Təsadüfi rəhbərlər yalnız “kreslo davası” aparırdılar. Xalq başsız qalmışdı. Mən Yanvar faciəsində şəhidlərin dəfn mərasimlərinin canlı şahidi olmuşam. Heç bir rəhbər xalqın önünə çıxmırdı. Amma Heydər Əliyev səfirliyə gəlib o tarixi bəyanatı verdi və xalq hiss etdi ki, onun lideri, dayağı var. — Heydər Əliyevlə hansı maraqlı xatirələriniz var? — Ailəlikcə onlara tez-tez gedirdik. Heydər Əliyev işdən gec çıxırdı. Biz oraya ailə üzvü kimi gedirdik. Onunla daha çox atamın işi olurdu, çünki hərbçi idi və DTX-də çalışırdı. Onu deyə bilərəm ki, Heydər Əliyev olduqca zəhmli, dağ kimi bir adam idi. Ancaq onunla söhbət edəndə ürəyinin necə yumşaq olduğunu görmək olurdu. Onunla söhbət etdikdə sizinlə birlikdə gözü dola bilirdi. Universiteti bitirəndə Zərifə Əliyeva çox istəyirdi ki, göz həkimi olum. Mən də “Yox, Zərifə xanım, mən göz həkimi kimi işləyə bilmərəm, əlimdən fəsadlar yaranar” dedim. O da “özün bilərsən, hansı istiqaməti istəyirsən seç” dedi. Bir gün görüşlərin birində söz düşdü, Heydər Əliyev dedi ki, bu qız gərək orqanda işləsin. Məhz bundan sonra tapşırdı, Nizami rayon partiya komitəsində şöbə müdiri təyin olundum. Bu gün də fəxr edirəm ki, Heydər Əliyev mənə belə yüksək qiymət verib. Onu da deyim ki, 1969-cu ildə, hələ cənab Prezident İlham Əliyevin 8 yaşı olduğu bir dövrdə o, özünün ciddi xarakteri və çalışqanlığı ilə seçilirdi. Şıltaqlıq etmir, dərsləri ilə məşğul olurdu. — Xalqın Heydər Əliyevi hakimiyyətə çağırdığı dövrə canlı şahidlik etmisiniz. O günləri bir də sizdən dinləmək istərdik… — 1993-cü il hadisələri Azərbaycan üçün çox ağır və həlledici dövr idi. Ölkənin 20 faizi işğal altında idi, müharibə gedirdi. Bir tərəfdən “Sadval” hərəkatı, digər tərəfdən qondarma “Talış Respublikası”, digər tərəfdən isə müxtəlif silahlı qüvvələr ölkəni parçalamağa çalışırdı. Belə bir vəziyyətdə xalq çox düzgün qərar verdi və Heydər Əliyevə üz tutdu. Çünki xalq anlayırdı ki, ölkəni bu ağır vəziyyətdən yalnız böyük təcrübəyə malik lider çıxara bilər. Heydər Əliyev özü də deyirdi ki, ona vəzifə lazım deyil. O, xalqın çağırışı ilə Bakıya gəldi və ölkəni böyük təhlükədən xilas etdi. Heydər Əliyevdə ilahi bir varlıq vardı. Sanki o, bir peyğəmbər kimi Allah tərəfindən göndərilmişdi. Ən çətin anlarda o, Azərbaycan xalqının yanında olurdu. — Heydər Əliyevin Sovet dövründəki fəaliyyəti haqqında nə deyə bilərsiniz? — Heydər Əliyev bütün həyatı boyu Azərbaycan üçün çalışıb. Hələ Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin inkişafı üçün böyük işlər görüb. 1960-cı illərin sonlarında Azərbaycanın iqtisadi vəziyyəti çox ağır idi. İnsanlar çörək növbəsinə dayanırdı. Mən bunların hamısını öz gözlərimlə görmüşəm. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə böyük dəyişikliklər başladı. Sənaye inkişaf etdi, kənd təsərrüfatı dirçəldi, təhsil və səhiyyəyə xüsusi diqqət ayrıldı. O həmişə, hər yerdə azərbaycanlılara dəstək verirdi. O dövrdə kondisioner zavodu açılanda zavodun tamamilə Azərbaycanda fəaliyyət göstərməsinə nail oldu. Bu çox vacib bir məsələ idi. Beləliklə də, fayda bizə qalır, insanların iş imkanları artırdı. O, hər zaman deyirdi: “Mən ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm. Əgər mən bunu tamamlaya bilməsəm, mənim davamçılarım bu yolu davam etdirəcəklər.” — Bəs Zərifə Əliyeva haqqında nə deyə bilərsiniz? Necə xatırlayırsınız? — Zərifə xanım çox böyük alim və çox böyük insan idi. O, xalqın sağlamlığı üçün misilsiz xidmətlər göstərib. Bir zamanlar Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı və insanlar arasında korluğa səbəb olurdu. Zərifə