Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusunda konfrans keçirilib

4 may 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev irsi: Güclü dövlət, möhkəm ailə dəyərləri” mövzusuna həsr olunan konfrans keçirilib.

Konfransda millət vəkilləri, zabitlər və veteranlar, ölkə ziyalıları, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Odlar Yurdu Universitetinin, tələbələri iştirak ediblər.

Konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, həmçinin, respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunan  “Əsl məhəbbət haqqında” film nümayiş olunub.

Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, onların işıqlı ideyalarının bu gün də öz aktuallığını qoruyub saxladığını vurğulayıb:

“Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin memarı Heydər Əliyev və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyeva kimi iki böyük şəxsiyyətin əziz xatirəsinə ithaf olunub. Onların zəngin irsi, çoxşaxəli fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri bu gün də cəmiyyətimiz üçün bir yol xəritəsi, örnək həyat məktəbi kimi dəyərini qoruyub saxlayır.

Heydər Əliyevin dövlətçilik ideyaları, Zərifə Əliyevanın yüksək mənəvi dəyərləri və onların ailə nümunəsi gələcək nəsillər üçün əvəzsiz bir irsdir. Bu irsi qorumaq, yaşatmaq və inkişaf etdirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Əminliklə deyə bilərik ki, Ümummilli Liderin və Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, onların həyat yolu isə hər zaman gənclərimizə düzgün istiqamət göstərəcəkdir.

Bu gün burada toplaşan hər bir ziyalı, hər bir vətəndaş bu irsin daşıyıcısıdır. Bizim üzərimizə düşən əsas vəzifə bu zəngin mənəvi və siyasi irsi qorumaq, gələcək nəsillərə ötürmək və onu daha da inkişaf etdirməkdir. İnanıram ki, bugünkü konfransımız bu istiqamətdə dəyərli fikir mübadiləsi, elmi yanaşmalar və məhsuldar müzakirələrlə yadda qalacaqdır”.

Çıxışının sonunda polkovnik Cəlil Xəlilov sözü konfransın moderatoru -  Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyevə verib.

Konfransın önəminə toxunan Varis Yolçuyev, hər iki tarixi şəxsiyyətin ömür və mübarizə yolunun gənclərə örnək olduğunu bildirib:

“Bugünkü konfrans Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin və Azərbaycan tibb elminin parlaq simalarından biri, akademik Zərifə Əliyevanın xatirəsinə ithaf olunub. Bu iki böyük şəxsiyyətin həyat yolu, onların xalqa, dövlətə və insanlığa xidmətlə yoğrulmuş fəaliyyəti yalnız bir dövrün deyil, bütöv bir millətin mənəvi yaddaşına çevrilmişdir. Onların irsi bu gün də müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarını möhkəmləndirən, cəmiyyətimizi birliyə, həmrəyliyə və inkişaf yoluna səsləyən əbədi dəyərlər sistemidir.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan güclü dövlət modeli, milli maraqların qorunmasına əsaslanan strateji xətt və xalqla hakimiyyət arasında formalaşdırılan sarsılmaz etimad körpüsü bu gün də ölkəmizin tərəqqisinin əsas təminatlarından biridir. Zərifə Əliyevanın elmə, səhiyyəyə və insan amilinə verdiyi dəyər isə milli intellektual irsimizin ən parlaq səhifələrində öz əksini tapmışdır. Bu böyük şəxsiyyətlərin həyat fəlsəfəsi bizə öyrədir ki, güclü dövlət yalnız möhkəm mənəvi dayaqlara, sağlam ailə institutuna və yüksək vətəndaş məsuliyyətinə söykəndikdə davamlı inkişaf edə bilər”.

Konfransda çıxış edən Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq yazıçısı Sabir Rüstəmxanlı Heydər Əliyevin böyük dövlət xadimi kimi Azərbaycan xalqının həyatında, eləcə də mədəniyyətində oynadığı rola diqqət çəkib. Sabir Rüstəmxanlı qeyd edib ki, Ulu Öndər mədəniyyətin rolunu və əhəmiyyətini bildiyi üçün daim  mədəniyyət xadimlərinin fikir və rəyləri ilə maraqlanır, mədəniyyət adamlarına  xüsusi diqqət göstərirdi.

Millət vəkili Hicran Hüseynova isə Heydər Əliyevin vətən sevgisinin, daşıdığı və  təbliğ etdiyi dəyərlərin hər bir azərbaycanlıya nümunə olduğunu bildirib.

Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Heydər Əliyevin azərbaycançılıq ideyasından, bu ideyanın əhəmiyyətindən bəhs edib. Professor qeyd edib ki, Heydər Əliyev sadəcə dövlət xadimi kimi çoxşaxəli fəaliyyəti ilə deyil, həm də ömür yolunun hər bir anı, hər bir epizodu ilə Azərbaycan gəncliyinə örnəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndərin ölkəmizin sadəcə iqtisadi-siyasi həyatında deyil, həm də  mədəni həyatında mühüm rol oynadığını bildirib, bu istiqamətdə gördüyü işlərə diqqət çəkib.

Filologiya elmləri doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli Ulu Öndər Heydər Əliyevin dövlət xadimi, akademik Zərifə Əliyevanın isə görkəmli oftalmoloq kimi zəngin fəaliyyətinin öz miqyas  və səmərəliliyi ilə heyranlıq doğurduğunu bildirib. O, qeyd edib ki, Heydər Əliyevlə Zərifə Əliyevanın cəmiyyətə təqdim etdiyi ailə modeli də öz saflığı, səmimiliyi, fədakarlığı ilə Azərbaycan gəncliyinə əbədi örnəkdir.

Konfransda çıxış edən Xalq yazıçısı Elmira Axundova Heydər Əliyev və Zərifə Əliyeva ilə bağlı maraqlı xatirələr səsləndirib, hər iki şəxsiyyətlə bağlı apardığı araşdırmalar nəticəsində əldə etdiyi nadir məlumatları bölüşüb.  

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə tələbəsi Nəzrin Abdullayeva da Heydər Əliyev irsinin zənginliyindən bəhs edib, onun Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayıb.

Seymur ƏLİYEV

2026-05-04 16:21:00
1750 baxış

Digər xəbərlər

Novxanı məscidində mərasim evinin açılışı olub, iftar süfrəsi verilib, Qarabağ Dirçəliş Fonduna ianə olunub

22 mart 2025-ci il tarixində Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisində 350 nəfərlik mərasim evinin açılışı olub, iftar süfrəsi verilib. 40 gün ərzində inşa edilən mərasim evi kondinsionerlər, müasir havalandırma sistemi, təhlükəsizlik kameraları, mətbəx, anbar, sanitar qovşağı və digər təchizatla tam təmin olunub. Bununla yanaşı, məsciddəki cənazə evi yenidən inşa edilib, ərazidə geniş yaşıllaşdırma işləri aparılıb.  Açılış günündə şəhid ailələri, müharibə veteranları, kənd sakinləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində məscidin axundu və məclisin aparıcısı Hacı Ələsgər Mikayılzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt “Cümə” məscidinin axundu, Abşeron, Sumqayıt, Xızı bölgə qazisi Hacı Rauf Sərdarov iştirak edib, Qurandan surələr oxunub, Ramazan ayının fəzilətlərindən bəhs edilib. İftar süfrəsində Ümummilli lider Heydər Əliyevin, eləcə də dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiram hissi ilə yad edilib, onların ruhuna dualar oxunub. Məclis iştirakçıları həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimizin əmin-amanlığı və firavanlığı üçün də dualar edib, xalqımıza, dövlətimizə, ordumuza uğurlar diləyiblər. Şəhid ailələri və veteranlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildiriblər. Məscidin axundu Hacı Ələsgər Mikayılzadə məscid ərazisində müasir mərasim evinin inşasına, habelə məscid ərazisində həyata keçirilən ümumi abadlıq işlərinə görə iş adamı Hacı Cəlil Nağıyevə təşəkkür edib. Axund bildirib ki, bu cür xeyirxah əməllər digər vətəndaşlara örnək olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. İftar süfrəsində çıxış edən din xadimləri, ağsaqqallar Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsinə diqqət çəkib,  bundan sonra da Azərbaycanın rifahı və tərəqqisi naminə hər bir kəsin dövlətimizə, dövlət başçısına dəstək verməyin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməyin zəruriliyinə toxunublar. Din adamları çıxışlarında dövlətimizin Qarabağda apardığı böyük abadlıq işlərinə, bu prosesin miqyas və əhəmiyyətinə diqqət çəkib, Qarabağ Dirçəliş Fonduna ianə olunub. Seymur ƏLİYEV  

