Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Hərbi prokuror Müdafiə Nazirliyinin artilleriya hərbi hissəsində “Ulu Öndər irsi – dövlətçilik və ordu quruculuğunun təməli” mövzusunda tədbir keçirib

Veteran.gov.az xəbər verir ki, mayın 4-də Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə nazirliyin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin N saylı hərbi hissəsində tədbir keçirib. 

 Görüşün əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

 Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müasir ordu quruculuğunun təməli qoyulub, dövlətimizin müdafiə qabiliyyəti əhəmiyyətli dərəcədə gücləndirilib, nizami ordu formalaşdırılaraq Silahlı Qüvvələrin inkişafı üçün misilsiz xidmətlər göstərilib. Bu böyük şəxsiyyətin bizə miras qoyduğu dövlətçilik dəyərlərini yaşatmaq hər birimizin mənəvi borcudur.

Daha sonra Müdafiə Nazirliyinin Raket və Artilleriya Qoşunları Baş İdarəsinin rəisi – Raket və Artilleriya Qoşunları komandanı, general-leytenant Ağamir Sultanov tərəfindən artilleriyaçıların hazırlanması və peşəkarlığının artırılmasının ordu üçün ciddi strateji əhəmiyyət daşıması qeyd olunaraq, artilleriyaçıların 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarında qəhrəmanlıqları xatırlanıb, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə bu sahədə görülmüş işlər barədə geniş məlumat verilib və artilleriyaçıların Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmaları bildirilib.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, artilleriyaçılara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Tədbirin sonunda xidmətdə fərqlənən artilleriyaçılara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

 

2026-05-05 15:34:00
1410 baxış

Digər xəbərlər

“Zəfər” futbol turniri keçiriləcək

Turnir Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təşkil olunur   Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və tabeli qurumlarının əməkdaşlarının iştirakı ilə “Zəfər” futbol turniri keçiriləcək. Ölkəmizin tarixi qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş turnirin açılış oyunu sentyabrın 27-də baş tutacaq. Turnirdə 17 komanda birincilik uğrunda mübarizə aparacaq. Finala yüksələn komandalar arasında həlledici oyun noyabrın 8-də baş tutacaq və qalib komanda müəyyənləşəcək.   Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə keçirilən “Zəfər” futbol turniri Vətən Müharibəsində Zəfərin ən böyük pay sahibləri olan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  