xanım bu xəstəliyin aradan qaldırılması üçün böyük tədqiqatlar apardı, laboratoriyalar yaratdı və nəticədə bu xəstəlik demək olar ki, yox edildi. O, Sovet İttifaqının ən nüfuzlu tibbi mükafatlarından biri olan Averbax mükafatına məhz buna görə layiq görülmüşdü. Zərifə Əliyeva təkcə alim deyildi, həm də çox qayğıkeş, humanist və yüksək mənəviyyata malik bir insan idi. — Heydər Əliyevin ailə başçısı kimi xüsusiyyətləri barədə nə deyə bilərsiniz? — Heydər Əliyev təkcə böyük dövlət xadimi deyil, həm də gözəl ailə başçısı idi. O, hər zaman ailəsinə bağlı insan olub. Deyirdi ki, onun ən böyük dayağı Zərifə xanımdır. Bu gün biz həmin tərbiyənin nəticəsini İlham Əliyevin ailəsində də görürük. Ailə dəyərləri, milli-mənəvi prinsiplər qorunur və gələcək nəsillərə ötürülür. — Azərbaycanın bu gününü necə qiymətləndirirsiniz? — Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişaf etməsinin əsasında Heydər Əliyevin siyasəti dayanır. Hazırda Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər bunun ən böyük nümunəsidir. Prezident İlham Əliyev həm siyasi, həm də hərbi sahədə böyük qətiyyət nümayiş etdirdi. Xalq da dövlət başçısının ətrafında sıx birləşdi. Hər bir kənd və şəhər azad olunanda xalq böyük sevinc yaşayırdı. Hamı səbirsizliklə Prezidentin çıxışlarını gözləyirdi. Bu Zəfər Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyada tanıdılması istiqamətində böyük işlər görür. Azərbaycanın mədəniyyətini, musiqisini və muğamını beynəlxalq səviyyədə təbliğ edir. Leyla Əliyeva “Xocalıya ədalət” kampaniyası ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Arzu Əliyeva isə mədəniyyət və kino sahəsində mühüm layihələr həyata keçirir. Bu ailə hər zaman dövlət və xalq üçün çalışıb. — Sonda nə demək istərdiniz? — Qızlarımıza məsləhtim odur ki, Zərifə xanım Əliyevanı özlərinə kumir götürsünlər. Zərifə Əliyeva elə bir şəxsiyyətdir ki, onun saysız-hesabsız müsbət xüsusiyyətləri var. O, ideal bir insan nümunəsidir. Mən öz həyatımda onu həmişə ideal seçmişəm. Çünki həm gördüyü işlər, həm insanlarla münasibəti, həm də mənəvi dünyası hər bir qadın üçün örnəkdir. İstəyərdim ki, xanımlarımız Zərifə Əliyevaın həyat yolundan nümunə götürsünlər. Onun ailədəki mövqeyi, ictimai fəaliyyəti, insanlara münasibəti, xəstələrə göstərdiyi qayğı – bütün bunlar örnəkdir. Cəmiyyətimizin belə nümunələrə ehtiyacı var. Mən özüm də uzun illər onu idealım hesab etmişəm. Son dövrlərdə isə Mehriban Əliyevanın fəaliyyəti qadınlarımız üçün böyük örnəkdir. O, qadınlara geniş imkanlar açır, onların ictimai həyatda daha fəal iştirakına dəstək verir. Azərbaycanın mədəniyyətini və milli-mənəvi dəyərlərini dünyada layiqincə təmsil edir. Bu fəaliyyətlər gənclərimiz və xanımlarımız üçün böyük motivasiyadır. Heydər Əliyev isə hər bir sahədə böyük məktəbdir. Onun həyat yolu, düşüncələri və çıxışları bu gün də insanlara yol göstərir. Hər cümləsində dərin məna var. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri sadəcə bir cümlə deyil, böyük bir ideologiyadır. Bu çağırış insanları milli kimliyini sevməyə, ana dilini, milli-mənəvi dəyərlərini və Vətənini qorumağa səsləyir. Vətən anlayışı bizim üçün müqəddəsdir. Ona görə də “ana Vətən”, “ana torpaq” deyirik. Çünki insan üçün ana necə əzizdirsə, torpaq da o qədər müqəddəsdir. Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan dövlətinə və xalqına xidmət etdi. Onun Azərbaycan haqqında söylədiyi fikirlər bu gün də xalqımızın yaddaşında yaşayır. O, Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün misilsiz xidmətlər göstərmiş böyük liderdir. Modern.az  

Hamısını oxu