Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov Qəbələdə veteranlarla görüşüb, rayon təşkilatına yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 1 iyul 2026-cı il tarixində Qəbələ rayonuna səfər edib, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Qəbələ Rayon Şöbəsində veteranlarla görüşüb.

Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, SHXÇDX-nin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, rayon ağsaqqalları, müharibə və əmək veteranları iştirak edib.

Görüşdə Azərbaycan dövlətinin veteran və şəhid ailələrinə olan qayğısından bəhs edən polkovnik Cəlil Xəlilov, Qəbələdə yerli icra orqanlarının da bu məsələyə xüsusi həssaslıqla yanaşdığını bildirib, buna görə rayon rəhbərliyinə təşəkkür edib.

Tədbir əsnasında əmək veteranı Məzahir Şabanov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qəbələ Rayon Şöbəsinin sədri seçilib. Yeni sədrə fəaliyyətində uğurlar arzulayan polkovnik Cəlil Xəlilov, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib, respublikamızın inkişafı və tərəqqisi naminə veteranların bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin vacibliyini vurğulayıb.

Seymur ƏLİYEV

 

 

 

2026-07-01 19:39:00
1167 baxış

Digər xəbərlər

Sabirabad rayonunda daha bir şəhid məzarı ad günündə ziyarət edilib

Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən  Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb.   Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb.   Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib.   Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Dərbənd Mərkəzi Kitabxanası və ADİU-nun Dərbənd filialını ziyarət edib

Təşkilat sədri hər iki müəssisəyə Ulu öndər Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib Veteran.gov.az xəbər verir ki, Polkovnik Cəlil Xəlilov 17 aprel 2025-ci il tarixində Dərbənd Mərkəzi Kitabxanası və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkib, hər iki müəssisəyə Ümummilli lider Heydər Əliyev, mərhum dövlət xadimi Əziz Əliyev və general Həzi Aslanovla bağlı kitablar hədiyyə edib. Mərkəzi kitabxanada Rusiya tarixi ilə yanaşı, həm də Azərbaycan tarixi ilə bağlı nadir kitabların qorunduğundan məmnunluğunu bildirən polkovnik Cəlil Xəlilov, Dərbənd Mərkəzi Kitabxanasının bütün regionda qiymətli məlumat mənbəyi kimi xüsusi çəkiyə malik olduğunu vurğulayıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına baş çəkən Təşkilat sədri, Universitet rəhbərliyi ilə görüşüb, burada təhsil alan azərbaycanlılarla maraqlanıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Dövlət İqtsiad Universitetinin Dərbənd filialı Dağıstanın elmi həyatında mühüm yer tutmaqla yanaşı, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə də böyük töhfə verir. Polkovnik Cəlil Xəlilov universitetin müəllim-tələbə heyətinə uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib. Seymur ƏLİYEV    

Hamısını oxu
“2025-ci il Konstitusiya və Suverenlik İli!”

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı "2025-ci il Konstitusiya və suverenlik ili" mövzusunda tədbir keçirib. Tədbirdən öncə ölkəmizin müstəqilliyi və severenliyi uğrunda canlarını  qurban vermiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman çıxış edərək 2025-ci ilin Konstitusiya və suverenlik ili elan olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimiz məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndikdən sonra  1995-ci il noyabrın 12-də  Ulu Öndərin  rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük əhəmiyyət daşıyır.   Sarsılmaz birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bu gün hamımızın  vətəndaşlıq borcumuzdur.  Tədbirdə şəhid atası Habil Hüseynov, Qarabağ qazisi Maşallah Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Ramin İbrahimov, ictimai fəal Əsəd Abbasov, şair İman Abdulla, Vətən müharibəsi iştirakçısı Nofəl Tağıyev, veteran müəllim Cankişi Seyfullayev, şəhid qardaşı Sakit Üçtəpəli, tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazlı və başqaları çıxış edərək möhtərəm prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətini yüksək qiymətləndirdilər və dünyaya günəş kimi doğan Azərbaycanımızla qürur duyduqlarını xüsusi vurğuladılar. Bir daha əmin olduqlarını bildirdilər ki, müstəüilliyimiz daimidir, əbədidir və dönməzdir.