Hamısını oxu
Həsrətimizin ümid qapısı – Ağdam

Azərbaycanın erməni işğalından azad olunmuş torpaqlarına ictimaiyyət nümayəndələrinin, jurnalistlərin səfərləri davam edir. Erməni vandallarının törətdikləri əməllərin ölkə ictimaiyyətinə, eləcə də dünyaya bəyan edilməsi baxımından bu səfərlər mühüm əhəmiyyət daşıyır. Dünya həqiqətləri görməli, işğalçını tanımalı və ona öz layiq olduğu qiyməti verməlidir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 16 avqust 2021-ci il tarixində Ağdama 70-dən artıq QHT nümayəndəsinin səfəri də bu məqsədə xidmət edirdi. Respublika Təhsil Şurasını sədr Samir Mehdizadə və təşkilatın katibi olaraq mən təmsil edirdim. Səfərdə iştirak etməyim işğalçıların əməllərini əyani şəkildə görməyimə və bu yazını qələmə almağıma rəvac verdi. Elə bilirəm ki, bu yazı ilə Ağdamın mövcud durumu haqqında oxucularımda məlumatların genişlənməsinə öz töhfəmi bəxş edə biləcəyəm. Həyatımın ən gözəl səfəri kimi xatirəmə yazılan bu səfərdə iştirakıma şərait yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm.    Bu torpaqların hər qarışı bizim var-dövlətimizdirBərdədən Ağdama yol alırıq. Şəhərin mərkəzindən keçərkən 44 günlük Vətən müharibəsi zamanı ermənilərin raket zərbəsi ilə atəşə tutması nəticəsində şəhid olmuş dinc sakinlərin ruhunu dərin hüznlə yad edirik, onlara Allahdan rəhmət diləyirik. Bərdə 44 günlük Vətən müharibəsinin ağrı-acılarını ruhunda, cismində hiss etmiş, yaşamış qəhrəman şəhərlərimizdən biridir. Bu şəhər istər Birinci Qarabağ Müharibəsində, istərsə də, 44 günlük Vətən Müharibəsində sinəsini düşmənə sipər edib, qaçqın, köçkün bacı-qardaşlarımıza böyük mərhəmət hissi ilə qucaq açıb. Artıq keçmişdə qalan “təmas xəttini” keçib Ağdam ərazisinə daxil oluruq. Yol boyu hər addımda rastlaşdığımız texnikaları, toz-torpağa, dözülməz istiyə baxmayaraq həvəslə çalışan yolçəkənləri gördükcə, Azərbaycan hökumətinin tezliklə Qarabağda abadlıq işlərini başa çatdıracağına, burada firavan həyatın bərqərar olacağına inam yaranır. Bura əsl tikinti meydanıdır. Biz öz evimizi yenidən tikirik və ona qovuşacağmız günü səbirsizlikə gözləyirik. Fəhlələr üzlərində təbəssüm sürətlə ötüb keçən avtobusun sərnişinlərinə əl edirlər. Onların simasında həm də öz işlərindən dərin məmnunluq hissi duyulur. Yol boyu şəhid məzarları diqqətimi cəlb edir. Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Bu torpaqda addım atmaqdan belə çəkinir insan. Düşünürsən ki, bəlkə bir şəhid məzarını tapdalayarsan, bir şəhid ruhunu narahat edərsən.  Ağdamın düzən tərəfindəyik.   Göz işlədikcə boş torpaq sahələri uzanıb gedir.Saralmış otlar, toz-torpaq, meyvə ağacları - bunlar bizim var-dövlətimizdir. Bu sahələrdə nə qədər kənd təsərrüfatı məhsulları əkib-becərmək olar. Boz görünən bu torpaqlar taxıldır, çörəkdir, kartofdur, soğandır, bir sözlə bol bərəkətdir, yüzlərlə iş yeridir, insanların çörək ağacıdır, onların nəfəsidir, insanları həyata bağlayan tellərdir. Ermənilər də bu torpaqlarda taxıl əkiblərmiş. Ölkələrinin taxıla olan ehtiyacının bir qismini məhz Azərbaycanın münbit torpaqları hesabına ödəyiblər.  Amma hələlik bu torpaqlar ölüm saçır. Erməni vandalları bu torpaqlarda 100 minə yaxın mina basdırıb. Azərbaycan hökuməti basdırılmış minaların xəritəsini əldə edib, amma bəllidir ki, torpaqların gizli ölümdən təmizlənməsi hələ çox zaman alacaq. Qarabağ universiteti də Ağdamda, bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq.Tarixinin bütün dövrlərində Ağdamda təhsiln, mədəniyyətin, incəsənətin inkişafı diqqət mərkəzində saxlanılıb. Ecazkar Ağdam torpağı Azərbaycan və dünya mədəniyyətinə, elminə görkəmli şəxsiyyətlər, tarixi simalar bəxş edib.  