Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinə start verilib

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026” minifutbol turnirinin açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının təşəbbüsü, Sumqayıt Tibb Mərkəzi (STM) və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi səhiyyə işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği və kollektivlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsidir.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi, həmçinin Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən STM-nin direktoru Elnur Azadxanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixindəki əhəmiyyətindən danışaraq, belə yarışların səhiyyə işçiləri arasında birlik, həmrəylik və komanda ruhunun güclənməsinə xidmət etdiyini bildirib.

Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Qönçə Abdullayeva səhiyyə işçilərinin cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, bu cür idman tədbirlərinin kollektivlər arasında əməkdaşlığın və sağlam həyat tərzinin təşviqinə töhfə verdiyini qeyd edib.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vahid Abdullayev isə idmanın insanları birləşdirən mühüm amillərdən biri olduğunu qeyd edərək, bütün komandalara uğurlar arzulayıb.

Sumqayıt Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Elmira Quliyeva turnirin təşkilində əməyi olan qurumlara təşəkkürünü bildirib, yarışın səhiyyə işçiləri arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Turnirdə ümumilikdə 8 komanda iştirak edir. Komandalardan biri Sumqayıt Narkoloji Dispanserini, digər yeddi komanda isə Sumqayıt Tibb Mərkəzini və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrini təmsil edir.

Açılış mərasimindən sonra ilk oyunlara start verilib. Turnirin növbəti qarşılaşmaları 8 iyun tarixində keçiriləcək. Yarışın final oyunu və bağlanış-mükafatlandırma mərasimi isə 12 iyun tarixində baş tutacaq.

Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunacaqlar.

 

2026-06-08 19:43:00
1105 baxış

Digər xəbərlər

Xalq şairinin yubiley tədbiri keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Cəlilabad rayon Göytəpə şəhərində yerləşən şəhid Vasif Hüseynov adına ümumtəhsil tam orta məktəbi ilə birlikdə  Azərbaycanın görkəmli şairi  Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin və ölməz sənətkarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Məktəbin müəllimi Aydan xanım Ələkbərlinin aparıcılığı ilə keçirilən bu tədbirdə şəhid Vasif Hüseynov adına  ümumtəhsil tam orta məktəbin direktoru Şəhla  Mürsəlova giriş sözü ilə tədbir iştirakçılarını salamlayıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib yeni istifadəyə verilmiş bu təhsil ocağında belə bir tərbirin keçirilməsinə görə Rayon Veteranlar Təşkilatına öz təşəkkürünü bildirib. Cəlilabad Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü, şair-publisist Ədalət Salman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı ölkəmizdə tədbirlər keçirilməsi haqqında verdiyi sərəncamı sənət adamlarına göstərilən dövlət qayğısı kimi dəyərləndirib və unudulmaz şairin Azərbaycan ədəbiyyatında  özünəməxsus yer tutduğunu xüsusi vurğulayıb. Tədbirdə  Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Zülfi Vellidağ, Əfrahim Abbas,  Arzu  Əyyarqızı, Etibar Sevənli, Mikayıl İnçəçaylı, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə, veteran pedaqoq Dadaş Bayramov, müharibə veteranı Qurban Əhməd, şəhid qardaşı Sakit Üçtəpəli və başqaları çıxış edərək böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından danışıb, onun milli azadlıq ruhunda yazdığı əsərlərinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Məktəb şagirdlərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa edilib, “Gülüstan” poemasından ayrı-ayrı hissələr söylənilib. Xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir məktəbin pedaqoji və şagird kollektivinə, həmçinin qonaqlara xoş ovqat yaşadıb.

Hamısını oxu
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, səfirliyin və universitetin nümayəndələri, tələbələr iştirak edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.   “İdarəçi rəhbərlərlə tanışlıq” layihəsi çərçivəsində təşkil olunan görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan və Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Türkiyə münasibətlərinin qardaşlıq və həmrəylik nümunəsi olduğunu bildirən rektor bu birliyin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Hazırda qardaş ölkələr arasında münasibətlər xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına uyğun inkişaf edir. Rektor qeyd edib ki, iki qardaş ölkə arasında əlaqələrin bugünkü səviyyədə inkişaf etməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətləri də mühüm rol oynayır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyi bu münasibətlərin daha bir nümunəsi idi.   Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı çıxış edib. Səfir qeyd edib ki, qardaş ölkələr arasında münasibətlərin dərin tarixi olduğu üçün, bunu 30 ilə sığışdırmaq olmaz. Diplomat bildirib ki, Türkiyə və Azərbaycanın sevinci də, kədəri də bir olub. İstər Çanaqqala döyüşündə, istərsə də 1918-ci ildə Bakının işğaldan azad olunmasında biz bu birliyin, qardaşlığın şahidi olmuşuq. 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə qardaş Azərbaycanın yanında idi. Cahit Bağçı qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanması qardaş ölkə münasibətlərinin zirvəsi oldu. Tarixi Qars müqaviləsindən 100 il sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığını, birliyini və həmrəyliyini təsdiq edən mühüm sənəddir. Səfir vurğulayıb ki, qardaş ölkələrin tarixi birliyi gələcək nəsillərə miras olaraq qalacaq. Tədbirdən sonra Cahit Bağçı tələbələrin və media nümayəndələrinin suallarını cavablandırıb.     Qeyd edək ki, səfirin bu formatda görüşü ilk dəfə məhz AzTU-da təşkil olunub.   

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlunu təbrik edib. Təbrik məktubunu oxucuların diqqətinə çatdırırıq:

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Qəbələdə şəhid mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 1 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qəbələdə 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı şəhid olan mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib. Şəhidlərin xalqımızın əbədi qürur və iftixar mənbəyi olduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların işıqlı xatirəsinin heç zaman unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. Görüş zamanı şəhid övladlarına hədiyyələr təqdim olunub, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi yardım göstərilib. Şəhid ailəsinin üzvləri gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, həssas kateqoriyadan olan vətəndaşlara göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şahmurad Abbasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətinin rəhbəri Seymur Əliyev də iştirak edib. Seymur ƏLİYEV  

Hamısını oxu