Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

2020-07-24 00:00:00
3603 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva milli mətbuatının 145 illik yubileyi münasibətilə KİV nümayəndələrini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə paylaşım edilib. Milli.Az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir: "Hörmətli KİV nümayəndələri! Əziz dostlar! Sizi Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, səadət, sevinc, nikbinlik, tükənməz enerji, yaradıcılıq uğurları və yeni-yeni nailiyyətlər arzulayıram!"

Hamısını oxu
“2022-ci ilin “Şuşa İli” elan edilməsi tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza verilən qiymətdir”

Məşhur Məmmədov: “Bu, həm də ərazi bütövlüyümüz uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə olan ehtiramın göstəricisidir”   Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 5 yanvar tarixində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Şuşanın Azərbaycan üçün həyati önəminə, qısa müddət ərzində  mədəniyyət paytaxtında aparılan quruculuq işlərinə, habelə Şuşanın Azərbaycan xalqı üçün mədəni-mənəvi əhəmiyyətinə diqqət çəkilib.   2020-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib:   “2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin, onun tarixinin və zənginliyinin bütün dünyada tanınmasına böyük töhfə verəcək. Bu Sərəncam hər şeydən öncə xalqımızın, dövlətimizin mədəniyyətə, mədəni dəyərlərə verdiyi önəmi göstərir. “Şuşa İli” çərçivəsində biz sadəcə öz qədim, zəngin mədəniyyətimizi təbliğ etməyəcəyik. Biz həm də erməni faşizminin işğal dönəmində qədim mədəniyyət şəhərində törətdiyi vəhşilikləri də ifşa edəcəyik. Bütün dünyaya göstərəcəyik ki, Ermənistan işğal dönəmində ümumbəşəri dəyərlərə qarşı necə böyük cinayətlər həyata keçirib.   Prezidentin 2022-ci ili Şuaş ili elan etməsi həm də Şuşanın bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu Sərəncam göstərir ki, Şuşa hər bir azərbaycanlı üçün son dərəcə əziz və doğmadır.   Mən bu Sərəncamı həm də Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə verilən yüksək qiymət hesab edirəm. Bildiyiniz kimi, hərbçilərimiz Şuşanın azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş, sərt, sıldırım qayaları dırmaşaraq düşməni qarşı yüngül atıcı silahlar və yalın əllə məğlub etmişdir.   Bu baxımdan 2022-ci ilin “Şuşa İli elan edilməsi bir çox baxımdan əhəmiyyətlidir. Dövlət başçısının məlum Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrin icrası doğma Şuşamızla bağlı həqiqətlərin beynəlxalq aləmdə geniş şəkildə yayılmasına təkan verəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
20 Yanvarı xatırlarkən...

Bu qeydləri uzun illər ərzində ən məhdud auditoriyada belə üzə çıxarmağa, nə də geniş ictimaiyyətə çatdırmaq üçün çap etdirməyə ehtiyac duymamışam. Bəlkə də ixtisasımdan irəi gələn bir vərdişdur. Özümlə bağlı olanlardan yox, başqalarının xidmətlərindən yazmağı üstun tutmuşam. Beləcə iştirakçısı olduğum, fəallıq göstərdiyim hadisələrin indi nəinki təfərrüatını, hətta bəzən ən mühüm məqamlarını xatırlamaq çətin olur. Bir çox detalları dəqiqləşdirmək üçün arxiv adı ilə topladığım sənədləri, mətbu nəşrlərdə dərc edilmiş məqalələri, qeydləri yenidən ələk-vələk etməli oluram. Bəzi məqamlarını sizə çatdırmaq istədiyim hadisələrə gəlincə, onlar barəsində yazmaq qərarım bu gün müəyyən şəxslərin 1988-1990-cı illərdə Azərbaycanda baş verən hadisələrdən danışarkən nəinki obyektivlikdən uzaq olmaları, öz xidmətlərini hədsiz şişirtmələri, hətta tarixi faktları saxtalaşdırmaq cəhdləri ilə bağlıdır. Xalqın taleyüklü günlərində şübhəli məqsədlərlə, xalqa, hərəkata xor baxanların yanında olanların bu gün özlərinə gərək bildikləri avtobioqrafiya düzəltmək təşəbbüsləri də az dəhşətli deyil. Belələrinin məntiqinə görə, layiq olmadıqları mərtəbələrə yüksəlmələri xalq qəhrəmanına çevrilmələrinə də tam haqq qazandırır. Ancaq yaxşı ki, həmin günlərdən bizi uzun müddət ayırmır və insanların yaddaşı hələ itməyib. 