Bu görkəmli şəxsiyyətlər Azərbaycanı dünyada ləyaqətlə təmsil edib və bu gün də etməkdədirlər. Ağdamın təhsil mühitindən pərvazlanaraq elmdə söz sahibinə çevrilən alimlər, Ağdamın mədəniyyət, incəsənət mühitindən su içib dünyada Azərbaycanın şaqraq səsi kimi eşidilən sənətkarlar bu şəhərin elm, sənət mühitinin zənginliyindən soraq verir. Fikrimcə, Qarabağ universiteti də Ağdamda bu maarifçi şəhərin “elm” və “təhsil” övladı kimi doğulacaq. Doğulacaq ki, zəngin ənənələr, möhkəm təməllər üzərində yeni dövrün elm məbədgahı yaratsın... Ağdamın xarabalıqları da gözəldir.Ağdamın ruhu onun tarixində, mədəniyyətində, tarixə bəxş etdiyi görkəmli simaların əməllərində yaşayır. Bu ruhu öldürmək, onu tarixin toz-torpağı altında dəfn etmək mümkün deyil. Ağdamı gəzdikcə buna bir daha əmin olurdum. Erməni vandalları tərəfindən dağıdılmış binaların, məzarların arasından keçərkən, Azərbaycanfilm kinostudiyasının istehsalı olan “Nəsimi” filmindən bir kadr yadıma düşür. Dövlət bəyin kəsilmiş başı onun heyranı olan Şəmsin qarşısına atılır. Şəms Dövlət bəyin kəsilmiş başını görüb deyir: - Dövlət bəyin ölüsü də gözəldir. Dövlət bəy fiziki cəhətdən öldürülsə də, o, onu sevənlər üçün əbədiyaşarlıq zirvəsinə ucalmışdı. Ağdam da mənim nəzərlərimdə, xarabalıqları da gözəl olan, fiziki cəhətdən dağıdılsa da, ruhu ilə əbədiyaşarlıq qazanan bir şəhər kimi canlanırdı. Bəli, məhz canlanırdı. Uçulub dağılmış imarətlər, saraylar, türbələr, məscidlər sanki bir anın içində əvvəlki görkəmini alır, qapılarını ona bağlı olan insanların – ağdamlıların üzünə açır. Yenə köhnə günlər geri qayıdır: uzaqdan muğam səsi eşidilir, atların kişnərtisi, qığılcım saçan nal nəsləri qulaqlarımda cingildəyir. Ağdamlılar öz evlərinə qayıdırlar. Və mən xəyaldan ayılıram. Hiss etdiklərimin xəyal deyil, həqiqət olduğunu görürəm. Bu günləri bizə nəsib edənlərə içim bir minnətdarlıq duyğusu ilə dolur.   Məzarları dağıtmaq hansı millətin “mədəniyyətində” var?Ağdamda hər yeri dağıdıblar. Məsçidə, məktəbə, mədəniyyət evinə, uşaq bağçasına, dram teatrına belə güzəşt edilməyib. Bunu gözləmək də mümkün deyil. Mədəniyyətə, tarixə ehtiram etmək üçün gərək özünün də mədəniyyətin ola. Bunu erməni vandallarından gözləməkmi olar? Bu toplum öz övladına mədəni dəyərlər deyil, vandalizm aşılayır. Başqa millətlərin mənəvi dəyərlərinə ehtiram onların leksikonunda və tərbiyə konsepsiyasında yoxdur. Xocalıdan, Ağdabandan, Başlıbeldən və s.dən danışmadan Ağdamda gördüklərimizdən elə bu qənaətə gəlmək mümkündür. Görəsən işğal etdikləri ərazilərdə məzarları qazıb sümükləri oğurlamaq, təhqir etmək dünyada başqa hansı millətin “mədəniyyətində” var?  İmarətin simasından kədər oxumamaq mümkün deyil...Ağdamda ilk ziyarət etdiyimiz məkan Qarabağ xanı Pənahəli xanın imarəti oldu. Pənahəli xan bu imarətdən yay sarayı kimi iştifadə edərmiş. XVIII əsrə aid olan bu tarixi-memarlıq abidəsi xan nəslinin birinci mülklərindən hesab olunur. Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə ehtiva edən saray kompleksinin inşası Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərə təsadüf edir. Zaman keçdikcə, Ağdamda bir-birindən yaraşıqlı, müxtəlif memarlıq üslublarında binalar inşa edilsə də, Pənahəli xanın sarayı öz gözəlliyini, fərqliliyini, ilkinliyini qoruyub saxlayıb. Sarayın gələcək nəsillərə ən mühüm ərməğanı isə, onun Azərbaycan xalqına, onun tarixi, milli, mənəvi dəyərlərinə bağlılığı olub. Saray milli ruhla yaradılıb. Xan sarayının hər qarışında bu ruhu duymaq, ona toxunmaq mümkündür. Erməni vandalları Ağdamı işğal altında saxladıqları 27 il ərzində xan sarayının ruhunu məhv edə bilməyiblər. 