Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad və əməkdaşlıq platforması – TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemi təhlükəsizlik anlayışının sürətlə dəyişdiyi mərhələdən keçir. Ənənəvi hərbi-siyasi risklər artıq terrorçuluq, transmilli cinayətkarlıq, kibertəhdidlər, qeyri-qanuni miqrasiya, narkotik və silah dövriyyəsi, kritik infrastrukturun təhlükəsizliyi kimi bir-biri ilə əlaqəli çağırışlarla paralel inkişaf edir. Belə bir şəraitdə Bakıda IV Təhlükəsizlik Forumunun keçirilməsi təhlükəsizlik sahəsində beynəlxalq dialoq üçün ayrıca platformanın formalaşması baxımından diqqət çəkir.

 Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri olmaqla 600-ə yaxın şəxsin iştirakı tədbirin coğrafiyasının genişləndiyini göstərir. Forumun 2023-cü ildən davamlı xarakter alması isə onu birdəfəlik müzakirə formatından daha çox xüsusi xidmət və təhlükəsizlik qurumları arasında əlaqələrin saxlanmasına xidmət edən mexanizm kimi nəzərdən keçirməyə imkan verir.

Prezident İlham Əliyev Forum iştirakçılarına müraciətində də iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsini və müzakirə edilən məsələlərin aktuallığını Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qiymətləndirib.

Dövlət başçısının vurğuladığı kimi, “Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır”.

Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri müxtəlif siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik strukturlarının eyni platformada təmsil olunmasıdır. Geosiyasi rəqabətin və dövlətlərarası etimad böhranının dərinləşdiyi şəraitdə təhlükəsizlik orqanları arasında peşəkar kommunikasiya kanallarının qorunması xüsusilə vacibdir. Çünki terrorçu və transmilli cinayətkar şəbəkələr siyasi sərhədlərlə məhdudlaşmadığı kimi, onlara qarşı mübarizə də yalnız milli mexanizmlərlə effektiv aparıla bilməz.

Prezident İlham Əliyev də müraciətində dünyada baş verən sürətli və mürəkkəb dəyişikliklərin, geosiyasi rəqabətin kəskinləşməsinin və müxtəlif regionlardakı münaqişələrin qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, “Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir”.

Bu yanaşma təhlükəsizliyin yeni mahiyyətini də ortaya qoyur. Müasir dövrdə dövlət təhlükəsizliyi yalnız sərhəd və hərbi infrastrukturu əhatə etmir. Enerji sistemləri, nəqliyyat dəhlizləri, bank sektoru, su ehtiyatları, rabitə şəbəkələri və informasiya infrastrukturu da milli təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir ölkədə və ya regionda yaranan böhran qısa müddətdə təchizat zəncirlərinə, enerji bazarlarına, ərzaq təhlükəsizliyinə və kommunikasiya xətlərinə təsir edə bilir.

Dövlət başçısı müraciətində bu qarşılıqlı bağlılığa xüsusi diqqət çəkərək hər hansı regionda meydana gələn böhran və ya gərginliyin digər regionlara təsir göstərə, siyasi-iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə zərər vura biləcəyini qeyd edib.

Prezidentin ifadəsi ilə, “Təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır”.

IV Bakı Təhlükəsizlik Forumunun gündəliyində texnoloji risklərin xüsusi yer tutması da təsadüfi deyil. Süni intellekt, rəqəmsal platformalar, kiberimkanlar və kosmik sistemlər dövlətlərin inkişaf alətləri olmaqla yanaşı, yeni təhlükəsizlik riskləri yaradır. Xüsusilə terrorçu və ekstremist qrupların rəqəmsal texnologiyalardan təbliğat, maliyyələşmə, koordinasiya və yeni tərəfdarların cəlb olunması məqsədilə istifadəsi xüsusi xidmət orqanlarının qarşısında yeni vəzifələr qoyur.

Prezident İlham Əliyev də süni intellekt daxil olmaqla müasir texnologiyaların bədniyyətli istifadəsinin terrorçuluğa qarşı mübarizəni mürəkkəbləşdirdiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”.

Bu kontekstdə Bakı Forumunun praktiki əhəmiyyəti yalnız təhlükələrin müzakirəsindən ibarət deyil. Əsas məsələ risklərin erkən müəyyənləşdirilməsi, məlumat mübadiləsinin sürətləndirilməsi, milli təcrübələrin müqayisəsi və təhlükəsizlik qurumları arasında birbaşa peşəkar əlaqələrin inkişaf etdirilməsidir. Terrorçuluq və transmilli cinayətkarlıqla mübarizədə məlumatın operativ ötürülməsi bəzən təhlükənin nəticələri ilə mübarizədən daha vacib olan preventiv tədbirlərin görülməsinə imkan verir.