Hamısını oxu
Səngərdə doğulan günəş - Fatma Səttarova

Bəzən bir insan bir əsrin yükünü çiyinlərində daşıyır. Sanki tarix onun nəfəsində danışır, zaman isə onun gözlərində qərar tutur. Belə insanlar nadir doğulur. Onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın yaddaşına çevrilirlər. Onlardan biri də şəfqətin səngərində, mübarizənin meydanında, ön cəbhədə sübuta yetirən, ləyaqətin cəmiyyətdə rəmzinə çevrilən Fatma Hüseyn qızı Səttarovadır.  Fatma Səttarova 1922-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailənin tək övladı idi. 1940-cı ildə Bakı Tibb Texnikumunu bitirmişdi. Cəmi bir il sonra 1941-ci ilin yanvarında ailə həyatı qurmuş, lakin bu xoşbəxtliyin ömrü cəmi beş ay sürmüşdü. İyun ayında İkinci Dünya müharibəsi başlandı. Fatma xanım 18 yaşında olmasına baxmayaraq könüllü olaraq cəbhəyə yollandı. Faşizm üzərində qələbə üçün ölümə çarpışmaqdan belə çəkinmədi. Bu gənc qadın ön xəttdə şəfqət bacısı kimi xidmət göstərməyə başladı. Moskova uğrunda gedən mübarizə ilə qəhrəmanlıq tarixi yaradan Fatma xanım Səngərlərdə yaralı əsgərləri ölümün pəncəsindən xilas edir, həyatla ölüm arasındakı sərhəddə ümid paylayırdı. Leninqradın mühasirəsi zamanı Ladoqa gölünün üzərində salınmış məşhur “Həyat yolu”ndan keçərək döyüş bölgələrinə ərzaq və dərman daşıyır, yaralıları təhlükədən uzaqlaşdırırdı. Göydən bombaların yağdığı anlarda belə insanlıq və mərhəmət hissini itirmədi. Müharibə onu əymədi əksinə, daha da möhkəmləndirdi. O, Berlinə qədər döyüş yolu keçdi. Lakin 1945-ci ilin əvvəllərində Macarıstanda xəstələndi və ordudan tərxis olundu. Yaralı əsgərlərlə dolu eşalonu müşayiət edərək Bakıya döndü. Üç ay sonra isə böyük Qələbə elan olundu. Fatma Səttarovanın həyatında müharibədən sonra yeni səhifə açıldı. Tibb sahəsini tərk edərək Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil aldı. Sonrakı illərdə müxtəlif dövlət qurumlarında çalışdı. Amma onun ən böyük vəzifəsi xalqa və Vətənə xidmət idi. İctimai fəaliyyətə qoşulan Fatma xanım Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında çalışmağa başlamış və 2021-ci ildə bu qurumun sədri təyin olunmuşdu. Bu vəzifədə o, bütün veteranlar üçün çalışırdı. Onların sosial rifahı, mənzil və tibbi təminatı kimi məsələlərin həllində fəal mövqe tutdu. Məktəblərdə və hərbi hissələrdə gənclərlə görüşlər keçirərək vətənpərvərlik ruhunun formalaşmasına mühüm töhfə verdi. Fatma xanımın rəhbərliyi dövründə təşkilat nəfəs alan bir ailəyə çevrilmişdi. Bu ailənin hər bir üzvü bu gün Fatma xanımı dərin minnətdarlıqla xatırlayır. Onun adı çəkiləndə yalnız keçmiş yada düşümür, həm də gələcəyin yol xəritəsi göz önündə canlanır. Fatma Səttarovanın həyat yolu dövlət rəhbərləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Ümummilli Lider Heydər Əliyev onunla bir neçə dəfə görüşmüş, xatirələrini dinləmiş, onu “Azərbaycanın qəhrəman qızı” adlandırmışdı. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ilə bir çox tədbirlərdə fəxri qonaq kimi iştirak etmiş, onların təşəbbüsü ilə keçirilən layihələrdə fəallıq göstərmişdir. Prezident İlham Əliyev onun haqqında belə demişdi: “Fatma Səttarova kimi insanlar bizim milli sərvətimizdir.” 2021-ci ilin 9 may tarixində onun şərəfinə Silahlı Qüvvələrin Fəxri Qaraulu düzülmüş, 2022-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunmuşdu. Eyni zamanda, “Qələbənin 75 illiyi”, “Vətənin fəxri” və “Veteran Həmrəyliyi” medallarına layiq görülmüşdü. Fatma xanım 14 sentyabr 2024-cü ildə vəfat etdi və II Fəxri Xiyabanda dəfn olundu. Ömür yolu ilə nəsillərə örnək olan Fatma xanımın yoxluğu Təşkilatımızın üzvləri üçün ağır bir itki oldu. Onun məzarı bu gün veteranların əziz xatirəsinin yaşadılacağı bir and yerinə çevrilib. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva dəfn mərasiminə əklil göndərərək ona olan yüksək ehtiramlarını ifadə etmişdilər. İndi isə Təşkilat olaraq deyirik: “Nur içində yat, Fatma xanım. Allah sənə rəhmət eləsin. Biz səni heç zaman unutmayacağıq. Sən bizim yaddaşımızda, dualarımızda yaşayacaqsan. Vətənə və xalqa etdiyin xidmətlər daim xatırlanacaq, adın nəsillərdən nəsillərə ötürüləcək. Ruhun şad olsun! Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  

