Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Fondundan Bəhram Bağırzadə, Yalçın Rzazadə və Oqtay Gülalıyevin müalicəsi ilə bağlı AÇIQLAMA

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyeva APA-ya müsahibə verib: - Gülşən xanım, Heydər Əliyev Fondunun ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizəyə göstərdiyi dəstək barədə mütəmadi məlumat alırıq. Bu sahədə indiyədək hansı işlər görülüb? - Heydər Əliyev Fondu yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində ilk gündən Nazirlər Kabineti yanında operativ qərargahla, qərargahın tibb bölməsi ilə yaxından çalışır və dövlət tərəfindən görülən işlərə öz dəstəyini göstərir.

 
Bildiyiniz kimi, ölkə rəhbərliyinin tapşırığı ilə ilk gündən səhiyyə sisteminin pandemiya şəraitinə uyğunlaşdırılması üzrə tədbirlər görülüb, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün laboratoriyalar qurulub, xüsusi rejimli və modul tipli xəstəxanalar yaradılıb. Heydər Əliyev Fondu COVID-19 virusunu müəyyən edən laboratoriyaların fəaliyyətinin qısa müddətdə təşkilinə, eyni zamanda ölkəmizin yüksəkkeyfiyyətli testlərlə təmin olunmasına dəstək göstərib. Fond tərəfindən pandemiyanın ilk aylarında xüsusi rejimli xəstəxanalar üçün bir sıra müxtəlif tibbi avadanlıq və ləvazimatlar – həm qoruyucu vasitələr, tibbi geyimlər, həm də xəstələrin müalicəsi üçün müxtəlif dərman preparatları Almaniya, Çin, Rusiya, Türkiyə və digər ölkələrdən alınaraq Azərbaycana gətirilib. Biz pandemiya ilə mübarizədə iştirak edən tibbi personal üçün təlim kursları təşkil etdik, bu da onların bacarıqlarının artırılması baxımından çox faydalı oldu. COVID-19-la mübarizə aparan yerli tibb personalına dəstək məqsədilə Çin, İtaliya və Rusiyadan yüksəkixtisaslı həkimlər dəvət etdik, onların azərbaycanlı tibb heyəti ilə birgə xəstəxanalarda çalışmaları üçün şərait yaratdıq, bununla da virusun qarşısının alınması baxımından dövlət tərəfindən görülən işlərə öz dəstəyimizi vermiş olduq. Bildiyiniz kimi, Fond xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, koronavirusla mübarizə tədbirləri çərçivəsində Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzi, eləcə də bir sıra digər sosial xidmət müəssisələri zəruri dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edildi. Eyni zamanda xüsusi karantin rejimi günlərində yaşı 65-dən çox olan şəxslərin evdən çıxma qadağası olan müddətdə Fondun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ölkə üzrə bu yaş kateqoriyasındakı tənha sakinlərə yardım göstərdi. Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə yanaşı, “Biz birlikdə güclüyük” aksiyasını həyata keçirdi və bu aksiyaya müxtəlif təşkilatlar qoşulmaqla aztəminatlı ailələrə 100 mindən çox yardım paylanıldı.  Xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə aksiyaları təşkil olundu. Bu aksiyada Heydər Əliyev Fondunun əməkdaşları, eləcə də onlarla dövlət və özəl müəssisələr iştirak etdi. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı bizim üçün önəmlidir və bütün görülən işlər buna xidmət edir. Pandemiya dövründə də Fonda səhiyyə məsələləri ilə bağlı çoxsaylı müraciətlər edilib. Yeri gəlmişkən qeyd edim ki, ötən müddət ərzində bir sıra mədəniyyət və incəsənət xadimlərinin, tibb işçilərinin müalicəsi Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürüldü. - Elə növbəti sualım da bununla bağlıdır. COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin sağlamlığına qovuşmasında Fondun göstərdiyi dəstək də diqqətdən yayınmadı. - Bəli, hər zaman olduğu kimi, müəyyən bir problemlə rastlaşan vətəndaşlarımız və ya onların yaxınları Fonddan kömək umur və biz də əlimizdən gələn köməyi etməyə çalışırıq. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, virusa yoluxmuş bir sıra şəxslərin, o cümlədən Bəhram Bağırzadənin müalicəsinə Fond dəstək göstərdi. Bəhram Bağırzadənin ailəsi Fondun prezidenti Mehriban Əliyevaya müraciət edəndə onun vəziyyəti olduqca ağır idi. Əlbəttə, bu, bizim hər birimizdə narahatlıq doğururdu. Həmin çətin anlarda biz onun ailəsi ilə, həyat yoldaşı Şəhla xanımla mütəmadi əlaqə saxlayıb, öz mənəvi dəstəyimizi göstərirdik. Eyni zamanda Bəhram Bağırzadənin tezliklə sağalması üçün zəruri tibbi yardım edilirdi. Vaxtında edilən müdaxilələr, ECMO aparatına qoşulması və həkimlərin səyləri sayəsində Bəhram Bağırzadə sağlamlığına qovuşdu.  - Təsiri baxımından pandemiya, demək olar ki, heç bir sahədən yan keçməyib. Digər sahələrdə həyata keçirilən layihələrin icra müddətini uzatmaq və ya dəyişmək mümkündür. Bəs minlərlə insanın ümid yerinə çevrilmiş Heydər Əliyev Fondu səhiyyə sahəsində fəaliyyətini necə davam etdirdi?  - Səhiyyə sahəsi Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Fondun təşəbbüsü ilə paytaxt və regionlarda tibb müəssisələrinin yenidən qurulması və inşası həyata keçirilir. “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Koxlear implantasiya” kimi genişmiqyaslı layihə və proqramlarla yanaşı, Fonda üz tutan minlərlə insanın sağlamlığı ilə bağlı müraciəti üzrə tapşırıqlar yerinə yetirilir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu sahədə görülən işləri vurğulamaq istərdim. Leyla xanım xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsinə olduqca həssas yanaşır. Onun dəvəti ilə Çin Xalq Respublikasından ölkəmizə gəlmiş mütəxəssislər uşaq serebral iflicindən əziyyət çəkən, həmçinin autizm və daun sindromlu şəxslərin müalicəsində yaxından iştirak etmişlər. Fondun vitse-prezidentinin təşəbbüsü ilə Talassemiya Mərkəzində genetik laboratoriya mərkəzi yaradılmış, talassemiyalı xəstələr bütün lazımi dərman preparatları ilə təmin edilmiş, eyni zamanda radikal müalicə üçün sümük iliyi transplantasiyası işi təkmilləşdirilmişdir. Həmçinin Talassemiya Mərkəzinin laboratoriyasında sümük iliyi donoru registrinin yaradılması üzərində iş aparılır. Milli Hematologiya və Transfuziologiya Mərkəzində leykemiya və hemofiliya xəstələri lazımi dərman preparatları ilə təmin olunur. Həmin mərkəzdə pandemiya dövründə Leyla xanımın təşəbbüsü ilə immunoplazmanın hazırlanması işinə də başlanılmışdır.  