Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev şəhid ailəsini ziyarət edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Ənvər Qarayev Beyləqan Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub. Daha sonra Ənvər Qarayev Təşkilat sədri polkovnik Cəlil Xəlilovun tapşırığına əsasən şəhid Rizvan Nəsirovun ailəsini ziyarət edib. 

Ziyarət əsnasında şəhid ailəsinin vəziyyəti ilə maraqlanan Ənvər Qarayev, şəhidlərimizin dövlət və xalq qarşısındakı xidmətinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və ehtiramla xatırlanacağını bildirib.

Görüşün sonunda Respublika Veteranlar Təşkilatının Zəngilan Rayon Təşkilatının sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından şəhid atası Yusif Nəsirova əlil arabası hədiyyə edib.

Şəhid ailəsi olaraq Prezident İlham Əliyevin diqqətini daim üzərlərində hiss etdiklərini bildirən Yusif Nəsirov, qayğıya görə Azərbaycan dövlətinə, Müzəffər Ali Baş Komandana eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

2026-09-07 12:34:00
530 baxış

Digər xəbərlər

Siz nə edirsiniz, cənab Prezident!

  “Bu gün Madagizdə Azərbaycan Ordusu Azərbaycan bayrağını qaldırdı”. Bugünkü tvitinizdir... Yazırsız ki, “Madagiz bizimdir”. Siz nə edirsiniz, cənab Prezident! Nə qədər heyrətamizdir, bilirsiniz?! Bu, Qələbə müjdəsi deyil, bu, Möcüzədir, arzularımızda, xəyallarımızda, təsəvvürlərimizdə 30 il birikdirdiyimiz Möcüzə... O qədər sevinc, qürur və həyəcan içindəyik ki, ürəyimizin dözməyəcəyindən, dayanacağından qorxuruq. Bu qədər sevinci, xoşbəxtliyi, bəxtəvərliyi birdən-birə yaşamaq, dadmaq olar?! Ordumuzun və Sizin sürətinizə çatmaq üçün qaçırıq, fərqindəsiniz?! Gözümüz, könlümüz sevinir, ruhumuz bayram edir, yalnız və yalnız pozitivə köklənmişik, evrənə müsbət enerji göndərərərk eynisini geri gətiririk. İnsanın iliklərinə qədər, saçlarının ucuna qədər, başlanğıcından sonuna qədər sevinməsi, fərəhlənməsi budur! Siz bu 1 həftədə sadəcə 7+7 kənd almamısınız, bizimçün 7777 kənd dəyərindədir işğaldan azad etdikləriniz! O yüksəkliklər var ya... – ki, indiyədək bizə göyün yeddinci qatı qədər uzaqdan görünən, əlçatmaz, ünyetməz olan, azad etdiyiniz yüksəkliklər - cənab Prezident, orda Üçrəngli bayrağımızı dalğalandırırsınız artıq... Biləsiniz ki, bizi də onlar qədər – o Dağlar qədər, o Zirvələr qədər yüksəltmisiniz, göylərə qaldırmısınız, ucaltmısınız. Dünyada 50 milyon azərbaycanlı var, bu günlər heç birimizin ayağımız yerə dəymir, göylərdəyik hamımız. Qanad açmışıq, uçuruq Vətən səmasında... Nə qədər gözəl, ağlasığmaz dərəcədə gözəl, fövqəladə gözəl hisslər yaşayırıq, bilirsinizmi?! Siz bu xalqa nələr verirsiniz, cənab Prezident! Siz bizim arzularımızı bir-bir göyərdirsiniz; siz bizim xəyallarımızı gerçəkləşdirirsiniz; siz əfsanə yaradırsınız! Yadınızdadır, Şuşada “bədnam düşmənlərimizin ”inauqurasiya”sı keçiriləndə hamımız çox sınmışdıq, çox qırılmışdıq, zərrələrə bölünmüşdük, “Şuşanı vur” deyirdik... Biz gözümüzü Sizə dikmişdik, Şuşanı “vurmağınızı” istəyirdik! İstəyirdikmi? Şuşa vurularmı? Siz öz təmkininizlə bunu ifadə edirdiniz. “İnauqurasiya”dan sarsılanlarımız isə bu “intihara” getməyimizi istəyirdi... Biz toplum olaraq səbirsizliklə Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin... vurulmağını