Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib

 

Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət edib. Müraciətdə deyilir:

“Hörmətli Konfrans iştirakçıları,

Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.

Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.

Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə davam edir. Münaqişələr bitdikdən uzun müddət sonra partlayıcı sursatlar insanların həyatlarını itirməsinə, mülki şəxslərin yaralanmasına, infrastrukturun zədələnməsinə və yenidənqurma layihələrinin ləngiməsinə səbəb olmaqda davam edir. Bu baxımdan, humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənləri üçün vacib bir öhdəlikdir.

Münaqişədən sonra ərazilərdə şəhərlərin bərpası binaların, yolların və ictimai infrastrukturun yenidən qurulması ilə yanaşı, təhlükəsizliyin və inamın bərqərar olmasını tələb edir. Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula, heç bir məktəb və ya xəstəxana təhlükəsiz fəaliyyət göstərə, heç bir ailə öz yurduna ləyaqətlə geri qayıda və heç bir iqtisadi fəaliyyət davamlı inkişaf edə bilməz. Buna görə də humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır.

Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib. Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib. İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr yaradır.

Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.

Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir.

Humanitar minatəmizləmə Azərbaycanın azad edilmiş ərazilərində yenidənqurma və bərpa proqramının ayrılmaz və əhəmiyyətli hissəsidir. Şəhərlərin və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, nəqliyyat və enerji şəbəkələrinin inkişafı, kənd təsərrüfatının dirçəldilməsi və yeni yaşayış məntəqələrinin yaradılması minatəmizləmə fəaliyyətləri ilə sıx və dəqiqliklə əlaqələndirilərək həyata keçirilir.

Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.

Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir.

İşğal zamanı dağıdılmış şəhərlər və kəndlər Böyük Qayıdış Proqramı çərçivəsində yenidən qurulur, müasir infrastruktur, yollar, tunellər, hava limanları, enerji obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət abidələri və yaşayış məntəqələri bərpa olunur. Bu siyasətin praktik nəticələri artıq göz qabağındadır. Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.

Azərbaycan minatəmizləmə, şəhərsalma, infrastrukturun inkişafı, ətraf mühitin bərpası, rəqəmsal həllər, sosial xidmətlər, dövlət idarəçiliyi və keçmiş məcburi köçkünlərin geri qayıtmasını vahid əlaqələndirilmiş çərçivədə birləşdirən münaqişədən sonrakı yenidənqurma, bərpa və idarəetmənin qabaqcıl modellərini işləyib hazırlayır və tətbiq edir. İşğal zamanı dağıdılmış və əhalisi boşalmış ərazilər qısa müddət ərzində yaşayış, iş, təhsil və imkanlar təqdim edən yerlərə çevrilir.

Bir çox çağırışlar qalsa da, indiyədək əldə edilən nəticələr Azərbaycanın inteqrasiya olunmuş yanaşmasının səmərəliyini nümayiş etdirir. Biz bu təcrübəni münaqişənin bənzər fəsadları ilə üzləşən ölkələr və regionlarla bölüşməyə hazırıq. Çünki inanırıq ki, minatəmizləmə, yenidənqurma və geri qayıdış üzrə Azərbaycan modeli dünyada bir çox tərəfdaşlar üçün praktik maraq kəsb edə bilər.

Azərbaycan, həmçinin beynəlxalq səviyyədə minatəmizləmə fəaliyyətinin təşviqi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Təhlükəsiz və dayanıqlı məskunlaşmanın və minatəmizləmənin əhəmiyyəti Azərbaycanın Bakıda uğurla ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası zamanı qlobal müzakirələrin mərkəzində olub.

Bununla yanaşı, ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi elan edib və bu məsələnin qlobal prioritet kimi tanınması üçün fəaliyyətini davam edir.

Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir. Ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir.

Əminəm ki, bu Konfrans açıq dialoq, təcrübə mübadiləsi və praktiki əməkdaşlığın inkişafı üçün dəyərli platforma rolunu oynayacaq. Bakıda aparılan müzakirələr beynəlxalq minatəmizləmə standartlarının gücləndirilməsinə, innovasiyanın təşviqinə, təhlükəsiz şəhərlərin bərpasının dəstəklənməsi, təhlükəsiz, dayanıqlı və davamlı icmaların qurulması kimi ümumi məqsədimizə nail olunmasına töhfə verəcək.

Bütün iştirakçılara ən xoş arzularımı çatdırır və Konfransın işinə uğurlar arzulayıram”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

https://president.az/az/articles/view/73412

 

2026-09-07 15:52:00
476 baxış

Digər xəbərlər

Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib

Bakı, 2 noyabr, AZƏRTAC  Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bildirib.a

Hamısını oxu
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində qaliblər Toğrul Xəlilov və Şəhriyar Həsənverdiyev ilə görüş keçirib. Görüş zamanı iştirakçıların fərdi inkişaf planları müzakirə olunub, peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib. Mentorluq proqramı çərçivəsində iştirakçıların mövcud bacarıq və potensialının qiymətləndirilməsi məqsədilə SWOT təhlili aparılıb, onların güclü və inkişaf etdirilməsinə ehtiyac olan tərəfləri, eləcə də gələcək inkişaf imkanları müəyyənləşdirilib. Zakir İbrahimov iştirakçılarla idarəetmə, liderlik və peşəkar inkişaf sahələrində təcrübə və tövsiyələrini bölüşüb. O, mövcud bacarıqlardan səmərəli istifadə etməyin, eyni zamanda davamlı özünüinkişaf və sistemli yanaşmanın əhəmiyyətini vurğulayıb. Görüş çərçivəsində mentilərin gələcək fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, onların peşəkar inkişafına dəstək məqsədilə müvafiq tövsiyə və tapşırıqlar verilib. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Mentorluq proqramı qaliblərin idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və praktik təcrübələrinin artırılmasına xidmət edir.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə 44 günlük Vətən müharibəşi iştirakçılarının görüşü keçirilib