Heydər Əliyev Fondu olaraq biz fəaliyyətimizin bu istiqamətindən demək olar ki, danışmırıq, edilən yardımı ictimailəşdirmirik, çünki yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik. Əlbəttə ki, pandemiya bütün sahələrdə olduğu kimi, səhiyyədən də yan keçmədi. Sərt karantin rejiminin tətbiqi, bir sıra klinikaların koronaviruslu xəstələrin müalicəsi üçün ayrılması kimi amillər müəyyən mənada öz təsirini göstərsə də, Heydər Əliyev Fondu bu istiqamətdə fəaliyyətini bir an belə dayandırmadı. Təbii ki, bu müddət ərzində biz ilk növbədə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan insanların müalicəsinə üstünlük verdik. İcra müddətinin uzadılması mümkün olan layihələrin, eləcə də müalicəsinin müəyyən müddət sonra aparılması mümkün olan insanlara edilən yardımın vaxtı karantin dövründə uzadıldı və yumşalma tədbirləri başladıqda həyata keçirildi. Belə qərarlar insanların sağlamlığının qorunması naminə verilirdi və müraciətçilər tərəfindən anlayışla qarşılanırdı. Misal üçün deyə bilərəm ki, bu ilin mart ayında Heydər Əliyev Fondu eşitmə qüsurlu şəxslər üzərində koxlear implantasiya əməliyyatlarına başlamalı idi. Lakin karantin rejimi ilə bağlı aksiyanın müddəti uzadıldı, xüsusi karantin rejimi yumşaldıqdan sonra start verildi və hazırda yekunlaşmaq üzrədir.  Biz pandemiyadan əvvəl Fondun dəstəyi ilə xaricdə müalicə alan şəxslərin də müalicəsini yarımçıq saxlamadıq. Ötən ilin iyul ayında xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi narahatlıq yaranmışdı. Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyəyə göndərilən Yalçın Rzazadə orada hərtərəfli müayinə edilərək mərhələli şəkildə müalicəsi təşkil olundu. Bir neçə kurs müalicədən sonra onun səhhətində nəzərəçarpan irəliləyiş əldə edildi. Növbəti müalicə kursu pandemiya müddətinə təsadüf etsə də, onun səhhəti ilə bağlı bütün zəruri tədbirlər görüldü. 2020-ci ilin may ayında Yalçın müəllim Türkiyədəki müalicəsini başa vuraraq, Bakıya qayıtdı. Hazırda isə virusa yoluxma riski olduğuna görə insanların sağlamlığının qorunması məqsədilə səhiyyə ilə bağlı yardım ancaq ölkə hüdudlarında göstərilir.  - Yeri gəlmişkən hüquq müdafiəçisi Oqtay Gülalıyevin də Türkiyədəki müalicəsinə Heydər Əliyev Fondu dəstək göstərir. Hazırda bu dəstək davam edirmi və müalicə nə yerdədir? - Heydər Əliyev Fondu 2019-cu ilin noyabrın 4-dən Oqtay Gülalıyevin müalicəsinə zəruri dəstək göstərir. Ötən ilin noyabr ayında Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva xaricdən həkimlərin cəlb olunması, daha sonra müalicənin Türkiyədə təşkilinə yardım göstərilməsi ilə bağlı Fonda müraciət etmişdi. Heydər Əliyev Fondunun dəvəti ilə qısa müddətdə İstanbuldan Bakıya gələn həkim Oqtay Gülalıyevi xəstəxanada müayinə etdi. Ailəsinin Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsi barədə xahişi nəzərə alınaraq, o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xüsusi ambulans təyyarə ilə İstanbula aparıldı və “Avrasiya” xəstəxanasına yerləşdirildi.  “Avrasiya” xəstəxanasında bir müddət müalicədən sonra Firuzə Gülalıyeva təkrar müraciət edərək həyat yoldaşının müayinəsinə əlavə mütəxəssislərin cəlb olunmasını və müalicəsinin “Amerikan” xəstəxanasında davam etdirilməsini xahiş etdi. “Amerikan” xəstəxanasında olduğu müddətdə Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb və onun səhhətinin bərpası üzrə müvafiq müalicə kursu təşkil olunub.  2019-cu ilin dekabr ayında Firuzə Gülalıyeva yenidən müraciət edərək kranioplastika –yəni kəllə qapağının plastikası əməliyyatının aparılmasına dəstək göstərilməsini xahiş etdi. O vaxt infeksiya və beyindaxili təzyiqin qalxması riskinə görə həmin əməliyyat icra olunmadı. 2020-ci ilin iyun ayında ailəsi bununla bağlı yenidən müraciət etdi, həkimlərin rəyi alındıqdan sonra elə həmin ay əməliyyat edildi. Biz daxili qaydalarımıza əsasən, müalicəsinə dəstək göstərdiyimiz şəxslər barədə mütəmadi olaraq müalicə müəssisəsindən hesabat alırıq. Eləcə də Amerikan xəstəxanası müntəzəm şəkildə Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı hesabat təqdim edib. Heydər Əliyev Fondunun Ekspertlər Şurası bu hesabatlar üzrə olan məlumatları dəyərləndirib və müalicənin dinamikasına uyğun olaraq, eləcə də ailəsinin xahişini nəzərə alaraq, Oqtay Gülalıyevin müalicəsinə müvafiq dəstək davam edib. Onu da qeyd edim ki, İstanbulda həyat yoldaşının yanında olan Firuzə Gülalıyevanın həkimlərlə əlaqəsi, gündəlik müraciətlərinin operativ həll edilməsi üçün Fond tərəfindən əlaqələndirici şəxs ayrılıb. Bu müddət ərzində biz və şəxsən mən mütəmadi olaraq Firuzə Gülalıyeva və həkim personalı ilə əlaqə saxlayıb, müalicənin gedişi ilə maraqlanmışıq və görülmüş bütün işlər barədə rəhbərliyə məlumat vermişik. Sentyabrın 14-də Firuzə Gülalıyeva Heydər Əliyev Fondunun icraçı direktoru ilə telefon danışığı zamanı Oqtay Gülalıyevin müalicəsi üçün Fond tərəfindən ayrılan maliyyə dəstəyinin dayandırılmasını xahiş etdi. Bu