umarkən, intihara hazır olduğumuzu göstərərkən, Siz xalqın xilas gününü hazırlayırsınızmış... Siz bütövlükdə 50 milyonu özünəqəsddən xilas etdiniz, cənab Ali Baş Komandanım! Nə qədər böyük strateq, nə qədər uzaqgörən hədəfiniz, nə gözəl Xilas Planınız varmış! Siz Qarabağ hərbi üçün bütün dünyanı dolaşırdınız - Valdayda, Soçidə, Aşqabadda, Münhendə erməni baş nazirini ifşa və zəlil edəndən sonra; diplomatik qələbələrin ardınca “Bu da Hərb Meydanı!” dediniz... Siz Qələbəni – Qələbəmizi ilkinindən-sonuna, son gününə, anına, anılarına kimi planlayıb bitirirmişsiniz, “Xankəndi Xanın kəndidir, hanı bu şəhərin “qədim erməni” adı? Niyə bu torpaqlara gəlmələrinin 150 illiyinə “Marağa –150” abidəsini 1978-ci ildə qoymuşdular? Sonra niyə tələm-tələsik o abidəni söküb gizlədir, izini itirirdilər” deyəndə Xankəndini bir nəfəs qədər yaxında hiss edirmişsiniz, cənab Prezident... Mən indi anlayıram ki, əslində Siz öncə Qarabağı ürəyinizlə, qəlbinizlə, daxili inamınızla almısınız. Ürək yanıltmaz. Tanrı Sizə bu şansı tanıyıb. Məhz Sizə tanıyıb. Tanrı istəyib ki, Qarabağın xilaskarı, Azərbaycanın bütövlüyünün memarı, Qələbəmizin Sərkərdəsi məhz Siz olasınız! Allah necə böyükdür! Allah necə müdrikdir! Siz bizi diriltdiniz, dirildirsiniz, cənab Prezident! Siz bu məmləkətin ən Diri Övladlarının – Şəhidlərimizin ruhunu şad edirsiniz! Mən bilirəm ki, indi Polad Həşimovun, Mübariz İbrahimovun, Vəzir Orucovun, Şirin Mirzəyevin, Raquf Orucovun və yüzlərlə şəhid qəhrəmanlarımızın ruhu necə şaddır... Mən əminəm ki, 2 yaşlı Zəhra balamızın bapbalaca qəlbi-ruhu necə şaddır... Mən əminəm ki, Xocalının ruhu necə şaddır... Mən əminəm ki, Sizin valideynlərinizin – böyük Heydər Əliyevin, dəyərli Zərifə Əliyevanın ruhu necə şaddır... Onlar Sizinlə qürur duyurlar... Onlar Sizin qürurlandırdığınız 50 milyon insanımızın şükranlığı ilə qürur duyurlar... Tarix yazmaq, tarix yaratmaq hər dövlət adamına, dövlət başçısına nəsib olmur. Bəzən, bir çox hallarda onlar tarixdən bir epizod kimi keçib gedirlər. Liderlik – başqa bir mərtəbədir. Fərqli bir obrazdır. Tarix yazmaq, bir millətin taleyini dəyişmək, sərhədlərini birləşdirmək, bütövləşdirmək, coğrafiyası, ərazisi ilə yanaşı, özünü də bütünləşdirmək miqyasagəlməz xidmətdir. Vətən, millət və Tanrı qarşısında! Seçilməkdir bu! Siz bu xalqın və Tanrının seçilmişisiniz, cənab Prezident... Təşəkkürümüzü və minnətdarlığımızı ifadə etmək üçün Söz acizdir... Bir insan, bir toplum, bir millət öz Liderinə, öz Ali Baş Komandanına necə minnətdar olar, necə təşəkkür edər?! Bir insan şükranlığını necə ifadə edə bilər? Sizin hazırlıqlarınız fonunda biz sanki hazırlıqsız yaxalandıq... Cənab Prezident, Siz bu günlərdə yalnız Qarabağ uğrunda müharibə aparmırsınız. Siz eyni zamanda, eyni əzmkarlıqla bu Millətin Ruhunu ayağa qaldırırsınız: Siz bu Millətin 1813-də, 1828-də, 1905-də, 1918-də, 1929-də, 37-də... və 1988-də qırılan, əzilən Varlığını ayağa qaldırırsınız! Siz Milləti böyüdürsünüz! Tanrı Sizi və Əsgərlərimizi qorusun! Tanrı Sizi və Qələbəmizi qorusun! Bu millətin Sonsuz Sevgisi Sizə halal olsun! Min dəfə, milyon dəfə HALAL OLSUN! Madagizin özünü də, anında adını da geri aldınız – Suqovuşan! Şükür qovuşdurana.  

