Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib

Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür. Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artileriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artileriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan həbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğulibiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır. Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir. İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır. Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azəbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar. Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyk zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır”, onda hansı danışıqlardan söhbət gedə bilər?! Bununla paralel olaraq, Ermənistanın rəhbərliyi artıq iki il ərzində dəfələrlə bəyan edir ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bu da danışıqlar prosesinə vurulan böyük zərbədir. İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışqıları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır. Ermənistanın bizə qarşı təxribatları bu faktlarla bitmir. Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının “andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası” parlamentinin qədim Azərbaycan şəhəri - Şuşaya köçürülməsi haqqında qərar qəbul edildi. Bu, növbəti təxribatdır. Bu yaxınlarda Ermənistanın baş naziri bəyan etmişdir ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu, nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir. Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir. Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  video

2020-09-27 00:00:00
3436 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: Azərbaycan Prezidentinin Litvada səsləndirdiyi fikirlər dövlətimizin sülhə verdiyi önəmi göstərir

Bakı, 23 may, AZƏRTAC Prezident İlham Əliyevin Litvada mətbuata bəyanatı dövlətimizin sülhə və tərəqqiyə verdiyi önəmi göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Azərbaycan 30 ildir ki, işğaldan əziyyət çəkən dövlət kimi sülhün, sabitliyin əhəmiyyətini yaxşı dərk edir və buna nail olmağa çalışır: “Prezident İlham Əliyev Litvada mətbuata bəyanatında Azərbaycanın 30 il ərzində erməni faşizmindən, onun işğal siyasətindən böyük əziyyət çəkdiyini, bütöv kəndlərin, şəhərlərin amansızcasına məhv edildiyini vurğuladı. İşğal dövründə bütün inzibati binaların, infrastrukturun, tarixi abidələrin belə dağıdıldığına diqqət çəkən dövlətimizin başçısı, sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd etdi. Prezident vurğuladı ki, Azərbaycan sülh üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də səylərini davam etdirəcək. Dövlətimizin başçısının bu açıqlaması bir daha dövlətimizin sülhə can atdığını, bütün regionda sabitlik və təhlükəsizliyin bərqərar olmasına çalışdığını əks etdirir. Xatırladım ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşizminə, onun terrorçuluq fəaliyyətinə böyük zərbə vurdu. Bu, Azərbaycanın regionda sülhün təmin edilməsi istiqamətində atdığı mühüm addımlardan biri idi. Dövlətimiz bu gün də siyasi müstəvidə sülh səylərini davam etdirir. İnanıram ki, yaxın gələcəkdə bu səylər bəhrəsini verəcək və Azərbaycanın sülh siyasəti bütün regionun gələcəyinə böyük töhfə verəcək”. Cəlil Xəlilov Prezidentin Litva səfərində müzakirə edilən iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Dövlətimizin başçısı Litva Prezidenti Gitanas Nausedla görüşündə iqtisadi əməkdaşlıqla da bağlı konkret təkliflər səsləndirdi, bu əməkdaşlığın önəminə toxundu. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın verdiyi dəstək də dövlət başçısı tərəfindən təqdir olundu. Hesab edirəm ki, Litva səfəri dövlətimizin maraqları baxımından mühüm əhəmiyyətə malikdir və bu səfərin nəticəsindən yaxın gələcəkdə hər iki dövlət böyük fayda əldə edəcək”.

Hamısını oxu
Milli tərəqqi yolunun cığırdaşı - Nəsib bəy Yusifbəyli

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Ulu öndərimiz Heydər Əliyev həmişə bu dəyərləri yüksək dəyərləndirirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin dövlət quruculuğu siyasəti daim dərin araşdırma mövzularından biri kimi diqqəti cəlb edib. Cümhuriyyətin liderlərindən biri, Azərbaycanın dördüncü hökumətinə başçılıq etmiş, eyni zamanda, daxili işlər naziri vəzifəsini icra etmiş Nəsib bəy Yusifbəyli ilə bağlı tarix üzrə fəlsəfə doktoru, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayevin məqaləsində azərbaycançılığın inkişafında xidməti olan milli ziyalı və ictimai-siyasi və dövlət xadiminin ömür yolu və fəaliyyəti haqqında ətraflı məlumat verilir. AZƏRTAC arxiv materialları əsasında hazırlanan məqaləni təqdim edir. “Öz dövlətinizin milli bayrağı altında keçmiş olduğunuz bir sənəlik azad və zəhmətli həyatınız Azərbaycanın böylə tarixi bir günü olduğunu Sizə sözdən artıq izah edir. Siz