Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin

B Ə Y A N A T I

30 ildən çoxdur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru davam edir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb.  Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır.

Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyirik. Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər.

Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir.

Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Polkovnik Cəlil Xəlilov

2026-08-04 11:07:00
745 baxış

Digər xəbərlər

Qələbənin 72-ci ildönümü münasibətilə Ukraynada görüşlər

Artıq bir neçə ildir ki, Ukraynanın “İnter” telekanalı İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirir. Bir qayda olaraq bu tədbirlərdə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının nümayəndələri iştirak edirlər.  Həmin tədbirlər zamanı “İnter” telekanalının 9 may, xüsusi bayram verilişlərinin hazırlanması məqsədi ilə veteranlarla müxtəlif görüşlər təşkil olunur, onlardan keçdikləri döyüş yollarını, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının veteranlara münasibətini əks etdirən müsahibələr götürülür. İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ilə bağlı aprelin 17-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan növbəti tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də iştirak etmişlər. Tədbirdə Respublika Veteranlar Təşkilatını İkinci dünya müharibəsi veteranı Bəkir Məmmədov və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev təmsil etmişlər. İlk tədbirdə “İnter” telekanalının 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başladığı layihə çərçivəsində nəşr edilmiş “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunun ikinci cildinin təqdimatı keçirilmişdir. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan bu cildə İkinci dünya müharibəsinin 100 nəfər günümüzə qədər sağ qalan (təəssüf ki, tədbirə qədər həmin veteranlardan 7 nəfəri vəfat etmişdi) iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. 212 səhifədən ibarət olan fotoalbom həmin döyüşçülərin döyüş yolunun və müharibədən sonrakı həyatının ən mühüm və təsirli məqamlarını əks etdirir. 100 insan taleyindən söhbət açılan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. Respublika Veteranlar Təşkilatının şöbə müdiri Lətif Babayev tədbirə qatılan Ukrayna, Gürcüstan, Moldova, Belarus veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunmasından, daim qayğı ilə əhatə olunmasından danışmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir. Tədbirlərin 3-cü günü “İnter” telekanalının 9 may verilişlərində nümayiş etdiriləcək 4 saatlıq xüsusi konsert proqramı nümayiş etdirilmişdir. Ukraynanın tanınmış musiqiçilərinin ifasında səslənən Vətən, torpaq, müharibə, qələbə, gənclik, sevgi və s. mövzuları əhatə edən bu mahnılar iştirakçıların ürəyincə olmuş, veteranlar dəfələrlə ayaqüstə onları alqışlamışlar. Müharibəyə aid təsirli səhnələrdən ibarət olan süjetlər, dekorativ səhnələr həmin günlərin canlı şahidlərini daha da təsirləndirmiş, bir sıra nömrələr göz yaşları ilə müşayiət edilmişdir. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 minə yaxın soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi qeyd edilmişdir. Azərbaycan nümayəndələri eləcə də, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. 20 aprel 2017-ci ildə Respublika Veteranlar Təşkilatının nümayəndələri Ukraynalı həmkarları ilə görüş keçirmişlər. Bu görüşdə veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışılmışdır.  Görüşün sonunda Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Veteran həmrəyliyi”, “İnter” telekanalının Multimedia qrupunun rəhbəri Anna Bezlyudnayaya “Həzi Aslanov”, baş redaktoru Anton Nikitinə “Əliağa Şıxlinski” yubiley medalları təqdim edilmişdir. Tədbir iştirakçıları "Naməlum Əsgər" və "Ana Vətən" abidələrini ziyarət etmiş, hər iki abidənin önünə gül dəstələri qoymuşlar. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər.

Hamısını oxu
Ulu Öndər xalqın yaddaşında xilaskar dövlət xadimi, milli lider kimi qalıb