27 il ərzində öz həqiqi sahiblərindən ayrı düşən imarətin simasından kədər oxumamaq mümkün deyil... Bu kədər sarayın həyətində Xan qızı Xurşudbanu Natavanın erməni vandalları tərəfindən dağıdılmış məzarı ilə də müşayiət olunur. Məzar açılıb, mərhumun sümükləri çıxarılaraq oğurlanıb. Xan sarayının həyətindəki vandalizm dünyanın, insan tərəfindən törədilmiş ən faciəvi tablosunu xatırladır. Dağıdılmış məzar, qurumuş ağaclar, susuz, sahibsiz ağlayan torpaq, raket zərbəsindən uçulmuş hasar, deşilmiş gümbəz... və bütün bunları törədən insan mənəviyyatsızlığı bu tablonun qarışıq rəngləri fonunda insanın insana qarşı nifrətinin zirvəsini göstərir. Bu tabloda erməni mənəviyyatsızlığının iç üzü bir daha açılır.      Ağdam Cümə məscidindəCümə məscidindəyik. Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilən, Şərq memarlıq üslubuna xas xüsusiyyətləri özündə birləşdirən tarixi Cümə məscidində. Biz bu məscidi televiziya ekranlarından çox görmüşük. 1992-ci ilin 26 fevralında Xocalıda erməni vəhşiliyindən salamat qurtaranların ilk sığınacaq yeri, şəhid olanların isə son mənzilə yola salınma məkanı idi Cümə məscidi. O zamanın tutqun videolentləri Cümə məscidini ağlayan ibadətgah kimi yaddaşıma köçürüb. Burada sanki göz yaşları 27 ildir ki, donub, səslər, nəfəslər dayanıb. Yol yoldaşlarımız məsciddə namaz qılırlar. Bu, onların çoxdankı arzuları imiş. Arzusuna qovuşanları görəndə çox sevinirəm. Məscid öz həqiqi sahiblərinin nəfəsi ilə yavaş-yavaş isinməkdədir.   Erməni vandalları bu tarixi abidəni uçurmayıblar. Ona görə yox ki, bizim dini-mənəvi dəyərlərimizə hörmət edirlər. Yox. Qarabağda uçulub dağıdılmış məscidlərin sayı o qədərdir ki... Cümə məscidi ona görə dağıdılmayıb ki, işğalçı hərbçilər ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Buna görə də məscidin yalnız divarları salamat saxlanıb. Məscidin minarələri daxildən tamamilə sökülüb, tavan bir neçə yerdən, hücrə və yardımçı otaqlar tamamən uçurdulub. Məscidin daxili tərtibatı tamamilə məhv edilib, divarlara məscid inşa edilən zaman həkk edilmiş yazılar pozulub. Bu yazılar işğalçıların gözünə ox kimi sancılırmış. Əvəzində məscidin xarici və daxili divarlarına erməni və rus dillərində Azərbaycan xalqına qarşı alçaldıcı, təhqiredici ifadələr yazıblar. Bu ifadələrlə əslində öz simasızlıqlarını daşa, divara həkk ediblər. Ermənilər məsciddən uzun illər tövlə kimi yararlanıblar. Onlar tarixi abidələrin qorunması haqqında bütün qayda-qanunları, dəyərləri ayaqlar altına atıb tapdalayıblar. Bu, insanın daxilindən daşlara püskürən nifrətinin ifadəsidir. Bu, təhsilsizliyin, tərbiyəsizliyin, mənəvi aşınmanın təzahürüdür.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdam işğaldan azad olunduqdan sonra bu şəhərə səfəri zamanı Ağdam Cümə məscidini ziyarət edib. Möhtərəm Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam Cümə Məscidinə bağışlayıb. Bu gün bu müqəddəs kitab bu məscidin ən qiymətli varidatıdır. Məscidin tarixi simasını bərpa edəcəyi, insanlara azan səsi bəxş edəcəyi gün uzaqda deyil.  Ağdam Dövlət Dram Teatrının “sevinc göz yaşları”Ağdamın bütün binaları kimi, Dövlət Dram Teatrı da 27 ildir kədərli sükut içindədir. Bir zamanlar bölgənin mədəni həyatına rəng qatan Dram Teatrı fəaliyyəti dövrünün ən ağır günlərini yaşayıb. Erməni vandalları Ağdamı işğal etdikdən sonra bu mədəniyyət məbədini yerlə yeksan ediblər. Bina dağıdılsa da, onun qarşı hissəsindəki sütunlar salamat qalıb. Bu sütunlara yaxınlaşıb, onlara toxunuram. Mənə elə gəlir ki, sütunlar əsirlikdən azad olduqları üçün “sevinc göz yaşları” axıdırlar.   