çarizmin ən ağır tarixini keçirmişsiniz. O sizin ən gözəl həyatınızı, mədəniyyət və müqəddəs əməllərinizi ayaqları altında tapdamış və məhv etmək istəmişdir. Biz hər bir hüquqdan və mədəni tərəqqiyyatdan və ən ibtidai siyasətdən belə məhrum olmuşuq. Bizim gözəl arzularımız qəti surətdə əzilir və ayaqlar altına alınırdı. Sizin nəzərlərinizdən bolşevik hərc-mərcliyi, onun o məbus dövrü keçmişdir... Bu bir il sənə ərz müddətində biz yorulmadan işlədik və bu işlədiyimiz ilə dövlətimizi möhkəmləndirərək, cəmaətimizin aşağı sinfinə milli dövlət təşkili hissini düşündürdük və göstərdik ki, cəmaət və millət məbuslarının getdikləri yolu doğru və xalqın azad fikir və məsləkidir... Azərbaycanın vətəndaşları! Təhlükə və təhdid hələ dəf olunmamışdır. Bizim üzərimizə qara buludlar gəlməkdədir. Bizim daxildəki hərəkatımız, nizam və asayişimiz təmin edilərsə, istiqlaliyyətimizi təhdid edən qüvvələrə yol verməz və rahat və azad yaşamağa malik olarız”. Nəsib bəy Yusifbəyli 1919-cu il mayın 28-də Cümhuriyyətin yaradılmasının birinci ildönümü münasibətilə hökumət adından Azərbaycan vətəndaşlarına müraciət edəndə artıq iki aya yaxın idi ki, Cümhuriyyətin dördüncü hökumət kabinəsinin sədri idi. Onun kimi millət fədailərinin işıqlı zəkasına, tükənməz enerjisinə və dəyanətinə əsaslanan qədim məmləkət tarixinin ən şərəfli dövrlərindən birini yaşamaqda, müstəqilliyini qorumaq naminə oğullarının göstərdikləri fədakarlıqlara şahid olmaqda idi. Otuz səkkiz yaşlı Nəsib bəy Fətəli xan Xoyski kimi şəxsiyyətdən sonra ikinci dövlət xadimi idi ki, belə yüksək etimad göstərilmişdi. Əlbəttə, Nəsib bəyin keçdiyi həyat yolu ona belə yüksək etimad göstərilməsi üçün ən yaxşı zəmanət idi. Əvvəla qeyd edək ki, artıq 17 ildən bəri ölkənin siyasi səhnəsindən düşməyən bu insanın əhali arasında kifayət qədər hörməti vardı. Eyni zamanda, o, müxtəlif zümrələri və qüvvələri təmsil edən Azərbaycan parlamentində çox böyük nüfuz sahibi sayılırdı. Xüsusilə bu ali orqanda Azərbaycanın nicatı yolunda çalışan vətənpərvərlər Nəsib bəyi inandıqları liderlərdən biri hesab edir, milli ideyalara sədaqətinə, qətiyyətinə, idarəçilik təcrübəsinə (artıq həmin dövrə qədər N.Yusifbəyli müstəqil Zaqafqaziya Respublikası hökumətində tutduğu maarif naziri vəzifəsi də daxil olmaqla, dörd dəfə nazir portfeli daşımışdı) və yüksək intellektinə güvənirdilər. Bu keyfiyyətlərə geniş dünyagörüşü, erudisiya və möhkəm xarakteri də əlavə etsək son dərəcə gərgin bir durumda Azərbaycanda idarəçiliyin niyə məhz ona həvalə edildiyinə bir daha aydınlıq gətirmiş olarıq. Nəsib bəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə anadan olub. Atası şəhərin maarifpərvər ziyalılarından idi. Orta təhsilini Gəncə klassik gimnaziyasında başa vurduqdan sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub, birinci rus inqilabı ərəfəsində siyasi fəaliyyətə başlayıb. O, universitetdə azərbaycanlı tələbələr tərəfindən yaradılan “Həmyerlilər” təşkilatının rəhbərlərindən biri idi. O, bu təşkilatda Nəriman Nərimanov, Xosrov bəy Sultanov, Şahmalıyev qardaşları və sonralar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayacaq başqa şəxslərlə birgə fəaliyyət göstərib. Yarandığı vaxt yalnız mədəni-maarifçilik məqsədləri güdəcəyini bəyan edən bu təşkilat əvvəl həqiqətən də bu istiqamətdə fəaliyyət göstərir. Ancaq bir qədər sonra onun istiqaməti tamamilə fərqlənməyə başlayır. “Həmyerlilər” universitetdə mövcud olan başqa siyasi təmayüllü təşkilatlar arasında ən fəallarından biri kimi böyük şöhrət qazanmış və xeyli tərəfdarlar toplaya bilmişdi. Tələbələrin getdikcə genişlənən inqilabi mübarizəsindən qorxuya düşən çar hökumətinin 1907-ci ildə müvəqqəti olaraq Odessa Universitetini bağlamasında sözsüz ki, Azərbaycan “Həmyerlilər” təşkilatının da rolu olmuşdu. Tələbəlik həyatının başqa bir nəticəsi isə Nəsib bəyin Cənubi Qafqazda o dövrdə yetişmiş böyük bir inqilabçılar nəsli ilə tanışlığı, onların bir çoxu ilə yaxın əlaqələr yaratması idi. Öz millətlərinin həyatında bu və ya başqa şəkildə iştirak edəcək həmin şəxsiyyətləri onda ümumi bir ideya - çarizm üsul-idarəsinin aradan qaldırılması birləşdirirdi. Sonra isə yollar ayrılacaqdı. Yoxsulluq ucbatından Nəsib bəy Yusifbəyli ali məktəbi dördüncü kursdan tərk etməli olur. Çar hökuməti orqanlarının təqiblərindən yaxa qurtarmaq üçün Nəsib bəy müvəqqəti olaraq Krımın Bağçasaray şəhərinə köçüb və orada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman” qəzetində məqalələrlə çıxış etməyə başlayıb. O, İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı (1886-1975) ilə ailə həyatı qurub və bir müddət bu şəhərdə yaşayıb. Nəsib bəy Yusifbəyli həmin illərdə Azərbaycan dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. “Tərcüman” qəzetinin 1907-ci il 13 yanvar tarixli nömrəsində Bağçasaray teatr həvəskarları tərəfindən Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsinin tamaşaya