Hamısını oxu
Ordumuz xalqımızın iftixar mənbəyi, təhlükəsizliyimizin qarantıdır!

Dünyanın müxtəlif regionlarında dövlətlərin bir-birlərinə qarşı mübarizədə istifadə etdikləri yeni müharibə üsulları, iqtisadi sankiyalar, törədilmiş terror aktları, separatizm, etnik-dini-siyasi qarşıdurmalar və s. proseslərin geniş vüsət alması, regiona dövlətlərin milli və hərbi təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Mövcud vəziyyətin mürəkkəbliyi problemin qarşısının alınması mexanizmlərinin səmərə vermədiyini deməyə əsas verir. Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən bir sistemi yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təmin olunması, həm sırf hərbi, həm də siyasi-diplomatik, iqtisadi, ideoloji və digər quruluşlu bütün komponentlər, dövlət qurumlarının məqsədyönlü və əlaqəli səyləri sayəsində əldə olunur. Hərbi təhlükəsizlik üç səviyyəyə bölünür: qlobal, regional və milli. Qlobal səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi kütləvi qırğın silahlarının yayılmamasına çalışmaq, strateji hücum silahlarının azaldılması və s. tədbirlərlə təmin edilir. Regional səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi Rusiya və NATO ilə hərbi əməkdaşlığı çərçivəsində ölkənin hərbi-strateji mövqeyini gücləndirməklə təmin edilir. Milli səviyyədə Azərbaycanın hərbi təhlükəsizliyi əsasən ölkənin lazımi hərbi potensialının yaradılması ilə təmin edilir. Ordu – müstəqilliyimizin və təhlükəsizliyimizin qarantı! Ümumilikdə götürsək, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir. Hərbi siyasətin məqsədi -  hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadənin mümkünlüyünü, zəruriliyini və hədlərini müəyyənləşdirmək; mövcud hərbi qüvvənin keyfiyyət və kəmiyyət xüsusiyyətlərinin qiymətləndirilməsi; hərbi təhlükəsizliyi təmin etmək üçün hərbi gücdən istifadə yollarının və vasitələrinin müəyyən edilməsi, zəruri hallarda hərbi qüvvənin potensial düşmənə təsir etməsi. Bu baxımdan Azərbaycan Respublikasının hərbi siyasəti, təhlükəsizlik üçün xarici və daxili hərbi təhdidləri qiymətləndirməyə və hərbi təhlükəsizliyi təmin etmək üçün qeyri-hərbi və hərbi vasitələrin nisbətini təyin etməyə imkan verən hərbi təhlükəsizliyin təmin edilməsi sistemini yaratmaq vəzifəsini qarşıya qoyur. Hərbi təhlükəsizliyin təmin edilməsində dövlətin hərbi strukturunun yaradılmasına, gücləndirilməsinə və təkmilləşdirilməsinə, habelə dövlətin hərbi qüdrətinin müasir təsirlərə qarşı müqavimətini təmin edən səviyyədə saxlanılmasına xüsusi yer verilir. Hərbi təhlükəsizliyin təminində iqtisadi, hüquqi və digər amillərin rolu... Ölkənin hərbi təhlükəsizliyinin təmin olunmasında qanunverici aktların layihələrini hazırlayan və qəbul edilmiş qanunların icrasını təmin edən hüquqi təsisatlar böyük rol oynayır. Hərbi təhlükəsizliyin təmin olunmasında daxili siyasi strukturların rolu olduqca çoxşaxəlidir. Ölkənin müdafiəsi, əhalinin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı hökumətin bütün qanunvericilik aktlarını və qərarlarını səmərəli şəkildə yerinə yetirməli, iqtisadiyyatın və ölkə ərazisinin hərbi cəhətdən hazırlanması sahəsində fəaliyyətini təmin etməli, güclənməsinə və sabitləşməsinə töhfə verən sosial və milli siyasətləri praktikada həyata keçirməlidirlər. Hərbi təhlükəsizliyin təmin olunmasında iqtisadi strukturların rolu böyükdür. Hərbi potensial Silahlı Qüvvələrin saxlanması və təkmilləşdirilməsi, döyüşün effektivliyinin artırılması, müasir silahlar, hərbi texnika və bütün növ müavinətlərlə təmin edilməsi iqtisadiyyatdan birbaşa asılıdır. Azərbaycanın hərbi təhlükəsizliyini təmin etmək üçün zəruri şərt hamı üçün təhlükəsizlik bərabərliyi prinsipinə əsaslanan qlobal və regional təhlükəsizliyin təmin edilməsi üçün bir modelin yaradılması olmalıdır. Hərbi təhlükəsizlik sistemi təkcə təhdid və çağırışlara cavab verməməli, həm də qabaqcadan düşünmək, mümkün təhdidlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək bacarığına sahib olmalıdır. Sülh dövründə Silahlı Qüvvələrin əsas vəzifələri sırasına Azərbaycana qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması, ölkəmizə yönəlmiş hər hansı təcavüzə qarşı kifayət qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması, qoşunların döyüşə hazırlığı kimi əsas vəzifələr də daxildir. Əslində, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələrindən asılı olmayaraq bu ölkənin “monoetnik dövlətçiliyi, etnik təmizləmə və ərazi ekspansiyasını öz siyasətinin tərkib hissəsi kimi davam etdirməsi” və s. kimi addımları göstərir ki, Azərbaycan ona qarşı öz müdafiə qabiliyyətini daim yüksək səviyyədə saxlamalıdır. Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr və göstərişlərinə uyğun olaraq həyata keçirilir. Silahlı Qüvvələrin birləşmələri Hərbi Doktrinada müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir. Azərbaycan dövləti öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti nəzərə alaraq, Silahlı Qüvvələrinin strukturunu formalaşdırır və idarə edir. Bu sahədə iş aparılarkən zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla, hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi, qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə, daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması və s. prinsiplər əsas götürülür. Ölkənin siyasi və hərbi rəhbərliyinin ciddi fəaliyyətinin nəticəsi olaraq hazırda Azərbaycanda müasir döyüş sistemləri və silahlarla təmin olunmuş, taktiki, hərbi, fiziki və mənəvi cəhətdən əksər hərbi və döyüş vəzifələrini yerinə yetirməyə hazır olan, məxsusi zabit korpusuna malik, dəqiq strukturlaşdırılmış və öz komandir heyətinin tapşırıqlarını icra etməyə hazır olan həqiqi müasir və peşəkar ordu yaradılmışdır. Vahid hərbi komandanlığın formalaşması, idaretmə mexanizminin təşəkkül tapması, müasir ordu quruculuğu, ən son nailiyyətlərə əsaslanan silahların, peşəkar zabit kadrlarının mövcudluğu, ən əsası 44 günlük Vətən müharibəsindəki şanlı qalibiyyət onu deməyə əsas verir ki, artıq Azərbaycan Respublikası müstəqil hərbi siyasətinin həyata keçirməklə, özünün hərbi təhlüksizliyini təmin etməyə qadirdir. İlham Əliyev müasir Azərbaycan tarixinin memarı, bu tarixin qəhrəmanıdır Prezident İlham Əliyevin ölkə başçısı kimi hansı iqtisadi-siyasi nailiyyətlərə imza atdığı, Ali Baş Komandan kimi ordumuzun döyüş hazırlığını, texniki təchizatını hansı səviyyəyə yüksəltdiyi məlumdur. Azərbaycan bu gün iqtisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilib. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu siyahısında qərarlaşıb. Vətən Müharibəsində düşmənin  44 gün içində darmadağın edilməsi faktı Ali Baş Komandanın qurduğu ordunun gücünün ən böyük isbatıdır. Ölkə başçısının siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək, təbliğ ediləcəkdir. Lakin prezident İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidməti, heç şübhəsiz, erməni işğalına son qoyması, 8 noyabr zəfəri ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsidir. Bu böyük zəfər bütün Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir və tarixə qızıl hərflərlə həkk olunacaq. 8 noyabr zəfərinin önəmi sadəcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmır. Bu zəfər Azərbaycan xalqının özünə olan daxili  inamının, mənəvi gücünün, tapdanmış heysiyyatının bərpası demək idi. Və bizə bu böyük sevinci, bu böyük qürur hissini məhz möhtərəm prezidentimiz yaşatdı. Xalqımızın hər bir fərdi kimi mən də əminəm ki, cənab prezidentimizin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə yeni-yeni uğurlara imza atacaq, həm regionda, həm də beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirəcəkdir. Veteranlarımız bu böyük, müqəddəs işdə bu günə qədər olduğu kimi, bundan sonra da prezidentimizi dəstəkləməkdə davam edəcək, onun siyasətini qətiyyətlə müdafiə edəcəkdir. 8 noyabr qalibiyyəti sadəcə bu ilin deyil, bu əsrin ən böyük zəfər salnaməsidir Təbii ki, 2020-ci illə bağlı ən böyük və ən mühüm olay Azərbaycanın erməni işğalında qalan torpaqlarının azad edilməsi, düşmən üzərində 8 noyabr zəfərinin əldə edilməsidir. Bu, o qədər böyük hadisədir ki, onun böyüklüyünü bir günə, bir aya, yaxud bir ilə sığdırmaq mümkün deyil. 44 günlük Vətən müharibəsində ordumuz düşmən üzərində o qədər parlaq, o qədər qəti və həlledici qələbə qazandı ki, bu qələbə və onun nəticələri haqqında əsrlər uzunu danışılacaq. Doğrudur, bu qələbə itkisiz başa gəlmədi. Üç minə yaxın hərbçimiz ərazi bütövlüyümüzün təmin olunması, erməni işğalının ordan qaldırılması üçün öz həyatını qurban verdi, şəhidlik zirvəsinə yüksəldi. Biz onları hər zaman dərin hörmət və ehtiram hissi ilə yad edəcəyik. Biz məhz onların qəhrəmanlığı sayəsində işğaldakı torpaqlarımızı azad etməyə, yağı düşməni diz çökdürməyə nail olduq. Ordumuzun əsgər və zabitləri şəhidlərimizin qisasını artıqlaması ilə aldılar. Erməni ordusunu Qarabağdan qovaraq bu torpaqlar üzərində dövlətimizin faktiki nəzarətini bərpa etdilər. Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuzun qəhrəmanlığı, öz döyüş tapşırığını yüksək bacarıqla yerinə yetirməsi qələbəmizi təmin etdi. Azərbaycan ordusu ilə müharibədə rüsvayçı məğlubiyətə uğrayan Ermənistan, hərbçilərimizin ölümcül zərbələri qarşısında davam gətirməyərək işğal etdiyi torpaqlardan qaçmağa məcbur oldu. Vətən müharibəsindəki şanlı Qələbəmiz ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək Vətən müharibəsindəki şanlı qələbə və Ermənistanın kapitulyasiyası həm