müraciət qəbul olundu, amma prosedur qaydalarına əsasən, Firuzə Gülalıyevadan imtina haqqında istəyini Fonda yazılı olaraq təqdim etməsi xahiş edildi. Bundan sonra Firuzə Gülalıyeva mənimlə telefon əlaqəsi yaradaraq onun sözlərinin yanlış anlaşıldığını, istintaqın hələ də davam etməsindən narahat olduğunu dedi və bu məsələdə köməklik göstərilməsini xahiş etdi. Buna cavab olaraq ona bildirildi ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin yalnız səhhəti ilə bağlı məsələlərə dəstək göstərir və onun istintaq işləri ilə bağlı müraciəti Fondun yox, müvafiq dövlət qurumlarının səlahiyyətindədir. Bundan sonra Firuzə Gülalıyeva Fonda yazılı müraciət edərək bunları qeyd edib: “Ailəmiz Oqtay Gülalıyevin müalicəsinin Azərbaycanda davam etdirilməsini istəyir. Bununla Türkiyədə Oqtay Gülalıyevin müalicəsinə dəstəyi dayandırmağı, Azərbaycana gətirilməsinə və sonrakı müalicəsinin təşkilinə köməklik göstərilməsini xahiş edirik”. Amma təəssüflər olsun ki, son günlər Oqtay Gülalıyevin oğlu sosial şəbəkələrdə çıxış edərək anasının müalicənin Azərbaycanda davam etdirilməsinə köməklik göstərilməsinə dair xahişini səsləndirmədən “Heydər Əliyev Fondunun dəstəyindən imtina etdik” deyir. Bu da, öz növbəsində ailənin müalicə ilə bağlı istəyinin nədən ibarət olmasında çaşqınlıq yaradır. İnsanlar arasında, o cümlədən müalicənin gedişatını yaxından izləyən şəxs kimi məndə sual doğuran məqamlardan biri də müalicə müddətində oğlunun sosial şəbəkələrdə paylaşdığı Oqtay Gülalıyevin fizioterapiya zamanı çəkilmiş videogörüntüləri idi. Onun reflektiv hərəkətlərinin sağalma dinamikası kimi təqdim olunan bu görüntüləri izləyicilərdə yanlış fikir formalaşdırırdı.  Qeyd edim ki, Heydər Əliyev Fondu bu günədək Oqtay Gülalıyevin müalicəsi ilə bağlı Türkiyədən Bakıya həkimin gətirilməsinə, İstanbulda Avrasiya xəstəxanasında, Amerikan xəstəxanasında əməliyyat və müalicəsinə, eyni zamanda ötən müddətdə ailə üzvlərinin İstanbul şəhərində mehmanxanada yerləşdirilməsinə və digər zəruri xərclərə vəsait ayırıb.  Müalicə həkimlərinin son rəyinə əsasən, Oqtay Gülalıyevin ümumi vəziyyətində dəyişiklik yoxdur, yəni koma vəziyyəti davam edir, amma, o, nəfəs alətinə bağlı deyil və müntəzəm fizioterapiya kursu alır. Həkimlər hazırda Oqtay Gülalıyevin dəstək müalicəsinin evdə və ya şəraiti təmin edilə bilən mərkəzdə davam etməsini mümkün sayır. - Heydər Əliyev Fondu həmçinin Qarabağ müharibəsi əlillərinə dəstək layihələrini icra edir. Aprel döyüşlərində yaralanan əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin olunmasını qeyd etmək olar. Bu  layihə üzrə hansı işlər həyata keçirilir? - 2016-cı ildə Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi, əslində, Qarabağ müharibəsi əlillərinə sosial dəstək layihələri üzrə həyata keçirdiyimiz işlərin davamı idi. Fondun prezidenti Mehriban Əliyevanın şəxsi təşəbüssü ilə reallaşan bu layihə bir neçə mərhələdə həyata keçirildi. İlkin etapda layihə Aprel döyüşləri iştirakçılarını əhatə etsə də, sonrakı mərhələlərdə əhatə dairəsi daha da genişləndi. Bu günədək 100-dən çox Qarabağ müharibəsi iştirakçısı olan zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.  Fondun nümayəndələri protezləşməsi aparılan hərbçilərin müraciətləri ilə daim maraqlanır. Hərbçilərin protezlərinə Fondun dəstəyi ilə həkimlər tərəfindən baxış keçirilir və zəruri xidmət göstərilir. Bu il də 50-dən çox müraciət edən hərbçinin protezlərinin soketləri dəyişdirilib və digər zəruri dəstək xidməti göstərilib.

2020-09-24 00:00:00
3805 baxış

Digər xəbərlər

“Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”

Cəlil Xəlilov: “Rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir”   “Ermənistanın təxribat cəhdləri ona yeni məğlubiyyət və rüsvayçılıqdan başqa heç nə vəd etmir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, bu cür təxribatlar Ermənistanın regionda vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir:   “Son vaxtlar bir il öncə açıq hərb meydanında məğlub olan Ermənistan tərəfinin yeni təxribatlara əl atması müşahidə edilir. Hansı ki, bu cür addımlar Ermənistanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərindən xəbər verir.   Bildiyiniz kimi, Ermənistan tərəfi noyabrın 9-da da 60-ya yaxın hərbçi ilə Laçın rayonunun Qaragöl gölü istiqamətində təxribata cəhd etmiş, lakin onların bu cəhdi Azərbaycan Ordusu tərfindən qətiyyətlə alınmışdır. Ermənistan tərəfi bilməlidir ki, onların bundan sonra da atacaqları təxribat xarakterli addımların hamısının qarşısı qəti şəkildə alınacaq, rəsmi İrəvan bu kimi təxribatlarla heç bir məqsədinə nail ola bilməyəcək. Odur ki, rəsmi İrəvan öz xalqının taleyi ilə oynamaqdan əl çəkməlidir.   Məlumdur ki, Vətən müharibəsində öz hərbi potensialının 80%-ni itirən, bütün parametrlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan, öz gücünə güvənərək bu cür təxribatlara cəhd edə bilməz. Çox güman ki, onu bu təxribatlara həvbəsləndirən hansısa qüvvələr mövcuddur. Ancaq Ermənistan rəhbərliyi anlamalıdır ki, bu gün onu bu təxribatlara sövq edən qüvvələr sabah onu müdafiə edə bilməyəcək. Necə ki, bir il öncəki ətən müharibəsində müdafiə edə bilmədilər. Azərbaycan Vətən müharibəsindəki şanlı qalibiyyəti ilə bütün dünyaya sübut etdi ki, o, özünün ərazi bütövlüyünü, xalqın təhlükəsizliyini hər cür təhdid və təhlükədən qorumağa qadirdir. Yeni gərginlik və qarşıdurma Ermənistanın yeni və daha ağır məğlubiyyəti ilə nəticələnəcək ki, bu da qarşı tərəf üçün sözün bütün mənalarında son demək olacaq”.  