qoyulduğu, Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir. Həmin qəzetin materialından aydın olur ki, Nəsib bəy o illərdə görkəmli Azərbaycan ədəbiyyatşünas F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” və Hüseyn Əfəndi Qayıbovun (1837-1917) “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” əsərlərinin Bağçasarayda çap olunması üçün çox çalışıb. N.Yusifbəyli XX əsr Azərbaycan-Krım ədəbi-mədəni əlaqələrinin əsasını qoyan şəxsiyyətlərdən biridir. Sonra qısa müddət Türkiyədə yaşayan Nəsib bəy 1908-ci ildə İstanbulda “Türk dərnəyi”nin fəal üzvlərindən olub. Türkiyədən qayıtdıqdan sonra (1909) xeyriyyə cəmiyyətlərinin, mədəni-maarif tədbirlərinin fəal təşəbbüskarı və iştirakçısı, 1917-ci ildə isə Türk Ədəmi-Mərkəziyyət Partiyasının təsisçilərindən biri olub. Nəsib bəy Yusifbəyli Xudadat bəy Məlikaslanovla bərabər Cümhuriyyət hökumətlərinin hamısında təmsil olunmuş yeganə şəxsiyyətdir. Nəsib bəy əvvəlki üç hökumət kabinetində nazir (1918-ci il mayın 28-dən 1919-cu il aprelin 14-dək), sonuncu iki kabinetdə isə Nazirlər Şurasının sədri (1919-cu il aprelin 14-dən 1920-ci il aprelin 1-dək) vəzifələrində çalışıb. Bu qısa qeydlərdən göründüyü kimi, Nəsib bəy siyasi mübarizəyə ilk gənclik illərindən etibarən qoşulub, müxtəlif təşkilatların yaradılmasında və fəaliyyətində yaxından iştirakına görə imperiya orqanlarının nəzarət dairəsinə düşüb. Hələ kifayət qədər formalaşmamış siyasi baxışlarını sonralar Rusiyada və dünyada baş verən proseslərin təcrübəsini öyrənmək və onların təsiri alında təkmilləşdirməklə gənc Nəsib bəy yetkin bir siyasətçiyə çevriləcək, Azərbaycan milli mücadiləsinin məqsəd və məramını düzgün müəyyənləşdirən ilk ziyalılar nəslinə mənsub olanların ön cərgəsində duracaqdı. Hələlik isə o, çar üsul-idarəsinin təzyiq və təqiblərini “dadmaqda”, iqtisadi çətinliklər məngənəsində ola-ola Vətəninin işıqlı gələcəyi barəsində düşünərək qızğın siyasi mübarizə aparmaqda idi. Həmin illərdə Türkiyə mühitindəki “türkçülük” məfhumu altında ötən əsrin sonlarından başlayaraq təşəkkül tapmış milli oyanış və dirçəliş təmayülləri geniş tərəfdarlar toplamaqda, çağdaş ideyaların milli təfəkkür süzgəcindən keçirilərək həyata tətbiqi yolları araşdırılmaqdaydı. Türkçülüyün təməl daşlarını qoyanların zəngin mənəvi irsinə dayaqlanaraq, onu elmi-nəzəri baxımdan sistemləşdirən və milli özünüdərk səviyyəsinə yüksəldən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ziya Göyalp, İsmayıl bəy Qaspıralı kimi şəxsiyyətlər Nəsib bəyin də dünyagörüşünün formalaşmasına böyük təsir göstərmişdilər. Avropaya daha yaxın olan Türkiyə mühiti, - bu ölkənin qaynayıb-daşan siyasi həyatında qısa müddət olmasına baxmayaraq, - onun gələcək dövlət adamı kimi yetişməsində əvəzsiz rol oynamışdı. Nəsib bəyi milli tərəqqi yolunun bayraqdarları sırasına çıxaracaq fəaliyyətinin düzgün istiqamətləndirilməsində həm də o dövrdə qazandığı təcrübənin rolu və köməyi olmuşdu. 1909-cu ildə İstanbuldan doğma Gəncəyə qayıdan Nəsib bəyin dövrünün aparıcı çağdaş ideyalarına bələdliyi, siyasətdən baş çıxarması mətbu çıxışlarında və siyasi baxışlarında öz əksini daha dolğun şəkildə tapmağa başlamışdı. Rusiya xalqlarının müstəbid rejimə qarşı birgə siyasi mübarizəsinin tez-gec başqa ideyalar, o cümlədən milli azadlıq uğrunda mübarizəyə çevriləcəyini ilk sezən ziyalılardan biri kimi o, müxtəlif cəmiyyət və təşkilatların imkanlarından maksimum istifadə ilə sinfi mübarizə xəttini tədricən milli mübarizə xəttinə gətirəcək çiyindaşlarını müəyyənləşdirməyə çalışırdı. Nəsib bəy, eyni zamanda, publisistika ilə məşğul idi. O, gah “Molla Nəsrəddin” satirik jurnalını müdafiə edən ziyalıların cərgəsinə qoşulur və ziyalıları milli oyanış yolunda böyük xidmətləri olan bu jurnalı haqsız hücumlardan qorumağa çağırır, gah M.F.Axundovun 100 illiyinə hazırlıqla əlaqədar məqalə yazır, müxtəlif dairələrdə çıxışlar edir (“Tərcüman” qəzetində), keçirilən bir çox tədbirlərin təşəbbüskarlarından olurdu. Gah da o illərdə Gəncədə yaradılmış “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanlar içində maarif cəmiyyəti” və “Aktyorlar cəmiyyəti” kimi ictimai təşkilatların fəaliyyətində yaxından iştirak edirdi. Bütün bunlarla da kifayətlənməyən Nəsib bəy Yusifbəyli “Azərbaycan ədəbiyyat tarixi” adlı əsərinin ayrı-ayrı fəsillərinin yazılması ilə məşğul olmağa da vaxt tapırdı. Ancaq təəssüf ki, Nəsib bəyin çox böyük zəhmətinin nəticəsi olan bu qiymətli əsərin sonrakı taleyi bilinmir. Ancaq geniş maarifçilik fəaliyyətinə baxmayaraq, onu daha çox siyasi mübarizə cəlb edirdi. O, yaxşı görürdü ki, müxtəlif siyasi cərəyan və təşkilatların çoxluğu şəraitində Azərbaycanın milli azadlığı uğrunda sonadək mübarizə aparmaq məqsədinə xidmət amalında olanlar son dərəcə azdır. Konkret milli ideyalar ümumi mübarizə şüarları arasında əriyib itir, bundan istifadə edən hakimiyyət də əsasən sosial məsələlərdə güzəştə getməklə xalqları başlıca məqsədlərindən yayındırmağa