Digər xəbərlər
Cəlilabad Rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlqədar tədbir keçirib. Tədbir iştirakçıları Vetetanlar evində Cəlilabad rayon Dövlət Rəsm Qaleriyasının təşkil etdiyi Ulu Öndərə həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman tədbiri giriş sözü ilə açdıqdan sonra sözü nəhəng ictimai-siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə etmək üçün Göytəpə şəhər tam orta məktəbin tarix müəllimi Firudin Zeynalova verib. Dahi şəxsiyyətin ictimai-siyasi xidmətlərini dolğun əks etdirən məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. "Qarabağ qaziləri" İctimai birliyinin rayon bölməsinin sədri Maşalla Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cəlilabad rayon nümayəndəsi Cavidan Rəşidov, "Gənc qazilər"İctimai birliyinin sədri Vüsal Muradzadə, Qarabağ müharibəsi iştirakçıları Aqil Məzərov, Paşa Əliyev, Qurban Əhməd, hərbçi mayor Elşən Abasov və başqaları çıxış edərək ümumxalq məhəbbəti qazanmış nadir tarixi şəxsiyyət Heydər Əliyev haqqında öz ürək sözlərini söyləyib və xüsusi olaraq vurğulayıblar ki, Ulu Öndərin unudulmaz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Hamısını oxu
Azər Badamov: “QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyinin möhkəmlənməsinə xidmət edir” Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev mətbuata açıqlamasında bildirib ki, bugünə qədər Şuşaya 800-ə qədər, bütövlükdə Qarabağa 1500 qeyri-hökumət təşkilatı (QHT) nümayəndəsinin səfəri təşkil olunub. Bu statistika Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, erməni cinayətlərinin ifşasında QHT təmsilçilərinin yaxından iştirak etdiyinin göstəricisi sayıla bilərmi? Ümumiyyətlə, ümummilli məsələlərdə dövlət qurumları ilə QHT-lər arasında bu cür əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov ölkəmizdəki QHT sektorunun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, erməni cinayətlərinin ifşa edilməsində, işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən quruculuq işləri haqqında yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oyandığını bildirib: “Dövlət QHT-lərin inkişafına dəstək göstərir və ölkənin ictimai-siyasi həyatında iştirakı üçün şərait yaradır. QHT-lərin inkişafı və fəaliyyəti ölkəmizin inkişafına və müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O cümlədən, haqq səsimizin dünyaya çatdırılmasında da QHT-lərin rolu qeyd olunmalıdır. İşğaldan azad olunmuş ərazilərə QHT nümayəndələrin səfərləri mütəmadi təşkil olunur. Təbii ki, QHT nümayəndələrinin də xarici auditoriyalara çıxmaq imkanları mövcuddur. Ona görə də onların Şuşaya və digər işğaldan azad olunmuş ərazilərə səfərləri onlarda öz gözləri ilə mövcud reallığı görərək daha dolğun məlumatlar formalaşdırır. Hesab edirəm ki, QHT nümayəndələrin, jurnalistlərin və xarici qonaqların işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili genişlənməlidir. Çünki bütün dünya Azərbaycanın iqtisadi gücü, quruculuq bacarıqları və erməni vandalizmləri barəsində geniş məlumatlanmalıdır”. Seymur ƏLİYEV
Hamısını oxu
“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Şəhid ailələri, müharibə veteranları və əlillərin sosial problemlərinin həllinə ictimai dəstək” layihəsi çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında tədbir keçirib. Tədbirdə Birliyin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü Rövşən Ağamalıyev çıxış edərək müəllifi olduğu layihə çərçivəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələrinin sosial problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Respublikamızda dayanıqlı iqtisadi inkişafa paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Hazırda şəhid ailələri, müharibə veteranları və əlillərin mənzil probleminin həlli istiqamətində mühüm addımlar atılır. Bu təbəqədən olan şəxslərin mənzil almaq üçün lazımi sənədlərin toplanması və siyahıya düşmək qaydaları barədə maarifləndirilməsi məqsədilə xüsusi sayt yaradılıb. Saytda bunun üçün tələb olunan bütün sənədlərin siyahısı yerləşdirilib. Həmçinin yaradılmış “qaynar xətt”ə də müraciət etmək imkanı yaradılıb. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb. Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı mühüm yer tutur. C.Xəlilov deyib ki, Respublika Veteranları Təşkilatı da şəhid ailələrinin, müharibə və silahlı qüvvələr veteranlarının, əlillərin tibbi-sosial məsələlərinin həlli istiqamətində səylə çalışır. Digər çıxışlarda da bu istiqamətdə görülən işlərdən danışılıb, Azərbaycan dövlətinin bu sahəyə diqqət və qayğısının minnətdarlıq hissi ilə qarşılandığı vurğulanıb.