Respublika Veteranlar Təşkilatının və Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşəbbüsü ilə bir grup 44 günlük Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib. Görüşdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəliov çıxış etdi. C.Xəlilov: “Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Bu 44 günlük müharibə Azərbaycan xalqının şanını-şöhrətini özünə qaytardı. müharibə xalq olaraq qürurumuzu, vüqarımızı, özümüzə inamımızı qaytardı. Bu 44 günlük müharibədə igid Azərbaycan oğulları öz qəhrəmanlıqları ilə nəinki bugünkü nəsil üçün, eyni zamanda gələcək nəsillər üçün daim fəxr edib, qürur duyacağımız şanlı tarix yazdılar. Elə bir tarix ki, qərinələr, əsrlər keçəcək, nəsillər dəyişəcək, ancaq bu 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının qan yaddaşında və tarixində qızıl hərflərlə həkk olunub əbədi yaşayacaq. Bizlər – bugünkü nəsil xoşbəxt nəsilik ki, bu şanlı tarixin yazılmasına şahidlik etdik. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu müharibədə qəhrəman oğullarımız şəhadətə qovuşaraq, ölümləri ilə ölümsüzlük qazandılar. Sizlərin timsalında minlərlə qəhrəmanımız  Azərbaycan xalqının ən yeni tarixinə adlarını yazdırdılar, onlar hər zaman iftixarla xatırlanacaqlar. Bundan sonrada vətənimizin ərazi bütövlüyünü, dövlətimizin müstəqilliyini qoruyacaqlarına yekdilliklə əminik. Əfqanıstan Veteranlar İctimai birliyinin sədri leytenant Nəsirov Orxan və əsgərlər Qasımlı Kamran və Alızadə Tamerlan və onlar kimi minlərlə Azərbaycan oğlunun qürürumuz olduğunu dilə gətirdi. Azərbaycan xalqının birliyinin yenilməzliyinin simvolu olan Vətən müharibəsindəki şanlı qələbəninin gələcəyimizi işıqlandıracağını bildirdi. Respublika Veteranlar Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Fəxri Fərmanları, Əfqanıstan Veteranları İctiami Birliyinin sədri  Məhəmməd Vəliyev  isə öz növbəsində rəhbərlik etdiyi Təşkilatın təsis etdiyi medalı və mükafatlarını 44 günlük Qarabağ müharibəsi qəhrəmanlarına təqdim edilər.

Hamısını oxu
“Azərbaycan Vətən müharibəsində onu dəstəkləyən dost Pakistanla əməkdaşlıqda maraqlıdır”

Arzu Nağıyev: “Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan işğalçı dövlətlə bütün diplomatik əlaqələri kəsib” Bugünlərdə Azərbaycan hərbçiləri Pakistandakı paradda iştirak edib, dost dövlətlə həmrəylik sərgiləyiblər. Bundan başqa, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovla Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı general Qamar Caved Bacva arasındakı görüşdə iki dövlət arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edilib. Maraqlıdır, Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişafı hər iki dövlətin maraqları baxımından nə dərəcədə önəmlidir? Veteran.gov.az xəbər verir ki, Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev, Azərbaycanın bütün dost dövlətlər, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maarqlı olduğunu bildirib: “Bir sıra dövlətlər var ki, bizim həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi və hərbi əməkdaşlığımız mövcuddur. Pakistan Azərbaycan-Ermənistan münaqişəsi başlayan andan Ermənistanla bütün diplomatik əlaqələri kəsib. Pakistan hərbi baxımdan da güclü bir dövlətdir. Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın mövcudluğu mühüm əhəmiyyətə malikdir. Bizim bir sıra dövlətlərlə yanaşı, Pakistanla da müəyyən silah-sursatın idxalı ilə bağlı müqavilələrimiz mövcuddur.   44 günlük Vətən müharibəsaində Pakistan bizə mənəvi dəstək verən islam dövlətlərindən biridir. Təbii ki, Türkiyə ilə münasibətimiz yüksək səviyyədədəir. Pakistanla münasibətlərimiz də kifayət qədər qənaətbəxşdir. Azərbaycan və Pakistan arasında humanitar sahədə də geniş əməkdaşlıq var. Heydər Əliyev Fondunun Pakistanın bir sıra qurumları ilə əlaqəsi buna nümunədir. Bu gün Pakistan hərbi qüdrətinə görə dünyanın ən güclü dövlətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də bizim Pakistanla effektiv əməkdaşlığımız mövcuddur. Pakistandakı paradda Azərbaycanın müdafiə nazirinin iştirak etməsi, hərbçilərimizin bu paradda təmsil olunması faktı da göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bizi dəstəkləyən hər bir dövlətlə, o cümlədən Pakistanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Hansı ki, bu əməkdaşlıq həm Azərbaycanın, həm də Pakistanın dövlət maraqlarına tam cavab verir”. Seymur ƏLİYEV

Hamısını oxu