Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Neftçalda Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

26 avqust 2026-cı il tarixdə Neftçala rayonunda Azərbaycanın Milli Qəhrəmanı, hərbi pilot, Birinci Qarabağ müharibəsi şəhidi Zakir Məcidovun 70 illik yubileyi münasibətilə “Vətən göylərində əbədi uçuş” adlı anım tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə, təşkilatların rəhbərləri, I və II Qarabağ müharibəsi qaziləri, veteranlar, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri, eləcə də Milli Qəhrəman Zakir Məcidovun ailə üzvləri, doğmaları və döyüş yoldaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Neftçala rayonunun Həsənabad qəsəbəsində yerləşən Şəhidlər abidə kompleksini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq canlarını Vətən uğrunda fəda etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Neftçala Olimpiya İdman Kompleksinin ziyafət zalında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə  rayonun ilk Milli Qəhrəmanı Zakir Məcidovun şərəfli ömür yolu və döyüş fəaliyyəti haqqında ətraflı məlumat verilib, qəhrəmana həsr olunmuş “Bir qəsəbənin üç qəhrəmanı” adlı sənədli filmdən videoçarx nümayiş olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Birinci Qarabağ müharibəsinin ağır illərində Azərbaycan oğulları düşmənin qarşısına Vətən sevgisi ilə çıxıb və dövlətimizin ən çətin günlərində ona dayaq olublar. Həmin illərdə Zakir Məcidov kimi cəsur oğullar Vətənin səmasında döyüşərək, silahı cəsarəti, qanadı helikopteri ilə torpaqlarımızın təhlükəsizliyi uğrunda canlarını fəda ediblər. Zakir Məcidovun keçdiyi şərəfli ömür yolu, göstərdiyi mərdlik və hərbi şücaət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün əsl məktəbdir.

RİH başçısı vurğulayıb ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu böyük Zəfər qazanaraq şəhidlərimizin qanını yerdə qoymadı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, poladdan olan iradəsi və ordumuzun qüdrəti sayəsində torpaqlarımız işğaldan azad edildi, lokal antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olundu. Bu gün Xankəndidə, Xocalıda, Şuşada, Laçında və Zakir Məcidovun son döyüşünü keçirdiyi Ağdərədə üçrəngli bayrağımız qürurla dalğalanır, azad olunmuş ərazilərdə “Böyük Qayıdış” proqramı uğrunda geniş abadlıq işləri aparılır.   Çıxışda həmçinin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik xəttinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük diqqətlə davam etdirildiyi, şəhid ailələrinə, qazilərə və veteranlara qayğı göstərilməsinin dövlət siyasətinin ana xəttini təşkil etdiyi bildirilib.

Tədbirdə çıxış edənlər – Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, hərbi pilot I Qarabağ müharibəsi qazisi, şəhidin döyüş yoldaşı Bayram Muxtarov, Milli Qəhrəmanın həyat yoldaşı Lətafət Məcidova, qohumu Hicran Mahmudova, "Neftçala-Gündoğar" rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, I Qarabağ müharibəsi şəhidi Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşı, baş leytenant Seymur Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Neftçala rayon təşkilatının sədri Mustafa Qaramanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəsi Gülər Mirzəyeva Zakir Məcidovun uşaqlıq illərindən, Sasovo Ali Hərbi Aviasiya Məktəbini bitirərək Mi-24 helikopterinin komandiri kimi göstərdiyi əvəzsiz xidmətlərindən, 1992-ci ilin 6 avqustunda şəhadətə qovuşduğu son uçuşundan, malik olduğu yüksək insani keyfiyyətlərdən və simvoluna çevrildiyi əbədi qəhrəmanlıq irsindən danışıblar. Çıxışlarda Vətənə sevgi, dövlətə sədaqət və şəhidlərimizin müqəddəs xatirəsini yaşatmağın hər bir vətəndaşın mənəvi borcu olduğu, onların adının Azərbaycan xalqının qəlbində hər zaman uca tutulacağı vurğulanıb.

Mərasimin bədii hissəsində Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin incəsənət xadimlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və  mahnılar səsləndirilib.

Neftchala-ih.gov.az

 

2026-08-27 11:55:00
628 baxış

Digər xəbərlər

Fransa Müqavimət Hərəkatı qəhrəmanına həsr olunan kitab təqdim edilib

Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib. O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir. Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib. Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər. Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.

