Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

O, müharibədə can qoyanları heç vaxt tək qoymadı...

Nə müharibə vaxtında, nə də sülh dövründə...

Qarşıdan 26 iyun – Silahlı Qüvvələr Günü gəlir. Düz 6 il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi altında vətən torpaqlarının azadlığı mübarizəsinə qalxan və erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edən Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü geniş şəkildə qeyd olunacaq.

Ordumuzun Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünü qorunmasındakı rolu hər kəsə məlumdur və bunun ən bariz nümunəsi 2020-ci ilin Vətən müharibəsi, bu müharibə nəticəsində qazanılan şanlı 8 Noyabr zəfəridir. Hərb tariximizə qızıl hərflərlə həkk olunan bu qələbə  nəhəng hərbi-siyasi lider, böyük strateq İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşdı və bütün dünyada ciddi əks-səda doğurdu.

Bəli, İlham Əliyevin rəhbərlik etdiyi  Azərbaycan Silahlı Qüvvələri cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, bütün regionda yeni status-kvo formalaşdırdı. Eyni zamanda, həm 44 günlük Vətən müharibəsində aldığı qərarlar, həm də post-müharibə dövründə atdığı addımlar onun bir lider kimi bir çox bənzərsiz xüsusiyyətini üzə çıxardı. Prezident İlham Əliyevin müharibə zamanı verdiyi hər bir açıqlama, səsləndirdiyi hər bir fikir, qəbul etdiyi hər bir qərar sübut etdi ki, o, bütün qəlbi, ruhu ilə öz hərbçilərinin yanındadır və müharibənin hər bir ağırlığını, hər bir mərhələsini onlarla birlikdə yaşayır. Ali Baş Komandanın düşmən işğalından azad edilən hər bir yaşayış yeri ilə bağlı məlumatları xalqa şəxsən çatdırması, hər bir şəhid və qazi ailəsi ilə həmrəylik sərgiləməsi, ön xəttə mütəmadi səfərlər edərək hərbçilərlə görüşməsi onun öz ordusu, əsgər və zabitləri ilə eyni duyğuları, eyni düşüncə və həssasiyyəti daşıdığını göstərdi. O, 44 günlük müharibənin heç bir mərhələsində əsgər və zabitlərini bir an belə olsun tək qoymadı.

Ali Baş Komandanı post-müharibə dönəmində də öz hərbçilərini yaddan çıxarmadı. Müharibədə yaralanan, travma alan hər bir hərbçinin müalicəsi üçün ölkənin bütün imkanlarıdnan maksimum istifadə edən Ali Baş Komandan, yüzlərlə hərbçimizin xaricdə müalicə olunmasını təmin etdi. Onlar həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından uzaqlarda reabilitasiya mərkəzlərində uzunmüddətli bərpa prosesi keçdi. Şəhid ailələri, müharibə əlillərinin mənzil və çoxsaylı sosial xidmətlərlə təmin olundu.

Prezident İlham Əliyev kadr seçimi zamanı da müharibədə can qoyanları unutmadı. Vəzifə təyinatları zamanı öncə qazi və şəhid ailəsi faktoru nəzərə alındı. İstər yüksək dövlət vəzifələri, istərsə də kiçik məmur postlarına daha çox Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində iştirak edən şəxslərin təynatına daha çox üstünlük verildi.

Əslində, Prezident İlham Əliyev qazi və şəhid ailələri ilə bağlı bu siyasətin praktikada tətbiqinə 44 günlük Vətən müharibəsindən xeyli öncə başlamışdı. Nümunə üçün qeyd edək ki, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olan general-polkovnik Əli Nağıyev Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 20 iyun 2019-cu ildə - Vətən müharibəsindən bir il öncə təyin olundu. 

Bu məsələdə Əli Nağıyevin peşəkar çekist kimi zəngin təcrübəsi ilə yanaşı, onun Birinci Qarabağ müharibəsində aktiv iştirakı, düşmənə qarşı diversiya əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlar da mühüm rol oynadı. Nəticədə, uzun illər xüsusi xidmət orqanlarında yüksək vəzifələr tutan Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə gətirildi ki, o, sonrakı fəaliyyətində, eləcə də 44 günlük Vətən müharibəsində bu vəzifəyə layiqliyini sübut etdi. Vətən müharibəsi dönəmində Ermənistan və ona himayədarlıq edən qüvvələrin ölkəmiz daxilində hər hansı təxribata yol verməsinə imkan verməyən Dövlət Təhlükəsizliyi Xidməti Prezident İlham Əliyevin himayəsi, general Əli Nağıyevin rəhbərliyi altında çoxsaylı uğurlara imza atdı.

