Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib


Veteran.gov.az xəbər verir ki, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanı 100 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “Hörmətli Fatma xanım, Əlamətdar yubileyiniz – anadan olmağınızın 100 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz şərəfli ömür yolu keçərək bütün həyat və fəaliyyətinizi doğma Vətəninizə xidmətə həsr etmiş, İkinci Dünya müharibəsi illərində yenilməz iradə və qətiyyət nümayiş etdirmisiniz. Cəbhəyə könüllü yollanaraq Leninqrad şəhərinin mühasirəsi zamanı və Moskva ətrafında gedən döyüşlərdə fəal iştirakınız fədakarlıq və şücaətin bariz nümunəsi idi. Xalqımızın məhz Sizin kimi yüz minlərlə mərd övladlarının cəsarəti, igidliyi, əzmkarlığı sayəsində Azərbaycanın adı faşizmə qarşı mübarizənin ön cərgəsində yer almış dövlətlər sırasındadır. Sonrakı dövrlərdə Siz ölkəmizin ictimai həyatında yaxından iştirak etmiş, gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə, layiqli vətəndaşlar kimi yetişməsinə töhfə vermisiniz. 44 günlük Vətən müharibəsi zamanı təmsil etdiyiniz Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı dövlətimizin, ordumuzun yanında olmuş, qazilərimizə, şəhid ailələrimizə mənəvi dəstək vermiş, diqqət və qayğı göstərmişdir. Hörmətli Fatma xanım, Sizin həyat və mübarizə yolunuz Vətənə, xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsi, gənclərə və gələcək nəsillərə örnəkdir. Belə bir xoş gündə Sizə bir daha ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”. Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 yanvar 2022-ci il
Hamısını oxu
İtaliyanın Lombardiya regionunun Berqamo əyalətində yerləşən Monte-di-Neze kəndində faşistlər tərəfindən 1945-ci ilin aprelində qətlə yetirilən 120 azərbaycanlının xatirəsi anılıb. Bu barədə Azərtac-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Alzano Lombardo bələdiyyəsinin sədri Kamillo Bertokki və ölkəmizin İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev çıxış edib, 81 il öncə baş vermiş hadisələrdən danışıblar. V.Hacıyev o zaman azərbaycanlıların evlərindən qayıtmaq ümidi ilə ayrıldıqlarını, amma taleyin onları əbədi olaraq bu dağların keşikçiləri olmağa yönəltdiyini deyib. O, sözügedən tədbirin məhz həmin insanların xatirələrinə ehtiram olduğunu ifadə edib.
Hamısını oxu
Mayın 14-də Sabirabad rayonunun Nərimankənd kəndində Şəhidlərin Xatirə Kompleksinin açılışı olub. Tədbridə çıxış edən Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını, onların daim minnətdarlıq hissi ilə yad ediləcəyini bildirib. Daha sonra çıxış edən 44 günlük Vətən müharibəsinin şəhid baş leytenantı Mətləb Cəfərovun həyat yoldaşı Vüsalə xanım, kompleksin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürünü bildirib, bu cür addımların şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm önəm kəsb etdiyini qeyd edib. Tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, o cümlədən rayon ziyalıları iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Cəlil Xəlilov: “Anım Günü ilə bağlı sərəncamı alqışlayır, bunu şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymət hesab edirəm” Bu gün 27 sentyabr – Vətən müharibəsinin birinci ildönümüdür. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının 27 sentyabr – Anım Günü ilə bağlı sərəncamını şərh edib: “27 sentyabr Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqi mənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazi bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura bilməz. 27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrın Anım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızın şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığının əbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daim hazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərlə Azərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, öz qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlər sonra da Azərbaycan ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixin yaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək”. Sədr müavini dövlətimiz tərəfindən Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinin ən müxtəlif üsul və vasitələrlə əbədiləşdirildiyini, bu prosesin bu gün də davam etdiyini vurğuladı: “Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, bu tarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlham Əliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində əbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibə qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda Qəhrəmanlar Parkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habelə onların təbliğinə xidmət edir”. Cəlil Xəlilov şəhid və qazilərimizin 44 günlük savaş salnaməsində göstərdikləri qəhrəmanlıqla bütün dünyanı heyrətləndirdiyinə də diqqət çəkdi: “Hər kəsə məlum olduğu kimi, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütün dünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycan ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədə sərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhur hərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsində Azərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlan ildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu, Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır. Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı sərəncamı alqışlayır, bunu şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymət hesab edirəm. Onu da qeyd edim ki, ölkə başçısı Anım Günü ilə bağlı xalqa müraciətində bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulacağını bildirdi. Bu, həm şəhidlərimizin xairəsinin, həm də şanlı zəfərimizin əbədiləşdirilməsi deməkdir və xalqımız tərəfindən məmnunluqla qarşılanmaqdadır. İllər, əsrlər sonra da Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi hər bir vətəndaşımız tərəfindən ehtiram və və qürur hiss ilə yad ediləcək, şəhdilərimizin xatirəsi hörmətlə anılacaqdır”.
Hamısını oxu