Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

DTX dövlətə xəyanətdə şübhəli bilinən ər-arvadı həbs etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları - Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələr müəyyən edilib. Modern.az-ın DTX-ya istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, xarici xüsusi xidmət orqanı tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə fəaliyyət göstərərək, müxtəlif ölkələrin ərazisində xarici xüsusi xidmət orqanının nümayəndələri ilə keçirilmiş gizli görüşlərdə verilmiş tapşırıqlara əsasən, dövlət sirri təşkil edən məlumatları və digər informasiyaları müntəzəm surətdə toplayaraq onlara təqdim ediblər. Həbib Abbasquliyev və Lamiyə Abbasquliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

2020-07-30 00:00:00
3482 baxış

Digər xəbərlər

Prezidentlə Fatma Səttarovanın səmimi söhbəti- Video

Prezident İlham Əliyev bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın 100 illiyi münasibətilə ona Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordenini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısına minnətdarlığını bildirən Fatma Səttarova deyib: Azərbaycanımın, Azərbaycan Ordusunun qəhrəman oğlu, Ali Baş Komandan, 44 günün içində o boyda dağlıq yerləri, Qarabağı aldınız. Böyük qəhrəmanlıqdır. Azərbaycan xalqı Sizinlə fəxr edir, Allah qorusun. Siz camaata ruh verdiniz, Siz camaata inam verdiniz, Siz camaata ölkə qaytardınız, Siz Vətən qaytardınız, torpağımızı qaytardınız. Prezident İlham Əliyev: Bu, bizim hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir. Fatma Səttarova: Bəli, hamımızın, Azərbaycan xalqının qələbəsidir. Bəli, qələbəsidir, düzdür, o qələbənin rəhbəri lazımdır, o qələbəni qazanmaqdan ötrü rəhbər lazımdır. Prezident İlham Əliyev: Bu qələbədə veteranların da payı çox olub. Siz hamımız üçün nümunəsiniz. Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmisiniz, böyük fədakarlıq göstərmisiniz. Ondan sonra da həmişə fəal olmusunuz. Sizi mən yüksək ordenlə təltif etmişəm. Fatma Səttarova: Bilirəm, çox sağ olun, Allah razı olsun. Prezident İlham Əliyev: Bu, Azərbaycan dövlətinin ən ali ordenlərindən biridir, “İstiqlal” ordenidir. Siz buna layiqsiniz. Çünki siz öz həyatınızla istiqlal ideallarımızı tərənnüm etmisiniz və müstəqillik dövründə sizin fəallığınız, sizin sözünüz, qətiyyətli addımlarınız, dövlətçiliklə bağlı gördüyünüz işlər bizim üçün çox əzizdir və nümunədir. Fatma Səttarova: Çox sağ olun, Sizə qurban olum. Prezident İlham Əliyev: Hər zaman sizinlə və digər veteranlarla 9 May Günündə görüşəndə biz Qarabağ haqqında danışırdıq. Fatma Səttarova: Bəli, ancaq. Prezident İlham Əliyev: Qarabağ haqqında danışırdıq və mən deyirdim ki, gün gələcək biz torpaqları azad edəcəyik, bax, gün gəldi. Fatma Səttarova: Şükür, çox şükür. Sonra Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib və ona möhkəm cansağlığı arzulayıb.  

Hamısını oxu
"Avrora Grup"dan Heydər Əliyev ideyalarına əməli dəstək....