1990-cı il 15 yanvarda SSRİ Ali Soveti Dağlıq Qarabağda, Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarında və Gəncə şəhərlərində fövqəladə vəziyyət elan etdi. Azərbaycanın İranla sərhədyanı rayonlarında yaranmış gərgin vəziyyətlə əlaqədar və guya bir sıra yerlərdə hakimiyyətin zorla devrilməsi cəhdlərinin qarşısının alınması məqsədilə 16 yanvardan etibarən həmin ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilməli idi. Ancaq nədənsə bu qərar hadisələrin daha gərgin xarakter aldığı Bakı şəhərinə şamil olunmamışdı. Bunun əslində məkrli bir planın tərkib hissəsi olduğu, hazırlanan təcavüz qarşısında xalqın qısa müddətə arxayın salınması məqsədi güddüyü sonradan məlum oldu. Həmin günlərdə, Bakıda baş verən hadisələr, SSRİ rəhbərliyinin birbaşa göstərişi və imperiya cəza qüvvələrinin iştirakı ilə törədilən 20 Yanvar qətliamı barədə çöx deyilib və yazılıb. Ancaq 1990-cı ilin yanvar günlərində Azərbaycanın rayonlarında gedən proseslər, baş verən hadisələr barədə az yazılıb. Əslində isə, Azərbaycanın milli-azadlıq hərəkatı yalnız Bakıda aparılmamış, bütün ölkəni əhatə etmişdir. Sovet hökumətinin mövcudluğu ərzində bu və ya digər formada davam etmiş həmin mübarizənin bir sıra şərəfli səhifələri müxtəlif bölgələrimizdə, rayon və kəndlərimizdə də yazılıb. Ümummübarizə tariximizin tədqiqi baxımından azacıq da olsa əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, 20 Yanvar ərəfəsində Zəngilan rayonunda baş verən hadisələr dediklərimi sübut edir. Həmin vaxt mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 6 ilə yaxın müddət idi ki, təyinatla Zəngilan rayonunda çıxan “Kənd həyatı” qəzetində şöbə müdiri işləyirdim. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin qarşısının alınması, ümumən Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının erməni təcavüzündən qorunması zəminində başlanan və sonradan milli-azadlıq, müstəqillik uğrunda mübarizə mərhələsinə keçən milli hərəkatda rayonumuzun bir sıra fəalları da iştirak edirdilər. Biz həm respublikada, həm rayonda, həm də onun ətrafında baş verən hadisələrdən operativ məlumat alır, prosesləri mümkün qədər nəzarətdə saxlamağa çalışırdıq. 1988-ci ilin sonlarından 1990-cı ilin yanvarınadək ən başlıca vəzifəmiz Zəngilanın Ermənistanla 158 kilometrlik sərhəd ərazisi üzrə əksər kəndlərdə yaradılmış postları möhkəmləndirmək, hər an gözlənilən təxribatların qarşısını almaq idi. Bu işdə rayonun ayrı-ayrı idarə və müəssisələrinin bir çox rəhbərləri də bizə lazım gəldikdə köməklik göstərir, xüsusilə ucqar kəndlərə getmək üçün nəqliyyatla təmin edirdilər. Postlarda ov silahları, əksəriyyəti isə əliyalın dayananların ərzağını isə yerli camaat təmin edirdi. 1988-ci ilin fevralından Ermənistanda antitürk, antiazərbaycan ovqatının daha da güclənməsi nəticəsində öz dədə-baba torpaqlarından zorla, ölüm təhdidi altında çıxarılmış azərbaycanlıların ilk dəstəsi Qafan rayonundan Zəngilana pənah gətirmişdi. Qaçqınların gəlişi, Ermənistanın digər ərazilərində deportasiyanın, daha doğrusu, etnik təmizləmənin davam etdirilməsi, Qağlıq Qarabağ ətrafında proseslərin Azərbaycana zidd məcrada inkişafı Zəngilanda da gərginliyi az qala günbəgün artırırdı. Vəziyyətin nəzarətdən çıxması təhlükəsi real olduğundan rayonun hücumları intensivləşmiş erməni yaraqlılarından qorunması ilə yanaşı, əhali arasında ardıcıl iş aparılması tələb edilirdi. Həmçinin İranla sərhəddə mümkün təxribatların qarşısının vaxtında alınması üçün tədbirlər görülürdü. Əlbəttə, bu daha çox xüsusi orqanların işi olsa da, əhalinin heç olmasa mitinqlər vasitəsilə düzgün məlumatlandırılması lazım gəlirdi.  