Hamısını oxu
Azərbaycan Respublikası Sərhəd Qoşunları yaranmasının 100 illinin qarşısında

Tarixi missiyanı yaşadanlar Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə keçmiş müavini, polkovnik Cəlil Xəliovdur.  - Cəlil müəllim, bu il Sərhəd Qoşunlarının yaradılmasının 100 yaşı tamam olur. Bu şanlı yubileyin tarixi, yaddaqalan məqamları haqqında düşüncələrinizi oxucularımızla bölüşəsiniz. Azərbaycanın Sərhəd Qoşunları sözün həqiqi mənasında şanlı tarixi yol keçib. Bu qürur doğuran yolun başlanğıcı Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. Bilirsiniz ki, Cümhuriyyətin yaranmasına qədər çar Rusiyasının tərkibində Azərbaycanın sərhədləri qeyri-müəyyən olub. Yəni digər xalqlar kimi Azərbaycanın da sərhədlərinin mühafizəsi Rusiyanın tərəfindən həyata keçirilib. Çar Rusiyasının süquta uğraması ilə Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və mühafizəsi sahəsində lazımi addımlar atılıb. Azərbaycanın sərhədlərinin müəyyən­ləş­diril­məsi və onun mühafizəsi istiqamətində ilk rəsmi addımlar AXC qurulmasından sonra mümkün olub. Müstəqil dövlət qurulduqdan sonra sərhədlərin müəyyənləşməsi və mühafizəsi məsələləri həllini tapmağa başlayıb. Mühafizə qüv­­vələrinin yaradılması və formalaş­ması sahəsində hökumət və parlament kom­pleks tədbirlər həyata keçirib. Gürcüstan və Ermənistanla sərhəd­ləri­n müəyyənləş­diril­­məsi üçün bir neçə layihə və təkliflər də ha­zır­lan­ıb. BUnlardan biri 1918-ci il iyun ayının 22-də «Poylu stansiyasında sərhəd postunun yaradılması haqqında" qərar qəbul edib. İlk mühafizə qüvvələrinin başlıca vəzifəsi qaçaqmalıçılığın və qanunsuz ticarətin qarşısının alınması idi. Bu vəzifə Poylu və Mazımçay sərhəd postlarının mü­ha­fi­zə qüvvəsinin üzərinə düşür­dü. - Sərhəd Qoşunlarının xalqımızın həyatında oynadığı missiya barədə daha hansı mühüm faktları diqqətə çatdırmaq istərdiniz? -Əvvala onu deyim ki,  sərhəd mühafizəsi çox çətin tarixi şəraitdə yaranıb. Ölkə dörd bir yandan təhlükə və taleyüklü problemlərlə üzbəüz qalmışdı; şimaldan, cənubdan, şərqdən və qərbdən Azərbaycana təcavüzlər, müxtəlif dəstələrin basqınları gözlənilirdi, digər tərəfdən də artıq qeyd etdiyimiz qaçaqmalçılıq və qanunsuz ticarət halları geniş miqyas almışdı. Zaqatalada quber­nator olmuş general-mayor Ş.Haşım­bəyov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubda sərhəd mühafizəsi üçün 150 nəfər lazım olduğunu bildirdi. Bunlardan 50-si jandarmeriya, 100 nəfəri isə mühafizəçi kimi nəzərdə tutulmuşdu. Müha­fizə qüvvəsinin sərhəddə 12 postda yer­ləşdirilməsi nəzərdə tutulurdu. Şimaldan və dəniz sərhədlərindən gözlənilən bolşevik Rusiyası və Denikinin Könüllü ordusu, qərbdən Ermənistan və digər təhlükələri göz önünə gətirəndə ölkənin sərhədlərindəki vəziyyət daha da aydın olur. Üstəlik 1919-cu ilin ikinci yarısına qədər Lən­kəran qəzası və Muğanın bir hissəsində dövlətə müqavimət göstərən silahlı qüv­vələr mövcud idi. Həmin qüv­vələrin qəti surətdə