Hamısını oxu
Sabirabad rayonunda daha bir şəhid məzarı ziyarət edilib

Veteran.gov.az xəbər verir ki, 28 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən bir qrup Sabirabad rayon fəalı şəhid Ənnağıyev Babək Oqtay oğlunun məzarını ziyarət edib. Şəhid məzarına gül dəstələri və əkil qoyan ziyarətçilər Babək Ənnağıyev və vətən uğrunda müharibədə həlak olan bütün şəhidlərin ruhuna dualar oxuyub, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olacağını bildirib.   Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsi mütəmadi olaraq şəhid məzarlarını, o  cümlədən şəhid ailələrinin ziyarətini həyata keçirir, qazilərlə görüşlər təşkil edir.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Müdafiə” adı ilə silahlanma

Hamısını oxu
50 yaşım Minskdə və Xatında olanda tamam oldu - Qələbə-80

Bir yaşım amansız Böyük Vətən müharibəsi başlayandan bir ay əvvəl, beş yaşım da Müharibə dörd il “öz işini” görüb başa çatdırandan sonra olmuşdu. Hər iki ad günüm doğulduğum Şıxlar kəndimdə, nə mənim, nə də valideynlərimin xəbərləri olmadan öz-özünə keçib-getmişdi... Bu dünyaya haçan və harada gəlməyimi mən ancaq 15 yaşımda-- 1955-ci ilin iyul ayının 12-də, Bakıya oxumağa gedəndə aldığım “Doğum haqqında şəhadətnamə”dən bilmişəm. Mənə ilk dəfə ad gününü, 26 yaşımın tamamında, Bakı torpaq ekspedisiyasında işləyərkən iş yoldaşlarım keçirmişdilər və mənə indiyə kimi saxladığım hədiyyə də alıb bağışlamışdılar. 1990-cı il mayın 16-da 50 yaşım tamam olacaqdı. Mayın 12-dən 26-dək “Azərbaycan” turist qatarı ilə, Bakıdan çıxıb, Kiyev, Minsk, Xatın, Brest, Vilnüs, Kaunas, Kalininqrad, Svetloqorsk, Riqa, Yurmala, Tallin, Leninqrad və Rostovda səfərdə olacaqdım. Mayın 12-də Bakıdan yola düşəndə bilmirdim ki, 50 yaşım bu gedəcəyim yerlərin hansında tamam olacaqdı. Mayın 14 və 15-də Kiyevdə olduq. Şəhərin “Turist sxemi”nə baxanda fikirləşirsən ki, burada göstərilənləri gəzib-görməyə heç bir il müddət də bəs eləməz, nəinki günyarımdan da az... Belə ki, mayın 14-də, saat 16:05-də, gəldiyimiz Kiyevdən, mayın 15-də, saat 19:20-də Minskə yola düşdük. Bütün gecəni yol gedib, mayın 16-ı səhərini Belarus torpağında - qatarda açdıq. Sənədə görə bu gün mənim 50 yaşım tamam olurdu. Bu ilin əvvəllərində iş yerimdə sənədlərimdən bilmişdilər ki, mayın 16-da mənim 50 yaşım tamam olacaq. İstəyirdilər ki, bunu qeyd etsinlər. Lakin iş elə gətirdi ki, mən 50 yaşımın tamamında Bakıda yox, qardaş Belarus torpağında- Minskdə oldum. Bundan 22 il sonra da belə bir təsadüf olmuşdu. 72 yaşımın tamamında İraqın müqəddəs Kərbəla şəhərində idim. Allahdan qismətim nədirsə, onu da görürdüm. Deyirəm, sən dünyanın “bizdən xəbərsiz” gördüyü işlərinə bir bax... Mən 50 yaşımı Minskdə, Xatında, 72 yaşımı da Kərbəlada keçirdim, tanınmış satirik şair Mirzə Sakit isə, 48 yaşını 2006-cı ilin oktyabrın 19-da həbsxanada “qeyd etdi”... Görünür, Mirzə Sakitin də “alınyazısı” belə imiş... Səhər saat 8-də qatarımız Tatarka stansiyasında bir az dayandı. Buralarda evləri ağacdan tikilən bir kəndin içindən keçirdik. Üç nəfər yaşlı kənd qadını kəndin arası ilə gedirdilər. Əyinlərində sırıqlı, ayaqlarında rezin uzunboğaz olan bu qadınlar, elə bil səhər işə tələsirdilər. Onlar ferma işçilərinə daha çox oxşayırdılar. Geyimlərindən bilinirdi ki, onlar zəhmətkeş belarus qadınlarıdır (Bu zəhmətkeş Belarus analarını görəndə, bu dünyada cəmi 57 il yaşamış, ayaqlarına qaloş, əyninə sırıqlı geyinən öz Anam yadıma düşdü)... Osipoviçi, Qorka stansiyalarını və daha bir neçə stansiyaları keçib, saat 11-də Minskə çatdıq. Qatarımız şəhərdən bir az aralıda, bizim üçün ayrılmış Jdanoviçi stansiyasında dayandı. Mən ilk dəfə idi ki, Belarus torpağına ayaq basırdım, onun paytaxtı Minskə gəlmişdim. Saat ll:35-də nə vaxtdansa gəlib bizi gözləyən avtobuslara əyləşib, şəhərlə tanışlığa başladıq. Minsk SSRİ-nin iri sənaye, elm və mədəniyyət mərkəzlərindən biri, Belarusun paytaxtı, Minsk vilayətinin isə mərkəzidir. Burada iri sənaye müəssisələri: traktor, avtomobil, dəzgahqayırma, elektron hesablama maşınlar, soyuducu və başqa zavodlar, Belarus Elmlər Akademiyası və onun institutlarının çoxu, 13 ali məktəb (o cümlədən Belarus Dövlət Universiteti), 200-dən çox kitabxana, Böyük Vətən müharibəsi Tarixi Muzeyi, Belarus Dövlət Muzeyi və sair sənaye, elm, təhsil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Müharibə nəticəsində alman-faşistləri Minskin mənzil fondunun 74 faizini dağıtmışdılar. Onların hamısı müharibədən sonra yenidən bərpa edilmiş, yeni yaşayış rayonları salınmışdır. Bələdçimiz dediklərimin bəzilərini və demədiklərimi bizə göstərib, onların haqqında dolğun məlumatlar verirdi. Biz Minskin böyük və həm də müasir dəbdə tikilmiş yaraşıqlı bir şəhər olduğunu öz gözlərimizlə gördük. Onun geniş və yaraşıqlı küçələrindən keçdik. "Komsomol" gölünün, "Planeta", "Minsk" mehmanxanalarının, "Universitet" binasının, "Qələbə meydanı"nın (Orada mitinq keçirilirdi), traktor, saat zavodlarının yanlarından keçdik, olduqca yaraşıqlı binalar tikilmiş mikrorayonları gördük. Bütün ətraf gömgöy çəmənliklərlə örtülü idi. Şəhərlə