Bu işlər aparıldığı üçün İranla sərhəddə bir neçə dəfə əhali toplanıb, azsaylı etirazlar və mitinq keçirilsə də, sərhədin texniki vasitələrinin dağıdılmasına imkan verilməmişdi. Belə toplantılardan biri 1990-cı ilin 10 fevralında Türkmənçay müqaviləsinin 162-ci ildönümü günündə baş tutmuşdu. Bir çox yaxın ərazilərdə fövqəladə vəziyyətin davam etdiyi bir vaxtda insanları dövlət sərhədinə yığıb  toplantı keçirmək heç də asan deyildi. Bunu təsdiq edən foto şəkillər də var. Buna görə də rayonda 1990-cı il yanvar ayının 16-da fövqəladə vəziyyət tətbiq edilməsi, qadağan saatı qoyulması barədə qərar həm hərəkat fəallarını, həm də əhalinin böyük əksəriyyətini hiddətləndirmişdi. Qayda-qanuna, əsasən əməl olunmasına baxmayaraq, bütövlükdə əhalinin cəzalandırılması, başlıca təhlükənin Ermənistanla sərhəddən gözlənildiyi halda, diqqətin bilərəkdən İranla sərhədə yönəldilməsi bir məqsədə xidmət edirdi. Silahlı erməni yaraqlıları qarşısında əlyalın qalan xalq, başına od ələnsə, evində gülləboran olunsa da, axşam saat 21-dən səhər saat 6-yadək evində dustaq qalmalı idi. Bu vəziyyət Azərbaycanın bütün İranla sərhəd ərazilərində tətbiq edilmişdi. Daha acınaqlısı isə bir sıra yerli rəhbərlərin bu qərarın əhalinin xeyrinə olduğunu demələri və insanları buna inandırmaq cəhdləri idi. Əhalinin haqlı narazılığı və coşan hiddəti bizim mitinq qərarımızı qətiləşdirdi. Bütün xəbərdarlıqlara, hətta komendant saatının tətbiqinə cavabdeh qüvvələrin (onlar başqa millətlərin nümayəndələrindən ibarət hərbçilər idi) artıq rayona gətirildiyinə baxmayaraq, 17 yanvar saat 11-ə mərkəzi meydanda, Zəngilan rayon partiya komitəsi binasının yaxınlığında mitinq təyin edildi. Mitinq xalqın kükrəyən qəzəbinin həmin vaxtadək görünməmiş bir həddə nümayişi oldu. 34-35 min nəfər əhalisi olan bir rayonda 20 min nəfərə qədər insanın mitinqdə iştirakı rayon rəhbərliyini, yad hərbçiləri mübaliğəsiz deyim ki, hətta qorxuya salmışdı. Çıxış edənlərin tələbi eyni idi: heç bir əsas olmadan tətbiq olunan xüsusi vəziyyət və qadağan saatı ləğv edilməlidir. İnsanlar, daha çox da müəyyən səlahiyyət sahibi olanlar rayonda heç bir qeyri-qanuni hərəkətin törədilməyəcəyinə təminat verir, bu məhdudiyyətləri özləri üçün təhqir hesab etdiklərini bildirirdilər. Onlar, “biz təhlükəsizliyimizin təminatına yönəlmiş bütün cəhdləri alqışlayacağıq, bu qadağalar isə bizi təhlükə qarşısında qoyur” deməklə sanki sovet rejiminin məkrli niyyətlərinə işıq tuturdular. Mitinq iştirakçılarının qəti tələbi ilə sərhədyanı rayonlarda fövqəladə vəziyyətin tətbiqi barədə qərarın Zəngilanda icrası dayandırıldı. Bu barədə qərarı xüsusi komendantlığın rəisi A.Yakovlev meydanda elan etmək məcburiyyətində qaldı. Həmin hadisələr barədə rayon qəzetində səhəri gün 2 nəfər həmkarımla «Xalq birliyinin gecəsindən reportaj»ımız dərc edildi. Mitinqdəki çıxışlardan ikisini qəzetin həmin sayına istinadən diqqətinizə çatdırmaq istəyirəm. Mincivan qəsəbə sakini, İkinci dünya müharibəsi veteranı Musa Əliyev demişdi: “Mən müharibə iştirakçısıyam, o vaxtlar ərazimizdə əlavə sərhəd rolu oynayan tikanlı məftillər yox idi. Amma sərhəd lazımi qaydada qorunurdu. İndi 5 gün əvvəl əlavə zonaları xalqın iradəsi ilə götürüb, sonra yenə bağladılar. Bizi İran sərhədindən yox, Ermənistan sərhədindən təhlükə gözləyir. Bu təhlükəni qeyrətli oğullarımız öz sinələri ilə dəf etməyə hazırdırlar. Bizə xüsusi vəziyyət, qadağan saatı lazım deyil.”