çalışır. Belə yanaşma “böyük rus” şovinizminin yeni formada dirçəldilməsi, milli azlıqların öz müqəddəratını təyin etməsi, özünün siyasi və ərazi idarəetmə formasına nail olması kimi hüquqların tapdalanması, xalqlar həbsxanasının saxlanması demək idi. 1917-ci ilin fevral-burjua inqilabı ərəfəsində bu təmayüllər daha açıq-aydın sezilməkdə, əksər qüvvələrin nə uğrunda mübarizə apardıqları, siyasi şüarların arxasında hansı məqsədlərin gizlədildiyi üzə çıxmaqda idi. Belə bir durumda Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış Türk Ədəmi-Mərkəziyyət Partiyası Gəncədə fəaliyyətə başladı. Bu partiya ilk vaxtlar federativ Rusiya qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə aparırdı. Yeni partiya əhalini öz proqramı ilə tanış etmək üçün şəhərin Şah Abbas məscidinin həyətində böyük mitinq təşkil edir. Bu mitinq “Yaşasın demokratik respublika!”, “Yaşasın Azərbaycan muxtariyyəti”, “Yaşasın Türk Ədəmi-Mərkəziyyət Partiyası!” kimi tamamilə yeni şüarlar altında keçirilib və dünənə qədər çarizmin milli ucqar sayaraq yüz ildən bəri əsarət altında saxladığı bir məmləkətdə onun qurtuluşu naminə çarpışmağa qadir insanların olduğunu göstərmişdi (“Baku” qəzeti 12 aprel 1917-ci il, 80-ci sayı). Nəsib bəy bu insanların ən ön sırasında dayanmışdı və Gəncə siyasi mühitinin uzun müddət milli ideyaların mərkəzində olmasında onun danılmaz xidmətləri vardır. Nağı bəy Şeyxzamanlı öz xatirələrində yazırdı: “Gəncəlilər milli mübarizəmizi Milli Komitənin rəhbərliyi altında davam etdirməkdə idi. Milli Komitə mübarizəmizi açıq və qapalı görünən məsələlər deyə iki hissəyə ayırmışdı. Açıq məsələləri Ələkbər bəy Rəfibəyli, gizli məsələləri isə Nəsib bəy Yusifbəyli idarə etməkdə idi”. Milli Komitə adından N.Şeyxzamanlını hərbi qüvvə göndərilməsi xahişi ilə Türkiyəyə yola salarkən Nəsib bəyin dedikləri bu dövlət adamının müstəqil Azərbaycanın yaşaması uğrunda necə əzmkarlıqla mübarizə apardığını və bu yolda heç bir güzəştə getmədiyini sübuta yetirir. O dövrdə yeni hökumətin bütün sahələrdə Türkiyə ilə yaxınlaşmasını az qala ona ilhaq edilməklə eyniləşdirən siyasətçilərdən fərqli olaraq Nəsib bəy bütün məhrumiyyətlərə baxmayaraq, Azərbaycanın tam müstəqilliyinin tərəfdarı idi: “Nağı, sən istiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki, millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Azərbaycanın dörddəüçü bu gün rusların hakimiyyətindən qurtarılmış vəziyyətdədir. Onlar zəif yerimiz olan hərbi gücümüzü qüvvətləndirsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar və istiqlalımızı elan etməmizə köməklik etsinlər. Ancaq, bizi özlərinə ilhaq etmək istəsələr, gəlməsinlər. Biz öz düşmənlərimizlə bir təhər hesablaşıb başımıza çarə qılarıq”. Təbii ki, Türkiyə özünün ağır daxili durumuna və Osmanlı imperiyasının sarsılmasından istifadə edən xarici qüvvələrin onu tamamilə məhv etmək planlarına baxmayaraq, çətin gündə öz köməyini Azərbaycandan əsirgəmədi. Nuru Paşanın başçılığı altında yola salınmış hərbi qüvvəyə - Qafqaz İslam Ordusuna Şərqdə ilk demokratik Cümhuriyyətə hərtərəfli yardım göstərmək tapşırığı verildi. Ümumiyyətlə, tarixin müxtəlif dövrlərində daim qanı bir, soyu bir qardaşlarının harayına çatmış türklər növbəti dəfə 1918-1920-ci illərdə Azərbaycanın müstəqil, sivil dövlət qurmasında təmənnasız iştirak etməklə öz missiyalarını layiqincə yerinə yetirdilər. 1917-ci ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında N.Yusifbəyli Rusiyanın tərkibində Azərbaycana muxtariyyət verilməsini qəti şəkildə tələb etmişdi. Mayda isə o, Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuşdu. Bu qurultaydan sonra M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsəlman Demokratik Müsavat Partiyası ilə Nəsib bəyin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası birləşərək Müsavat adını aldı. Partiyanın Gəncə şöbəsinə Nəsib bəy rəhbərlik edirdi. Həmin il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən və siyasi mübarizənin tamamilə yeni mərhələyə qədəm qoyduğunun ilk dəfə bəyan olunduğu Müsavat partiyasının birinci qurultayında N.Yusifbəyli yaxından iştirak etmişdir. Qurultaydan sonra “Azərbaycana muxtariyyət” şüarı altında hərəkat bir qədər də genişlənmiş və tezliklə gələcək müstəqil respublikanın hər yerində ona tərəfdarlar çıxmışdır. Əlbəttə, Azərbaycan uğrunda mübarizəni sonadək aparmaq əzmində olan şəxslər, o cümlədən Nəsib bəy yaxşı bilirdilər ki, bu şüar müvəqqəti bir dövr üçün nəzərdə tutulub və hadisələrin sonrakı inkişaf mərhələsində onlar xalqın neçə on illərlə ürəyində gəzdirdiyi arzusunu açıq şəkildə ifadə edə biləcəklər. Hələlik çarizm üsul-idarəsinin dağıdılmasına baxmayaraq, laxlamış imperiya tam çökməmişdi və onu yeni şəkildə bərpa etməyə can atan müxtəlif qüvvələr manevr etməkdə, Rusiyanı öz keçmiş hüdudları daxilində saxlamaq üçün yollar axtarmaqda idilər. 