tanışlığı başa çatdırıb, "PAZ-Turist" markalı avtobusa əyləşib, növbəti səfərimizin haraya olacağını gözləyirdik. Yola düşəndə elan elədilər ki, növbəti səfərimiz Xatınadır. Bələdçimiz elə bunu demişdi ki, "turistlərdən" (onlara turist deməyə adamın dili gəlmir) bir neçəsi oturduqları rahat yerlərindən qalxıb, saxla-saxla dedilər və heç kimə də məhəl qoymadan avtobusdan aşağı düşdülər. Onlar faşistlərin sakinlərilə birlikdə diri-diri yandırdıqları kəndin- Xatının haqqında məlumatları olanlar idi. Onların nəyə görə avtobusdan düşdüklərini bilənlər, sanki yuxudan ayılmış kimi yerlərindən qalxıb onlara qoşuldular. Bir nabələd adam olsaydı fikirləşərdi ki, yəqin bunları güllələməyə aparırlarmış, onlar da canlarını götürüb qaçdılar... Oturduğum yerdən qalxıb, ürəyimdə tutduğum, onlara yaraşan: hara qaçırsınız ey insan cildinə girmiş tülkülər ! - deməkdənsə, hamının eşidəcəyi bir səslə, bir qədər də ərkyana dedim: Bizi rüsvay eləməyin, qayıdın yerinizə! Elə bil, onların qulaqlarına tıxadıqları pambıq mənim dediklərimi eşitməyə qoymadı. Mənim hündürdən Azərbaycan dilində, nə demək istədiyimi təkcə sükan arxasında əyləşən belaruslu sürücü ilə bələdçi başa düşmədilər. Avtobus boşaldı, içəridə bir sürücü ilə bələdçi xanım, əsl turistlərdən də biz üç nəfər - Həsən müəllim, Valeriy İvanoviç və bir də mən qaldıq. Elə bilin avtobusdakı 40 turistdən 37-i düşüb getdi. Sürücü ilə bələdçi bəlkə də indiyədək görmədikləri bir "möcüzə" ilə qarşılaşmışdılar. Az sonra bildim ki, onlar və onlardan əvvəlkilər indiyədək Xatına 26 milyondan çox ziyarətçi aparıblarmış. Beşimiz də fikrə getmişdik. Mənim ürəyimə gələn bir o oldu ki, Xatını və Xatındakıları diri-diri sobaya atıb yandıran faşistlərlə, onların ziyarətinə getməkdən boyun qaçırıb, avtobusdan saymazyana düşüb gedənlərin nə fərqi oldu?.. Ürəyimə ağlım kəsəndən eşitdiyim: "Onlar nə ölüyə hay verəndilər, nə də diriyə pay", məsəli də gəlirdi. Və ən çox ürəyimə gələn o idi ki, əcəb biabır olduq... Bəli, doğrudan da biabır olmuşduq. Çöldən bizi gətirən qatarın hər yerinə "Azərbaycan" sözü yazılmışdı. Bu gələnlərin hamısı Azərbaycandan gələn turistlər sayılırdı. Bir az əvvəldə dediyim kimi, hələ biz Jdanoviçi stansiyasına çatmazdan əvvəl, onlar haçandansa dayanıb bizim gəlməyimizi gözləyiblər. Bakıdan onlara xəbər göndərilmişdi ki, "filan" tarixdə, "filan” vaxtda sizə bu qədər turist gələcək. İndi gəlmişdilər, ancaq gələnlərin böyük əksəriyyəti turist yox, peşəkar alverçilər idilər. Durub alverçiyə turist putyovkası verəndə və adını da "turist" qoyanda nəticəsi də belə olar... Onlar evdən çıxanda ancaq alver məqsədilə çıxıblar. 200 manata 15 gün qatarda yeyirlər, yatırlar, gündüzlər də univermaqlara, mağazalara "səyahət" eləyirlər. Çox güman ki, onlar indi avtobusdan düşən kimi, qarşılarına çıxanlardan "mərkəzi univermaq"ın yerini soruşublar. Əgər onlara deyən olsaydı ki, Xatında yaxşı bir univermaq var, oradakı  malların hamısı xaricdən gətirilmədi, onların biri də avtobusdan düşməyəcəkdi... Bir qədər əvvəldə belələrinin haqqında demişdim: "Mənə qalsa belələrinə heç "analiz" eləmədən ucdantutma bədbəxt "diaqnozunu" qoyardım və sonra da deyərdim: heyif sizə verilən o putyovkalardan!..." Deyək ki, biz heç, onların bugünkü planları pozuldu. Üç nəfər turistdən ötəri bu böyüklükdə avtobusu elə uzaq bir yola- Xatına sürməyəcəkdilər ki... Orada da biz üç nəfərə bələdçilik etməyəcəkdi ki... Ona görə də onlar vəziyyətdən çıxış yolunu bizi düşürüb başqa avtobusla yola salmaqda gördülər. Avtobusdan düşüb tanımadığımız turistlərin avtobusuna əyləşib, şəhərdən çıxdıq, sonra da şimal-şərq istiqamətdə yerləşən, Dünya faciəsinin nümunəsi sayılan Xatına yola düşdük. Bu yol birbaşa Vitebsk şəhərinə gedib çıxırdı. Bu o Vitebskidir ki, 1941-ci ilin iyun ayının 22-də, Böyük Vətən müharibəsi başlayan gün, Sovet dövlətinin başçısı, SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin oğlu Yakov Cuqaşvili heç Moskvaya gedib atası ilə görüşmədən, ancaq telefonla Müharibəyə getdiyini bildirəndən sonra özünü Müharibənin ən qaynar nöqtələrindən birinə - Belarus torpağına çatdırdı. Müharibənin 25-ci günü - iyul ayının 16-da Vitebsk şəhərinin təxminən 40 kilometrliyində almanlara əsir düşür və bundan sonra da onun həyatının sonluğu faciə ilə bitir. "Şüşə" kimi yolla 59 kilometr gedəndən sonra sağa- Xatına burulacaqdıq. Bələdçinin verdiyi kədərli məlumatlara qulaq asa-asa, xəyalən 49 il əvvələ (Mənim bir yaşım olana) - Müharibənin başlandığı ilk günlərə qayıdıb yola "nərdivan" qoyuram: Müharibənin ilk günlərindən Belarusun ərazisi döyüş meydanına çevrildi. 1,5 milyonadək adam, 109 iri sənaye müəssisəsi SSRİ-nin şərq rayonlarına köçürüldü. Belarus 1941-ci ilin iyunundan - 1944-cü ilin iyulunadək faşistlərin işğalı altında qaldı. Bu illərdə Belarus ərazisində 2230 min sovet vətəndaşı və hərbi əsir öldürüldü, 380 minədək adam Almaniyaya katorqa işlərinə göndərildi. 1944-cü ilin iyulunda sovet qoşunları Belarusu alman-faşist işğalçılarından tamamilə azad etdilər. Müharibədə 1 milyondan çox belarus Qızıl Ordu sıralarında vuruşmuşdu. Faşist işğalı belaruslara çox böyük fəlakət gətirdi: 209 şəhər və şəhərtipli qəsəbə, 9200 kənd, 10 min sənaye müəssisəsi viran qoyuldu, 10,2 min kolxoz, 92 sovxoz əmlakı talandı. İndi ziyarətinə getdiyimiz Xatın faşistlərin sakinlərilə birlikdə yandırdıqları yeganə kənd deyildir. Faşistlər Belarusda 186 kəndi sakinlərilə birlikdə belə yandırıblar. 2230000 (2 milyon 230 min) insanı- respublikanın hər dörd sakinindən birini öldürüblər, vəhşicəsinə yandırıblar... Getdiyimiz yolun hər iki tərəfi olduqca mənzərəli, gedəcəyimiz məkan isə bir o qədər kədərli idi. Bələdçimiz məlumat verir ki, Belarus ərazisinin 35 faizi meşələrlə örtülüdür (bizdə- Azərbaycanda bu rəqəm 11-dir). Yanlarından keçib getdiyimiz yaşayış məntəqələrindən birinin adı Lesnoy adlanırdı. Keçib getdikcə talalar və zolaqlar şəklində qalmış meşələri, onların içərilərinə doğru "soxulmuş" əkin sahələrini, yaşayış  məntəqələrini bir-bir arxada qoyurduq. 47 il bundan əvvəl burada təbiət də, insanlar da od tutub yanırmış. Bəlkə də, arasından keçib-getdiyimiz bu təbiətin yaşı da 47-dir.  Faşistlər "cəhənnəm olub" çıxıb gedəndə buralarda nə varsa- quş yuvasından tutmuş, insan "yuvasınadək" hamısını yandırıb gediblər. İndi isə elə sakitlikdir ki, avtobusumuzun səsi olmasaydı, quşların da civiltisini eşidərdik. Bu da 59-cu kilometr. Beton dirəyin üzərində, beton "hərflərlə" yazılmış Xatın sözünü oxuyub, onun yanından sağa buruluruq. Buralar da hər tərəf meşəlikdir. Özü də necə deyərlər, insan əli dəyməmiş  meşəlikdir. Axı, kimin ürəyi gələr ki, buralara çiynində tüfəng, əlində balta, mişarla gəlsin. Bura gələnlər Xatını da, onun ətrafındakı "qəlbisınıq" təbiətini də  ziyarətə gələnlərdir. Bələdçimiz Xatın faciəsindən danışmağa başlayır. Xatına çatıb avtobusdan yerə düşürük. Əbədi yuxuya getmiş, bircə nəfər də sakini olmayan Xatına. Ömrümdə ilk dəfə idi ki, heç bircə sakini olmayan kənd görürdüm. Kəndin yeri, həyətləri, su quyuları qalırdı, sakinləri yox idi. Bəlkə harasa köçmüşdülər, yerlərini dəyişmişdilər. Hara gedib bu kəndin 149 sakini, hanı onların 26 evi. Yox, onlar heç hara köçməyiblər. 1943-cü ilin martın 22-də faşistlər bu 26 evi də, bu evlərin 149 sakinini də (149-un 75-i uşaq olub) vəhşicəsinə yandırıblar. Bu da onların yandırıldıqları böyük "soba"... Bayaq dedim ki, ömrümdə ilk dəfə idi ki, heç bircə sakini də olmayan kənd görürdüm. İndi də deyirəm ki, ömrümdə ilk dəfə idi ki, quduzlaşmış  "insanların", insanları- insanlığı (bəli, onlar insanlardan çox, insanlığı yandırırdılar) diri-diri yandırdıqları "sobanı" görürdüm... İndi danışanda ağızdolusu, bir az da fəxrlə deyirik ki, Dünyada əhalinin sayı 7 milyardı ötüb keçib. İndicə dediyim o insanları - insanlığı sobaya atıb yandıran quduzlar da bu 7  milyardın siyahısında gedirlər. Əslində onlar insan deyillər, yaranmışların ən pisi,  murdarlarıdırlar... Viran qalmış həyətlərdəki beton sütunlarda yandırılanların "siyahısı" həkk olunmuşdu. Elə ev olub ki, onun bir, eləsinin 4-5, bəzən də ondan da çox sakini olub. Uşaqların yaşları da göstərilib. Onlardan biri: Aleksandr Romanoviç Navitski və Aleksandra Navitskayanın özlərinin və yeddi övladının: 15 yaşlı Lenyanın, 13 yaşlı Jenyanın, 11 yaşlı Manyanın, 9 yaşlı Anyanın, 5 yaşlı Kostyanın, 4 yaşlı Antosun və 2 yaşlı Mişanın diri-diri sobaya atılaraq yandırılmasıdır. Bu faciə qurbanlarının ən kiçikləri olan Antos məndən bir yaş böyük, Mişa isə bir yaş kiçik olub. İndi dursaydılar, Antosun 51, Mişanın isə 49 yaşı olacaqdı... 1969-cu ilin iyulun 5-də, alman-faşistlərinin tamamilə məhv etdikləri belarus kəndləri əhalisinin xatirəsinə yaradılmış "Xatının harayı", "Kəndlər qəbiristanı", "Xatının tüstüləri", "Xatirə meydanı", "Yenilməz insan" və sair memarlıq - heykəltəraşlıq nümunələrindən ibarət Xatın memarlıq-heykəltəraşlıq xatirə kompleksinin açılışı oldu. O vaxtdan bəri - 21 il ərzində buranı 26 milyondan çox insan ziyarət edib. Deməli biz də 27 milyonuncu  ziyarətçilərin arasında olmuşuq. Xatından yadigar olaraq, Minskin "Belarus" nəşriyyatı tərəfindən: belarus, rus,  ingilis, fransız, alman və ispan dillərində çap olunmuş "Xatın" kitabçasını (1989-cu il, 64 səhifə, qiyməti 75 qəpik) aldım. Onun əvvəlində yazmışam: "Bu kitabçanı 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Xatında olarkən almışam." Xatın faciəsindən bəhs edən bu topluya o vaxtı onun həcminin qısa- 64 səhifə olmasını nəzərə alıb, bir az da tələsib, ona "kitabça" adını qoymuşdum. İndi onun Dünyanın altı dilində verilmiş qısa, lakin dolğun məzmununa və fotoşəkillərinə baxanda görürəm ki, bu əməlli-başlı bir kitab imiş, özü də tək kitab yox, kitab-albom imiş. Bu sətirləri yazanda Xatın ziyarətgahında olmağımın 27 ilinin tamamına dörd ay qalırdı. Bu müddətdə bu kitab-albomu əziz bir xatirə kimi şəxsi arxivimdə saxlamışam. Məndən sonra da onun "ev-muzeyimdə" nə müddətə qalacağını bilən bircə Allahdır! Bu kitab-albom mənim 50 yaşımın- yubileyimin harada və necə keçirildiyini göstərən yadigar və həm də bir sənəddir. İndi də "Xatın" kitab-albomunun məzmunu haqqında bəzi məlumatları vermək istəyirəm: Dediyim kimi, Dünyanın altı dillərində verilmiş Xatın faciəsi haqqında məlumatların hər biri iki səhifədə verilməklə, sonu belə bitir: "B Хатыни должен побывать каждый. Хатынь должен увидеть каждый. Хатынь должен помнить каждый!" Bu bizim Azərbaycan dilinə tərcümədə belədir: “Xatında hər kəs olmalıdır. Xatını hər kəs görməlidir. Xatını hər kəs yadında saxlamalıdır!” Mən də Xatında oldum, onu gördüm, onu nəinki yadımda saxladım, hətta onun faciəsini yazıb, öz kitablarımda verdim. "Kitab-albom"dakı fotoşəkillərə baxıram: iki səhifə birlikdə ağcaqayın meşəsi, "xatirə kompleksi"nin bir tərəfində açmış çobanyastığı ("romaşka") talası, sünbülləri "adamboyu" qalxmağına az qalan, biçinçisini gözləyən taxıl zəmisi, beton sütunun "zirvəsində" qoyulmuş, neçə dəqiqədənsə bir ətürpərdici səs çıxaran "Xatın zəngi", 47 ildir ki, içərisinə vedrə sallanmayan su quyusu, sağ əlində fotoaparat, sol əlində şlyapasını tutmuş, fikrə getmiş, görkəmindən yapona oxşayan gənc xanım, valideynlərilə birlikdə dayanıb qəmə-qüssəyə batmış 7-8 yaşlarında uşaq və sair şəkillər adama nələr demir... Şəkillərdən birinin haqqında məlumat verməyi özüm bilə-bilə axıra saxlamışam. Bu hər iki əlindəki əsa ilə güclə yeriyən, sinəsi hər iki tərəfdən orden və medallarla dolu olan (bəlkə onun bədəni də düşmən gülləsilə, qəlpələrlə deşik-deşik idi), ilk baxışda adama "elanası", ağbirçək təsiri bağışlayan, yaşı bəlkə də 70-i keçən (Çünki o, müharibə  iştirakçısıdır), olduqca kədərli baxışı ilə, əllərindəki əsalarının köməyilə güclə  ayaqüstündə dayanan, xristiana oxşatdığım (Bəlkə də belarusdur) dolubədənli bir  xanımdır. Adam  baxanda deyir ki, bu "elanasını", ağbirçəyi özünün arzusu və istəyilə yataqdan qaldırıb, orden və medalları taxılmış paltarını da geyindirib, Xatının ziyarətinə gətiriblər. Bu şəkilə baxanda yadıma bir-iki saat əvvəl baş vermiş biabırçılığı-  "yerlilərimin" Xatına ziyarətə gəlməkdən imtina edib, avtobusdan düşüb getməklərini salıram. Gələndə yola nə qədər vaxtımızın getdiyini və nə vaxt buraya çatdığımızı deyə bilmərəm. Təxminən 50 dəqiqəyə qədər Xatında olduq. Saat 14:50-də də buradan Minskə qayıtdıq. Qayıdanbaş gələndəki kimi sağıma-soluma, irəliyə baxmırdım. Məni fikir aparmışdı. Bir onu fikirləşirdim ki, faşistlər günahsız insanları qətlə yetirəndə hansı "üsullara" əl atmayıblar: Leninqradı mühasirədə saxlamaqla, onun 641 mindən çox əhalisini aclıqdan öldürmüşlər... Bir qədər əvvəldə dediyim kimi, Kiyevin şimalındakı Babi Yar dərəsində sayları 100 mini keçən günahsız insanı əvvəl güllələyib basdırıblar, sonra da çıxarıb yandırıblar... İndi isə faşistlərin günahsız insanları diri-diri sobaya atıb yandırdıqlarını sanki öz gözlərimizlə gördük... Bir də onu fikirləşirdim ki, heç bir ölçüyə gəlməyən bu böyüklükdə faciəni - uşaqlı-böyüklü, qadınlı-kişili 149 günahsız insanın diri-diri sobaya atılıb yandırılmasını, bütöv bir kəndin xəritələrdən silinməsini birdəqiqəlik sükutla necə yad etmək olar ? Ancaq fikirləşəndə ki, bizdən əvvəl bura ziyarətə gələn 26 milyon insanın hər biri bizim kimi bu faciəni birdəqiqəlik sükutla yad ediblər, onda “ürəyim az da olsa yerinə gəldi”... İndi biz sobaya atılıb yandırılmış hər günahsızı birdəqiqəlik sükutla yad etsəydik, bu 149 dəqiqə və ya iki saat yarımdan bir dəqiqə az eləyərdi... Haçansa haradansa oxumuşam: Kimsə, ya kimlərsə belə bir hesablama aparıb, ya aparıblar: Əgər, Böyük Vətən müharibəsində canlarından keçən 20 milyon insanın hərəsinin xatirəsi ayrı-ayrılıqda birdəqiqəlik sükutla yad edilsəydi, onda bu qəmli sükutun müddəti 38 (otuz səkkiz) ildən çox çəkərdi... Gördüyüm bu dəhşət doğuran Xatın faciəsinə oxşar faciələr, insanlığa qənim kəsilmək, bir-birinin ardınca, bizdə - Azərbaycanda da baş verdi. Onlardan birincisi - Xatın faciəsindən 47 il keçəndən sonra - 1990-cı il yanvarın 19-dan 20-nә keçən gecədə baş vermiş, ömrümüzdə nə yuxuda, nə də aşkarda görmədiyimiz “20 Yanvar faciəsi”ndə isə, 50 yaşıma dörd ay qalırdı. Birincini bir qədər yaşa dolandan sonra eşidib, oxumuşdumsa və 50 yaşımda da gedib görmüşdümsə, ikincini isə necə deyərlər, öz gözlərimlə görüb, materiallar toplayıb, qeydlər edib, faciəni bir 20 il də “içimdə” “yaşadandan” sonra, gözyaşları içində “Dünyamızın 20 Yanvar faciəsi” adlı bir kitab da yazıb, çap etdirib, tarixdə qoymuşdum. Xatın faciəsini qatı düşmənimiz olan “alman faşistləri”, “20 Yanvar faciəsi”ni isə, inandığımız, güvəndiyimiz, xilaskarımız bildiyimiz adını rus dilindən dilimizə tərcümə edərkən “Qırmızı ordu” əvəzinə “Qızıl ordu” kimi tərcümə etdiyimiz, “Şanlı Sovet ordumuz”, “Qızıl ordumuz” törətdilər...  Əgər, Xatın faciəsinin səbəbkarı faşist Almaniyasının başçısı Adolf Hitler olmuşdusa, “20 Yanvar faciəsi”nin birbaşa səbəbkarı isə SSRİ-nin o zamankı başçısı Mixail Qorbaçov olmuşdur... “20 Yanvar faciəsi”nin nəticəsi ağırdan da ağır oldu. Həmin dövrün mətbuatı yazırdı: Bakıya qoşun daxil edilərkən 744 nəfər yaralanmış, 131 nəfər həlak olmuşdur. Şəhidlərin sosial mənşəyi belədir: fəhlə, şagird, tələbə, qaçqın, alim, təqaüdçü, həkim. Həlak olanların milli tərkibi də belədir: azərbaycanlı (117 nəfər), rus (6 nəfər), yəhudi (3 nəfər), tatar (3 nəfər), 2 nəfərin şəxsiyyətini təyin etmək mümkün olmamışdır. 