məğlub edilməsi 1919-cu ilin uğurlu avqust hərbi əməliy­ya­tın­dan sonra mümkün oldu. Cənub sərhəd zolağında təhlükə mənbələrindən biri yerli silahlı qruplar və qaçaqlar idi. Bu dəstələr sərhəd boyu yaşayış məntəqələrinə hücumlar edir, həmin məntəqələrin sakinlərini öldürür və qarətçiliklə məşğul olurdular. Belə mürəkkəb və ağır vəziyyətdə Azərbaycan sərhədçiləri milli ordu ilə birlikdə üzərlərinə düşən vəzifələri şərəflə, fədakarlıqla icra edərək, Azərbaycanın sərhədlərini mümkün olduğu qədər mühafizə edirdilər. İlk sərhəd mühafizə qüvvələrinin Daxili İşlər Nazirliyinin tərkibində yarandığını qetd etdiniz. Bu qüvvələrin təşkili vəzifələrinin sonrakı mərhələdə Maliyyə Nazirliyinə həvalə edildiyi məlum olur. Bu nə ilə bağlı idi? -Doğrudur, sərhəd mühafizəsi sahəsində vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu. Bu qərar qəbul edilərkən real vəziyyət və ondan əvvəl görülmüş bir sıra işlər nəzərə alınmışdı. Qaçaqmalçılıq və qanunsuz ticarət döv­riy­yə­si getdikcə geniş miqyas almışdı. Bu da qanunsuz ticarət dövriyyəsi ilə həm də daxildə mübarizə aparmaq zərurətini doğururdu. Bu işlə əsa­sən maliyyə orqanları məşğul olmalı idi. Həmin qa­nun­la gömrük idarəsi hissəsi adlandırılan qu­rum ləğv olunmuş və onun əsas səlahiy­yət­ləri Maliyyə Nazirliyinə verilmişdi. Parlamentin 1919-cu il avqust ayının 18-də keçirilən iclasında 8 bənddən ibarət “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafi­zəsinin təsis edilməsi haqqında” qanun layuhəsi maddə-maddə səsə qoyularaq qəbul edilmişdi. Məhz həmin tarix müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması günü kimi qəbul edilir. - Sərhəd mühafizə qüvvələrinin təşkili sahəsində vəzifələrin tam yerinə yetirilməsi, vahid strukturun yaradılması mümkün oldumu? -Çox təəssüf ki, bu sula müsbət cavab verə bilmirik. 1920-ci ilin 27 aprel işğalı ilə AXC-nin süquta uğradılması sərhəd mühafizəsinin, gələcək müstəqil Sərhəd Qoşunlarının formalaşdırılması istiqamətində atılan addımların qarşısını aldı. Sovet dövründə Azərbaycanda sərhəd mühafizəsinin həyata keçirilməsi vəzifələri SSRİ-nin mərkəzi hakimiyyətinin tabeliyində olan məhz bu məqsədlə yaradılmış sərhəd qüvvələrinə (qoşunlarına) həvalə olundu. - Sovet dövründə Azərbaycanda Sərhəd Qoşunlarının yaradılması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı? -Bilirsiz, sovet dövründə Azərbaycanda müstəqil Sərhəd Qoşunlarının yaradılmasından söhbət gedə bilməzdi. Buradakı sərhəd dəstələri Zaqafqaziya Sərhəd Dairsinin tərkibinə daxil idi və bütün məsələlər Moskvadan idarə edilirdi. Qoşunların əksər zabit heyəti və ən başlıcası rəhbər kadrları qeyri-millətlərin nümayəndələrindən ibarət idi. Yalnız Ümummilli ider Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi dövrdən başlayaraq bu sahədə mühüm dönüş yaranmağa başlandı. Qısa müddət ərzində, vəziyyəti dəyişmək çətin olsa da, Heydər Əliyev çox böyük işlər gördü. Milli kadrların Zaqafqaziya Sərhəd Dairsinin daxilində olan Azərbaycan sərhəd dəstələrində təmsil olunmalarına, onların yüksək vəzifələrə irəli çəkilməsinə xüsusi diqqət yetirilməsi, bir qədər sonra onların hətta Zaqafqaziya Sərhəd Dairəsində vəzifə tutmalarına şərait yaratdı. 