44 günlük Vətən müharibəsindən sonra bütün dövlət platformalarında şəhid ailə üzvləri və müharibə veteranlarının rəhbər vəzifələrə təyinatına daha çox diqqət ayrıldı. Nazirliklərdən, icra hakimiyyəti orqanlarından, orta məktəb və xəstəxanalardan tutmuş digər dövlət obyektlərinə qədər bütün qurumlarda məlum kateqoriyadan olan vətəndaşlarımıza xüsusi etimad göstərildi. Vətən müahribəsində xüsusi qəhrəmanlıq göstərən, ordu ilə yanaşı, bütün xalqın sevimlisinə çevrilən general-polkovnik Hikmət Mirzəyevin Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli sərəncmı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilməsi buna sübutdur.

Və hər bu cür addım, şəhid ailələri və veteranlarla bağlı hər bir xüsusi yanaşma yenə böyük bir həqiqəti yada salır: İham Əliyev müharibədə can qoyanları heç vaxt tək qoymadı. Nə müharibə, nə də sülh dövründə... O, şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara göstərdiyi hər bir qayğı ilə sübut etdi ki, onun qəlbi hər zaman vətən müdafiəçiləri ilə bir yerdədir və hər zaman da belə olacaq...

Seymur ƏLİYEV

 

2026-06-23 20:34:00
1051 baxış

Digər xəbərlər

“Gənclərimiz veteranların döyüş təcrübəsini dərindən mənimsəməlidir”

Cəlil Xəlilov: “Bu, hər şeydən öncə erməni faşizminə qarşı mübarizə baxımından zəruridir”   Bu günlərdə faşizm üzərində qələbənin 74-cü ildönümü ölkəmizdə böyük tənətənə ilə qeyd olundu. Moderator.az olaraq bu tarixi gün, bununla bağlı keçirilən tədbirlər və s. kimi məsələlərlə bağlı fikirlərini öyrənmək üçün Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilova müraciət etdik.   -Cəlil müəllim, faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Sizcə bu tədbirlər yetərincə dolğun və əhatəli oldumu?   -Faşizm üzərində qələbənin 74 illiyi ilə bağlı tədbirlər ölkəmizin hər yerində yüksək səviyyədə təşkil edildi. Bu tədbirlərin keçirilməsinə ölkəmizin mənəvi haqqı var. Azərbaqycan 700 min nəfərlə bu döyüşlərdə iştirak edib. Onlar bu döyüşlərdə böyük şücaətlər göstəriblər. Minlərlə azərbaycanlı bu müharibədə ali təltiflərə, rütbələrə, orden və medallara layiq görülüb. 124 nəfər azərbaycanlı isə Sovet İtifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin müharibə zamanı neftə olan tələbatının 80%-ni Azərbaycan ödəyib. Ölkəmzdə 123 növdə sialh-sursat hazırlanıb. İnsanlarımız bütün qızıl-pul ehtiyatlarını cəbhə üçün göndərib. Ona görə də faşizm üzərində qələbənin ildönümünü qeyd etmək bizim haqqımızdır və bununla bağlı tədbirlərin təşkili yüksək səviyyədə həyata keçirilir.   -Azərbaycanlıların II Dünya Müharibəsindəki iştirakı ilə bağlı hələ də dəqiqləşdirlməsi, araşdırılması gərəkən məsələlər varmı?   -Təbii ki, dəqiqləşdirilməsi gərəkən faktlar, məsələlər var. Hansı ki, həmin şəxslərin nəvələri, nəticələri də bu faktların meydana çıxmasında maraqlıdırlar. Bu gün biz erməni faşizmi ilə üzbəüz dayanmışıq. Babaları alman faşizminə qarşı vuruşan insanların nəvələri bu gün erməni faşizminə qarşı mübarizə aparmaq zərurəti ilə üz-üzədirlər. Onlar erməni faşizminə qalib gəlməli, bayrağımızı Şuşada, Xankəndində dalğalandırmalıdırlar. Onların göstərdiyi qəhrəmanlıqları bu insanların nəvələri və nəticələri təkrarlamalıdır. Buna görə də bu tarixi faktların öyrənilməsi və təbliği davam etdirilməlidir.   -Azərbaycanlılar sadəcə Rusiya, Ukrayna, Belarus ərazilərində deyil, Avropanın bir çox ölkələrində də faşizmə qarşı mübarizədə iştirak edib. Sizcə həmin ölkələrdə bu ərazilərdə vuruşan azərbaycanlılarla bağlı müəyyən xatirə lövhələrinin, abidələrin ucaldılması istiqamətində işlər davam etdirilməlidirmi?   -Bu bir həqiqətdir ki, bizim divizilyalarımız müharibədə aktiv iştirsak edib. 416-cı Taqanroq diviziyası Berlinə kimi gedib çıxıb. Ulu öndərin köməyi ilə hələ sovetlər dönəmində Azərbaycan diviziyaları və hərbçilərinin göstərdiyi qəhrəmanlıqların əbədiləşdirilməsi və təbliği ilə bağlı ciddi addımlar atılıb. Ümummilli lider Taqanroq diviziyasına məxsus abidənin açılışında şəxsən iştirak edib. Volqoqradda Həzi Aslanov adına parkın yaradılması da ümummilli liderin adı ilə bağlıdır. II Dünya Müharibəsində faşizmə qarşı mübarizədə iştirak edən hərbçilərimizin döyüşdükləri ölkələrdəki xatirələrinin əbədiləşdirilməsi bizim üçün vacibdir. Çünki bu gün də həmin torpaqlarda azərbaycanlılar yaşayır. Onlar fəxrlə deyirlər ki, bu torpaqların azad edilməsində azərbaycanlıların rolu var. Bizim atalarımız, babalarımız bu torpaqlar uğrunda döyüşüblər. Biz onların xidmətlərinin unudulmasına imkan verməməliyik.   -Faşizm üzərində qələbənin 74-cü ildönümü ilə bağlı tədbirlərdə ölkə başçısı da iştirak etdi. Sizcə bu iştirakın özü Ali Baş Komandanın veteranlara olan diqqət və qayğısının bariz nümunəsi hesab edilə bilərmi?   -Haqlısınız. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev hər il olduğu kimi bu il də veteranlarla görüşdü. Onların qayğıları, problemləri ilə maraqlandı. Həm ölkə başçısı, həm də I vitse-prezident Mehriban xanım Əliyeva veteranları Qələbə Günü münasibəti ilə təbrik etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Gənclər və İdman Nazirliyində, Müdafiə Nazirliyində, eləcə də məktəblərdə, yerli icra orqanlarında veteranlarla görüşlər oldu. Xalqlar Dostluğu parkında böyük tədbir keçirildi. Bu tədbirdə səfirlər, icra orqanlarının təmsilçiləri çıxış etdi. Respublika Veteranlar Təşkilaıtnın həyətində 120 nəfər veteran üçün süfrə açıldı. Hansı ki, bu süfrədə daha çox cəbhə üçün, ordu üçün xarakterik olan yeməklər yer alırdı. Biz istədik ki, onlar bununla öz cavanlıqlarını, müharibə dövrünü bir kəs daha yada salsınlar, özlərini mənəvi-psixoloji baxımdan həmin ortamda hiss etsinlər. Gənclər görsünlər ki, veteranlar müharibə vaxtı hansı yeməklərdən dadıblar, o dövrün yeməkləri, qabları necə olub və s. Müdafiə Naziliyinin orkestri bu tədbirdə iştirak etdi. Müharibə dövrünün mahnıları ifa olundu. Bu tədbirlər həm veteranlarımız, həm də gənclərimiz üçün maraqlı oldu. Veteranlarımız həm dövlət, həm də ictimaiyyət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub. Bu isə dövlətimizin veteranlara olan münasibətinin bariz göstəricisidir.   -II Dünya Müharibəsində azərbaycanlıların iştirakı ilə bağlı araşdırmaların davam etdirilməsi, bu sahədə təbliğat işlərinin genişləndirilməsi hansı aspektlərdən faydalı və zəruridir?   -Bu, hər şeydən öncə tariximizi bilmək, öyrənmək baxımından vacibdir. Gənclərimiz bilməlidir ki, Azərbaycan bu müharibədə hansı fədakarlıqlar göstərib, qələbənin əldə edilməsinə hansı töhfələr verib. İkincisi, bu, bizə qarşıdakı mübarizəmiz üçün gərəklidir. Gənclərimiz babalarının yolunu getməlidirlər. Alman faşizminə qalib gələn babalarının yolunu davam etdirərək erməni faşizminə qalib gəlməlidirlər. Bu gün II Dünya Müharibəsində iştirak edən və həyatda olan 400-dən artıq veteranlarımız  var. Onlardan ən az yaşı olanının 95 yaşı var. Ona görə də biz çalışırıq ki, onların döyüş təcrübələrini gənclərə ötürək.   -Gələn il faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Gələn illə bağlı hansı planlarınız mövcuddur?   -Biz böyük bir muzeyin açılışını gözləyirik. Qələbənin 75 illiyinə həsr edilən, yeni fakt və məlumatların əks olunduğu kitabın çapını planlaşdırırıq. Digər kitabların, kinofilmlərin hazırlanması da nəzərdə tutulub. Hesab edirəm ki, faşizm üzərində qələbənin 75 illiyində maraqlı yeniliklərlə çıxış edəcəyik.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Sərhədçilərin Vətən müharibəsindəki qəhrəmanlığı tarixin yaddaşında əbədi yaşayacaq”