Hamısını oxu
“Terror və təxribat İran-Ermənistan qardaşlığının ortaq təməlidir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildiirb. Polkovnik qeyd edib ki, hər iki ölkə Azərbaycana yönəlik terrorçu fəaliyyəti ilə diqqət çəkir: “Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlindən ölkəmizə qarşı həyata keçirdiyi işğal siyasəti 30 il davam etdi və 44 günlük Vətən müharibəsi ilə nəticələndi. Azərbaycan müharibə nəticəsində işğaldakı torpaqları azad etdi, ərazi bütövlüyümüz təmin olundu. Lakin müharibədən iki ildən çox vaxt keçsə də, Ermənistan terror və təxribat siyasətindən əl çəkmir. Maraqlıdır ki, hər zaman Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən İran, Vətən müharibəsindəki qələbəmizdən sonra bizə qarşı daha açıq aqressiv siyasət sərgiləməyə başlayıb. Azərbaycan sərhədlərində böyük hərbi təlimlərin keçirilməsi, terror dövləti olan Ermənistana iqtisadi-siyasi dəstəyin artırılması, Tehrandakı səfirliyimizə qarşı terror hücumunun təşkili və s. İranın ölkəmizə qarşı məkirli niyyətindən xəbər verir. Təkcə bir faktı vurğulayaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son bir neçə ayda İrana məxsus bir neçə casus şəbəkəsi ifşa edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən de-şifrə edilən İran casuslarının çoxluğu İranın ölkəmizə olan düşmən münasibətinin göstəricisidir. Onu da qeyd edim ki, İran ölkəmizə qarşı casus fəaliyyətini müxtəlif mədəniyyət mərkəzləri, dini mərkəzlər və s. altında həyata keçirməyə çalışıb. Bu gün İran Ermənistanla münasibətləri inkişaf etdirməyə, onu hərbi və iqtisadi baxımdan yenidən dirçəltməyə səy göstərir. Məqsəd Ermənistanı Azərbaycanla yeni münaqişəyə cəlb etmək, bölgədə daha bir hərbi qarşıdurmanın baş verməsinə nail olmaqdır. İran-Ermənistan arasında qarşılıqlı səfərlərin artması, konsulluq fəaliyyətinin genişlənməsi rəsmi Tehranın həm də anti-İslami fəaliyyətindən xəbər verir. 30 il ərzində torpaqlarımızın işğalda qalmasına susan, məscidlərimizin dağıdılmasını, tövləyə çevrilməsini laqeydliklə seyr edən, Qarabağın talanmasında yaxından iştirak edən İran, bu gün də erməni təəssübkeşliyi mövqeyindən çıxış edir, terror dövlətinə hamilik göstərir. İran 44 günlük Vətən müharibəsində də Ermənistanın yanında yer alıb, ona kəşfiyyat məlumatları, hərbi və iqtisadi baxımdan ciddi yardımlar edib. Vətən müharibəsində həlak olan hər bir şəhidimizin ölümündə İranın əli var və bu gerçək təkzibedilməzdir. Lakin İran bilməlidir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti onun özü üçün acı nəticələrə, ciddi fəsadlara səbəb olacaq. Azərbaycanla təzyiq və təhdid dili ilə danışmaq heç bir dövlətə fayda qazandırmayıb və İran da bu məsələdə istisna təşkil etməyəcək”.
Hamısını oxu