Prezident də təhlükəsizliyin etibarlı təminatı üçün yalnız mövcud təhdidlərin nəticələri ilə mübarizənin kifayət etmədiyini, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və vaxtında qarşısının alınmasının vacibliyini bildirib.

“Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır”, – deyə dövlət başçısı vurğulayıb.

IV Bakı Təhlükəsizlik Forumunun əsas mesajlarından biri qlobal təhlükəsizlik sistemində qarşılıqlı asılılığın artması fonunda etimad və operativ əməkdaşlıq mexanizmlərinə ehtiyacın güclənməsidir. 100-dən artıq ölkədən xüsusi xidmət və təhlükəsizlik strukturlarının nümayəndələrinin Bakıda bir araya gəlməsi fərqli siyasi yanaşmaların mövcud olduğu şəraitdə belə ortaq təhlükələr üzrə dialoqun davam etdirilməsi imkanını göstərir.

Azərbaycanın bu format vasitəsilə irəli sürdüyü yanaşmanın əsasında isə təhlükəsizliyin bölünməzliyi, qabaqlayıcı fəaliyyət, məlumat və təcrübə mübadiləsi, eləcə də dövlətlər arasında etimadın gücləndirilməsi dayanır.

Prezident İlham Əliyevin müraciətində ifadə etdiyi kimi, Bakı Təhlükəsizlik Forumu “konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır”. Qlobal təhdidlərin getdikcə daha çox transsərhəd xarakter aldığı indiki mərhələdə Forumun praktiki nəticəliliyi də məhz bu dialoqun konkret əməkdaşlıq mexanizmlərinə çevrilmə dərəcəsindən asılı olacaq.

APA.az

 

2026-09-23 15:26:00
27 baxış

Digər xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binasının istifadəyə verilməsi tədbirində iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi. Bildirildi ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib. Qeyd olundu ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var. Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb. Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. video Milli.Az   

Hamısını oxu
Prezident Qarabağ BARƏDƏ: “Ermənistan rəhbəri danışıqlar prosesini pozub”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.   Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Modern.az Prezident İlham Əliyevin müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair səsləndirdiyi fikirləri təqdim edir: “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman Azərbaycan xalqına həqiqəti demişəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mənim çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və bu, hesab edirəm ki, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər”. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onların bu addımlarının nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var və o siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü Ermənistan rəhbərliyi Ermənistanı uçuruma aparır”. “Siz bilirsiniz ki, iki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Yəni, biz vəziyyətdən istifadə edib nəyisə əldə etmək fikrində olmadıq. Biz hesab edirdik ki, bu, labüd idi. Çünki bundan əvvəlki Ermənistan hakimiyyəti xalqda, erməni xalqında ancaq nifrət hisləri doğururdu və faktiki olaraq bu hərbi-kriminal rejim Ermənistanı tamamilə bərbad vəziyyətə salmışdı. Xüsusilə nəzərə alsaq ki, yeni hakimiyyət gələndən sonra çox ümidverici bəyanatlar verməyə başlamışdı ki, bu məsələni həll etmək istəyirlər. Əvvəlki hakimiyyəti tənqid edirdi, bizə qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi. Biz də ümidlərlə yaşayırdıq ki, bəli, yeni hakimiyyət bütün başqa sahələrdə də, bu sahədə də yenilik gətirəcək və o, əvvəlki yanlış siyasətə düzəliş edəcək. Xüsusilə mənim Ermənistanın baş naziri ilə Düşənbədəki məlum görüşlərimdən sonra bu fikir daha da möhkəmləndi. O vaxt məndən xahiş olundu ki, onlara vaxt verilsin, Ermənistanda daxili vəziyyət ağırdır, çətindir, keçmiş hakimiyyətin nümayəndələri revanş almaq istəyirlər və bu da danışıqlar prosesinə çox mənfi təsir göstərəcək, onlar danışıqlara meyillidir, məsələni həll etmək istəyirlər. Xahiş edilirdi ki, atəşkəs rejimi möhkəmlənsin. Mənim isə sözüm o idi ki, biz ciddi danışıqlar aparmalıyıq və o təqdirdə, əlbəttə ki, atəşkəs rejimi daha da möhkəm olacaqdır”.   “O görüşdən sonra hər iki tərəf razılıq əsasında ayrı-ayrı açıqlamalar verdi və açıqlamanın əsas mahiyyəti ondan ibarət idi ki, biz görüşdük, yəni, qeyri-formal, qeyri-rəsmi görüş keçirdik, razılaşdıq ki, danışıqlar prosesi sürətləndirilsin və atəşkəs rejimi möhkəmləndirilsin. Çünki bu iki mövqe daim vəhdət təşkil etməlidir. Əks təqdirdə, bu, status-kvonun möhkəmləndirilməsi demək olacaqdı, buna isə biz heç vaxt razı ola bilmərik. Müəyyən müddət ərzində Minsk qrupunun həmsədrləri də ümidlərlə yaşayırdılar və gəlib-gedəndə, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr irəli sürürdülər”. “Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ Ermənistandır” deməklə nəinki yalanı bütün dünyaya yaydı və bu da davam edir, eyni zamanda, danışıqlar prosesini mənasız edir. Əgər o hesab edir ki, Qarabağ Ermənistandır, onda nə barədə danışmaq olar? Əgər o, belə hesab edir ki, Qarabağ Ermənistandır, - halbuki, bütün dünya bu cəfəng fikri rədd edib, - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər. Yəni, bu, siyasi təxribat idi”. “İkinci siyasi təxribat o idi ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu da formatı dəyişdirmək deməkdir və buna əlbəttə ki, biz heç vaxt razı ola bilmərik. Çünki bu oyuncaq kriminal xunta rejimi ilə heç bir təmaslarımız ola bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədrləri də buna əlbəttə ki, heç vaxt razı ola bilməzdilər”. “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb, biz yox, Ermənistan. Belə olan halda, biz duraq deyək ki, gəlin danışıqlara başlayaq, yaxud da ki, davam edək, sadəcə, məsuliyyətsizlik olar və özümüz özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Əlbəttə, pandemiya müdaxilə edib, amma pandemiyasız da danışıqlar getmir. Siyasi cəhətdən qüsurlu və ziyanlı bu bəyanatlar danışıqlar üçün yer qoymur”. “Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma aparılır. Bu, bütün beynəlxalq konvensiyalara ziddir. Bunların ağlı çatmır, təcrübəsi, bilikləri yoxdur - bunu elə nümayişkaranə göstərirlər. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir, bu, cinayətdir. İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Bu, təxribatdır. Bizi təxribata çəkirlər, onu göstərirlər internetdə - hansısa Livan erməni ailəsi gəlibdir, orada hansısa iş görür. Ondan sonra bizim qədim tarixi şəhərimiz Şuşa şəhərində o qondarma rejimin qondarma, dırnaqarası rəhbərinin guya andiçmə mərasimini keçirirlər. Bu, növbəti təxribatdır. Bu, bizə qarşı açıq təhqirdir. Onlar hesab edirlər ki, biz buna dözəcəyik? Bunu, bu təxribatı kim edir? Onlar edir. Biz heç bir təxribat etmirik. Biz öz mövqeyimizdə dayanmışıq”.

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Bayraməli Bayramov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Bayramov Bayraməli Səfər oğlu vəfat edib. Bayraməli Bayramov İkinci Dünya müharibəsi zamanı faşist istilasına qarşı qəhrəmancasına mübarizə aparmış, döyüşlərdə göstərdiyi igidliklərə görə hərbi komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Bayraməli Bayramovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!

Hamısını oxu
Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, iyunun 12-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla)  məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanan qanun layihəsi ilə bağlı komitə sədri məlumat verib. O bildirib ki, layihədə komitənin profilinə uyğun baxacağı normativ hüquqi aktlarda, əsasən, iki istiqamətdə dəyişikliklər təklif olunub. Belə ki, sənəddə məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsi təsbit olunub. Həmçinin məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Sonra qanun layihəsinin müzakirəsi aparılıb. Müzakirədə Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov, komitənin üzvləri Aydın Mirzəzadə, Arzuxan Əli-zadə, Elşən Musayev, Kamran Bayramov, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış edərək, layihədəki dəyişikliklərlə bağlı  fikirlərini açıqlayıblar, bəzi qeydlərini və rəylərini səsləndiriblər. Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub. İclasda deputatlar Səttar Möhbalıyev, Xanlar Fətiyev, Məzahir Əfəndiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu