Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb. İcmadan APA -ya daxil olan məlumata görə, bəyanatda deyilir: Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir. Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir. Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir. Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur. Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər.  

2020-07-05 00:00:00
3843 baxış

Digər xəbərlər

İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxundu. Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğuladı və tədbirə dəvətə görə minnətdarlığını bildirdi. O, Azərbaycanda bu il keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırdı. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğuladı. Dövlətimizin başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirdi və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxundu və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu dedi, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğuladı. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu dedi. Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.              

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə veteranlar, gənclər, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin  önəminə toxunub, ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib. Prezident Administrasiyasının QHT-lə iş və kommunikasiya şöbəsinin QHT-lə iş sektorunun müdiri Tural Əliyev, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs edib. Tədbirin sonunda çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlara imza atacağını bildirib. Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

Hamısını oxu
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov

Məlik Məlik oğlu Məhərrəmov 1920-ci il avqustun 29-da Zərdabın Bıçaqçı kəndində, həm də atasının vəfatından 3 ay sonra doğulub, 1 yaşı tamam olanda anası vəfat edib. Məlik I sinfə 10 yaşında getməli olub, elə 10 yaşından kolxozda da işləyib- pambıq yığıb, taxıl suvarıb. VII sinfi bitirən kimi tək-tənha Bakıya gedib, peşə təhsili alıb, Bakının “Qırmızı oktyabr” artelində mühasib köməkçisi işləyib. Elə həmin il orduya çağırılıb, rus dilini yaxşı bilməsini və qabiliyyətini nəzərə alıb komandanlıq onu Ryazan hərbi rabitə məktəbinə göndərib.1941-ci ildə müharibə başlanır və Məlik Məhərrəmov cəbhəyə könüllü gedir. Müharibə iyunun 22-də başlmışdı, iyunun 27-də Məlik Məhərrəmov Şimal-Qərb cəbhəsində – Pskov vilayətində amansız qanlı döyüşdə faşistlərlə vuruşurdu…1943-cü ilin payız gecəsində 77-ci diviziyanın tərkibində leytenant M. Məhərrəmovun bölüyü düşmən nəzarətində olan Dnepr çayını özünün düzəltdiyi sal və qayıqlarla keçərək düşmənin başının üstünü qəfildən aldı, Sovet ordusunun əsas qüvvələri çayı keçib köməyə gələnə qədər tutduğu ərazini qəhrəmanlıqla müdafiə edib 12 saat dayanmadan düşmənlə vuruşdu, onu möhkəmləndirilmiş istehkamlarından da vurub çıxardı, səngərdə qoyub qaçdığı pulemyotları və döyüş sursatlarını ələ keçirdi.Məlik Məhərrəmov həmin çətin, qorxulu və ona böyük şöhrət gətirən əməliyyatı belə xatırlayırdı:– Mənə qədər bir çox bölüklərə, özü də rusların komandir olduqları bölüklərə Dnepri keçmək əmri verilmiş, əməliyyatlar pozulmuş, bölüklər böyük itkilərlə geri üzmüşdülər. Əslində məni də ölümə göndərirdilər. Düzdür, özüm könüllü dedim ki, çayı mən bölüyümlə keçərəm. Amma könüllü getməsəydim əmr edəcəkdilər, -bunu duydum və tale üzümə güldü. Biz faşistlərin pulemyotlarını ələ keçirən kimi o pulemyotlarla işləməyi bacaran 2 əsgərim düşmənə atəş açmağa başladı. Bizimkilər də guya bizə dəstək verərək alman pulemyotlarının səsi gələn nöqtələri vurmağa başladılar. Yaxşı ki, çayı keçəndə telefon xətti də çəkə bilmişdik. Dərhal telefonla o taya xəbər verdim ki, o pulemyotları qənimət götürmüşük, o səmtə atmayın”…Bu əfsanəvi şücaətə görə 1944-cü il yanvarın 15-də Məlik Məhərrəmova və onun 17 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Sonra M. Məhərrəmov Moskvada M. Frunze adına Hərbi Akademiyanı da bitirdi.Müharibədən sonra isə o, Lənkəranda, Bakının Salyan hərbi kazarmasında qərargah rəisi, Ağdaş, Oğuz, Qəbələ, Xızı, Sabirabad, Kürdəmir və Nərimanov rayonlarında hərbi komissar, Bakı Dövlət Universitetində hərbi kafedranın, sonralar isə xüsusi şöbənin rəisi işlədi.Sovet İttifaqı Qəhrəmanı, polkovnik, Şöhrət ordenli Məlik Məhərrəmov ömrü boyu vətənə və xalqa vicdanla, namusla xidmət etdi, heç yerdə heç kəsdən təmənna ummadı.Məlik Məhərrəmovun bölüyünün Dnepr çayını keçib düşmənin gücləndirilmiş müdafiə istehkamlarını ələ keçirdiyi xəbərini eşidəndə SSRİ-nin və Polşa dövlətinin marşalı, 1-ci Belorus cəbhəsinin komandanı, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı K. K. Rokossovski bir dəstə generalla azərbaycanlı leytenant Məlik Məhərrəmovla və onun qvardiyaçı bölüyü ilə şəxsən tanış olmaq üçün Dnepr çayının sahillərinə gəlib. O, Məhərrəmovla yaxından tanış olub və deyib: “Leytenant Məhərrəmov, sənə həsəd aparıram”.Məhərrəmov təəccüblənir:– Cəbhə komandanı leytenanta?Rokossovski təsdiq edir:– Bəli. Mən leytenant olanda məni heç kəs tanımırdı. Sənin qəhrəmanlığın haqqında isə radio danışır, qəzetlər yazır…Məlik müəllim deyirdi ki, o görüşün sonunda marşal mənimlə əl-ələ görüşdü, yanındakı rus generallarına isə belə dedi: “Yaxın gəlin, görüşün, əliniz əsl kişi əlinə dəysin”… İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru

Hamısını oxu
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilə yekun vurdu

Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış etmişdir. O cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə həyata keçirilən ölkə və beynəlxalq əhəmiyyətli tədbirləri sadalayaraq dövlətimiz üçün yaddaqalan il olduğunu vurğulamışdır. Qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm tədbirləri diqqətə çatdırmışdır. Daha sonra demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkmişdir. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışmışdır. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanmışdır. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılmışdır. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və  müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.   Müşavirəyə dəvət olunan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əməkdaşlara təqdim edilmişdir. O “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və Cəmiyyətin əhəmiyyətli işlər gördüyünü demişdir. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və fərqlənən əməkdaşlara təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim etmişdir. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilmişdir. Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanmışdır.

Hamısını oxu