Hamısını oxu
Nazim Eynallı : “31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdir”

Heç bir qanlı tarix unudulmur. Hətta tarixi saxtalasdirmağa çalışanlar zamanın yaddaşında itib batırlar.Umumiyyətlə, faktlarla zəngin reallığı heç nə dəyişə bilməz. Elə 1918-ci ilin 31 mart soyqırımı kimi.Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər təkcə Bakıda deyil, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə də azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. Daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğınların miqyası geniş, terror qurbanlarının sayı ölçüyəgəlməzdir.Biz isə bu tarixi faktları indiki və gələcək nəsillərə çatdırmalıyıq. Onlar tariximizin hər bir səhifəsinin təbliğinə öz töhfələrini verməlidirlər.1918-ci il mart soyqırımı genişmiqyaslı olub. Martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də adlarını qeyd etdiyim digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovublar.Bu “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq edib. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu.Bir sözlə, 31 mart insanlıq adına törədilmiş ən dəhşətli qətliamdır. Bu faciə heç zaman unudulmayacaq.

Hamısını oxu
Laçın sərhəd məntəqəsi erməni separatçıları üçün sonun əvvəlidir

Hamısını oxu
2021-ci il Azərbaycan üçün uğurlu və əlamətdar oldu

2021-ci il başa çatmaq üzrədir. Bu il də dünyanın mənzərəsi həm rəngarəng, həm də ziddiyyətli və mürəkkəb oldu. Bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilmiş və ciddi dəyişikliklərə səbəb olan pandemiya şəraiti, iqtisadi problemlər, ayrı-ayrı regionlarda hərbi-siyasi qarşıdurmalar, siyasi kataklizmlər və s. bir çox güclü, inkişaf etmiş ölkələrin çox sayda problemlər və çətinliklərlə qarşılaşmasına səbəb oldu. Cənubi Qafqazın lider ölkəsi, dünyada güclü – qüdrətli, nüfuzlu və qalib dövlət kimi tanınan Azərbaycan isə öz inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdi.   Zəfər yürüşünün davamı   Yola salmağa hazırlaşdığımız il Azərbaycan üçün Zəfər ilinin, yaxud Zəfər yürüşünün davamı oldu. Belə ki, ötən il işğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışa hazırlıq məqsədilə mühüm layihələrin reallaşdırılması, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri mühüm əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu. Bu, həmçinin Azərbaycanın milli inkişafın yeni mərhələsinə qədəm qoymasına imkan verən mühüm amillərdən biridir.   Ardıcıl islahatlar və uğurlu siyasi dialoq prosesi Azərbaycanın qüdrətini artırır   2021-ci ildə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında bütün sahələri əhatə edən sistemli islahatların həyata keçirilməsi Azərbaycanın gücünün daha da artmasını şərtləndirdi. İslahatlar iqtisadiyyatın inkişafı, idarəetmədə səmərəliliyin artırılması, qanunun aliliyinin təmin olunması, vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsaslarının gücləndirilməsi baxımından böyük əhəmiyyətə malik oldu.  Xüsusilə də, siyasi dialoq prosesinin uğurla davam etdirilməsi milli birliyin – həmrəyliyin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, postmüharibə mərhələsində də siyasi qüvvələr milli maraqlara, xalqın və dövlətin mənafeyinə dair məsələlərdə birlik – vahid mövqe nümayiş etdirməklə Azərbaycan Prezidentinin qətiyyətli siyasətinə birmənalı dəstək verdilər. Bu isə xalqımızın həmrəyliyinin daha da güclənməsidir.   Həmrəyliyimiz milli gücümüzdür   Həmrəylikdən  bəhs edərkən xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək öz qüdrətini bütün dünyaya göstərən Azərbaycan xalqı bu il 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha böyük qürur və sevinc hissi ilə qeyd edir. Çünki biz qalib ölkənin vətəndaşları, qalib xalqın nümayəndələriyik!   Burada haşiyə çıxaraq bir daha xatırlatmağı borc bilirəm ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilməsi böyük tarixi əhəmiyyətə malikdir. O zaman Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət etmişdi. Dekabrın 25-də isə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etmişdi. Ümummilli Liderimiz “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı ilə milli mənsubluğumuzla, milli kimliyimizlə qürur duymağı aşılamışdı. Onun əsasını qoyduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqının birliyini, həmrəyliyini təmin edən məfkurəyə çevrildi. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi isə milli birliyimizi zirvəyə daşıdı və Vətən müharibəsində biz bunun canlı şahidi olduq. Bu gün də dünya azərbaycanlıları Heydər Əliyev ideyalarını, Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir, milli məfkurəmiz olan azərbaycançılıq ətrafında sıx birləşib.   Yeni mərhələ və yeni hədəflər   Müasir müstəqil Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub, ümummilli məqsədlərə və strateji hədəflərə çatmaq uğrunda inamla addımlar. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan daha güclüdür, yeni nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq əzmindədir. Xalq-iqtidar birliyi ölkəmizin qarşısında yeni perspektivlər açır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır: “Çünki Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”. Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!   Siyavuş Novruzov Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Hamısını oxu