Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnikdən Türkiyə ictimaiyyətinə çağırış: Azərbaycanla münasibətləri gərginləşdirməyin!

"İki qardaş ölkə arasında nifaq salmaq istəyənlər var. Amma nə Türkiyə xalqı, nə də Azərbaycan xalqı bu nifaqa uymamalıdır. Xalqlar arasında olan dostluq və qardaşlıq missiyası davam etdirilməlidir. Çünki Türkiyə ilə Azərbaycan arasında həm güclü iqtisadi, hərbi, həm də mədəni əlaqələr mövcuddur. Bu əlaqələri inkişaf etdirmək lazımdır. Münasibətlərdə gərginlik yaradılmasına icazə verməməliyik. Biz Türkiyənin ictimaiyyətinə də müraciət edirik və xüsusilə qeyd edirik ki, əhali arasında olan insanlar da bu yoldan çəkindirilməlidir. Onlara başa salınmalı və tələb olunmalıdır ki, qardaş dövlətləri bir-birinə vurmasınlar, aralarında gərginlik yaratmasınlar".

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi.

Müsahibimiz diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə beynəlxalq, hərbi, humanitar və mədəni məsələlərdə həmişə bir yerdə olub:

"Beynəlxalq səviyyədə hər birimiz bir-birimizin ölkəsini dəstəkləmişik. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycanın Prezidentinə və vitse-prezidentinə necə hörmətlə yanaşırsa, Azərbaycan tərəfindən də Türkiyəyə eyni münasibət göstərilir. Yadımdadır ki, müharibə başlamazdan əvvəl Prezident Ərdoğan xüsusi qeyd etdi ki, Azərbaycan tək deyil. Eyni zamanda, xatırlayıram ki, bir dəfə Türkiyə haqqında suallar verirdilər və Türkiyənin orada nümayəndəsi yox idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi ki, Türkiyənin nümayəndəsi yoxdur, mən buradayam. Nə sualınız varsa, Türkiyə ilə əlaqədar mən cavablandırım. Yəni bu, bir daha sübut etdi ki, bizim aramızda qardaşlıq, dostluq və əmin-amanlıq var".

C.Xəlilov vurğuladı ki, sülhü, əməkdaşlığı və qardaşlığı pozmaq istəyən qüvvələr var:

"Xarici dövlətlərdən münasibətləri pozmağa maraq göstərənlər, eyni zamanda, daxilimizdə Azərbaycanı istəməyən qüvvələr var. Biz buna yol verməməliyik. Münasibətləri pozmaq istəyənlərə Türkiyənin alimləri, siyasətçiləri və din xadimləri tərəfindən münasibət bildirilməli, onlar bu işlərdən çəkindirilməlidirlər. Dövlətlər arasında qardaşlıq münasibətləri davam etməlidir. Xarici dövlətlərdən bizə təzyiqlər artdıqca, qardaşlığımız daha da möhkəm və etibarlı olmalıdır ki, xarici təzyiqlərə birlikdə müqavimət göstərək".

Həmsöhbətimiz qeyd etdi ki, bu məsələləri yalnız Azərbaycanın dövlət aparatında, Xarici İşlər Nazirliyində çalışanlar və siyasətlə məşğul olan insanlar araşdırmalı, lazım gəldikdə, onlara cavab verməlidirlər:

"Siyasətdən başı çıxan, bu məsələləri və problemləri bilən insanlar öz mövqelərini ortaya qoyurlar. Ondan sonra bəzən araşdırılmamış, dəqiqləşdirilməmiş yalan məlumatlar yayılır. Bunun qarşısı alınmalı, hər kəsin Azərbaycanın maraqlarının qorunması adı ilə beynəlxalq səviyyədə hər hansı məsələyə münasibət bildirməsinə imkan verilməməlidir".

Aytəkin TOFİQQIZI

 

2026-10-14 19:59:00
82 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyev Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb”

Cəlil Xəlilov: “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir” “907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 907-ci düzəlişin dondurulması  ABŞ-la Azərbaycan arasında əməkdaşlığın sağlam təməllər üzərində inkişafı baxımından mühüm rol oynayır: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində 907-ci düzəlişin dondurulması təmin edilib. Hansı ki, bu düzəliş Azərbaycanı ABŞ-dan birbaşa maliyyə yardımı və silah almaq imkanından məhrum edirdi. Müzəffər Ali Baş Komandanın səyi nəticəsində 907-ci düzəlişin ədalətsizliyi, ləğvinin zəruriliyi və bu düzəlişin iki dövlət arasındakı münasibətlərin inkişafına ziyan vurması ABŞ ictimaiyyəti tərəfindən də aydın dərk edilməkdədir. Lakin Azərbaycanın məqsədi bu düzəlişi birdəfəlik ləğv etməkdir ki, bu da ABŞ konqresinin verəcəyi qərardan asılı olacaq. Bu məsələdə Tramp administrasiyasının öz imkanlarından istifadə edərək konqresə təsir göstərməsi olduqca vacibdir. Heç kimə sirr deyil ki, bu gün ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Prosslərin gedişatı sübut edir ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb. Bu gün ABŞ prezidenti Donald Tramp açıq şəkildə Prezident İlham Əliyevə inam və etimadını ifadə edir, Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini göstərir. 907-ci düzəlişin birdəfəlik ləğvi bu əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb olacaq ki, bu da həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur”. Seymur ƏLİYEV  

Hamısını oxu
Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Edilov Yelmar Şahmar oglunun şəhadətə yüksəldiyinin 30-cu ildönümü Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı tərəfindən qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatı, qəhrəmanımızın ailə üzvüləri, vətədnaş cəmiyyəti institutları, təhsil müəssələrinin nümayədnələri, Ağdam Rayon İqtisadiyyat Kollecinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib.  Ağdamda Qəhrəmanlar abidəsinin qarşısında keçirilən tədbirdə Ulu öndərimizin, qəhrəmanımızın və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə  qəhrəmanımız haqqında Ağdam Rayon İcra Hakimiyətinin birinci müavini Allahverən Əliyev, Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov və digər natiqlər xatirələrini bölüşüblər. Qəhrəmanımızın şəhid oldugu yer döyüş yoldaşları,veteranlar tərəfindən ziyarət olundu.Sözügedən məkanda qəhrəmanımızın böyüdülmüş şəkli, bayraq dirəyi basdırılıb. Qəhrəmanımızın ruhuna Quran oxunub, dualar edilib. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatıın sədri Elşən Zeynalov tədbirin keçirilməsinə dəstək verən əlaqədar qurum və şəxslərə - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam Rayon İqtisadiyyat Kollecinin drektoru Natiq Cavadova və direktor müavini Məhəmməd müəllimə təşəkkür edib, minnətdarlığını bildirib.  

Hamısını oxu
Millət vəkilləri Sumqayıtda bir qrup müharibə iştirakçısı ilə görüşüb

Millət vəkilləri Səbinə Salmanova və Zaur Şükürov Sumqayıtda yaşayan bir qrup müharibə iştirakçısı ilə görüşüb.  Veteran.gov.az xəbər verir ki, bu barədə millət vəkili Səbinə Salmanova facebook-dakı hesabında məlumat verib. Məlumatda deyilir: “Bu gün mənim və deputat həmkarım Zaur Şükürovun təşəbbüsü ilə Sumqayıt şəhərində yaşayan bir qrup qazi və müharibə iştirakçıları ilə görüşümüz baş tutdu. Görüş qarşılıqlı hörmət və səmimi ünsiyyət şəraitində keçdi. 20 Yanvar – Hüzn Günü ərəfəsində baş tutan bu görüşümüzdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla andıq, onların əziz xatirəsini minnətdarlıqla yad etdik. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq, Vətən sevgisi və fədakarlıq nümunəsi hər birimizin yaddaşında daim yaşayır və heç vaxt unudulmayacaq. Daha sonra səmimi mühitdə davam edən görüş zamanı qazilərimizin və müharibə iştirakçılarımızın sosial vəziyyəti, gündəlik həyatlarında üzləşdikləri çətinliklər, onları narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Qaldırılan hər bir məsələni diqqətlə dinlədik, mövcud problemlərin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımların atılacağını bildirdik. Görüş zamanı vurğuladıq ki, bu gün ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı möhtərəm Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın ardıcıl, humanist və sosialyönümlü siyasətinin bariz nümunəsidir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlər qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına xidmət edir. Bu cür görüşlər qazilərimizlə daha sıx ünsiyyətdə olmağa, onların yanında olduğumuzu hiss etdirməyə, problemlərini birbaşa dinləməyə imkan yaradır. Qazilərimizin və şəhid ailələrinin daim diqqətdə saxlanılması, onların sosial rifahının daha da yaxşılaşdırılması bizim üçün hər zaman əsas prioritetlərdən biridir. Dəvətimizi qəbul edərək görüşümüzdə bizimlə birlikdə iştirak edən Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı, Vətənimizin qəhrəman şəhidi Pərviz Şükürovun atası, hörmətli Sovet müəllimə xüsusi təşəkkürümüzü bildiririk. Onun həyat yolu, zəngin təcrübəsi, vətənpərvər mövqeyi və dəyərli fikirləri görüşümüzə xüsusi məna və dəyər qatdı. Bu cür nümunəvi ağsaqqallarımız gənc nəsil üçün əsl örnəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
ANAMA açıqladı: 2055 əməliyyat, altı ölü, səkkiz yaralı

2020-ci il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 kvadrat metr (762 ha) ərazi yoxlanılıb, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib. ANAMA-dan bildirilib ki, 2020-ci il ərzində agentliyə daxil olmuş 2 560 siqnal (əməliyyat çağırışı) əsasında 2 055 operativ və təxirəsalınmaz əməliyyat keçirilib. Nəticədə, Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 1 607 720 kvadrat metr (161 ha) ərazi təmizlənib.   3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 kvadrat metr (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib. 2020-ci il ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli və Qaradağ rayonları ərazisində yeddi mina/PHS hadisəsi qeydə alınıb, nəticədə, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, altı nəfər isə həlak olub.            

Hamısını oxu