1918-ci ilin fevralında Peterburqa getməkdən və Rusiya Müəssislər Məclisini tanımaqdan imtina edən Cənubi Qafqazdan olan deputatlar Tiflisdə Zaqafqaziya Seymi təşkil etdilər. Cəmi iki ay sonra - 1918-ci il aprelin 26-da Seym Zaqafqaziya Respublikası hökumətini yaratdı və keçmiş Rusiyanın bu mühüm bölgəsində hakimiyyətin idarə olunması sahəsində tamamilə yeni bir addım atıldı. Bu zaman Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirmiş bolşeviklərdən fərqli olaraq bu hökumət demokratik normalara uyğun qərarlar qəbul etməyə, Cənubi Qafqaz xalqlarının ümumi mənafelərinin ifadəçisi olmağa çalışırdı. Nəsib bəy Yusifbəyli Seymin üzvü, yeni yaranmış müstəqil hökumətin maarif naziri idi. Bu həmin dövrə qədər əsasən maarifpərvər ziyalı və görkəmli bir siyasətçi kimi tanınan Nəsib bəyin ictimai dövlət xadimi kimi yetişməsinin başlanğıcı idi və sonrakı illər göstərdi ki, həmin addımın atılması idarəetmə təcrübəsinə yiyələnmək baxımından az əhəmiyyətli olmayıb. Onun fəaliyyətinin ən böyük, ən yaddaqalan uğuru, ən müqəddəs günü, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunmasıdır. Nəsib bəy həmin günü yaxınlaşdırmaq üçün 17 il yorulmadan, usanmadan, təzyiq və təqiblərə dözərək mübarizə aparmışdı. Ona görə həmin müqəddəs günü o, çəkinmədən özünün günü, ömrünün ən xoşbəxt tarixi saya bilərdi. Buna çiyindaşları kimi onun da haqqı çatırdı. Nəsib bəyin Azərbaycan qarşısında saymaqla qurtarmayan böyük xidmətləri var. 1918-ci ilin mayında Tiflisdə öz müstəqilliyini bütün dünyaya çatdırmış Azərbaycan hökumətinin Gəncəyə köçürülməsi üçün Xosrov Paşa və Rüstəm bəy Şəfibəyovla birlikdə Nəsib bəy oraya gedərək ilkin hazırlıq işlərinin aparılmasına nail olmuş və hökumətin köçürülməsi kimi mühüm missiyanı uğurla yerinə yetirilməsinə rəhbərlik etmişdi. 1919-cu il aprelin 14-də N.Yusifbəyli Azərbaycanın yeni hökumətinin bəyannaməsini parlament üzvlərinə çatdıraraq bildirmişdi: “Sizin iradənizlə mənim tərəfimdən təşkil edilmiş hökumət üzərinə qoyulan məsuliyyəti yaxşı dərk edir. Öz müstəqilliklərini elan etmiş azərbaycanlılar bu qısa müddət ərzində öz dostları və düşmənləri qarşısında müstəqilliyə layiq millət olduqlarını göstərdilər. Azərbaycanın vəziyyəti günbəgün möhkəmlənir və indi o, iki ay əvvəlkindən daha möhkəmlənmiş vəziyyətdədir... Ancaq müstəqilliklə bərabər qarşımızda heç də az əhəmiyyətli olmayan başqa vəzifələr də durur ki, onların tezliklə həll edilməsini hökumət özünün təxirəsalınmaz və müqəddəs borcu hesab edir. Belə məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Sizə məlumdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Lənkəran qəzası hələ də yad əllərdədir. Yüz minə yaxın vətəndaşımız hər an təhlükələrə, təhqirlərə və təzyiqlərə məruz qalır”. Nəsib bəy çox doğru olaraq başlıca diqqəti müstəqil Azərbaycanın bütün ərazisində hakimiyyətin bərqərar olunmasına yönəldir və bu məsələnin uğurlu həlli üçün hökumətin ən qəti tədbirlər görəcəyini elan edirdi. Sonrakı aylarda Lənkəran qəzasına general-mayor Həbib bəy Səlimov kimi təcrübəli və cəsur bir sərkərdənin başçılığı altında qoşun göndərilməsi, həmin qəzada oyuncaq Muğan respublikasının aradan qaldırılması və yerli idarəçiliyin tam nəzarətə götürülməsi yeni hökumət sədrinin gənc dövlətin möhkəmləndirilməsi üçün tam qətiyyətlə hərəkət etdiyindən xəbər verirdi. Mühüm addımların atılmasında bundan sonra da əzmkarlıq və qətiyyət nümayiş etdiriləcəyinə kimsədə şübhə qala bilməzdi. Eyni fikirləri Dağıstanda gedən proseslərə münasibətə də aid etmək mümkündür. Dağıstanın müstəqil yaşamasının, “qırmızı Rusiya” ilə Azərbaycan arasında bir sədd olmasının vacibliyini nəzərə alan hökumət sədri orada tökülən qanlara həmin bölgədə yaşayan əhalinin böyük əksəriyyətinin milli mənsubiyyətinə görə etirazını bildirməklə yanaşı, məsələyə yalnız dini və etnik yaxınlıq baxımından qiymət verməklə qalmır, Dağıstan və Azərbaycan respublikalarının ortaq strateji maraqlarını mühüm amil kimi dəyərləndirirdi: “Dağlı respublikası azərbaycanlılar üçün ikinci vətəndir, necə ki, Azərbaycan onlar üçün. Sizə məlumdur ki, Denikinin ordusu Şimali Qafqaza dolmuşdur və yenidən dağıstanlıları və bizi əsarət altına almaq üçün Dağıstanın qarlı zirvələrini qana qərq etmişdir. Ancaq bu, o qədər də asan olmamışdır. Könüllü ordunun zalımlarına dağlı qartalların verdiyi dərs bunu təsdiq edir. Qoy, bizim qeyrətli dağlı qardaşlarımız şübhə etməsinlər ki, biz həmişə onlarlayıq”. Ölkənin yaxın sərhədlərində baş vermiş hadisələrə xüsusi diqqət yetirilməsi təsadüfi deyildi. Çünki Azərbaycanın şimalında yaranmış təhlükəli vəziyyət sərhədlərin müdafiəsinin təşkili üçün təcili tədbirlər görülməsini və general Denikinin niyyətləri barədə xarici dövlətlərin xəbərdar olunmasını tələb edirdi. Əks halda, Dağıstanda öz planlarını reallaşdıran Denikin Könüllü ordusunu Azərbaycana yeridə, ölkənin müstəqilliyini ciddi təhlükə altında qoya bilərdi. N.Yusifbəyli dördüncü hökumətdə, həmçinin daxili işlər naziri vəzifəsini yerinə yetirirdi. Hökumət