. Maşinist Abış Qasımov: “Həyatım boyu bu qədər adamın rayonumuzda etiraz səslərini ucaltmaq üçün bir yerə toplaşdıqlarını görməmişəm. Körpə uşaqlar da, xəstə, qocalar da bu meydana gəliblər. Gəliblər ki, qadağan saatını qadağan etsinlər”. O şaxtalı, soyuq havada mitinq keçirilən meydanda istədikləri qərarı alana qədər insanlar gecəyarısına qədər dağılmadılar. Meydanda 25 yerdə tonqal qalayıb ətrafında qızındılar, soyuqdan aclıqdan yoruldular, birinci katib də olmaqla, neçələrinin “sabah həll edilər, dağılın” vədinə aldanmayıb dözdülər, geri addım atmadılar. Yerli dövlət orqanlarının tapşırığı ilə baş verənlərin, gecəyarısına qədər davam etmiş mitinqin videoçəkilişi də aparılmışdı. Lakin həmin çəkiliş heç vaxt üzə çıxarılmadı. Bəlkə erməni işğalı vaxtı hansısa kabinetin küncündə unuduldu. Çünki artıq o dövrdə hakimiyyət orqanlarının bu çəkilişlərdən kimlərəsə qarşı istifadə etməsinin əhəmiyyəti qalmamışdı. Rayonda ikinci çoxsaylı mitinqi 1990-cı il yanvar ayının 22-də yenə şəhərin mərkəzi meydanında təşkil etdik. Minlərlə insan mərkəzi hakimiyyətə, şəxsən M.Qorbaçova Bakıya qoşun, daha doğrusu, cəza dəstələri yeridilməsinə görə öz etirazını bildirdi. Yüzlərlə şəxs mərkəzi hakimiyyətin əsas təmsilçisi Kommunist partiyası rəhbərlərinin Azərbaycana qarşı törətdiyi qanlı cinayətə, əslində soyqırıma etiraz əlaməti olaraq partiya biletlərindən imtina etdi, 400-dən çox kommunist biletini yandırdı. Mitinqin respublikanın paytaxtı Bakıda və bir çox ərazilərdə fövqəladə vəziyyətin tətbiqinə başlandığı bir vaxtda, həbs və təqib təhdidlərinin real olmasına baxmayaraq, keçirliməsi insanların cəsarətindən, vətənpərvərliyindən xəbər verirdi.  Həmin vaxt mən artıq 2 il idi ki, rayon partiya komitəsinin orqanı olan “Kənd həyatı” qəzeti və mətbənin birləşdiyi ilk partiya təşkilatının katibi idim. 20 Yanvar günün səhəri ilk partiya təşkilatının iclasını çağırıb, üzvlərin ərizələri əsasında və mütləq əksəriyyətin səsi ilə ilk təşkilatın ləğvi haqqında qərar çıxardıq. Bu rayonda ilk partiya təşkilatının ləğv edildiyi yeganə qərar idi. Bundan hiddətlənən rayon partiya komitəsi 1990-cı ilin martında artıq Zəngilanda fövqəladə vəziyyətin tətbiqinə başlandığı dövrdə keçirdiyi plenumda mənim işdən çıxarılmağım barədə qərar verdi. Rayonda olmadığım vaxt qəbul edilmiş həmin qərarın əmək kitabçama yazılmasına baxmayaraq, mən işsiz qalmadım, əksinə əyalətdən Bakıya gələrək burada öz ixtisasım üzrə qəzetlərdən birində işə başladım. Qeyd edim ki, ikinci mitinqin də videoçəkilişi üzə çıxarılmadı. 20 Yanvar qətliamından sonra Bakıda və sərhədyanı rayonlarda fövqəladə vəziyyət rejiminin tətbiqi daha sərt şəkildə həyata keçirilməyə başlandı. Yerlərdə yaradılmış xüsusi komendantlıqlar tərəfindən milli-azadlıq hərəkatının üzdə olan fəallarının həbsinə, bir sıra iştirakçılarının isə təqibinə start verildi. Zəngilandan olan fəallar iki aydan sonra həbs, təqib və təzyiqlərə məruz qaldılar. Onlardan 6-7 nəfəri Rusiyanın müxtəlif ucqar ərazilərində bir neçə müddət həbs həyatı yaşadılar... Lətif Şüküroğlu, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb.   Veteran.gov.az xəbər verir ki, polkovnik Cəlil Xəlilov Beynəlxalq Millətlər İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Birliyi tərəfindən elm, vətənpərvərlik və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki uzunmüddətli xidmətlərinə görə “Долг и Честь” ordeni ilə təltif edilib.   Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.   

Hamısını oxu