6 nəfər ağır hərbi maşınların tırtılları altına salınmış, 4 nəfər süngüylə öldürülmüş, 7 nəfər mənzilində güllələnmiş, 2 nəfərin nəfəsini döyə-döyə kəsmişlər, 1 nəfər də dəyənəklə öldürülmüşdür. 34 nəfər maşında, 20 nəfər xəstəxanada ölmüşdür. Öldürülənlərin 62 nəfəri ailə başçısı, 123-ü kişi, 7-si qadın, 5-i uşaq olub. 159 uşaq yetim qalıb (155-i atadan, 4-ü anadan). Danışırdılar və mətbuatda da yazırdılar ki, Bakıya hücum etmiş və xüsusi təlim keçmiş hərbçilərin təslim olmaq tələbini rədd etmiş “Salyan kazarması”nda hərbi xidmətdə olan rus, gürcü, ukraynalı, ləzgi, yəhudi, çeçen, azərbaycanlı və başqa xalqların əsgər və zabitləri son nəfəslərinədək çiyin-çiyinə vuruşaraq, hamısı həlak oldular... Meyitlərin bir hissəsi yandırıldı, bir hissəsi ərazidəki köhnə quyulara atılaraq, izi itirmək məqsədilə üstləri örtüldü, əksəriyyəti sellofan kisələrə salınaraq Bakı limanına, oradan da hərbi gəmilə naməlum istiqamətə aparılaraq, dənizə və içərisindəki hansısa bir adaya töküldü... Belə bir ölçüyəgəlməz, dəhşətli faciəyə münasibətdə düşüncəsizlər heç nə düşünmürdülər... Düşüncəlilər də düşünürdülər ki, faciənin birbaşa səbəbkarları ya Adolf Hitler kimi intihar edəcəklər, ya da Səddam Hüseyn kimi dar ağacından asılacaqlar... Ancaq bunların heç biri baş vermədi... Faciənin əsl, səbəbkarı, bizi qırdırıb şil-küt, qanımıza-qəltan etdirən M.S.Qorbaçova “dünya” Nobel mükafatını, o da onun əmrini “layiqincə” yerinə yetirən D.T.Yazova Marşal rütbəsini verdi... Əslində bunlar üçü də: Adolf Hitler də, Qorbaçov da və Yazov da XX əsrin yəzidləri idilər... “20 Yanvar faciəsi”ndən iki il sonra, 1992-ci ilin fevralının 25-dən 26-na keçən gecədə ermənilər rus qoşunlarının köməyilə Xocalı əhalisini vəhşicəsinə qırıb, yaralayıb və əsir götürdülər... Südəmər körpədən tutmuş ağsaqqala kimi, qız-gəlindən tutmuş ağbirçək anaya kimi... “Hürriyyət” qəzetinin 22 fevral 1995-ci il tarixində yazılıb: “Xocalı soyqırımı barədə dəqiqləşdirilmiş son məlumat belədir: 613 nəfər həlak olmuş, 1275 nəfər əsir düşmüşdür. Bu da faktdır ki, bu dəhşətli əməliyyatda 366-cı rus alayı iştirak edib. Zabit və praporşiklərdən 49 nəfər erməni olan alaydan əslində başqa hərəkət gözləmək də   olmazdı... ...Təsadüfi deyil ki, MDB silahlı qüvvələrinin baş komandanı marşal Şapoşnikov demişdi: “366-cı alay” Qarabağda nə qədər lazımdırsa, o qədər də qalacaq”... Qayıdıb Minskə gəldik. Şəhəri bir az da gəzəndən sonra "mərkəzi univermaq"a gəldim. İlk dəfə idi görürdüm ki, bir az xoşagələn, babat malları ancaq yerlilərə - Minskdə qeydiyyatı olanlara satırdılar. Satıcı alıcının pasportuna, ya da hər hansı bir sənədinə baxandan sonra ona mal satırdı. Bakıdan- evdən çıxanda mən də özümlə 800 manat pul götürmüşdüm. Heç  bilmirəm onda o qədər pul məndə haradan imiş. Əynimin bir ''düz-əməlli" paltosu da yox idi. Deyirdim getdiyim yerlərin hansında görsəm özümə bir palto, bir papaq alaram. Bu puldan əlavə mənə kimsə 185 manat verib, nələrisə almağı tapşırmışdı. Öz pulumun "başını" Kiyevdə "açmışdım". Orada 8 manat 75 qəpik xərcləmişdim. Onun 75 qəpiyini "Turist sxemi"nə, 3 manatını çəkdirdiyimiz şəkilə və 5 manatını da quru çaya  vermişdim. Minskdə də 7 manat. 15 qəpik xərclədim. Onun 75 qəpiyinə "Xatın" kitab-albomunu, 1 manat 20 qəpiyinə lotereya, 2 manat 90 qəpiyinə corab və 2 manat 30 qəpiyinə də bir albom aldım. İndikilər deməsələr də, gələcəkdə deyən tapılar ki, neynirdin bu çay, corab almağını da kitabda verirdin. Məsələ ondadır ki, mənim əvvəl Kiyevdən, sonra da Minskdən aldıqlarım və səfər müddətində alacaqlarımın hamısı Bakıda da var idi. Fərq onda idi ki, buralarda bu mallar açıq satışda, Bakıda isə "anbarlarda" saxlanılıb, alverçilərin "yolunu" gözləyirdi. Belə olmasaydı, indi mən də çayı Kiyevdən, corabı da Minskdən almazdım... 1966-cı ilin may ayının 16-da, 26 yaşımın tamamında Bakı torpaq ekspedisiyasında işlədiyim şöbənin işçiləri mənə bir fotoalbom alıb hədiyyə vermişdilər və fotoalbomda öz ürək sözlərini də yazıb bildirmişdilər. İndi də 24 ildən sonrə- 50 yaşımın tamamında, Minskdən özüm-özümə bir fotoalbom alıb, adını da "50 yaşdan sonra" qoyub, fotoalbomun əvvəlində belə yazdım: "Bu albomu 16 may 1990-cı il tarixdə - 50 yaşım tamam olan günü Minsk  şəhərində səyahətdə olarkən almışam. Bundan sonra olan şəkillərimi bu  albomda saxlayacağımı nəzərə alıb, albomun adını "50 yaşdan sonra..." adlandırıram." Stansiyada dayanıb bizi gözləyən qatarımıza qayıtdım. Mayın 16-dan- 17-nə keçən gecədə, saat ikinin yarısında Minskdən - Brestə yola düşdük. Ömrümün 51-ci baharından saat yarım da Minskdə yaşadım. Bu qərib diyarda ürəyimə bir bayatımız gəldi: Bu yol Qazağa gedər, Dönər uzağa gedər. Yaşı əllini keçən, Üzü sazağa gedər... Bakı-Kiyev-Minsk-Xatın- 12-16 may 1990-cı il Hacı Niftalı Şıxlar, coğrafiya elmləri namizədi, baş elmi işçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əmək veteranı, Prezident təqaüdçüsü  

Hamısını oxu