1970-80-ci illərdə yetişən, SSRİ Sərhəd Qoşunlarının tərkibində xidmət edən, yüksək vəzifələr tutan milli sərhədçi kadrlar Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Sərhəd Qoşunlarının təşkilində yaxından iştirak etdilər. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycan KP MK bürosu qərarı  əsasında 1971-ci il iyul ayının 20-də Azərbaycanda yaradılan C.Naxçıvanski adına Hərbi lesey gələcək peşəkar hərbçi kadrların, eləcə də, sərhədçi kadrların hazırlanmasında ilk baza rolunu oynadı. Həmin  liseyin məzunu olanların əksəriyyəti hərbi təhsillərini davam etdirərək həqiqi peşəkarlar kimi yetişdilər və imperiyanın dağılmasından sonra Azərbaycanda hərb sahəsində mühüm vəzifələr tutdular, milli ordu və digər qoşun növlərinin, o cümlədən Sərhəd Qoşunlarının yaradılmasında və Qarabağ müharibəsində yaxından iştirak etdilər. - Müstəqilliyin bərpasından sonra Azərbaycanda Sərhəd Qoşunlarının formalaşmasında Siz də yaxından iştirak etmişiniz. Bu barədə hansı faktları xüsusi qeyd edərdiniz? -Əvvala onu deyim ki, müstəqilliyin bərpasından sonra, yeni mərhələdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının yüksək hazırlığa malik Sərhəd Qoşunlarının yaranmasına, ölkənin sərhəd təhlükəsizliyinin peşəkar təminatçısı olan xüsusi qoşun növünün təşkili üçün etibarlı təməllərin qoyulmasına nail oldu. Ulu öndərin dəyərli, yüksək peşəkarlıqdan qaynaqlanan əvəzsiz tövsiyələri, ilk gündən başlayaraq Sərhəd Qoşunlarının maddi-tüxniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrların hazırlanmasına göstərdiyi mütamadi dəstək müstəqil Azərbaycanın Sərhəd Qoşunları hərtərəfli formalaşmasına şərait yaratdı. Yadımdadır, Sərhəd Qoşunlarının formalaşmağa başladığı ilk aylarda bəziləri Azərbaycan sərhədçilərinin ölkə sərhədlərinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəyinə şübhə ilə yanaşır, özləri də fərqinə varmadan açıq-aşkar belə təbliğat aparan xarici qüvvələrə rəvac verirdilər. Ancaq fəadakar Azərbaycan sərhədçiləri çox qısa müddətdə bu iddia və inamsızlığın heç nəyə əsaslanmadığı öz yüksək xidmətləri ilə sübuta yetirdilər. Azərbaycan sərhədlərinin keçmiş SSRİ qüvvələrindən təhvil-təslim prosesi uğurla başa çatdırıldı. Bu prosesdə yaxından iştirak etmiş bütün sərhədçilər kimi mən də qürur hissi keçirirəm. Yeri gəlmişkən, bu mühüm vəzifənin uğurla icrasında o zaman Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin böyük nüfuzu və yenilməz siyasi iradəsi həmin bölgədəki silah-sursat və hərbi texnikanın 100 faiz Naxçıvan Sərhəd Dəstəsinin sərancamında saxlanmasına şərait yaratmışdı. Məhz Ulu öndərin qətiyyəti nəticəsində bölgəni tərk edən rus sərhədçiləri öz şəxsi əşyalarından başqa Naxçıvandan nəinki