Teatr 1902-ci ildə görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin yaxından köməkliyi ilə yaradılıb. Elə ona görə də bu gün onun adını daşıyır. O teatrın fəaliyyətə başlaması üçün gərgin iş aparılıb. Nəhayət, 1904-cü ildə M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyesləri ilə qapılarını teatrsevərlərin üzünə açıb. Ağdam Dram Teatrının binası füsunkar görkəmi ilə görənləri heyran edib. Bu teatrda neçə-neçə aktyor nəsli formalaşıb. Teatrın repertuarı Azərbaycan və dünya klassiklərinin əsərləri ilə hər zaman zəngin olub. Ağdam Dövlət Dram Teatrı Ağdamın işğalından sonra qaçqın həyatı yaşayıb. Nə qədər çətin olsa da, fəaliyyətini davam etdirib. Bu gün ağdamlılar bu mədəniyyət məbədgahının da bərpa olunacağını, Ağdamın teatrlı günlərini səbirsizliklə gözləyirlər. Tarixin daha bir əmanətiQiyaslı kəndinə doğru gedirik. Burada XVIII əsr abidəsi olan Qiyaslı məscidini ziyarət edəcək,  erməni vandaliziminin daha bir üzü ilə tanış olacağıq. Uzaqdan Qiyaslı məscidinin xarabalıqları görünür. Yaxınlaşdıqca məhv edilmiş bir tarixi abidənin qalıqları üzərinə “həkk olunmuş” erməni cinayətinin izləri aydınca görünür. Elə cinayətlər var ki, onları ancaq ermənilər törədə bilərlər. Qiyaslı məscidində də erməni vandalları öz cinayətkarlıqlarının yeni bir izini açıblar. Bu cinayətin xüsusiyyətləri odur ki, onlar dağıtmaqla kifayətlənmirlər, təhqir edirlər, alçaldırlar. Damarlarında daşıdıqları qan onları bu cinayətləri törətməyə sövq edir. Ermənilər Qiyaslı məscidindən uzun illər tövlə kimi istifadə ediblər. Bu əməllər bəşəriyyət üçün utancvericidir. İnsanlıq adına ləkədir.  Sahbulağın Şah qalasıQiyaslı kəndindən çıxıb Ağdamın ruhu yaşayan daha bir tarixi məkana - Şahbulaq qalasına doğru yol gedirik. Şahbulaq qalası Ağdam şəhərinin 5-6 kilometrliyində yerləşir. Qala uzaqdan diqqəti cəlb edir. O, dünyanın müxtəlif ölkələrində gördüyüm ən möhtəşəm qalalara bənzəyir. Günəş rəngindədir, onun kimi işıq saçır. Onu seyr etmək, ona toxunmaq dünyanın ən qiymətli əşyasına toxunmaq hissi yaradır. Qalanın yanında yaşıllıqların arasından sırhaşırla axan Şahbulaq çayının adından götürülüb qalanın adı. Qala ilə çayın vəhdətində yaranan füsunkar gözəllik ağdamlıların və bura gələn qonaqların hər zaman zövqünü oxşayıb. Bu qala öz görkəmi və əhəmiyyəti etibarilə Ağdamın simvollarından birinə çevrilib. Tarixi mənbələrdə yazılır ki, Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə 20 noyabr 1751-ci il — 7 noyabr 1752-ci il tarixləri arasında əhəngdən və dağ daşlarından istifadə olunaraq inşa edilib.  Ağdam 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Şahbulaq qalasında mənfur düşmən  öz ənənəvi saxtalaşdırma işlərinə başlayıb. Qalanın daxilindəki məscid (Şahbulaq məscidi), hamam və bulaq dağıdılıb. Saxtakarlıqlarını torpağın altında axtaran ermənilərin Şahbulaqla bağlı niyyətləri elə əzəli Azərbaycan torpaqlarında da əbədi dəfn olunub.    Ocağımız sönməyəcək... Ağdama səfərimiz nikbin notlarla tamamlandı. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Ağdama təyin olunmuş xüsusi nümayəndə Emin Hüseynov şəhərin baş planını təqdim edərkən, düşünürdüm ki, 100 min əhali üçün nəzərdə tutulmuş gələcək Ağdam şəhəri inkişaf etməkdə olan ölkəmizin tərəqqisini şərtləndirən modelə çevriləcək. Ağdam, eləcə də, Qarabağda həyata keçiriləcək quruculuq işləri Azərbaycanın mədəni və iqtisadi qüdrətinin göstəricisi olacaq. Ağdamın baş planı ilə tanışlıq, bu plana uyğun olaraq işlərin sürətlə həyata keçirilməsi Ağdamın biz düşündüyümüzdən daha erkən dirçələcəyinə inam yaradır.  Ağdamdan ayrılırıq. Avtobusun pəncərəsindən şəhər 1 nömrəli tam orta məktəbin dağılmış binası görünür. Hələlik bu bina bizə ancaq xarabalığı xatırladır. Amma tezliklə burada yaraşıqlı məktəb binası ucalacaq. Məktəb öz əvvəlki şöhrətinə qayıdacaq. Yaradıcı, qurucu Azərbaycan xalqı Ağdamda elə bir məşəl alovlandıracaq ki, işığı bütün aləmə yayılacaq. Dostların gözünə nur bəxş edəcək, düşmənlərin gözünə köz kimi toxunacaq...Böyükağa MİKAYILLI,Respublika Təhsil Şurasının katibi.Bakı – Ağdam - Bakı  