sədrinin, eyni zamanda, mühüm bir sahənin rəhbəri təyin olunması hər şeydən əvvəl ölkənin mövcud vəziyyəti ilə əlaqədar idi. 1919-cu ilin aprelindən sonrakı dövrdə ölkə daxilində hakimiyyətin dayaqlarının hərtərəfli möhkəmləndirilməsi ilə vəziyyətin tam sabitləşdirilməsi kursunun götürülməsi sədrin həm də daxili işlər naziri postunu tutması zəruriyyətini doğurmuşdu. Dördüncü hökumətin fəaliyyət göstərdiyi çox qısa müddətdə aydınlaşdı ki, həm strateji istiqamətin müəyyənləşdirilməsində, həm də qeyd olunan təyinatda səhvə yol verilməyib, əksinə, düzgün və düşünülmüş addımlar atılıb. Nəsib bəy dövlətə, onun müstəqilliyinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönəlmiş əməlin kim tərəfindən törədilməsindən asılı olmayaraq, təcili və qəti tədbirlər görməsinin tərəfdarı idi. 1919-cu il aprelin 1-də ona müraciətlə ingilis əsgərlərinin özbaşına hərəkətləri barədə şikayət edən bir qrup Bakı sakini müvafiq ölçü götürülməsini tələb edirlər. Onlar ingilislərin sərxoşluq etməsindən, teatrda və kinoda çaxır içib, siqaret çəkmələrindən, qadınlara sataşmalarından şikayətlənir, “məgər mədəni xalq budur?”, - deyə soruşurlar. Təcili surətdə tədbir görən daxili işlər naziri Nəsib bəy Yusifbəyli ingilis komandanlığına müraciət edərək günahkarların cəzalandırılmasına nail olur. Ölkə daxilində sabitlik yaranmasına, bir sıra ərazilərdə hakimiyyətin tam bərpa olunmasına baxmayaraq, koalisiyalı əsaslarda formalaşdırılmış hökumət öz fəaliyyəti ilə əlaqədar bir sıra çətinliklərlə qarşılaşmışdı. Hökumətin təşkilində iştirak etmiş bir sıra parlament firqələri müəyyən şərtlər irəli sürür, kabinetin tərkibində öz mənafelərinə uyğun dəyişikliklərə nail olmağa çalışırdılar. Bu isə hökumətdaxili mübarizələrin kəskinləşməsinə və nəticə etibarilə qarşıya qoyulan vəzifələrin tam uğurla həyata keçirilməsinə maneçilik göstərirdi. Məhz belə bir durumda Nəsib bəy Yusifbəyli 1919-cu il sentyabrın 18-də kabinetin rəhbəri kimi parlament sədrinə məktub yazıb hökumətin sosialist və “Əhrar” firqələrinin hökumətə etibarı müəyyən şərtlərlə bağladıqları üçün istefa verdiyini bildirir. Bu, ciddi xəbərdarlıq idi və mövcud vəziyyətdən çıxış yolu axtarılması üçün təcili tədbirlər görülməsini tələb edirdi. Başı daxili münaqişələrə qarışan hökumətin lazımi səmərə ilə işləyə bilməyəcəyi aydın idi. Bütün bunları nəzərə alan parlament sədri sentyabrın 22-də parlament firqələrinin razılığı əsasında Nəsib bəy Yusifbəyliyə yeni kabinet yaratmaq təklifi ilə müraciət edir. Bu təklif müəyyən müddətdən sonra qəbul olunur və Azərbaycanın beşinci - sonuncu Nazirlər Şurasının tərkibinə kimlərin daxil edilməsi üçün açıq-qapalı müzakirələr başlayır. Nəsib bəy Yusifbəyli oktyabrın sonlarında parlament sədrinə müraciətlə əsas partiyaların (Müsavat, İttihad partiyası və bitərəflər) platforması əsasında hökumət təşkil etməyi xahiş edir (“Azərbaycan” qəzeti 1919-cu il 30 oktyabr). 1919-cu il noyabrın 16-da yeni hökumətin təqribi tərkibi “Azərbaycan” qəzetində dərc olunur. Yeni hökumətin fəaliyyətə başlaması Nəsib bəyə hökumətin təşkili ilə bağlı müraciətdən yalnız üç ay sonra mümkün oldu. Bu müddətdə isə təbii ki, Azərbaycan hökumətsiz qalmamışdı. Cümhuriyyətin dördüncü hökuməti 1919-cu ilin dekabrın 22-dək üzərinə düşən funksiyaları yerinə yetirdi. “Azərbaycan” qəzetinin 1919-cu il 7 oktyabr tarixli sayında yazılmışdı: “1919-cu il oktyabrın 5-də Amerika hökumətinin Zaqafqaziyadakı komissarı, general Harbord 18 nəfər missiya üzvü, 3 general, dövlət həyatının bütün məsələləri üzrə 15 nəfər mütəxəssislə Bakıya gəlib. O, Nəsib bəy Yusifbəyli ilə siyasi məsələlərlə bağlı xeyli söhbət aparıb və Azərbaycanda yaradılmış qayda-qanundan razı qaldığını, Amerika ilə Azərbaycan arasındakı mövcud ixtilafın tezliklə aradan qaldırılması zərurətindən danışıb”. 1919-cu il dekabrın 22-də yeni hökumətin bəyannaməsini parlamentdə elan edən Nəsib bəy Yusifbəyli ötən müddətdə dördüncü hökumətin gördüyü işlərin başlıca yekunlarını və qarşıda duran ən mühüm vəzifələri belə səciyyələndirmişdi: “Sizə məlumdur ki, vətənimizin böyük hissəsi yad əllərdə idi. Lənkəran qəzası bizim tərəfimizdən azad edilmişdir... İkinci məsələ Qarabağ məsələsidir. Qarabağ haqqında danışarkən biz dörd qəzanı nəzərdə tuturuq. Son vaxtlar müxtəlif intriqalarla və fəsadlarla Zəngəzur qəzasının Qarabağdan kənarda yerləşməsini sübut etmək istəyirlər. Yüz və min illərdir ki, Zəngəzur Qarabağın tərkib hissəsidir, Qarabağ isə Azərbaycanın ürəyidir, buna görə də aydındır ki, bu fəsadlardan bir şey çıxmayacaq. İndi Qarabağın üçdəikisi bizim əlimizdədir, Zəngəzur qəzasının yarısı isə qiyamçıların əlindədir. Bizə deyirlər ki, ola bilər, burada da məsələni sülhlə həll etmək olar və böyük dövlətlərin nümayəndələri bunun tərəfdarıdır. Biz sülhün əleyhinə deyilik. Biz, ümumiyyətlə, bütün məsələlərin həllində sülhü vasitə seçmişik. Buna görə də gözləməyə hazırıq, təki məsələ sülhlə həll edilsin... Üçüncü məsələ Şərur-Naxçıvan məsələsidir, yaxud əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edən İrəvan quberniyasının bir hissəsinin məsələsi. Cəsur naxçıvanlılar, şərurlular, vedibasarlılar özləri bu məsələni həll ediblər. Onlar öz həyatları, ailələri ilə risk edərək özləri qalxıb torpaqlarını azad edib və vətənlə qovuşub və bununla hökumətin işini asanlaşdırıblar”. Məhz Nəsib bəy kimi görkəmli dövlət xadimlərinin hərtərəfli düşünülmüş siyasət yeritmələrinin nəticəsi idi ki, 1920-ci il yanvarın 11-də müstəqil Azərbaycanın həyatında ən əlamətdar günlərdən biri barədə əhaliyə böyük təntənə ilə məlumat vermək mümkün oldu. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Avropa dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması barədə memorandumu elan olundu. Memorandumda deyilirdi: “Azərbaycan hökuməti və xalqı nəhəng dövlətlər tərəfindən Azərbaycan xalqının müstəqilliyinin tanınması və bununla onun beynəlxalq hüququn bir hissəsinə çevrilməsi faktını dərin məmnunluqla qarşıladılar... Ancaq Azərbaycan xalqının azad və müstəqil mövcudluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülməsə onun bütün əməyi və verdiyi qurbanlar nəticəsiz qala bilər”. Daxili işlər naziri vəzifəsini icra etdiyi dövrdə Nəsib bəy respublikada daxili sabitliyin yaradılması üçün bolşeviklərin törətdiyi təxribatların qarşısının alınmasının başlıca məsələlərdən olduğunu dəfələrlə vurğulamış, bu sahədə xeyli işlər görülməsinə nail olmuşdu. Onun həmin aylarda hərbi nazirə və yerli hakimiyyəti təmsil edən qubernatorlara, digər dövlət məmurlarına yazdığı məktublar, nazirlik adından göndərdiyi teleqramlar və Dövlət Müdafiə Komitəsinin iclaslarında bu müstəsna səlahiyyətlərə malik qurumun sədri kimi etdiyi çıxışlar bolşevik təhlükəsinə qarşı necə geniş iş aparıldığını əyani surətdə təsdiqləyir. Bu tarixi faktlar barəsində təfərrüatlara varmır, yalnız belə bir cəhəti vurğulayırıq ki, 1920-ci il aprelin 27-də xəyanət yolu ilə hakimiyyəti ələ alan bolşeviklərin birinci növbədə Fətəli xanı və Nəsib bəyi axtarıb sui-qəsd yolu ilə aradan götürmələrində hər iki şəxsin onlara qarşı amansızlıqla mübarizə aparmasının xüsusi rolu olmuşdu. Bolşeviklər bu “xidmətləri” unuda bilməzdilər və Nəsib bəyi öldürmək üçün başqaları kimi haqqında xüsusi qovluqlar yaradaraq düşmən olduğunu sübuta yetirməyə də ehtiyac yox idi. Nəsib bəy Yusifbəyli məhkəmə qarşısında dayanmadı, Azərbaycanın müstəqilliyinə, xalqın həqiqi hakimiyyətinə qəsb etmiş bolşeviklərin buna cəsarəti çatmadı, onu qatil əli ilə qətlə yetirdilər. Çünki yaxşı bilirdilər ki, Nəsib bəyin təkcə Gəncəbasarda yüz minlərlə tərəfdarı vardı. “Millətə azadlıq və müstəqilliyin nə olduğunu daddıranlar”ın ön cərgəsində olmuş bu şəxsiyyəti asanlıqla susdurmaq mümkün deyildi. Ona görə də çarə yalnız muzdlu qatilə qalırdı. Qəlbi böyük əməllərlə çarpan, milli tariximizin ən şanlı səhifələrindən birinin yazılmasında ilk təşəbbüskarlardan və təşkilatçılardan olan, Vətən təəssübünü hər şeydən üstün tutan Nəsib bəyin ömrü yarımçıq qaldı. Cümhuriyyətin süqutundan dərhal sonra onunla haqq-hesab çəkməyə tələsən qanlı rejim Nəsib bəyi aradan götürmək üçün muzdlu qatil göndərdi. Çevrilişdən cəmi bir neçə gün keçmiş, 1920-ci il mayında Azərbaycanın hökumətinin başçısı Nəsib bəy Yusifbəyli Kürdəmir qəzasında Yevlaxın Qarxunlu kəndindən olan quldur Əşrəfin yaxın adamları tərəfindən qətlə yetirildi. Nəsib bəyin ölümü aprelin 27-də tarixi bir seçim qarşısında qaldığını yetərincə qiymətləndirməyənlər üçün ilk ciddi xəbərdarlıq oldu. Onlar hansı qüvvə ilə qarşılaşdıqlarını aydın başa düşdülər. Ancaq artıq gec idi. Terror və kütləvi cəza maşını hərəkətə gətirilmişdi. Azərbaycan Cümhuriyyət ideyalarının unutdurulacağı günədək düşünən başlardan məhrum olunmalı idi. Amansız rejimin belə qurbanlarından biri də Nəsib bəyin böyük qardaşı Həmid bəy Yusif bəy oğlu oldu. Vətəni, milləti canından artıq sevən, milli ideallara həqiqi sədaqətlə xidmət göstərən Yusifbəlilər nəslinin digər nümayəndələri barəsində yəqin ki, gələcəkdə tədqiqatçılar öz sözlərini deyəcəklər. Bu, həm də bizim hər birimizin müqəddəs borcudur. Doğma Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxarmış böyük insanlar qarşısındakı hələlik lazımınca ödəyə bilmədiyimiz mənəvi borcdur. Siyasət və dövlət nəhəngi olmuş Nəsib bəy kimi əvəzsiz şəxsiyyətlərimizin həyatı və fəaliyyəti barədə xalqa ən kiçik təfərrüatlarınadək bütün həqiqətlər çatdırılmayınca, onların bizlərə necə böyük və tükənməz irs qoyub getdikləri məktəb yaşlı uşaqlarımızdan tutmuş ahıllarımzadək hər kəsə məlum olmayınca bu borc yerinə yetirilmiş sayıla bilməz.   Lətif Şüküroğlu Tarix üzrə fəlsəfə doktoru

Hamısını oxu
Düzgün idarəetmə Azərbaycanda terrorun qarşısını alır