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının əbədi lideri və xilaskarıdır. Xalqımız Ulu Öndəri, onun tarixi xidmətlərini heç vaxt unutmayacaq. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri unudulmazdır və bu xidmətlər hər zaman xalqımız tərəfindən minnətdarlıq hissi ilə xatırlanacaq: “Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, dövlətimizin güclənməsi, erməni işğalının genişlənməsinin qarşısının alınması, ölkəmizin iqtisadi qüdrətinin artması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızın, dövlətimizin həyatında prinsipial rol oynayıb. Ulu Öndərin milli dövlətçiliyin möhkəmlənməsi, təhlükəsizliyimizin təmin edilməsi istiqamətindəki ən mühüm xidmətlərindən biri isə nizami ordunun formalaşdırılmasıdır. Çünki məhz vahid komandanlıq sisteminin tətbiqi, peşəkar hərbi kadrların hazırlanması, ordunun müasir hərbi texnika ilə təmin edilməsi Ermənistanın işğalının genişləndirilməsinin qarşısını aldı. Düşmən öz işğalçılıq planlarını sona qədər həyata keçirə bilmədi. 1994-cü ildə Heydər Əliyev “Əsrin müqaviləsi” adlı nəhəng neft müqaviləsinin imzalanmasına nail oldu. Bu da Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməklə yanaşı, dövlət büdcəmizə böyük maliyyə vəsaitlərinin daxil olmasına imkan verdi. Nəticədə, ordumuzun maddi-texniki təchizatının yaxşılaşdırılması, müdafiə qabiliyyətimizin güclənməsi üçün əlverişli zəmin formalaşdı. Bu gün Azərbaycan xalqı öz böyük liderinin 19-cu ildönümünü, Anım Gününü minnətdarlıq hissi ilə yad edir. Azərbaycanın hər bir vətəndaşı anlayır ki, onun bugünkü firavanlığının kökündə Heydər Əliyev faktoru dayanır. Məhz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının rifahını, sosial ədaləti, təhlükəsizliyimizi təmin edib. Biz bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə, onun memarı olduğu dövlətçilik ənənəsinə borcluyuq”. “Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Heydər Əliyevi sevgi və minnətdarlıq hissi ilə yad edir, veteranlar olaraq ona öz sonsuz ehtiramımızı bildiririk. Heydər Əliyevin müqəddəs xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq və dövlətimizin çiçəklənməsi uğrunda fəaliyyətimizdə bizim üçün ən böyük stimul olacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
“Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri keçirilib

19 yanvar 2026-cı il tarixində Qobu qəsəbə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan “Unudulmayan faciə, sarsılmaz Xalq” adlı anım tədbiri təşkil olunub.  Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsi zamanı şəhid olan qəhrəmanlarımızın, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub. Tədbirin əsas hissəsində 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixi, siyasi və mənəvi mahiyyətindən bəhs edən məruzə ilə çıxış olunub. Bildirilib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsini sarsıtmaq məqsədi daşısa da, əksinə, xalqımızın müstəqillik əzmini daha da möhkəmləndirib. Sonra faciənin ağrısını və şəhidlərin qəhrəmanlığını əks etdirən xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” adlı şeiri səsləndirilib. Çıxışlar zamanı əslən Qobu qəsəbəsindən olan 20 Yanvar şəhidi Xəlqan Yusif oğlu Əliyevin həyat və qəhrəmanlıq yolundan bəhs edilib. Qobu qəsəbəsinin Ağsaqqallar Şurasının üzvü, yazıçı-jurnalist Məmmədağa Ağarzaoğlunun “Candan Əziz” kitabında şəhid Xəlqan Əliyev və onun həyatı haqqında ətraflı məlumatın əks olunduğu vurğulanıb. Tədbir zamanı Qanlı Yanvar hadisələrinin canlı şahidi və kitabın müəllifi olaraq Məmmədağa müəllimə söz verilib. O, çıxışında 20 Yanvar gecəsinin dəhşətli anlarını, xalqın göstərdiyi birlik və cəsarəti, şəhidlərimizin fədakarlığını, Tərlan və Xəlqan qardaşlarının qəhrəmanlıq tarixini iştirakçıların diqqətinə çatdırıb. Tədbirin davamında Qobu qəsəbə Ağsaqqallar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Ramiz Məmmədov çıxış edərək, şahidi olduğu tarixi faktlar, həmin dövrün ictimai-siyasi vəziyyəti və xalqın yaşadığı ağrılı günlər haqqında xatirələrini bölüşüb. Sonda tədbir iştirakçıları üçün “Şəhidlərimizi Qürurla Anırıq” adlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidə 20 Yanvar şəhidlərinin xatirəsini əks etdirən nəşrlər, fotolar və materiallar nümayiş olunub.

Hamısını oxu
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi qulluqçuları Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsən 28 may – Müstəqilik günü münasibətilə hərbi qulluqçuları təbrik edib. Təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümü, 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi yüksək tutulmuş, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında və dövlətçilik ənənələrimizin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqda davam edir və bu gün Azərbaycan regionda dayanıqlı sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir. Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilmiş təlimlər şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun tarixində yeni qəhrəmanlıq səhifələrinin açılmasına təkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, həmçinin antiterror əməliyyatı nəticəsində işğalda olmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü və peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi, bütün ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad ölkəmizin müdafiə qüdrətinin gündən-günə artırılmasının göstəricisidir. Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün qüdrətli Azərbaycan Ordusunun bölmələri Vətənimizin keşiyində əzmlə dayanaraq, Böyük Qayıdış proqramı çərçivəsində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə öz layiqli töhfələrini verir. İnanıram ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalaraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, sağlamlığını itirən döyüşçülərimizi, veteranları Müstəqillik Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Bir daha 28 May – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram. 28 May – Müstəqillik Gününüz mübarək olsun!"

Hamısını oxu