Hamısını oxu
“Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir”

Məşhur Məmmədov: “Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi bu diyarı uşaqlara erkən yaşlarından tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir”   Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Qarabağla bağlı animasiya filmlərinin çəkilməsinə qərar verib. Filmlərdə Qarabağın tarixi, mədəniyyəti, xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı məqamlar yer alacaq.   Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür filmlərin uşaqlara vətəni erkən yaşlarından tanıtmaq və sevdirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:   “Qarabağ, onun təbliği və tanıdılması ilə bağlı atılan hər bir addım, görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Biz tariximizi, mədəniyyətimizi bilmədən onu sevə bilmərik. Sevdirmək üçün isə sadəcə gənclər və yeniyetmələr arasıdna deyil, uşaqlar arasında da düzgün iş aparmalı, onlara erkən yaşlarından vətənimizi, onun gözəlliklərini, qəhrəmanlıq tariximizi tanıtmalıyıq. Unutmaq olmaz ki, uşaq yaddaşında yer alan hər bir məlumat həmin insanın xatirəsində, düşüncəsində, ruhunda həmişəlik iz qoyur, onun üçün həmişəlik doğma və unudulmaz olur. Bu baxımdan Mədəniyyət Naizlriyinin dəstəyi ilə animasiya filmlərinin hazırlanması olduqca faydalı və əhəmiyyətlidir.   Ümumiyyətlə, Qarabağla bağlı istənilən bədii əsər, yaxud musiqi əsəri, mədəniyyət və incəsənət nümunəsi böyük təbliğati əhəmiyyətə malikdir. Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir. Sizə bir nümunə deyim. Məşhur “Qarabağ” mahısı hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu mahnıda Qarabağ, vətən torpağı, onun müqəddəsliyi ilə bağlı qəlbə, ruha hopacaq böyük, nəhayətsiz sevgi var. Bu mahnı səslənəndə Azərbaycanımızın harasında yaaşmasından asılı olmayaraq, hər bir insan özünü qarabağlı kimi hiss edir. Bu faktın özü bir sənət əsərinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Odur ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi də olduqca faydalı və təqdirəlayiqdir. Bu cür filmlər uşaqların doğma Azərbaycanımızın bir hissəsi olan Qarabağı daha yaxından tanıması, onu daha dərindən sevməsinə böyük töhfə verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Sumqayıtda qazilərlə növbəti görüşlər keçirilib

Sumqayıt şəhərində şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır. Mütəmadi olaraq şəhid ailələrinin üzvləri və qazilərlə görüşülür, onların qayğıları ilə maraqlanılır. Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb. Veteran.gov.az xəbər verir ki, Əlaqələndirmə Mərkəzinin üzvləri qazilərimiz – Ceyhun Əhmədov, Xəzər Abdullayev və Elşən Fərzəliyevlə görüşüblər. Qazilərimizin sosial vəziyyəti, səhətləri ilə maraqlanılıb, ehtiyacları öyrənilib. Əlaqələndirmə mərkəzinin üzvləri qazi Ceyhun Məlikşah oğlu Əhmədova elektron əlil arabası təqdim ediblər.   Qeyd edək ki, Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid mərkəzdən həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılıb.  

Hamısını oxu