Hamısını oxu
İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Amma yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın. Yoxsa, Ermənistanın baş naziri özünü nə hesab edir? Bizimlə bu tərzdə danışmaqmı olar? Biz indi onun yerini göstərdik. “Qarabağ Ermənistandır” deməklə Qarabağ Ermənistan heç vaxt olmayacaq. İndi görüm necə deyir “Qarabağ Ermənistandır”. Səsini belə çıxara bilmir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri xalqa müraciətində səsləndirib. “İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz. Deyirdi ki, biz kriminal “Dağlıq Qarabağ respublikası”nın quldur başçısı ilə danışıqlar aparmalıyıq. Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq. Ona görə, dünən və sırağagün siyasi müstəvidə baş vermiş hadisələr onu göstərir ki, Ermənistan rəhbərliyi nəhayət başından böyük zərbə alandan sonra dərk etməyə başladı ki, o, ancaq bizim şərtlərlə oturub duracaq. Biz nə desək o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti vurğulayıb ki, onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma bizim torpağımızı biz geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.    

Hamısını oxu
Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsi ilə bağlı AÇIQLAMA

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyeva APA-ya müsahibə verib: - Gülşən xanım, Heydər Əliyev Fondunun ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizəyə göstərdiyi dəstək barədə mütəmadi məlumat alırıq. Bu sahədə indiyədək hansı işlər görülüb? - Heydər Əliyev Fondu yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində ilk gündən Nazirlər Kabineti yanında operativ qərargahla, qərargahın tibb bölməsi ilə yaxından çalışır və dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir.   Bildiyiniz kimi, ölkə rəhbərliyinin tapşırığı ilə ilk gündən səhiyyə sisteminin pandemiya şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər görülüb, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün laboratoriyalar qurulub, xüsusi rejimli və modul tipli xəstəxanalar yaradılıb. Heydər Əliyev Fondu COVID-19 virusunu müəyyən edən laboratoriyaların fəaliyyətinin qısa müddətdə təşkilinə, eyni zamanda ölkəmizin yüksəkkeyfiyyətli testlərlə təmin olunmasına dəstək göstərib. Fond tərəfindən pandemiyanın ilk aylarında xüsusi rejimli xəstəxanalar üçün bir sıra müxtəlif tibbi avadanlıq və ləvazimatlar – həm qoruyucu vasitələr, tibbi geyimlər, həm də xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları Almaniya, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən alınaraq Azərbaycana gətirilib. Biz pandemiya ilə mübarizədə iştirak edən tibbi personal üçün təlim kursları təşkil etdik, bu da onların bacarıqlarının artırılması baxımından çox faydalı oldu. COVID-19-la mübarizə aparan yerli tibb personalına dəstək məqsədilə Çin, İtaliya və Rusiyadan yüksəkixtisaslı həkimlər dəvət etdik, onların azərbaycanlı tibb heyəti ilə birgə xəstəxanalarda çalışmaları üçün şərait yaratdıq, bununla da virusun qarşısının alınması baxımından dövlət tərəfindən görülən işlərə öz dəstəyimizi vermiş olduq. Bildiyiniz kimi, Fond xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, koronavirusla mübarizə tədbirləri çərçivəsində Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzi, eləcə də bir sıra digər sosial xidmət müəssisələri zəruri dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edildi. Eyni zamanda xüsusi karantin rejimi günlərində yaşı 65-dən çox olan şəxslərin evdən çıxma qadağası olan müddətdə Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ölkə üzrə bu yaş kateqoriyasındakı tənha sakinlərə yardım göstərdi. Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə yanaşı, “Biz birlikdə güclüyük” aksiyasını həyata keçirdi və bu aksiyaya müxtəlif təşkilatlar qoşulmaqla aztəminatlı ailələrə 100 mindən çox yardım paylanıldı.  Xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyaları təşkil olundu. Bu aksiyada Heydər Əliyev Fondunun əməkdaşları, eləcə də onlarla dövlət və özəl müəssisələr iştirak etdi. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı bizim üçün önəmlidir və bütün görülən işlər buna xidmət edir. Pandemiya dövründə də Fonda səhiyyə məsələləri ilə bağlı çoxsaylı müraciətlər edilib. Yeri gəlmişkən qeyd edim ki, ötən müddət ərzində bir sıra mədəniyyət və incəsənət xadimlərinin, tibb işçilərinin müalicəsi Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürüldü. - Elə növbəti sualım da bununla bağlıdır. COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin sağlamlığına qovuşmasında Fondun göstərdiyi dəstək də diqqətdən yayınmadı. - Bəli, hər zaman olduğu kimi, müəyyən bir problemlə rastlaşan vətəndaşlarımız və ya onların yaxınları Fonddan kömək umur və biz də əlimizdən gələn köməyi etməyə çalışırıq. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, virusa yoluxmuş bir sıra şəxslərin, o cümlədən Bəhram Bağırzadənin müalicəsinə Fond dəstək göstərdi. Bəhram Bağırzadənin ailəsi Fondun prezidenti Mehriban Əliyevaya müraciət edəndə onun vəziyyəti olduqca ağır idi. Əlbəttə, bu, bizim hər birimizdə narahatlıq doğururdu. Həmin çətin anlarda biz onun ailəsi ilə, həyat yoldaşı Şəhla xanımla mütəmadi əlaqə saxlayıb, öz mənəvi dəstəyimizi göstərirdik. Eyni zamanda Bəhram Bağırzadənin tezliklə sağalması üçün zəruri tibbi yardım edilirdi. Vaxtında edilən müdaxilələr, ECMO aparatına qoşulması və həkimlərin səyləri sayəsində Bəhram Bağırzadə sağlamlığına qovuşdu.  - Təsiri baxımından pandemiya, demək olar ki, heç bir sahədən yan keçməyib. Digər sahələrdə həyata keçirilən layihələrin icra müddətini uzatmaq və ya dəyişmək mümkündür. Bəs minlərlə insanın ümid yerinə çevrilmiş Heydər Əliyev Fondu səhiyyə sahəsində fəaliyyətini necə davam etdirdi?  - Səhiyyə sahəsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun təşəbbüsü ilə paytaxt və regionlarda tibb müəssisələrinin yenidən qurulması və inşası həyata keçirilir. “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Koxlear implantasiya” kimi genişmiqyaslı layihə və proqramlarla yanaşı, Fonda üz tutan minlərlə insanın sağlamlığı ilə bağlı müraciəti üzrə tapşırıqlar yerinə yetirilir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə görülən işləri vurğulamaq istərdim. Leyla xanım xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsinə olduqca həssas yanaşır. Onun dəvəti ilə Çin Xalq Respublikasından ölkəmizə gəlmiş mütəxəssislər uşaq serebral iflicindən əziyyət çəkən, həmçinin autizm və daun sindromlu şəxslərin müalicəsində yaxından iştirak etmişlər. Fondun vitse-prezidentinin təşəbbüsü ilə Talassemiya Mərkəzində genetik laboratoriya mərkəzi yaradılmış, talassemiyalı xəstələr bütün lazımi dərman preparatları ilə təmin edilmiş, eyni zamanda radikal müalicə üçün sümük iliyi transplantasiyası işi təkmilləşdirilmişdir. Həmçinin Talassemiya Mərkəzinin laboratoriyasında sümük iliyi donoru registrinin yaradılması üzərində iş aparılır. Milli Hematologiya və Transfuziologiya Mərkəzində leykemiya və hemofiliya xəstələri lazımi dərman preparatları ilə təmin olunur. Həmin mərkəzdə pandemiya dövründə Leyla xanımın təşəbbüsü ilə immunoplazmanın hazırlanması işinə də başlanılmışdır.  Heydər Əliyev Fondu olaraq biz fəaliyyətimizin bu istiqamətindən demək olar ki, danışmırıq, edilən yardımı ictimailəşdirmirik, çünki yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik. Əlbəttə ki, pandemiya bütün sahələrdə olduğu kimi, səhiyyədən də yan keçmədi. Sərt karantin rejiminin tətbiqi, bir sıra klinikaların koronaviruslu xəstələrin müalicəsi üçün ayrılması kimi amillər müəyyən mənada öz təsirini göstərsə də, Heydər Əliyev Fondu bu istiqamətdə fəaliyyətini bir an belə dayandırmadı. Təbii ki, bu müddət ərzində biz ilk növbədə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan insanların müalicəsinə üstünlük verdik. İcra müddətinin uzadılması mümkün olan layihələrin, eləcə də müalicəsinin müəyyən müddət sonra aparılması mümkün olan insanlara edilən yardımın vaxtı karantin dövründə uzadıldı və yumşalma tədbirləri başladıqda həyata keçirildi. Belə qərarlar insanların sağlamlığının qorunması naminə verilirdi və müraciətçilər tərəfindən anlayışla qarşılanırdı. Misal üçün deyə bilərəm ki, bu ilin mart ayında Heydər Əliyev Fondu eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatlarına başlamalı idi. Lakin karantin rejimi ilə bağlı aksiyanın müddəti uzadıldı, xüsusi karantin rejimi yumşaldıqdan sonra start verildi və hazırda yekunlaşmaq üzrədir.  Biz pandemiyadan əvvəl Fondun dəstəyi ilə xaricdə müalicə alan şəxslərin də müalicəsini yarımçıq saxlamadıq. Ötən ilin iyul ayında xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi narahatlıq yaranmışdı. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyəyə göndərilən Yalçın Rzazadə orada hərtərəfli müayinə edilərək mərhələli şəkildə müalicəsi təşkil olundu. Bir neçə kurs müalicədən sonra onun səhhətində nəzərəçarpan irəliləyiş əldə edildi. Növbəti müalicə kursu pandemiya müddətinə təsadüf etsə də, onun səhhəti ilə bağlı bütün zəruri tədbirlər görüldü. 2020-ci ilin may ayında Yalçın müəllim Türkiyədəki müalicəsini başa vuraraq, Bakıya qayıtdı. Hazırda isə virusa yoluxma riski olduğuna görə insanların sağlamlığının qorunması məqsədilə səhiyyə ilə bağlı yardım ancaq ölkə hüdudlarında göstərilir.  - Yeri gəlmişkən hüquq müdafiəçisi Oqtay Gülalıyevin də Türkiyədəki müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir. Hazırda bu dəstək davam edirmi və müalicə nə yerdədir? - Heydər Əliyev Fondu 2019-cu ilin noyabrın 4-dən Oqtay Gülalıyevin müalicəsinə zəruri dəstək göstərir. Ötən ilin noyabr ayında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva xaricdən həkimlərin cəlb olunması, daha sonra müalicənin Türkiyədə təşkilinə yardım göstərilməsi ilə bağlı Fonda müraciət etmişdi. Heydər Əliyev Fondunun dəvəti ilə qısa müddətdə İstanbuldan Bakıya gələn həkim Oqtay Gülalıyevi xəstəxanada müayinə etdi. Ailəsinin Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsi barədə xahişi nəzərə alınaraq, o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi ambulans təyyarə ilə İstanbula aparıldı və “Avrasiya” xəstəxanasına yerləşdirildi.  “Avrasiya” xəstəxanasında bir müddət müalicədən sonra Firuzə Gülalıyeva təkrar müraciət edərək həyat yoldaşının müayinəsinə əlavə mütəxəssislərin cəlb olunmasını və müalicəsinin “Amerikan” xəstəxanasında davam etdirilməsini xahiş etdi. “Amerikan” xəstəxanasında olduğu müddətdə Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb və onun səhhətinin bərpası üzrə müvafiq müalicə kursu təşkil olunub.  