Cəlil Xəlilov: “DSX bu müharibədə nəyə qadir olduğunu bir daha sübut etdi”   Avqustun 18-i Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 102-ci ildönümüdür. Bu münasibətlə saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, DSX-nın 44 günlük Vətən müharibəsində ölkəmizin qalibiyyətinə böyük töhfə verdiyini bildirib:   “44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğu birmənalıdır. Məhz bu müharibə nəticəsində şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqları azad etdi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələrinin bütün komponentləri, birlik və qoşun növləri iştirak edərək böyük zəfərin əldə edilməsinə töhfə verdi.   Mən 44 günlük Vətən müharibəsində DSX-nın Sərhəd Qoşunlarının göstərdiyi qəhrəmanlıqları xüsusilə qeyd etməliyəm. Çünki Sərhəd Qoşunları bu müharibədə bir sıra mühüm yeniliklərə imza atdı ki, bu yeniliklər işğalçı Ermənistan üzərində zəfərin əldə edilməsində mühüm rol oynadı”.   DSX-nın erməni ordusunun kabusuna çevrilən dron əməliyyatları   Cəlil Xəlilov qeyd edib, 44 günlük Vətən müharibəsi hər şeydən öncə müasir hərbi texniki nailiyyətlərin Azərbaycan tərəfindən geniş tətbiqi ilə xarakterizə oluna bilər:   “Ötən əsrin 90-cı illərinin əvvəlindəki I Qarabağ müharibəsindən fərqli olaraq, biz 44 günlük Vətən müharibəsində müasir hərbi texnikanın real döyüş əməliyyatlarında geniş tətbiqinə şahid olduq. Bunlardan biri də pilotsuz uçuş aparatlarının – dronların geniş tətbiqi ilə bağlı idi. Hansı ki, bu dronların bir çoxu məhz DSX tərəfindən tətbiq edilib. Xüsusilə də “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatları vasitəsi ilə işğalçılara ağır zərbələr endirən sərhədçilər bütövlükdə 290 düşmən hədəfini məhv ediblər.   DSX dronlarının əsas hədəflərindən biri də düşmənin zenit-raket qurğuları, tank və artilleriya sistemləri olub. Bu sistemlərin sıradan çıxarılması düşməni mühüm atəş dəstəyindən məhrum etməklə yanaşı, aktiv hücum əməliyyatı həyata keçirən ordumuzun canlı qüvvəsinin, habelə, texnikasının qorunması, müdafiə olunması baxımından da mühüm rol oynayıb. Hərbi texnika və raket sisteminin dəstəyindən məhrum edilən düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur olub. Təkcə bu faktın özü sərhədçilərimizin böyük qələbəmizə hansı miqyasda töhfə verdiyini təsəvvür etməyə imkan verir. Onu da qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində də DSX pilotsuz uçuş aparatlarından hərbi əməliyyatlar zamanı uğurla istifadə edib, düşmən hərbçilərini, o cümlədən onlara köməyə gələn ehtiyat qüvvələri uğurla məhv edib.   Düşmən mövqelərinə səssiz yaxınlaşan, onların dəqiq müşahidəsini həyata keçirən, son ana qədər görünməz olan dronlar Ermənistan ordusunun istər canlı qüvvəsinə, istərsə də hərbi texnikasına böyük zərbə vurduğu, gözlənilmədən peyda olaraq ətrafa ölüm saçdığı üçün düşmən hərbçilərinin əsl kabusuna çevrilmişdi. Hər an hədəfə çevrilmək qorxusu erməni əsgərlərini psixoloji baxımdan da sarsıdır, onlarda qorxu və təşviş hissi doğururdu. Başqa sözlə desək, DSX-nin dron əməliyyatları Ermənistan ordusunun sıralarını seyrətməklə yanaşı, həm də döyüş əzmini, psixologiyasını da sarsıdır, onları mənəvi baxımdan da məhvə məhkum edirdi”.   “AN-2 möcüzəsi”, yaxud ölümün yeni adı...   Polkovnikin sözlərinə görə, 44 günlük Vətən müharibəsində DSX, həm də bəzi təyyarələrin konstruksiyasında mühüm yeniliklər etməklə onların zərbə gücünü artırıb, həmin təyyarələri yeni formatda hərbi əməliyyatların gedişində uğurla tətbiq edib:   “44 günlük Vətən müharibəsi zamanı DSX sadəcə Türkiyə və İsrail istehsalı olan dronların müvəfəqiyyətli tətbiqi ilə diqqət çəkmədi. Sərhədçilər həm də bəzi təyyarələrin üzərində apardıqları konstruksiya dəyişiklikləri və bu dəyişikliklər əsasında yaradılan yeni dronlardan peşəkarcasına istifadə ilə də diqqət çəkdi. Buna misal olaraq AN-2 təyyarələri ilə bağlı həyata keçirilən yenilikləri qeyd etmək olar.   AN-2 təyyarələrini modernləşdirərək onları pilotsuz uçuş aparatına döndərən sərhədçilər, həmin uçuş aparatları ilə düşmən hərbi hədəflərinə ağır zərbələr endirib, işğalçının çoxlu sayda canlı qüvvvəsi və zirehli texnikasını məhv edib. Müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi düşmənə qarşı mübarizədə aktiv iştirak edən sərhədçilər, pilotsuz uçuş aparatlarından geniş istifadə sayəsində hava məkanında ordumuzun şəriksiz üstünlüyünü təmin edib, 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb”.   Itirilən sərhədlərin və ərazilərin bərpasına doğru...   Sərhədçilərin İran və Ermənistan sərhədlərinin işağlda qalan hissəsinin azad edilməsində də yaxından iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun sadəcə hərbi deyil, həm də siyasi baxımdan mühüm önəm kəsb etdiyini bildirib:   “44 günlük Vətən müharibəsində sərhədçilər bir sıra rayonların işğalçılardan təmizlənməsi ilə yanaşı, dövlət sərhədlərinin azad olunmasında da yaxından iştirak edib, böyük qəhrəmanlıqlara imza atıb. Sərhədçilərin hücumları sayəsində Azərbaycan-İran sərhəddinin işğal altında qalan 132 km hissəsi işğaldan azad edilib. Bundan başqa, Azərbaycan-Ermənistan dövlət sərhəddinin 500 km-lik hissəsi də separatçılardan təmizlənib və Azərbaycan bu hissəyə də nəzarəti ələ alıb.   