"Azərbaycanın yeni "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutmasını yüksək qiymətləndirirəm. Bu göstərici görülən işlər nəticəsində ölkəmizdə ümumiyyətlə terror təhlükəsinin olmadığının bariz sübutudur”. Bu fikirləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik Cəlil Xəlilov açıqlamasında deyib. O bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür və heç bir terror təhlükəsi yoxdur. Hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanlarının ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərin üzərində çox ciddi işlədiyini deyən polkovnik söyləyib ki, Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyi yüksək səviyyədə qorunur: “Bu gün Azərbaycanın terrordan xilasının bir neçə səbəbi var. Bunlardan biri xalqın özüdür. Çünki, Azərbaycan xalqı heç zaman münaqişələri getmir və dövlətlər arasında nifaq salmaqda maraqlı deyil. Digər səbəb Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yüksək səviyyəli daxili və xarici siyasət nəticəsində bütün millət və xalqların tolerant şəkildə yaşamasıdır. Həm azərbaycanlılar, həm də başqa millətlərin nümayəndələri ölkəmizdə eyni hüquqlara malikdir. Bütün bunlarla yanaşı, hüquq mühafizə orqanlarının apardığı profilaktik tədbirlər ölkəmizi terror təhlükəsindən qoruyan səbəblər sırasındadır”. Polkovnik qeyd edib ki, Azərbaycanda terrorun qarşısını alan əsas fəaliyyət ölkədə düzgün idarəetmə, təhlükəsizlik sisteminin olmasıdır: “Belə hadisələrin qarşısı dərhal alınır və hər hansı təhlükənin baş verməməsi istiqamətində bütün tədbirlər görülür. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda insanlar günün istənilən saatında rahat şəkildə çöldə gəzə, dincələ bilir. Bütün bunlar ölkədə hökm sürən əmin-amanlıqdan, sabitlikdən xəbər verir. C.Xəlilov əlavə edib ki, Azərbaycanı narahat edən əsas məsələlərdən biri Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bu hadisələrin baş vermə ehtimalıdır: “Bu gün Dağlıq Qarabağda erməni terror təşkilatları tərəfindən terrorçular yetişdirilib, hazırlanmaqla yanaşı, kriminal aləmdə tanınan insanlar həmin ərazilərdə saxlanılır. Ən pisi isə onlar Ermənistanın maraqlarının həllinə yönəldilir. Bu azmış kimi işğal altında olan torpaqlarımızda narkotik bitkilər yetişdirilir və digər qanunsuz miqrant fəaliyyəti ilə məşğul olunur. Bu həm Azərbaycan, həmdə qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Dünya ölkələri buna birmənalı münasibət bildirərək, Ermənistandan nəzarət olunmayan ərazilərin işğaldan azad edilməsini tələb etməlidirlər”. Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanan "Qlobal Terrorçuluq İndeksi"ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır. Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi. Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir. İlk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir. Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır. Müəllif: Nailə Məhərrəmova

Hamısını oxu
“COP29 tribunasından “müharibəyə son” çağırışı Azərbaycanın sülhpərvər mahiyyətinin göstəricisidir”

“Hikmət Hacıyevin ABŞ-n “Newsweek” nəşrində dərc olunmuş məqaləsi, ilk növbədə Azərbaycan dövlətinin qlobal və regional proseslərə münasibətinin göstəricisidir. Eyni zamanda, Azərbaycan ziyalısının beynəlxalq ictimaiyyətə ünvanlanmış həyəcan siqnalı kimi qiymətləndirilməlidir”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan COP29 çərçivəsində dünyanın diqqətini iqlim dəyişiklikləri ilə yanaşı, silahlı münaqişələrə çəkməklə, mühüm missiya həyata keçirməkdədir: “Son illər, “yeni dünya nizamının qurulması” adı altında olduqca ziddiyətli, mürəkkəb və təhlükəli proseslər gedir. Planetimiz sürətlə 3-cü dünya müharibəsinə doğru sürüklənir. Qarşısı alınmasa, nüvə müharibəsi təhlükəsi mövcuddur. Bütün bunlarla yanaşı, planetin qarşısında duran əsas vəzifə, iqlim dəyişikliklərini şərtləndirən qlobal istiləşmə, quraqlıq, ekoloji tarazlığın pozulması və digər problemlərin həllinə yönəlik sistemli mübarizə metodlarının işlənib hazırlanmasıdır. Söhbət, BMT üzvü olan böyüklü kiçikli, bütün dövlətlərin birgə iştirakı ilə, iri maliyyə tutumu tələb edən, qlobal layihələrin icrasından gedir. Bu məsələdə ikili standartlar, ayrı-seçkilik, selektiv yanaşmalar olmamalıdır. Planetin həssas bölgələri müəyyənləşdirilməli, konkret proqramlar icra olunmalıdır. Ən böyük məsuliyyət, sənaye baxımdan inkişaf etmiş, ətraf mühiti və atmosferi çox çirkləndirən, müxtəlif bəhanələrlə Kiot və Paris protokollarını imzalamaqdan yayınan böyük dövlətlərin üzərinə düşür. Hikmət Hacıyevin məqaləsinin digər hissəsi Azərbaycan-Ermənistan münasibətlərindəki son vəziyyəti əks etdirir. İki dövlət arasında əldə olunmuş nailiyyətlər, məxsusi olaraq, vasitəçilər olmadan sülhün mümkünlüyü vurğulanır. COP-29 məzmununa, kütləviliyinə görə, son dərəcə əhəmiyyətli tədbirdir. Belə bir möhtəşəm tribunadan istifadə etməklə, beynəlxalq birliyi sülhə çağırmaq, müharibələrin, münaqişələrin qarşısının alınması üçün çağırış etmək, Azərbaycan dövlətinin sülhpərvər mahiyyətinin göstəricisidir”. Seymur ƏLİYEV  

Hamısını oxu