2019-cu ilin dekabr ayında Firuzə Gülalıyeva yenidən müraciət edərək kranioplastika –yəni kəllə qapağının plastikası əməliyyatının aparılmasına dəstək göstərilməsini xahiş etdi. O vaxt infeksiya və beyindaxili təzyiqin qalxması riskinə görə həmin əməliyyat icra olunmadı. 2020-ci ilin iyun ayında ailəsi bununla bağlı yenidən müraciət etdi, həkimlərin rəyi alındıqdan sonra elə həmin ay əməliyyat edildi. Biz daxili qaydalarımıza əsasən, müalicəsinə dəstək göstərdiyimiz şəxslər barədə mütəmadi olaraq müalicə müəssisəsindən hesabat alırıq. Eləcə də Amerikan xəstəxanası müntəzəm şəkildə Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı hesabat təqdim edib. Heydər Əliyev Fondunun Ekspertlər Şurası bu hesabatlar üzrə olan məlumatları dəyərləndirib və müalicənin dinamikasına uyğun olaraq, eləcə də ailəsinin xahişini nəzərə alaraq, Oqtay Gülalıyevin müalicəsinə müvafiq dəstək davam edib. Onu da qeyd edim ki, İstanbulda həyat yoldaşının yanında olan Firuzə Gülalıyevanın həkimlərlə əlaqəsi, gündəlik müraciətlərinin operativ həll edilməsi üçün Fond tərəfindən əlaqələndirici şəxs ayrılıb. Bu müddət ərzində biz və şəxsən mən mütəmadi olaraq Firuzə Gülalıyeva və həkim personalı ilə əlaqə saxlayıb, müalicənin gedişi ilə maraqlanmışıq və görülmüş bütün işlər barədə rəhbərliyə məlumat vermişik. Sentyabrın 14-də Firuzə Gülalıyeva Heydər Əliyev Fondunun icraçı direktoru ilə telefon danışığı zamanı Oqtay Gülalıyevin müalicəsi üçün Fond tərəfindən ayrılan maliyyə dəstəyinin dayandırılmasını xahiş etdi. Bu müraciət qəbul olundu, amma prosedur qaydalarına əsasən, Firuzə Gülalıyevadan imtina haqqında istəyini Fonda yazılı olaraq təqdim etməsi xahiş edildi. Bundan sonra Firuzə Gülalıyeva mənimlə telefon əlaqəsi yaradaraq onun sözlərinin yanlış anlaşıldığını, istintaqın hələ də davam etməsindən narahat olduğunu dedi və bu məsələdə köməklik göstərilməsini xahiş etdi. Buna cavab olaraq ona bildirildi ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin yalnız səhhəti ilə bağlı məsələlərə dəstək göstərir və onun istintaq işləri ilə bağlı müraciəti Fondun yox, müvafiq dövlət qurumlarının səlahiyyətindədir. Bundan sonra Firuzə Gülalıyeva Fonda yazılı müraciət edərək bunları qeyd edib: “Ailəmiz Oqtay Gülalıyevin müalicəsinin Azərbaycanda davam etdirilməsini istəyir. Bununla Türkiyədə Oqtay Gülalıyevin müalicəsinə dəstəyi dayandırmağı, Azərbaycana gətirilməsinə və sonrakı müalicəsinin təşkilinə köməklik göstərilməsini xahiş edirik”. Amma təəssüflər olsun ki, son günlər Oqtay Gülalıyevin oğlu sosial şəbəkələrdə çıxış edərək anasının müalicənin Azərbaycanda davam etdirilməsinə köməklik göstərilməsinə dair xahişini səsləndirmədən “Heydər Əliyev Fondunun dəstəyindən imtina etdik” deyir. Bu da, öz növbəsində ailənin müalicə ilə bağlı istəyinin nədən ibarət olmasında çaşqınlıq yaradır. İnsanlar arasında, o cümlədən müalicənin gedişatını yaxından izləyən şəxs kimi məndə sual doğuran məqamlardan biri də müalicə müddətində oğlunun sosial şəbəkələrdə paylaşdığı Oqtay Gülalıyevin fizioterapiya zamanı çəkilmiş videogörüntüləri idi. Onun reflektiv hərəkətlərinin sağalma dinamikası kimi təqdim olunan bu görüntüləri izləyicilərdə yanlış fikir formalaşdırırdı.  Qeyd edim ki, Heydər Əliyev Fondu bu günədək Oqtay Gülalıyevin müalicəsi ilə bağlı Türkiyədən Bakıya həkimin gətirilməsinə, İstanbulda Avrasiya xəstəxanasında, Amerikan xəstəxanasında əməliyyat və müalicəsinə, eyni zamanda ötən müddətdə ailə üzvlərinin İstanbul şəhərində mehmanxanada yerləşdirilməsinə və digər zəruri xərclərə vəsait ayırıb.  Müalicə həkimlərinin son rəyinə əsasən, Oqtay Gülalıyevin ümumi vəziyyətində dəyişiklik yoxdur, yəni koma vəziyyəti davam edir, amma, o, nəfəs alətinə bağlı deyil və müntəzəm fizioterapiya kursu alır. Həkimlər hazırda Oqtay Gülalıyevin dəstək müalicəsinin evdə və ya şəraiti təmin edilə bilən mərkəzdə davam etməsini mümkün sayır. - Heydər Əliyev Fondu həmçinin Qarabağ müharibəsi əlillərinə dəstək layihələrini icra edir. Aprel döyüşlərində yaralanan əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin olunmasını qeyd etmək olar. Bu  layihə üzrə hansı işlər həyata keçirilir? - 2016-cı ildə Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əslində, Qarabağ müharibəsi əlillərinə sosial dəstək layihələri üzrə həyata keçirdiyimiz işlərin davamı idi. Fondun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbüssü ilə reallaşan bu layihə bir neçə mərhələdə həyata keçirildi. İlkin etapda layihə Aprel döyüşləri iştirakçılarını əhatə etsə də, sonrakı mərhələlərdə əhatə dairəsi daha da genişləndi. Bu günədək 100-dən çox Qarabağ müharibəsi iştirakçısı olan zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.  Fondun nümayəndələri protezləşməsi aparılan hərbçilərin müraciətləri ilə daim maraqlanır. Hərbçilərin protezlərinə Fondun dəstəyi ilə həkimlər tərəfindən baxış keçirilir və zəruri xidmət göstərilir. Bu il də 50-dən çox müraciət edən hərbçinin protezlərinin soketləri dəyişdirilib və digər zəruri dəstək xidməti göstərilib.

Hamısını oxu