Şübhəsiz, İran və Ermənistanla olan dövlət sərhədlərimizin işğaldakı hissəsinin azad edilməsi hərbi baxımdan böyük nailiyyət olmaqla yanaşı, iqtisadi-siyasi baxımdan da mühüm əhəmiyyətə malik idi. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan və İran arasında iqtisadi əlaqələr mövcuddur ki, Azərbaycan-İran sərhədlərinin işğaldakı hissəsinin azad edilməsi bu əlaqələrin genişlənməsi üçün əlverişli zəmin yaratdı.   Azərbaycan-İran və Azərbaycan-Ermənistan sərhəddinin işğaldakı hissəsinin azad olunması dövlət sərhədlərinin toxunulmazlığı prinsipinin əməli-praktiki baxılmdan təmin edilməsi demək idi. Sərhədçilər bu mühüm və həyati vacib işin öhdəsindən də ləyaqətlə gəlməklə dövlət sərhədlərimizin toxunulmazlığını təmin etdi”.   “DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir”   Polkovnik Vətən müharibəsindən sonra DSX-nın işğaldan azad edilmiş rayonlarda yeni hərbi hissələr açmasının da, dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib:   “Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin tam bərpa edilməsi, həmin ərazilərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi, habelə, bu rayonlarda yeni hərbi hissələrin yaradılması istiqamətində dövlətimiz tərəfindən sistemli addımlar atılmaqdadır. Bu addımlardan biri də həmin rayonlarda DSX-ya məxsus hərbi hissələrin yaradılmasıdır. Məlumat üçün qeyd edim ki, artıq işğaldan azad edilmiş ərazilərdə DSX-nın 10-dan çox hərbi hissəsi açılıb, sərhədlərimiz həmin hərbi hissələr hesabına daha da möhkəmləndirilib. Məlum proses bu gün də davam etməkdədir.   DSX-nın işğaldan azad edilmiş ərazilərdə möhkəmlənməsi təhlükəsizliyimizə verilən zəmanətdir. Bu, sərhədlərimizin etibarlı şəkildə qorunması, onun möhkəmləndirilməsi, hər cür təxribata adekvat cavab verməyə hazır olmağımız anlamını daşıyır. Bu baxımdan sərhədçilərimizin Vətən müharibəsindəki fəaliyyəti ilə yanaşı, post-müharibə dönəmindəki fəaliyyəti də mühüm əhəmiyyətə malikdir və bütün bu addımlar sərhədlərimizin toxunulmazlığının təmininə, təhlükəsizliyimizin möhkəmləndirilməsinə xidmət edir”.   “Ən güclü silahımız sevgidir və DSX gənc nəslə məhz bunu təbliğ edir”   DSX-nın vətənpərvərlik tərbiyəsinin təbliğində də aktiv iştirak etdiyini bildirən polkovnik Cəlil Xəlilov, bunun xalqımızın və dövlətimizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb:   “DSX-nın fəaliyyətində diqqət çəkən məqamlardan biri də adıçəkilən qurumun vətənpərvərlik tərbiyəsinin təbliğində yaxından iştirak etməsi, gənclər arasında bu istiqamətdə sistemli iş aparmasıdır. Bu fəaliyyətin bir istiqaməti də mütəmadi olaraq yeniyetmə və gənclər arasında, o cümlədən yaşından asılı olmayaraq, bütün yaradıcı şəxslər arasında hərbi vətənpərvərliklə bağlı müsabiqələrin təşkili ilə bağlıdır.  DSX tərəfindən mütəmadi şəkildə keçirilən bu müsabiqələrdə vətən sevgisi, onu qorumağın zəruriliyi fikri aşılanır, vətən uğrunda həlak olan şəhidlər, onların göstərdiyi qəhrəmanlıqlar təbliğ edilir. Bu müsabiqələr bütün iştirakçılar üçün maarifləndirici xarakter daşımaqla yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən yeni əsərlərin – rəsmlərin, şeirlərin, hekayələrin, əl işlərinin, bədii və publisistik məqalələrin meydana çıxmasına səbəb olur. Nəticədə, vətənpərvərlik tərbiyəsi baxımından yeni, zəngin baza meydana çıxır.   Məlumat üçün qeyd edim ki, belə müsabiqələrdən biri də Vətən müharibəsində tarixi qələbənin əldə olunmasına və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqə oldu. Cari ilin 12 avqust tarixində DSX-nın akademiyasında müsabiqə iştirakçılarının mükafatlandırılması məqsədi ilə general Abbas Xəlilovun da iştirakı ilə təbir keçirildi, müsabiqəyə təqdim edilən rəsm əsərləri nümayiş olundu, qaliblər təltif edildi. Bizim üçün qürurvericidir ki, həmin müsabiqədə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev ən yaxşı məqalə nominasiyası üzrə birinci yerə layiq görüldü.   Bir daha qeyd edirəm ki, DSX tərəfindən vətən sevgisinin, vətənprəvərlik ruhunun gücləndirilməsi istiqamətində atılan addımlar müstəsna əhəmiyyətə malikdir. Bu cür addımlar yeniyetmələrdə vətən sevgisinin artmasına, onların dövlətlə, bayraqla, sərhədlə bağlı məsələlərə daha həssas, daha məsuliyyətli yanaşmasına səbəb olur. Unutmayaq ki, bizim ən güclü silahımız sevgidir və 44 günlük Vətən müharibəsi, bu müharibədə hərbçilərimizin vətən uğrunda sevə-sevə öz həyatını qurban verməsi faktı bunu bir daha sübut etdi. DSX, onun maarifçilik xarakterli tədbirləri də gənclərə məhz bu sevgini – vətən, millət, bayraq sevgisini təlqin edir.   Mən Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibəti ilə DSX rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla sözügedən qurumun bütün əməkdaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, DSX bundan sonra da sərhədlərimizin etibarlı şəkildə qorunmasına öz töhfəsini verəcək,  xalqımızın və dövlətimizin təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
İtaliyada keçirilən “Bərpa həftəsi - 2021” çərçivəsində Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vəhşiliklər nümayiş olunub

Veteran.gov.az xəbər verir ki, avqustun 30-dan sentyabrın 4-dək İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (İCE) və İtaliyanın Memarlıq, İncəsənət və Şəhərlərin Bərpası Assosiasiyasının (Assorestauro) birgə təşkilatçılığı ilə İtaliyanın müxtəlif şəhərlərində “Bərpa həftəsi - 2021” çərçivəsində silsilə tədbirlər keçirilir.   Sözügedən tədbirlərdə Azərbaycandan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov iştirak edir. Tədbirə Azərbaycanla yanaşı Albaniya, Livan, Kuba, Səudiyyə Ərəbistanı Krallığı və İsraildən olan nümayəndə heyətləri də qatılıb.   “Bərpa həftəsi - 2021” çərçivəsində Bari şəhərinin Fiera del Levante sərgi kompleksində keçirilmiş tədbirinin açılış mərasimində Bari şəhər rəhbərliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin, Assorestauronun, Bari Vilayətinin memarlar, landşaft dizaynerləri və bərpaçılar Assosiasiyasının, Fiera del Levante Sərgisinin, Ferrara Sərgi Konqresinin rəhbər şəxsləri çıxış ediblər.   Sentyabrın 2-də “Bərpa həftəsi - 2021 çərçivəsində Azərbaycanla bağlı ölkə təqdimatı təşkil olunub. Açılış nitqi ilə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, İtaliya Ticarət Agentliyinin Sənaye Tərəfdaşlığı və Beynəlxalq Qurumlarla Əlaqələr Departamentinin müdiri Roberto Lovato və Assosrestauronun texniki direktoru Andrea Qriletto çıxış edərək Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, müxtəlif sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən və qarşılıqlı faydalı mübadilələrdən, mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması və bərpası çərçivəsindəki imkanlardan danışıblar.   Tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə “Böyük qayıdış” və mədəni irsin bərpasına yönəlmiş davamlı proses haqqında geniş təqdimatla çıxış edib. Ermənistan Respublikası tərəfindən 30 il ərzində işğal altında saxlanılan ərazilərimizdə tarix və mədəniyyət abidələrinin dağıdılmasına, mənimsənilməsinə və vandalizmə məruz qalmasına, qeyri-qanuni arxeoloji qazıntıların aparılmasına dair ətraflı məlumatlar və fotofaktlar təqdim edib, mədəni irsimizə qarşı törədilmiş vəhşilikləri nümayiş olunub. Həmçinin Azərbaycan tərəfindən bərpa prosesinə başlanıldığı, çoxsaylı minalardan təmizləmə fəaliyyətinin davam etdiyi diqqətə çatdırılıb. Vurğulayıb ki, post-konflikt dövründə davamlı sülhün və rifahın tam bərqərar olması məqsədilə infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Bunun məntiqi davamı olaraq Azərbaycan tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə “Mədəniyyət naminə sülh” kampaniyasına bağlanıldığı qeyd olunub. Təqdimatda abidələrin dağıdılmasının miqyası barədə statistik məlumat, Ağdam şəhərinin və azad olunmuş digər ərazilərimizin acınacaqlı durumu diqqətə çatdırılıb.   Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, Azərbaycan tərəfi bərpa prosesi çərçivəsində qarşılıqlı faydalı təkliflərə açıqdır və bu istiqamətdə İtaliyadan olan tərəfdaşların və şirkətlərin bu prosesə töhfə verməsini müsbət qiymətləndirir.   Daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov İçərişəhərdə aparılan bərpa işləri haqqında, gələcəkdə açılması nəzərdə tutulan unikal muzey layihəsinə dair məlumat vermişdir. Tədbir çərçivəsində təşkil olunan Beynəlxalq Bərpa Sərgisi də öz işini davam etdirməkdədir. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti İCE, Assorestauro, İtaliya Milli Tədqiqat Şurasının (CNR), habelə İBİX (abidələrin təmizlənməsi), ENEL X (memarlıq işıqlandırılması), CORES4N (abidələrin interyerinin bərpası üzrə) kimi İtaliyanın tikinti və bərpa sahələrində çalışan qabaqcıl şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib.   Azərbaycan nümayəndə heyəti “Bərpa həftəsi - 2021” çərçivəsində 3 sentyabr tarixində Matera şəhərində keçiriləcək tədbirlərdə iştirak edəcək.  

Hamısını oxu
Azərbaycanı xoşbəxt gələcəyə aparan dahi şəxsiyyət

İllər keçəcək, əsrlər ötəcək, ulu öndər Heydər Əliyev bir mayak kimi daim Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir. Artıq ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Zaman keçdikcə Ümummilli Liderin dahiliyi daha da aydın görünür.  Ulu öndər Heydər Əliyev demişdir: “XXI əsr  Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında söylənmiş bu ifadələrin real həyatda təcəssümünü yaşadıqca Ulu Öndərin uzaqgörən, fenomen insan olmağının bir daha şahidi oluruq. 1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov ümumilli lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş ermənilər baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı. Ulu Öndərin hakimiyyətdə olmadığı illər 1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyununa - Qurtuluş gününə qədər ölkəmizdə xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, Azərbaycanın müstəqilliyinin itirilməsi və parçalanması təhlükəsi ilə üz-üzə qalması, sosial-iqtisadi qayğılar, çörək növbələri, insanların küçələrə çıxa bilməməsi və digər problemlər hökm sürmüşdür. Bütün bunları biz yaşamışıq. Nə yaxşı ki, müdrik ağsaqqallarımız o vaxt Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə müraciət edərək, Azərbaycanı bu problemlərdən ancaq onun qurtara biləcəyini söylədilər. AXC-müsavat cütlüyünün yarıtmaz idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Azərbaycanı bu bəlalardan xilas etmək üçün Ümummilli Lideri ölkə rəhbərliyinə dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbini və ölkəmizin düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, Azərbaycan naminə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə respublikamızı düşdüyü bu girdabdan çıxarmağa başladı. Bu yolda ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin daim Heydər Əliyevə qarşı apardığı ədalətsiz mübarizə və hətta çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, Ulu Öndər, Ümumilli Lider, Xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi və bu böyük şəxsiyyətin öz Vətəninə göstərdiyi əvəzedilməz xidmət onun bu tarixi fikrində bariz ifadə edilmişdir: “Əgər hər hansı namərd gülləsi məni həyatdan götürərsə, mənim özüm də, övladlarım da Azərbaycan dövlətinin yolunda canımızdan keçməyə hazırıq”. Ümummilli Lider prezident olduğu dövrdə Ulu öndər Heydər Əliyev prezident olduğu dövrdə 60-dan çox ölkəyə səfər etmiş, bu səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətinə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir. Ulu öndər Heydər Əliyev haqqında dünyanın lider ölkələrinin rəhbərləri, ictimai-siyasi və din xadimləri çox müsbət, dəyərli fikirlər söyləmişlər. Rəcəb Tayyib Ərdoğan:  “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”,  Vladimir Putin:  “O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi”,  II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur”  və  s. Hələ SSRİ Nazirlər Soveti sədrinin  I müavini işlədiyi dövrlərdə 300 milyonluq SSRİ-yə rəhbərliyi zamanı Heydər Əliyevin şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə  rusların azərbaycanlılara qarşı münasibəti ciddi şəkildə müsbətə doğru dəyişmişdir. 1994-cu ildə daxili və xarici təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni - böyük neft kontraktını gerçəkləşdirməsi nəinki gələcəkdə Azərbaycana axacaq valyutanın təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu. Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevi Azərbaycana xilaskar kimi bəxş etdiyinə görə xalqımiz müasir dövlətimizin qurucusu və banisi ulu öndər Heydər Əliyevin ruhuna hər zaman dualar oxumalıdır.  Ümummili Liderin dediyi “Mən İlham Əliyevə özüm kimi inanıram” tarixi fikri sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi. Bu, bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi dəyərli bir fikir idi.  “Ot kökü üstə bitər” deyib atalarımız. Dövlət başçısı cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən, özü dediyi kimi, hər bir azərbaycanlının prezidenti olaraq, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərin keçirildiyi məkana, regionun lider dövlətinə çevirmişdir. Azərbaycanda olan siyasi sabitlik, sosial-iqtisadi inkişaf, iş yerlərinin açılması, aparılan böyük tikinti-quruculuq işləri, o cümlədən idman olimpiya komplekslərinin tikilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların, yüksək nəticələrin sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, xüsusilə Bakının gündən-günə gözəlləşməsi və hayata keçirilən digər böyük işlər ulu öndər Heydər Əliyev kursunun inamla və müvəffəqiyyətlə davam etdirilməsindən xəbər verir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident olduğu zamandan etibarən hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Belə ki, ordu quruculuğu, iqtisadiyyatın inkişafı, digər ölkələrlə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması və etibarlı tərəfdaş kimi tanınması və s. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin başlanğıcı idi. Belə bir hikmətli kəlam var: “Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlıyır”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Nəyi nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm!” Və həmin həlledici məqam yetişdi. Azərbaycanın haqq döyüşündə, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun igid əsgər və zabitlərinin canı və qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki xalqımızın, bütün Türk dünyasının qamətini düzəltdi, qürurlandırdı. Bu böyük fəxarəti bizə yaşadan ölməz Şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə uzun ömür, cansağlığı diləyirik. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə şanlı tariximizə  müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlı olaraq qızıl hərflərlə yazılacaq. Qızıldan imza atdın Tarixin yaddaşına. Şanlı bir tarix yazdın Vətənin savaşına. Prezidentim İlhamım! Ali Baş Komandanım!   Qarabağı almağı Məqsəd qoydun qarşına. Dəmir Yumruq endirdin Düşmənlərin başına. Prezidentim İlhamım! Ali Baş Komandanım!   Alqış sizə, min yaşa, Ərdoğanla dur qoşa.  Qələbə çal, zəfər çal, Düşməni döndər daşa. Prezidentim  İlhamım!              Ali Baş Komandanım!   Azərbaycan-Türkiyə Bir millət–iki dövlət.                                                                                                                      Haydı çatıb zamanı                                                                                                                        Yarat böyük Turanı. Prezidentim  İlhamım! Ali Baş Komandanım!    Qaytardın torpaqları, Yandırdın ocaqları.  Bayram deyər bir daha Ucaltdın bayraqları.  Prezidentim İlhamım!                                                                                                                      Ali Baş Komandanım!   Biz unutqan olmamalıyıq! Bu günümüzün qədrini bilməliyik. Gənc nəsillərə bu xoşbəxt günlərə hansı çətin, keşməkeşli yollarla gəlib çıxmağımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik.  Ümummilli liderimiz Heydər Əliyevin işıqlı yolunu, onun daxili və xarici siyasətini böyük uğurla davam etdirən müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Azərbaycanı xoşbəxt gələcəyə aparmaq üçün əlimizdən gələni etməliyik. Bayram YUSİFOV Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, “Gəncəli” İstehsalat Kommersiya şirkətinin rəhbəri  

Hamısını oxu