Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vindzor Kral Atçılıq Şousu - 2026” uğurla başa çatıb

Veteran.gov.az Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanınması istiqamətində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılmışdır.

Görülmüş məqsədyönlü tədbirlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca əhəmiyyətli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır.

Hər il geniş tərkibli nümayəndə heyətinin təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar “Vindzor Kral Atçılıq Şousu”nun əvəzolunmaz tərkib hissəsinə çevrilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etməyi bacarmış, onların marağına səbəb olmuşlar.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçısının rəğbətini qazanmışdır.

Tədbirin ilk günündən ardıcıl olaraq 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilmişdir.

“Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizin zəngin mədəniyyətini əks etdirən sənət nümunələri təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi və maraqla qarşılanan Azərbaycan pavilyonu barədə qonaqlara ətraflı məlumat verilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti tərəfindən Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin və əsrlər boyu formalaşmış yüksək sənət ənənələrinin ifadəsi kimi Şirvan xalçası və Faik Hacıyevin əsəri olan “Dilbaz atı üzərində Azərbaycan döyüşçüsü” heykəli hədiyyə edilmişdir.

Tədbirin yekununda “Land of Fire – Azerbaijan” polo komandasının Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası ilə dostluq görüşü keçirilmiş və görüş təmsilçimizin 7-5 hesablı qələbəsi ilə başa çatmışdır.

Fərid İmranlı

2026-05-18 20:17:00
1276 baxış

Digər xəbərlər

Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar". Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub: "Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var". C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var: "Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək". Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər: "Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir". Aytəkin TOFİQQIZI  

Hamısını oxu
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində konfrans keçirilib. Bu barədə   “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir: “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə şəhərində yekun konfrans, ictimai müzakirə keçirilib. Konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar universitetinin rektoru İbrahim Cəfərov, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Tünzalə Vəliyeva, məktəb direktorları, müəllimlər, tələbələr, ziyalı insanlar, təxminən 300 nəfərdən çox qonaq iştirak edib. Konfransımıza böyük dəstək verən, bu konfransın yüksək səviyyədə təşkili üçün əlindən gələni əsirgəməyən Prezident Administrasiyasına, Gəncə şəhər İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatına sonsuz minnətdarlığımı bildirirəm. Fəaliyyətimizə yüksək dəyər bizə çalışmaq üçün stimul verir”.  

Hamısını oxu
Vətən müharibəsi qəhrəmanına həsr olunmuş kitabın təqdimatı keçirilib

Müdafiə Nazirliyinin Ordu İdeoloji və Mədəniyyət Mərkəzində tanınmış şair-publisist Ədalət Salmanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevə həsr etdiyi poemanın təqdimat mərasimi keçirilib. Təqdimatda şəhid ailələri, veteranlar, Müdafiə Nazirliyinin, İctimai birliklərin və yaradıcı təşkilatların nümayəndələri iştirak ediblər. Öncə Dövlət himni səsləndirilib və  torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Mərasimdə Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, həmin kitaba dəyərli və geniş ön söz yazmış Respublika Veteranlar Təşkilatının sədri,  polkovnik Cəlil Xəlilov, XTQ qazisi "Qarabağ" ordenli Famil Fərəcov, Cəlilabad rayon İcra Hakimiyyətinin "Şəhid ailələri və Vətən Müharibəsi  veteranları ilə işin təşkili" şöbəsinin müdiri Füzulu Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filara İsmayılova, XTQ- nin qazi və şəhid ailələri İctimai birliyinin sədri Bəhruz Məmmədzadə və başqaları çıxış edərək Vətən Müharibəsində qazandığımız zəfərdən, şəhid kapitan Rəşad Abdullayevin şərəfli döyüş yolundan danışıb, qəhrəmana həsr olunmuş əsərin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rol oynayacağını xüsusi vurğulayıblar. Kitabın müəllifi, AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü,  Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman 44 günlük Zəfər yürüşümüzün 5 illiyi ərəfəsində qələmə aldığı "Murovun Aslanı" poeması üzərində yaradıcılq prosesi barədə danışıb, kitabın nəşrində əməyi olanlara, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Ölməz qəhrəman Rəşad Abdullayevin valideynləri Arif və Sevil Abdullayevlər, həyat yoldaşı Gülnar xanım xatirələrini bölüşüblər və təqdimat mərasiminə gələnlərə  öz minnətdarlıqlarını bildiriblər. Sonda vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olundu.

Hamısını oxu
Köksünü düşmən pulemyotuna sipər edən Sovet İttifaqı Qəhrəmanı: Gəray Əsədov!

Gəray Lətif oğlu Əsədov Karyagin qəzasının (indiki Beyləqan rayonu) Şahsevən kəndində anadan olub. Kənddəki yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb.   1942-ci ildə hərbi xidmətə gedib. Mozdok şəhərinin yaxınlığındakı dağların ətəklərindən uzaq Rumıniyayadək şanlı döyüş yolu keçmiş Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşüb, Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak edib.   1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxtlarda döyüşlərə yollanıb. Avtomatçılar bölməsinin komandiri kimi ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Əlbəyaxa döyüşlər zamanı göstərdiyi şücaət onun şan-şöhrətini daha da artırıb. Xüsusilə Xuedin şəhəri uğrunda döyüşlərdə düşmən minomyotunun heyətini məhv edərək şəxsən özü minomyotun arxasına keçib və onun üzünü düşmən istiqamətinə çevirərək xeyli canlı düşmən qüvvəsini məhv edib. Həmin döyüşlərdə göstərdiyi igidliyə görə Gəray Əsədov "Qırmızı Bayraq ordeni"nə layiq görülüb. 1944-cü il oktyabr ayının 19-da isə Gəray Əsədov uzaq Rumıniyada qumbara ilə düşmənin bir neçə atəş nöqtəsini susdurub, qumbarası, gülləsi tükənəndə isə öz köksünü düşmənin dəzgah pulemyotunun qarşısına verərək əməliyyatın uğurla başa çatmasına zəmin yaradıb. Aleksandr Matrosovun qəhrəmanlığını təkrar edən həmyerlimizin adı əbədi olaraq Böyük Vətən müharibəsi tarixinə qızıl hərflərlə yazılıb. Ona ölümündən sonra – 1945-ci ilin 24 mart tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilib. Məzarı vətənimizdən uzaqlarda olsa da, xalqımız igid oğlunun adını həmişə əziz tutur.

Hamısını oxu