silah-sursat və hərbi texnika, heç bir ədəd güllə də apara bilməmişdilər. Ölkənin digər sərhəd dəstələrində iki dövlət arasında razılaşdırıldığı kimi, bütün texnika və hərbi sursat 50-nin 50-yə prinsipi ilə bölünmüşdü. Sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi bu fəaliyyətlər Sərhəd Qoşunlarının bütün istiqamətlərdə möhkəmlənməsinə və inkişafına, nələ ki regionda, hətta dünyada ən peşəkar qoşun kimi tanınmasına gətirib çıxardı. Əlbəttə, yada salınası, qeyd ediləsi faktlar çoxdur. Biz veteran sərhədçilər həmin illərdə ölkə sərhədlərinin qorunmasında iştirakımızla qürur duyur, gənc nəslin xidməti işə daha məsuliyyətlə, daha həvəslə yanaşması üçün təcrübəmizi əsirgəmir, əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu bildiririk. - Bir peşəkar kimi müasir mərhələdə Sərhəd Qoşunlarının fəaliyyəti barədə daha nələri xüsusi vurğulamaq istərdiniz? -Çəkinmədən demək olar ki, müasir Sərhəd Qoşunları həm hazırlıq səviyyəsi, həm peşəkarlığı, həm də şəxsi heyətin xidməti işə münasibəti baxımdan çox yüksək səviyyədədir. Ulu öndərin və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin tövsiyə və tapşırıqlarına bacarıqla, layiqincə əməl edirlər. Şəxsi heyətin döyüş və xidmət səviyyəsinin durmadan yüksəlməsinə nail olan Sərhəd Qoşunlarının bu günü ilə qürur duymağa haqqı çatır. Çünki Azərbaycan sərhədçiləri bu gün sözün həqiqi mənasında ölkə sərhədlərinin etibarlı təhlükəsizliyini təmin etməyə tam qadirdir.  Hazırda ölkə sərhədlərini peşəkarlıqla qoruyan sərhədçilərimiz həm də Azərbaycanın qərbində, Ermənistanla sərhədlərin müdafiəsini uğurla yerinə yetirir. Bunu yaxın da, uzaq da, dost da, düşmən də görür və istəsə də, istəməsə də qəbul etmək məcburiyyətindədir. -Bu uğurların təməlində hansı faktorlar dayanır? - Azərbaycan sərhədçilərinin əldə etdiyi uğurların təməlində bir sıra inkarolunmaz amillər dayanır. Əvvəldə qeyd etdiyim kimi, Ali Baş Komandan hörmətli Prezidentimiz İlham Əliyevin qətiyyətli addımları. Sərhəddə xidmət səviyyəsinin yüksəlməsi və peşəkarlığın artmasını da buraya əlavə etsək, mənzərə tam aydın olar. Sərhədçilərimiz vətəninə, xalqına, dövlətinə həqiqi sədaqətlə xidmət edir, yüksək peşəkarlıq göstərir, tapşırılan işə tam məsuliyyətlə yanaşırlar. Onlarda yeniliyi mənimsəmək bacarığı və daim təkmilləşməyə, özünü inkişaf etdirməyə çalışmaq həvəsi vardır. -Yəqin ki, sərhədçilərimizə bayram təbrikiniz də var. -Hazırda qoşunların bütün şəxsi heyəti Sərhəd Qoşunlarının 100 illiyinə - böyük bayrama, təntənəli yubileyə hazırlaşır. Hər bir əsgərinin, hər bir zabitinin bu tarixi günə xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək cavab verəcəyinə inanırıq. Çünki onlar bunu öz şərəfli və qürur doğuran peşələri ilə haqq edirlər. Azərbaycan sərhədləri etibarlı əllərdədir. Bütün sərhədçiləri qarşıdan gələn təntənəli yubiley münasibətilə təbrik edir, vətən üçün çox gərəkli xidmətlərində uğurlar diləyirəm.   Şəmsiyyə Əliqızı

Hamısını oxu