Azərbaycanın, həm də regionun inkişafı üçün geniş perspektivlər açıb. Doğma Qarabağımızın bərpası ilə bağlı böyük planlar, möhtəşəm layihələr mövcuddur. Artıq bir çox layihələrin icrasına start verilib. Güclü iqtisadiyyat, ən yüksək tələblərə cavab verən müzəffər ordu, yüksək nizam-intizam bu Qələbəni şərtləndirən mühüm amillərdir. Bu Qələbə ölkəmizin gələcək inkişafına böyük töhfələr verəcək. İşğaldan azad edilə ərazilər “ağıllı kənd”, “ağıllı şəhər” layihələri əsasında yenidən inşa ediləcək, müasir qaydada yenidən bərpa olunacaq. Artıq qardaş Türkiyənin bir çox şirkətləri bu quruculuq işinə cəlb edilib və Qarabağdakı abadlıq prosesində yaxından iştirak edir. Biz yaxın günlərdə iqtisadi müstəvidə böyük uğurlara şahid olacağıq. Bütün bu uğurlara zəmin yaradan isə Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətidir. Azərbaycan bu Zəfəri ilə bütün dünyaya sübut etdi ki, onun qüdrətli, məğlubedilməz ordusu var. Bu ordu istənilən missiyanı yerinə yetirməyə, ölkənin və xalqın təhlükəsizliyini təmin etməyə qadirdir. Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi Şübhəsiz, Azərbaycan ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması deməkdir. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Bildiyiniz kimi, Ermənistanın 30 ilə qədər davam edən işğalı bütün regionun inkişafı üçün başlıca əngəl idi. 44 günlük Vətən müharibəsində əldə edilən qalibiyyət bu əngəli ortadan qaldırdı. İşğaldakı torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda başda qardaş Türkiyə olmaqla, bir sıra dost dövlətlər bərpa və yenidənqurma işinə start verib ki, bu da həm ölkəmizin, həm də bütün regionun iqtisadi inkişafı baxımıdnan böyük əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan ordusu həqiqətən də ən çətin, ən mürəkkəb tapşırıqların belə öhdəsindən gəlməyə, onları müvəffəqiyyətlə icra etməyə qadirdir. Bu, Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu prosesinin nə qədər effektiv olduğunu sübut etdi. Vətən müharibəsi ordumuzun gücü ilə yanaşı, xalqımızın vətənprəvərlik ruhunu, torpaq, bayraq sevgisini də bütün əzəməti ilə ortaya qoydu. Gənclərimiz döyüşmək, işğaldakı torpaqları azad etmək üçün çağırış məntəqələri qarşısında uzun növbələr yaradır, hər vasitə ilə bu döyüşlərdə iştirak etməyə can atırdılar. Hansı ki, həmin vaxt minlərlə erməni gənci silahını, ona həvalə edilən texnikanı döyüş meydanında ataraq qaçır, kütləvi şəkildə fərarilik edirdi. Müharibə dönəmində Ermənistanda on min nəfərdən çox hərbçi döyüş mövqeyini özbaşına tərk etmiş, fərarilik etmişdir. Bunu Ermənistanın rəsmi dövlət qurumlarını da etiraf edir. Azərbaycanda isə insanlar hər vasitə ilə orduya kömək etməyə can atır, torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə iştirak etmək üçün əlaqədar dövlət qurumlarına ardıcıl müraciətlər edirdilər. Müharibə dönəmində orduya dəstək məqsədi ilə çoxlu sayda kampaniyalar təşkil edildi ki, bu kampaniyalarda cəmiyyətin bütün təbəqələri yaxından iştirak etdi. Mən 26 iyun – Silahlı Qüvvələr Günü ilə bağlı bütün hərbçilərimizi təbrik edir, onlara öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Onlar əmin olsunlar ki, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, xalqımıza bəxş etdikləri qələbə şanlı tariximizin ən parlaq səhifələrindən biri kimi daim qürur hissi ilə yad ediləcək və alışlanacaqdır. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır. Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır. Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir. Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir. Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  video

Hamısını oxu
“Azərbaycanda veteranlara və şəhid ailələrinə olan qayğı, bütün dünyaya nümunədir”

Fatma Səttarova: “İnanıram ki, yaxın gələcəkdə dövlətimizin bu sahədəki təcrübəsinin öyrənilməsinə beynəlxalq aləmdə maraq kifayət qədər artacaq”   Dövlətimizin erməni faşizminə qarşı uğurlu mübarizəsində xalqımızın hər bir kəsiminin, o cümlədən veteramlarımızın yaxından iştirak etdiyi, ordumuzu, Ali Baş Komandanımızı qətiyyətlə dəstəklədiyi birmənalıdır.   Veteran.gov.az saytı olaraq “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, İkinci Dünya Müharibəsi İştirakçısı Fatma Səttarova ilə söhbətimizdə, bir sıra məqamlarla yanaşı, rəhbəri olduğu qurumun gələcək fəaliyyətinə dair plan və düşüncələrini öyrənməyə, dövlətimizin veteranlarla bağlı siyasətini dəyərləndirməyə çalışdıq.   -Fatma xanım, Respublika Veteranlar Təşkilatının sədri kimi qısa müddətdir ki, fəaliyyətə başlamağınıza baxmayaraq, rəhbəri olduğunuz təşkilatın fəaliyyətində artıq ciddi yeniliklər hiss edilməkdədir. Maraqlıdır, yaxın gələcəklə bağlı hansı planlarınız var?   -Respublika Veteranlar Təşkilatı veteran hərəkatında özünməxsus yeri və rolu olan bir təşkilatdır. Təşkilatımzıda yalnız müharibə deyil, həm də Əmək və Silahlı Qüvvələr veteranları da təmsil olunur. Təbii ki, təşkilat olaraq qarşımızda duran bir sıra hədəflər var ki, onlardan biri təşkilatın fəaliyyətini daha da genişləndirmək, onun fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək, veteranlarla işi daha çevik və operativ şəkildə təmin etməkdir. Sözügedən prosesdə dövlət qurumları ilə yanaşı, qeyri-dövlət təşkilatlarının, ictimai birliklərin, təhsil müəssisələrinin daha geniş tərkibdə iştirakına nail olmaq da Respublika Veteranlar Təşkilatı olaraq qarşımızda duran əsas vəzifələrdəndir. Bu baxımdan 2021-ci ilin fəaliyyət planına uyğun olaraq paytaxtımızda və bölgələrdə çoxsaylı tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu tədbirlər cəmiyyətimizin bütün təbəqələri, xüsusilə də gənc və yeniyetmələrimizin maariflənməsi, vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi, qəhrəmanlarımızın cəmiyyətə tanıdılması və s. baxımınmdan faydalı olacaq. Hansı ki, biz bu tədbirlərin hər biri haqqında ayrı-ayrılıqda ictimaiyyətə məlumat verəcəyik.   -44 gün davam edən Vətən müharibəsi və ordumuzun düşmən üzərində əldə etdiyi parlaq qələbənin sadəcə milli tariximizdə deyil, həm də dünya hərb tarixində özünəməxsus yer tutduğu birmənalıdır. Vətən müharibəsi, bu müharibə zamanı ordumuzun göstərdiyi qəhrəmanlıqlar, veteranlarımızın, şəhdilərimizin tanıdılması, onların döyüş yolunun təbliği və s. baxımından hansı addımların atılması nəzərdə tutulur?   -Məlum olduğu kimi, Vətən müharibəsi və bu müharibə zamanı Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi rəşadət, əldə etdiyi tarixi zəfər bu gün də dünyanın aparıcı dövlətləri, ali hərbi institutları tərəfindən araşdırılmaqda, təhlil edilməkdədir. Bu gün dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri belə Azərbaycan ordusunun 44 günlük müharibə zamanı sərgilədiyi cəsarət və qəhrəmanlıq qarşısında öz heyranlığını gizlədə bilmir, əsgərlərimizin cəsurluğundan, səriştəsindən heyrətlə söz açırlar. Bu, bizdə haqlı olaraq sevinc və qürur hissi doğurur. Çünki sadəcə işğalçı Ermənistan və onun havadarları deyil, bütün dünya 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ordusunun gücünü, onun əsgər və zabitlərinin mübarizə və qalibiyyət əzmini gördü. Bu baxımdan Vətən müharibəsi tarixi ilə yanaşı, həm də öz qəhrəmanlığı ilə tarix yazan şəhdilərimizi, hərbçilərimizi, sərkərdələrimizi gənc nəslə tanıtmaq, onların məhz bu ruhda yetişdirilməsinə dəstək vermək təşkilatımızın qarşıdakı fəaliyyəti dönəmində diqqət mərkəzində saxlayacağı əsas məsələlərdən biridir. Bunun üçün istər orta, istər də ali məktəblərdə veteranlarımızın iştirakı ilə görüşlərin keçirilməsi, onların Vətən müharibəsinin canlı şahidləri kimi yeniyetmələr və gənclər qarşısında çıxışlarının təşkil edilməsi, onların cəmiyyətə tanıdılması və s. kimi tədbirlərin keçirilməsi planlaşdırılır.   Onu da qeyd edim ki, Respublika Veteranlar Təşkilatı hər zaman veteranlarla yanaşı, yeniyetmə və gənclərlə işə də mühüm əhəmiyyət verib, bu yöndə müvafiq dövlət qurumları ilə geniş əməkdaşlıq edib. Bu əməkdaşlıq bundan sonra da davam və inkişaf etdiriləcək.   -Bildiyiniz kimi, ölkəmizdə veteranlar, şəhid ailələri dövlətin hərtərəfli diqqət və qayğı ilə əhatə edilib. Sizcə Azərbaycanda veteran və şəhid ailələrinə olan bu qayğı dünyanın digər dövlətləri üçün də nümunə hesab edilə bilərmi?   -Şübhəsiz! Azərbaycan dövləti hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında bütün imkan və resurslarını şəhid ailələrinin, müharibə əlillərinin, veteranların qayğılarının ortadan qaldırılmasına, onların sosial rifahının yüksəldilməsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına sərf edib. Bu gün ölkəmizdə “YAŞAT” Fondu kimi unikal bir fondun mövcudluğu faktının özü dövlətimizin veteranlara, qazilərə olan diqqət və qayğısının göstəricisidir. Bu baxımdan, təbii ki, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi istənilən ölkə üçün faydalı olar.   İnanıram ki, yaxın gələcəkdə dövlətimizin bu sahədəki təcrübəsinin öyrənilməsinə beynəlxalq aləmdə maraq kifayət qədər artacaq, Azərbaycan öz müsbət təcürbəsini daha geniş spektirdə digər dövlətlərlə bölüşəcəkdir.   Mən şəhid ailələrinə, veteranlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçımıza təşəkkür edir, təşkilatımız adından minnətdarlığımı bildirirəm. Biz veteranlar hər zaman olduğu kimi bundan sonra da ölkə başçımızı, onun müdrik siyasətini qətiyyətlə dəstəkləməkdə davam edəcək,  bundan sonra da onun rəhbərliyi altında milli marqalarımızın qorunması üçün əlimizdən gələni əsirgəməyəcəyik.   Seymur ƏLİYEV

Hamısını oxu