Sabah 15 iyun – Milli Qurtuluş Günüdür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarxinində Azərbaycan Respublikasının Ali Sovetinin sədri vəzifəsinə seçilməsi faktiki olaraq Azərbaycan dövlətinin gələcəyini müəyyənləşdirmiş oldu. Qısa zamanda daxili pərakəndəlik və qarşıdurmalara son qoyan Ulu Öndər, milli birliyi təmin etməklə yanaşı, vahid ordunun formalaşması, Azərbaycan neftinin dünya bazarına çıxarılması, iqtisadiyyatın inkişafı və s.ş istiqamətlərdə fundamental dövlət siyasəti həyata keçirməyə başladı. Məhz Heydər Əliyev irsinə sadiqlik, Ulu Öndərin siyasi kursuna bağlılığı müasir Azərbaycanın bütün sahələrdə - hərbi, diplomatik, siyasi, iqtisadi, mədəni və s. müstəvilərdə uğurlarını təmin etdi.  Əminliklə demək olar ki, bu gün Azərbaycan öz qüdrətinin zirvəsində qərarlaşmaqda, əldə etdiyi nailiyyətləri daha dərinləşdirməkdir. Lakin bu da bir həqiqətdir ki, bugünə qədər olduğu kimi bundan sonra da dövlətimiz və xalqımızın inkişafı Heydər Əliyev ideyalarına sadiqlik göstərməkdən, bu ideyaları sadəcə sözdə deyil, həm də əməli müstəvidə dəstəkləməkdən keçir. Ümummilli Liderin çağırış və tövsiyyələrinin praktiki şəkildə gerçəkləşdirilməsi Ulu Öndər irsinə sadiqlik nümunəsi olmaqla yanaşı, həm də dövlətimizin inkişafına töhfə, xalqımızın sosial-mənəvi yüksəlişinə dəstəkdir. Bu məsələdə hər bir fərdin, eləcə də dövlət qurumları ilə yanaşı, özəl şirkətlərin, iş adamlarının üzərinə böyük məsuliyyət düşür. Nümunə üçün qeyd edək ki, bugünlərdə “Avrora Qrup”un dəstəyi və təşkilatçılığı ilə “Nur” uşaq evində məskunlaşan bir qrup uşağın Şuşa və Xankəndiyə səfəri təşkil edilib, ölkəmizin uşaqlara tanıdılması istiqamətində bir-birindən maraqlı layihələr həyata keçirilib. “Avrora Qrup”un sosial platformadakı hesabında bu barədə deyilir: “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib. Şirkətin sosial-ictimai məsuliyyət dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evində məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub. Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb. Qeyd edək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir. Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir”. Göründüyü kimi, uşaqlarla bağlı bu layihə özəl şirkət tərəfindən reallaşdırılıb və mahiyyət etibarı ilə işğaldan azad edilən ərazilərimizin tanıdılmasına, azyaşlılara sevdirilməsinə, respublikamızın tarixi, təbiəti, mədəniyyəti haqqında daha dolğun məlumat almasına xidmət edib. Hansı ki, Ulu Öndər Heydər Əliyev vətənin gənclərə uşaq vaxtından sevdirilməsinin önəminə toxunub, vətənpərvərlik hislərinin erkən yaşlarından formalaşdırılmasının vacibliyini vurğulayıb. Heydər Əliyev deyib: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Bu baxımdan, bütün sahə və istiqamətlərdə Ulu Öndər ideyalarının əməli şəkildə dəstəklənməsi vacibdir. Yalnız belə olduğu təqdirdə dövlətimizin tərəqqisini sığortalamaq, respublikamızın dinamik inkişafını təmin etmək mümkündür. Seymur ƏLİYEV

Hamısını oxu
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

Şənbə günü Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının müddətdən artıq xidmət edən hərbçisinin cəsədi kirayə qaldığı mənzildə aşkarlanıb.    Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib.    Qeyd edilib ki, hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən Rusiya hərbçisinin ölüm səbəbi araşdırılır: "4 iyul 2020-ci il tarixində hərbi hissənin ərazisindən kənarda - Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının müqavilə əsasında xidmət edən hərbçisinin yaşadığı kirayə mənzildə cəsədi aşkarlanıb. Meyitin üzərində zorakı əlamətlər tapılmayıb. İlkin məlumatlara görə, hərbçinin ölümünə səbəb səhhətilə bağlı olub”.   Hadisənin xidmət vaxtından sonra baş verdiyi bildirilib.   Xatırladaq ki,  Rusiyaya məxsus sözügedən hərbi baza 1995-ci ildən Ermənistanda yerləşdirilib. 2010-cu ildə bazanın daha 49 il Ermənistanda saxlanılması barədə razılıq əldə olunub. 

Hamısını oxu
Məşhur polkovnik Hamlet Hüseynov vəfat etdi

Birinci Qarabağ müharibəsində Gədəbəyin müdafiəsinin əsas təşkilatçılarından olan və Başkənd əməliyyatını həyata keçirən polkovnik Hamlet Hüseynov vəfat edib. Qocaman hərbçi 91 yaşında dünyasını dəyişib. Hamlet Hüseynov 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olub. Azərbaycanın bir sıra bölgələrində: Gədəbəy, Tovuz, Sumqayıt, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarınin 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışıb. Birinci Qarabağ müharibəsi dövründə 62 yaşında silaha sarılaraq erməni işğalçılarına qarşı mübarizəyə qoşulmuş və qəhramanlıqlar göstərmiş Hamlet Hüseynov xatirələrində deyib: "Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdlular xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq". Qeyd edək ki, Hamlet Hüseynov şücaət və qəhrəmanlıqlarına görə bir çox orden və medallarla təltif olunub. Hamlet Hüseynov FHN-in general-mayoru Etibar Hüseynovun atasıdır. Onun qardaşı oğlu, general-leytenant Əliağa Hüseynov isə uzun müddət Azərbaycanın hərbi komissarı və millət vəkili olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti polkovnik Hamlet Hüseynovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu